MİRZƏ FƏTƏLİ AXUNDZADƏNİN YARADICILIĞINDA FƏLSƏFƏ MƏDƏNİ DƏYƏR KİMİ

Post image

Sabir Behbudov
Azərbaycan Milli Elmlər Akademiyası
Fəlsəfə və Sosiologiya İnstitutunun doktorantı

Azərbaycan maarifçiliyinin dəyərlər paradiqması yeni ictimai-siyasi, mədəni proseslər, ideoloji təmayüllər şəraitində formalaşır. Maarifçilik cəmiyyətdə müxtəlif təmayüllərin qarşıdurmasının tarixi yekunu kimi çıxış edir. XIX əsrin ikin­ci yarısı – XX əsrin əvvəllərində Azərbaycan tarixi­nin ictimai-sosial, mədəni ziddiyyətlərinə baxmaya­raq, yeni dəyərlər cəmiyyətdə tədricən bərqərar olur. Cəmiyyətdə yeni dini-mədəni dəyərlərin formalaşdırılması maarifçiliyin aktual problemlərindən biri olur. Məhz yeni mədəni dəyərlər Şərqin, sosial inkişafını müəyyənləşdirə bilərdi. Belə gərəkli mədəni dəyərlərdən – aksioloji diskurslardan biri də fəlsəfə idi, məhz Avropa fəlsəfəsi idi.
Azərbaycan maarifçiləri demokratik dünya­gö­rü­şünün, milli özünüdərkin formalaşmasında fəlsəfənin əhəmiyyətini yaxşı anlayırdılar. Onlar cəmiyyətdə elmi-təfəkkürün təşəkkülünü və inkişafını fəlsəfə elminin inkişafı ilə əlaqələndirirdilər. “Bircə şeyi nəzərə almaq lazımdır ki, bu gün Avropada aşkar şəkildə etiraf olunsa da, olunmasa da, onların qazandığı nailiyyətlərdə fəlsəfi düşüncə tərzinin rolu böyük olmuşdur... Bütövlükdə sivilizasiya fəlsəfi düşüncə üzərində qərar tutmuşdur.
Avropanın ikinci inkişaf dövrü Renessansda fəlsəfi düşüncəyə qayıdışdan başlayır. Yeni dövrün bütün siyasi-hüquqi və mədəni-mənəvi dəyərlər sistemi də, demokratiya, insan haqları, beynəlxalq hüquq normaları da fransız maarifçi filosoflarından, Con Lokkdan, Kantdan qidalanır” [1, s.325].
Azərbaycan Maarifçiliyinin əsas ideya istiqamətlərindən müasirləşmək, daha doğrusu, Avropanın inkişaf-tərəqqi yolunu örnək götürmək idi. Müasirləşmə konsepsiyası əslində Mirzə Fətəli Axundzadənin ədəbi-fəlsəfi yaradıcılığı əsasında, ilk rüşeymlər səviyyəsində formalaşırdı. “Mirzə Fətəlinin böyüklüyü orasında idi ki, o bu problemi sadəcə ortaya atıb diqqəti ona yönəltməklə kifayətlənmir, bədii və elmi əsərlərində mədəniləşməyə, müasirləşməyə aparan yolların konturlarını cızırdı. Bir sözlə, M.F.Axundzadə Azərbaycan cəmiyyətinin müasirləşməsi məsələsinə həm bədii, həm də elmi-fəlsəfi rakursdan yanaşmış, düşüncələrini sistemləşdirərək bitkin bir konsepsiya halına gətirmişdir” [2, s.127].
Mirzə Fətəlinin “Avropa mifi” Şərq kontekstində fərqli məna kəsb edirdi. Bu mənada görkəmli ədəbiyyatşünas Y.Qarayevlə razılaşırıq ki, “M.F.Axundovun Avropa mədəniyyətinə və Avropa ictimai həyat tərzinə böyük rəğbətini inkar etmək nəinki bu tarixi həqiqətin, həm də Axundovun bir maarifçi kimi tarixi xidmətini hərtərəfli meydana çıxara bilməyin xeyrinə deyil. Nəinki Axundovun Qərbə rəğbəti, hətta onun şərqliliyi də, klassik Şərq ədəbi-fəlsəfi ənənəsi ilə bağlılığı da ən çox məhz onun maarifçiliyi ilə ifadə olunur. O, məhz Şərqin maarifçi ideallarını ən müasir maarifçilik səviyyəsinə qaldırmışdır” [3, s.136].
Əlbəttə, heç də bütün maarifçilər Mirzə Fətəlinin bu “Avropa sevdası”nı – “tərəqqi konsepsiyasını” birmənalı qəbul etmirdi. A.Bakıxanov, C.Əfqani kimi mütəfəkkirlər cəmiyyətin və fərdin təkamülünü klassik islam dəyərlərinə qayıdışda, hətta təsəvvüf ənənələrinin dirçəlişində görürdülər. Y.Rüstəmov A.Bakıxanovun fəlsəfi dünyagörüşünü belə səciyyələndirir ki, “mütəfəkkir fəlsəfə məsələlərində sufi konsepsiyası olan vəhdəti-vücud tərəfdarı idi. Sufizmə uyğun olaraq A.A.Bakıxanov təsdiq edir ki, ilahi məhəbbət dünya qaydalarının daxili məqsədəuyğunluğunu müəyyən edir. Dünyanın nizamı və ahəngdarlığı ilahi məhəbbət əsasında qurulur, məhəbbətsiz heç bir şey yaşaya bilməz, heç nə baş verə bilməz” [4, s.145].
Azərbaycan maarifçiləri arasında Mirzə Fətəlini fəlsəfə (xüsusən Qərb fəlsəfəsi) bir yaradıcılıq sahəsi kimi daha çox maraqlandırırdı. O, müsəlman cəmiyyətinin problemlərinin həllini fəlsəfə diskursunda gerçəkləşməsində görürdü.
Filosof istənilən problemlə necə işləyir? Əlbəttə, ilk növbədə problemin səbəbini çözməyə, problemin yarandığı situasiyanı anlamağa çalışır. Yalnız fəlsəfə diskursu problemi refleksiv təfəkkür vasitəsi kimi istifadə edə bilir. Refleksiv düşünmə qabiliyyətinin inkişafı fərdi və toplumu dəyişdirməyə qadirdir. Maarifçi-mütəfəkkirin “Con Stüart milli azadlıq haqqında” adlı məqaləsindən bir parçaya diqqət yetirək: “Bu gün bizim kürəmizdə Hindistan brəhmənlərinin və Musa dininin peyğəmbərləri və Çin dövləti qanunlarına bağlı olanlar haman dəyirman atları kimidirlər ki, dinlərin və qanunların meydana çıxdığı tarixdən bu günə qədər onların halında heç bir dəyişiklik üz verməmişdir. Bəlkə, demək olar ki, onlar daima geri gedəcəklər, çünki insan növünün tərəqqisi ağıl ilədir, bu biçarələrin ağlı üçün isə hərəkət yolu bağlanmışdır” [5, s.355].
Mirzə Fətəli Axundzadə də rus dili vasitəsilə Qərb filosoflarının əsərləri ilə yaxından və daha ciddi surətdə tanış idi və toplumun inkişafı üçün fəlsəfə elminin vacibliyini vurğulayırdı. Qərb (Avropa) cəmiyyətinin tərəqqi etməsinin səbəbini onlar da filosofların olması ilə izah edirdi. O, fəlsəfəyə, yaxud fəlsəfi əsərlər cəmiyyət üçün “faydalılıq əmsalına” görə qiymətləndirirdi. “Belə isə, həqiqət bu ali rütbəli həzrətlərin əsərlərində işlətdikləri üslubda deyildir. Onlar filosofluğun mənasını çox yaxşı anlamışlar. Lakin qorxaqlıq və cəsarətsizlik üzündən fəlsəfənin mənasını bütün xalqa və bütün bəşəriyyətə söyləyə bilməmişlər. Bunun nəticəsidir ki, onların əsl məqsədləri bu günə qədər kəşf edilməmiş qalmışdır. Onların əsərlərindən heç kəs fayda görə bilməmişdir. Halbuki ingilis Bakl, fransız Valter və başqa Avropa filosofları da həmin fəlsəfəni o cənablar kimi anlamışlar. Lakin cəsarətlə, qorxusuz, pərdəsiz və açıqdan-açığa onun mənasını özlərinin dərk etdikləri, bütün insanlara, bütün xalqa başa salmışlar və bunun nəticəsində, bütün dünyada ad qazanmışlar və Avropanın bu günkü mədəniyyətinə bais olmuşlar” [6, s.221].
Mirzə Fətəli inanırdı ki, dini xurafata və fanatizmə, zalımların zülmünə qarşı mübarizə, xalqın maariflənməsi fəlsəfə elmi ilə ciddi məşğul olmasından keçir və fikrinin təsdiqi üçün Volteri, Münteskyönü, Russonu və başqa “söhban təbiətli filosofların” [7, s.119] adlarını və fəaliyyətini örnək gətirirdi. Onun fikrincə, Şərq (müsəlman) cəmiyyətinin gerclikdən, barbarlıqdan, vəhşiyyət və cəhalətdən qurtulma yolu Avropa filisoflarının sözünə qulaq asmaqdır [7, s.295-299]. Mirzə Yusif xana 29 mart 1871-ci il tarixli məktubunda bu zərurəti qeyd edir: ...“bu ölkələrin Bakl və Renan kimi başqa filosofların yazılarından xəbərdar olmalısınız ki, bu sözün həqiqət olması sizə sübut olsun və siz mənim dediklərimə inanasınız ki, moizə və nəsihətin insan təbiətində, onun uşaqlıq və ilk gənclik dövrü keçdikdən sonra heç bir faydası və təsiri ola bilməz” [7, s.253-254].
Araşdırmalar göstərir ki, böyük ədib fəlsəfənin (Qərb fəlsəfəsinin) anlayışlar sistemini anlamağa, mühüm fəlsəfi kateqoriyaları izah etməyə çalışır. Məsələn, “səbəb-nəticə” kateqoriyasının izahı üçün XVIII əsr ingilis filosofu D.Yuma müraciət edir: “Miladi 1768 tarixində Yum adlı bir ingilis həkimi Hind və Bombey müsəlman alimlərindən bir fəlsəfi məsələni soruşmuş və onlardan cavab istəmişdir. Lakin bu vaxta qədər islam alimləri tərəfindən bu məsələyə aid qaneedici bir cavab verilməmişdir. Məsələ budur: hər varlığa bir səbəb lazımdır, çünki hər bir varlıq öz-özünə vücuda gələ bilməz. O halda bir varlıq olan bu kainat da var ola bilmək üçün bir səbəbə möhtacdır ki, bu səbəb onun yaradanıdır. Bu bir əqidədir ki, hər millətin şəriətçiləri, filosof­lara qarşı ülühiyyətin isbatı üçün dəlil gətirirlər. Bu əqidənin rəddinə filosoflar cavab verirlər: Bu halda səbəb də özü-özlüyündə bir varlıqdır, buna da başqa bir səbəb lazım gəlməlidir; o başqa səbəb də eyni surətdə nəticədə nihayətsizdir. Bu keyfiyyət isə ağlabatan deyildir. Çünki ağlın hökmünə görə səbəblərin silsiləsi bir yerdə dayanmalıdır, yoxsa silsilələnmə lazım gəlir. O halda ağlın hökmünə görə varlığa bir səbəb olması xüsusda şəriətçilərin gətirdikləri dəlillər yanlışdır” [8, s.167].
Azərbaycan ictimai fikrində fəlsəfi refleksiyanın ən mübahisəli və ziddiyyətli nümunəsi olan “Kəmalüddövlə məktubları”nda XVIII əsr fransız maarifçilərinin ehtiraslı düşüncə üslubu və ruhu, xüsusən XVIII əsr fransız ateist məktəbinin ideyalarının əks-sədası duyulmaqdadır. Axundovşünasların qənaətinə görə, “Kəmalüddövlə məktubları”nda Volter ironiyasının və sarkazmının izləri aydın görünür. Dinə, dini sxolastikaya qarşı bu qədər kəskin, barışmaz münasibət XIX əsr müsəlman cəmiyyətində təhlükəli hadisə idi. Hardasa ateizm düşüncəsi ilə barışma fransız maarifçilik mühitindən fərqli olaraq, Şərq (Azərbaycan) mühiti üçün qutsal obrazlara və kitablara qarşı belə açıq müxalifət qorxulu idi. Y.Qarayev bu haqda yazır: “Dini risalələrdə Peyğəmbərin həyatındakı ayrı-ayrı epizodlara verilən şərhlərə Kəmalüd-dövlənin təfsirləri realist parodiyalar təsiri bağışlayır və islam müqəddəslərinin Volter tərəfindən dramaturgiyada yaradılan satirik surətini (Volterin “Mə-həmməd” əsəri) M.F.Axundov bədii publisistikada, pamfletdə yaradır” [9, s.140]. Digər görkəmli ədəbiyyatşünasımız Ə.Mirəhmədov yazır ki, “fransız filosofunun (Volneyin – S.B.) dinə və feodal monarxizminə qarşə çevrilmiş “Xərabələr” əsərini oxuyarkən bu əsərdə “Kəmalüddövlə məktubları arasında gah aşkar, qüvvətli, gah da epizodik yaxınlıq hiss olunur” [10, s.16]. Axundovşünasların artıq yekdil fikri belədir ki, Mirzə Fətəli fransız mənbələrini ya orijinalda öyrənmiş, ya da dolayısı ilə Qafqaza sürgün edilmiş rus demokratlarının əsərlərindən bəhrələnmişdir.
Belə güman etmək olar ki, Mirzə Fətəlinin XVIII əsr fransız ictimai-fəlsəfi fikri ilə tanışlığı rus və ya türk tərcümələri ilə tanışlığı əsasındada baş tuta bilərdi. “Bu tanışlığın Axundov zamanındakı türk mətbuatı, bəlkə də Volneydən türkcəyə tərcümələr sayəsində mümkün olduğunu ehtimal etmək olar”. Lakin Volneyin bu yaxınlarda əlimizə keçmiş başqa bir əsəri göstərir ki, M.F.Axundov kimi o da, şərqşünaslıq fəaliyyətində ərəb əlifbasının izahı məsələlərinə ciddi əhəmiyyət vermişdir. Deməli, Volneyin elmi irsində Axundovu maraqlandıran yalnız ateizm və feodal istibdadı əleyhinə mübarizə motivləri deyil” [10, s.293-294].
Mirzə Fətəlinin əsərlərində Volney, Holbax kimi filosofların adlarının yer alması, bir tərəfdən, Azərbaycan maarifçiliyinin ideya axtarışlarının səviyyəsini göstərirdisə, digər tərəfdən, fəlsəfi fikrimizin antroponimlərin assosiativ zonasında mif – obrazlar kimi mövcud olurdu. “Sən özün insaf elə, heç rəvadır ki, Volter, Monteskye, Russo, Düma, Humbolt, Luvrie, Uatt, Fenelon, Bakl, Şekspir, Volney, Bayron və Avropadakı bu kimi tanınmış folosofları, yazıçıları, şairləri, tarixçiləri və ixtisasçıları həşərat qismindən bayılsın, amma Süruş adlı faydasız, müzürr bir şəxs və onun kimilər insanlar arasına alınsınlar” [11, s.242].
Mirzə Fətəlinin “fəlsəfi onomastikon”unda (belə demək mümkünsə)Böyük fransız inqilabının məşhur imzalarından olan, mütləqiyyəti kəskin ifşaları ilə tarixə düşən qraf Mirabonun adı keçir. Mirzə Fətəlinin Miraboya tənqidi mövqeyini
M.Rəfili haqlı sayırdı və hesab edirdi ki, onun “Feodal-patriarxal quruluşu şəraitində belə mövqe kifayət qədər mühüm əhəmiyyət kəsb edirdi” [12, s. 348-350].
Amma bir məqamı da unutmamalıyıq ki, Qafqaz canişinliyinin məmuru olan M.F.Axundzadə 1848-ci il fransız inqilabına təəssübkeşlik münasibətini açıq bildirə bilməzdi. Ona görə də ictimai-siyasi fikirlərində son dərəcə ehtiyatlı davranırdı, “şübhə oyatmamaq və iz itirmək üçün əsərin (“Hekayəti – müsye Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadügünü məşhur” – S.B.) heç bir yerində 1848-ci il inqilabının adını çəkmir və qəsdən hadisənin tari­xini iki il dala, yəni 1846-cı ilə atır” [13, s.150].
Şübhəsiz, maarifçilik ideyalarının Azərbaycanda geniş ilk növbədə fransız fəlsəfəsinin Avropaya, Rusiyaya yayılması ilə bağlı idi. Bu təsir, məsələn, XVIII əsr Rusiya siyasi, mədəni elitasında daha çox fransız hadisəsi idisə, intellektual dairələrdə fransız dəbi idi. Mirzə Fətəlinin adlarını sadaladığı, müraciət etdiyi filosoflar içərisində fransızların üstünlüyübu səbəbdəndir.
Mirzə Fətəli Axundzadə fəlsəfəsinin XVIII əsr fransız maarifçiliyinə fokuslanmasının bir səbəbi düşüncə üslubunun yaxınlığı idisə, digər səbəbi fransız müəlliflərinin Rusiyada, Türkiyədə müəyyən qədər dəbdə olması ilə bağlı idi. “M.F.Axundov ədəbi-fəlsəfi fəaliyyət üçün bir nümunə axtarırkən Balzak XIX əsrini yox, müasir olan Qoqol tənqidi realizmini yox, XVIII əsrin fransız maarifçiliyini, Volteri, Monteskyonu seçdi. Çünki Axundovun XIX əsrinə fransız Avropasının XVIII əsri daha uyğun gəlirdi. Hələ XVIII əsrdə Volterin işini görmək lazım idi ki, Balzak və Qoqol işinə ehtiyac əmələ gəlsin. (Qoqol hələ sonra lazım olacaqdı, Mirzə Cəlilə, Sabirə lazım olacaqdı” [14, s.68].
Görkəmli Azərbaycan maarifçisi Məhəmməd ağa Şahtaxtinski böyük mütəfəkkirin əsərlərində fransız maarifçilərinin adlarını çəkməsini, onların fəlsəfi irsinə müraciət etməsini “geniş diapozonlu fəaliyyəti ilə əlaqələndirmişdir”, “ədibin müsbət keyfiyyəti kimi göstərmiş, dar yaradıcılıq çərçivəsində qalmamasını alqışlamışdır” [15, s.142].
Mirzə Fətəli Axundzadə fəlsəfəni dinin antitezi kimi qəbul edir. O, “din-elm”, “din-fəlsəfə” semiotik qarşıdurmasında fəlsəfənin, elmintərəfindəçıxış edir. Mütəfəkkirin inamına görə, “Avropanın başqa millətləri, xüsusən İngiltərə, Fransa və Amerika millətləri dini etiqadların qeydindən azad olaraq, əql və fəlsəfəyə tabe olduqlarından elm və sənayedə günbəgün, saatbasaat tərəqqi etməkdədirlər” [5, s.288].
Məlumdur ki, XVIII əsr Avropa maarifçi fəlsəfəsinin əsas janrı kimi roman janrı çıxış edirdi. Məhz maarifçi roman fəlsəfəni sxolastikadan uzaqlaşdırmağa cəhd edir. Maarifçi romanlarda filosofpersonajların iştirakı da bu üzdəndir, onlar gah Volterin Panqlosu kimi gülməli, markiz de Sadın romanlarında libertinlər kimi ciddi, qadın (Didronun qəhrəmanı Mirzoza kimi) və kişi (Prevonun “Klivlend” romanında Klivlend kimi) ola bilirdilər. Həmin roman personajları fəlsəfi məsələlər üzərində çox düşünürlər və həmin düşüncələr roman süjetlərinin inteqral hissəsini təşkil edirdi.
Avropa maarifçilərinin bədii əsərlərinin fəlsəfi mündəricəsi və ideyası həmin dövrün oxucularına estetik zövq verirdi. Nə qədər qəribə səslənsə də, fəlsəfi ideyalar bədii təhkiyəni quru, süjeti cansıxıcı etmirdi, əksinə, bir az da canlı edirdi. Hətta J.-J.Russonun “Yeni Eloiza” əsərinin qəhrəmanları özlərini daha çox ideyalar vasitəsi ilə ifadə edirdilər. Teatrda da fəlsəfə vacib rol oynayırdı. Baxmayaraq ki, bəzi pyeslər satirik xarakterli idi, ensiklopedistlər gülüş hədəfi olurdu (məsələn, Palissonun “Filosoflar” komediyası, 1760), amma Maarifçilik tərəfdarlarından filosofluq estafetini personajlar (Bomarşenin “Fiqaronun evlənməsi” dramında Fiqaro) qəbul etdilər, onlar filosof olmasalar da, dərin və müstəqil düşünməyi sevirdilər.
Avropa maarifçiliyində fəlsəfi düşüncələr epistolyar üslübda yazılmış əsərlərə, epistolyar romanlara da yansıyır və əsasən eksperiment forması olub, müəlliflərin intensiv intellektual və reflektiv fəaliyyətinin ifadəsi idi. Monteskyonun “Fars məktubları”, Didronun “Rahibə”, Russonun “Yeni Eloiza” əsərləri bu qəbildəndir. Maraqlıdır ki, XX yüzildə məhz totalitarizm və nasizm dövründə T.Adorno və M.Xorkxaymerin yazdıqları “İdrakın dialektikası”əsərində maarifçilik bu yöndən tənqid obyektinə çevrilir. Əlbəttə, maarifçiliyin rasionalizmini pozitivizm və texnisizm kimi yeni vəhşilik formasına çevrilməsində günahlandırmaq ədalətsizlikdir.
M.F.Axundzadə üçün xurafat və mövhümata qarşı yeganə kəsərli silah fəlsəfə idi. Ortodoks dinə, molla xurafatına, orta əsrlər cəhalətinə qarşı ən səmərəli ideoloji mübarizə üsulu kimi Qərb fəlsəfəsinin epistolyar janrına üstünlük verir, “Kəmalüddövlə”nin güclü ifşa ritorikasının insanların tərbiyəsində əhəmiyyətli rol oynayacağına inanırdı. “...Əgər inşallah, “Kəmalüddövlənin məktubları” nəşr edilərsə, mənim xalqım da tərbiyə və mərifət meydanına qədər qoyar” [16, s.15].
Məhz “Avropa filosoflarının gözü ilə” baxış Azərbaycan maarifçiliyini iki yerə - inqlabi-demokratik maarifçiliyə və islam maarifçiliyinə ayırır. Maarifçilikdə müasirlərə bizim tarixi varlığımızı və kimliyimizi daim tənqidi yanaşmağa dəvət edən fəlsəfi etosu təklif olunur.

Açar sözlər: M.F.Axundzadə, fəlsəfə, maarifçilik, mədəni proseslər, dini-mədəni dəyərlər, cəmiyyət, milli özünüdərk

ƏDƏBİYYAT SİYAHISI
1. Xəlilov S. Həyatın özü və görünən üzü. Fəlsəfi və ədəbi-bədii publisistika. Bakı: “Nurlan” NPM, 2013, 448 s.
2. Şamıoğlu (Musayev) Ş. Mirzə Fətəli Axundzadə (dövrü, elmi biblioqrafiyası və müasirləşmə konsepsiyası). – Bakı: “Elm və təhsil”, 2016. 184 s.
3. Qarayev Y. Klassik nəsr və maarifçilik problemi // Qarayev Y. Seçilmiş əsərləri. 5 cilddə. II cild. Bakı: Elm, 2015, s.131-170.
4. Rüstəmov İ. Azərbaycanda təbii-elmi biliyin inkişafının fəlsəfi problem-ləri (XIX əsrin sonu – XX əsrin əvvəlləri). Bakı: Diplomat, 2001, 483 s.
5. Axundov M.F. Bədii və fəlsəfi əsərləri. Bakı, “Yazıçı”, 1987, 368 s.
6. Axundov M.F. Seçilmiş əsərləri. III c. Bakı, Azərnəşr, 1962.
7. Axundzadə M.F. Əsərləri, 3 cilddə, III c., Bakı: Elm, 1988. 388 s.
8. Atayeva Ş.Y. Mirzə Fətəli Axundzadə ingilisdilli ədəbiyyatşünaslıqda. Fil.elm. nam.diss. Bakı, 2005.
9. Qarayev Y. Realizm: sənət və həqiqət // Qarayev Y. Seçilmiş əsərləri. 5 cilddə. III cild. Bakı: Elm, 2015, s.5-370.
10. Mirəhmədov Ə. M.F.Axundov və K.Volney // Azərbaycan-Avropa ədəbiyyatının qarşılıqlı əlaqəsi. Bakı: Elm, 1986.
11. Axundov M.F. Məqalələr məcmuəsi. Bakı: Azərbaycan SSR Elmlər Akademiyası Nəşriyyatı, 1962, 355 s.
12. Rəfili M. M.F.Axundov. Bakı: Azərnəşr, 1957.
13. Qasımzadə F. XIX əsr Azərbaycan ədəbiyyatı tarixi. Bakı: “Maarif”, 1974, 488 s.
14. Qarayev Y. Azərbaycan ədəbiyyatı: XIX və XX yüzillər (iki min ili tamamlayan iki yüz il). – Bakı: Elm, 2002, 740 s.
15. Əliyev Ə. XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan-Fransa ədəbi əlaqələri (Məhəmməd ağa Şahtaxtinski yaradıcılığında). Fil. elm. nam. dis. Bakı, 1998.
16. Məmmədov M. Azərbaycan ədəbi tənqidi. Müntəxəbat. Bakı: “Tural-Ə” NPM, 2002.

Сабир Бехбудов
ФИЛОСОФИЯ КАК КУЛЬТУРНАЯ ЦЕННОСТЬ В ТВОРЧЕСТВЕ МИРЗЫ ФАТАЛИ АХУНДЗАДЕ
Резюме
Статья посвящена философским взглядам великого азербайджанского мыслителя, представителя просвещения, реалиста Мирзы Фатали Ахундзаде. Философские взгляды М.Ф. Ахундзаде сравниваются и анализируются с западной философией. Было отмечено, что Мирза Фатали не приемлет возможность просвещения людей с помощью проповедей, советов и дидактики, и решительно заявляет о необходимости критики. У Мирзы Фатали философия была формой самосознания. Он попытался реализовать свои размышления о культуре и истории в философском стиле. Мирза Фатали рассматривал философию как часть реального литературного и культурного процесса, как важный элемент научного, духовного, правящего мышления. Он применил философию к высшим эшелонам культуры.

Ключевые слова: М.Ф.Ахундзаде, философия, просвещение, культурные процессы, религиозные и культурные ценности, общество, национальное самосознание.

Sabir Behbudov
PHILOSOPHY AS A CULTURAL
VALUE IN THE CREATIVITY OF
MIRZA FATALI AKHUNDZADE
Summary
The article analyzes the philosophical views of the great Azerbaijani thinker, representative of the enlightenment, realist Mirza Fatali Akhundzade. Philosophical views of M.F. Akhundzade are compared and analyzed with Western philosophy. It was noted that Mirza Fatali does not accept the possibility of educating people through sermons, advice and didactics, and strongly declares the need for criticism. For Mirza Fatali, philosophy was a form of self-awareness. He tried to implement his reflections on culture and history in a philosophical style. Mirza Fatali considered philosophy as part of a real literary and cultural process, as an important element of scientific, spiritual, ruling thinking. He applied philosophy to the highest echelons of culture.

Keywords: M.F.Akhundzade, philosophy, enlightenment, cultural processes, religious and cultural values, society, national self-consciousness