Təhsil islahatlarının təkamülü

Post image

Azad Cəfərov
Azərbaycan Dövlət Neft Sənaye Universiteti “İctimai fənlər” kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru

E-mail: [email protected]

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan təhsilinin qarşısında duran əsas məsələnin istiqamətini qeyd edərkən demişdir ki, bizim ən böyük resursumuz insanlarımızın biliyidir, savadıdır. “Biz öz imkanları-mızdan səmərəli istifadə edərək maddi kapitalı insan kapitalına çevirməliyik” (6, s19). XXI əsrin əsas kapitalı ölkələrin maliyyə imkanları və təbii resursların zəngin olması ilə bərabər eyni zamanda intellektual potensial hesab edilir. Bu istiqamətdə əldə olunan ümumiləşmiş nəticə ondan ibarətdir ki, intellektual potensialın inkişafını təmin etməkdən ötəri məktəbəqədər təhsil, universal biliklərə yiyələnmə, fasiləsiz təhsil, millilik, multikulturallığı, yeni təhsil maliyyələşməsi modelinin tətbiq edilməsidir.
Qloballaşma şəraitində orta təhsil sistemi yeni həyat və düşüncə tərzi, əxlaqi və mənəvi mədəniyyət, davranış modellərinin sosial-mədəni özünəməxsusluğu və milli-mədəni dəyərlərin orjinallığı cəmiyyətdə yüksək maraq doğurur. Müasir şəraitdə təbii-tarixi inkişaf prosesi subyektiv amillərin təsiri ilə sosial-tarixi prosesə çevrilməyə başlayır.Texnoloji, iqtisadi, siyasi, sosial və mədəni amillər məkan və zamanla öz güclü təsirini göstərir. Qloballaşma istər böyük, istərsə də kiçik ölkələri yeni təhlükələr qarşısında eyni dərəcədə zəifliyə düçar etməyə istiqamət alır. Bu səbəbdən qlobal dəyişikliklər dövründə əxlaqi-mənəvi dəyərlərin texnoloji əsaslarının formalaşması daim diqqət mərkəzində saxlanılmalıdır. Əxlaqi-mənəvi dəyərlər hər bir xalqın inkişaf yolunda keçdiyi mövcud milli irsin və müasir dövrdəki münasibətdən bəhrələnir(2, s.19). Bir sözlə, mədəni irsin mövcudluğu sayəsində formalaşan mədəniyyət, özünü kənar təsirlərdən mühafizə etmək immunitetinə malik olur. Bu baxımdan Azərbaycan təhsil sisteminin formalaşması uzun tarixi prosesin nəticəsidir. Tarixi mənbələrdən də məlumdur ki, Azərbaycan ərazisində mədəniyyətin inkişafı hələ eramızın əvvəlindən formalaşıb. Qədim və abad, incə memarlığı ilə seçilən şəhərlərdə kitabxanalar fəaliyyət göstərib. Xalqımızın müdrikliyi, elmə, yaradıcılığa sonsuz marağı və hər bir məsələyə haqq ədalət prizmasından yanaşması, milli xüsusiyyətlərin təcəssümü olan şifahi xalq ədəbiyyatımızın nümunələrində də aydın şəkildə əksini tapıb. Qədim bir xalq olaraq təhsilə və elmə olan münasibət müxtəlif tarixi mərhələlərdə özünü mədəniyyətin demək olar ki, bütün sahələrində büruzə vermişdi. Məhz bunun sayəsində coğrafi bölgədə qeyd olunan sahədə tarix boyu inkişafın nəsildən-nəslə ötürülməsi baş vermişdi.
Bəşəriyyət nəticələrini ümumiləşdirməklə yanaşı, üçüncü minilliyin həyat fəaliyyət istiqamətlərini də müəyyənləşdirir. Sosial mədəni inkişafda, orta təhsilin müəyyən mədəni tip və səviyyə ilə səciyyələndiyi, bir-birini ardıcıl əvəz edən tarixi pillələr keçmişdir. Bu inkişaf prosesi nəticəsində ibtidai cəmiyyətlərin daxilində yaranan insan idealları, ruhi və maddi dəyərlərin yenidən istehsalı və onların texnoloji, intellektual və etik baxımdan təkmilləşməsi baş verir. Tarixi təcrübəyə müraciət etməzdən əvvəl, dünya mədəni inkişafının mühüm mərhələlərini, bəşəri inkişafın sosial mədəni qanunauyğunluqlarını düzgün qiymətləndirməyə imkan verən bir neçə mədəni məntiqi nəzəri məsələləri nəzərdən keçirək.
Qlobal dünyanın informasiya bolluğu şəraitində məktəbin, təhsilin vəzifələri dəyişir. Ağlın, intellek­tin inkişaf edilməsi ön plana keçir. Dünyanın təhsil məkanında təkcə bilik və bacarıqlar deyil, dəyərlər, səriştələr şəxsiyyətin inkişafında mü­hüm atribut kimi qiymətlənir və bu gün təhsilin keyfiyyət göstəriciləri kimi qəbul edilir. Azərbaycan müstəqillik əldə etdikdən sonra təhsil sahəsində islahatlar təkamül yolu ilə pillə-pillə aparılır (6, s.4). Cəmiyyətimizin ehtiyac və tələbatlarına uyğun belə bir təhsil sisteminin qurulmasında demokratikləşmə, humanistləşmə, inteqrasiya, diferensiallaşma, fərdiləşmə, mühüm pedaqoji prinsiplər kimi nəzərə alınır. Şəxsiyyətin maraq və ehtiyaclarını, arzu və istəklərini əsas götürməklə təhsil alanların mənafeyinə xidmət göstərmək ön plana çəkilir. Beləliklə, təhsilin bütün sahələrində dönməz xarakterə malik ardıcıl və sistemli işlərə rəvac verilir. Orta ümumtəhsil məktəblərində kurikulum islahatları elmi əsasda məqsədyönlü, planlı şəkildə həyata keçirilir. Kurikulum modelinə müraciət olunması yuxarıda qeyd olanların bir məcraya gətirməsinə, bir xətt üzrə qurulmasına imkan yaratmışdır. Fənn kurikulumları mahiyyət etibarı ilə cəmiyyət üçün hərtərəfli inkişaf etmiş şəxsiyyətin formalaşmasına imkan yaradır. Cəmiyyətin tələblərinə cavab verən nəticə yönlü, şəxsiyyət yönlü xarakterə malik vətəndaş yetişir. Orta təhsildə standartları tətbiq olunur ki, nəticədə ona müvafiq normalar və qaydalar tərtib olunur. Burada müəllimin peşəkarlığı səviyyəsi və tədris keyfiyyəti aşkarlanır.
Orta təhsil gələcəkdə mütəxəssis kimi formalaşan insan yaradır. Elə bir insan ki, orta təhsilin nəzərdə tutduğu proqrama uyğun olan ilkin bilikləri özündə əks etdirsin. Burada önəmli olan odur ki, formalaşan insan öz yaşadığı mühit üçün yararlı şəxsiyyətə çevrilsin. Özündə yüksək intellekt, sosial fəallıq, emosional zənginlik və humanizmi birləşdirsin (1, s.24). İnsanın şəxsiyyət kimi formalaşması istiqamətində mədəni inkişaf üçün daha mühüm səciyyə daşımağa başlasın. Belə yanaşma, harmonik inkişaf etmiş insanı nəzərdə tutan H. Mannın “mütləq insan ” formuluna uyğun gəlsin. Nəzərdən qaçırmaq olmaz ki, ingilis filosofu Frensis Bekonun fikirlərinə əsaslansaq, təhsilin önəmli olmasının əsas əlaməti bilik olsa belə, əgər o insana fayda vermirsə deməli lazımsız zinətdir. Baxmayaraq ki, mütəfəkkir biliyi “güc” adlandırır.
Azərbaycanda orta təhsil sistemi təhsil strategiyası əsasında yaradılıb. Təhsil strategiyasının məzmun-mahiyyətini müəllim-şagird münasibətinə yeni yanaşma üsulu təşkil edir. Burada müəllimin təlim prosesində istifadə etdiyi forma, üsul və texnika nəzərdə tutulur. Burada müəllimlər strategiyaya uyğun olanı seçir, ya da ki, yaradıcı qabiliyyəti və səriştəsi olanlar yeni strategiya hazırlayaraq ondan istifadə edirlər. Fəal təlim özü-özlüyündə bir texnika və ya texnologiyadır(1,s.27). Təlimin ənənəvi məzmunu müəllimin irəli sürülən məsələyə özəl yanaşma tərzindən çox asılıdır. Onun istiqamət verici rola malik olması şagirdlərin daha çox müstəqil fəaliyyət göstərməsini, təşəbbüskar olmasını artırmaq üçün səylərdən ibarət olmalıdır. Ümummilli lider Heydər Əliyev qeyd edirdi ki, cəmiyyətin gələcək tərəqqisi nəyi və necə öyrətməyimizdən aşlıdır. Kulturoloji tədqiqatların ümumi metodologiyası kimi, tərəfimizdən, dialektika (Hegel fəlsəfəsi daxil olmaqla), tarixilik prinsipi və məntiq (Lütfi-Zadənin qeyri-səlis nəzəriyyəsi daxil olmaqla) seçilmişdi.
Bu metodologiyaya istinad, bəşəriyyətin ruhi və maddi inkişafının tarixi proses kimi bütöv bir tam halında dərk etməsini asan edir. Qədim dövrlərdən indiyə qədər, insanın fikri və hissi ilə yaradılan ruhi mədəniyyət insan davranışının ilkin şəraitidir. İnsanın və cəmiyyətin inkişafı nəticəsində formalaşmış şüur, baxış, zövq, xarakter və dəyər istiqamətləri onun vətəndaş mövqeyi, enerji və yaradıcı təşəbbüskarlığını müəyyən edir. Bununla yanaşı, şəxsiyyətin fəaliyyət uğurları onun bilik, bacarıq və intellektual potensialının inkişaf səviyyəsindən asılıdır.
Mədəniyyət onun daşıyıcısı və istehlakçısından, onun yaradıcısı olan insanın özündən başlayır. İnsan mədəniyyətinin beş əsas xarakteristikası ilə ölçülən düstur mövcuddur: bilik, bacaracaq, mütəşəkkillik, mənəviyyat yaradıcı fəaliyyət. Bilik-elm və təhsil üzərində qərarlaşır. Bacaracaqlar həyat fəaliyyət üsulundan, qabiliyyətlər, vərdiş, təcrübə və enerjidən asılıdır. Mütəşəkkillik nizam intizam, kulturologiya, effektivlik, həyat fəaliyyəti, sosial məsuliyyət və iradənin olmasını tələb edir.
Minilliklər ərzində bəşəriyyətin sosial-mədəni inkişafının başlıca hərəkət-verici qüvvəsi ağıl, bilik və humanizm olmuşdu. Bu baxımdan bütün təhsil pillələri kimi orta təhsil də, cəmiyyətin mədəni inkişafının mühüm komponenti hesab edilir. Orta təhsilin milli xüsusiyyətləri özündə əks etdirməsi vacib şərt hesab edilir. Elm, təhsil və mədəniyyət yeni dövr mədəniyyəti inkişafının dominantı olmalıdır. Dünya elm xadimlərində olan intellektual gücə istinadən həqiqətə, bəşəriyyətin daha uğurlu gələcəyinə doğru gedən yolu işıqlandırırdı.
Xalqımızın müdrikliyi, elmə, yaradıcılığa sonsuz marağı və hər bir məsələyə haqq ədalət prizmasından yanaşması, milli xüsusiyyətlərin təcəssümü olan şifahi xalq ədəbiyyatımızın nümunələrində də aydın şəkildə əksini tapıb.
Dünya xalqlarının mənəvi sərvətlər xəzinəsinə daxil olan, ulu əcdadlardan bizə yadigar qalmış “Kitabi-Dədə Qorqud“ dastanı 1300 il ərzində xalqımızın mənəvi qidası olub, milli ruhun yaşamasına, millətimizin mübarizə aparmasına, öz milli mənliyini hifz etməsinə daim yardım göstərib. Təqdirəlayiq haldır ki, bütövlükdə qədim maarif və təhsil ölkəsi olan Azərbaycanda hər bir şəhər və kənddə dini dəyərlərin təbliğ edildiyi məscidlərin yanında, yaxud da ayrılıqda mədrəsələr, mollaxanalar fəaliyyət göstərib, uşaqlar dini təhsillə yanaşı, oxuyub yazmağı, dünyəvi elmləri də öyrəniblər. Hələ Nizami Gəncəvinin yaşadığı dövrdə mədrəsələrdə, qədim üslublu məktəblərdə 24 fənni əhatə edib “ədəbi kompleks” adlanan elmlərin əsasları öyrədilib. Klassiklərin bədii əsərlərində təbiət, fəlsəfə, tarix, astronomiya və digər elmlərə dair məlumatlar–obrazlı informasiyalar, məhz həmin dövrdə verilən təhsilin nəticələridir.
Azərbaycanda elmin, təhsilin inkişafına daim xüsusi önəm verilsə də, respublikamızda təhsil sahəsinə mərkəzləşmiş rəhbərliyi həyata keçirən ilk dövlət qurumu ötən əsrin əvvəllərində, Azərbaycan Demokratik Cümhuriyyəti dövründə yaradılıb. Keçən əsrin axırlarında başlanan təhsil islahatı onun məzmununun yeni olmasını, təkmil olmasını mühüm bir problem kimi irəli sürdü. Təhsil Nazirliyinin göstərişi ilə dərslik konsepsiyasının layihəsi hazırlandı, dərslik siyasəti formalaşdı. Bu sahənin mütəxəssisləri qısa müddətdə ana dili dərsliyinin tərtibi prinsiplərini hazırladılar.
Orta ümumtəhsil məktəbi üçün dərslik probleminin perspektivinin müəyyənləşməsi çox mürəkkəb kompleks vəzifə olub, yalnız müvafiq konsepsiya əsasında həll edilə bilər. Konsepsiya aid olduğu sahənin istiqamətini müəyyən edən konstruktiv prinsiplərin məcmusudur. Azərbaycanda qeyd olunan sahənin eksperti hesab edilən Y.Ş. Kərimovun fikirlərinə görə dərslik konsepsiyası üç əsas aspektlə müəyyənləşir:1.Fəlsəfi. 2.Fəndən asılı olaraq nəzəri-didaktik.3.Didaktik-psixoloji (4, s.122).
Bu problemlərin həllində əsas istiqamətləri müəyyən edən konsepsiyada məntiqi olaraq geniş yaradıcı kollektivin səyi tələb olunur. Bunlardan nəzəriyyəçi alimlərin, pedaqoqların, psixoloqların, metodistlərin, rəy verənlərin, redaktorların, korrektorların, bədii tərtibatçıların və sairələrin əməyi sərf olunur. Hər biri üçün dəqiq konkret tələblər və qaydalar mövcuddur. Burada alimlərin dərsliyin yenilənməsi və tez-tez dəyişməsi ilə bağlı yekdil fikrin mövcud olmaması, təbii hal kimi alimlər tərəfindən qəbul edilir. Burada orta məktəb üçün önəmli olan dərslik dilinin sadə, aydın, anlaşıqlı və hədəfi əldə etmək üçün, materialın məzmununu mənimsəmək mümkün olsun. Müasir orta təhsil sistemində təlimin əsas məzmununun mənimsənilməsi nəticəsində bacarıqların bərqərar olmasında təfəkkürün empirik-nəzəri xüsusiyyətindən geniş istifadə olunur (3, s.34). Empirik təfəkkür hadisəni, nəzəri təfəkkür mahiyyəti əks etdirir. Məktəb bu baxımdan şagirdlərdə əsasən nəzəri təfəkkürü, alman filosofu Hegelin sözləri ilə desək, ağıllı-dialektik təfəkkürü formalaşdırmalıdır. XXI əsrdə təhsilin müxtəlif pillələrində xarakter etibarı ilə fərqlənən yeni təfəkkür tipinin formalaşması təhsilin əsas vəzifəsinin birinə çevirməlidir. Məktəbdə şagirdlərə müəyyən fənlər üzrə biliklər verməkdən daha çox bu biliklərin toplanması yollarını mənimsətmək lazımdır. Bu halda tədris prosesində şagirdlərə təkcə biliyin aşılanması getmir, onlarda ilk növbədə nəzəri təfəkkür və ya insan ağlının qiymətli keyfiyyəti olan tənqidi təfəkkür formalaşır. Aparılmış tədqiqatlar göstərir ki, tənqidi təfəkkür ağlın inteqrativ məziyyətidir. Təlim prosesində yaradıcılığın səmərəli olması bilavasitə dəyərlə şərtlənir. Müasir məktəb bu yolda nə qədər elmi-metodik çətinliklə rastlaşsa da, hal hazırda bu günün məktəbi, təfəkkürün tərbiyəsi problemini şagirdlərdə yaradıcı təfəkkürün formalaşdırılmasından başlamalıdır. Belə təfəkkür dərsləri şagirdlərə həm ali məktəblərdə böyük elmin sirlərini uğurla mənimsəməyə kömək edir, həm də onların həyatda yaradıcı insan kimi formalaşmasının təminatçısına çevrilir. Bunun üçün birinci növbədə müəllimlər yuxarı sinif şagirdlərini məntiqi və tənqidi təfəkkürün qanun və qanunauyğunluqlarının mənimsənilməsinə dair biliklərə yiyələnirlər. Kiçik, orta və gənclik yaş dövrlərində məktəblilərdə tənqidi təfəkkürün formalaşması tədris prosesində elə metod və üsulların tətbiqini tələb edir ki, onlar faktların təhlili və qiy-mətlənməsi üçün faydalı olur.
Artıq bu gün, qürur hissi ilə deyə bilərik ki, biz suveren müstəqil dövlətin azad vətəndaşlarıyıq. Azərbaycan xalqı üçün önəmli olan tarixi hadisə ondan ibarətdir ki, bu günkü nəslin üzərinə vacib hesab edilən böyük bir məsuliyyət düşür. Cəmiyyətimizin hər bir üzvünə toxunan, həyatımızın məhsuldar hissəsini təşkil edən təhsil və elm, müasir dövrün tələblərinə uyğun gəlməsidir(3, s.35). Bu sahədə çalışan və iştirakçısı olan insanlardan, təxirəsalınmaz işlərin həyata keçirməsi tələb olunur. Dövlətimizin bu istiqamətdə gördüyü işləri səmərəli həyata keçirmək üçün, müxtəlif istiqamətdə səylərin artırılması vacibdir.
Demək olar ki, bütün təhsil sahələrində və istiqamətlərində özünəməxsus mahiyyətdən irəli gələn məsələlər və problemlər mövcuddur. Bu məsələ və problemlər o zaman effektli olar ki, elm və təhsilə yanaşma, köklü sürətdə islahat yolu ilə dəyişsin. Elm və təhsil və bu prosesdə iştirak edənlər, yəni insanlar, istehsalla, həmçinin cəmiyyətdəki inkişafla paralel sürətdə ayaqlaşsın. Təhsil və elmin qarşılaşdığı və həll edə biləcəyi məsələlər, problemlər, cəmiyyətin inkişaf səviyyəsindən və istehsalın real vəziyyətindən irəlidə olmasıdır. Bir tərəfdən zamanın reallığına uyğunlaşan ixtisaslaşmış təhsil və elm müəssisələri, digər tərəfdən isə zamanın tələbinə uyğun gələn kadr potensialı, üçüncüsü isə təchizat və koordinasiya layihələri nəticəsində hədəfə nail olmaq mümkündür.
Burada dövlətimizin apardığı təhsil və elm sahəsindəki siyasətdə müsbət tendensiya müşahidə olunur. Buna baxmayaraq elm və təhsilin biznes əlaqələrində problemlər qalmaqda davam edir(5, s.68). Təhsil və elm sahəsində sosial sifarişin aktual olması imkan verir ki, bu istiqamətdə uğurların miqyası və sürət tempi artsın. Yalnız keyfiyyətli təhsil nəticəsində cəmiyyətin dayanıqlığını təmin etmək olar. Keyfiyyətli təhsil həm də elmin ənənəvi məcradan çıxmasına, istənilən sahədə yeni texnologiyaların yaranmasına və tətbiqinə zəmin yaradır. Qazanılan biliklər, yalnız bilik naminə bilikli olmaq fəlsəfəsindən, biliyin əməli fəaliyyət fəlsəfəsinə çevrilməsi hadisəsinin baş verməsini nəzərdə tutur. Nəticədə fəlsəfə elmi, elmlərin fəlsəfəsi xarakterinə malik olmalıdır. Bu istiqamətdə, öncə fəlsəfi elmlər vasitəsilə elmlərin dinamik inkişafını təmin edə biləcək, strateji konsepsiya ilə, elmlərin fəlsəfəsini dərk etmək əsas şərt olmalıdır. Əks halda həyata keçirilən iş kortəbii xarakter alacaqdır. Nəticədə milli təhsil və elm mövcud inkişaf prosesinin arxasınca gedir. Belə olan təqdirdə təhsilin və elmin idxal edilməsi aktuallaşır. bütün səylərə baxmayaraq milli təhsil və elm digər cəmiyyətlərin təhsil və elmindən asılı vəziyyətdə qalacaqdır (Ərəb ölkələri sindromu).
Hazırda respublikamızda təhsil layihələrinə dövlət qayğısının olması, təhsil investisiyaları bu istiqamətdə təqdirəlayiq hadisədir. Amma belə hal təhsil mü-əssisələrinin özü maliyyələşmə mexanizminə təkanverici xarakter daşımalıdır. Sirr deyil ki, müstəqil dövlətin dinamik inkişafı birbaşa milli təhsil və elmin dinamik inkişafı ilə əlaqəlidir. Bu məsələni iki mərhələdə inkişaf etdirmək mümkündür. Birinci, təhsil alanları və təhsildə iştirak edənləri konkret sahələr üzrə hazırlayanda, əlavə bilik yükündən azad edib, praqmatik məzmuna daha çox üstünlük verilməlidir . Obyekt və predmetin təhlilini təkrarlamaq əvəzinə, onları müxtəlif elmi-pedaqoji-psixoloji üsullarla dəyişdirmək (inklüziv, innovativ, yaradıcı vasitələrlə) vacibdir. Predmetin mahiyyətini araşdırarkən onun zamanın tələbinə uyğun olaraq inkişafın və islahatın mahiyyətini dərk etmək əsas tələb olmalıdır. Bu istiqamətdə təhsildə sabah layihəsini davamını inkişaf etdirmək məqsədəuyğundur. Qısa müddət ərzində nəticələr çox uğurludur. Bələ layihələri magistr və doktorantura səviyyəsində həyata keçirməyin zamanı yetişmişdir.
İkincisi, qabaqcıl universitetlərin məzunlarını bu prosesə cəlb edib, gənc elmi kadrları irəli çəkməklə bərabər, eyni zamanda onlar üçün münbit şəraitin olmasını təmin etmək (intellekt axınının qarşısını almaq üçün ), yeni ideyaların yaranmasını mükafatlanmaq, stimullaşmaq hesabına ideyaları təkrar istehsalına nail olmaq olar. Müasir elmin fəlsəfəsi prioritet ideyalardan ibarətdir. Istənilən sahədə məhz bu ideyalar yeni texnologiyaların yaranma səbəbidir. Fərqli ideyalar cəmiyyətdə müqavimətə rast gəlindiyindən, bu istiqamətdə təbliğat vasitəsindən yararlanmaq olar. İctimai tələbat elmə olan münasibəti fəlsəfə təhsilini (bakalavr) təhsilin fəlsəfəsinə doğru (magistr, doktorantura), gedən yolda məsələnin mahiyətini təşkil etməlidir. Elmə və təhsilə olan ictimai sifariş, cəmiyyətdə nüfuza malik olduğu halda, artıq demək olar ki, bu məsələdə işlək mexanizm mövcuddur. Nəticədə hər bir sahə üzrə nəinki respublika hüdudlarında, hətta digər ölkələrdə mütəxəssislər ailəsinin üzvünə çevrilər. Milli texnologiyaların yaranması hadisəsi baş verər.
ADA Universiteti bu istiqamətdə avanqard rolunda çıxış edir. İnklüziv təhsil prosesində konkret praktiki addımlar atılır. Respublikada tədricən inklüziv təhsil istiqamətində yeniliklər baş verir. Bu prosesin davamlı olması, gələcək nəsillər üçün yeni perespektivlər vəd edir. Hər bir təhsil müəssisəsinin qeyd olunan inklüziv prosesin seçməsi, elm və təhsilin fəlsəfəsinin mahiyyətindən xəbər verir. İstənilən halda inklüziv təhsil prosesinin özü, bu istiqamətdə baş verən inkişafın mexanizmdir.
Azərbaycanda mövcud olan orta təhsil sistemi ümumi təhsil sisteminin tərkib hissəsi olub, tərbiyə və psixi inkişaf imkanlarına malik olan, təlimin həm zəruri şərti, həm də nəticəsi kimi özünü göstərən bilik, bacarıq və vərdişlərin məcmusudur. Xüsusi qaydada təşkil olunan idrak fəaliyyətinin idarə olunması prosesidir. Təlim isə öz növbəsində az bilikdən çox biliyə, daha da mükəmməl biliyə doğru şərait yaradır. Bu da öz növbəsində həqiqətə çatmaq yolun­da biliyin sistemləşdirilmiş təzahür formasıdır(4, s.193). Bununla da orta təhsil sisteminin elmi şəkildə müəyyən edilmiş metodologiya əsasında işləyir. Bu isə öz növbəsində şəxsiyyətin formalaş-ması, şagirddə xarakterin tərbiyəsi, milli dəyərlər əsasında mənəvi keyfiyyətlərin aşılanması üçün böyük əhəmiyyətə malikdir. Azərbaycanın orta təhsil sistemi ilə bağlı dövlətimiz, təhsil siyasətini həyata keçirən Təhsil Nazirliyi davamlı olaraq bu sahədə islahatlar həyata keçirir. Azərbaycan Respublikasının Prezidenti cəmiyyətimizin digər mühüm sahələri kimi öz əhəmiyyətinə görə strateji mahiyyətə malik olmasını nəzərə alaraq daima diqqət və qayğı ilə əhatə olunur. Ölkə başçısının “Azərbaycanın gələcək inkişafı məhz təhsillə bağlıdır ” deməsi, bu önəmli sahəyə olan münasibətdən xəbər verir. Bu münasibətdən irəli gələn gələcək planların həyata keçməsi üçün aşağıdakı tədbirlər nəzərdə tutulur:1.Təhsil alan şagird şəxsiyyətli, ixtisaslı, təcrübəli, peşəkar müəllimdən dərs almalıdır. Təbii ki, burada pedaqoji keyfiyyətlər özündə ehtiva etməlidir. 2.Tədris prosesində müasir texniki avadanlıqlardan və zamanı qabaqlayacaq texnologiyalardan istifadə olunmalıdır. 3.Təhsil alanla təhsil verən arasında münasibətin təhsil qanunu çərçivəsində həyata keçirilməsi dinamik işlək mexanizminə malik olmalıdır. 4.Təhsil alan şagird yoldaşları ilə ünsiyyətdə qarşılıqlı münasibətin yaranması üçün şəraitin olması nəticəsində sosiallaşması baş verməlidir.
Yekun olaraq qeyd etmək olar ki, təhsil sisteminin faydalı olmasında bütün cəmiyyət üzvləri fəal iştirak etməlidir.

Açar sözlər: ümumi təhsil, orta və tam təhsilin fəlsəfəsi, təhsil islahatı, milli təhsil.

Ədəbiyyat siyahısı
1. Kərimov Y. Seçilmiş əsərləri.VI cild. Dərslik problemi.Bakı, 2011
2. Mehrabov A.Müasir təhsilin konseptual problemləri.Bakı, 2010
3.Abbasov Ə. Ümumi təhsilin məzmun islahatları: real standartlara doğru// Azərbaycan məktəbi, 2005, № 4.
4. Kərimov Y. Pedaqoji tədqiqat metodları. Bakı. Azərnəşr, 2009
5. Mərdanov M. Azərbaycan təhsil sistemi: real vəziyyət, problemlər və islahat istiqamətləri. Bakı, Təhsil, 2005
6. Mərdanov M. Davamlı inkişaf və təhsil. Bakı, Çaşıoğlu, 2007

Azad Jafarov
Evolution of educational reforms
Summary
There are many scientific and practical researches, pedagogical instructions and methods on this subject in the world as well as in our republic. However, figuratively speaking, there is a crisis in the direction of giving it a breath and the life in order to carry over all the above-mentioned issues to a working mechanism and dynamism. The only way to get rid of this situation is to pay attention to the philosophy of education and science. There are many methods for the general secondary and full education. The suitability of the existing methods for pandemic conditions must already be taken into account.

Keywords: General education, secondary and full education philosophy, national education, educational reforms

Азад Джафаров
Эволюция реформы образования
Резюме
В мире, также как и в нашей республике, проводятся множество научных и практических исследований, концепций, педагогических инструкций и методические работы по данной теме. Но для того, чтобы все вышеперечисленное превратить в рабочий механизм и динамизм, образно говоря, сталкиваемся с кризисом в придаче ему жизни и нового дыхания. Единственный способ избавиться от этой ситуации - направить внимание на философию образования и науки. Есть много методов для общего среднего и полного образования. Уместность существующих методов для условий пандемии уже должна быть принята во внимание.

Kлючевые слова: Общее образование, в условиях глобализации, философия среднего и полного образования, национальное образование, реформы образования.