Hüseyn bin Məsud bin Muhəmməd əl-Bağavinin yaradıcılığı

Post image

Gülağa İsmayılov
AMEA-nın Məhəmməd Füzuli adına
Əlyazmalar İnstitutunun doktorantı

Е-mail: [email protected]

İmam Bağavi Xorasanda yetişən böyük hədis alimlərindəndir. Adı Hüseyn bin Məsud bin Muhəmməd, künyəsi isə Əbu Məhəmməddir. Ləqəbi Muhyissünnə və Ruknuddindir. Mənbələrdə haqqında verilmiş rəvayətə görə o, kürk hazırlayıb satmaqla məşğul olardı. Bu sənətlə məşğul olduğu üçün İmam Bağavi həm də “Əl-Fərra” (Kürk düzəldən və satan –G.İ) kimi də tanınırdı. Rəvayətlərə görə atası da bu sənətlə məşğul olduğu üçün İbnul Fərra kimi də tanınırmış. İmam Bağavi Şafei məzhəbi alimlərindən olmuşdur. Hicri 436 (m.1044)-cı ildə Xorasanda Herat ilə Mərva şəhərləri arasında yerləşən Bağ kəndində anadan olmuşdur. İmam Bağavi hicri 516-cı ilin (m.1117) Şəvval ayında Mərvdə vəfat etmişdir. O, ustadi Qadi Hüseynin yanında dəfn olunmuşdur (1, 442).
İmam Bağavi haqqında təzkirəçi alim Həməvinin vermiş olduğu məlumatlar, ən qədim məlumatlar olmaqla bərabər, digər qaynaqların verdiyi məlumatlarla da ziddiyyət təşkil etməməkdədir. Belə ki, Həməvinin yazdığına əsasən Bağavinin 80 ili aşan bir ömür sürdüyü bizə məlumdur (2, 468).
Dövrünün tanınmış alilmlərindən olan İmam Bağavi haqqında müxtəlif dövrlərdə yaşamış bir çox İslam alimi müəyyən fikirlər söyləmişlər. Belə ki, məşhur fiqh və hədis alimi Zəhəbi (673-748 \ 1274-1348) onun bir çox üstün səciyyələrini qeyd edərkən, hamısından daha ümdəsinin imam, sünnəni dirildən, “Şeyxul-İslam” və digər ləqəblər qazanmasını xüsusi vurğulamışdır. Quran hafizi, bütün qiraətlərini əhatə edən, təfsirdə səhabə və tabeinlərdən (Peyğəmbəri görmək şərəfinə nail olmayıb, lakin Rəsulullahın səhabələrini görənlərə tabein deyilir –G.İ.) gələn hədisləri bilən, Şafei məzhəbinə dərindən yiyələnən bir alim, ən əsası isə hədis imamlarından və hafizlərindən biri kimi qeyd etmişdir. Zəhəbinin yazdığına görə İmam Bağavi kimsəni pisləməz, heç bir məzhəbə təəssübkeşlik etməzdi. Müəllif bu haqda yazır: “Şeyx, imam, əllamə, hafiz, “Şeyxul-İslam”, sünnəni yaşadan, “Şərhüs-sünnə”, “Məalimut-tənzil”, “əl-Cəm beynəs-səhiheyn” kimi əsərlərin müəllifi, təfsirçi əbu Məhəmməd əl-Hüseyn bin Məsud bin Məhəmməd bin əl-Fərra əl-Bağavi sünnəni dirildən, “dinin rükni” ləqəbi ilə ləqəblənmişdir “ (3, 439).
İmam Bağavi haqqında fikir söyləyən digər bir İslam alimi Davudi isə yazır: “Təfsir, hədis, fiqh sahələrində böyük imam idi. Qazi Hüseynin xüsusi tələbələrindən olub, ondan və Əbu Ömər Abdulvahid əl-Məlihi, Əbəl-Həsən Davudi və Əbəl-Həsən Məhəmməd bin Məhəmməd Şirazi kimi görkəmli alimlərdən hədis eşitmişdir” (4, 161)
Başqa bir İslam alimi Subki isə İmam Bağavi haqqında belə qeyd edir: “Bağavi “sünnəni dirildən”, “dinin rükni” kimi bir çox ləqəblərlə ləqəblənmişdir. Dində, təfsirdə, fiqhdə, hədisdə ali dərəcəsi vardır” (5, 75).
Məşhur alim İbni Xalkan isə: “Elm sahəsində bir dəniz idi. Allah kəlamının təfsirinə dair kitab yazmış və Peyğəmbər (s) hədislərindən müşkülləri açıqlamışdır” (6, 136). İbni Kəsir “Bidayə vən-nihayə” kitabında yazır: “Zəmanəsinin böyük alimi, dindar, Allahdan qorxan, zahid, abid və saleh bir insan olub” (7, 238). Məşhur təfsir alimi Siyuti isə İmam Bağavi haqqında özünün “Tabəqatul-huffaz” əsərində deyir: “Saf niyyətli olduğu üçün Allah əsərlərini bərəkətli etmişdir. Rəbbani, zahid, aza qane olan alimlərdən idi” (8, 739).
Haqqında verilən məlumatlardan da göründüyü kimi İmam Bağavi çox sayda əsərlər yazan alimlərdən olmuşdur. Onun təfsir mövzusunda “Məalimüt-tənzil”, hədis şərhində “Şərhüs-sünnə”, hədislər barəsində “Əl-Məsabih”, “Əl-Cəm beynəs-səhiheyn” fiqhdə “Ət-Təhzib” adlı əsərləri vardır. İbn Qadi Şuhbənin də dediyi kimi “Ət-Təhzib” əsərini şeyxi əl-Qadi Hüseynin “Ət-Təliqa” əsərindən ixtisarla qələmə almışdır. Bununla bağlı İbn Qadi Şuhbə yazır: “O, güclü bir kitabdır, tam təhrir olunub, çox hissəsində dəlilləri zikr etmir” (9, 329).
Bundan başqa Şeyxi əl-Qadi Hüseynin fətvalarını topladığı “Məcmuə minəl-fətəva” əsəri vardır. Tacuddin əs-Subkinin dediyinə əsasən onun öz fətvalarını toplayan bir əsəri də vardır. Əsərləri məşhurlaşmış və alimlər tərəfindən qəbul edilmişdir. Əz-Zəhəbi deyir: “Qəsdinin gözəlliyi və niyyətinin səmimiliyinə görə əsərlərinə bərəkət verilmiş və tam bir məqbulluq görmüşdür, alimlər o əsərləri əldə etməkdə bir-biriləri ilə yarışıblar”. Onun həmçinin içində qırx hədis topladığı bir əsəri də vardır. Şeyx Muhəmməd bin Cafər əl-Kəttəni onun həm də “Əl-Ənvar fi şəmailin-nəbiyyil-muxtar” adlı daha bir əsərini də zikr edir. Onun “Məsabih əs-sunnə” əsərini məşhur azərbaycanlı alim Şeyx Vəliyyullah Əbu Abdilləh Məhəmməd bin Abdullah əl-Xətib ət-Təbrizi ələ almış və ora hədislər əlavə etmiş, bablara ayırmış, səhabələrin adlarını qeyd etmiş, hədislərə çox yerdə hökm vermiş və hədislərin hansı əsərlərdə keçdiyini zikr etmişdir, beləliklə də tam bir əsər halına salmışdır və bu əsər “Mişkətül-məsabih” adı ilə məşhurdur (9).
Yuxarıda da qeyd olunanları nəzərə alaraq söyləyə bilərik ki, İmam Bağavi özündən sonra hədis, fiqh, təfsir və tarix mövzularında çox sayda əsər qoymuşdur. Onun günümüzdə məlum olan əsərləri isə bunlardır:
1. “Məalimut-tənzil”. Təfsir elminə aid bir əsərdir. Bu əsər sələfi salehinin ( Peyğəmbərimiz -sallallahu aleyhi və alihi və səlləmin dövründəkilərdən sonrakı iki nəsil yəni, sahabələr, sahabələri görənlər (tabiinlər) və sahabələri görənləri (tabiinləri) görənlər (ətbə tabiinlər) –G.İ) təfsir mövzusundakı fikirlərindən ibarətdir. Məhəmməd (s) peyğəmbər tərəfindən söylənmiş ayə açıqlamaları ilə İslamdakı hökümlərdən ibarətdir. Təfsirdə istinadı olmayan əsassız rəvayətlərə və israiliyyatla (Xristiyan və yəhudi dinlərindən islami mətnlərə sızmış məlumatlara və eyni zamanda kənar mədəniyyət və təfəkkür tərzinin nəticəsində ortalığa çıxmış “hədislər” mənasındadır –G.İ) bağlı bəzi məsələlərə toxunulmamışdır. Bu əsərlə bağlı məşhur İslam alimi İbn Teymiyyəyə sual verilərək hansı təfsir əsərinin Quran və sünnətə daha müvafiq olduğu soruşulmuş, Zəməxşəri, Qurtubi, və ya Bağavi? İbn teymiyyə cavabında: “Bidət və zəif hədislərdən ən salim olanı Bağavidir” - demişdir. Bu təfsir başqa təfsir əsərlərinə nümunə olaraq çap olunmuşdur.
Müəllif müqəddimədə əsərin yazılma səbəbini və orta həcmdə bir təfsir yazmağ məqsədini açıqlamışdır. Burada ayrıca təfsir, siyər, əxbar (hədis termininin sinonimidir–G.İ) və qiraətlə bağlı rəvayətlərin kimlərdən, hansı istinadlarla alındığı yazılmış, Quran oxumağın və öyrətməyin fəzilətləri, təfsir, təvil, və yeddi (Yeddi hərfdən qaynaqlanan ixtilaflar əsasən mənaca eyni olan kəlmələrin fərqli sözlərlə (sinonimləri ilə) əvəzlənməsi nəticəsində ortaya çıxırdı. Məsələn, “fəsav ilə zikrillah” ayəsini bəziləri “fəmdu ilə zikrillah”, “in kənət illə sayhətən vahidətən” ayəsini isə “in kənət illə zəqyatən vahidətən” şəklində oxunmasıdır –G.İ) hərf kimi mövzular haqqında məlumat verilmişdir.“Məalimut-tənzil”də açıq, asan bir üslubdan istifadə edilmişdir.Təfsirə keçməmişdən öncə surənin adı ayələrinin sayı, məkki və ya mədəni olduğu harada və hansı hadisə ilə bağlı nazil olduğu göstərilmişdir. Ayələr üzərində əvvəlcə lüğət baxımından açıqlamalar verilmiş, sonra ayənin digər ayə və hədislərlə təfsirinə keçilmiş, səhabə və tabein görüşlərindən yararlanılmış, qiraət vəchlərinin izahına geniş şəkildə yer verilmiş, sərf və nəhv (morfologiya, sintaksis –G.İ) təhlilləri aparılmışdır. Səhabə təfsirini nüzul səbəbini və nəsx kimi ( Nəsx sözünün hərfi mənası bir şeyi başqa bir şeylə dəyişdirmək, onun yerinə başqasını qoymaq deməkdir. Bir ayənin öz bənzəri, yaxud ondan daha yaxşısı ilə dəyişdirilməsidir –G.İ) sadəcə əshabın bilə biləcəyi mövzularda mərfu (Ərəbcə “rəfəa” felinin məchul növündən əmələ gəlmiş feli sifətdir və “yüksəldilmiş” mənasını ifadə edir.İstilahi mənada isə - Peyğəmbərə (s) istinad edilən kəlmə, ya hərəkət, ya təsdiq etmə, ya da sifət “mərfu” hədis adlanır. –G.İ) hədis digər mövzularda ictihad olaraq dəyərləndirən Bağavinin bəzən onların fikirlərinə muxalif olması da müşahidə olunur. İmma Bağavi “Məalimüt-tənzil” əsərində israiliyyata da yer vermiş, bunları yer-yer tənqid süzgəcindən keçirmiş və bəzilərini rədd etmişdir.İmam Bağavinin “Məalimüt-tənzil” əsəri yazıldığı zamandan bəri çox rəğbət görmüş, sonralar bir çox əsərə qaynaq olmuşdur. Bu mövzuda birinci sıranı Əli ibn Məhamməd əl-Xazinnin “Lübabüt-təvil-fi məanit-tənzil” əsəri almışdır (10).
2. “Şərhüs-sünnə”. İmam Bağavi mirasından bizə qədər gəlib çatan “sünnə” kitablarındandır. Tərtib, təftiş, sənəd, hökm və əhatə yönündən güclü bir əsərdir. Müəllifi (r.a) sünnəti-şərifin (şərəfli hədisin – G.İ) qoruyucyularından, təqva sahibi, zöhd əhli ravilərin hədislərinə üstünlük vermişdir. Daha sonra bizə bunun əhatəli və geniş şərhləridə çatmışdır. Anlaşılmayan kəlmələrin təfsiri, hökmləri, bəyanı problemlərin həlli və bunlardan başqa sünnəti anlamaq, hədis, rəvayət və dirayət mövzularında daha çox faydalıdır. Adıçəkilən bu əsər muhəqqiq ustad Şuyub Arnavudi tərəfindən gözəl bir təxric ilə çap edilmişdir.
Əsərini qələmə alan İmam Bağavi özünə çatan istinadlarla əldə etdiyi və ya daha öncəki əsərlərdən topladığı hədisləri kitab və bab əsasına görə təsnif edərək bu əsəri meydana gətirmişdir. Erkən dövr hədis əsərlərindən hesab edilən “Şərhüs-sünnə”nin özünəməxsus xüsusiyyəti hədis mətnlərində başa düşülməsi çətin yerləri izah etməsi, başa düşülməyən kəlimələrin açıqlanması, hədislərdən çıxarılan hökmlərə işarə etməsi, açıqlamaların əsasən qısa və geniş əhatəli olmasıdır. Fiqh məsələlərinə görə təsnif edilən əsər 42 kitab, 1461 bab və 4321 hədis (Züheyr əş-Şəviş və Şüeyb əl Arnavudi tədqiqindəki nömrələndirməyə görə 4422 hədis) bir başqa nəzərə görə 37 kitab 1447 bab 4318 hədis ehtiva etməkdədir. Bu saya hədislərin şərhi əsnasında qeyd edilən və xüsusilədə sənədsiz olan hədislər daxil deyil (11).
3.”Məsabih əs-sünnə”. İmam Bağavinin ən əhəmiyyətli əsərlərindən biri heç şübhəsiz etibarlı hədis qaynaqlarından sənədləri çıxararaq seçdiyi hədislərdən ibarət “Məsabih əs-sünnədir”. Bu əsərin elm dünyasında çox böyük əhəmiyyəti vardır ki, tanınmış Avropa şərqşünası Brockelmann, Bağavinin İslam dünyasındakı şöhrətini “Məsabih əs-sünnə” adlı əsərinə borclu olduğunu ifadə etməktədir (12, 48).
Bağavi, müxtəlif qaynaqlardan toplamış olduğu hədisləri bir araya gətirməklə yazmış olduğu bu əsərin bənzərlərini hədis tarixində ibnul Əsir əl-Cəzərinin (h.606 /m.1209) “Camiul-üsul”, Nəvəvinin (h.676/m.1277) “Riyazüs-salihin” adlı əsərlərində də görürük. Katib Çələbi (1067 / 1677) “Yığma mahiyyətində yazılan əsərlərin ən gözəli Bağavinin “Məsabih” adlı əsəridir. Çünki onun tərtibi çox gözəldir. Hədislər yerli yerində yığılmışdır.Bir başqası hər hansı bir babın yerini dəyişdirməyə çalışsa Bağavidən daha uyğun bir yerə qoymazdı deyərək əsəri tərifləyir” (13, 1701-1702).
Bağavi “Məsabih əs-sünnə” əsərinə yazmış olduğu müqəddiməsində əsərini Allaha itaət edənlərə kömək etmək üçün yazdığını bildirməklə, hədislərin sənədlərini (lüğətdə dirək, dayaq və s. mənaları ifadə edir. İstilahi mənada isə - hədisin mətninə gətirib çıxaran ravilərin silsiləsinə “sənəd” deyilir –G.İ.) uzatmaqdan qoruduğu və hədis imamlarının rəvayətlərinə istinad etdiyi üçün hədislərin ilk ravilərini belə yazmadığını bildirir. Əsərində zəif hədislərə işarə etdiyini və əsərinə movdu(uydurma), münkər ( etibarsız ravinin etibarlı raviyə müxalif olaraq rəvayət etdiyi hədis “münkər” adlanır –G.İ.) hədisləri yazmadığını bildirir. “Məsabih əs-sünnənin” başda Süleymaniyyə kitabxanası olmaq üzrə dünyanın bir çox yerlərində yazılı nüsxələrinin olduğu aydındır. Bununla belə əsər bir neçə dəfə çap olunmuşdur. “Məsabih əs-sünnə” 1877-ci ildə İstanbulda, 1900 və 1935-ci illərdə isə Qahirədə çap edilmişdir (14, 235).
4. “Təhzib”. Bu əsər tanınmış İslam alimi İmam Şafeinin fiqhə dair fikirlərinə əsaslanaraq qələmə alınmışdır. Məlum dəlillərlə zəngin fiqh əsərlərindəndir. Şafei məzhəbinin davamçıları əsasən bu kitaba etimad edirlər, ondan faydalanırlar və nəql edərlər. Buna imam Nəvəvini misal göstərmək olar. Onun “Ravdatut-talibin” adlı kitabındakı nəqllərin çoxu buradandır.
5. “Məcmuətül-fətəva”. İmam Bağavinin bu əsəri Əli əl-Mərvəzinin fətvalarından ibarət fiqh kitabıdır. Əli əl-Mərvəzidən soruşulan fiqhi məsələlərə verdiyi cavablardan təşkil olunmuşdur. İmam Bağavi də bu hökmlərə tabe olmuşdur. Bağavi əsərini İmam Şafeinin ən öndər tələbələrindən olmuş, və sonralar Şafei məzhəbinin böyük fəqihlərindən birinə çevrilmiş, Əbu İbrahim İsmayıl ibn Yəhyə ibn İsmayıl əl-Müzəni əl-Misrinin ( 264/878) əl-Müxtəsər adlı kitabının tərtibi üzrə toplamışdır.
6. “Əl-Ənvar fi şəmailil-muxtar”. Bağavinin digər məhşur əsərlərindən olan “Əl-Ənvar fi şəmailil-muxtar” tam sənədləri ilə Rəsulullahın təvazö, gözəl əxlaq, səxavət, səbr, əmanət, vəfa və şücaət kimi ali səciyyələri haqqında oxucunu yoracaq qədər uzun, məqsədə xələl gətirəcək dərəcədə qısa olmayan qələmə aldığı nəfis bir əsəridir. Bu məhşur əsərə Hacı Xəlifə özünün “Kəşfuz-zünun” əsərində geniş yer vermişdi. İslam alimi, hədisşünas Muhəmməd ibn Cəfər ibn İdris əl-Kəttani özünün “Ər-Risələtül-müstətrifə” adlı əsərində bu haqda yazır: “Mühəddislərin yolu üzrə tərtib edilmiş bir kitabdır”(15, 28).
7. əl-Cəm beynəs-səhiheyn. “əl-Cəm beynəs- səhiheyn” İmam Buxari və Müslümün öz səhih adlı əsərlərində topladıqları hədisləri bir araya gətirərək yazılan məşhur əsərdir. Bu mövzuda eyni adlı çox əsərlər yazılmışdır. Beləliklə günümüzə qədər gəlib çatmış ən məhşurları Mühəmməd bin Fətuh əbi Nəsr əl-Humeydinin,(488 h.), ibni Xarrat, Əbdülhəq bin əbdür-Rəhman İşlibi (582) və Yəhya bin Əbdül- Əziz kimi tanınmış müəlliflərin əsərlərini qeyd etmək olar. Lakin günümüzə gəlib çatmayan eyni adlı əsərlərində sayı çoxdur. Onlardan ən məhşurları Cuzqani ( 388 h.) , Əbu Məsud əd-Diməşqi (401 h.) Bərqani( 425 h.) və İmam Əl-Bağavi kimi tanınmış islam alimlərinin eyni adlı əsərlərini qeyd etmək olar. Tanınmış islam alimi Hacı Xəlifə də özünün “Kəşfuz-Zunun” əsərində İmam Bağavinin bu əsərinə işarə etmişdir (16, 9).
İslam dünyasına əsərləri ilə böyük xidmət etmiş Bağavinin yaradıcılığı çox zəngindir, lakin biz yuxarıda adlarını qeyd etdiyimiz əsərləri ilə kifayətlənirik.

Açar sözlər: Bağavi, hədis, təfsir.

ƏDƏBİYYAT SİYAHISI
1. Şəmsuddin Muhəmməd bin Əhməd bin Osman əz-Zəhəbi “Əs-siyər liz-Zəhəbi” Müəssisətu ər-risalə, 1417\1996, c.XXIX
2. Əbu Abdullah Şihabəddin Yakut bin Abdullah Yakut əl-Həməvi “Mucəmul-buldan”, Darul-Fikr, Beyrut, c.I
3. Şəmsuddin Muhəmməd bin Əhməd bin Osman əz-Zəhəbi.“Siyərül-almun-nubəla liz-Zəhəbi” Beyrut, 1996, c. XXIX
4. Muhəmməd bin Ali bin Əhməd, Şəmsuddin əd-Davudi əl-Maliki, “Tabəqat əl-mufəssirin”. c. II.
5. Tacuddin Abdul-Vahab bin Təqiyiddin əs-Subki. “Tabəqat əş-şafiiyyə”. h. 1413, c. X
6. Əl-Qadi bin Xalkan “Vafayat əl-ayan” Beyrut, c. VIII
7. İmadəddin bin İsmail bin Kəsir Qurayşi əd-Diməşqi “əl-Bidəyə və-nihayə” Daru aləmi əl-kutub, 1424\2003, c. XX
8. Abdurrahman bin əbu Bəkr, Cəlaləddin əs-Suyuti “Tabəqat əl-huffaz” Daru əl-kutubu əl-elmiyyə- Beyrut, c. I
9. http://www.favaid.com/index.php/sexsiyyetler/islam-alimleri/396-ebu-muhammad-al-huseyn-al-baqavi
10. http://filozof.net/Turkce/edebiyat/dunya-edebiyati/15163-mealimut-tenzil-tefsiri-yazari-ozellikleri-hakkinda-bilgi.html?showall=&start=1
11. İslam ensiklopediyası, 2010, Cild: 38.
12. Sancaklı, Bağavi və Şərhu əs-sünnədəki şərh metodu
13. Katip Çələbi “Kəşfuz-zunun”, İstanbul, 1971, c. I
14. Carl Brockelman “Tarixu əl-ədəbi əl-arabi” c. VI,
15. Muhəmməd ibn Cəfər ibn İdris əl-Huseyni əl-Kəttani “Ər-Risələtül- müstətrifə”, Darul-bəşairil-isləmiyyə, 1414\1993, c.I
16. Muhamməd əl-Hüseyn ibn Məsud əl-Bəğavi, “Məalimut-tənzil” Darul-Marifə, Beyrut, 1407\1987 c.I

Summary
In this article have been given opinions of the other scholars about the works, personality and the status on the science of the great İslamic sciencetifict İmam Bagavi who had an important influence on the development of the hadith science. And also have been investigated the style and the methods of the scientist’s works.

Key worlds: Bagavi, hadith, commentary.

Резюме
В данной статье исследовано творчество Багави, вошедшего в историю науки о хадисах своими научными произведениями, его личность и научное творчество. А также здесь говорится о мнении других ученых. Кроме того было сделано исследование о стиле и методике научных произведений ученого.

Ключевые слова: Бaгави, хадис, комментарий.