Hazırda cəmiyyət öz inkişafının yeni, daha mürəkkəb mərhələsini yaşayır. Cəmiyyətdə cərəyan edərək bir-birinə nüfuz edən hadisələr sosiumun növbəti inkişaf səviyyəsinə çatması üçün bəzi baryerləri, çatışmazlıqları aradan qaldırmaqla bərabər həm də yeni problemlərin meydana gəlməsinə səbəb olur, çətinliklərin təzahürünü reallaşdırır. Düşünmək, problemləri həll etmək gücündə olan insan həm əldə olan, həm də yeni paradiqmalar vasitəsilə əməli fəaliyyətini artırır. Çox təəssüf ki, bəzi hallarda müasir dünyada insanın təfəkkürünün və insan əlinin məhsulu məhz insana qarşı yönəlib.Yeni silahların, öldürücü, dağıdıcı vasitələrin, neqativ məzmunlu ideologiyaların işə düşməsi, maraq və mənafelərin güclənməsi nəticəsində minlərlə insanın həyatına son qoyulur, şəhərlər, kəndlər, yaşayış məskənləri dağıdılır, viran qalır, xarabalığa çevrilir. İnsan öz maraq və mənafelərini güdərək, təbiətdən daha çox fayda əldə etmək üçün ona zərbələr vurur, ekolologiyanı çirkləndirir. Təbiət isə ona vurulan zərbələrə qarşı biganə qalmır, zaman-zaman insandan öz qisasını alır. Heç təsadüfi deyil ki, bəzi filosoflar zəlzələ, vulkan, daşqın və xəstəlikləri təbiətin qısası adlandırırlar.
Bəşəriyyət hazırda yenidən böyük imtahan qarşısındadır. Dünyanı təhdid edən yeni növ virusun yayılaraq pandemiyaya çevrilməsi bütün ölkələri narahat edən əsas məsələdir. Yeni növ koronavirus (COVID-19) xəstəliyi dünya səhiyyəsi tərəfindən hələ tam öyrənilmədiyinə görə can almaqda davam edir, bu xəstəliyə yoluxanların sayı üç milyonu keçib, ölənlərin sayı ik yüz mindən çoxdur. Çin, İran, ABŞ, İtaliya, Fransa, İspaniya kimi inkişaf etmiş ölkələrdə daha çox tüğyan edən bu virus, iqtisadiyyatı çökdürüb, ictimai həyat sahələrini iflic vəziyyətinə salıb. 2019-ci ilin dekabr ayından yayılan yeni növ koronavirus (COVID-19) xəstəliyi 2020-ci ilin mart ayından Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dünyada pandemiya elan olundu. COVID-19 ilə mübarizə sahəsində hazırda əksər dövlətlərdə karantin rejimi tətbiq olunur.
Koronavirusun özü ilə bərabər insanların həyatına gətirdiyi dəyişiklikəri, insanların həyat və fəaliyyətinə, psixologiyasına etdiyi təsirləri nəzərə alsaq onu müasir dövrün psixoloji böhran faktoru kimi qiymətləndirə bilərik.
İnsan həyatının müxtəlif mərhələləində böhran halları ilə üzləşir. Psixoloji baxımdan ədəbiyyatara nəzər saldıqda görürük ki, çox vaxt böhran halları yaş faktoru ilə əlaqələndirilir. Ancaq qeyd edək ki, Yaş böhranı böhran hallarından yalnız biridir.
Yaxşı, bəs ümumilikdə böhran halları nədir, necə yaranır, hansı növlərə ayrılır? Koronavirusun gətirdiyi böhran halları hansı kateqoriyaya aid edilə bilər?
Gəlin ilk öncə bu məsələlərə aydınlıq gətirək.
Böhran vəziyyəti hər bir insanın şəxsi inkişafının ayrılmaz hissəsidir, bu dövr şəxsiyyətin inkişafına maksimal təsir göstərir, şəxsin inkişafının gələcək yönəlişliyini təmin edir. Ən əsas hallardan biri budur ki, psixikanın zənginləşən və mürəkkəbləşən inkişafı stabil və davamlı proses deyil. Bu ara verən bir prosesdir və burada böhranlar da qaçılmaz haldır.
Böhran-insanın öz daxili aləmi və ətraf mühitə narazılığından doğan uzunmüddətli ruhi vəziyyətidir və o insan üçün ən fundamental, həyat üçün əhmiyyətli olan dəyərlərə və təlabatlar sferasına təsir edir, güclü emosional həyəcanla müşayiət olunur və insanın daxili həyatında dominantlıq edir. Böhranla bağlı irəli sürülən nəzəriyyələrdən çıxış edərək üç növünü ayırd edilir: Maddi böhranlar; sosial böhranlar; ruhi böhranlar. Yaşanan bütün böhran halları şəxsiyyətin strukturunda dəyişikliyə gətirib çıxarır və hər biri öz daxili məzmununa malikdir (4, s.301).
Psixoloji böhran halları 3 qrupa bölünür: Yaş böhranları;itki və ayrılıq böhranları; travmatik böhranlar:
“Yaş böhranları” psixi funksiyaların, davranış modellərinin, köhnə, artıq ömrünü yaşamış münasibətlərin dağılması və yenilərinin formalaşmasının sürətlə inkişaf etdiyi bir dövrdür. Sabit dövrdə hiss olunmayan, yavaş-yavaş baş verən dəyişiklik, böhran dövründə uşağın şəxsiyyətində sıçrayışa bənzər dəyişikliklər, sınmalarla əvəz olunur. Təkcə ayrı-ayrı hisslər deyil o, bütövlüklə dəyişir. Böhran dövründə uşaqda nə baş verdiyini anlamaq çox vacibdir. Yaxınlarının onu başa düşməsi və dəstəyi böhranların daha sakit keçməsinə kömək edir.
Psixoloji böhranların digər kateqoriyası olan itki və ayrılıq böhranları yaxın adamın ölümü ilə bağlı yaranmış psixoloji sarsıntı zamanı meydana çıxır.
Aşağıdakı mərhələləri var: şok, qəzəb və haqsızlıq hissi, qəm və təəssüf, bərpa:
Travmatik böhranlar - gözlənilmədən şəxsin hazır olmadığı şəraitdə baş verən, onun adət etdiyi gündəlik həyat tərzini pozan qısamüddətli yaxud uzunmüddətli təsir nəticəsində yaranmış böhranlardır.İki növü var:
-Təbii fəlakətlər nəticəsində yaranmış travmalar (zəlzələ, daşqın, sunami, kütləvi xəstəliklər və s.)
- İnsanlar tərəfindən törədilən travmatik hadisələr (zorakılığın bütün növləri, cinsi istismar,müharibə, terror və s.).
Qeyd edəkki, məhz karonavirusunun yaratdığı psixoloji təsirlər bu böhran kateqoriyasında daha çox özünü göstərir.
Psixoloji böhran üç mərhələdə keçir:
-neqativ mərhələ (köhnə vərdişlərin, stereotiplərin, əvvəldə formalaşmış strukturlarının dağılması);
-böhranın kulminasiya nöqtəsi;
-böhranlı fazadan sonrakı dövr (bu zaman yeni strukturlar, yeni münasibətlər və s. formalaşır) (5, s.112).
Qeyd etdiyimiz kimi, böhran halları sadə məsələ deyil və bir sıra xarakterli problemləri özündə ehtiva edir.
Hal-hazırkı dövrdə (COVİD-19) pandemiyası dünyada geniş vüsət almaqla, demək olar ki, hər bir insanın həyatına nüfuz edib. Biz deyə bilərik ki, bu pandemiya özü ilə bərabər həm travmatik, həm də, itki və ayrılıq böhranlarını özü ilə bərabər gətirib. Təkcə psixoloji deyil, iqtisadi böhranın da yaranmasına təkan verir.
31 dekabr 2019-cu ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çin Ölkə Ofisi Çinin Hubei əyalətinin Uuhan şəhərində etiologiyası naməlum olan pnevmoniya ilə xəstələnmə halları haqqında məlumat vermişdir. 7 yanvar 2020-ci ildə isə bu fakt daha əvvəllər insanlarda rast gəlinməmiş yeni bir koronavirus (2019 Novel Coronavirus COVID-19) olaraq təsdiqlənmişdir(6).
Dərin problem xarakteri daşıyan bu virusu, demək olar ki, bu və ya digər dərəcədə insanların həyatına təsir etmişdir. Deyə bilərik ki, mövcud dövrün ən qlobal problemi olaraq davam etməkdədir.
Problem – konkret şəraitdə insanın həmin an üçün topladığı bilik və təcrübədən istifadə etməklə mövcud çətinliklərin və ziddiyyətlərin həllinin qeyri-mümkün olduğunun dərk edilməsidir. Ona görə də, böhranın səbəbini, dayaq nöqtəsini tapmaq və şəraiti olduğu kimi qəbul eləmək üçün kənardan bilik və təcrübəyə tələbat yaranır. Hər bir insanın həyat yolu, onun şəxsiyyət kimi inkişafı potensialların əvəzlənməsi və özünü təzahüretmə formaları ilə müşayiət olunur. Böhran halı həmişə gərginlik doğurur, özündə stress və qeyri-müəyyənlik ehtiva edir.
Böhran insanın vərdiş etdiyi hər hansı mövcud yaşayış formasının itməsini bildirir və onun üçün hələlik məlum olmayan yeni yaşayış formasına keçmək imkanı yaradır. Məhz bu xüsusiyyətlər corona pandemiyasının hazırki vəziyyətdə insanların həyatında yaratdığı vəziyyəti təsvir edir.
Böhran halı o zaman təhlükəli olur ki, şəxs bu vəziyyətdən çıxa bilmir, böhran halını qəbul etmək və onunla mübarizə aparmaq iqtidarında olmur. Hazırda problemin dünya üçün yeni olması və bundan sonrakı gedişatın naməlumluğu insanların psixoloji gərginliyini artırır,qorxu və stress vəziyyətinin yaranmasına səbəb olur. Bilindiyi kimi, qorxu və həyəcanı yaradan əsas faktor qeyri-müəyyənlikdir. Bununla yanaşı, xəstəliyin özü ilə gətirdiyi yeni həyat şərtləri, karantin rejimi, məhdudluqların qoyulması da insanlara öz təsiri göstərməkdədir. Mütəxəssislər karantinə psixoloji reaksiyaların əsasən mənfi olduğunu qeyd edirlər. Müşahidə edilən araşdırmaların nəticələri göstərir ki, sərbəstliyin itirilməsi, yoluxma qorxusu və vaxt müddətinin uzadılması tez-tez post-travmatik stress, yuxusuzluq və qəzəbə səbəb olan bir mühit yaradır. Bu nəticələr karantindən sonra xəstələr və tibb işçiləri arasında müşahidə edilə biləcək.
Bu araşdırmada olan tədqiqatçılar mənfi ruhi sağlamlığın karantin risklərini azaltmaq üçün bir neçə vacib üsullar təklif edirlər. Karantin lazımi ehtiyatları təmin etməklə mümkün qədər qısa olmalıdır. Xəstələrə daha çox vaxt ayırmaq lazımdır, çünki tənhalıqda onların psixi sağlamlıqları daha da pisləşir.
İnsanların uzunmüddətli izolasiyadan necə xilas olacağını və “psixi pandemiya” nın mövcud vəziyyətinə uduzmamaqları üçün insanları bilməlidir ki, psixikada qoruyucu bir mexanizm var - uyğunlaşma. Hətta konslager məhbusları qeyri-insani şəraitə uyğunlaşdılar və qaz kameraları qarşısında bir-birlərinə zarafatlar söyləyirdilər. Beləliklə, heç bir şey edilməsə də, gec-tez narahatlıq azalacaq. Uyğunlaşma narahatlığı aradan qaldıracaq. Hal-hazırda vacib məsələ odur ki, hər kəs məlumat mənbələrini süzgəcdən keçirməlidir. Ümumiyyətlə, müşahidələrimizəə görə, həmişə panikaya meylli olanlar ən yüksək təşviş və aşağı rasional düşüncəyə malik, melanxolik olan insanlardır. Onların planetdəki faiz nisbəti olduqca çoxdur. Bu gün ümumi çaxnaşma atmosferini yaradanlar məhz onlardır (8).
Birmənalı olaraq qeyd etməliyik ki, hazırkı dövrdə böhran vəziyyətinin elementləri insanların həyatında özünü bu və ya digər dərəcədə biruzə verir və daxili böhran kimi səciyyələnir.
Daxili böhran xarici münaqişələrlə müşayiət oluna bilər, lakin münaqişəli inkişafın aradan qaldırılması yeni vasitələrə yiyələnməkdən keçir, yeni həyat sferalarının mənimsənilməsi, imkanların genişlənməsi meydana çıxır. Əgər yeni tələbat xarici sosial tələblər tərəfindən boğularsa, böhran bu zaman kəskinləşə və uzana bilər. Böhrandan çıxışın necə – konstruktiv və ya dekonstruktiv olacağını müəyyən etmək üçün böhran situasiyasını təhlil etmək zəruridir. Bu zaman psixoloji böhranın məzmuna, şəxsin böhrana münasibətinə, böhranın uzunluğu və inkişaf müddətinə diqqət yetirmək lazımdır.
Böhranın vəziyyəti intellektual və emosional sahələrdə baş verən özünüdərk prosesinin gələcək inkişafını təmin edir, münaqişənin həlli isə şəxsiyyətin inkişafının göstəricisi kimi çıxış edir. Lakin, digər tərəfdən, böhran əsəb pozğunluqlarına səbəb ola bilər. Beləliklə, çətinlik meydana gəlir, problem əvvəlki fəaliyyət üsullarının pozulmasına səbəb olur, gərginlik yaranır, problemin həllinin köhnə üsullarının yoxlanılması gedir, əgər onlar adaptiv deyilsə, gərginlik güclənir. Sonrakı mərhələdə problemin dərki üçün xarici və daxili resursların cəlb edilməsi baş verir ki, bunun da nəticəsi aşağıdakılar olur: problemin yenidən nəzərdən keçirilməsi və vəziyyətdən çıxış; vəziyyətin mümkün yollarla həllinin qeyri-mümkün olması və sistemin növbəti pozuntusu, problemin həllindən uzaqlaşma və ya destruktiv çıxış.
Hazırda dünyada sürətlə yayılmağa davam edən yeni tipli koronavirus (COVİD-19) infeksiyasının bugün Azərbaycanda geniş yayılmasının qarşısını almaq üçün qətiyyətli tədbirlər görülür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə təxirəsalınmaz tədbirlər həyata keçirilir, ən az itkilərlə bu böhrandan çıxmaq üçün yollar aranır. Prezidentin siyasətinin mərkəzində vətəndaş amilinin dayanması pandemiya dövründə məşğulluğa və sosial rifaha dəstək yönümündə genişmiqyaslı tədbirlərlə bir daha təsdiqini tapır. Dövlətin indiki çətin dövrdə öz vətəndaşının yanında olduğunun bariz nümunəsi olan tədbirlər ilk növbədə dövlət və özəl sektorda muzdla çalışan 1 milyon 640 minədək işçinin iş yerlərinin və əməkhaqqı gəlirlərinin qorunmasına imkan verib. Ölkədə karantin mərkəzləri yaradılıb, yüksək ixtisaslı həkimlər bu mərkəzlərə cəlb olunub. Karantin mərkəzlərinə alınmış insanların rahatlığı üçün hər cür şərait yaradılıb, geniş maariflənmə işi aparılır, sahibkarlara itkilərinin ödənilməsi üçün 1 milyard manatdan çox vəsait ayrılıb,onlara maliyyə dəstəyi həyata keçirilir. Koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları isthsalçılarının maliyyə vəsaitinə ehtiyacının qarşılanması məqsədilə aqrar sektorda təminatsız kreditlərin verilməsi üçün Aqrar Kredir və İnkişaf Agentliyinə dövlət büdcəsindən 30 milyon manat ayrılıb. Xüsusi karantin rejimi dövründə tənha yaşayan 65 yaşdan yuxarı vətəndaşlara və çətin vəziyyətdə olan insanlara sosial xidmətlərin göstərilməsinin səmərəli təşkili üçün əlavə müavinətlər verilir. Sosial ödənişlərin davamlılığı təmin edilməklə, əsasən həssas qruplardan olan 2 milyon vətəndaşa sosial təminat növləri (pensiya, təqaüd, müavinət) üzrə ödənişlərin davamlılığı təmin edilib. 600 minədək aztəminatlı işsiz şəxsi əhatə edən birdəfəlik ödəmə proqramına, məşğulluq imkanlarının artırılması üçün 90 minədək şəxsin ödənişli ictimai işlərə cəlb olunmasına, özünüməşğulluq proqramı çərçivəsində minimum 12 min ailə kiçik təsərrüfatlarının qurulmasına başlanılıb. 82 min ailənin 340 minədək üzvü ünvanlı dövlət sosial yardımı ilə, 20 minədək şəxsin işsizlikdən sığorta ödənişi, 100 minədək aztəminatlı ailənin ərzaq yardımı ilə təminatı işləri aparılır. Koronovirusa qarşı mübarizə tədbirləri kimi hər birində 200 çarpayı olan 6 modul tipli xəstəxananın quraşdırılması məqsədilə 14 milyon manat vəsait ayrılıb. Dövlət insanların rifahının yüksək olması istiqamətində tədbirlərini genişləndirir. Ali və orta ixtisas tədris müəssisələrində təhsil alanların ödənişlərinin dövlət tərəfindən qarşılanması, cəzaçəkmə müəssisələrindəki bir qrup məhbusların əfv olunması ölkə başçısının daim xalqın yanında olduğuna bariz nümunədir. Dövlətin bu ədalətli kampaniyasına ayrı-ayrı şəxslər, təşklilatlar da qoşularaq aztəminatlı ailələrə yardımlar edir, onları bu çətin vəziyyətdə tək qoymur. İri müəssisə və təşkilatlar, imkanlı şəxslər bu pandemiyaya qarşı ölkəmizdə yaradılan xüsusi fonda ianələr edir.
Pandemiya dövründə ölkə ərazisində müvafiq strukturların və xidmət sahələrinin fəaliyyəti zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara uyğun həyata keçirilir. Bu qaydalar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müntəzəm olaraq hazırlanaraq ictimaiyyətə təqdim edilir. Hazırda əhali “evdəqal” kampaniyasına qoşulmaqla həm də karantin rejiminin tələblərinə əməl edir. Bəzi fəaliyyət sahələri öz işlərini onlayn qaydada quraraq öz işlərini yüksək səviyyədə davam etdirirlər. Təhsildən geri qalmamaq üçün “Virtual məktəb” layihəsi çərçivəsində minlərlə şagird və tələbə öz biliklərini gücləndirməkdədirlər. Orta və ali təhsil müəssisələrinin pedaqoqları öz üzərinə düşən vəzifəni yüksək peşəkarlıqla həyata keçirərək internet üzərindən bilik və bacarıqlarını gənc nəslə çatdırmaqla dövlət siyasətinə dəstəyini verirlər. AMEA-nın alimləri ev şəraitində də sanballı tədqiqatlar üzərində işləyir, müxtəlif yerli və beynəlxalq səviyyəli konfranlara onlayn qoşulur, fikir mübadiləsi aparır, təkliflər irəli sürür, vebinarlarda maraqlı mövzulara toxunur, TV vasitəsilə maarifləndirici çıxışlar edirlər.
COVID-19 ilə bağlı hazırkı vəziyyətdə hamı şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməli, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmalı, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmalı, mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməlidir. COVID-19 virusu ilə mübarizə uzunmüddətli proses olduğundan xəstəliyə qarşı qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzinə çevrilməlidir.
Dövlət tərəfindən və müstəqil kütləvi informasiya vasitələrində kifayət qədər maarifləndirmə işi aparılsa da, sosial mediada yayılan, etibarlı mənbələrə söykənməyən məlumatları doğru xəbər kimi qəbul etmək və inanmaq psixoloji gərginliyə səbəb olur. Mütəxəssislər qeyd edir ki, əhval-ruhiyyə nə qədər pessimizmə köklənsə, virusa yoluxmaq riski də bir o qədər yüksək olar.
Məsələ ondadır ki, koronavirus dünyanı qeyri-müəyyənliyə qərq edib və pandemiya ilə bağlı davamlı xəbərlər neqativ emosiyalara səbəb olur. Bütün bunlar insanların zehni sağlamlığına, xüsusən narahatlıq və OKB kimi şərtlərlə yaşayanlara zərər verir. Bəs psixoloji sağlamlığımızı necə qoruya bilərik? Xəbərlərdən narahat olmaq başa düşüləndir, lakin bir çox insan üçün bu vəziyyət mövcud psixi sağlamlıq problemlərini daha da pisləşdirə bilər. Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun yayılması zamanı zehni sağlamlığınızı qorumaq barədə tövsiyələr verəndə sosial mediada müsbət qarşılanmışdı: Aldığınız xəbərləri məhdudlaşdırın və oxuduqlarınıza qarşı diqqətli olun. Sosial media ilə aranıza məsafə qoyun və narahatlıq yaradan şeylərdən uzaq durun.
Sonda qeyd edək ki, İnsan inkişafının müxtəlif dövrlərində yaranan böhran halları sadə məsələ deyil və öz mürəkkəb psixoloji strukturu və təzahür formalarına görə bir birindən fərqlənir. Böhran həyatın adət edilmiş axarını pozur, insanın gündəlik həyat fəaliyyətinə təsir edib onu sistemdən çıxarır. İnsan yaşadığı dövrdə baş verən böhranlar indiyə qədər onun üçün əhəmiyyətli olan və həyatının özəyini təşkil edən dəyərləri yenidən mənalandırılmasını tələb edir və onu əhatə edənlə münasibətləri, əlaqələri həyat tərzini dəyişməyə sövq edir. Böhranın müvəfəqiyyətli həll olunması və bu problemin öhdəsindən uğurla gəlmək insan üçün həyati əhəmiyyətli məsələ hesab olunur. Bu zaman bu amil insan üçün yeni, müsbət keyfiyyətlərin yaranmasına səbəb olur.
Beləliklə, həyat böhranı şəxsin həyatını ali, aktual formada, daxilində dərin qarşıdurmanın dərki və bu qarşıdurmadan çıxmanı bildirir ki, bu da insanın bütün fiziki, psixi, intellektual və mənəvi qüvvəsinin cəmləşdirilməsini tələb edir. Bu da öz növbəsində insanın inkişafında yeni bir mərhələnin əsasını qoyur. Bu baxımdan Vıqotskinin fikirləri diqqəti cəlb edir. L.S.Viqotski qeyd edir ki, böhranın hər bir neqativ simptomunun arxasında pozitiv məzmun gizlənib ki, bu da yeni, ali formaya keçməkdir (5, s.75).
Psixoloji böhran yaşayan şəxs bu vəziyyətdən çıxmağı bacarmazsa, bu hal onda digər psixoloji problemlərin yarananmasına gətirib çıxara bilər. Bu baxımdan şəxs bu vəziyyətdən çıxa bilmirsə psixoloji yardımdan yararlanmalı və bu halın ona edə biləcəyi mənfi təsirlərindən qorunmalıdır. Böhranların uğurla aradan qaldırılması sistemə çevrilərək, tədricən müəyyən şəxsi keyfiyyətlərin formalaşmasına, insanın xüsusi həyat ideologiyasının meydana çıxmasına, bir növ qalib ssenarisinin yaranmasına gətirib çıxarır. Böhranlardan uğurlu çıxış təcrübəsini toplayaraq, insan özünə və şəraitə qalib gələrək yaşamağı öyrənir. Əgər insan şəraiti idarə edirsə, böhranı doğuran problemdən azad olur və bu problemin yaşanması onu daha mükəmməl, psixoloji cəhətdən adekvat və inteqral edir.
Qeyd edək ki, biz sanki böyük sosial eksperimentin içindəyik. Bu eksperimetin həm iştrakçısı, həm də müşahidəçisiyik. Problemin cəmiyyətə etdiyi sosial-psixoloji təsirləri fərq etməmək, demək olar ki mümkünsüzdür. Hazırkı şəraitdə demək olar ki, yer kürəsindəki hər bir insanın pandemiyanın həyatına etdiyi təsirlərlə bu və ya digər dərəcədə məruz qalmışdır. Bu vəziyyətin destruktiv xarakter daşımaması üçün hər bir fərd hadisələrə təmkinlə yanaşmalı, mütəxəssislərin verdiyi tövsiyələrə əməl etməli və mövcud vəziyyətdə tək özü ümün deyil, ətrafı üçündə daşıdığı məsuliyyətin fərqində olmalıdır.
Azərbaycan hökuməti Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrini və beynəlxalq təcrübəni nəzərə alaraq, əhalinin sağlamlığının qorunması və virusun yayılmasının qarşısının alınması üçün sistemli mübarizə aparan qabaqcıl ölkələr sırasındadır və bu tədbirlər lazımi səviyyədə həyata keçirilir. Yaşanılan böhran halının zərərlərini minimuma endirmək və özündən sonra struktiv xarakter daşıması üçün vətəndaş olaraq hər bir şəxs həyata keçirilən tədbirlərə qoşulmalı, öhdəsinə düşən vəzifələri yerinə yetirməlidir. COVID-19 virusuna qarşı bütün tədbirlər əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi naminə həyata keçirilir. Ötən müddət ərzində ölkə ərazisində virusun geniş yayılmasının qarşısını məhz dövlət-vətəndaş həmrəyliyinin nəticəsində almaq mümkün olmuşdur. Bu baxımdan, hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək dövlət tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək olmalı, Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməlidir.
ƏDƏBİYYAT SİYAHISI:
1. Qədirov Ə.Yaş psixologiyası. Bakı, Maarif, 2003
2. Şəfiyeva E.İ. Somatik xəstəliklərin klinikasının psixoloji problemləri, Bakı, 2013, s.258
3. İsmayılov N.V. Tibbi psixologiya və psixoterapiya (dərslik), Bakı 2003, s.385
4. Вахромов Е.Е. Психологические концепции развития человека: теория самоактуализации. – М.: Международная педагогическая академия, 2001
5. Миронов А. Кризис духовных ценностей на социокультурном пространстве современной России // Соц.-гуманит. знания. – 2007. – № 2. –С.39-52.
6. https://koronavirusinfo.az
7. http://bsu.edu.az/az/news/psixoloji_yardm_sektoru__tvi_dmmk_n_n_etmli
8. https://pdr.org.tr/2020/03/27/izolasyon-psikolojisi/
9. https://www.poisknews.ru/koronavirus/raskryli-osobyj-mehanizm-zarazheniya-koronavirusom/
10.www.az.president.az
КОРОНАВИРУС(COVID 19) КАК КРИЗИСНЫЙ ФАКТОР
В.Нагиева, З.Шабанов, М.Алиева
Резюме
Психологический кризис существует, когда индивидуум угрожает причинить вред самому себе, другим, или не связан с реальностью под влиянием реакции наркотиков или психоза. В настоящее время психологическая помощь в кризисных и чрезвычайных ситуациях становится все более и более востребованной. В литературе широко описаны возрастные кризисы, кризисы, возникающие в межличностных отношениях и так далее. С этой точки зрения кризис представляет собой здоровое состояние развивающегося человека, что, однако не приуменьшает тягостности самого переживания.Распространение коронавируса в наше время также привело к возникновению новых кризисов среди людей. В рамках статьи мы исследовали эту тему, которая актуальна сегодня.
CORONAVIRUS (COVID 19)
AS A CRISIS FACTOR
V.Nagiyeva, Z.Shabanov, M.Aliyeva
Summary
A psychological crisis exists when an individual is threatening harm to himself/herself, to others, or is out of touch with reality because of a drug reaction or psychosis. Currently, psychological assistance in crisis and Emergency situations are becoming more and more in demand. In literature age crises are widely described, crises arising in interpersonal relationships and so on. From this point of view, the crisis represents a healthy state of a developing person, which, but does not undermine the painfulness of the experience itself.The spread of the Coronavirus in modern times has also led to more crises among people. As part of the article, we explored this topic, which is relevant today.