SOYQIRIM ANLAYIŞINA SOSİAL-FƏLSƏFİ YANAŞMA

Post image

Vüsalə Gülmalıyeva
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunin elmi işçisi

E-mail: [email protected]

Soyqırım anlayışının məzmunu
Soyqırım anlayışının mənasını aydınlaşdırmaq üçün onun tarixi kökünü və mahiyyətini araşdırmaq lazımdır. Soyqırım (“genocide”) sözü yunanca “irq” və ya “qəbilə” kimi tərcümə edilən “geno” və latınca “qətl” mənasını verən “cide” sözünün birləşməsindən yaranmışdır. Elmi dövriyyəyə ilk dəfə olaraq 1944-cü ildə yəhudi mənşəli polşalı hüquqşünas Rafael Lemkin (1900-1959) tərəfindən gətirilib. O, bu anlayışı müharibə şəraitində olan və işğal edilmiş Avropada vətəndaşlara qarşı törədilən vəhşilikləri təsvir etmək üçün istifadə etmişdir. Onun sözlərinə görə, soyqırım yalnız hüquqi “normadan” kənara çıxmaq deyil, həm də dəqiq müəyyən məqsədlərə nail olmaq üçün qəsdən törədilmiş cinayət, bəzən dövlətçilik elementləri ilə konsentrasiya və əlaqələndirilmiş hücumdur. Məhz R.Lemkin və onun tərəfdarlarının birgə səyləri nəticəsində “soyqırım” termini “Soyqırım Cinayətinin Qarşısının alınması və onun cəzalandırılması” haqqında Konvensiyada (SCQACK) təsbit edilmiş və BMT Baş Assemblyasiyası tərəfindən 9 dekabr 1948-ci ildə qəbul edilmişdir. Bu Konvensiyada qeyd edilmişdir ki, beynəlxalq, etnik, irqi ya da dini qrupu qismən, ya da tamamilə məhv etmək məqsədilə törədilən aşağıdakı hər hansı bir hallar soyqırım cinayətini yaradır:
-qrupa mənsub olanların öldürülməsi;
-qrup üzvlərini ciddi sürətdə fiziki və ya mənəvi ziyan vurmaq;
-qrupun tam və ya qismən fiziki məhvi məqsədilə qrupda həyat şətlərini düşünülmüş şəkildə aşağı salmaq;
-qrupda doğumların qarşısını almaq üçün tədbirlər görmək;
-uşaqları öz mənsub olduqları qrupdan zorla ayıraraq digər qrupa köçürmək; [2, s 79-80]
Konvensiya beynəlxalq hüquqi qüvvəsini yalnız 12 yanvar 1951-ci il tarixində 20 ölkə üzv olduqdan sonra aldı. Buna baxmayaraq, həmin dövrdə BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən yalnız 2-si (Fransa və Çin Respublikası) razılaşmaya tərəfdar olduğundan illərcə Konvensiyanın fəaliyyəti zəif olaraq qalırdı. Bu Konvensiya 1954-cü ildə keçmiş SSRİ, 1970-ci ildə Birləşmiş Krallıq, 1983-cü ildə Çin Xalq Respublikası, 1988-ci ildə ABŞ tərəfindən ratifikasiya olunmuşdur. Buna görə də bu beynəlxalq hüquqi akt yalnız 1990-cı illərdə fəaliyyətə başlamışdır. Beləliklə, bəşər tarixində ilk dəfə beynəlxalq hüquqda insan qruplarının milli, etnik, irqi, dini fərqlərinə görə kütləvi məhvinə yönələn cinayətlər “Soyqırım” kimi qəbul edildi. Bu Konvensiyanı qəbul edən, ona qoşulan ölkələrin üzərinə bu kimi cinayətlərin qarşısının alınması və belə cinayətləri törədənlərin cəzalandırılması öhdəliyi bir vəzifə kimi qoyuldu. Tarixdə baş verən soyqırımlara nümunə kimi ilk növbədə nasist Almaniyasının yəhudilər başda olmaqla bir çox etnik qrupa, Fransızların Əlcəzairlilərə, Amerikanlıların qaradərililərə, Kommunist Çinlərin (Tibet, 1957) Türkistan türklərinə, Avropada II Dünya müharibəsindən sonra yaşanan ən böyük insanlıq faciəsi olaraq görülən Srebnitsada baş verən kütləvi qırğınlar, türklərə qarşı edilən soyqırımları göstərmək olar. BMT–nin “Soyqırım Cinayətinin Qarşısının alınması və onun cəzalandırılması” haqqında Konvensiyanın olmasına baxmayaraq müasir dövrümüzdə də soyqırım hallarının baş verdiyinin şahidi oluruq. (Ruanda soyqırımı, Səddam Hüseynin vaxtında Hələbdə kürdlərə qarşı, Bosniya-Hersoqoniyada bosniyalılara qarşı, Xocalı soyqırımı və s.) Deməli, Konvensiyaya imza atan ölkələr qanunla cinayət elan edilən soyqırım hadisəsinin qarşısını almaq və son qoymağa nail ola bilməmişlər. Bir millətin digər millətin suverenliyini pozmaq halları hələ də öz aktuallığını saxlayır. Holokost tarixçisi Yehuda Bauer iddia etdiyi kimi, “soyqırımı görəndə soyqırım adlandırmaq üçün bizə 1948-ci il konvensiyasında verilmiş vasitələrdən daha güclü analitik vasitələrə ehtiyacımız var.” [3, s.87-109]
Soyqırım anlayışını mahiyyətini bilmək üçün hər şeydən öncə tarixdə soyqırım kimi qəbul edilən bütün hadisələri ümumiləşdirib hamısı üçün oxşar və ya fərqli cəhətləri müqayisəli analiz etmək lazımdır. Çünki soyqırım cinayəti sübut olunması çətin olduğundan bu cür metodlarla öyrənmək lazımdır. İlk öncə soyqırımları ideoloji, praqmatik, xarici və daxili növlərə bölərək təhlil etmək olar. Belə ki, ideoloji soyqırım dedikdə, ideoloji olaraq məhv olunacaq qrup göstərilir və siyasət buna uyğun aparılır. Bu soyqırıma ən bariz nümunə I Dünya müharibəsində Nasist-Almaniyası tərəfindən 5 milyondan artıq yəhudilərin məhv edilməsi ilə nəticələnən tarixin ən ağır, ideoloji soyqırımı olan “Holokost”dur. Bu ideologiyada “yəhudilərin yox edilməsi” ideyası mərkəzi yer almışdır. [4,s.20] Digər nümunə kimi, Stalin dövründə Sibirə və digər uzaq yerlərə sürgün edilən kommunistlər də ideoloji soyqırımın qurbanları hesab etmək olar. İdeoloji soyqırımlarda məhvetmə niyyət və məqsəd olaraq aparılır. Burada dövlətin siyasətinə uyğun olaraq düşmənlər axtarmağa meylli olan aqressiv şəxsiyyət formalaşdırılır. Buna görə də cəmiyyətə yəhudi, qaradərililər ideal qorxu obyektləri kimi aşılanırdı. Praqmatik soyqırımların isə həyata keçirilməsi üçün heç bir ideologiya mövcud olmur. Burada qurban olan qrup hədəfə mane olduqları üçün qətliam və ya sürgünlərə məruz qalırlar. Tarixdə də ideoloji soyqırımlardan çox praqmatik soyqırımlar olmuşdur. Ölkə daxili soyqırımlara isə diktator rejimləri tərəfindən həyata keçirilən hadisələri göstərmək olar. Əsasən çox etnik, çoxmillətli ölkələrdə etnik qruplardan birinin hakimiyyətə keçməsi ilə digər etnik qruplara aşağı səviyyədə baxması ilə yaranır. Belə vəziyyətdə olan ölkələr həmişə poten­sial soyqırım üçün hazırdırlar. Çünki müxtəlif dini, etnik, siyasi qrupların birlikdə yaşaması həssas şərtlərə bağlı olan bir haldır. Bu şərtlər (demokratiya, sərbəstlik, azadlıq, bərabərlik və s.kimi) sərtləşdikdə soyqırımın baş vermə halı daha yüksək olur. Ölkə xaricində olan soyqırımlara isə zəbt edilən ölkələrdə işlənən və “uzaqdan” həyata keçirilən qətliamlar kimi iki qrupa ayırmaq olar. Məsələn, ingilislər Tasmaniya adasını işğal etdikdən sonra yerli tasmaniyaları məhv etdilər. İkinci tipə isə siyasi-texnoloji sahədə inkişaf etmiş ölkələrə aiddir. Belə ki, 1945-ci il II Dünya müharibəsində ABŞ-ın Yaponiyanın Xirosima və Nakasiki şəhərlərinə atdığı atom bombaları yüz minlərlə insanın məhvi buna misal ola bilər. [5, s.2-3]
Soyqırıma hər şeydən əvvəl, mikro və makro səviyyədə yanaşmaq lazımdır. Belə ki, soyqırımın makro səviyyəsi kütlələrin şiddət, zorakılıq halları ilə qarşılaşmasına görə sosioloji bir fenomen kimi araşdırılır.[6, s.85-102]
Çünki etnik qruplar arasında baş verən münaqişələr, bu münaqişə ərəfəsində sosial münasibətlər, burada ikitərəfli və ya təktərəfli qətliamlara yol açılması kimi mövzular sırf sosioloji mövzulardır. Mikro səviyyədə soyqırıma yanaşma isə, fərdlərin psixoloji vəziyyətinin araşdırılmasıdır. Burada zorakılıq, gərginlik sosial bərabərsizlik kimi çətin vəziyyətlərdə meydana çıxan psixoloji hal və vəziyyətləri göstərmək olar. Bununla bərabər şiddətin istifadə edilməsi, cəmiyyət tərəfindən “aşağılayıcı kimi” şərtlər potensial olaraq soyqırım təhdidi kimi ortaya çıxa bilər. Belə ki, qrup üzvü təhdid edilmə psixologiyasına qapılır və başqa insanları incitməyə və hətta öldürməyə daha asan meyl edir. Robert Melson “İnqilab və soyqırım” kitabında qeyd edir ki, soyqırımı “qismi soyqırım” və “küllü soyqırım” kimi iki hissəyə ayırmaq lazımdır. [7, s.66 ] Belə ki, “qismi soyqırım” da hədəf alınan qrupun mədəniyyəti yox, qrupun böyük bir qisminin məhvi və ya kütləvi olaraq qrupun statusunun, siyasi gücünün yox edilməsi mənasını daşıyır. Yox əgər məhv edilmə daha da genişlənib qrupun sosial və mədəni amillərini məhv etməyi məqsədini daşıyırsa, bu artıq “küllü soyqırım” adlandırılmalıdır. Mədəni soyqırımda şiddət mövcud deyil, burada əsas məqsəd qətil olmadan hədəf alınan qrupun buxarlanaraq, yavaş-yavaş yox olması niyyətini daşıyır. Məsələn, buna dil məhdudiyyəti, hədəf qrupun dininin yox edilməsi, abidələrinin məhv edilməsi və ya uşaqlarının əllərindən alınaraq hücum edən tərəfin ənənələri ilə böyüdülməsi və s. buna misal ola bilər. Bunlar artıq mədəni soyqırımdır. Buna misal olaraq son zamanlar Çin hökumətinin Sincan vilayətində uyğurlara qarşı mədəni soyqırım kompaniyasını göstərmək olar. Belə ki, 1 milyondan çox uyğur və digər türk müsəlman əsir düşərgələrində saxlanılaraq, Çin dilini öyrənməyə, öz dilləri və dini ibadətlərindən imtina etməyə məcbur edilir. Saxlanılan insanların uşaqları təlim verilmək üçün başqa düşərgələrə aparılır.
Soyqırım subyektləri üç qrupa ayrılır: birinci, soyqırımı hər şeydən əvvəl, bütün xırdalığına qədər düşünən, planlaşdıran icracı, ikinci, qurbanlar hansı ki, onlar insansızlaşdırma formasında dəyərləndirilir. Belə ki, soyqırım qurbanları mənsub olduqları qrupun və ya kimliyin bir simasız parçası olaraq bir şey etdiklərinə görə yox, bir şey olduqlarına görə hücuma məruz qalırlar. Qurbanlar əsasən hədəf alınması üçün özəl bir səbəb yoxdur. Tarixə nəzər saldıqda görürük ki, bəzən məzlum vəziyyətinə düşən qruplar hökmranlığı altında yaşadığı dövlətə daxilində daima nifrət və tənqid hədəfi olaraq yaşamışlar. Məhz belə qruplar bəzən soyqırım hədəfi olurlar. Bundan başqa, cəmiyyət daxilində siyasi, mədəni, sosial baxımından təcrid olunmuş qrup soyqırıma məruz qalma təhlükəsi ilə daha çox üzləşirlər. Məsələn, yəhudilər həmişə cəmiyyətdən uzaq, yad kimi görünmüşlər. II Dünya müharibəsindən əvvəl yəhudi düşmənliyi nasistlər tərəfindən rəsmi siyasətə çevrildiyində yəhudilər artıq sistemli şəkildə bütün siyasi, hüquqi, mədəni və iqtisadi haqlardan məhrum edildilər və proses olaraq faciəvi şəkildə yox edildilər. Üçüncü qrupu izləyənlər təbəqəsi təşkil edir.

Soyqırım amilləri
Soyqırımı təkcə beynəlxalq hüquq sahəsində yox, eləcə də ümumdünya sahədə onun necə qəbul edildiyini aydınlaşdırmaq lazımdır. Müxtəlif elmlər tərəfindən (psixologiya, hüquq, fəlsəfə, sosiologiya, kriminologiya) bu anlayışın təhlil edilməsi, onun nə qədər mürəkkəb və aktual olduğuna dəlalət edir. Tarixə nəzər salanda həmişə insan cəmiyyətinin şiddətə, əhalinin məhv olması ilə nəticələnən müharibələrə məruz qaldığını görmüşük. Zorakılıq, şiddət insanlığın tarixi ilə demək olar ki, eynidir. Yəni, soyqırım bir növ ad olaraq yeni ola bilər, bəlkə də bu köhnə təcrübələrin üzərində qazanılmış yeni bir addır. İlk soyqırım kimi hələ e.ə. 2200-1800 illər arasında Akkad-Babil-Assur dövlət qurumları ətrafında yaşayan Hurrit (Hurri) əsilli xalqlara və Zaqros-Toros dağ silsilələri boyunca yerləşmiş tayfalara qarşı reallaşdırılmışdır. Daha sonra bu vəhşiliyi göytürklərə qarşı tabqaclar, tibetlilərə qarşı Siuyan(Çin) davam etdirmiş və beləcə sənaye dövrünədək ayrı-ayrı ərazilərdə rast gəlinmişdir. Lakin soyqırımı əvvəlki zorakılıqlardan əsaslı sürətdə fərqləndirən bir neçə amil var.
Soyqırım ilk növbədə, bir qrup insanın tamamilə və ya bir qisminin yox etməyi məqsədini güdən vasitədir. Lakin soyqırımın əsl mahiyyəti qırğının kütləviliyi deyil, həm də eyni zamanda məqsədli və sistemli olması ən vacib şərtlərdir. Bu amili biz BMT Soyqırım Konvensiyasında bir hadisənin soyqırım kimi qəbul edilməsi üçün ilk növbədə “planlı, məqsədli və düzənli olaraq yoxetmə” olma şərtinin qəbul edilməsində də görürük. Daha sonra soyqırıma təkan verəcək amillər sırasına insanların “bizlər və onlar” siniflərinə bölünməsi, bir qrupun üzvüləri digər qrupun üzvlərinə insan kimi baxmamaları və müxtəlif təhqiramiz tənqidlər etməsindən asılı olur. Adam Cons “Soyqırım: Ətraflı giriş” kitabında yazır ki,: “Tarix boyu insanların başqa qrupları yad kimi görmə funksiyaları olub”. [8, s.36]. Bütün bu deyilənlərlə yanaşı, soyqırımın həyata keçirilməsində “niyyət”in rolunun danılmaz olduğunu deməliyik. Digər tərəfdən, bu amil həmişə mübahisə doğuran bir mövzu olmuşdur. Belə ki, Nasist-Almaniya dövlətindən minlərcə arxiv sənədlərində heç birində yəhudilərin öldürülməsi ilə bağlı konkret göstəriş və planlar öz əksini tapmamışdır. Yəni niyyət burada bilavasitə, digər yollarla bilinir və eləcə də Ruandada Hutu və Tutsilərin münaqişəsində Hutu əsgərlərinin kəndlərə hücum edərək, tutsiləri digər etnik qruplara mənsub insanlardan ayıraraq öldürməsi hadisənin qətliam yox, konkret olaraq tutsilərin məhvetmə siyasətinin olduğuna işarət edilmişdir.
Bundan əlavə, soyqırım amilinin tərkibində “nifrət” amili durmalıdır. Çünki biz əgər digər məhvolma ilə nəticələnən müharibələr ilə soyqırımı fərqləndirsək görərik ki, müharibələrdə iştirak edən ordu və ya polislər nifrət hissi olmadan da silahlandırılır və təlim alırlar. Lakin soyqırım prosesində isə bu vacib amillərdən biri sayılır. Düzdür, hər ikisi istər soyqırım, istərsə də müharibə zorakılıq formasıdır, yəni soyqırım hadisəsi elə müharibə fonunda baş verir. Müharibəyə xas olan zorakılıqlar soyqırım zorakılığını kölgədə qoyur və maskalayır. Lakin müharibə edən millətlər hərbi əməliyyatları xarici düşmənlərdən qorunma iddialarına qarşı və millətin daxili düşmənlərdən müdafiə olunması zəruriliyinə haqq qazandırmaq üçün yalnız kiçik bir əlavə addım kimi qəbul edirlər. [1,s.202] Soyqırım törədənlər isə guya dünyanı çirkinliklərdən təmizlədiklərinə görə çox rahatca bu vəhşiliyi edə bilirlər. Buna misal olaraq, 1492-ci ildə 12 milyon əhalisi olan Şimali Amerikadakı yerli əhali 1892-ci ildə 500 minə qədər azalmasını göstərmək olar. Bundan əlavə, soyqırımın kökündə “intiqam məqsədi” və ya ölkənin “təbii ehtiyatlar”ından istifadə etmək üçün yerli xalqın qətli və sürgününü də göstərmək olar. Sənayeləşmə sürətləndikcə manufaktura kapitalizmi öz yerini sənayeyə verdikcə yeni tipli soyqırımlar (sənaye, aqrar, iqtisadi tipli soyqırımlar) yaranmağa başlayırdı. Sənaye soyqırımları aqrar soyqırımlardan əsasən ona görə fərqlənir ki, bu əsasən kütləvi metod kimi daha çox siyasi-iqtisadi vəziyyəti dəyişmək niyyəti ilə edilir. Aqrar isə daha çox şəxsi eqoistik göstərişi və intiqam hissi ilə baş verir. Sənaye dövründə soyqırım əsasən obyektiv olan çətin vəziyyətin şərtlərindən məcburiyyətə çevrilirdi. Məsələn, Fransa Əlcəzairdə partizan müharibəsinin qarşısını almaqda üstün olsalar da, yerli əhali partizanlara dəstək verir, evində gizlədir, ərzaqla təmin edirdi. Məhz bu fransızlarda əsəbilik yaradırdı ki, bu da yerli əhaliyə qarşı nifrət hissi ilə amansız rəftar edilməsinə rəvac verirdi.
Bəzən Soyqırım və qətliamı eyniləşdirirlər, lakin bunlar bir-birindən fərqlənən hadisələrdir. Belə ki, soyqırım bir irq, qrupun üzvlərini tamamilə və ya bir qismini yox edərək soylarını yox etməkdirsə, qətliam isə özünü müdafiə gücü olmayan insanları amansızcasına öldürməkdir. Burada soyun, irqin tamamilə yox olma düşüncəsi yoxdur.
Soyqırımın həyata keçirilməsinin arxasında çox hallarda istisnasız olaraq dövlətin durduğunun şahidi oluruq. Radikal siyasi liderlər həmişə öz məqsədlərini həyata keçirmək üçün istər açıq, istərsə də gizlin şəkildə öz səlahiyyətlərindən istifadə edərək dövlətin siyasəti istiqamətində soyqırım həyata keçirmişlər. Strateji məqsəd çərçivəsində yerinə yetirilən yoxetmə məqsədi çox hallarda rəsmi siyasətin nəticəsi olur. Yəni buradan belə nəticə çıxır ki, bəzən soyqırım bir dövlətin diktatorluq rejimi əsasında həyata keçirilən cinayətdir. Çox təəssüf ki, dövlət tərəfindən planlaşdırılan, sistemli şəkildə məhvetmə prosesi, soyqırım mövzusundan siyasi məqsədlər üçün istifadə etmək təcrübəsi bu günümüzdə də görə bilərik. Lakin buna genosid adı yox, “demosid” (democide) adı verilmişdir. Demosid – sözü yunan mənşəli olub, “xalq” və “öldürmə” sözlərindən ibarətdir. Bu anlayışı Havay Universitetinin (ABŞ) professoru R. Rammel belə izah edir: “Demosid” “ölkədəki bir iqtidarın qərarları nəticəsində reallaşan (genosid, soyqırım), politisid (siyasi qırğın) və kütləvi qiyamlara daxil olan hər cür ölümdür. Burada dövlətin rolu istiqamətvericidir. Kxmer hakimiyyəti, yaxud daha formal Kampuçiya Kommunist Partiyasının rəhbəri Pol Potun rejimində 1975-1979-cu illərdə həyata keçirilən politisid və genosiddə təxminən 1,5-3 miyon arasında kambocalı öldüyü hesablanıb. Burada hədəf alınan qrupun müdafiəsizliyi çox vacib faktordur. Kollektiv şəkildə hücuma və yoxolmaya məruz qalan qruplar hər zaman aciz və müqavimət göstərə bilmirlər.
Bəzən qətliamlar bir etnik təmizlik planının parçası olaraq da gerçəkləşə bilər. Məsələn, Avropada II Dünya müharibəsindən sonra ən böyük insanlıq tragediyası hesab edilən Srebrenitsa soyqırımı ən az 8 min 372 bosniya vətəndaşı amansızcasına qətl edildi. [9, s.78 ] Etnik təmizlik - bir etnik qrupa mənsub insanların zorla yerindən tərk edilməsi məqsədini qoyan, dəyişik siyasəti ifadə edir. Bəzi alimlər etnik təmizliyi də soyqırımla eyniləşdirirlər. Düzdür, etnik təmizləmədə soyqırım aspektləri var, hətta bəzi hallarda etnik təmizləmə soyqırıma səbəb olur. Lakin yuxarıda qeyd etdiyimiz kimi, soyqırımda bir hissənin və ya bütün millətin, dini və ya etnik qrupun məqsədyönlü öldürülməsidirsə, etnik təmizləmədə xalqın müəyyən bir ərazidən qovulması məqsədi daşıyan vasitədir. Buna misal olaraq II Dünya Müharibəsindən sonra 14 milyon alman birbaşa deportasiya edilmişdir. Bu müasir tarixdə bir etnik qrupun ən böyük köçürülməsidir. Etnik təmizləmə öz əsasında inteqral millətçilik ideologiyasına etiqad edən müasir (və ya müasirləşən) dövlətlərin məhsuludur. Burada irqin təmizliyi əsas məqsəddir. İdeya ondan ibarətdir ki, əgər bizim etnik qrupumuz həqiqətən azad olsaydı və milli dövlətimiz üzərində öz nəzarətini həyata keçirməyə imkan versəydi, məqsədlərimizi həyata keçirə biləcək “təmiz” cəmiyyətimiz olardı.
Təəssüflə qeyd etməliyik ki, Azərbaycan xalqına qarşı da zaman-zaman ermənilər tərəfindən soyqırım kimi cinayətlərin həyata keçirildiyini görə bilərik. Ən son nümunəsi isə Xocalı soyqırımını göstərmək olar. XX əsrin ən dəhşətli soyqırımlarından biri olan Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlılara qarşı törədilən soyqırımdır. Xocalı Ermənistan hərbi dəstələri tərəfindən zəbt olunduqdan sonra orada qalan mülki əhali deportasiya olundu. Bununla kifayətlənməyən azğınlar əsl vəhşilik nümayiş etdirdilər, öldürdükləri insanların cəsədləri üzərində misli görünməmiş vəhşiliklər törətdilər. Bu, bir millətin kimliyinə və mövcudluğuna vurulan zərbədən, bir millətin soyunu kəsmək məqsədindən başqa bir şey deyildi. Rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülmüşdür ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi. 8 ailə tamamilə məhv edilmişdir;56 insan işgəncə ilə öldürülmüşdür; 27 ailənin yalnız 1 üzvü qalmışdır; 25 uşaq hər iki valideynini itirmişdir; 130 uşaq valideynlərindən birini itirmişdir; 230 ailə öz başçısını itirmişdir; 487 insan şikəst olmuşdur (onlardan 76 nəfər həddi-buluğa çatmamışlardır); 1275 nəfər əsir götürülmüşdür; 1165 insan girovluqdan azad edilmişdir; 150 nəfərin taleyindən indiyə kimi heç bir məlumat yoxdur. [10]
Bütün bu deyilənləri yekunlaşdıraraq belə bir nəticəyə gəlmək olar ki, soyqırım ağır bir insanlıq cinayəti, böyük bir faciədir və onun araşdırılması gələcəkdə baş verməməsi baxımından çox vacibdir. Məhz bu vəhşiliyin qarşısının alınması yolunda tədbirlər təkcə dövlət siyasəti və ya hüquq məsələsi qismində həll etmək düzgün olmazdı. Digər tərəfdən, soyqırım yalnız qurbanlara görə ədalətin bərqərar olması və günahkarları cəzalandırmaq kimi variantlar da yetərli deyil. Soyqırımın sona çatmasının labüdlüyünü bütün dünya insanları rasional olaraq başa düşməli və bu istiqamətdə çalışmaq lazım olduğunu anlamalıdır. Düzdür, əlbəttə ki, belə bir ağır cinayət hadisəsi mütləq cəzalandırılmalıdır. Cəza məhz bu kimi hadisələrin gələcəkdə qarşısının alınması yolunda əsas rol oynayır. Cəzasızlıq soyqırım və digər belə halların inkişafına kömək edə bilər. Lakin bu qarşısı alınma yolları və bir daha təkrarlanmaması insanlar tərəfindən rasioanal olaraq dərk edilməlidir. Yəni insanlar təbii qanunları (özünü qoruma instinkti və ya cazibə qanunu və s. kimi) qəbul etdikləri kimi, bu cür vəhşilikləri törədilməməsini anlamalı və təbii bir qanun kimi başa düşməlidirlər. Cəmiyyət yalnız bu mütləq təbii qanunların bəşəriyyət tərəfindən qəbul olunacağı an ideal bir vəziyyətə çata bilər. Yalnız düşünən, rasional insan bəşəriyyəti xoşbəxtliyə apara bilər. Burada biz fransız filosof Rene Dekartın hələ 1637-ci ildə yazdığı “Metod üzərinə mühazirələr” kitabında yazdığı “düşünürəm, deməli varam!” (lat.“cogito ergo sum”) cümləsini yada salırıq. Deməli, var olmaq üçün, mövcudluğumuzu davam etmək üçün düşünmək, anlamaq bizim yeganə çıxış yolumuzdur. Doğulduğu andan hər bir insan təkrarolunmaz və qiymətli varlıqdır, onun öz muxtariyyəti və ləyaqəti var. Heç bir dövlət siyasəti və digər səbəblər insan həyatının yox olmasına dəlalət edə bilməz. Dünyadakı baş verən müharibələri, soyqırım və buna bənzər zorakılıqların qarşısını almaq üçün bəşəriyyət insanpərvərlik ruhunda inkişaf etməli və dövlət səviyyəsində humanizm prinsipləri, insan hüquqları gücləndirilməli, davamlı sülh və təhlükəsizlik təmin edilməlidir.

Açar sözlər: soyqırım, qətliam,etnik təmizlik,müharibə.


ƏDƏBİYYAT SİYAHISI
1. Зайцев А.К. Социальный конфликт., М., 2001,456 c.
2. Raphael Lemkin, Axis Rule in Occupied Europe, Washington,1944, 674 p.
3. Yehuda Bauer, A History of the Holocaust, New-York,1982,200 p.
4. Nora Levin, The Holocoust:The Destruction of European Jewry 1933-1945 New-York,1968
5. Matthew Lippman, Genocide,in M.Cherif Bassiouni, International Criminal Law, vol.I (2008), 435 p.
6. Raul Hilberg, “The Anatomy of the Holocoust”, New York,1980
7. Robert Melson, Revolution and Genocide,University of Chicago,1996, 363 p
8.Adam Jones, Genocide.A Comprehensive Introduction, 2nd Edition,Routledge,2011, 610 p
9.Cigar, Genocide in Bosnia, N 66
10. az.wikipedia.org/wiki/Xocalı_soyqırımı


Summary

The article clarifies the concept of genocide and examines the views of thinkers and researchers on the genocide. It is said that genocide is the most serious crime and it is very important to punish this crime legally. For this, the need to comply with the legal rules adopted by the states is justified. At the same time, along with the concept of genocide, the essence of such concepts as genocide, ethnic cleansing, and genocide is clarified.

Keywords: genocide, massacre, ethnic cleansing, war.


Резюме

В статье уточняется понятие геноцида и исследуются взгляды мыслителей и исследователей на геноцид. Говорят, что геноцид - самое серьезное преступление, и очень важно наказать это преступление на законных основаниях. Для этого обоснована необходимость соблюдения правовых норм, принятых государствами. При этом, наряду с понятием геноцид, проясняется сущность таких понятий, как резня, этническая чистка и геноцид.

Ключевые слова: геноцид, резня, этническая чистка, война.