Yaspers fəlsəfəsində ünsiyyət ekzistensiya kimi

Post image

Aynurə Əhmədova
Bakı Slavyan Universitetinin müəllimi, doktorant

Cəmiyyətdə yaranan problemlərin həlli üçün insanlararası ünsiyyətin inkişafını öyrənmək vacib amillərdən biridir. Bunun üçün Yaspersin ünsiyyət konsepsiyasını araşdırmaq məqsədəyönəlmiş addımdır. Yaspersin ünsiyyət təlimi cəmiyyətdə yayılan ruhsuz, cansız ünsiyyətə qarşı yönəlmişdir.
Qərb fəlsəfəsinin ən görkəmli nümayəndələrindən biri olan Karl Yaspers (1883-1969) XX əsr fəlsəfəsinin inkişafında özünəməxsus yer tutur. Qərbdə XX əsr fəlsəfəsinin ən geniş yayılmış təlimlərindən biri olan ekzistensializm fəlsəfəsinin təşəkkülü və inkişafı məhz Yaspersin adı ilə bağlıdır Bu bir danılmaz faktdır ki, ekzistensializmin rolunun yüksəlməsində, onun bu qədər genişlənməsində Yaspersin rolu müstəsnadır. Karl Yaspers insan, onun mövcudluğu, dünyada yeri və rolu məsələlərinə yeni nəfəs, yeni məzmun gətirmişdir: filosof ekzistensiyanı ünsiyyətdən hasil edirdi. Bu o deməkdir ki, Yaspers insan mövcudluğunu ünsiyyətdə görürdü. Məhz buna görə də onun fəlsəfəsinin mərkəzi problemi ünsiyyət idi. O, fəlsəfənin predmetini ancaq ünsiyyətdə görürdü. Kommunikasiya problemlərini ilk əhatəli işləyən Yaspers əslində daim həqiqət axtarışında idi. Bu axtarışda o, ünsiyyəti tapmış, ünsiyyət problemini öyrənməyin nə qədər vacibliyini anlamışdır. Ünsiyyətin insan həyatı üçün, bütövlükdə götürdükdə isə bütün bəşəriyyət üçün müstəsna əhəmiyyətini başa düşən filosof bu problemi bütöv bir fəlsəfi sistem kimi işləmiş və bununla da böyük bir kəşfə imza atmışdır [ 4, 67]. İnsanlığın gələcəyi barədə düşünən Yaspersin fikrincə, bütün bəşəriyyət təhlükə qarşısındadır. “AFR hara gedir?” əsərində bəşəriyyətin taleyi barədə ümidsizliyə qapılan filosof düşünür ki, Avropa insanı böhran keçirir [4,72], insanlıq məhv olur. Yaspersə görə bütün bəlaların əsasında insanlar arasında ünsiyyət qaydalarının pozulması durur. Cəmiyyətdə nevroz xəstələrinin çoxalması, özgələşmənin artması, intiharların sayının artmasının həyəcan təbili çalmağa səbəb olması, insanların düzgün, həqiqi ünsiyyət qurmamalarından qaynaqlanır. Bu da ilk olaraq ünsiyyətsizlikdən başlayır. Ünsiyyətsizliyin ümumbəşəri bəla [4,68] olduğunu vurğulayan Yaspers bu sosial problemin həlli üçün bütün yaradıcılığı boyu müalicə üsulu hazırlamaq axtarışında olmuşdur.
K.Yaspers öz fəlsəfəsini hər kəsə aid olan, bütün insanlığın problemi – ünsiyyət probleminə həsr etmişdir. O, cəmiyyəti, insanları yalnız filosof, tarixçi, siyasətçi kimi deyil, həm də psixiatr kimi müşahidə edirdi. Yaspersin bu cür bilik imkanları fəlsəfədə insan problemini orijinal şəkildə işləməsinə kömək oldu. O, həmçinin insanları birləşdirəcək, qarşılıqlı anlaşmanı təmin edəcək “həqiqi ünsiyyət” konsepsiyasını da bu biliklərdən çıxış edərək yaratmışdır. Filosofun həqiqi ünsiyyət konsepsiyası onun sosial-siyasi görüşləri, dini, tarixi, mədəni baxışları ilə bağlıdır. Həqiqi ünsiyyət konsepsiyası Yaspers fəlsəfəsinin əsasını təşkil edir. Onun təliminin müxtəlifliyi ondan ibarətdir ki, bu təlimi yaratmaqla Yaspersin məqsədi insan mövcudluğunun yollarını müəyyənləşdirmək və onun həqiqi varlığını – şəxsiyyətinin əsasını təşkil edən ekzistensiyanı tapmaqdır. Yaspersə görə həqiqi ünsiyyət insanların səviyyələrini, onların özünəməxsus xüsusiyyətlərini inkişaf etdirir, insanların fərdiləşməsinə və mənəvi inkişafına kömək edir. Bu ünsiyyət insanın öz varlığını tam dərk etməsini, insanın özünü şəxsiyyət kimi tanımasını hər kəsdən tələb edir. Yaspersə görə həqiqi ünsiyyət elə bir mühitdir ki, insanların ruhən birləşməsinə, bir-birinə dərindən bağlanmasına səbəb olur. O qeyd edirdi ki, insan sosial həyatdan asılıdır. İnsanların həyatı sosial mühitsiz mümkün deyil. İnsan həyatı vəfasızlıqla, xəyanətlə əhatələnmişdir. Filosof bildirir ki, bütün həyatını ədalətə həsr edən, cəmiyyətə fayda verən bir insan toplumun xəyanəti ilə üzləşə bilər. Həmçinin ömrünü dövlətin rifahına xidmətdə keçirən insanı bir gün dövlət çox asanlıqla məhv edər. O, yazırdı: “Yalnız ekzistensial kommunikasiyada insan vəfasına etibar etmək olar” [1.627]. Yaspers bu zaman yenə bədbinliyə qapılır, insan həyatının xəyanətdən yan keçəcəyinin mümkünsüzlüyünü deyirdi. Bunun səbəbini isə insanın obyektiv varlıq olmamasında görürdü. Həmçinin o qeyd edirdi ki, insan varlığı fanidir, insana mütləq mənada etibar etmək olmaz.
K. Yaspersin fəlsəfəsində “əhatəedən” kateqoriyası özünəməxsus yer tutur. Əhatəedən kateqoriyası ilk dəfə fəlsəfəyə gətirən filosof bu termini fövqəllik anlamında işlədir. “Əhatəedən” həm insanın daxilindədir, həm də ondan kənardadır. O, heç nə etmir, amma hər bir hadisə onun sayəsində baş verir. O görünmür, lakin hər şeyi əhatə edir. “Əhatəedən həm öz-özünə dünyadır, həm də bizik”. Yaspers qeyd edir ki, ünsiyyət təkcə fərdlər arasında deyil, həmçinin “əhatəedənlə” insan arasında baş verir. O göstərirdi ki, biz hər bir şeyi obyekt və subyekt olmaqla iki kateqoriyaya bölürük, əslində isə obyekt, və subyektlə yanaşı üçüncü nə isə var. Bu üçüncünü anlamaq üçün Yaspersin təqdim etdiyi sxemi özünün dediyi kimi [1,590] başa düşmək lazımdır. Onun yaratdığı “əhatəedən” ya biz də daxil olmaqla hər şeyi əhatə edən özlüyündə varlıq, ya da biz özümüz olan varlıqdır. Özlüyündə varlıq - dünya və transsendensiya adlanır. Özlüyündə varlıq bizi, həmçinin biz olmasaq da hər şeyi əhatə edən varlıqdır. Yaspers dünyanı predmet yox, ideya kimi təsəvvür edir. Transsendensiya dünya deyil, o, dünyadakı varlıqlarla ünsiyyətdə olur. Transsendensiya predmet kimi gözlə görünmür, biz onu görmürük, eşitmirik, amma o, bizimlə danışır. Biz əgər ondan imtina etsək, əşyavi dünyada dustaq olarıq – özümüzü və digər predmetləri yalnız əşya kimi qavrayarıq. Transsendensiya görünməsə də hər tərəfdən bizi əhatə edir.
Biz: 1) özümüz olan varlıq; 2) ümumiyyətlə şüur; 3) ruh və ekzistensiyadır.
- Biz gerçək varlığıq. Deməli, hər bir insanın özündən başqa insanın həyatı, yaşantısı, fizioloji quruluşu, dili, əməlləri gerçək varlıqdır.
- Ümumiyyətlə şüur hər şeyin insan beynində inikasıdır. Şüurumuza daxil olan hər şey var olandır, artıq bizim üçün varlıqdır. Ümumiyyətlə şüur yeni biliklərin əldə olunması, görmədiyimiz predmetlərin və hadisələrin təsəvvür edilməsidir.
- Biz həmçinin ruhuq. İnsanın ruhi həyatı ideyaların, fikirlərin həyatıdır. Ruhi həyatda insanın özü və dünya barədə fikirləri, həyatın mənasına dair, həmçinin praktik ideyaları, sevgi və nifrət kimi hissləri öz əksini tapır. Ruhi həyat əşyavi deyil, biz onu əşya etmək üçün sxem, işarə və obrazlar üzərinə köçürə bilərik.
- Ekzistensiya kimi biz gerçək varlıqdan kənarda, həmçinin ümumiyyətlə şüurdan və ruhdan uzaqda yaşayırıq. İnsanın ekzistensial mahiyyəti onun özünə qarşı duyduğu hisslərində, bitməyən arzu və istəklərində, əbədiyyətə can atmasında görünür.
K.Yaspersin fikrincə, insanın daxilində bir bədbinlik hissi var. Çünki o, daim öz nəğd, gerçək varlığına, öz biliyinə, öz mənəvi dünyasına hansısa bir uyğunsuzluq hissi keçirir [1,593]. Yaspersin fikrincə, insan tək olarsa ən əlverişli vəziyyətdə belə onun müvəffəqiyyət qazanması məhdudiyyətlidir. Ünsiyyət nəinki “Mən” və “Digərləri” arasında, həmçinin transsendensiya vasitəsilə həyata keçirilir. Yaspersin fikrincə insan özünü başqa bir insanla ünsiyyətdə dərk edə bilər. Bu zaman yaranan “kommunikasiya həqiqətin zamanda açılması olur” [1,614]. Ünsiyyət insanın kimliyini, məqsəd və niyyətlərinin nə olduğunu müəyyənləşdirir. Yaspersin təbirincə, ünsiyyət “insanı gerçəklik qədər həyəcanlandırır” [1,614]. Filosofun fikrincə, ünsiyyət quran insanlar bir-biri üçün var olmanın təminatıdır.
İnsanın dili onun emosiyaları ilə əlaqədardır. Yəni insan şadlanarsa, o zaman daha çox danışar, kədərli zamanında isə sükuta qərq olar. Ən çox dəyərli hesab etdiyi arzusu həyata keçməyəndə də insan sükutu seçir və bununla da onun üçün heç bir şeyin o qədər də önəmi olmadığını göstərir. Sükut insanın heç nə istəmədiyini, heç bir şey arzulamadığını bildirir.
İnsan həyatında texnikanın mühüm rolunun olduğunu deyən filosof texnikaya belə bir tərif verirdi: texnika bilikli insanın təbiət üzərində ağalığına yönəlmiş hərəkətlərinin məcmusudur. Texnikanın məqsədi insanın ehtiyacı olduğu mühiti yaratmaqdır. “Tarixin mənası və təyinatı” əsərində o, bildirir ki, tarixi inkişafın əsas amili – insanın texnikanı öz məqsədləri üçün necə istifadə etməsi, texnikanın insana və təbiətə təsiri, yəni texnika nəticəsində insanın və təbiətin dəyişməsidir. İnsan amilinin, insanlararası münasibətlərin önəmli faktor olmasını bütün ciddiyyəti ilə müasir texnika aşkar etmişdir. Daim inkişaf edən və yenilənən müasir texnika insan-təbiət münasibətlərində dəyişiklik etdi. Əvvəllər təbiətin tam ağası olan insan indi təbiətin əsirinə çevrilir. İnsanın özü yaratdığı ikinci təbiətində boğulması təhlükəsi yaranır [4,158-159].
K.Yaspersin fikrincə indi insan texnikanı deyil, texnika insanı idarə edir. Onun bənzətməsinə görə texnika yer kürəsini böyük bir fabrikə çevirmişdir. Bu fabrikdə işləyən, texnikanın əsirinə çevrilmiş insanlar bir robot və ya hansısa bir mexanizmdir, çünki onun funksiyaları texnika tərəfindən planlaşdırılmışdır. Artıq insan faydalı funksiyalar yerinə yetirmək qabiliyyətinə endirilmiş robota çevrilmişdir. Ünsiyyət fəaliyyətini hansısa texniki mexanizmin hərəkətinə [4,159] bənzədir. Burada insan hissləri, arzuları olmayan bir robotla eynidir. Bir robot kimi düşünmədən, öz fərdiliyini qorumadan kütlənin bir hissəsi və ya maşının bir detalıdır. Perspektivləri barədə düşünməyən, xəyalları belə olmayan insan özü-özündən özgələşir. Daim özündən narazılıq, texnika vasitəsilə vəd edilən illuzor “həqiqətlərin əsirliyində” qalan insan özündən belə imtina edir. Özündən narazı olan insan daxilində gərginlik, münaqişə yaşayır. Məhz buna görə də o, həmişə maska gəzdirir və onun maskası ünsiyyətdə olduğu insanlardan asılı olaraq dəyişir. Bu isə insanın səmimilikdən uzaqlaşmasına, digərləri ilə münasibətdə qeyri-həqiqi, “yalan ünsiyyət” qurmasına gətirib çıxarır. İnsanlararası səmimiyyətin itməsi cəmiyyət üçün bir çox bəlalara yol açır. Yaspersin bu fikirləri özünəməxsus həqiqətə malikdir. Belə ki, intihar hadisələri, cəmiyyətlərdə yaranan insanlararası neqativ münasibətlər, konfliktlər, ailə dəyərlərinin dağılması, əxlaq meyarlarının dəyişməsi prosesi daha da çoxalır.
K.Yaspersin fikrincə, texnikanın hökmranlığı cansız varlıq üzərində olmalıdır. Canlı varlıq onun hakimiyyəti altına düşərsə, o, şüurlu mexanizmdən başqa bir şey deyildir. Filosofa görə insanlar texnikadan daha çox şey gözləyirlər. Lakin təbii olan şeylərin texnikadan asılı hala düşməsi ağlasığmazdır. Çünki tərbiyəni, kommunikasiya proseslərini texniki qaydalarla idarə etmək mümkün deyil. Texnika insanları yaxınlaşdırsa da, onun həyatını rahatlaşdırsa da onun azadlığını əlindən almışdır. Texnikanın köləsi olan insan, Yaspersə görə sosium daxilində azaddır. O, azadlığı kommunikasiyadan əldə edirdi. İnsan azadlığı sosial mühitdən kənarda insana məxsus olmur. O, nə isə başqa bir şeydir - deyən Yaspers azadlıq əldə etmək üçün iki mühüm tələbə əməl etməyi vacib sayırdı: birincisi, tək-tək insanlararası kommunikasiyanın dərinliyi – bu, Yaspersin ünsiyyətin növü kimi ayırdığı orijinal ünsiyyətə uyğun gəlir. İkincisi isə, ictimai şəraitin azadlığı naminə insanların şüurlu fəaliyyətidir [1,234].
Bir tərəfdən istehsalda insan əməyinin minimuma endirilməsi də, digər tərəfdən istehsalın tör-töküntüsünü yığışdırmaq, maşınların texnikanın təmirini, ona nəzarətin həyata keçirilməsi üçün yenidən insan əməyinə ehtiyac duyulur. İnsan vəzifəsi dəyişmiş halda istehsalın bir hissəsini təşkil edir. Onsuz istehsal qeyri-mümkündür. İnsan həyatı üçün “önəmlilik” daşıyan bu vəzifə üçün isə o, evini, vətənini tərk edir. Keçmişini, adət-ənənələrini unudur. Texnika insanın həyatını elə ağuşuna alır ki, o dincəlmək bilmədən texnikaya xidmət edir. Belə şəraitdə insan özü ilə yorğun ruh daşıyır. Yaspers haqlı olaraq bildirirdi ki, yorğunluq halında yalnız instinktlər, həmçinin əyləncə və sensasiya tələbatı fəaliyyət göstərir [1,177]. İnsanların azadlığı bir-birindən asılıdır. Hər bir cəmiyyət daxilində fəaliyyət göstərən fərdin azadlığı digərlərinin azadlığı ilə sıx bağlıdır. Bu zaman isə azadlığın bütün növləri tam reallaşa bilməz. Məsələn, siyasi azadlığın mümkünlüyünü Yaspers utopiya hesab edirdi. Ümumiyyətlə, Yaspersin fikrincə, tamamilə azadlıq qeyri-mümkündür. O hesab edir ki, azadlıq təfəkkürdə baş verir. Azadlığı zorla yaratmaq olmaz. Onu azad insanlarla ünsiyyət gedişində əldə etmək olar. Ünsiyyətin xarakteri ilə insanın azadlığı əlaqəlidir. Səmimi, qəlbən qurulan ünsiyyət zamanı insan azadlığa qovuşa bilər. Yaspers azadlığı tam anlamıyla həqiqət anlayışından asılı edirdi. O göstərirdi ki, insan o zaman həqiqətə çata bilər ki, onun ünsiyyəti tamamilə səmimi olsun. İnsan ünsiyyətdə səmimiyyət vasitəsilə azadlığa qovuşa bilərsə, deməli, həqiqəti tapan insan azadlığa qovuşmuş insandır. Karl Yaspersin fikrincə, qanunlara söykənən dövlət quruluşu, xüsusi qaydalarla idarə olunan cəmiyyətlər azadlığa təminat vermir. Burada münasibətlər əsasən formallıqdan ibarətdir. Formal münasibətlərin olduğu yerdə isə insan azadlıqdan məhrum yaşayır, səmimi olmur, daim axtarışında olduğu həqiqəti tapa bilmir, özünü tənha, bədbəxt, miskin hesab edir. İnsanın azadlığı onun tərbiyəsindən başlayır. Burada insanın özünütərbiyəsi başlıca şərtdir. Özünütərbiyə isə insan vicdanının aliliyindən xəbər verir. Yaspersin fikrincə ünsiyyət zamanı yaranan özünütərbiyə azadlığın ən etibarlı təminatçısıdır. Burada o, insanlararası səmimi münasibət zamanı yaranan qarşılıqlı anlamanı və heç bir şərt qoyulmadan, qadağa olmadan bir-birinin haqqını qorumanı azadlığın şərtlərindən hesab edir.
K.Yaspersin ideya mənbəyi Kirqekor olmuşdur. Kirkeqorda Yaspers özü üçün ruhi təskinlik tapırdı. Onu daha çox cəlb edən isə o idi ki, Kirqekor insanın “bataqlıqdan”, sıxıntılardan çıxış yolunu Allaha qovuşmaqda, Onunla ünsiyyətdə görürdü. Həyatın mənası haqqında düşüncələrində də birmənalı olaraq o, ünsiyyət vasitəsilə Allaha sığınmanın vacibliyini vurğulayırdı. Yaspers Kirkeqorun fikirlərini, ideyalarını tamamilə qəbul etmişdi. Kirkeqor kimi Yaspers də obyektiv gerçəkliyin mütləqliyi ideyasını rədd edirdi və həyatda hər şeyin dəyişkən olduğunu, əbədi, sabit heç bir şeyin olmadığını irəli sürürdü. Ona görə də gerçəklikdəki predmet və hadisələr inamsızlıq yaradır, həyatdakı hər şey şübhəlidir. İnsan yalnız o zaman təskinlik tapar ki, o, özünə, öz daxili aləminə baş vursun. Bu zaman o, Allahla ünsiyyətə girər, varlığın, mövcudatın mənbəyini tapar, həyatın mənası barədə düzgün qərara gələ bilər. Insan ruhu yalnız Allahla ünsiyyətdə dinc­lik, rahatlıq qazanar. Yaspers mövcudluğun, varlığın sirrini məhz onda görürdü. Özünün də etiraf etdiyi kimi, onun fəlsəfəsinin əsas ideya mənbəyi xristianlıq idi. Yaspers görüşlərinin xristianlıqdan qaynaqlanması ilə fəxr edirdi [9,76]. Yaspers belə bir ideya irəli sürürdü ki, hər şeyin əsasında inam durur. Burada söhbət yalnız Allaha inamdan gedir. “İnam həyatdır, inamsız yaşamaq mümkün deyil” fikirləri Yaspersə məxsusdur. İnam irrasionalizmə əsaslanır. Xatırlamaq yerinə düşər ki, ekzistensializm fəlsəfəsi irrasionalist təlimdir [4,96]. Yaspers öz təliminə sadiq qalaraq bildirirdi ki, insan zəkası üçün hər şeyin dərk edilməsi mümkünsüzdür. Bununla yanaşı o, ifrat irrasionalizmə də meyl etmirdi. Filosof zəkanın insan həyatında əhəmiyyətli rolundan danışaraq qeyd edirdi ki, insan məhz zəkası vasitəsilə dünyada baş verən hadisə və prosesləri dərk edə bilər. “Həqiqətin mənbələri kommunikasiyadadır” deyən filosof Allaha inamda insanlardan uzaqlaşıb adını həqiqət axtarmaq qoyaraq tənhalığa meyl edən insanları tənqid edirdi. Onun fikrincə bu hərəkətlərin özündə bir “sevgisizlik” [1,615] var. İnam irrasionalizmə əsaslandığı kimi insan zəkası da rasionalizmə əsaslanır. Lakin zəka və inamın bir-birindən əks qütblərdə yerləşməsinə baxmayaraq onlar arasında sıx əlaqə olmalıdır. Belə ki, inam zəkaya əsaslanmalıdır. Zəkaya söykənməyən inam cahillikdən uzağa getmir. İnam olmadan qazanılan biliklər isə insana və həmçinin cəmiyyətə xeyir verməz. Zəkaya, şüura əsaslanan inamı Yaspers fəlsəfi inam adlandırır. Fəlsəfi inam daim həqiqətə can atır. K.Yaspers bildirir ki, şüurun mövcudluğu cəmiyyəti, dövləti, əxlaqı, mədəniyyəti, ən əsası isə kommunikasiyanı şərtləndirir. O, yazır: “Zəka sonsuz kommunikasiya tələb edir, o, özü kommunikasiyaya istiqamətlənən total iradədir” Zəka insanı dolaşıqlıqdan çıxarır, beyni aydınlandırır, “mürgüləyən mənbələri oyandırır” [1,614]. Zəkalı insan həqiqəti dərk edir, daim şəffaflığa, açıqlığa meyl edir. Yaspersin fikrincə, həmçinin zəkalı insan “bütün mövcudata” [yenə orada] məhəbbət bəsləyir. Onun qəlbi genişdir və sevgiyə açıqdır. Zəkalı varlıq dəyişməyə meyllidir. Bu o deməkdir ki, zəkalı və inamlı insan biliyini sabit bilmir, daim zənginləşdirir. Zəkalı, bilikli insan hər zaman kommunikasiyaya hazırdır. K.Yaspers qeyd edir ki, bir filosof zəkanı nə qədər tərifləsə də, yenə də az olacaq. O, yazır: “Zəka əhatəedənin bütün moduslarının rabitəsidir” [yenə orada] bildiyi­miz kimi, Yaspers fəlsəfəsində əhatəedən bütün mövcudatı bir nizam və qayda ilə idarə edir.
Karl Yaspers elmə ünsiyyət problemini gətirməklə əslində fəlsəfəyə, həmçinin psixolo­giyaya yeni nəfəs verdi. O, öz yaradıcılığı ilə sübut etdi ki, ünsiyyət bəşəriyyətin yaranması və inkişafında mühüm amil olmuşdur və həmçinin o, cəmiyyətin bütün sferalarında həlledici amildir. Ünsiyyət ailə münasibətləri, iqtisadiyyat, siyasət, mədəniyyət və beləliklə, cəmiyyət, dövlətin mövcudluğunun başlıca vasitələrindən biridir.

Açar sözlər: ünsiyyət, cəmiyyət, insan mövcudluğu, azadlıq, həqiqət

İstifadə olunmuş ədəbiyyat
1. Karl Yaspers. Tarixin mənası və təyinatı. Bakı, Zəkioğlu, 2008, 764s.
2. İsmayılov F.Q. Seçilmiş əsərləri. 5 cilddə, II cild, Bakı, Oğuz eli, 2011, 664s.
3. İsmayılov F.Q. Seçilmiş əsərləri. 5 cilddə, III cild, Bakı, Oğuz eli, 2011, 576s.
4. Rüstəmov E. Karl Yaspers və fəlsəfədə ünsiyyət problemi. Bakı, 2015, 232s.
5. Qunnar Skirbekk Nils Gilye. Fəlsəfə tarixi. Bakı, Zəkioğlu, 2007. 750s.
6. Ясперс К Введение к философию, в «путь в философию» Антоллогия, Университетская книга, М., Мысль,2001,224с
7. Камю А. Бунтующий человек // Камю А. Бунтующий человек. М., Политическая литература. 1990. 349с.
8. Совроменная буржуазная философия и религия, М., Политиздать,1977 148с.
9. Ясперс К. Введение в философию. / К. Ясперс. Минск: ЕГУ Пропилеи, 2000.-с.452

Айнура Aнвер кызы Ахмедова
Общения как форма экзистенции в философия Ясперса
Резюме
Статья посвящено философии общения Карла Ясперса. В статье внимания удалено на важность коммуникации в жизни человека и общество. В статье показано, что общение - это форма человеческого существования, другими словами, экзистенция. Человек во время общения воспринимает свою существование, самое главное, самому себе и принимает существование других. В статье также представлено взгляды философа о свободы, про интеллекта, трансенденции, разума, истине и показано их взаимоотношения. В статье отражено что отмечая роль технологии в обществе философ доказывает что она как влияет на общение.

Ключевые слова: Oбщение, общество, существование, свобода, истина.

Aynura Anvar Ahmadova
Communication as a form existence the philosophy of Jaspers
Summary
The article focuses on the concept of communication by Karl Jaspers. It is pointed out that Jaspers speaks of the importance of communication for human and community life, and draws attention to the fact that the poor communication is the most harmful factor. It is noted that communication is the manifestation of human existence. A person during communication perceives his existence, most importantly, himself and accepts the existence of others. The article also gives the thoughts of philosopher on freedom, intelligence, transference, truth, and their interaction with each other. The article reflects that noting the role of technology in society, the philosopher proves it influences communication.

Key words: Communications,society, existence, independence, truth.

 

 

"GEOSTRATEGİYA" jurnalı №04 (52) İyul-Avqust 2019