AĞDAM VƏ FÜZULİ RAYONLARINDA POSTKONFLİKT ƏRAZİLƏRİNİN İNTENSİV İNKİŞAFININ QARABAĞIN DİRÇƏLDİLMƏSİNDƏ STRATEJİ ƏHƏMİYYƏTİ

Post image

ŞƏFA ƏLİYEV, Sumqayıt Dövlət Universitetinin professoru, UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru
E-mail: [email protected]

Müasir dövrdə ölkəmizin qarşısında duran bir sıra strateji məsələlər vardır ki, biz həmin istiqamətlər üzrə məqsədli və uzunmüddətli perspektivləri özündə ehtiva edən işlərin şahidləriyik. Bu tarixi hadisələrin iştirakçısı olmaq qisməti isə 2020-ci ilin sentyabrın 27-dən başlayan Böyük Qarabağ Zəfəri ilə bilavasitə bağlıdır. Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və dirçəliş tədbirləri görülməkdədir. Ərazilər minalardan təmizlənir, sosial və istehsal infrastruktur qurulur, nəqliyyat layihələri həyata keçirilir. Artıq “Böyük köç” qayıdışı çərçivəsində Zəngilan rayonunun Ağalı kəndlərinin bazasında yaradılmış pilot “ağıllı kənd” layihəsi reallaşdırılmış və sakinlər öz doğma yurdlarına qayıtmağa başlamışlar.
Ölkəmiz bu strateji amillər nəzərə alınmaqla yeni sosial-iqtisadi inkişaf prioritetlərinin icrasına başlamışdır. Belə ki, AR Prezidentinin 22 iyul 2022-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” təsdiq olunmuşdur [1]. Strategiyanın başlıca məqsədi 2026-cı ilədək Azərbaycanın qüdrətli dövlət və yüksək rifah cəmiyyəti olan ölkəyə çevrilməsini təmin etməkdir. Strategiya çərçivəsində bir sıra strateji hədəflərlə yanaşı, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış məqsədinin reallaşdırılmasından ötrü əhalinin dayanıqlı məskunlaşması təmin ediləcəkdir. Eyni zamanda, bu ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası təmin olunacaqdır və nəticədə ölkə iqtisadiyyatının böyüməsində, ümumi məhsul buraxılışında, qeyri-neft ixracında və məşğulluğun səviyyəsinin daha da yaxşılaşdırılmasında önəmli addımlar atılacaqdır.
Ölkə Prezidentinin 7 iyul 2021-ci il tarixli fərmanı ilə Azərbaycanda yeni iqtisadi rayonlaşdırma aparılmış və sevindirici haldır ki, işğaldan azad olunmuş ərazilərdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılmışdır [2]. Belə bir yanaşma tarixi siyasi-iqtisadi aspektlərə söykənməklə bərabər, həm də ədalətin bərpası kimi qiymətləndirilməlidir.
Qarabağ İqtisadi rayonunda obyektiv reallıqlardan çıxış etməklə genişmiqyaslı bərpa və quruculuq işləri aparılmaqdadır. Biz bu məqalədə əsasən Ağdam və Füzuli rayonlarının misalında həmin prosesləri araşdıracağıq. Bir məsələni də qeyd etmək istərdik ki, ölkə Prezidentinin 21 iyul 2022-ci il tarixli Fərmanı ilə “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi yaradılmışdır [3]. Bu qurumun əsas xidmət funksiyası Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərə əhalinin qayıdışı ilə bağlı çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisinin təşkili, həmin infrastrukturun idarə olunması, eyni zamanda bu ərazilərdə abadlıq və yaşıllaşdırma işlərinin aparılması, mənzil-kommunal təsərrüfatının fəaliyyətinin reallaşdırılmasıdır [4].
Qeyd edək ki, Qarabağ iqtisadi rayonuna daxil olan Ağdam rayonu hələ sovetlər birliyi dövründə regionun əsas mərkəzlərindən biri idi. Ağdam şəhəri isə kifayət qədər inkişaf etmiş infrastruktura malik idi. Məsələn, Ağdamın iqtisadi potensialı və müasir dövrdə onun yenidən qurulmasının strateji aspektlərini müəyyənləşdirmək üçün bir sıra məqamlara diqqət yetirək. Əgər 1980-ci illərin statistik rəqəmlərindən yanaşsaq, Ağdamda 7,7 min hektarda taxıl əkilmiş, 7,6 min hektarda pambıq becərilmişdir. 13 min hektardan çox sahədə isə üzüm yetişdirilmişdir və ümumilikdə əkin sahələrinin həcmi 28,8 min ha olmuşdur. Aqrar Tədqiqatlar Mərkəzinin proqnozlaşdırılmasından baxsaq, Ağdamda perspektivdə əkin sahələrinin ümumi həcmi təxminən 63,3 min ha gözlənilir. Bunun 28,9 min hektarında taxılçılıq, 10,9 min hektarında isə yem bitkilərinin istehsalı proqnozlaşdırılır. 1980-ci ildə Ağdamda taxıl istehsalı 30,1 min ton təşkil etmişdirsə, yaxın perspektivdə bu rəqəmin 102 min tona qədər artacağını gözləmək olar [5]. Anoloji perspektivlər heyvandarlıqda da diqqət çəkir, məsələn, 1980-ci ildə Ağdamda iribuynuzlu heyvanların sayı 44,4 min baş və xırdabuynuzlu heyvanların sayı 191,8 min baş olmuşdursa, yaxın illərdə bu göstəricilərin müvafiq olaraq: 59,4 min baş və 273,2 min baş olacağı perspektivləri vardır. İşğal altında olmuş kənd təsərrüfatına yararlı torpaqlar keyfiyyət xüsusiyyətlərinə və məhsuldarlıq qabiliyyətinə görə respublikanın digər rayonları ilə müqayisədə yüksək xüsusi çəkiyə malikdir. Ərazinin torpaq-iqlim xüsusiyyətləri burada kənd təsərrüfatının bitkiçilik və heyvandarlıq sahələrinin yüksək və səmərəli inkişafına imkan verir [6]. Bundan əlavə, işğala qədər olan dövr­də Ağdamda ağır sənaye müəssisələri, cihazqayırma müəssisələri, dəzgah avadanlıqları zavodu, yeyinti və yüngül sənaye müəssisələri, o cümlədən yağ-pendir və çörək zavodları, taxıl məhsulları emalı müəssisəsi, pambıq, şərab zavodları, traktor və avtomobil təmiri zavodu və s. fəaliyyət göstərmişdir. Maraqlıdır ki, təkcə Ağdam Dəzgahqayırma Zavodunda 950 nəfər işləmişdir və bu zavodun məhsulları keçmiş SSRİ-nin 125 şəhərinə yola salınırdı. Taxıl məhsulları kombinatı il ərzində 80 min ton məhsul istehsal edirdi [7]. Məhz bu kimi potensial komponentlərindən və ənənəvi fəaliyyət sahələrindən çıxış etməklə, Ağdamın güclü və perspektivli iqtisadi potensialının olması qənaətinə gəlmək mümkündür. Qeyd olunan sahələrlə yanaşı, digər iqtisadiyyat sahələrinin, ilk növbədə tikinti materialları sənayesinin və turizmin inkişaf etdirilməsi üçün də güclü imkanlar vardır [8]. Ağdam rayonu qısa zamanda Azərbaycan iqtisadiyyatına xüsusi töhfə verə biləcək. Ağdam rayonunun torpaqlarının 92 %-i əkin üçün yararlı torpaqlardır. Bu isə rayonun böyük aqrar potensialının olmasından xəbər verir. Ağdam yeni bərpa və quruculuq mərhələsinə qədəm qoyur [9]. Bu rayonda müxtəlif sənaye və kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsi imkanları investorlar üçün kifayət qədər cəlbedici olacaqdır.
Hazırda Ağdam şəhərinin yenidən qurulması, şəhər infrastrukturunun yaradılması, dirçəliş və bərpa işlərinin aparılması prosesləri intensiv fazaya keçmək üzrədir. Artıq Ağdam şəhərinin Baş Planı təsdiq olunmuşdur. 28 may 2021-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının təməli qoyulmuşdur. Bu tədbirdə çıxışında İlham Əliyev demişdir: “Hesab edirəm ki, bu gün tarixi gündür. Çünki bu gün azad edilmiş torpaqlarda birinci Baş Plan artıq təsdiqlənir... Şəhərin müasir standartlara, müasir tələblərə uyğun inkişaf planı artıq tam işlənib hazırlanıb. Bütün Qarabağ zonası “yaşıl enerji” zonası olacaq. Bütün şəhərlər “ağıllı şəhər” konsepsiyası əsasında qurulacaq. Vaxtilə Ağdam şəhərinin ərazisi 700-800 hektar idi. İndi iki dəfə böyüdürük” [10]. Müasir şəhər tikintisi ilə bərabər, həm də sənaye infrastrukturunun yaradılması xüsusi diqqət mərkəzində saxlanılır. Belə ki, ölkə Prezidentinin 28 may 2001-ci il tarixli fərmanı ilə Ağdam sənaye parkı yaradılmışdır. Bu parkın yaradılmasında strateji məqsəd sosial-iqtisadi inkişaf imkanlarının şaxələndirilməsi, rəqabətqabiliyyətli sənaye müəssisələrinin yaradılması və sənaye məhsullarının istehsal olunması, logistika potensialının yaradılması və rayonda iqtisadi fəallığın əhəmiyyətli səviyyədə artırılmasından ibarətdir [11]. Keçən müddət ərzində sənaye parkının yaradılması istiqamətində xeyli işlər görülmşdür və artıq burada iki müəssisənin təməli qoyulmuşdur. Bu müəssisələrin fəaliyyəti nəticəsində regionda qeyri-neft sənayesinin sürətli inkişafı üçün yeni mənbələr formalaşdırılacaqdır [12]. Sənaye parkının ərazisi 74 hektardır və artıq burada 5 sahibkarlıq subyekti rezident kimi qeydə alınmışdır, eyni zamanda 10 layihə baxılma prosesindədir.
Qeyd edək ki, Ağdam müasir dövrdə Azərbaycanın siyasi və iqtisadi qüdrətini bütün dünyada əyani nümayiş etdirmək iqtidarında olan, dinamik inkişafı özündə əks etdirən və yüksək, həm də “ağıllı” texnologiyaların cəmləşdiyi gözəl və güclü bir şəhərə çevriləcəkdir. Bu istiqamətlərdə proqnozlar və ekspert rəyləri də qeyd olunan fikirləri söyləməyə əsas verir. Şəhərdə 100 min əhalinin yaşaması nəzərdə tutulub və bununla da Ağdam Qarabağın ən böyük şəhərinə çevriləcəkdir. Şəhərdə geniş funksiyalı şəhər təsərrüfatı infrastrukturu, sosial infrastruktur şəbəkəsi və əhalinin rahat yaşaması üçün zəruri şərait yaradılacaqdır. Ağdamın kreativ nəqliyyat infrastrukturu və sistemi müasirlik və əlverişlilik baxımından ölkəmizdə ilk olacaqdır [13]. Şəhərin milli ornomentlər əsasında bərpa edilməsi ilə bərabər, müasirlik elementləri də xüsusi diqqət mərkəzində saxlanılacaqdır. Ağdam cümə məscidində bərpa-restavrasiya işlərinin əhəmiyyətli hissəsi başa çatdırılmışdır [14]. Bundan əlavə, 210 çarpayılıq Ağdam rayon mərkəzi xəstəxanasının tikintisinə başlanılmışdır. Xəstəxananın ərazisi 6 hektardan böyük olacaqdır və burada müasir texnologiyalar əsaslı səhiyyə infrastruktur yaradılacaqdır [15]. Bunlarla bərabər, sosial infrastrukturun yaradılması prosesləri intensivləşməkdədir. Məsələn, 2,16 hektar ərazidə inşa olunmasına başlanılmış “Park Forest Otel Ağdam” mehmanxanasında 110 nömrə fəaliyyət göstərəcəkdir və otelin istismara verilməsi 2024-cü ilin dekabrına planlaşdırılmışdır [16].
Qeyd olunanlarla yanaşı, Ağdam şəhərində əhalinin qayıdış proseslərini sürətləndirmək məqsədilə yeni yaşayış kompleksinin tikintisinə başlanılmışdır [17]. Mühüm tarixi əhəmiyyət kəsb edən Qarabağ xanlarının türbələri və yaşayış evi - İmarət kompleksinin bərpası istiqamətində tədbirlər görülməkdədir [18]. Şuşa şəhəri istisna olmaqla, Qarabağ iqtisadi rayonunda aparılan bərpa işlərinin təşkili və gedişinə, postkonflikt ərazilərin bərpa prosesinə mobil və səmərəli idarəçiliyi təmin etmək məqsədilə Ağdam şəhərində innovativ texnologiyalar əsasında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahı yaradılmışdır və bu qərargahda səmərəli fəaliyyət üçün yüksək şərait təmin olunmuşdur [19]. Bir qrup alimlərin 2022-ci ilin iyun ayının 15-də Ağdama səfəri zamanı gəldikləri qənaətlər və fikirlər də bundan ibarətdir ki, Ağdamda aparılan bərpa və quruculuq işləri tezliklə öz bəhrəsini verəcəkdir və Ağdamın sürətli inkişafı təmin olunacaqdır [20].
Qarabağın digər mühüm bir strateji rayonu olan Füzulidə də bərpa və quruculuq işləri intensivliyi ilə diqqət çəkməkdədir. Qeyd edək ki, Füzuli Qarabağın formalaşması və inkişafı ilə bağlı olan tarixi proseslərdə önəmli yer tutur və ərazi vahidi kimi Qarabulaq adı ilə 1827-ci ildə yaradılmışdır [21]. Keçmiş SSRİ dövründə 1930-cı il avqust ayının 8-də inzibati rayon statusuna yiyələnmiş və Qaryagin rayonu adlandırılmışdır. Daha sonra böyük Azərbaycan şairi Məhəmməd Füzulinin 400 illik yubileyi şərəfinə 1950-ci ildə Füzuli adlandırılmışdır. Rayonun ərazisi mailli düzənliklərdən, həmçinin Qarabağ dağ silsiləsinin Cənub-Şərq ətəklərindən formalaşmışdır. Rayon Azərbaycanın cənub sərhədləri – İranla Araz çayı boyunca sərhəd ərazisi kimi strateji əhəmiyyət kəsb edir. Ümumilikdə rayonun ərazisi 1,39 min kvadrat kilometrdir, əhalinin sayı isə 134 min nəfərdən ibarətdir. Hazırda Füzuli şəhəri ilə bərabər, rayon mərkəzi funksiyasını yerinə yetirən Horadiz şəhəri müasir infrastruktura malikdir. Füzuli rayonunda məcburi köçkünlər üçün salınmış 11 yeni Qayıdış, 5 Zobucuk, 1 Fin qəsəbələri ilə yanaşı, 82 kənd mövcuddur.
Rayon işğaldan azad olunduqdan sonra, ilk növbədə Füzuli şəhərinin bərpası və sürətli inkişaf prosesləri diqqət çəkir. Füzuli şəhərinin baş planı təsdiq edilmiş, şəhərin inkişaf etdirilməsi ilə bağlı konseptual yanaşmalar müəyyənləşdirilmişdir. Respublika və beynəlxalq əhəmiyyətli yol infrastrukturunun yaradılması işləri isə misli görünməmiş sürətlə reallaşdırılmaqdadır. Füzuli-Hadrut avtomobil yolu, Horadiz-Ağbənd dəmiryolu xəttinin çəkilişi üzrə işlər dərinləşməkdədir. Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunun tikintisi isə Qarabağın sosial-iqtisadi inkişafında müstəsna əhəmiyyət kəsb edir. Eyni zamanda, rayonun və regionun su təchizatında genişmiqyaslı tədbirlər həyata keçirilir, elektrik enerjisinin fasiləsiz təchizatı üçün əsaslı işlər görülür. Bu tədbirlərin reallaşdırılmasında dövlət başçısının xüsusi qayğısı və təşəbbüsləri həlledici əhəmiyyət daşıyır. Ölkə Prezidentinin iştirakı ilə “Füzuli” yarımstansiyasının açılışı olmuşdur və 2021-ci il fevral ayının 14-də Horadiz-Ağbənd dəmiryol xəttinin təməlqoyma mərasimində dövlət başçısı iştirak etmişdir. Bundan əlavə, 2021-ci il avqust ayının 29-da isə ölkə Prezindenti və birinci xanım Füzuli Beynəlxalq Hava Limanında aparılan tikinti işlərinin gedişi ilə yerində tanış olublar. Bu hava limanı regionun ən iri hava limanı statusunu və eyni zamanda Qarabağımızn strateji hava qapısı rolunu daşıyır. Beynəlxalq Hava Limanının açılışı isə 2021-ci il oktyabr ayının 26-da qardaş Türkiyə prezidenti R.T.Ərdoğanın iştirakı ilə keçirilmişdir [22]. Bu hava limanının tikintisi sürətlə reallaşdırılmışdır və başlıca funksiyası Qarabağın ölkənin digər əraziləri ilə bərabər, bölgənin beynəlxalq inteqrasiyasının təmin olunmasıdır. Eyni zamanda, Füzuli hava limanı həm də mühüm strateji layihə və nəqliyyat-logistika mərkəzi kimi xüsusi önəm kəsb edir [23]. Rayonda həyata keçirilən infrastruktur, o cümlədən nəqliyyat-logistika layihələri yaxın perspektivdə sosial-iqtisadi inkişafın əhəmiyyətli səviyyədə yüksəlməsinə, işğaldan azad olunmuş kənd və qəsəbələrin yenidən çiçəklənməsinə, Füzuli şəhərinin isə nəinki Qarabağın, eləcə də regionun və dünyanın dinamik inkişaf edən və cəlbedici şəhərlərindən birinə çevriləcəyini deməyə əsas verir. Belə ki, rayonun güclü iqtisadi resursları, o cümlədən bir sıra ənənəvi və yeni iqtisadiyyat sahələrinin intensiv inkişafına imkan verən potensialı vardır. Füzulidə ənənəvi olaraq kənd təsərrüfatı sahələri – heyvandarlıq, üzumçülük, bitkiçilik, ilk növbədə taxılçılıq, onun əsas seqmenti olan ərzaq buğdası istehsalı inkişaf etdirilmişdir. Sənaye sahələrinin inkişafı da diqqət mərkəzində olmuş, xüsusilə aqrosənaye kompleksinin və tikinti sənayesinin inkişafı, emal müəssisələrinin fəaliyyəti məhsuldar xarakter daşımışdır. Füzuli rayonunda “Böyük köç” qayıdışı ərəfəsində bir sıra iri istehsal-sənaye kom­plekslərinin və zonalarının yaradılması, müəssisələrin istismara verilməsi vacibdir. Rayonun və regionun resurslarından yanaşdıqda, çoxfunksiyalı “Qida və yüngül sənaye” klasterinin təşkili cəlbedici qiymətləndirilə bilər. Bu klasterə ölkənin potensial investorları, ali təhsil və elmi-tədqiqat müəssisələri, elmi-texnoloji mərkəzləri ilə bərabər, xarici ölkələrdən investor şirkətlərin fəal cəlb olunması imkanı vardır və bunun əsas səbəbi – əksər növ nəqliyyat infrastrukturunun, o cümlədən, hava nəqliyyatı infrastrukturunun və logistika potensialının olmasıdır.
Ümumilikdə Füzuli rayonunda bərpa və quruculuq işləri intensiv fazaya keçməkdədir. Dövlətyarlı kəndinin bazasında “ağıllı kənd” layihəsi reallaşdırılmaqdadır və bunun hesabına rayonun işğaldan azad olunmuş ərazilərinə məcburi köçkünlərin qaytarılmasına başlanılacaqdır. 18 oktyabr 2021-ci ildə Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Prezident İlham Əliyev qeyd etmişdir ki, Füzuli şəhərinin azad olunmasının əhəmiyyəti, eyni zamanda, bu şəhərin strateji yerləşməsi ilə bağlıdır... Füzuli şəhərinin azad edilməsi bizə mənəvi güc verdi [24]. Bu amillər baxımından Füzuli şəhərinin infrastrukturunun formalaşdırılması və inkişaf etdirilməsi xüsusi diqqət mərkəzindədir. 10 may 2022-ci ildə Füzuli şəhərində müasir texnologiyalar əsaslı Peşə Liseyinin təməli qoyulmuşdur və 3,2 hektar ərazidə yaradılacaq bu liseydə ixtisaslı fəhlə kadrların hazırlanması təmin olunacaqdır [25]. Sosial infrastrukturun, xüsusilə səhiyyəsinin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə 10 may 2022-ci ildə 180 çarpayılıq Füzuli Rayon Mərkəzi Xəstəxanasının təməlqoyma mərasimi keçirilmişdir. Bu xəstəxanada 3 istiqamətdə, inzibati, stasionar və ambulator səhiyyə xidməti bölmələri yaradılacaqdır. Yaxın dövrlərdə Füzuli rayonunda digər səhiyyə müəssisələrinin yaradılması və infrastrukturunun formalaşdırılması prosesləri daha da intensivləşdiriləcəkdir [26]. Bütün bunlar onu deməyə əsas verir ki, Füzuli rayonu işğalsonrakı dövrdə yeni tarixi mərhələyə keçməkdədir və bu proseslərin sürətlənməsi diqqət çəkir [27].

YEKUN
Ağdam və Füzulidə postkonflikt ərazilərin intensiv inkişaf etdirilməsi, hesab edirik ki, ümumilikdə Qarabağın sosial-iqtisadi inkişafında, dirçəliş tədbirlərinin sürətləndirilməsində strateji əhəmiyyət daşımaqdadır. Bunlarla bağlı, hazırda həyata keçirilən genişmiqyaslı tədbirlərlə yanaşı, Ağdam və Füzuli rayonlarının sosial-iqtisadi inkişafının daha səmərəli təşkili və postkonflikt ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyasının təmin olunması məqsədilə, bir sıra məsələlər üzrə təklif və tövsiyələrimizi ümumiləşdirmişik:
- Ağdam rayonunda geniş çeşiddə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, aqrar məhsulların istehsalı potensialının yaradılması imkanları vardır və bu amillərdən yanaşmaqla, ixtisaslaşdırılmış “Ağdam qida və tekstil” aqrar-sənaye klasterinin yaradılmasını vacib hesab edirik. Belə ki, bu klaster təkcə kənd təsərrüfatı məhsullarının emalı və ixracı ilə məşğul olmur, həm də “Ağdam”, “Qarabağ” milli brendlərinin formalaşdırılması, festivalların, sərgilərin keçirilməsi məkanı kimi də ixtisaslaşa bilər, bu isə dünyanın hər yerindən investorların və turistlərin marağına səbəb olar;
- Postkonflikt ərazilərdə yaxın perspektivdə və uzunmüddətli dövr üçün tikinti və quruculuq işləri gedəcəkdir və bu proseslərdə yüksək keyfiyyətli, eyni zamanda iri həcmdə tikinti materiallarına zərurət olacaqdır. Buna görə də hesab edirik ki, “Ağdam tikinti materialları istehsalı klasteri”nin yaradılması, bu klasterin fəaliyyətinə potensial investorların, tikinti materialları üzrə tədqiqat təşkilatlarının, universitetlərin və peşə texniki məktəblərinin, sənaye müəssisələrinin, investisiya fondlarının, o cümlədən xarici partnyorların cəlb edilməsi faydalı ola bilər;
- Qarabağ atları amilindən və Ağdam atçılıq zavodunun tarixindən çıxış etməklə, burada müasir iri “Qarabağ-Ağdam atçılıq kompleksi”nin yaradılması, bu kompleksin tərkibində atçılıq zavodunun və beynəlxalq standartlara cavab verən “Qarabağ atçılıq idmanı mərkəzi”nin yaradılması məqsəduyğundur. Buradan gözlənilən nəticələr kimi, dünya səviyyəli atçılıq yarışlarının keçirilməsi, atçılıq biznesinin və idmanının inkişaf etdirilməsi, daha çox turistin, iş adamlarının və investorların gəlməsinin motivasiyalaşdırılmasını göstərmək olar;
- Regionda üzümçülüyün inkişafının güclü potensialından və ənənəvi sahə olmasından yanaşmaqla, “Ağdam beynəlxalq şərab şirkəti”nin yaradılmasını vacib sayırıq və burada istehsal zavodu ilə yanaşı, şərab muzeyi, dünya səviyyəli şərab festivalı üçün infrastrukturun təşkili təklif olunur və hər il beynəlxalq şərab festivalının keçirilməsi fayda verə bilər, daha çox turist və iş adamlarının axını təmin olunar;
- Ağdamın yeni iqtisadiyyat quruculuğunun mərkəzinə çevrilməsində “yaşıl” iqtisadiyyat mexanizmləri və elementləri əsas rol oynayacaqdır və buna görə də “Ağdam bərpa olunan enerji kompleksi”nin yaradılmasına ehtiyacın olduğunu vurğulayırıq;
- Geniş həcmli dirçəliş və bərpa işlərinin aparılması, innovasiya, yüksək texnologiyalar əsaslı layihələrin həyata keçirilməsi davamlı şəkildə, həm də iri məbləğdə maliyyə-kredit resursları və investisiyalar tələb edir, bunlar nəzərə alınmaqla, müstəqil balansa malik “Ağdam investisiya-tikinti bankı”nın yaradılması vacibdir. Bu, həm dövlət statusuna, yaxud özəl statusa, eyni zamanda xarici partnyorlarla birgə müştərək statusa malik maliyyə-kredit müəssisəsi ola bilər. Əsas məqsəd maliyyə-kredit xidmətlərinin və investisiya resurslarına əlçatanlığın, operativliyin, bürokratiyadan uzaq bank və maliyyə xidmətləri paketinin təmin olunmasıdır;
- Füzuli Beynəlxalq Hava Limanının bazasında Şenon (İrlandiya) beynəlxalq aeroportunun təcrübəsinə uyğun “İnnovasiyalar və elmi-texniki” azad iqtisadi zonanın və yaxud “İxrac-istehsal və gömrük” AİZ-nin yaradılması perspektivi yüksək görünür;
- Horadiz şəhərindən hələ keçmiş SSRİ dövründə İranla mövcud olan sərhəd keçid məntəqəsinin yaxınlığında “Horadiz sərhədyanı ixrac-istehsal və gömrük” AİZ-nin yaradılması da məhsuldar səmərə verə bilər. Burada Arazın o tayında yaşayan soydaşlarımızın inteqrasiyası və Azərbaycanla ticarət-iqtisadi əlaqələrinin gücləndirilməsi amili də strateji məqam kimi nəzərə alınmalıdır;
- Füzuli rayonunda iri şəkər zavodunun tikilməsi ətraf rayonlar da daxil olmaqla, şəkər çuğunduru istehsalının artırılmasında və işsizliyin azaldılmasında, əhalinin keyfiyyətli şəkər məhsulu ilə təminatında önəmli rol oynaya bilər. Bundan əlavə, perspektivdə Zəngəzur Beynəlxalq Nəqliyyat dəhlizinin açılacağını da nəzərə alsaq, Horadiz şəhəri ətrafında ixrac­yönlü sənaye müəssisələri şəbəkəsinin yaradılması məqsədəuyğundur və s.

Açar sözlər: Qarabağ, Qarabağ iqtisadi rayonu, Ağdam şəhəri, Füzuli şəhəri, Ağdam rayonu, Füzuli rayonu, postkonflikt ərazilər, Qarabağın dirçəldilməsi prosesləri.

ƏDƏBİYYAT SİYAHISI:
1. “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Bakı şəhəri, 22 iyul 2022-ci il.
2. Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Bakı şəhəri, 7 iyul 2021-ci il.
3. “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı. 21 iyul 2022. https://president.az/az/articles/view/56710.
4. Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi. 21 iyul 2022. https://president.az/az/articles/view/56711.
5. Fikrətzadə, F.F., Hacıyeva, S.İ. İşğaldan azad olunan ərazilərimizdə kənd təsərrüfati sahəsinin bərpası istiqamətləri və istehsal göstəricilərinin proqnozlaşdırılması // Kənd təsərrüfatının iqtisadiyyatı – 2020. № 4 (34), –s.23-37.
6. Vəliyev, A.H. İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişafının torpaq-iqlim amilləri. Kənd təsərrüfatının iqtisadiyyatı 2020, № 4 (34). – s. 38-44.
7. Ağdam iqtisadiyyatı: reallıqlar, perspektivlər. 27.11.2020. https://www.azerbaijan-news.az/view-205536/agdam-iqtisadiyyati-realliqlar-perspektivler.
8. Ağdamın azad edilməsi iqtisadi təşəbbüsləri canlandırır. Ağdamın azad edilməsi iqtisadi təşəbbüsləri canlandırır. https://ordu.az/az/news/177942/agdamin-azad-edilmesi-iqtisadi-tesebbusleri-canlandirir.
9. Ağdam iqtisadiyyatımıza böyük töhfə verəcək. 20 Noyabr 2020. https://aqreqator.az/az/iqtisadiyyat/1117658.
10. Prezident İlham Əliyev Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimində iştirak edib, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Azərtac. 28 may 2021. https://files.preslib.az/projects/regions/r4/c10.pdf.
11. Ağdam Sənaye Parkının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı. 28 may 2021. https://president.az/articles/51773/print
12. İlham Əliyev Ağdam Sənaye Parkında iki müəssisənin təməlini qoyub. 14 fevral 2022. https://president.az/az/articles/view/55435.
13. Xəyalət şəhəri Ağdam Şərqi Avropanın ən gözəl və “ağıllı” şəhəri olacaq. https://bakuexo.az.
14. İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Cümə məscidində bərpa işlərinin gedişi ilə tanış olublar. 14 fevral 2022. https://president.az/az/articles/view/55438.
15. İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməlinin qoyulması mərasimində iştirak ediblər. 14 fevral 2022. https://president.az/az/articles/view/55439.
16. İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Park Forest Otel Ağdam” mehmanxanasının təməlinin qoyulması mərasimində iştirak ediblər. 14 fevral 2022. https://president.az/az/articles/view/55436.
17. İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdamda yeni yaşayış kompleksinin təməlinin qoyulması mərasimində iştirak ediblər. 14 fevral 2022. https://president.az/az/articles/view/55437.
18. İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdamda Qarabağ xanlarının türbələri və yaşayış evi - İmarət kompleksində olublar. 14 fevral 2022. https://president.az/az/articles/view/55441.
19. İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə tanış olublar. 14 fevral 2022. https://president.az/az/articles/view/55440.
20. Azərbaycanın bir qrup alimi Ağdamda bərpa işləri ilə tanış olub. 19 İyun, 2022. https://report.az/elm-ve-tehsil-xeberleri/azerbaycanin-bir-qrup-alimi-agdamda-berpa-isleri-ile-tanis-olub/.
21. Rayon haqqında. Füzuli rayon icra hakimiyyəti. http://www.fuzuli-ih.gov.az/az/page/10.html.
22. İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak ediblər. 26 oktyabr 2021. https://president.az/az/articles/view/53734.
23. Qarabağın hava qapısına çevrilən Füzuli şəhərənin strateji əhəmiyyəti artmaqdadır. 2021-Oktyabr-16. http://sumqayitxeber.com/qarabagin-hava-qapisina-cevrilen-fuzuli-seherenin-strateji-ehemiyyeti-artmaqdadir/.
24. İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. 18 oktyabr 2021-ci il. https://president.az/az/articles/view/53513.
25. İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər ediblər. 10 may 2022. https://president.az/az/articles/view/55977/print.
26. İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 180 çarpayılıq Füzuli Rayon Mərkəzi Xəstəxanasının təməlinin qoyulması mərasimində iştirak ediblər. 10 may 2022. https://president.az/az/articles/view/55983.
27. Füzuli rayonu yeni tarixi mərhələyə qədəm qoyur. 12.05.2022. https://www.yeniazerbaycan.com/xeberlenti_e69217_az.html.

РЕЗЮМЕ
СТРАТЕГИЧЕСКАЯ ВАЖНОСТЬ ИНТЕНСИВНОГО РАЗВИТИЯ ПОСТКОНФЛИКТНЫХ ТЕРРИТОРИЙ АГДАМСКОГО И ФИЗУЛИНСКОГО РАЙОНОВ В ПРОЦЕССАХ ВОЗРОЖДЕНИЯ КАРАБАХА
В статье рассматривается стратегическая важность интенсивного развития постконфликтных территорий Агдамского и Физулинского районов в процессах возрождения Карабаха. Раскрываются концептуальные основы, сущность задач и приоритетов восстановления Карабаха. Анализируется ресурсный и экономический потенциал Агдамского и Физулинского районов в развитии экономики страны. Рассматривается потенциал постконфликтных территорий для скорейшей и эффективной реинтеграции в национальную экономику. Подготовлены рекомендации и предложения по интенсификации возродительных работ в Агдамском и Физулинском районах в контексте целей возрождения Карабаха.

Ключевые слова: Карабах, Карабахский экономический район, город Агдам, город Физули, Агдамский район, Физулинский район, постконфликтные территории, процессы возрождения Карабаха.

SUMMARY
STRATEGIC IMPORTANCE OF
INTENSIVE DEVELOPMENT OF
POST-CONFLICT TERRITORIES OF
AGHDAM AND FIZULI REGIONS
IN KARABAKH REVIVAL PROCESSES
The article considers the strategic importance of the intensive development of the post-conflict territories of the Agdam and Fizuli regions in the processes of the revival of Karabakh. The conceptual foundations, the essence of the tasks and priorities of the restoration of Karabakh are revealed. The resource and economic potential of the Agdam and Fizuli regions in the development of the country's economy is analyzed. The potential of post-conflict territories for early and effective reintegration into the national economy is considered. Recommendations and proposals are prepared to intensify revival work in the Agdam and Fizuli regions in the context of the purposes of the revival of Karabakh.

Keywords: Karabakh, Karabakh economic region, Agdam city, Fizuli city, Agdam region, Fizuli region, post-conflict territories, Karabakh revival processes.