QEYRİ-NEFT TƏMAYÜLLÜ İQTİSADİ İNKİŞAFIN MODELLƏŞDİRİLMƏSİNDƏ DÜNYA TƏCRÜBƏSİ

Post image

ƏSLİ KAZIMOVA

İqtisad üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin
baş müəllimi

E-mail: [email protected]

Dünya təcrübəsində milli iqtisadiyyatların maksimum səmərəli modelləşdirilməsi və hazırkı şəraitdə qlobal təsirlərə qarşı dayanaqlılıq nümayiş etdirən iqtisadi inkişaf modelinin formalaşdırılması vacib məsələlərdəndir. 2008-ci ilin sonlarından başlayan dünya maliyyə böhranının mənfi təzahürləri hələ də davam etməkdədir. Digər tərəfdən, COVİD-19 koronovirus pandemiyasının təsirindən yaranan yeni şəraitdə milli iqtisadiyyatın mövcud mexanimlərinin təkmilləşdirilməsi yeni zərurət kimi ortaya çıxmışdır və dünya ölkələrində aktuallığı ilə diqqət mərkəzinə düşmüşdür. Belkə ki, dünya ölkələrinin milli iqtisadiyyatları qlobal təsir altına düşməklə bu problemlərin mənfi təsir altındadırlar və bu amillər hər bir ölkənin iqtisadi inkişaf prioritetlərinin reallaşdırılması və iqtisadi inkişaf modelinin tənzimlənməsini həyata keçirərkən dünya təcrübəsinə, dünya ölkələrinin ayrı-ayrı uğurlu nümunələrinə, iqtisa­di inkişaf modellərinin xüsusiyyətlərinə, onların səmərəlilik səviyyələrinə xüsusi diqqət yetirilməsini şərtləndirir. Xüsusilə iqtisadiyyatın inkişafının şaxələndirilməsində daha təsirli və məhsuldar fəaliyyət istiqamətlərinin düzgün qiymətləndirilməsi və maliyyə mexanizmlərinin işləkliyinə nail olunması mühüm əhəmiyyət kəsb edir [1]. Bir çox ölkələrin, o cümlədən Azərbaycanın iqtisadi inkişaf prioritetlərindən yanaşsaq, qeyri-neft təmayüllü iqtisadiyyat sahələrinin inkişafının sürətləndirilməsi həlledici amil kimi dəyərləndirilir [2].
Qlobal təsirlərə immuniteti güclü olan iqtisa­di inkişaf modellərinin formalaşdırılması proseslə­rində ölkənin hazırkı şəraitdə əsas hədəfləri və iqtisadi inkişafın konseptual yanaşmaları müəyyənləşdirilməli, bunlarla bağlı zəruri tədbirlər görülməlidir. Başqa sözlə, iqtisadi inkişafı təmin edən fəaliyyət modelləri və perspektivli iqtisadiyyat sektorları müəyyənləşdirilməli, işlək mexanizmlər hazırlanmalıdır [3]. Bu baxımdan, iqtisadi inkişaf modelinin formalaşdırılması və reallaşdırılması proseslərində önəmli məsələlərdən biri iqtisadi artımın təmin olunması və iqtisadiyyatın artım dinamikasının sabitliyinə şəraitin və potensialın obyektiv olaraq qiymətləndirilməsidir [4]. Eyni zamanda, iqtisadi inkişaf modellərinin mexanizmlərinin səmərəliliyinin ölkə iqtisadiyyatının inkişaf hədəfləri və əhalinin yaşayış səviyyəsi indikatorları ilə müqayisəli baxılması və proqnozlaşdırılması xüsusi diqqət mərkəzində saxlanılmalıdır [5]. Bunlarla bərabər, müasir dövrdə milli iqtisadiyyatların struktur dəyişiklikləri iqtisadi inkişafın modelləşdirilməsində və iqtisadi inkişafın sürətləndirilməsində vacib mexanizmlərindən biri olaraq ön plana çıxmışdır. Qlobal təsirlər nəticəsində dünya iqtisadi proseslərinə, ölkələrin makrosabitliyinə, iqtisadi inkişafın və iqtisadi artımın modelləşdirilməsinə təsirin müəyyənləşdirilməsi və proqnozlaşdırılması ciddi önəm kəsb edir [6]. Həmin proseslərdə iqtisadi inkişaf modelinə daxil edilən hər bir elementə strateji yanaşmanın təmin olunması həlledici xarakter daşıyır və dövlətin iqtisadi siyasətinin bütün işlək alətləri bu mühüm vəzifənin reallaşdırılması hədəflərinə adekvat səviyyədə olmalıdır [7]. Bir sıra dünya ölkələrinin təcrübəsindən yanaşsaq, postneft illərində əhalinin maddi rifah halını səciyyələndirən və real təsəvvür yaradan göstəricilərdə baş verən
dəyi­şikliklərin qiymətləndirilməsi, əslində insan­ların həyata səviyyəsini və yaşayış keyfiyyətinin yaxşılaşdırılmasının əsas istiqamətlərinin müəy­yən edilməsində və müvafiq sahələr üzrə dövlət proqramlarının işlənib hazırlanmasında müstəsna əhəmiyyətin daşıyacağını gözləmək olar [8]. Buna görə də, müasir qlobal problemlərin artdığı bir dövrdə iqtisadiyyatın neftdən asılılığın, ümumiyyətlə enerji resurslardan asılılığın minimuma endirilməsi və şaxələndirilmiş milli iqtisadiy­yat strukturunun təşkil edilməsi zərurəti daha çox diqqət çəkir.
Bir qrup neft hasil edən dünya ölkələrinin təcrübəsinə və iqtisadi inkişaf proseslərinin modelləşdirilməsi xüsusiyyətlərinə baxsaq, görmək mümkündür ki, hər bir neft ölkəsi özünün milli iqtisadiyyatını bütün vasitələrlə şaxələndirməyə səy göstərir və bunun üçün müxtəlif tədbirlər görür. Belə ki, dünyanın müxtəlif iqtisadi inkişaf xüsusiyyətlərinə, prinsip və meyarlarına, iqtisadi sistem fərqlərinə mənsub olan ölkələrin, eyni zamanda müxtəlif dünya regionlarında yerləşən ölkələrin təcrübəsinə, iqtisadi inkişaf modelinin təşkili və formalaşdırılması məsələlərinə diqqət yetirdikdə bunun şahidi olmaq mümkündür. Dünya neft hasilatının onun həcminə görə önündə gedən Səudiyyə Ərəbistanı milli iqtisadiyyatını ilk növbədə neft hasilatı və gəlirləri hesabına təşkil etmişdir. Bunun ifadəsi kimi, ölkə ÜDM-nin strukturunda neftin payı 45 %, dövlət büdcəsinin gəlirləridə isə neft gəlirləri 75 %, ixracda isə neft və neft məhsullarının payı 90 % təşkil edir [9]. Amma ölkədə qeyri-neft sahələrinin fəaliyyətinin genişləndirilməsi istiqamətində də əsaslandırılmış hədəflər və prioritetlər vardır. Məsələn, qeyri-neft sektorunun canlandırılmasında və inkişafında qaz xammalının səmərəli şəkildə emalı proseslərinin təşkili və bununla bağlı qaz emalı zavodlarının yaradılması təmin olunmuşdur. Ölkədə fəaliyyət göstərən nisbətən 5 iri qaz emalı zavodlarında gün ərzində 25 mln. tona yaxın təbii qaz emal olunur və yüksək gəlir mənbəyi formalaşdırılıb. Bundan başqa, ölkənin iki iri neftkimya şirkətlərinin - SABİC və Saudi Aramconun sayəsində böyük həcmdə investisiyalar yönəldilmiş və ümumilikdə neftkimya məhsullarının istehsalının orta illik həcmi 60-70 mln. tona qədər yüksəlmişdir [10]. Mühüm neftkimya məhsulları kimi karbohidrogen xammalları – neft və qaz xammalarının emalı nəticəsində alınan qiymətli məhsullar:1) polipropilen; 2) polikarbonat; 3) etilen; 4) propilen; 5) polietilen; 6) vinilxlorid, polivinilxlorid; 7) etan; 8) propan; 9) müxtəlif olefinlər və s. daha böyük üstünlük təşkil edirlər. Birləşmiş Ərəb Əmirliklərinin iqtisadi inkişaf proseslərinin xüsusiyyətlərindən baxsaq, görmək mümkündür ki, ölkənin əldə etdiyi nailiyyətləri baxımından iqtisadi inkişaf modelinin formalaşdırılması ilə bağlı yanaşmalarda qeyri-neft sektorunun diversifikasiyalaşdırılmasına böyük önəm verilməkdədir. Ölkə iqtisadiyyatı kifayət qədər çoxşaxəli inkişaf səviyyəsinə qalxmış və xüsusilə xidmət sahəsinin güclü inkişafı sayəsində Dubay şəhəri dünyanın əsas ticarət mərkəzlərindəın birinə çevrilmişdir. Belə ki, güclü inkişaf etmiş neft sahəsi ilə bərabər, dünya standartları səviyyəsində infrastruktur formalaşdırılmış, nəqliyyat kommunikasiyası təmin edilmiş, kifayət edəcək qədər mənzil fondu yaradılmış, təhsil və səhiyyə sistemi ən yüksək səviyyədə inkişaf etdirilmişdir. Ölkə iqtisadiyyatının neftdən asılılığının azaldılması istiqamətində görülən işlər nəticəsində bu məqsədə nail olunmuş və qeyri-neft sektoru sahələrində əhəmiyyətli nailiyyətlər qazanılmışdır [11]. İlkin növbədə, turizm və ticarət sektorunun əhəmiyyətli səviyyədə inkişaf etməsi nəticəsində ölkə iqtisadiyyatının neftdən və qazdan asılılığı ciddi şəkildə azaldılmışdı [12]. Neftkimya, alüminium, sement zavodları, mineral gübrə və yuyucu maddələr istehsal edən rəqabətqabiliyyətli müəssisələr şəbəkəsi yaradılmışdır. Bundan başqa, Birləşmiş Ərəb Əmirliklərində azad iqtisadi zonalardan səmərəli istifadə hesabına kimya, neftkimya, avtomobil kompaniyalarının külli miqdarda investisiyaların yatırılması, istehsal, emal və komplektləşdirici sahələrin yaradılması və məhsuldar istismarına imkan verən cəlbedici fəaliyyət mühiti formalaşmışdır [13].
Bir sıra postsovet respublikaları da öz milli iqtisadiyyatında neft-qaz resurslarından asılılığı azaltmaq üçün tədbirlər görməkdədir. Qeyri-neft sektoru üzrə Azərbaycanın əsas tərəfdaş ölkəsi olan Rusiyada iqtisadiyyatın strukturunda, və ölkə ÜDM-nin formalaşdırılmasında xidmət sektorunun payı hər il yüksəlməkdədir və artıq bu göstərici 70 %-ə çatmaqdadır. Hasilat və emal sənayesi sahələrinin payı isə 26 % səviyyəsindədir və kənd təsərrüfatının ölkə iqtisadiyyatınında payı isə 4 %-ə bərabərdir [14]. Hazırkı qlobal şəraitdə Rusiya onun qeyri-neft sektorunda strateji əhəmiyyət kəsb edən kimya və neftkimya kompleksinin modernləşdirilməsi, yüksək texnologiyaların tətbiqi hesabına məhsuldarlığın artırılması məsələlərinə ciddi yanaşmaqdadır. Əlavə istehsal zənciri üzrə ixracyönlü istehsal sahələrinin genişləndirilməsi və ixrac potensialının artırılması nöqteyi-nəzərindən Rusiyada kimya və neftkimya komleksinin potensialından səmərəli istifadə edilməsi üçün davamlı tədbirlər görülməkdədir. Qeyd olunan amillər baxımından Rusiya qaz və neftkimyanın inkişaf etdirilməsinə dair 2030-cu ilədək olan dövrü əhatə edən inkişaf strategiyasını reallaşdırmaqdadır [15]. Belə ki, 2030-cu ilədək olan dövrdə qaz emalı və qaz-kimyası müəssisələrinin genişləndirilməsi hesabına alınacaq məhsulların, eyni zamanda əksəriyyəti ixracyönlü olan bu məhsulların orta illik həcminin 35 milyon tona qədər çatdırılması qarşıya əsas vəzifə kimi qoyulmuşdur. Rusiya növbəti 10-15 il ərzində neft-kimya kompleksi­nin ölkənin ən gəlirli və yüksək sürətlə inkişaf edən qeyri-neft sektoru sahələrindən birinə çevrilməsini əsas hədəf kimi qəbul etmişdir [16]. Digər bir postsovet respublikası olan Qazaxstanın qeyri-neft sektorunun inkişafı ilə bağlı təcrübəsi diqqət çəkir. Belə ki, Mərkəzi Asiyanın iqtisadi potensialının 60 %-dən çoxu Qazaxıstanın payına düşür [17]. Son 20 il ərzində Qazaxıstan neft hasilatını gücləndirmək istiqamətində davamlı tədbirlər görməkdədir və əldə olunan gəlirlərdən qeyri-neft sektorunun inkişafı istiqamətində geniş şəkildə istifadə edilir. Bu tədbirlərdə Qazaxistanın milli neft-qaz xarici şirkətlərinin rolu da hər il artmaqdadır. Belə ki, Qazaxıstanda ən iri neft hasilat edən şirkət "Tengiz Şevroil" yanaşı, milli şirkətlər olan "Karaçaqanak" neft operatoru, "Kazmnayqaz" neft kompaniyası və "Aktobeunayqaz" kompaniyası artıq dünya neft bazarında tanınmağa başlamışlar və bu kompaniyaların güclənməsi ölkənin qeyri-neft sektoru sahələrinə də müsbət mənada yaxşı təsir etmişdir. Qazaxıstanda milli iqtisadiyyatın diversifikasiyalaşdırılması və qeyri-neft sektoru sahələrinin inkişaf etdirilməsi hesabına milli iqtisadi inkişaf modelini qlobal şəraitdə gücləndirmək mümkün olmuşdur. Ölkədə qeyri-neft sektoru sahələrinin inkişaf etdirilməsinə davamlı şəkildə investisiyaların yatırılması və strateji münasibətlərin təmin edilməsi nəticəsində iqtisadi inkişaf modeli əhəmiyyətli səviyyədə dayanıqlılıq potensialı yaranmışdır. Məsələn, 2003-2015-ci illərdə həyata keçirilən “Yeni Sənaye İnkişaf Proqramı”nın hesabına qeyri-neft sektorunun sənaye sahələrinin modernləşdirilməsi və yüksək texnologiyalar əsasında inkişaf etdirilməsi reallaşdırılmışdır. Sənaye sahələri ilə bərabər, Qazaxistanda kənd təsərrüfatının inkişafında səmərəli fəaliyyət mexanizmlərinin tətbiqi təmin edilmişdir. Belə ki, güclü potensiala malik aqrar sahə formalaşdırılmış, sənayeləşdirilmiş və şaxələndirilmişdir [18]. Qeyri-neft sektoru sahələrinin inkişafında innovatik yanaşmaların təmin olunması, bu sahələrin innovasiyalaşdırılması proseslərinin sürətləndirilməsi və yüksək keyfiyyətli innovasiya məhsullarının alınması tədbirləri daha geniş formada diqqət mərkəzindədir [19]. Eyni zamanda, 2025-ci ilədək olan dövrdə Qazaxıstanın strateji inkişaf proqramında yaxın və uzunmüddətli hədəflər müəyyənləşdirilmiş və milli iqtisadiyyatın rəqabətqabiliyyətinin artırılması, bunun üçün qeyri-neft təmayüllü iqtisadiyyat sahələrinin inkişafının daha da intensivləşdirilməsi nəzərdə tutulmuşdur[20].

YEKUN
Qeyri-neft sektorunun müasir dövrün tələbləri səviyyəsində formalaşdırılması, onun əsas fəaliyyət mexanzimlərinin təkmilləşdirilməsi istiqamətində Azərbaycan da regionun və dünyanın dinamik inkişaf edən ölkələrindən biri kimi özünəməxsus inkişaf modeli gücləndirməkdədir. Xüsusilə, regionların potensialından səmərəli istifadə olunması sayəsində qeyri-neft sektorunun inkişafının intensivləşdirilməsi mümkün olmuşdur. Hazırda qlobal təsirlərlə yanaşı, Böyük Qarabağ zəfərindən sonra bu sektorun inkişafı üçün obyektiv reallıqlar formalaşmışdır və bunlar nəzərə alınmaqla bir sıra amillərin nəzərə alınması vacibdir:
- qeyri-neft təmayüllü iqtisadi inkişaf modellə­rinin mütərəqqi və məhsuldar göstəricilərindən və xüsusiyyətlərindən yanaşmaqla, qlobal təsirlərə qarşı güclü immunitet nümayiş etdirən milli iqtisadiyyat strukturunun formalaşdırılması vacibdir;
- qeyri-neft sektoru sahələrinin inkişafı üzrə dünya təcrübəsindən istifadə proseslərin sürətləndirilməsinə ehtiyac duyulur;
- Azərbaycanın qeyri-neft sektoru sahələrinin inkişaf prioritetləri işğaldan azad olunmuş ərazilər nəzərə alınmaqla, yenidən baxılmalı və təkmilləşdirmələr aparılmalıdır və s.

Açar sözlər: qeyri-neft sektoru, qeyri-neft sahələri, iqtisadi inkişaf, iqtisadi model, iqtisadi inkişafın modelləşdirilməsində dünya təcrübəsi, qeyri-nef sektorunun inkişaf perspektivləri.

ƏDƏBİYYAT SİYAHISI
1. Kazımova Ə.X. Qeyri-neft sektoru sahələrinin fəaliyyətinin və maliyyə mənbələrinin gücləndirilməsi problemləri və perspektivləri. // Jurnal “Geostrategiya”, №1, 2017.-S.40-43.
2. Алиева Р.В. Проблемы совершенствования экономических механизмов устойчивого развития ненефтяного сектора экономики Азербайджана. Автореферат д.ф.э. Гянджа, 2016.-26 с.
3. Əliyev Ü.Q. Milli inkişaf modelinin formalaşmasında iqtisadi prinsiplərin rolu. Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Xəbərləri, İl 3, Cilld 3, Yanvar-Mart, 2015, S. 4-13.
4. Sexla S.Y., Voloşin A.İ. Milli iqtisadiyyatda dövlət sektorunun tənzimləyici rolu və fəallığı. Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Xəbərləri, İl 1, Cilld 1, Oktyabr-Dekabr, 2013, S. 6-18.
5. Богатырева О.Н., Шмулевич Т.В. Теоретические основы экономического анализа. Санкт-Петербург, СПБГТУРП, 2011, 58 с.
6. Кязымова А.Х. Проблемы и механизмы регулирования деятельности ненефтяных сферы промышленности Азербайджана в контексте стратегические дорожные карты. // USA, Philadelphia. Technology and science. 30.12.2017, Year: 2017 Issue: 12 Volume: 56. Международный научный журнал ISJ Theoretical & Applied Science, p.157-164.
7. Воронцовский А.В. Современные подходы к моделированию экономического роста // Вестник СПбГУ. Серия 5: Экономика. 2010. №3., C.105-119.
8. Quliyev C. İqtisadi inkişaf və ictimai rifah // AMEA-nın Xəbərələri. İqtisadiyyat seriyası, 2019 (iyul-avqust), S. 11-17.
9. Madawi Al-Rasheed. A Most Masculine State: Gender, Politics and Religion in Saudi Arabia, 2013, 333 p.
10. Нефтехимия Саудовской Аравии покоряет новые горизонты. - https://e-plastic.ru/news/neftekhimiya-saudovskoi-aravii-pokoryaet-novye-gorizonty_12/.
11. Экономика Арабских Эмиратов: состояние и прогнозы. https://www.thefirstgroup.com/ru/news/ehkonomika-oaeh-v-2018-i-2019-gg/.
12. Экономика Объединенных Арабских Эмиратов. Роль ОАЭ в мировой экономике. - http://www.gecont.ru/articles/econ/oae.htm.
13. Əliyev Ş.T. Xüsusi iqtisadi zonaların tətbiqi problemləri. Bakı: Azərbaycan Respublikasının Prezidenti yanında Elimin İnkişafı Fondu, 2012. -360 s.
14. Сударкина Е.С. Анализ структуры российской экономики на современном этапе и перспективы развития // Экономика и Управление, 2016 №1 с. 57-58.
15. Рынок полимеров в мире и России. Нефтехимия в России: выбор вектора развития. - https://www.ey.com.
16. Нефтехимия – одна из наиболее прибыльных и быстро развивающихся отраслей в мире. Россия должна ставить более амбициозные планы в этой сфере, чтобы не проиграть в усиливающейся конкуренции.- http://komitet2-13.km.duma.gov.ru/Novosti-Komiteta/item/15048569/.
17. Türk yurdları: Qazaxıstan haqda nə bilirik? http://strateq.az.
18. Экономика Казахстана – одна из самых быстрорастущих в СНГ. - https://camonitor.kz/33335-ekonomika-kazahstana-odna-iz-samyh-bystrorastuschih-v-sng.html.
19. Стратегии и программы РК. Стратегия «Казахстан- 2050».- http://www.akorda.kz/ru/official_documents/strategies_and_programs.
20. Альмереков Н.А., Кашкимбаева К.Б. Экономика Казахстана: современное состояние, проблемы и пути решения // Экономика и бизнес: теория и практика. 2018. № 12-1, s. 27-32.

РЕЗЮМЕ
Мировой опыт моделирования экономического развития ненефтяных отраслей
В статье исследован мировой опыт моделирования экономического развития ненефтяных отраслей. С этой целью раскрыта сущность и значимость моделирования развития ненефтяных сфер и диверсификации национальной экономики в условиях роста глобальных воздействий. Исследованы мировые подходы и механизмы эффективной организации и развития ненефтяных отраслей экономики страны. Рассмотрен прогрессивный опыт ряда стран мира - механизмы расширения деятельности ненефтяных секторов экономики. Подробно анализированы существующие подходы к развитию ненефтяных сфер в Саудовской Аравии, Объединённых Арабских Эмиратах, России и Казахстане, которые считаются нефтедобывающими странами. Отмечена важность глубокого изучения мирового опыта и обеспечения повышения конкурентоспособности национальной экономики путём диверсификации ненефтяных отраслей. Подготовлены предложения и рекомендации по усилению роли ненефтяных секторов экономики с учётом минимизации негативных последствий пандемии COVID-19 и с учетом освобождённых от армянских захватчиков территорий.

Ключевые слова: ненефтяной сектор, сфера ненефтяного сектора, экономическое развитие, экономическая модель, мировой опыт в моделировании экономического развития, перспектива развития ненефтяного сектора.

SUMMARY
World experience in modeling the economic development of non-oil industries
The world experience in modeling the economic development of non-oil industries is investigated in the article. The essence and significance of modeling the development of non-oil spheres and the diversification of the national economy in the context of growing global impacts is analyzed for this purpose. World approaches and mechanisms of effective organization and development of non-oil sectors of the country's economy are studied then. The progressive experience of a number of countries of the world - mechanisms for expanding the activities of non-oil sectors of the economy is considered. Existing approaches to the development of non-oil spheres in Saudi Arabia, the United Arab Emirates, Russia and Kazakhstan, which are considered oil-producing countries, are analyzed in detail. The importance of studying the world experience and ensuring the competitiveness of the national economy by diversifying non-oil industries is noted. Proposals and recommendations to strengthen the role of non-oil sectors of the economy, taking into account the minimization of the negative consequences of the pandemic COVID-19 and taking into account the territories liberated from the Armenian invaders are given at the end of the article.

Key words: non-oil sector, sphere of the non-oil sector, economic development, economic model, international experience in modeling of economic development, prospect of development of the non-oil sector.