MİLLİ MENTALİTETİN İQTİSADİ PROYEKSİYASI: HƏQİQƏT AXTARIŞINDA... 

Post image

Əvəz Bayramov
İqtisad elmləri doktoru, professor,
Azərbaycan Dövlət İqtisad Universiteti

E-mail: [email protected]

A.Smitin “iqtisadi insan”ı – Qərb sivilizasiyasına
və katolik dininə mənsub olan bir “ingilis”dir.
Müəllif

GİRİŞ
Dünya yol ayrıcındadır... Modernist paradiqmanın böhranı və paralel olaraq moderniz­min “doğurduğu” milli varlığı konkret məna ilə “yükləyən” dəyər – konseptlərin “infliyasiyası” birgə yaşayış qaydalarında kardinal mahiyyət dəyişikliyi ilə müşaiət olunmaqdadır...
Milli varlığın “iqtisadiləşməsi” dərəcəsi artıq o nöqtəyə çatıb ki, hətta insan həyatının mənası belə iqtisadi təfəkkür tərəfindən müəyyənləşdirilir. Özü də, milli yaxud sivil kimliyi olmayan, ümumbəşəri abstraktsiyanl ifadə edən, hamı və hər kəs üçün yeganə doğru (oxu: haqq yolu) yolu göstərən, ictimai həyatın bütün spektrinin (siyasi, sosial ideoloji, mənəvi və s.) requlyatoruna çevrilmiş iqtisadi təfəkkürdən söhbət gedir...
Amma... neoliberal ritorikanın “vurğunu” olanlar unudurlar ki, təfəkkürün bütün formaları, o cümlədən, iqtisadi təfəkkür, istisnasız olaraq milli spesifikanı özündə əks etdirir.
Yəni, inkişaf səviyyəsindən asılı olmayaraq, əksər ölkələrdə cəmiyyətin sosio – mədəni tipinə adekvat olan milli iqtisadi təfəkkür mövcuddur. O, iqtisadiyyatı əlahiddələşmiş bir konstruktsiya kimi “görmür” (zatən, bu heç mümkün də deyil), onu cəmiyyətin bütün fəaliyyət sferaları ilə üzvi bağlılıqda təsəvvür edir.
Və bu anlamda da , iqtisadiyyatda milli spesifikanın əhəmiyyətli yerə malik olduğunu ortalığa qoyur.
Eyni zamanda, milli iqtisadiyyat – hal – hazırda hakimi – mütləq olan (qlobal elmi fikirdə) universalizmin nəinki inkarı deyil, hətta onun bir çox konsept – dəyərlərindən (sırf iqtisadi məzmunlu) yararlanır yaxud yararlanma aspektindən kəskin qadağaları yoxdur (“kəskinlik” prizmasından islam dövlətləri xaric). Digər tərəfdən, qloballaşmanın (iqtisadi) böyük intensivliklə getdiyi, qlobal rəqəmsal mühitin sürətlə formalaşdığı bir dövrdə “milli iqtisadiyyat” anlayışını qabartmaq – hansısa bir nəzəri təxəyyülün gəldiyi qənaət deyil, qlobal sosio – iqtisadi və sosio – mədəni gerçəkliyin doğurduğu məntiqi zərurətdir. Milli varlığın gələcəyini nəyə yaxud nələrə biət etdiyi məlum olmayan (insani fəzilətlər nöqteyi – nəzərindən), həyatın mənasını faydanın maksimumlaşdırmasında görən qlobal kapitalın “insafına” buraxmaq – geri görüşü mümkünsüz olan humanitar fəlakətə yol açmaq deməkdir.
Beləliklə, biz insan cəmiyyətini – liberal yozumda (fərdlərin mexaniki cəmi/məcmusu) deyil, konkret məzmunlu milli – mental/sivil/dini dəyərlər əsasında təşəkkür tapmış canlı “orqanizm” keyfiyyətində görürük. Bu anlamda, cəmiyyətin bütün fəaliyyət sahə və sferaları arasında üzvi bağlılığın olduğunu, bütün fəaliyyət spektri üzrə izomorfluq prinsipinin gerçəkliyini, həqiqət kimi qəbul edir, sahə və sferalar arasında mühümlülük aspektindən hər hansı bir ierarxiyanın mövcudluğunu inkar edirik... Belə ki, bu sahə və sferaların hamısı, əslində bərabər güclüdür və birmənalı olaraq milli varlığa immanentdirlər... İqtisadiyyat – mühümdür, vacibdir, iqtisadi artım olmadan cəmiyyətin və daha konkret formada, milli varlığın mövcudluğu və gələcəyi böyük şübhə altına düşə bilər... Lakin, məhz həmin iqtisadi artımın gerçəkləşməsi milli mentalitet dəyərlərlə çulğalaşmış sistemin ortalığa qoyduğu effektdir. Yəni, iqtisadiyyat – “təkbaşına” bu yönümdə funksional fəaliyyətini həyata keçirə bilməz.
Cəmiyyətin iqtisadi altsisteminin milli varlığa immanentliyi (bunu – zəruri və qaçılmaz hesab edirik) nöqteyi – nəzərindən formalaşdırdığımız nəzəri – konseptual müddəaların verifikasiyası - əlbəttə ki, aparılmalıdır.
Təbii ki, bu proses (verifikasiya) çoxlu sayda və müxtəlif məzmunlu, müxtəlif yönümlü dəyişənlərin tam şəkildə əhatə olunmasını tələb edir. Yəni, kifayət qədər mürəkkəb və ziddiyyətli səciyyə daşıyır. Həm də, bu qəbildən olan araşdırmaların yaxud nəzəri – konseptual müddəaların həqiqiliyinin yoxlanılması – kollektiv yanaşma tələb edir. Çağdaş situasiyada belə bir imkanın yoxluğunu nəzərə alaraq, çox sadə bir yolla hərəkət etmək qərarı aldıq... Müxtəlif milli spesifikaya malik olan ölkələr qrupu arasında müqayisə aparmaqla, həmin spesifikliyin nəzəri təsvirini verməyə çalışacağıq. Verifikasiya – təkcə milli deyil, həm də sivilizasiya mənsubiyyətliliyinin təzahür formalarını aşkarlama imkanı yaradacaqdır. Beləliklə, qeyd etdiyimiz yönümdə 3 qrup ölkələri (slavyan, ərəb və türk) müqayisə edəcəyik.

Müqayisəli qiymətləndirmənin nəzəri – metodoloji platforması...
Milli iqtisadiyyat, milli iqtisadi sistem – müasir elmi fikirdə ikili anlam daşıyır:
1)Etnik mənsubiyyətli identikliyi özündə ehtiva edən anlayış: “Qan eyniliyi” qrupu;
2)Vətəndaşlıq mənsubiyyətli identikliyi özündə ehtiva edən konstruktsiya; “Torpaq eyniliyi” qrupu;
Modern eranın ilkin başlanğıcında gətirdiyi “millilik” məhz etnik kökənin eyniliyini ehtiva edirdi.
XIX əsrin birinci yarısında Fransa (Napoleon) vətəndaş “milliliyi” anlayışını ortalığa qoydu. Etnik mənsubiyyətindən asılı olmayaraq Fransada yaşayan və Fransada dünyaya gəlmiş hər kəs (istisnasız olaraq) fransız adlandırılmağa başlandı. Çox tezliklə bu yenilik bütün Qərbi Avropanı əhatə etdi... Elə indiki dövrdə də millilik, milli iqtisadiyyat anlayışları böyük əksəriyyət tərəfindən “fransızca” dərk edilir...
Bizim yanaşmamızda milli iqtisadiyyat – hər şeydən əvvəl etnik mənsubiyyətli iqtisadiyyat kimi tövsif olunur. Hesab edirik ki, gerçəkliyi olduğu kimi anlamaq – mövcudluq və inkişafın təminatında həlledici rol oynayır... Vətəndaş həmrəyliyi – bir qayda olaraq, dövlət quran millətin mental – dəyərləri bazasında formalaşan sosial yaranışdır.
Əks təqdirdə, vətəndaş həmrəyliyi mümkünsüz hala gələ bilər. Bizim baxış bucağımızın mərkəzində milli mentalitetin yaşam standartları ilə bağlılıq dərəcəsini aşkarlamaq istəyi dayanır. Yəni, problemin qoyuluşu – sırf iqtisadi məzmun daşıyır. Bu mövqenin siyasi – ideoloji müstəvidə interpretasiyası – həm mənasız və əhəmiyyətsizdir, həm də sözügedən həmrəyliyi (vətəndaş) pozmaqdan qeyri bir işə yaramır. Eyni zamanda, mövzunun spekulyativ diskursun predmetinə çevrilməməsinin hüquqi qarantiyası olmalıdır. Bunun üçün “dövlətquran millət” ifadəsinin ölkənin konstitusiyasına daxil edilməsi kifayətdir. Bir sözlə: söhbət hansısa (birgə yaşayış qaydaları nöqteyi – nəzərindən) ayrı – seçkilikdən, etnik mənsubiyyətə görə qradasiyalara bölünmədən və s. getmir. Əsas hədəf: sosio – iqtisadi inkişaf prosesinin dəyərtutumunun “xalis”liyi probleminin həllidir. Ona görə ki, dünya təcrübəsinin də göstərdiyi kimi, inkişaf etmək istəyən sosiumun/cəmiyyətin sadəcə olaraq, alternativi yoxdur.
N. Berdyayev yazırdı ki: “... Millət anlayışına təkcə bəşər aləmi deyil, eləcə də məbəd, saray və imarətlərin tikildiyi daşlar, qəbir daşları, köhnə əlyazmalar və kitablar daxildir. Millətin iradəsini anlamaq üçün həmin daşları eşitmək, saralmış səhifələri oxumaq lazımdır” [2,səh.101].
Yəni, millətin iradəsini – deyək ki, səsvermə yolu ilə anlamaq, istənilən halda hissəvi səciyyə daşıyacaqdır. Anlamanın tamlığı zamanca ölçülən qiymətləndirmədir: “keçmiş”, “indi” və “gələcək” zaman moduslarının hər birində milli iradənin dərkedilməsi tələb olunur. Millət – fövqəlzaman statuslu yaranışdır. Millətin əldə etdikləri və ümumiyyətlə, ona məxsus olan nə varsa, nəsillərarasında proporsional şəkildə bölünməlidir.
İqtisadi hadisə və proseslərə milli baxışın əsas istinad “nöqtələri” aşağıdakı müddəalardan qaynaqlanır:
1. Millət – “cəmiyyət” və “dövlət” anlayışlarından daha geniş və daha zəngin dəyərtutumuna malikdir.
Millət > Fərd + vətəndaş cəmiyyəti + Dövlət-in cəmindən çoxdur. Millətin “sərhədləri” – zaman və məkanla, siyasi və iqtisadi fəaliyyətin prinsip və qaydaları ilə məhdudlaşmır. Bu aspektdən – millətin “sərhədi” yoxdur. Sərhəd məhdudiyyəti – yalnız və yalnız dəyər ölçülüdür.
2. Millət – müstəqil sosial varlıqdır. Bu varlığın əsas struktur elementi – sosio – mədəni identikliyi gerçək məzmun kəsb edən azad insanlardır.
3. Millətin yaxud onun formalaşdırdığı institutsional yaranışın (milli sosio – iqtisadi sistem, dövlət) qlobal iqtisadi sistemdə özünəxas spesifik mövqeyi və yeri vardır;
4. Millətin – formalaşdırdığı cəmiyyət tipi və ona adekvat olan institutsional şəkildə qurulmuş təsərrüfat mexanizmi mövcuddur.
5. Millətin mənafeləri – hər şeydən və hər kəsdən üstündür. Spesifik formada təzahür edən dövlət mənafeyi – milli mənafelər kontekstində formalaşa yaxud yarana yaxud ödənə bilər. İndividual və korporativ mənafelər analoji məzmunda dəyərləndirilir.
6. İnkişaf vektorlarının seçilməsi, ümummilli
səviyyədə keyfiyyət yeniləşməsi prosesi və cəmiy­yə­tin tip dəyişikliyinin rasionallıq dərəcəsi milli mənafelərə adekvatlığı kontekstində qiymətləndirilir.
7. Sosial kapitalın “yabancı” (əcnəbi) dəyərlər bazasında formalaşması və inkişafın arzuedilməzdir (Bu zatən, mümkün də deyil).Sosial həmrəylik→ sosial əməkdaşlıq→sosio – mədəni identikliyin formalaşmasının yeganə bazası (qaynağı) milli – mental dəyərlər sistemidir.
Sübut etməyə ehtiyac yoxdur ki, hansı cəmiyyət tipində olmasından yaxud sosio – iqtisadi inkişaf səviyyəsindən asılı olmayaraq, ayrıca götürülmüş hər bir ölkənin nail olmağa canatdığı əsas hədəflər sırasında sosial bütövlük, sosio – mədəni identiklik ön yerlərdən birini tutur. Bu yönümdə çoxlu sayda faktlar mövcuddur. Məsələn, son dövrlərdə Fransada yaşanan sosial konfliklərin əsas qaynağı – ölkə əhalisinin bir qrupuna münasibətdə “fransız” identikliyinin gerçəkləşməməsidir. İslam peyğəmbərinə qarşı həyata keçirilən tərbiyəsizliyin kökündə məhz bu amil dayanır: Etnik mənsubiyyətindən və dini əqidəsindən asılı olmayaraq, vətəndaş – fransız və xristian kimi davranmalıdır (dəyərlər nöqteyi – nəzərindən). Paradoksal yanaşmadır:
Bir ərəbin (müsəlmanın) fransız (xristian) olmayacağı bəllidir. Deməli, bu halda ya situasiya olduğu kimi qəbul edilməlidir, ya da ərəbi “fransız” adlandırma...
Digər tərəfdən, nə qədər qəribə səslənsə də, sosial bütövlüyə nail ola bilməyən millətlər zaman keçdikcə məhz birləşdirici dəyərləri itirməklə deqradasiyaya uğrayır... və sonucda qəbilə/tayfa keçmişinə geri dönür. Yeri gəlmişkən, qeyd edək ki, “haralısan” sualı məhz həmin “keçmişin” əks – sədasıdır.
Sosio – mədəni identiklik: 1) Sosiumun mövcudluq şərti və inkişaf platformasıdır; 2) Markososial sabitliyin dayanıqlılığını mümkünlük vəziyyətinə gətirən fundamentdir;3)İnkişafın, o cümlədən iqtisadi inkişafın gerçəkləşməsi və sistemli xarakter almasının əsas sütun dayaqlarından biridir;4) Milli varlığın varoluşunun substansiyası, keyfiyyət xarakteristikasıdır;5)Dövlət müstəqilliyini və iqtisadi suverenliyi qoruyan “mühafizə zolağı”dır;6) İnsanlıq qaydası – sosial ədalətin mental modeli­ni formalaşdıran, üzvi bağlılıqda olan dəyərlər məcmusudur və s.
Sosio – mədəni identiklik: sivil, milli, ideoloji, əxlaqi – etik və dini dəyərlərin sistem bütövlüyündən qaynaqlanan inteqral fenomenidir. Sosio – mədəni identikliyi yaradan sosial hərəkətin məntiqi ardıcıllıqla baş verən təzahür formalarının (sosial həmrəylik → sosial əməkdaşlıq) gerçəkləşməsi sadalanan dəyərlərin sistem bütövlüyü bazasında baş verir... Göründüyü kimi, sosio – mədəni identiklik milli varlığın bugünü və gələcəyinin fundamental bazası keyfiyyətinə sahibdir.
İdentiklik və onun dayanıqlılığı çoxsaylı amillər kompleksinin qarşılıqlı optimal bağlılıqlarından alınan sinergiyanın üzərində qərarlaşır. Bu yönümdə, iqtisadi komponent önəmli təsir gücünə malik olur. İqtisadi effektin/faydanın proporsional və ədalətli bölgüsü – xüsusi əhhəmiyyət kəsb edir...
Və eyni zamanda, təsir birtərəfli deyil, qarşılıqlı səciyyə daşıyır. Müəyyən şərtlərin mövcudluğu halında sosio – mədəni İdentiklik – iqtisadi resurs keyfiyyətində çıxış edir. Sözügedən bağlılıq (qarşılıqlı)iqtisadi təfəkkürün anlaya biləcəyi bağlılıq deyildir.
O anlamda ki, sosio – mədəni identikliyin formalaşması və qorunması iqtisadi effektin aramsız yüksəlişindən daha böyük əhəmiyyətə malikdir. Bu rakursdan aksiomatik məzmunlu qənaətlərə belə gəlmək olar:
- Ədalətli və proporsional (ən azı nəsillər arası) bölünən sabitqədəmli iqtisadi effekt (artım),qeyri – proporsional və ədalətsiz bölünən maksimal səviyyəli effektdən (iqtisadi artımdan) daha sərfəli və daha çox rasionaldır:
Məhz bu halda faydanın – individual çərçivədən daha geniş olan ümummilli səviyyədə maksimumlaşdırılması baş verir. Sosial – mədəni identikliyi mühafizə etmədən, qeyd olunan maksimallaşma gerşəkləşə bilməz.
Beləliklə, sosio – mədəni identiklik – təkcə sosial deyil, həm də siyasi, ideoloji və iqtisadi anlamda bütövləşmə, “vahidləşmədir”... Yəni, o təkcə dəyərlərin harmoniyası, inteqrasiyası deyildir.
Sosio – mədəni identiklik- formalaşdırılandır; Məqsədyönülü şəkildə harmoniyanın yaradılması prosesi və nəticəsidir. Onun əsas qaynağı milli mentalitet, milli mental dəyərlərdir. Çoxmillətli ölkələrdə dövlət quran millətin mental spesifikası ön plana çıxır. Təbii ki, qarşılıqlı zənginləşmə, bir sıra “yabançı” dəyərlərin “özününküləşdirilməsi” prosesi də gedir. Amma qeyd etdiyimiz “qarışıqlıq”, nəticə etibari ilə elə bir əhəmiyyətli rol oynamır.

Gerçəkliyin empiкik təsviri
Əksər inkişaf parametrləri üzrə müqayisə 3 ölkə qrupunu əhatə edir: 12 slavyan ölkəsindən 5-i, 22 ərəb ölkəsindən də 5 ölkə, eləcə də türk ölkələrinin hamısı (6 ölkə) apardığımız araşdırmada yer almışlar.
Hər şeydən əvvəl, qeyd edək ki, hər üç qrup – daxili sosio-siyasi və sosio – iqtisadi təbiəti prizmasından homogen deyildir. Belə ki, slavyan ölkələri - ən azı bir əlamət üzrə fərqli hərəkət trayektoriyasındadırlar. Sabiq SSRİ-nin tərkibində olan və 1990 –cı illərin əvvəllərində dövlət müstəqilliyi əldə etmiş ölkələrlə, şərqi Avropada yerləşən ölkələr arasında kəskin fərqliliklər möcvuddur. Hətta, bu ölkələrin qarşılıqlı münasibətlərində belə sosialist keçmişindən qalma problemlər bu gün də öz aktuallığınl saxlamaqdadır.
Və bu problemlər artıq slavyan ölkələri arasındakı qarşılıqlı münasibətlərdə böyük uçurum yaratmışdır. Avropa slavyanları – çox qısa bir zaman surəcində Ukraynanı öz “müstəvilərinə” çəkməyə və Rusiyadan ayırmağa nail ola bildilər. Eyni sosio-mədəni identikliyə sahib olan toplumların fərqli sistemlərdə yaşaması yaxud birgə yaşayış qaydalarının fərqli məzmunda mövcudluğunun ideya qaynağı provaslav dəyərlərinin “izafi” yaxud “aşırı” səviyyədə ruhi anlam daşımasıdır. Hər şeylə razılaşma fəlsəfəsi, “...Köynəyini istəyənə üst paltarını da ver”, “... Bir üzünə şillə vururlarsa, o biri üzünü də çevir” [3] tipli çağırışların sosiumun təfəkküründə yer alması – istənilən situasiya ilə barışma anlamını daşıyır. Hələ II dünya müharibəsində Avropa slavyanları Alman ordusunun tərkibində Şərqi slavyanlara qarşı müharibədə iştirak etmişlər. Yəni, slavyan toplumunun istənilən cəmiyyət quruluşunda yaşama problemi yoxdur...
“Aşırı” səviyyəli ruhi – mənəvi dəyərlərin təfəkkür tərzində yer almasının fərqli nəticəsi olmur. Türk ölkələrində - fərqlilik yaradan yeganə şey – sosialist keçmişi və sovet imperiyasının buraxdığı və bu gün də öz aktuallığını saxlayan “dəyərlər” , qiymətləndirmə proseduralarıdır. Bu aspektdən, Türkiyə xaric, bütün türk ölkələri “deja – vyu” yaşamaqdan hələ də tam şəkildə uzaqlaşa bilməmişlər. Amma, slavyanlardan fərqli olaraq, bu ölkələrdə əməl dini olan islamın dəyər – konseptləri bazasında formalaşmış vahid milli mentalitetin daşıyıcıları olaraq qalmaqdadırlar. Hətta cəmiyyətin idarəedilməsi fəlsəfəsi belə ən azı son 600 ildə dəyişməmişdir: əksər türk ölkələrində, həmçinin Türkiyədə idarəetmə fəlsəfəsi Əmir Teymurun tətbiq etdiyi model çərçivəsində qalmaqdadır.
Bu yönümdə, zaman – zaman dəyişiklik çabaları da olmamış deyildir. Məsələn, Türkiyədə -İdarəetmə fəlsəfəsinin Atatürkdən başlayan “qərbləşmə” yönümündə yerləşidirilməsinə edilən cəhdlər, haradasa 70 il sürdü və N.Ərbakan hökümətinin hakimiyyətə gəlişi ilə durduruldu və Türkiyə - özünə, həqiqi milli varlığına geri döndü... Qısa zaman ərzində də dünyada söz sahibi olan dövlətə çevrildi.

Cədvəl 1.

Milli spesifikanın inkişaf prosesi üzərində proyeksiyası


Ərəb ölkələri də bu aspektdən analoji situasiyadadırlar. Ərəb milləti – dövlət anlayışını Məhəmməd peyğəmbərin qurduğu xilafətdən götürmüşdür. Bu ölkələrin əksəriyyətində konstitutsiyalı, yaxud mütləq monarxiya qurulmuşdur. İqtisadi inkişaf nöqteyi – nəzərindən fərqlilik kifayətqədər böyükdür. Karbohidrogen resurslara malik ölkələr öndədirlər. Yəni, ərəb dünyasının yüksək texnologiyalar sferasında hər hansı “payı” mövcud deyildir.
Beləliklə, milli spesifikasının sosio-iqtisadi sfera üzərindəki proyeksiyası çərçivəsində apardığımız empirik qiymətləndirmə nəzəri ehtimalların bir növ təsbiti kimi qəbul edilə bilər.
Müqayisə göstərir ki, iqtisadi güc (ÜDM – un həcmi) nöqteyi – nəzərindən slavyan ölkələri öndədir. Türk ölkələrinin birlikdə ÜDM – ın cəmi təkcə Rusiyanın analoji göstəricisinin 66,3% - ni təşkil edir. İkinci sırada Ərəb ölkələridir ki, adambaşına düşən ÜDM – un həcminə görə digər iki qrupu üstələyir. Bu göstəriciyə görə ən aşağı səviyyə Türk ölkələrində qərarlaşmışdır. Müxtəlif parametrlər üzrə reytinq göstəriciləri də əhəmiyyətli dərəcədə fərqlənir. Bu aspektdən üstün səviyyə ərəb ölkələrinə və Avropa slavyan ölkələrinə məxsusdur. Ümumiyyətlə, görünən bu ki, əksər xüsusi əhəmiyyət kəsb edən reytinqlər üzrə Avropa ittifaqının slavyan ölkələri və ərəb ölkələri öndədirlər. Türk dünyasında bu aspektdən formalaşmış situasiya – ağırdır. Ölkələrdən biri – Qırğızstan – dünyanın ən yoxsul 10 ölkəsi sırasındadır. Özbəkistanda da situasiya ümidverici deyildir. Həyat səviyyəsi prizmasından da türk ölkələri geridədirlər. Əksər reytinqlər üzrə bu ölkələr birinci 50 likdə yer almırlar (bəzi istisnalar­la). 2 saylı cədvəldəki məlumatlardan göründüyü kimi, adambaşına səhiyyə xərclərinin mütləq məbləğinə görə türk ölkələri – birlikdə - Qətərin analoji göstəricinin 62,9% -ni təşkil edirlər. Hər 1000 nəfər doğulana düşən 5 yaşına qədər uşaq ölümünün sayına görə ən yüksək səviyyə nümayiş etdirirlər.
Bu aspektdən, maraqlı uyğunsuzluq mövcuddur. Belə ki, türk ölkələri içərisində adambaşına düşən səhiyyə xərclərinin məbləğinə görə ilk 100-də yer alan yeganə Türkmənistandır: eyni zamanda, 5 yaşına qədər olan uşaq ölümünün sayına görə (42 – ci ölkə) bu ölkə yenə də “irəlidədir” və s.
Hətta, qrupun lider ölkəsi olan Türkiyədə də vəziyyət normal hesab edilə bilməz.
Slavyan ölkələrindəki situasiyada (Avropa ittifaqının üzvü olanlar xaric) da elə bir fərq müşahidə edilmir. Yalnız Ərəb ölkələri - ələlxüsus karbohidrogen resursları ilə zəngin olan - qeyd edilən sferada daha yüksək səviyyəyə sahibdirlər.
Ekosistemin effektivliyi yönümündə də kəskin şəkildə fərqli situasiyalar qərarlaşmışdır. Məsələn, yalnız bir göstərici – adambaşına karbon qazı (CO2) tullantısı - ətraf mühitə münasibətin fərqli olduğunu bütün çılpaqlığı ilə ortalığa qoyur. Bu aspektdən Qətər irəlidədir – adambaşına 38,8 ton karbon yazı “istehsal”! Təbii ki, qeyd edilən tullantının əsas mənbəyi karbohidrogen resurslarının hasilatı sferasıdır... Bununla belə, dəyərlər nöqteyi – nəzərindən həlledici əhəmiyyət kəsb edən amili gözardı etmək doğru olmazdı. Belə ki, ərəb dünyası islam intibahı dövrünü yaşasalarda, cahiliyyə zamanından qalma “pintilikdən” xilas ola bilməmişlər. Və bu gün də ətraf aləmə münasibətdə eyni yanaşma tərzindən çıxış edirlər... Yəni, ətraf aləmə etinasız və zərərverici münasibət – bu sosiumun milli mentallığında yer almaqdadır. 3 saylı cədvəldə isə müasir qlobal situasiyanın çağrışları ruslosunda ölkə qruplarının inkişaf yönümlülüyünü dəyərləndirən göstəricilər yer almışdır.
Məlumatlardan göründüyü kimi, inkişaf səviyyəsi ilə bağlı formalaşmış situasiya, inkişaf yönümlülük anlamında da analoji məzmun kəsb edir. Yüksək texnoloji ukladın qurulması nöqteyi – nəzərindən islam sivilizasiyasına aid olan ölkələr – həm ərəb, həm də türk ölkələri – zəruri potensiyalı formalaşdırma baxımından geriliklə üzləşmişlər.
Postsovet avrasiyasında yerləşən həm slavyan, həm də türk ölkələrində bugünə formalaşmış situasiyasının əsas səbəblərindən biri milli dəyərlər sisteminin yaxud Adəm peyğəmbərdən bu yana mövcud olan,lakin son orta əsrlərdə (modern era) aktuallaşan dəyərlərin – insan haqları, azadlıq, demokratiya və s. – anqlosakson interpretasiyasında qəbuludur. Qırğızstanın düşdüyü vəziyyətin (dünyanın ən yoxsul 10 ölkəsindən biri) əsas səbəbi, yuxarıda qeyd etdiyimiz “interpretasiyaya” aşırı bağlılıqla dəyərlərin münasibətləri formalaşdıran əlaqədardır. kardinal formada baş verən dəyişikliyinin doğura biləcəyi yeganə nəticə məhz budur!

Cədvəl 2.

Yaşam standartları nöqteyi - nəzərindən mövcud fərqliliklər

Cədvəl 3.

İnkişaf yönümlülük aspektindən qiymətləndirmə

Problemin qəbizliyi ondadır ki, qeyd etdiyimiz təsbitin həqiqiliyi şübhəsiz olsa da, onu neoklassikanın anladığı “dildə” sübut etmə imkanı yoxdur. Yəni, təsbitin verifikasiyası kəmiyyətcə ölçü prosedurunun çərçivəsinə nəinki sığmır, həm də rəqəmlərlə ifadə forması yoxdur. Ayrıca götürülmüş bir ölkənin iqtisadi mədəniyyətini formalaşdıran məlum dəyərlərin “yabançı” interpretasiyasının ön plana çıxışı – ölkədaxili iqtisadi düzənin və “oyun qaydalarının”, fərqli müstəviyə keçidi, pozulması deməkdir. Ona görə ki, iqtisadi mədəniyyət – mədəniyyətin yalnızca iqtisadi formasını deyil, həm də ümummədəniyyətin iqtisadi sferada proyeksiyasının doğurduğu unikal yaranışdır. Və hər bir ölkənin özünəxas, tarixi - genetik bağlılığın mühüm yer aldığı iqtisadi mədəniyyəti mövcuddur.
Hətta, ölkə milli müstəqilliyini itirsə, yaxud hansısa bir “imperiyanın” diqtəsi altına düşsə belə, iqtisadi mədəniyyətin milli özünəməxsusluq keyfiyyəti uzundövr ərzində öz varlığını qoruyub saxlayır.


Azərbaycan: milli mentallığın strateji əks – sədası
2008 – ci il böhranı, dünya iqtisadiyyatının əsas güc mərkəzlərinə iqtisadi effektin ənənəvi – stereotip yanaşma çərçivəsində artım potensiyasının tükəndiyi gerçəkliyini anlatdı. Rəqəmsal transformasiyaya sistemli keçid qərarı verildi. Böhran – Azərbaycan iqtisadiyyatına, ən ümumi formada qiymətləndirsək – 2 mlrd. dol. zərər vurdu...
Bununla əlaqədar olaraq, hökumət – ekzogen – qlobal mühitin kəskin konyunktur dəyişikliklərinin doğurduğu təhlükə və təhdidləri neytrallaşdırmaq yönümündə sistemli axtarışlara rəvac verirdi... Prosesin sonucu olaraq, 2012 – ci ildə “Azərbaycan 2020: gələcəyə baxış” strateji inkişaf konsepsiyası qəbul olundu. 2020-ci ilə qədər, yəni 8 il ərzində ölkənin inkişaf etmiş ölkələr kateqoriyasına keçməsini hədəfləyən konkret vəzifələr müəyyənləşdirildi (cəd.4).
8 illik (2012-2020) dinamikanın əks olunduğu cədvəldən göründüyü kimi, gözlənilən effektə nail olunmayıbdır: əksinə, tənəzzül müşahidə edilir.
Amma, eyni zamanda, 5 əsas göstərici üzrə-ikisi istisna olmaqla (rəqabətqabiliyyətlilik; İKT- nin inkişaf indeksi) – irəliləyiş əldə olunmuşdur. Tənəzzül şəraitində paradoksal hesab edilə biləcək qalxınmanın əsas səbəbi institutsional “yerdəyişmələrin” verdiyi effektdir. Həm də, bu effektin – ümumeniş situasiyasında- uzunmüddətli dövrü əhatə edə biləcəyi, elə də inandırıcı deyildir. Məsələ burasındadır ki, 2016 – cı ildə qəbul edilmiş digər bir strateji sənəd:

Cədvəl 4.

Azərbaycan 2020: proqnoz göstəricilərin reallaşma dərəcəsi


“Strateji yol xəritəsi” – eyni aqibətlə üzləşmişdir. Amma... nədən? Axı, qəbul edilmiş strateji yanaşma, qlobal iqtsiadi təfəkkürdə hakim mövqedə olan “meynstrimin”, ölkənin böyük əksəriyyəti tərəfindən az qala aksioma kimi qəbul edilən müddəalarına tam şəkildə uyğundur və hər hansı bir formada məntiqi ziddiyyəti özündə ehtiva etmir! Onda yalnışlıq nədə yaxud hardadır? Hesab edirik ki, yalnışlıqdan həqiqətə dönüş - iki aspektin həlledici əhəmiyyət kəsb etdiyinin birmənalı qəbulundan keçir:
1) İnkişaf mərhələlərinin (tsiklləri, fazaları, dalğaları) məntiqi ardıcıllığına sözsüz əməl olunması; Yəni, bu anlamda inkişafın hansısa bir mərhələsinin üzərindən “sıçrayışla” keçmək qeyri – mümkündür. Populizm və mistika, tərəqqiyə deyil, ən yaxşı halda mexaniki “yerdəyişmələrə” səbəb olur ki, bu da sonuc etibari ilə iqtisadiyyatın növbəti patologiyasına gətirib çıxarır. Qısası: əvvəlcə, modernləşmə prosesini və industrial təsərrüfat tipinin formalaşmasını başa çatdırmaq lazımdır. Yalnız bu halda sosio-iqtisadi və sosio-mədəni sfera bifurkasiya prosesinə, yaxud postmodernizmə keçidin “sərhəd situasiyasına” daxil ola bilir. Yüksək texnologiyalara aparan innovativ axınlar funksional fəaliyyətin “təhrik”etdiyi prosesdir. Başqa sözlə, nəyinsə təkmilləşməsi yaxud kamilləşməsi – o nəisənin əvvəlki təsərrüfat tipini də mümkün olan ən yüksək səviyyəyə çatmasından “doğan” zərurətdir...
Yalnız bu halda elmin innovativ potensialı hərəkətə keçə bilir.
2) Sosium → yeniləşmə (oxu:inkişaf) prose­si sıx qarşılıqlı bağlılıqdadır. Bu mənada diqqət yetirilməsi zəruri olan əsas nüansları (inkişafın gerçəkləşməsini təmin edən) aşağıdakı kimi sıralamaq olar:
- Yeniləşmə meylinə sosiumun verdiyi reaksiya:İnam, şübhə və “biz bunu bacararıqmı?” sualının gerçək məzmunda cavablandırılması;
- Milli mentalitetin dəyər – konseptlərinin yeniləşmə prosesi üzərində nəzəri proyeksiyası;
- Son 30 il ərzində formalaşmaqda olan iqtisadi mədəniyyətin “milli”lik məzmunun qiymətləndirilməsi;
- Sonuc olaraq milli mentalitet və iqtisadi mədəniyyətin doğurduğu fenomenin - milli iqtisadi təfəkkürün anlama potensiyasının rasional sərhədləri.
Yeniləşmənin (inkişafın) aid olduğu subyekt – sosiumdur. Və bu prosesin gerçəkləşmə imkanı məhz sosiumun davranış tərzindən determinoloji asılılıqdadır. İnkişaf – milli varlığın (oxu:sosiumun) keyfiyyətcə yeni səviyyəyə çıxışı prosesidir. Onun, direktiv göstərişlə gerçəkləşmə imkanı/ehtimalı yoxdur.
Beləliklə, yeniləşmə/inkişaf prosesinin rəvan gedişi milli – mental dəyərlərin sistemli formada nəzərə alınmasını yaxud ölkənin inkişaf modeli və milli iqtisadiyyatın mental modeli arasında formalaşması zəruri olan üzvi – orqanik bağlılıqla determinə olunur.
Mentalitet – milli şüurun “doğurucu mexanizmlərinin” ən dərin qatlarında yer alır. Uzunmüddət ərzində davam edən tarixi – mədəni dinamikanın formalaşdırdığı yaranış olmaqla, eyni zamanda həmin dinamikanın mənbəyi kimi çıxış edir. Sosio – iqtisadi davranışın milli modeli məhz həmin millətə xas olan mentalitet üzərində formalaşır. Haşiyəyə çıxaraq, qeyd edək ki, bugünə mövcud olan Azərbaycanın tarixən formalaşmış mentaliteti (Cənubi Azərbaycan fərqli koordinant sistemindədir) mahiyyət dəyişikliyinə uğramaqda, üç fərqliliyin cəmiyyət daxili mental “savaşına” məruz qalmaqdadır:
1) Kollektiv Qərbin “individualizmi” və onun rolunu mütləqləşdirən dəyərlərin qəbulu yönümündə davam etməkdə olan geosiyasi və geoiqtisadi pressinq: Qərb mentalığının daha konkret ifadə ilə, A.Smitin məhşur “ingilis”inin – yəni “iqtisadi insan”ın milliləşdirilməsi, milli mentalitetdən “süzülərək” özününküləşdirmə - modern dövlət (oxu:cəmiyyət) statusu yalnız bu halda kollektiv Qərb tərəfindən təsbit edilə bilər. Bunun alternativi – sadəcə olaraq yoxdur. Kollektiv Qərb – birmənalı şəkildə “mənə oxşamalısan” – deyir.
2) Postsovet avrasiyasının tarixboyu aqressiv səciyyə daşıyan dəyərlər sistemi – Rus mentalitetinin “hücumunda” irəli sürülən əsas tələb: müasir çağrışlara münasibətdə yalnız tarixi mənası olanları saxlaya bilərsən... Amma, başlıca hədəf:mənə (rusa) oxşamağa çalışmandır.
Bu yönümdə həyata keçirilən “mental müdaxilə”, ilkin olaraq rus dilinin cəmiyyətin ünsiyyət dilinə çevrilməsidir... Rus mentaliteti – feodal zehniyyətdən nəinki xilas ola bilməmiş, hətta bu zehniyyəti klassik orta əsrlərin “qibtə” edəcəyi bir səviyyədə geniləşdirməkdədir.
3) Ən zəif həlqə (müdaxilə nöqteyi – nəzərindən) islam dəyərlərinin təsiridir. Ölkə əhalisinin 90% - dən çoxu müsəlmandır. Azərbaycan – dünyadakı 57 müsəlman ölkələrindən biridir. Amma, islami dəyərlərin mental münasibətlər sistemində qərarlaşması müşahidə edilmir: Əlbəttə, təbliğat- şouları, pafoslu çıxışlar xaric olmaqla. Eyni zamanda, atəşpərəstlik dövründən qalma dəyərlərlə islami dəyərlərin paradoksal bir yönümdə “simbiozu” formalaşır ki, bu da cəhalət, möhvumat və xurafatın “təntənəsinə” gətirib çıxarır. Məsələn, qaloş piri və ya orucluğa dieta kimi yanaşma və s. və i.
Ən azı min il ərzində Azərbaycan milli mentallı­ğının dəyərtutumu islamdan qaynaqlanmışdır... Hətta, hamının zorən ateist elan edildiyi sosialist təsərrüfat tipində belə “halal”lıq anlayışı vardır... Problem də, elə ondadır ki, müasir dövrümüzdə “halal”lıq anlayışı ya ingiliscə, ya da rusca “interpretasiya” olunur...
Ölkədə bugünə formalaşmış iqtisadi mədəniy­yətin – hər hansı bir formada tipologiyasını aparmaq mümkün görünümür: iqtisadi mədəniyyət – müxtəlif məzmunlu komponentlərin “simbiozu” formasında təzahür edir:
1) Ən başda gələn spesifika – heterogenlikdir. Sivil, dini və regional “yaranışların” (mədəniyyət kontekstində) eyni yaxud bərabər güclü təsiri davram etməkdədir.
Tolerantlıq, multikulturalizm – məhz bu sferada mənfi işarəli rol oynayır.
İqtisadiyyatın subyektiv “dünyası”na (iqtisadi mədəniyyət) münasibət bir növ sovet “uravnilovkası” nı ( bərabərləşdirmə) xatırladır.
2) Fraqmentallıq, müxtəliflikləri vahid “məxrəcə” gətirmə çabası; Qərbin “bazar mədəniyyəti” və Qərbə aid institutusional yaranışla “paternalist dəyərlərin” tətbiqindən doğan spesifik “yaranışları” adaptasiya etmək istəyi; Hissəvilik (fraqmentallıq) hər iki “müxtəlifliyə” tətbiq edilir;
3) Ziddiyyətlilik; sosio-mədəni identikliyin problematikliyi fonunda iqtisadi dəyərlərlə bağlı fundamental konsensusa (ümum- cəmiyyət miqyasıda) gəlinməsinin ifrat müşkül xarakter alması. Bu konteksdə birmənalı şəkildə dəqiqləşdirilməsi zəruri olan problem – vektor seçimi problemidir: Qərbmi?, islam “dünyasımı” ? Avrasiyamı (Rus “dünyası”) ? yoxsa özünə xas milli inkişaf trayektoriyasımı? – nəhayət ki, öz həllini tapmalıdır.
Dəyərlər sistemi – “qarışıqlıqdan” formalaşa bilməz. “Qarışıqlıq” – istənilən situasiyada yalnız özünü, yəni “qarışıqlığı” doğura bilər.
4) Ambivalentlik yaxud iqtisadi dəyərlər kontekstində “müxtəlifliyin” eyni hərəkətdə yaxud eyni zaman intervalında eyni güclə dəstəklənməsi; ölkənin bugünə formalaşmış iqtisadi inkişaf modeli etatist → liberal məzmunludur. Yəni, bir tərəfdən, mühafizəkar yanaşma, digər tərəfdən liberal dəyərlərin qərarlaşmasına rəvac vermək: Nəinki uzun, hətta ortamüddətli dövr üçün sözügedən “sintez” – birgəliyini qoruyub – saxlamaq iqtidarında deyildir və zatən, belə bir “bütövləşmə” prinsipcə, imkansızdır. Tarixi təcrübə də, göstərir ki, paternalist iqtisadi mədəniyyət – “ələbaxımlıqdan” və dövlətə “baba” deməkdən qeyri heç bir effektiv nəticə ortalığa qoymaq gücündə deyil­dir: İqtisadiyyatda, ən azı əmək motivasiyası aspektindən “ağalıq→tabeçilik” münasibətləri nəinki tam yararsızdır, hətta inkişaf dinamikasında fəsadlı situasiyalara rəvac verə bilər. Bu aspektdən seçim “ya→ya” tiplidir və alternativsizdir. Sözügedən “bütövlüyün” mövcudluq şərtlərinin zamanca “uzanması” – yaxşı heç nə vəd etmir.
Azərbaycanın sovet keçmişi iqtisadi mədəniyyət sferasında çox dərin izlər buraxmışdır. Son 30 il ərzində formal institutlar çərçivəsində həyata keçirilən “təmizləmə” prosesi bu gün də davam etməkdədir. Sözügedən “təmizlənmə” – həm də cəmiyyətin bütövlükdə sosio – mədəni tipinin keyfiyyət yeniləşməsi istiqamətində də aparılmaqdadır... Söz yox ki, tip yeniləşməsi uzunmüddətli zaman resurslarını tələb edir.
Amma... iqtisadi mədəniyyətin – həm identiklik dərəcəsi, həm də yeniləşmə tezliyi və onun həlli problemi, sözün bütün mənalarında “indi”nin problemidir. Əks təqdirdə gözlənilən gələcək “indi”nin ksero – surətində başqa bir şey olmayacaqdır.

Yekun söz, yaxud nəzəri baxışın “millilik” problemi...
Hər şeydən əvvəl, milli – iqtisadiyyata baxışda nəzəri – konseptual və metodoloji konsensusa nail olmaq lazımdır. Nəzəri konstruktsiya – milli iqtisadiyyatı həm funksional, struktur, həm də davranış aspektlərindən ən azı adekvat təsvirini verə bilmək qabiliyyətində olmalıdır. Həm iqtisadiyyatın, həm də onun nəzəri konstruktsiyasının milli məzmunluluğu heç bir halda şübhə altına alınmamalıdır. Bu aspektdən digər ölkələrlə müqayisə yaxud xarici ölkələrin təcrübəsindən istifadə yaxud əcnəbi mənşəli institutların kütləvi “idxalı” milli iqtisadi inkişafın dayanıqlılığı kontekstində qətiyyən yetərli deyildir.
Onilliklər ərzində qərarlaşmış stereotip baxışlardan mədəd ummaq, açıq – aşikar yanılmaq deməkdir:
1) Qeyd edilən yönümdə aparılan “müqayisə” – həqiqəti aşkarlamır. Yalnız milli iqtisadiyyatların (müqayisə edilən) özünəxas spesifikasını anlamaq baxımından yararlıdır.
2) Eyni zamanda, əcnəbi mənşəli təcrübənin tətbiqi – məzmun etibari ilə özünüaldanış anlamından qeyri bir məna yükü daşımır; Ən azı, ona görə ki, hansısa milli iqtisadiyyatın təcrübəsi – ona xas olan dəyər – konseptlər bazasında formalaşır ki, bunun da, mahiyyət fərqliliyi ucbatından gerçəkləşmə imkanları ifrat dərəcədə məhdud olur. Digər tərəfdən, təcrübə nə səbəb, nə də proses yox, nəticədir. Və “nəticənin tətbiqi” deyilən şey – heç bir halda həmin nəticəni yaradan səbəbi ( səbəbləri) doğura bilməz. Əlaqə - əks yönümlüdür.
3) Əcnəbi mənşəli institutların “idxalı” - əcnəbi mənşəli formal və qeyri – formal dəyər konseptlərin “idxalı” deməkdir. Bu institutların effektiv fəaliyyət göstərə bilmə ehtimalı çox aşağı səviyyədədir. Bu tezisin gerçək məzmun daşıdığını anlamaq üçün ölkəyə “kütləvi” şəkildə “idxal” olunmuş vətəndaş cəmiyyəti institutlarının real fəaliyyətinə ötəri nəzər salmaq kifayətdir.
Sözün qısası: milli iqtisadi inkişafın təminatı amilləri, mənbələri, mental – dəyər tutumu – birmənalı olaraq endogen məzmun daşıyırlar. Özgə atına “minməklə” (xüsusilə, aşırımda) dayanıqlı inkişaf trayektoriyasına çıxış imkansızdır.
Həmçinin, unutmaq olmaz ki, yuxarıda qeyd etdiyimiz nəzəri – metodoloji adekvatlıq problemi­nin tarixi – genetik kökləri vardır. Belə ki, tarixin
heç bir dönəmində müasir Azərbaycanın indiki ərazisi çərçivəsində dövlət quruluşu olmamışdır. Azərbaycan – azərbaycan türklərinin qurduğu imperiyaların (feodal imperiyaları) bir hissəsi olmuş, yaxud çoxlu sayda xanlıqlara parçalanmışdır. 1918 – ci ildə qurulan milli dövlət 23 aydan sonra Rusiyanın işğalına məruz qalmış və ləğv edilmişdir. Azərbaycanda, eləcə də postsovet avrasiyası ölkələrində 70 illik sovet ideologiyası və sosialist təsərrüfat tipi iqtisadi təffəkürün deformasiyasında müstəsna rol oynamışdır. Sosializmin süqutunun ilk illərində - bazar iqtisadiyyatına keçid prosesində - biznesmen, sahibkar və s. adlarda iş adamlarının ortaya çıxmasına, cəmiyyət miqyasında, ən yaxşı halda istehzalı yanaşma sərgilənirdi: İş adamları bir mənalı olaraq, aşağılayıcı anlamda “al-verçı”, “al-ver” adamı kimi xarakterizə olunurdular. Belə bir yanaşmanın yaranmasında bədii söz, ədəbiyyat da az rol oynamamışdır. Keçən əsrin ikinci yarısından sonuna qədər nəşr edilmiş bədii əsərlərdə (hekayə, povest, roman) əgər, ən azı bir mənfi qəhrəman olurdusa, o mütləq ticarətçidi... Və ictimai şüurun, müxtəlif stereotiplər, illiyuziyalar, əsli - əsası olmayan miflərlə bu qədər “bulandığı” bir situasiyada, milli iqtisadi təfəkkürün formalaşması prosesinin uzun müddət davam etməsi qaçılmazdır.
Artıq anlaşıldığı kimi, cəmi 30 illik müstəqil dövlətçilik tarixi olan bir ölkədə, müstəqil mahiyyətli iqtisadi mədəniyyətin və milli iqtisadi təfəkkürün formalaşması uzunmüddətli zaman resursları tələb edir.

Açar sözlər: mentalitet, model, millilik, dəyər, təfəkkür, iqtisadi mədəniyyət, identiklik.

 

ƏDƏBİYYAT SİYAHISI
1. Kissinger, H. Dünya düzəni. İstanbul. 2016
2. Бердяев, Н.А. Философия неравенства. М; 1990; стр.101
3. Евангелие от Матфея 5 стих 40
4. Минервин, И.Г. Культура и этика в экономике. RAN/ 2011
5. Мировой Атлас Данных/ элект.ресурс/кноема.ру/атлас/ранкс
6. Hampden – Turner,C., Trompenaars,A. Seven Cultures of Capitalism/ Amsterdam
7. Randi, KE. Sociology of Development/ Delhi/1985

Резюме
Д.э.н.проф.А.И.Байрамов
Азербайджанский государственный университет экономики
Email:[email protected]

ПРОЕКЦИЯ НАЦИОНАЛЬНОГО МЕНТАЛИТЕТА НАД ЭКОНОМИКОЙ:
В ПОИСКАХ ИСТИНЫ…

«Экономический человек»
А.Смита – это «англичанин»-
Прикадлежающий католической
церкви и заподную цивилизацию.

Нет никаких сомнении в том, что «экономоцентризм» имеет прямое отношение к демонстрацию «устойчивости» сменяющихся друг – друга проблем современного человечество.
Использование ментального подхода в деле преодоление проблемных ситуации, однозначно сыграет положительную роль в упорядочение хозяйственного порядка.
Методология исследовании построено на основе вероятностно – дедуктивного метода.
Полученные результаты показывает, что эффект масщтаба находиться в пропорциональной зависимости от степени «ментальности» в процессе экономического развития.

Ключевые слова: менталитет, модель, ценность, мышление, национальность, идентификация, экономическая культура.
Summary

Doctor of Economics Prof. A. I. Bayramov
Azerbaijan State University of Economics
Email: [email protected]

PROJECTION OF NATIONAL
MENTALITY OVER THE ECONOMY:
IN SEARCH OF TRUTH ...

"Economic man"
A. Smith is an "Englishman" -
Affiliated Catholic
churches and western civilization.

There is no doubt that "economocentrism" is directly related to the demonstration of the "stability" of the changing problems of modern mankind.
Using a mental approach in overcoming problematic situations will definitely play a positive role in streamlining the economic order.
The research methodology is based on the probabilistic - deductive method.
The results obtained show that the scale effect is proportional to the degree of "mentality" in the process of economic development.

Key words: mentality, model, value, thinking, nationality, identification, economic culture.