Məşğulluq sosial təhlükəsizliyin mühüm amili kimi

Post image

Tutu Eyvazova
Bakı Dövlət Universiteti, doktorant

E-mai̇l: [email protected]

Hüquqi dövlətdə sosial siyasətin tətbiq olunduğu sahələrdən biri də və başlıca prioritet sahə məşğulluğun səmərəli və düzgün təmini sahəsidir.Tarixi dövrlərə nəzər salanda görürük ki, məşğulluğun təmini sosial təhlükəsizliyin həyata keçirilməsində vacib nüanslardandır. Məşğulluq haqqında Azərbaycan Respublikasının qanunda göstərilmişdir: Bu Qanun məşğulluğa kömək sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, eləcə də vətəndaşların əmək sahəsində və işsizlərin sosial müdafiəsi sahəsində dövlət təminatlarını müəyyən edir. Məşğulluq-Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan ərazisində yaşayan vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin (bundan sonra-vətəndaşların) Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan və bir qayda olaraq onlara qazanc (gəlir) gətirən gətirən hər hansı fəaliyyətidir [8].
Məşğulluq dövlətin iqtisadi vəziyyətindən, ölkədə mövcud sülh şəraitindən, ölkə əhalisinin sıxlığından, relyefinin müxtəlifliyindən, ərazisinin iqlim şəraitindən, beynəlxalq qurumlarla əməkdaşlığından və s. məsələlərdən asılıdır. Əlbəttə, bu məsələləri daxili və xarici siyasətin düzgün istiqamətdə irəliləməsi sayəsində həll etmək mümkündür. Onu da qeyd edək ki, insanın öz həyat şəraitini yaxşılaşdırması üçün işlə təmin olunması, yəni məşğulluğu vacibdir. Əmək şəraiti və məşğulluq sosial sahənin əsas qolunu təşkil etməklə bilavasitə sosial siyasətin reallaşdığı müstəvidir.
Hər bir dövlət vətəndaşının səmərəli və sərbəst seçilmiş məşgulluğunun təmin edilməsinə köməklik göstərir. Bu baxımdan Azərbaycan Respublikasının məşğulluq haqqında qanunun 6-cı maddəsində göstərilimişdir ki, məşğulluq sahəsində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardır:
1. İrqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən, yaşayış yerindən, əmlak vəziyyətindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara əmək və məşğulluğu sərbəst seçmək hüququnun həyata keçirilməsində bərabər imkanların təmin edilməsi;
2. Vətəndaşların qanun çərçivəsində həyata keçirilən əmək və sahibkarlıq təşəbbüsünün müdafiə edilməsi, sahibkarlığın inkişaf etdirilməsi məqsədi ilə onlara köməklik göstərilməsi;
3. Əmək fəaliyyətinin və məşğulluq növünün seçilməsində vətəndaşların öz iradəsini sərbəst ifadə etməsinə şərait yaradılması;
4. İşsizlərin sosial müdafiəsinin təmin edilməsi, işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin edilməsinə köməklik göstərən xüsusi tədbirlərin görülməsi;
5. Məşğulluq sahəsində fəaliyyətin iqtisa­di və sosial siyasətin digər istiqamətləri ilə əlaqələndirilməsi;
6. Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün əlavə iş yerləri yaradan işəgötürənlərin həvəsləndirilməsi;
7. Məşğulluğun təmin edilməsinə yönəldilmiş tədbirlərin hazırlanmasında və həyata keçirilməsində, onların yerinə yetirilməsinə nəzarətdə Azərbaycan Respublikasının dövlət orqanlarının, həmkarlar ittifaqlarının, işəgötürənlər birliklərinin fəaliyyətinin əlaqələndirilməsi;
8. Azərbaycan Respublikası vətəndaşlarının ölkə hüdudlarından kənarda, habelə vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyəti ilə məşğul olmasına şərait yaradılması;
9. Beynəlxalq əmək normalarına riayət olunması [8].
Əhalinin məşğulluğu bilavasitə əmək bazarında ( iş qüvvəsinə olan tələb və təklifin məcmusu ) vakansiyalara kvotaları da daxil etməklə işi və qazancı olmayan, işə başlamağa hazır olub, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxslərin işlə təmin olunması prosesidir. Kvota - müvafiq icra hakimiyyəti orqanları tərəfindən işəgötürənlərə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxsləri işlə təmin etmək üçün müəyyən edilmiş iş yerlərinin (işçilərin) minimum sayıdır. İşlə təmin olunmuş şəxs artıq məşğul şəxs adlanır. Məşğul şəxslər qrupuna muzdla işləyən, o cümlədən əmək müqaviləsi (kontraktı) ilə tam və ya tam olmayan iş vaxtı ərzində haqq müqabilində iş görən, habelə haqqı ödənilən başqa işi (xidməti) olanlar; sahibkarlar, fərdi əmək fəaliyyəti ilə məşğul olanlar, mülkiyyətində torpaq payı olanlar; haqqı ödənilən vəzifəyə seçilən, təyin və ya təsdiq edilənlər əmək qabiliyyətinin müvəqqəti itirilməsi, məzuniyyət, əlavə təhsil, tətil, istehsalatın dayanması və ya başqa səbəblər ilə əlaqədar iş yerində müvəqqəti olmayanlar aiddir.
Əmək fəaliyyətinə cəlb olunma formasına görə iqtisadiyyatla məşğul olanları üç qrupa bölə bilərik:
1.muzdla işləyənlə; 2.işəgötürənlər;3.özləri məşğul olanlar. Bu qrupa öz hesabına işləyənlər, muzdlu işçi qüvvəsindən daimi əsaslarla istifadə etməyən istehsal kooperativlərinin üzvləri daxildir.
Məşğulluq statusunun beynəlxalq təsfinatına görə əhalinin məşğul hissəsinin altı qrupu fərqləndirilir:
1.Muzdla işləyənlər; 2.İşəgötürənlər; 3.Öz hesabına işləyənlər; 4.İstehsal kooperativlərinin üzvləri; 5.Ailənin yardım göstərilən üzvləri; 6.Statusuna görə təsnif olunmayanlar.
Bu təhlilə əsaslanaraq deyə bilirik ki, məşğul­luğun müxtəlif təsnifatları mövcuddur. Göründüyü kimi, məşğul şəxlərin qruplara ayrılmasında və təsnifatında vahid bir prinsip yoxdur. Bu da əhalinin məşğul qruplarının elmi baxımdan dəqiqləşdirilməməsindən irəli gələn məsələdir. Tədqiqat sahəsinə belə yanaşma məşğul olanların başqa təsnif formalarının da irəli sürülməsinə imkanlar açır. Eyni zamanda, qeyd etmək lazımdır ki, belə təsnifatların hər birində əsas göstərici məşğul olanların tam dairəsinin əhatə edilməsi olmalıdır.
Əhalinin məşğulluq probleminin həllində əsasən üç prinsip rəhbər tutulur.
Başlıca və birinci prinsip ölkə qanunvetriciliyinə əsalanmaqla və ya konstitusuya ilə vətəndaşlara verilən hüquqdur. İkinci prinsip isə dövlətin Kons­titusiya ilə verilən bu hüququndan istifadə üçün vətəndaşa zəruri şəraitin yaradılmasıdır. Bu isə dövlətin digər qanunverici aktı ilə təsbit olunur.Üçüncü prinsip isə məşğulluq probleminin həllinə kompleks şəkildə yanaşmadan ibarətdir. Belə ki, mövcud situasiyada dövlət məşğulluğun mərkəzləşmiş üsulunu tətbiq etmir. Məşğulluğun təmin edilməsi sistemi tədricən həyata keçirilir. Bu sitemdə əsas rolu qanunlar, məşğulluğun stimullaşdırıcı proqramları oynayır.
Məşğulluq dərəcəsi müxtəlif meyarlarla ölçülə bilər. Zaman meyarı baxımından tam zamanlı məşğulluq , natamam zamanlı məşğulluq anlayışlarını qəbul edə bilərik. Tam zamanlı məş­ğul­luqda işçi əmək fəaliyyəti ilə məşğul olmaq üçün nəzərdə tutulan bütün iş vaxtı ərzində əmək fəaliyyətinə cəlb olunur. Natamam zamanlı məşğulluqda isə əmək fəaliyyəti üçün nəzərdə tutulan iş vaxtının bir qismində vətəndaş işə cəlb olunur.
Elmi ədəbiyyatlarda tam və səmərəli məşğulluq məsələlərinə xüsusi önəm verilir. Tam məşğulluq-iqtisadi baxımdan məqsədəuyğun iş yerləri (insana özünün şəxsi maraqlarını gerçəkləşdirməyə, yüksək əmək məhsuldarlığına nail olmağa, onun ailəsinin normal dolanışığını təmin etməyə imkan verən iş yeri) və bu yerlərdə işləmək üçün təklif olunan peşə-ixtisas hazırlığına malik işçi qüvvəsi arasında tarazlıq yaranmasıdır. Lakin reallıqlara əsaslanaraq deyə bilərik ki, məşğulluğun bu formasının inkişaf etmiş ölkələrdə belə təmin edilməsi mümkün deyil­dir. Səmərəli məşğulluq-peşəkar əməklə məşğulluq səviyyəsi, əmək qabiliyyətli əhalinin ictimai təsərrufatda məşğulluq səviyyəsi, cəmiyyətin əmək ehtiyatlarının ictimai faydalı sahələr üzrə paylanma nisbəti, işləyənlərin iqtisadi sahələr və sektorlar üzrə rasional paylanması kimi göstəricilərlə səciyyələnir.
Elmi ədəbiyyatlarda məşğulluğun müxtəlif formaları arasında ikiqat məşğulluq anlayışına da rast gəlinir. İkiqat məşğulluq isə əmək fəaliyyəti ilə məşğul olanların təkrar əmək fəaliyyətinə cəlb olunmasıdır. Burada başlıca məqsəd məşğul şəxsin daha çox gəlir əldə etmək marağıdır. Hadi Rəcəbli özünün “Azərbaycan Respublikasının sosial müdafiə sistemi” kitabında göstərir ki, “Müasir məşğulluq mərkəzlərinin əmək bazarını tənzimləmə təcrübəsi göstərir ki, əməyin keyfiyyətcə dəyişməsi tələbi daha sürətlə artır. Əgər 1950-ci ildə ABŞ-da ixtisaslı işçilərin sayı 50 faiz olmuşdursa, 1960-cı ildə bu 53 faiz , 1970-ci ildə isə 56 faizə çatmışdır. Hazırda isə bu göstərici son dərəcə yüksəkdir” [2.s 133].
Qərb ölkələrinin əksəriyyərində təhsilə qoyulan vəsait faydalı və rentabellidir. Belə ki, təlim-tərbiyə prosesi ilə yanaşı məşğulluq və əmək bazarının tənzimlənməsi məqsədilə iqtisadi və sosial siyasət müştərək həyata keçirilir.Yəni əmək bazarında yeni yaradılan iş yerlərinə hansı sayda və hansı ixtisasda işçi qüvvəsinə ehtiyac olması öyrənilir. Sonra bu istiqamətdə təhsilə üstünlük verilir. UNESCO-nun qərarına əsasən hər bir ölkədə yeniyetmə və gənclərə heç bir haqq ödənilmədən həm orta, həm də peşə tekniki təhsil verilməsi, müəyyən işdə çalışanlara haqq ödənilməklə öz ixtisası üzrə təkminləşmə və ya başqa ixtisas üzrə təhsil alma imkanları yaratmalıdır.
Məşğulluq sayəsində əldə olunan gəlir ailə büdcəsinin əsasını təşkil edir və ailənin sosial rifahının təmin olunmasına xərclənilir. Müasir bazar iqtisadiyyatında dövlət əmək haqqlarına birbaşa təsir edə bilmir. Çünki əmək bazarında əmək haqqı əmək bazarındakı tələb və təklifə nəzərən təklif olunur. Hökumətin rolu bazar iqtisadiyyatının inkişafı üçün münbit şəraitin yaradılması ilə məhdudlaşdırılır.
Hazırda dövlət siyasətinin başlıca istiqamət­lərindən biri də ölkə əhalisinin məşğulluğunun sosial səmərililiyinin təmin edilməsinə yönələn dövlət məşğulluq siyasətinin formalaşdırılması və əmək ehtiyatlarından səmərəli istifadə edilməsidir. Göründüyü kimi, məşğulluq sosial problemdir. Bu problemin həlli ilə məşğul olmaq isə dövlət siyasətinin proritet məsələlərindən biridir. Azərbaycanda məşğulluq haqqında dövlət siyasətinin öyrənilməsi “ işsizlik ” və “ işsizlər” anlayışının açıqlamasını tələb edir. “Məşğulluq haqqında “ Azərbaycan Respublikasının qanununda göstərilir ki, işsiz vətəndaş işi və qazancı olmayan, işə başlamağa hazır olub, dövlət məşğulluq xidməti orqanlarında işaxtaran kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir. Qanunvericiliyə əsasən ilk dəfə iş axtaranlar əmək fəaliiyyətinə ilk dəfə başlamaq istəyən və əvvəllər işləməyən əmək qabiliyyətli şəxslərdir.
Yaranma səbəblərinə görə işsizliyi friksi­on, struktur və dövri işsizlik olmaqla üç qrupa bölürlər. Friksion işsizlik-işçinin bir müəssisədən digərinə keçid prosesində müvəqqəti işsiz qalması hadisəsidir. Struktur işsizlik-müəyyən təsərrufat sahəsində müəyyən əməyə kifayət qədər tələbin olmamasıdır. Bu işsizlik forması istehlak tələbinin və konkret əməyin müəyyən növlərinə tələbatın strukturunda baş verın dəyişmələrdən doğur. Struktur işsizliyə yaxın işsizlik növü texnoloji işsizlik adlandırılır. Dövri işsizlik-əməyə olan tələbatın kifayət qədər olmamasıdır. Bu məhsul istehsalının müəyyən mərhələlərlə bağlı olmasından, habelə aşağı düşməsindən irəli gəlir.
İşsizlərin maraqları fərqli şəkildədir. Belə ki, hər bir işsiz fərqli sosial-demoqrafiq qrupun nümayəndəsi olur. Statistika göstərir ki, öz iradəsindın asılı olmayaraq, ixtisasına qismən də olsa, uyğun olan istənilən işə və hətta iş tapamaq üçün ixtisas dəyişməyə razı olan işsizlərin də sayı az deyildir. Eyni zamanda sosial müavinət və ya sosial yardımdan yararlanmaq marağında olanlar da kifayət qədərdir. Belə insanlar qanuni şəkildə heç bir dövlət və ya qeyri-dövlət təşkilatında çalışmır, rəsmən işsiz kimi qeydiyyatda olurlar. Əslində isə onların gəlirləri gizli saxlanılır. Sosial yardımın təyini məsələsi isə rəsmi məlumatlara əsaslanır.
Dövlət mövcud qanunvericiliyə əsaslanaraq və sosial tərəfdaşlıq prinsipləri nəzərə alınmaqla əmək bazarının iştirakçıları və onun subyektləri arasında balansın yaradılmasında funksiyasını icra edir. Sosial tərəfdaşlıq xidmət və istehsal sahəsində fərdi əmək müqavilələrinin və kollektiv müqavilələrin bağlanılması ilə gerçəkləşdirilir.
Sosial hüquqlar katiqoriyasına daxil olan digər sosial hüquqlar (istirahət hüququ, əməyin layiqli ödənilməsi hüququ, təhsil hüququ) kimi əmək münasibətləri və əmək fəaliyyətinin hüquqi tənzimlənməsi məsələləri sosial siyasət kontekstində nəzərdən keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsində əmək hüququ şərh olunur və həmin maddədə deyilir: “Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi əməyə cəlb etmək, hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar işlətmək, fövqəladə vəziyyət və hərbi vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri gördürmək hallarına yol verilir. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. İşsizlərin dövlətdən sosial müavinət almaq hüququ vardır. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. [1. s 14]
Dövrümüzdə işsizliyin azaldılması, məşğulluğun təmin olunması, işsizlərin sosial müdafiəsinin gücləndirilməsi və aztəminatlı və sosial müdafiəyə daha çox ehtiyacı olan insanlara ünvanlanmış iş yerlərinin yaradılması dövlətin sosial siyasətinin başlıca istiqamətlərindəndir. Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsi I bəndində nəzərdə tutur ki, insan və vətəndaş hüquqularının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir [1.s 7]. Konstitusiyanın 35-ci maddəsinin VIII hissəsinə görə, dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlardan istifadə edir [1.s14]. Burada bir məqamı da qeyd edək ki, ictimai faydalı əmək və məşğulluq yalnız fərdi və ictimai rifahın, maddi cəhətdən təmin olunmağın əsası deyil, o, həm də şəxsiyyətin kamilləşməsidir, insanı hüquqpozmalardan və pis vərdişlərdən qoruyan sosial hadisədir, insanın mənəvi ehtiyacıdır.
Sözügedən sahə ilə bilavasitə bağlı olan “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu 2001-ci iyulun 2-də qəbul olunmuşdur, məşğulluğa kömək sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilatı əsaslarını, eləcə də vətəndaşların əmək sahəsində, və işsizlərin sosial müdafiəsi sahəsində dövlət təminatlarını müəyyən edir. Qanun 5 fəsildən və 30 maddədən ibarətdir.
Məşğulluqla bağlı dövlət siyasəti əsasən aşağıdakıları nəzərdə tutur:
- İşlə təminatda vasitəçiliyi. İşsiz və işaxtaran vətəndaşlara məşğulluq xidməti orqanının vasitəçiliyi ilə münasib işin seçilməsinə və işədüzəlməyə kömək göstərilməsini;
- İşçilərə ixtisası dəyişmə ilə bağlı köməyi;
- İşi müvəqqəti itirməklə bağlı müavinət almağı;
- İşdən çıxarmanı məhdudlaşdırmağı və işdən çıxarma üzərində nəzarəti və s.;
- Vətəndaşların qanun çərçivəsində həyata keçirilən əmək və sahibkarlıq təşəbbüsünün müdafiə edilməsi və sahibkarlığın inkişaf etdirilməsi məqsədi ilə onlara kömək göstərilməsini;
- İşə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin edilməsinə kömək göstərən xüsusi tədbirlərin görülməsini;
- İşsizlərin sosial müdafiəsinin təmin edilməsini;
- Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvotanın müəyyən edilməsini;
- Beynəlxalq əmək normalarına riayət olunmasını.[8]
Beləliklə, cəmiyyətin iqtisadi yüksəlişi bura həm də daxildir məşğul əhali sayının yüksəldilməsi və iqtisadi durumun qənaətbəxş olması sosial siyasətin düzgün məcardan inkişafı və səmərli tətbiqidir.

NƏTİCƏ
Sosial siyasət həm də insanlar arasında mədəni münasibətlərin inkişafına və bu münasibətlərin lokal səviyyədə reallaşmasına kömək edir. Bu isə öz növbəsind insanın optimal inkişafı və onun yaradıcı xüsusiyyətlərinin inkişafına əzmin yaradır. Struktur dəyişikliklər isə məşğulluğun getdikcə artmasını, sənayeləşməni, urbanizasiyanı, sənaye və iqtisadi cəhətdən geri qalmış regionların inkişafını, kənd təsərrüfatının yeni texnika və üslublarla müasirləşdirilməsini v s. nəzərdə tutur. Respublikada sosial-iqtisadi sferadakı tərəqqi həyat səviyyəsinin yüksəldilməsi ilə nəticələnir. Həyat səviyyəsinin yüksək olması isə tələbatların daha artıqlaması ilə ödənilmsi mənasını ifadə edir. Deməli sosial siyasət vacibliyi məqbul olan sahədə dəyişiklik etmklə yanaşı, həm də mövcud yeni imkanlardan yararlanmaqdır. Məşğulluq isə sosial siyasətdə vacib istiqamət olaraq qalmaqdadır. Nəhayət bel nəticəyə gəlirik ki, sosial siyasətin uğurlu həyata keçirilməsi bir nüansda əhalinin məşğulluğunun təmini ilə bağlıdır.

Açar sözlər: əmək bazarı, müvəqqəti məşğulluq, özünü məşğulluq, ilk dəfə iş axtaran, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli əhali, kvota və s.

ƏDƏBİYYAT SİYAHISI
1. Azərbaycan Respublikasının Konsitusiyası. Rəsmi nəşr. Azərbaycan dilində. Bakı: Qanun, 2009, 67s
2. Rəcəbli H.M Azərbaycan Respublikasının sosial müdafiə sistemi. Ali məktəblər üşün dərs vəsaiti. Bakı :“MBM”, 2012, 408s.
3. http://www.president.az/articles/22373 1 saylı “ASAN kommunal” Mərkəzinin açılışında İlham Əliyevin nitqi 28 dekabr 2016
4. http://www.qafqazinfo.az/qafqaz-7/herbi islahatlar baximindan Azerbaycanin mehdudiyyetleri var
5. https://az.wikipedia.org/wiki/Milli_Onkologiya
6. Дзлиев М.И., Романович А.Л., Урсул А.Д. Проблемы безопасности: теоретико-методологический аспекты. М.:МГУК: Изд. Дом «Друг», 2001.191с
7. http://www.azerbaijan-news.az “Sosial müdafiə sisteminin modernləşdirilməsi” 8 may 2015 –ci il, Səlim Müslümov Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri, iqtisad elmləri doktoru, professor 08 May 2015
8. Məşğulluq haqqında Azərbaycan Respublikasının qanunu Bakı şəhəri,2 iyul 2001-ci il №170-IIQ

Туту Ейвазова
Занятость как важный фактор социальной защищенности

Резюме
Отчет посвящен проблеме занятости, которая является одной из социальных проблем современности. Существуют проблемы в процессе обеспечения занятости не только в Азербайджане, но и во всем мире. Сегодня все развитые страны пытаются решить эту проблему. Это приоритет успешной политики государства. В статье подчеркивается особое внимание, уделяемое азербайджанским государством этой сфере.

Ключевые слова: рынок труда, временная занятость, само занятость, впервые ищущие работу, трудоспособное население трудоспособного возраста, квоты и др.

Tutu Eyvazova
Employment as an important factor of
social security

Summary
The report is devoted to the problem of employment, which is one of the social problems of today. There are problems in the process of providing employment not only in Azerbaijan but in the whole world. Today, all developed countries are trying to solve this problem. This is a priority of the successful policy of the state. The article emphasizes the special attention paid by the Azerbaijani state to this area.

Keywords: labor market, temporary employment, self-employment, first-time job seekers, able-bodied population of working age, quotas