MƏDƏNİYYƏTLƏRARASI MÜNASİBƏTLƏRİN VACİBLİYİ

Post image

Adil Sadıxov
AMEA Fəlsəfə və Sosiologiya İnstitutu, fəlsəfə üzrə fəlsəfə doktoru,dosent

Faiq Əliyev
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, tarix üzrə fəlsəfə doktoru, dosent

Mədəniyyətlərarası münasibətlər müxtəlif alimlər tərəfindən həm Şərqdə, həm də Qərbdə xeyli səviyyədə araşdırılmışdır. Xüsusən bu problemin ayrı-ayrı tərəfləri Sərqdə Əl-Qəzali, Biruni, Əl Fərabi, xüsusən də ibn Xəldun tərəfindən şərq xalqlarının milli adət və ənənələri baxımından araşdırılmışdır. Nisbətən müasır dövrdə isə tanınmış A.Toynbi, O.Şpenqler, A.Tokvill, F.Brodel, Bertels və b. bu mövzunu araşdırmışdılar. Ancaq bu problemdən əvvəl mədəniyyət anlayışına toxunmaq lazımdır.
Mədəniyyət cəmiyyətin və insanın inkişafının tarixən müəyyən səviyyəsidir. Mədəniyyət anlayışı müəyyən tarixi dövrlərin, ictimai-iqtisadi formasiyaların, konkret cəmiyyətlər, xalq və millətlərin maddi və mənəvi inkişaf səviyyələrini səciyyələndirmək, həmçinin fəaliyyət və həyatın spesifik sahəsini bildirmək üçün (məsələn: iş mədəniyyəti, davranış mədəniyyəti, bədii mədəniyyət, məişət mədəniyyəti və s. sahələrdə) işlədilir. Mədəniyyət termini dar mənada yalnız adamların mənəvi həyat sahəsinə aid edilir.
Mədəniyyət fenomeni insanın və cəmiyyətin xilasına, inkişafına və çiçəklənməsinə yeganə doğru yoldur. Çünki dərin mənəviyyatlı və yüksək təfəkkürə, biliyə və mədəniyyətə malik olan insan hər bir ölkənin əsas milli sərvətidir. Mədəniyyətdə özünün milli dərk olunması müxtəlif istiqamətlərdə getsə də əsasən iki sütun üstündə dayanır. Bunlardan biri qəhrəmanlıq nümunələri, ikincisi isə xalqın mədəni fəaliyyəti və inkişafı nəticəsində əldə etdiyi böyük dəyərlər - milli iftixar hissi, mili qürur, beynəlxalq əhəmiyyətli münasibətlər və sosial nailiyyətlərdir. Şübhəsiz ki, bir neçə etnosu olan vahid ölkənin demokratik idarə olunması plüralizm prinsiplərinə əsaslanan vahid milli birlik, milli vəhdət və vahid milli mədəniyyət vasitəsilə mümkündür. Mədəniyyət elmini öyrənən kulturologiya elmi arxeologiya, tarix, fəlsəfə, psixologiya, filologiya, dilşünaslıq, etika və estetika, sosiologiya və b. elmlərin nəticələrindən və metodlarından geniş istifadə edən bir vasitədir (4, s.122).
Mədəni rifah, təbii sərvətlər, insanların savadsız, aşağı mədəni səviyyədə olduğu dövrdə sosial inkişaf gözlənilən effekti və səmərəni verə bilməz. Çünki hər bir ölkədə və cəmiyyətdə yüksək səviyyəli insanların sayının çoxluğu elə sosial inkişafın özünün əsasıdır. Ölkənin əsas sərvəti, onun mədəni potensialı, o cümlədən, ilk növbədə isə yüksək mədəniyyətin yaradıcısı və daşıyıcısı olan insandır.
Mədəniyyəti düzgün dərk edib aparıcı sosial qüvvə kimi səmərəli istifadə etmək üçün onun alqoritminin daha iki formasını bilmək lazımdır: mədəni inkişafın əsas faktorlarını, müasir cəmiyyətin mədəniyyətinin strukturunu.
Mədəni inkişafın əsasən bir neçə faktorları vardır. Birincisi bioloji kod, ikincisi təbii coğrafi şərait, üçüncüsü sosial mühit, dördüncüsü tarixi şərait və beşincisi mədəni mübadilə. Deyilənlərin ən vacibi sosial mühitdir. Bu mühit də üç əsas hissədən: siyasi dövlət sistemindən, məktəbdən və nəhayət ailə tərbiyəsindən asılıdır (4, s.193).
Qeyd olunmalıdır ki, insanın, cəmiyyətin və bəşəriyyətin gələcəyinə əsl yol və ümidlər yalnız mədəniyyətlərarası münasibətlərdən, yüksək mədəniyyətdən, təhsil və savaddan, insanpərvərlikdən (davamlı inkişaf proqramında göstərildiyi kimi) keçir. Həmçinin mədəniyyət böyük ölçüyə malik olaraq insanın ayrı-ayrı tərəflərini və xarakter xüsusiyyətlərini müəyyənləşdirməyə imkan yaradır, insan cəmiyyətinin və bəşəriyyətin gələcəyinə yol açır. Çünki mədəniyyət insan tərəfindən təbiəti, onun sərvət və gözəlliyini, insanın daxili aləmini, özünü və cəmiyyəti dərk edib dəyişməsi nəticəsində əldə olunan mənəvi və maddi dəyərlər və normalar toplusu və nəhayət, bu dəyərlərin istehsalı, qorunub saxlanılması, istifadə olunması və başqa insanlara müxtəlif vasitələrlə ötürülməsi deməkdir. Hər bir mədəniyyətin elmi əsaslarda vahid sosial sistem kimi idarə olunmasında müxtəlif amillərin - dövlətin, sosial institutların, ölkənin ümumi səviyyəsinin rolu və əhəmiyyəti vardır
Mədəniyyətlərarası münasibətlərin əsas məqsədi xalqlar arasında etnomədəni müxtəlifliklərin silinməsi, milli dövlətin (suverenliyin) “yumşaq” ləğvi kulturoloji modelin bütün dünya üzrə yayılmasıdır. Çox gərgin regionda yerləşən Azərbaycan öz maraqlarının müdafiəsi üçün Rusiya, İran və Qərb maraqları arasında manevr etməklə incə balanslaşdırılmış siyasət aparmağa məcburdur. Azərbaycan dövlətinin müxtəlif səviyyəli elmi konfranslarda və siyasi arenalarda Qərbin Azərbaycan mədəniyyətinə təsiri və milli ənənələrin müdafiəsi haqqında müzakirələri öz aktuallığını itirmir. Bu diskussiyalarda əsas fikir bundan ibarətdir ki, qərb dəyərləri bizim mədəniyyətin müxtəlif tərəflərinə müəyyən mənfi təsir göstərsə də, bizim ictimai şüurumuza Azərbaycan “mentalitetinə” yad olan elementlər əlavə etsə də, öz soykökümüzü və zəngin mədəniyyətimizi gənclərimizə müxtəlif istiqamətdə təbliğ edərək qorumağa çalışmalıyıq (5, s.48).
Mədəniyyətlərarası münasibətlər multikulturalizm dəyərləri, tolerantlıq və insan hüquqlarından kənarda izah edilə bilməz. Multikulturalizm və tolerantlıq fəlsəfəsinin əsas cəhətlərindən biri də odur ki, bu konteksdə mədəniyyət kateqoriyası daha önə keçərək, milli münasibətlərin əsas amilinə çevrilir. Mədəni inkişaf hər bir xalqı öz keçmişinə və gələcəyinə bağlamaqla ətrafdakı mədəni müxtəlifliyin də dərk oluna bilməsi üçün zəmin yaradan şəraitdir. Mədəni müxtəliflik ümumilikdə cəmiyyətin sosial həyatında əhəmiyyətli rol oynayır. Müasir qloballaşan dünyada bu gün multikulturalizm daha da mühüm əhəmiyyət kəsb edir. Lakin bu heç də hər hansı bir xalqın öz milliliyinə, adət-ənənələrinə, mentallığına, milli genliyinə qarşı çıxması demək deyildir. Yəni öz mədəni dəyərlərinə sadiq qalmaqla yanaşı, digər mədəniyyətlərə və dinlərə də hörmət və dözümlülük göstərməyi ifadə edir.
Müasir dövrdə mədəni-sosial fəaliyyət multikulturalizmin dayanıqlı inkişafı üçün mühüm faktordur. Bu proseslər xüsusilə XX əsrin sonlarından etibarən inkişaf etməyə başlamışdır. Bu günkü postindustrial tərəqqi dövründə dünya dövlətləri arasındakı mədəni, siyasi, iqtisadi əlaqələrin möhkəmlənməsi vahid inkişaf modelinin axtarışına gətirib çıxarmışdır. Bu proseslər də öz növbəsində beynəlxalq təhlükəsizliyi nizamlayan sistemlərin öz daxilindəki müxtəlif milli cəmiyyətlərin adaptasiya olmaları üçün vacibdir. Buradan belə bir nəticəyə gəlmək olar ki, mədəniyyət kontekstində multikulturalizm özü də qlobal, mühüm əhəmiyyətli məsələdir. Multikulturalizm mədəniyyətlərarası münasibətin təməli olmaqla (1, s.12) müxtəlif mədəniyyətlərə malik millətlərin, xalqların sülh şəraitində birgə yaşayışlarının təminatıdır.
Multikulturalizm siyasəti müxtəlif mədəniyyətlərə hörmətlə yanaşma metodu olmaqla bərabər, özündə həm də humanizm və tolerantlıq prinsiplərini ehtiva edir. Mədəni plyuralizm cəmiyyəti təşkil edən ayrı-ayrı qrupların harmonik qarşılıqlı fəaliyyətini tənzimləyir, müəyyən ərazidə məskunlaşan xalqların aşağı və ya asılı kimi kateqo­riyalara bölünməsinin qarşısını alır. Beləliklə də, cəmiyyət onu təşkil edən müxtəlif etnik qrupları və mədəniyyətləri, habelə onların mənsub olduqları dinləri necə varsa eləcə də qəbul edir.
Millətlərarası mədəniyyət prinsipinin əsas prioritetlərindən biri də məhz tolerantlıqdır. Tolerantlıq cəmiyyətdə dominantlığa qarşı çıxaraq müxtəlif dinlərə hörmət və ehtiram prinsplərinə əsaslanır. Bu prinsipə əsaslanan ideologiyaya mənsub dövlətlər və xalqlar qarşılıqlı anlaşmaya, sülhə daha çox önəm verirlər. Tolerantlıq cəmiyyətin düzgün inkişafı, mövcud milli, irqi, dini problemlərin nizamlanmasına, etnik sıyası münasibətlərin stabilləşməsinə xidmət edir (7, c.183).
Məlumdur ki, müasir dövrdə olkələr arasındakı münasibətlər mürəkkəb xarakter daşıyır. Ayrı-ayrı regionlarda baş verən münaqişələr ümumilikdə ziddiyyətli mənzərə yaradır. Belə gərgin vəziyyətdə xarici siyasət sahəsindəki çətinliklər anlaşılandır. Ona görə də Azərbaycan Respublikasının beynəlxalq miqyasda formalaşan münasibətlərinin və qarşılıqlı əlaqələrin tədqiq edilməsinin nəzəri və praktiki əhəmiyyəti vardır. Bu mənada dünyanın aparıcı dövlətləri sırasında uğurlu diplomatik siyasət yürüdən müstəqil bir ölkənin xarici siyasətinin strategiyası da güc mərkəzlərinin regionda toqquşan maraqlarının fəsadlarının neytrallaşdırılmasını tələb edir ki, burada da mədəniyyət faktoru mühüm əhəmiyyət kəsb edir.
Bu mənada Azərbaycan dövlətinin mədəniyyət siyasətinin əsas prioritetləri beynəlxalq hüquq normaları və prinsipləri ilə tənzimlənən dövlətlərarası münasibətlərə hörmət bəsləməkdən, beynəlxalq və regional münaqişələrin sülh və danışıqlar yolu ilə həll edilməsindən və bütün dövlətlərin suveren hüquqlarına hörmətlə yanaşmaqdan ibarətdir. Azərbaycan mədəniyyəti mədəni dünyaya inteqrasiyası yolunda 29 illik çətin və şərəfli bir yol keçmiş, böyük nailiyyətlərə imza atmışdır. Biz bu priotetlərin həyata keçirilməsi yolundakı fəaliyyətlərin ən etibarlı və təminatlı nümunəsini dövlət başçısının qətiyyətlə nümayiş etdirdiyi siyasətində görürük. Məsələn, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Üçüncü Beynəlxalq Humanitar Foru­munun açılış mərasimindəki çıxışında da bir daha bəyan etdi ki, “XXI əsrdə multikulturalizmə alternativ yoxdur. Əlbəttə ki, biz XXI əsrdə ayrı-seçkilik, diskriminasiya, ksenofobiya, islamafobiya kimi xoşagəlməz meyillərə biganə yanaşa bilmərik. Ona görə multimədəniyyətli cəmiyyətlərin formalaşması, bu ideyaların təbliği hesab edirəm ki, hər bir məsuliyyətli siyasətçinin, ictimai xadimin fəaliyyətinin tərkib hissəsi olmalıdır. Humanitar əməkdaşlıqla bağlı olan məsələlər də Azərbaycanı sivilizasiyalararası dialoqun aparılması üçün bir mərkəzə çevirir. Bu böyük və şərəfli bir missiyadır. Eyni zamanda da böyük məsuliyyətdir. Biz bu məsuliyyətə hazırıq, bu məsuliyyəti öz üzərimizə götürmüşük və bugünkü toplantı bunun bariz nümunəsidir”(2)
XXI əsr sivilizasiyalararası münasibətlər ideyası ilə başlanmışdır. Son illər ərzində müxtəlif ölkələrdə dəfələrlə bu mövzuda müzakirələr aparılmış, beynəlxalq konfranslar, simpoziumlar keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 may 2014-cü il tarixli Fərmanı ilə yaradılmış Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin həm ölkə daxilində, həm də xaricdə həyata keçirdiyi tədbirlərin effektiv nəticələrini də bu istiqamətli mədəniyyət siyasətinin uğuru kimi dəyərləndirə bilərik. Dünyanın tanınmış ictimai-siyasi, mədəniyyət və incəsənət xadimlərinin, nüfuzlu beynəlxalq təşkilatların, kütləvi informasiya vasitələrinin rəhbərlərinin Bakıda keçirilən beynəlxalq tədbirlərdə iştirakı, xüsusilə də, Humanitar Forumlarda verilən bəyanatlar mədəniyyətlərarası münasibətlərin nə qədər aktual bir məsələ olması faktını bir daha ortaya qoydu (3). Bakı prosesinin 2008-ci ildən etibarən əldə etdiyi təcrübələr və son altı ildə dünyaya bəyan etdiyi ümumi qənaətlər bizə bunu deməyə əsas verir ki, üçüncü minilliyə keçid dövründə bəşəriyyətin sanki bir hesabat vermək məsuliyyəti yaranmış, ümumbəşəri özünüdərk problemləri aktuallasmişdir.
Nəzərə almaq lazımdır ki, insan və mədəniyyət daima bir-biri ilə möhkəm surətdə əlaqəlidir. Hər bir insan hansı mühitdə fəaliyyət göstəribsə, onun mədəniyyəti də o cürdür. Onun məqsədi, dünyagörüşü, maraq dairəsi, səviyyəsi yaşadığı həyat tərzi ilə bilavasitə bağlıdır. İnsanlar kimi mədəniyyətlər də müxtəlifdir və bir-birilə qarşılıqlı əlaqəyə girən mədəniyyətlər deyil, müxtəlif mədəni cəmiyyətlərə mənsub olan insanlardır. Elə insanların özləri bir qayda olaraq müxtəlif mədəniyyətlərə mənsub olduqlarına görə deyil, onları maraqlandıran konkret problemlərə və onların həlli ilə bağlı öz səylərini birləşdirmək məqsədi ilə qarşılıqlı əlaqələr qururlar. Bizcə mədəniyyətlərarası münasibətlərdə baş verən müxtəlif problemlər və ziddiyyətlər elə belə hallardan vaş verir. Tarix göstərir ki, müxtəlif mədəniyyətlər arasında mübadilə və təmaslarla yanaşı münaqişələrə gətirib çıxaran ziddiyyətlər, qarşıdurmalar az olmamışdır.
Başqa xalqlara qarşı şovinist, millətçi, eqoist münasibətlər, özgə torpaqlarının həyasızcasına zəbt edilməsi keçmiş dövrlərdən indiyə qədər müxtəlif xalqlar və millətlər arasındakı qarşılıqlı nifrət, düşmənçilik və münaqişələr təkcə bu xalqlara saysız-hesabsız zərər və iztirablar gətirməmiş, həm də bütün dünyada inkişafa, sabitliyə mənfi təsir göstərmişdir. Bu mənada erməni tayfalarının 30 ilə yaxın müddət ərzində Azərbaycanın qədim torpaqlarının 20 faizinin zəbt etməsi və bunun nəticəsində bir milyondan artıq azərbaycanlıların öz doğma yurdlarından qovulması regionda böyük gərginlik yaratmışdır. Ancaq sentyabr hadisələrində müzəffər Azərbaycan ordusunun ali baş komandanı İlham Əliyevin rəhbərliyi ilə əks-hücuma keçməsi və 44 gün ərzində mənfur düşmənin belini qırıb, murdar ordusunu məhv etməsi, müqəddəs torpaq­larımızı azad etməsi böyük bir zəfər idi. Özlərini dünyanın ən qədim, mədəni, humanist milləti olmasından danışan bu vəhşilər Azərbaycan torpaqlarını viranə qoymuş, bütün mədəni abidələri məhv etmiş, qəbirstanlıqlarımızı dağıtmış, məscidlərimizi təhqir etmiş, yandırmış, unikal ağaclarımızı, meşələrimizi kəsib-doğrayıb, oğurlayıb talan etmişdilər. Bunlardımı dünyanın (özlərinin dediyi kimi) ən qədim, mədəni xalqı?... Belə vəhşi tayfalarla münasibət saxlamaq olarmı?...
Bəşəriyyət, insanlıq belə hadisələrlə, zaman-zaman baş verən dəhşətli qanlı faciələrlə (Xatın, Xocalı və s.) heç vaxt barışmamalı və öz kəskin münasibətini bildirməlidir. Hələ 2-3 may 2019-cu ildə Bakıda keçiriləcək V ümumdünya mədəniyyətlərarası Dialoq forumuna hazırlıq məqsədi ilə martın 4-də 2019-cu ildə YUNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının Bakı şəhərində keçirilən növbəti iclasında çox dəyərli məsələlərə toxunulmuşdur. Bakı Konqress Mərkəzində keçirilən iclasda Təşkilat Komitəsi bildirdi ki, Dünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilmiş qərara əsasən 43-cü sessiyanın 2019-cu ildə Bakı şəhərində keçirilməsi mühüm bir hadisədir. Ölkəmiz üçün mühüm əhəmiyyətə malik belə bir qərarın qəbul edilməsi YUNESKO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəsinin bir göstəricisidir. Sessiyada 180-dən artıq ölkədən üç minədək nümayəndənin iştirak edəcəyi gözlənilir. YUNESKO-nun Dünya İrs Komitəsinin sessiyasının Bakıda keçirilməsi olduqca məsuliyyətli bir işdir, bu ilk növbədə Azərbaycanın dünyada artan nüfuzundan xəbər verir. Bu gün dünyada 1500-ə yaxın abidə Komitə tərəfindən qorunur. (Qeyd etmək lazımdır ki, davamlı inkişaf konteksində göstərilən rəqəm mədəniyyətlərarası münasibətə xidmət edir) Dünya İrs Komitəsi dünya xalqlarının kimliyini və tarixi yaddaşını ifadə edən maddi və təbii irs nümunələrinə, ən dəyərli abidələrə dair qərarlar qəbul edir.
YUNESKO-nun Dünya İrs Mərkəzinin direktoru xanım Meçtild (Mechtild) Rössler toplantıda keçirilən məhsuldar görüşlərə görə iştirakçılara minnətdarlığını bildirdi. YUNESKO ilə Azərbaycan arasında sıx əməkdaşlıq münasibətlərinin olduğunu söyləyən M.Rössler bu əhəmiyyətli tədbirin də yüksək səviyyədə təşkil edilməsinə əminliyini bildirdi(3).
Azərbaycanda, ümumiyyətlə, müxtəlif ölkələrdən gəlmiş mədəniyyətlə bağlı nümayəndələrin toplantılarının keçirilməsi artıq bir ənənə almışdır. Bu həm millətlər arasında anlaşıqlıq, həm də mədəniyyətimizin gələcək inkişafı, cəmiyyətdə mövcud olan müsbət ovqatın artırılması, həm də gənc nəslin tərbiyə olunması ilə üzvü bir şəkildə bağlıdır. Dövlətimiz iqtisadi cəhətdən inkişaf edə bilər, siyasi cəhətdən də beynəlxalq mövqeyləri güclü ola bilər, ancaq əgər xalqımızın əsas təməl daşı olan mənəviyyətə diqqət yetirməsək, onu kənarda qoysaq onda millətimizin gələcək inkişaf perspektivləri olmaz, həmin inkişaf dumana bürünmüş yola bənzəyər (6, s.34).
Qeyd etmək lazımdır ki, son illərdə dünyada baş verən proseslər göstərir ki, mədəniyyətdə, adətlərdə, ənənələrdə mövcud olan hətta kiçicik fərqlər belə ən ciddi faciələrlə nəticələnə biləcək münaqişələr yarada bilər. Bundan hətta qohum və yaxın xalqlar və mədəniyyətlər belə sığortalan­ma­yıb­lar. İran-İraq, Hindistan-Pakistan, İngilis-İrland, Gürcü-Abxaz-Osetin, Özbək-Qırqız, İspan-Bask və s. (onların sayını artırmaq da olar) münaqişələr əsasən yaxın mədəniyyətlərə mənsub xalqlar arasında baş verən münaqişələrdir. Böhran vəziyyətinin açıq qarşıdurmaya keçməməsi üçün ilk növbədə onun qarşısı yerindəcə güc sahibləri tərəfindən alınmalı, vaxtaşırı (imkan daxilində tez-tez) mədəniyyətlərarası dialoq və müxtəlif mədəni tədbirlər (kino, balet, rəssamlıq, musiqi və s. sahədə, eyni zamanda mədəniyyət günləri) keçirilməlidir. Məhz dünyanın çoxmədəniyyətliliyinin etiraf edilməsi indiki şəraitdə ənənəvi mədəniyyətlərin mövcudluğunun zəruri şərtinə çevrilir (7, c.96).
Hər hansı bir böyük dövlətin dünya siyasətində ağalığı neçə-neçə faciələrə aparıb çıxara bilirsə, onların “supermədəniyyətininˮ də müxtəlif mədəniyyətlər arasında hökmranlığı olduqca təhlükəlidir. Mədəni müxtəlifliyin qorunması beynəlxalq münasibətlərdə bütün dövlətlərin əsas vəzifəsi olmalıdır.
Müxtəlif millətlər tərəfindən sivilizasiyaya qayğı, mədəni nailiyyətlərinin qorunub inkişaf etdirilməsi indi ümumbəşəri tale və məsuliyyətə çevrilməlidir (6, s.143). XXI əsrdə insanlar müharibə haqqında deyil, sülh və əmin-amanlıq, sivilizasiyanın qorunub gələcək nəsillərə ötürülməsi haqqında daha çox düşünməyə başlamalıdırlar. Belə vacib və mühüm məsələdə Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropada Təhlükəsiz və Əməkdaşlıq Təşkilatı (ATƏT) və digər beynəlxalq siyasi və humanitar təşkilatlar olduqca ayıq və fəal olmalı, uğurlu sülhməramlı tədbirlər hazırlayıb həyata keçirməli, NATO-nun şərqə doğru genişlənməsinə imkan verməməldir.
Əsas cəhət ondan ibarət olmalıdır ki, müasir sivilizasiyanın salamatlığı, onun qorunub saxlanılması üçün daha real imkanlar yaratmaq lazımdır. Bu həm dövlətlərarası, həm millətlərarası, həm də mədəniyyətlərarası münasibətlərdə özünü açıq şəkildə büruzə verməlidir.
Yeni dünya müharibəsi törədə bilən ocaqlar söndürülməli, uzaqlaşdırılmalı, neytrallaşdırılmalı, bəşəriyyət müxtəlif xalqların yaxınlığına, dostluğuna, əməkdaşlığına, mədəni əlaqələrinə, yeni beynəlxalq təfəkkür tərzinin formalaşmasına calışmalıdır. Deyilənlər Qərb və Şərq arasında baş verən əsas istiqamət, əsas məqsəd olmalıdır. Bu mənada davamlı inkişaf konteksində geridə qalan yoxsul ölkələrə müxtəlif səpkidə kömək etmədən, xalqlar arasında qarşılıqlı anlaşılmanı və sülhü möhkəmləndirmədən, təhsil və mədəniyyət sahəsində əlaqələri inkişaf etdirib genişləndirmədən, müxtəlif millətlər arasında əlaqələri artırmadan, humanitar problemlərin həllinə kömək etmədən, informasiyanın daha geniş yayılmasına şərait yaratmadan heç nəyə nail olmaq olmaz.
2019-cu il mayın 2-də Bakıda “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. Həmin forumda məzmunlu məruzə ilə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev yuxarıda adı çəkilən bir çox vacib məsələlərə toxun­du. Azərbaycandan danışan hörmətli Prezident bir daha bildirdi ki, “Bizim tariximiz mədəni müxtəliflik tarixidir və bu gün həmin tarixi irs əsasında Azərbaycan dünyaya mədəniyyətlərarası dialoqun ölkələri yaxınlaşdırmağın, müxtəlif mədəniyyət və sivilizasiya nümayəndələri arasında yeni körpülərin qurulmasının yeganə yol olduğunu nümayiş etdirir.
Multikulturalizm bizim üçün həyat tərzidir. Bu söz nisbətən yeni olsa da, biz həmin ab-havada əsrlər boyu yaşamışıq. 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunması onu sübut edir ki, biz dünyanın diqqətini bu mühüm ideyaya cəlb etmək istəyirik. 2017-ci il isə “İslam həmrəyliyi ili” elan edilib. Bu da bizim tarixi irsimizi, kökümüzü və dünyaya açıq olduğumuzu nümayiş etdirən, rəmzi məna daşıyan addım idi. Hesab edirəm ki, bu meyillər dünyada üstünlük təşkil etsə, dünyada təhlükəsizlik, proqnozlaşdırıla bilmə və sülh bərqərar olar.
Bizim üçün multikulturalizm həm də siyasətimi­zin mühüm elementlərindəndir. Azərbaycanda multikulturalizm üzrə beynəlxalq mərkəz yaradılıb. Biz bu dəyərləri təşviq edir və multikulturalizmin böyük gələcəyinin olduğunu nümayiş etdiririk. Bilirik ki, bu mövzu ilə bağlı müxtəlif fikirlər var. Ancaq hesab edirəm ki, bizim forum və bu mövzuda Azərbaycanda və dünyanın digər yerlərində təşkil olunan çoxsaylı beynəlxalq tədbirlər multikulturalizm dəyərlərinin təşviqi ilə bağlı səylər göstərdiyimizi aydın nümayiş etdirir” (3).
Digər tərəfdən, xalqlar arasında mədəni əlaqələrin genişlənməsinin, mədəniyyətlərin yaxınlaşmasının əsas vasitələrindən biri də beynəlxalq və milli səviyyədə mədəni hüquqların daha möhkəm təmin olunmasıdır. Hamı tərəfindən qəbul edilmiş mədəni hüquq normalarının təmin edilməsi və müdafiəsi hazırda beynəlxalq birliyin əsas vəzifələrindən birinə çevrilməlidir.
Hazırda dünyada müxtəlif mədəniyyətlər arasında münasibətlərin inkişaf etdirilməsində beynəlxalq təşkilatlar - BMT, Avropa Şurası, ATƏT, İKT, YUNESKO, İSESKO və b. mühüm rol oynamaqlarına baxmayaraq, onlar öz fəaliyyətlərini daha da artırmalıdırlar. Çünki dünyada müharibə ocaqlarının sayı nəinki azalmayıb, əksinə, artmışdır. Eyni zamanda dünyada müxtəlif dini-mədəni xüsusiyyətlərə, tarixi təcrübəyə əsaslanan bir çox fərqli mədəni sistemlər mövcuddur. Belə şəraitdə mədəniyyətlər arasında istər-istəməz qarşılıqlı anlaşmada problem yaranır, çünki onlar arasındakı fərqlər bir çox hallarda təkcə əməkdaşlığa deyil, həm də münaqişələrə gətirib çıxarır.
Başqa ölkələrin adət və mədəniyyətlərinə xor baxmaq, millətçilik bütün millət və xalqların milli dövlət quruculuğu prosesində tarixən keçdikləri bir mərhələdir. Əgər o, başqa xalqlara nifrət hissi ilə nəticələnmirsə, milli şüurun, milli ideyanın formalaşmasına xidmət edirsə, müvəqqəti rol oynaya bilər. Milli şüur və milli özünüdərkin dərin vüsət alması ilə müşayiət olunan bu proses xalqların mənəvi potensialının açılmasına, milli tərəqqiyə, onların dünya sivilizasiyasına töhfələrinin daha da genişlənməsinə xidmət edir. Bu hər şeydən əvvəl, tarixi səhnədən sıxışdırılmış, müstəqil dövlətçilik atributlarından məhrum edilmiş xalqların yenidən tarixin yaradıcı qüvvələrinə çevrilməsi, onların dili, adət və mədəniyyətlərinin, iqtisadiyyatlarının inkişafı üçün imkanlar yaradır. Bu həmçinin, milli münasibətlərdən irəli gələn mədəniyyətlərarası münasibətlərin də vacib şərtidir.

Açar sözlər: mədəniyyət, insan, cəmiyyət, inkişaf, multikulturalizm, tolerantlıq, vaciblik.

ƏDƏBİYYAT SİYAHISI
1. H.Əliyev. Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında. Bakı: Azərnəşr, 2001
2. İ.Əliyev. Üçüncü Beynəlxalq Humanitar Forumun açılışı mərasimində çıxışı.(31 oktyabr 2013-cü il) “Azərbaycan” qəzeti, 01 noyabr 2013-cü il
3. İ.Əliyev. “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq qurmaq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoqun Forumunda nitqi. “Azərbaycan”, 3 may, 2019-cu il
4. Xəlilov S. Sivilizasiyalararası dialoq. B.:”Adiloğlu”, 2009
5. Rüstəmov Y. Sivilizasiyaların qarşılıqlı münasibəti. Bakı; Səda, 2007
6. Heydərov N. Mədəniyyət və mənəviyyat münaqişələrinin həlli. B. 2015
7. Диалог культур в глобализирующемся мире. М.: Наука, 2005

Важность мультикультурных отношений

Резюме
В статье говорится, что культурный феномен единственно правильная дорога в спасении, развитии и процветании общества. Главная цель межкультурных отношений в стирании границ этнокультурного различия между народами и распростроении культурологической модели по всему миру. Межкультурные отношения не могут быть объяснены в стороне от мультикултуральных ценностей, толерантности и прав человека. Межкультурные отношения важное условие в развитии общества.

Ключевые слова: культура, человек, общество, развитие, мультикультурализм, толерантность, важность.

The importance of cross-cultural communication

Summary
The article reveals that cultural phenomenon is the single right way in survival, development and prosperity of the society. The main function of cross-cultural communication expresses in eliminating the borders of ethnical and cultural difference between peoples and spreading the culturological model over the world. Cross-cultural communication can not be explained aside from multicultural values, tolerance and human rights. Cross-cultural communications are the important term in society’s development.

Keywords: culture, human, society, development, multiculturalism, tolerance, importance.