İQTİSADİYYATDA ŞƏFFAFLIĞIN ARTIRILMASINDA VƏ HESABATLILIĞIN DÜRÜSTLÜYÜNÜN TƏMİN EDİLMƏSİNDƏ AUDİT FUNKSİYALARININ ROLUNUN QİYMƏTLƏNDİRİLMƏSİ

Post image

KAMRAN ABBASOV, 
Azərbaycan Kooperasiya Universitetinin
dissertantı

E-mail: [email protected]

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra iqtisadi inkişaf modelinin formalaşdırılması və gücləndirilməsi istiqamtində davamlı işlər görülmüşdür. Bu sahədə dövlətin təkmilləşdirilmiş iqtisadi siyasəti hazırlanmış və müasir dövrün tələbləri də nəzərə alınmaqla, daim zəruri tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır. İqtisadiyyatın səmərəliliyinin artırılması, iqtisadi sistemin işləkliyinin və şəffaflığının təmin olunması vacib məsələlər kimi xarakterizə edilirlər. Məhz bu məsələlərin maksimum tələb olunan səviyyədə həyata keçirilməsi mühasibatlıq işlərinin və hesabatlarının dürüstlüyünə imkan verən qanunvericilik bazasının formalaşdırılması, maliyyə hesabatlarının şəffaflığı üçün əsaslı zəminin yaradılması, vergi sisteminin mütərəqqi və şəffaf olmasının nəticəsində ölkəmizdə iqtisadi proseslərin səmərəliliyi ildən-ilə artmaqdadır. Şübhəsiz bu proseslərdə, ilk növbədə iqtisadiyyatda şəffaflığın əhəmiyyətli səviyyədə artımında auditin müstəsna rolu vardır. Akademik Z.Ə.Səmədzadə hesab edir ki: “Son dövrlər ölkəmizdə keçirilən iqtisadi islahatlar, yenidənqurma və quruculuq işləri, hesabatlılıq və şəffaflıq sahəsində aparılan işlərin əhəmiyyəti artıb. Azərbaycanda iqtisadi islahatların yeni mərhələsinin başlanması ilə gərgin işlər aparılıb. Strateji yol xəritəsi mühüm fundamental sənəddir, iqtisadi inkişafın, sosial həyatın bütün sahələrini əhatə edir. Azərbaycanda dövlət nəzarət sistemi uğurla davam etdirilir, sistemin təkmilləşdirilməsi istiqamətində cəsarətli addımlar atılır. Strateji yol xəritəsi hesabatlılıq və şəffaflıq tədbirlərinə olan diqqəti özündə ehtiva edir” [1]. Hesab edirik ki, bu fikirlərdə yer almış müddəalar müasir dövrümüzün iqtisadi inkişaf proseslərində auditin roluna və onun funksiyalarına daha böyük zərurətin, ehtiyacın olduğunu özündə əks etdirən əsaslandırılmış ifadəsidir. Məhz iqtisadi proseslərin və ölkədəki maliyyə resurslarından istifadənin şəffaflığının təmin olunması nəticəsində daha geniş mənbələrə malik vergiqoyma bazalarının müəyyənləşdirilməsi, iqtisadiyyatda səmərəlilik göstəricilərinin dürüstlüyünə əlverişli şəraitin yaradılması, iqtisadi fəaliyyət subyektlərinin işlərində şəffaflığın maksimum prioritetliyə çevrilməsi proseslərinin sürətlənməsi diqqət çəkir. Ölkənin müxtəlif iqtisadiyyat sahələrində, həmçinin iqtisadi islahatların dərinləşdiyi bir şəraitdə, milli iqtisadiyyatın neftdən asılılığının azaldılması istiqamətində aparılan tədbirlərin əhatəsinin genişləndiyi bir dövrdə audit sisteminin və audit fəaliyyətinin gücləndirilməsi mühüm amillərdən biri kimi qiymətləndirilir.
Hələ, müstəqilliyin bərpasından sonrakı ilk dövrlərdə iqtisadiyyatın prioritet sahələrinin inkişaf etdirilməsində və ölkənin iqtisadi siyasətində şəffaflıq amili və təhlükəsizlik məsələləri ön plana çıxmışdır. O dövrdə “kölgə iqtisadiyyatı” məsələləri milli iqtisadi təhlükəsizlik üçün ciddi qorxu və təhlükə yaratmışdı, vergidən yayınmalar həddindən çox idi, əksər kiçik və orta müəssisələrdə mühasibatlıq işləri belə təşkil olunmamışdı, uçot məsələlərinə münasibətdə intizamsızlıq hökm sürürdü. Belə bir dövrdə ulu öndər Heydər Əliyev ölkə iqtisadiyyatının potensialının gücləndirilməsi, iqtisadi siyasətdə şəffaflığın təmin olunması və iqtisadi təhlükəsizlik amillərinin prioritetliyinə diqqətin artırılmasnı vacib hesab etmişdir. Belə ki: “Müstəqil Azərbaycan dövlətinin banisi ulu öndərimiz Heydər Əliyevin dövlət quruculuğu siyasətində şəffaflığın artırılması daim diqqət mərkəzində saxlanılan məsələlərdən biri olmuşdur. Hələ yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıtdığı ilk vaxtlar dövlətin iqtisadi və siyasi əsaslarının təhlükəsizliyi, vətəndaşların mülkiyyət hüquqları əleyhinə cinayətlər, maliyyə-kredit fırıldaqları və iqtisadi xarakterli başqa pozuntular çoxalaraq, cəmiyyəyt üçün təhlükəli bir həddə gəlib çatdığı bir dönəmdə ulu öndər 1993-cü il dekbarın 8-də keçirilən müşavirədə çıxış edərkən demişdir: “Respublikamız ağır bir dövr keçirir, iqtisadiyyat böhran vəziyyətindədir. Maliyyə bizim üçün əsaslı bir sahədir. Əgər bu sahədə işləyən şəxslər ayrı-ayrı kooperativlərin, assosiasiyaların, şirkətlərin mənafeyini, yaxud da onlarla əlaqəli olaraq öz şəxsi mənafelərini ölkənin, xalqın, dövlətin mənafeyindən üstün tutursa və cürbəcür qeyri-qanuni yollarla gedirlərsə, bütün bunlar dəhşət doğurur və bir daha sübut edir ki, son illərdə respublika iqtisadiyyatının, çox mühüm sahə olan maliyyənin dağılmasının, böhran halına düşməsinin səbəbləri də birinci növbədə buradadır” [2]. Sonrakı illərdə ölkə iqtisadiyyatının sabitləşdirilməsi, makroiqtisadi və makromaliyyə sabitliyinin təmin olunması vəzifələrinin reallaşdırılmasında konseptual yanaşmaların ulu öndərin bu tarixi fikirləri və dedikləri ilə bilavasitə bağlı olduğunun şahidiyik. İqtisadiyyatın müxtəlif sahələrində şəffaflığın təmin olunması üçün audit institutunun inkişaf etdirilməsinə böyük önəm verilmiş, ölkədə auditor fəaliyyətinin qanunvericilik bazası gücləndirilmiş, auditorların qərəzsiz və müstəqil fəaliyyəti üçün tələb olunan şərait yaradılmışdır. Korporativ idarəetmə sistemində, müəssisə və təşkilatlarda audit xidmətlərinin və şöbələrinin yaradılması prosesləri ön plana keçmişdir. Belə ki, 16 sentyabr 1994-cü ildə “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Həmin qanunla auditor xidmətinin təşkili, audit institunun formalaşdırılması və inkişaf etdirilməsi, audit fəaliyyətinin həyata keçirilməsi ilə bağlı proseslərin hüquqi baxımdan tənzimlənməsi istiqamətində mühüm addımlar atılmış, audit xidməti üzrə sahibkarlıq fəaliyyətinin təşkili ilə hüquqi əsaslar təmin olunmuş, təsərrüfat subyektlərində müqavilə əsasında maliyyə-təsərrüfat fəaliyyəti sahəsində yoxlama, ekspertiza, təhlil aparmaq və yazılı rəy vermək, mühasibat uçotu qurmaq, hesabat göstəricilərinin dürüstlüyünü təsdiq etmək və auditorun peşə fəaliyyətinə uyğun olaraq, maliyyə-təsərrüfat sahəsində digər xidmətlərin göstərilməsində auditor xidmətinin rolu və funksiyaları müəyyənləşdirilmiş, auditor xidmətinin bir tərəfdən sərbəst auditor və ya auditor təşkilatı, digər tərəfdən isə sifarişçi arasında bağlanmış və yoxlamanın məzmununu, aparılması müddətlərini, məsləhət xidmətlərinin həcmini, ödəniş məbləği və qaydasını, eləcə də tərəflərin məsuliyyətini nəzərdə tutan müqavilə əsasında göstərilməsi mexanizmləri hüquqi əsaslarla tənzimlənmiş və ölkədə audit institutunun inkişaf etdirilməsi üçün zəruri hüquqi baza yaradılmışdır[3].
Auditor xidməti və fəaliyyəti maksimum qərəzsiz prisipləri, obyektiv yanaşmaları özündə ehtiva edir. Auditor tərəflərin maraqlarını yox, mühasibat uçotu və maliyyə intizamı prinsiplərini, meyarlarını, bunlarla bağlı qanunvericiliyin tələblərini, normativ aktları əsas götürməlidir. Auditor prinsipial olaraq qanundan kənar heç bir hala yol verməməli və bunun üçün şərait yaratmamalıdır. Dünya təcrübəsində də audit institunun inkişaf etdirilməsi və peşəkarlıq standartlarının qərəzsiz olması vacib baza şərtləri kimi qəbul olunmuşdur. Bunlar öz əksini 1977-ci il 17-26 oktyabrda qəbul olunmuş Nəzarətin Rəhbərlik Prinsiplərinin Lima Bəyannaməsində tapmışdır [4]. Bu bəyannamənin qəbulundan sonra dünya səviyyəsində auditin ümumi fəaliyyət prinsipləri onun müxtəlif formaları üzrə standartlar toplusu hazırlanmış, onların təkmilləşdirilməsi təmin edilmiş və ümumilikdə beynəlxalq təcrübədə, dünya ölkələrində iqtisadi proseslərdə şəffaflıq və hesabatlılıq prinsiplərinə önəm xeyli artmış, firma və müəssisələrdə şəffaflığın gücləndirilməsi, nəzarət prinsiplərinin mühümlüyü daha çox diqqət mərkəzinə düşmüş və audit xidmətinin əhəmiyyəti yüksəlmişdir.
Qeyd edək ki, ölkəmizdə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində konseptual yanaşmalar formalaşdırılmışdır, bunlarla bağlı olaraq dövlət səviyyəsində zəruri tədbirlər görülmüş və Milli Strategiya işlənib hazırlanmış, təsdiq edilmişdir. Belə ki, ölkə Prezidentinin 28 iyun 2007-ci il tarixli sərəncamı ilə bu barədə müvafiq tapşırıqlar verilmiş və “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” təsdiq olunmuşdur [5]. Bu strategiyada mühüm məsələlər sırasında dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın və məsuliyyətin yüksəldilməsi, korrupsiyaya qarşı mübarizədə beynəlxalq təcrübənin təmin olunması, iqtisadiyyatın inkişafı, maksimum əlverişli biznes şəraitinin yaradılması və xarici investorlar üçün cəlbedici mühitin formalaşdırılması yer almışdır. Bu məqsədlə, müəssisə və təşkilatların, o cümlədən dövlət strukturlarının və orqanların şəffaf şəraitdə işləmələrinin vacibliyi, audit təhlillərinin aparılması və nəzarət sisteminin gücləndirilməsi vacib hesab olunmuşdur. “Audit xidmətinin təkmilləşdirilməsi məqsədilə beynəlxalq audit standartlarının tam tətbiqinə keçilməsi, daxili audit xidmətinin və auditorların fəaliyyətinə dair nəzarət sistemlərinin təkmilləşdirilməsi üzrə tədbirlər nəzərdə tutulur. Audit təşkilatlarının korrupsiyaya qarşı mübarizə aparan orqanlarla əməkdaşlığının gücləndirilməsi və onların korrupsiyaya qarşı mübarizə sahəsində məsuliyyətlərinin artırılması istiqamətində tədbirlərin görülməsi təmin olunacaqdır” [6]. Audit təşkilatlarının səmərəli fəaliyyət göstərməsi, bu istiqamətdə beynəlxalq təcrübədən daha fəal şəkildə istifadə olunması, audit təhlillərinin və yanaşmalarının dövrün tələbləri səviyyəsinə qaldırılması, normativ hüquqi aktların yenilənməsi, bu proseslərdə ictimai təşkilatların, o cümlədən qeyri-hökumət təşkilatlarının fəal iştirakının təmin olunması, iqtisadi subyektlərin illik hesabatların dürüstlüyünə nail olunması və onların dərc edilməsi, korrupsiyaya və mütəşəkkil iqtisadi cinayətə rəvac verən boşluqların və halların aradan qaldırılması, maliyyə resurslarından istifadə proseslərində nəzarət mexanizmlərinin və müvafiq strukturların fəaliyyətinin təkmilləşdirilməsi, məmur–vətəndaş təmaslarının minimuma endirilməsi, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi və s. daha çox vacib hesab olunur. İqtisadi sahədə, özəlləşdirmə və sahibkarlığın inkişafına yönəldilən maliyyə resurslarından, investisiyalardan səmərəli istifadə edilməsi məsələlərinin nəzarətdə saxlanılması tələb edilir. Eyni zamanda, maliyyə axınlarının hərəkətinin izlənməsi, onlardan təyinatı üzrə istifadə edilməsinə məsul orqanların, müəssisə və təşkilatların fəaliyyətlərində təşəbbüskarlığın artırılması və şəffaflığın təmin edilməsi məsələləri diqqət çəkir. Aktual məsələlərdən biri də dövlət satınalmaları ilə bağlı keçirilən tenderlərin şəffaflığının təmin olunması və tender komissiyalarının fəaliyyətində şəffaflığın maksimum prioritet kimi qəbul edilməsidir.
İqtisadi siyasətdə və iqtisadi fəaliyyət subyektlərinin işində hesabatlılığın təmin olunması və şəffaflığın gücləndirilməsi vacib amillərdən hesab olunur. Buna görə də hər bir dövlət ölkədə audit standartlarının hazırlayaraq qəbul etməli və audit institutunun inkişaf etdirilməsi üçün tələb olunan işləri sistemli və ardıcıl şəkildə həyata keçirməlidir. Bu məqsədlə, audit institutunun əsas mexanizmlərinin və fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, bunlarla bağlı prosesləri tənzimləyən metodiki yanaşmalar və üslubların hazırlanması, vacib normativ hüquqi aktların işlənməsi tədbirləri görülməlidir. Digər tərəfdən, əvvəldə bildirdiyimiz kimi iqtisadi fəaliyyət prosesləri iştirakçılarının maliyyə hesabatlarında və mühasibat üçotu sənədlərində şəffaflıq əsas prinsiplərdən biri kimi qiymətləndirilməlidir [7]. Maliyyə və iqtisadi sahələrdə dövlətin strateji maraqları olduğundan maksimum şəffaflığın və dürüstlüyün təmin olunmasında auditdən səmərəli istifadənin təşkili ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi reallaşdırılmalıdır. Maliyyə mənbələrinin diversifikasiyalaşdırılmasında, bütün səviyyələrdə və ölkə regionlarında maliyyə vəsaitlərindən təyinatı üzrə istifadənin səmərəli nəzarət mexanizminin formalaşdırılmasında audit xidmətinin funksiyalarından istifadə edilməsi mümkündür və dünya təcrüəsindən yanaşdıqda, audit institutunun vasitəsilə dövlətin qarşısında duran bir sıra strateji vəzifələrin reallaşdırılmasında, dövlətin həyata keçirdiyi vacib funksiyaların, o cümlədən maliyyə resurslarının yığılması, ehtiyatlarının toplanması və onların yenidən bölüşdürlməsi proseslərində mühüm nəzarət mexanizmlərini təmin etmək mümkündür. Bu proseslərdə korrupsiyanın və rüşvətxorluğun yaranmasına mane olan şəffaf mühitin formalaşdırılması vacib şərtlərdəndir. Ölkə Prezidenti İlham Əliyevə görə: “Korrupsiya və rüşvətxorluğa qarşı daha ciddi mübarizə aparılmalıdır. Bizim korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə aparmağa böyük siyasi iradəmiz var” [8]. Bu siyasi iradənin güc mənbəyi ölkədə həyata keçirilən ədalətli və şəffaf dövlət iqtisadi siyasəti və onun təşkilində ortaya qoyulan səmərəli fəaliyyət mexanizmləridir. Beynəlxalq təcrübədən yanaşdıqda istənilən bir ölkədə şəffaflığı yüksək olan maliyyə bazarları və maliyyə institutu formalaşdırılarsa, bu halda iqtisadiyyatın səmərəliliyini təmin etmək üçün əlavə imkanlar yaranar, eyni zamanda, iqtisadiyyatın məhsuldarlığı, bu proseslərin iştirakçılarının qarşılıqlı maraqlarının təmin edilməsi istiqamətində real zəmin formalaşdırılar.
Şəffaflıq olmadığı halda iqtisadi cinayətlərin artması gözlənilən bir prosesdir, bu isə sosial-iqtisadi gərginliyi artırmaqla yanaşı, həm də qeyd etdiyimiz kimi korrupsiyaya və rüşvətxorluq hallarının artmasına gətirib çıxarar. Korrupsiya ölkə və cəmiyyət üçün çox təhlükəli bir bəladır və bunun qarşısı sistemli şəkildə alınmazsa, “kölgə iqtisadiyyatı” daha da geniş yayılar, ölkə əhalisinin yaşayış səviyyəsinin pisləşməsi baş verər və dövlət vəsaitlərindən istifadənin səmərəliliyi xeyli azalar. Bu amillər baxımından, “kölgə iqtisadiyyatı”nın azaldılması proseslərində audit sisteminin səmərəli fəaliyyəti önəmli rol oynaya bilər və belə olduğu təqdirdə audit institutunun inkişafının sürətləndirilməsi üçün daha geniş perspektivlər açılacar [9]. Göstərilən amillər isə islahatlar və şəffaflığın artırılmasına təkan verməklə, eyni zamanda iqtisadi inkişafın dayanıqlılığına və dinamikliyinə əlavə imakanlar yaradır. “Azərbaycanda həyata keçirilən müasir iqtisadi islahatların və demokratik dövlət quruculuğunun əsas atributlarından biri sosial-iqtisadi həyatın bütün sahələrində şəffaflığın təmin olunmasıdır. Şəffaflığın artırılması və səmərəli nəzarət sisteminin yaradılması iqtisadi inkişaf təminatının vacib şərtlərindən biri kimi mühüm əhəmiyyət kəsb edir” [10]. Bunlarla bağlı strateji məsələlər və hədəflər, eyni zamanda maliyyə bazarının şəffaflığının artırılması məsələləri, ölkənin maliyyə bazarının dayanıqlılığının gücləndirilməsi, maliyyə xidmətlərinin strukturunun genişləndirilməsi ilə bağlı prioritetlər ölkə Prezidentinin 2016-cı il 6 dekabr tarixi Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə verilmişdir [11].

NƏTİCƏ
Qarşıda duran strateji məsələlər sırasında, bir çox vacib mexanizmlərin hazırlanması və reallaşdırılması ilə bərabər, audit institutunun fəaliyyətinin maksimum genişləndirilməsi, audit xidmətlərinin səmərəliliyinin artırılması və iqtisadiyyatda şəffaflığın, həmçinin hesabatlılığın dürüstlüyünün təmin olunmasında audit funksiyalarının rolunun obyektiv qiymətləndirilməsi təmin olunmalıdır. Bunlarla bağlı olaraq, bir sıra məsələlər daha çox diqqət mərkəzində saxlanılmalı və tədbirlərin görülməsi təmin edilməlidir:
–iqtisadiyyatda şəffaflığın artırılması və hesabatlılığın dürüstlüyünün qorunmasının qanunvericilik bazası daha da gücləndirilməli və bununla bağlı beynəlxalq təcrübə əsas götürlməlidir;
–iqtisadiyyatda şəffaflığın artırılmasında və hesabatlılığın dürüstlüyünün təmin olunmasında audit funksiyalarının rolunun qiymətləndirilməsi daim diqqət mərkəzində saxlanılmalı və bununla bağlı konseptual yanaşmalar formalaşdırılmalıdır;
–ölkədə “kölgə iqtisadiyyatı”nın qarşısının alınması, korrupsiya hallarının və rüşvətxorluğun minimuma endirilıməsi məqsədilə iqtisadi fəaliyyət subyektlərinin işində audit nəzarətinin gücləndirilməsi, audit institutunun inkişaf etdirilməsinə diqqətin artırılması təmin olunmalıdır və s.

Açar sözlər: iqtisadiyyatda şəffaflıq, iqtisadiyyatda hesabatlılıq, audit funksiyaları, audit institutu, iqtisadiyyatda şəffaflığın artırılması, iqtisadiyyatda hesabatlılığın gücləndirilməsi, maliyyə intizamı, audit xidməti.


ƏDƏBİYYAT SİYAHISI
1. Səmədzadə Z.Ə. Auditin rolu və şəffaflığın əhəmiyyəti barədə. 24.10.2017. http://www.samedzade.az/az/pages/13/information/153.
2. Novruzov V.T. Heydər Əliyevin iqtisadi siyasətində şəffafliq amili və təhlükəsizlik siyasəti yeni mərhələdə. http://www.respublica-news.az/images/pdf/2020.05.08.pdf.
3. Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu. Bakı şəhəri, 16 sentyabr 1994-cü il, № 882.
4. Лимская Декларация Руководящих Принципов Контроля. Лима, 17-26 октября 1977 года. http://www.iia-ru.ru.
5. Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Bakı şəhəri, 28 iyul 2007-ci il, № 2292.
6. Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli strategiya. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli 2292 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir.
7. Novruzov V.T. İqtisadi siyasətdə şəffaflıq amili. Azərbaycan.-01.09.2010.-S.4. http://www.anl.az/down/meqale/azerbaycan/2010/avqust/129645.htm.
8. Maliyyə və iqtisadi sahədə tam şəffaflıq təmin edilməlidir. 22.10.2015. http://www.azerbaijan-news.az.
9. “Kölgə iqtisadiyyatı”nın azaldılması audit sistemi üçün perspektivlər açacaq. 21 fevral 2019-cu il. https://vergiler.az/news/taxes/1112.html.
10. İslahatlar və şəffaflığın artırılması iqtisadi inkişafı təmin edir. 20 may 2020. https://ikisahil.az/post/islahatlar-ve-sheffafligin-artirilmasi-iqtisadi-inkishafi-temin-edir.
11. Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixi Fərmanı ilə təsdiq olunmuşdur.

РЕЗЮМЕ
Оценка роли аудиторских функций в обеспечении повышении прозрачности и достоверности отчетности в экономике

В статье исследованы оценка роли аудиторских функций в обеспечении повышении прозрачности и достоверности отчетности в экономике. С этой целью анализирована сущность аудиторских функций и их влияние на улучшение прозрачности. Раскрыты основные преимущества достоверности отчетности в обеспечении эффективности экономической деятельности. Отмечена важность улучшения финансовой дисциплины и эффективное использование финансовых ресурсов в экономических процессах. Подготовлены предложения и рекомендации по оценке роли аудиторских функций в обеспечении повышении прозрачности и достоверности отчетности в экономике.

Ключевые слова: прозрачность в экономике, отчетность в экономике, функции аудита, институт аудита, повышение прозрачности в экономике, усиление отчетности в экономике, финансовая дисциплина, аудиторские услуги.

SUMMARY
Assessing the role of audit functions in improving transparency and accountability in the economy

The assessment of the role of audit functions in ensuring increased transparency and reliability of reporting in the economy is investigated in the article. The essence of audit functions and their impact on improving transparency are analyzed for this purpose. The main advantages of reliability of reporting in ensuring efficiency of economic activity are disclosed. The importance of improving financial discipline and effective use of financial resources in economic processes is analized then. Proposals and recommendations to assess the role of audit functions in improving transparency and accountability in the economy are given in the end of the article.

Key words: transparency in economy, reporting in the economy, audit functions, institution of audit, increasing transparency in the economy, strengthening reporting in the economy, financial discipline, audit services.