İqtisadi inkişaf proseslərinin səmərəliliyinin artırılması və iqtisadi islahatların sürətləndirilməsi bir çox amillərin ciddi şəkildə dəyərləndirilməsini və nəzərə alınmasını şərtləndirir. Bunlardan biri də nəqliyyat sisteminin işləkliyi və optimal olması problemi ilə bağlıdır və təsadüfi deyildir ki, nəqliyyat sistemini çox vaxt iqtisadiyyatın şah damarı kimi xarakterizə edirlər. Dünyanın inkişaf etmiş ölkələrində nəqliyyat-logistika sisteminə və onun əhəmiyyətinə yanaşmalarda bazar iqtisadiyyatı münasibətləri və mexanizmləri əsas meyarlar və prinsiplər kimi baxılmaqdadır. Məhz bu səbəbdən nəqliyyat-logistika sistemi yüksək gəlir gətirən və əlavə dəyər yaradan sahibkarlıq fəaliyyəti və biznes sahələrindən biri kimi qiymətləndirilir [1]. Bundan əlavə, nəqliyyat-logistika sisteminin üstün amillərindən məhsuldar istifadə olunması iqtisadiyyatın şaxələndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Beynəlxalq əhəmiyyətli nəqliyyat qovşaqlarının kəsişmə nöqtələrinin - marşrutlarının potensialından səmərəli formada yararlanmaq, dəniz, dəmir yolu və digər nəqliyyat növlərindən eyni vaxtda məhsuldar sitifadə olunması yükdaşımaların dinamikliyinə əlverişli şərait yaradır və bu sahədə xidmətin dəyərinin həcminin əhəmiyyətli səviyyədə artırır. Digər mühüm bir amil isə dünya təcrübəsində müxtəlif növ nəqliyyat vasitələri və növləri ilə daşımalarda logistika mərkəzləri vasitəsilə əlavə dəyər yaratmaqdan ibarətdir [2]. Bu halda təchizat zənciri daha çevik şəkildə işləyir, təsərrüfat və biznes subyektlrəinin müxtəlif xammal və materiallara olan tələbatının səmərəli şəkildə ödənilməsi təmin olunur, ticarət və yükdaşımaların dövriyyəsi artır. Eyni zamanda, logistika mərkəzləri vasitəsilə iqtisadiyyatın prioritet sahələrinin inkişaf etdirilməsi və iqtisadi islahatların sürətləndirilməsi məqsədilə xammal və resursların təminatı problemlərin həllinə əlverişli şərait yaranır [3]. Ümumilikdə nəqliyyat-logistika sistemi iqtisadi islahatlar proseslərində qarşıda duran strateji məqsədlərə çatmaqda önəmli funksiyaları yerinə yetirir [4]. Nəqliyyat-logistika sisteminin səmərəli təşkili xeyli sayda xidmətlərin göstərilməsinə imkan verir və bunların sırasında əsas etibarı ilə logistik fəaliyyətlə bağlı olan bir çox xidmət növlərini qeyd etmək mümkündür: 1) müştəri xidmətləri; 2) yüklərin saxlanılması və qablaşdırılması ilə bağlı xidmətlər; 3) yüklərin planlı şəkildə və uzunmüddətli dövrə hesablanmış qrafik əsasında tədarükü, daşınması və bölüşdürülməsi xidmətləri; 4) tələb olunan xammal və materialların sifarişi ilə bağlı proseslərin tənzimlənməsi və idarə olunması xidmətləri; 5) bağlanmış müqavilələr və kontraktlar üzrə yüklərin son ünvanlara çatdırılması xidmətləri; 6) yüklərin müxtəlif nəqliyyat vasitələrindən istifadə edilməklə daha optimal və sərfəli şərtlərlə daşınmasının təşkili üzrə xidmətlər; 7) xammal və hazır məhsul axınlarının idarəedilməsi, nəzarət olunması və səmərəli istifadə edilməsi xidmətləri; 8) sığortalama və gömrük prosedurlarının həyata keçirilməsi proseslərinə nəzarətin təşkili xidmətləri; 9) dünyanın istənilən nöqtəsindən və ya ölkəsindən bir neçə ölkələri keçməklə daşınan yüklərin vahid mərkəzdən idarəetmə xidməti və s. Logistika xidmətlərinin səmərəliliyi sayəsində iqtisadi fəaliyyət sahələrinin qarşısında duran strateji vəzifələrin yerinə yetirilməsi və iqtisadi islahatların intensivləşdirilməsi mümkün olur [5].
Qeyd edək ki, Azərbaycanda da nəqliyyat-logistika sisteminin strateji əhəmiyyəti və üstün cəhədləri diqqət çəkir. Belə ki, ölkəmizdə nəqliyyat sektorunun əksər növlərinin səmərəli təşkili və logistika mərkəzlərinin yaradılması üçün əlverişli şərait vardır. Məlumdur ki, strateji yol xəritələri çərçivəsində Azərbaycan iqtisadiyyatının inkişaf modelinin təkmilləşdirilməsi və perspektiv milli iqtisadiyyat sektorları üzrə strateji hədəflər müəyyənləşdirilmişdir. Bu baxımdan, Azərbaycanın iqtisadi inkişaf modelinin qlobal iqtisadi çağırışlara uyğunlaşdırılması, bununla bağlı mühüm xüsusiyyətlərin nəzərə alınması sırasında ölkəmizin nəqliyyat tranzitivliyi və bir çox beynəlxalq nəqliyyat marşrutlarının kəsişmə nöqtəsi olması ciddi nəzərə alınmalıdır. Təsadüfi deyildir ki, ölkə Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”ndə logistika sahəsinin təhlili və qiymətləndirilməsi ilə bağlı qeyd olunmuşdur ki, ölkədə yeni liman kompleksinin tikintisi, qonşu ölkələrlə yeni dəmir yolu əlaqələrinin qurulması, Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı ərazisində azad iqtisadi zonanın yaradılması, həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportunda logistika qovşağının yaradılması hesabına tranzit yüklər üzrə əlavə dəyərin formalaşdırılması imkanlarının olması ölkəmizdə logistika sisteminin inkişafı üçün önəmli amillərdən hesab olunur [6].
Qeyd edək ki, ildən-ilə nəqliyyat sektoru ölkəmizin kifayət qədər prioritetlik təşkil edən iqtisadiyyat sahəsinə çevrilməkdədir və bu sahənin potensialı yüksək qiymətləndirilməlidir. Xüsusilə, onun tranzitivlik potensialı bu sektoru xeyli cəlbedici etmişdir və maraqlıdır ki, dünyada məlum olan nəqliyyat növlərinin hamısının inkişaf etdirilməsi üçün imkanlar genişdir. Belə ki, Xəzər dənizi vasitəsilə dəniz nəqliyyatının inkişafı üçün böyük potensial mövcuddur. Regionun və dünyanın ən iri dəmir yolu layihələrindən biri olan – Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu artıq istismara verilmişdir. Ölkəmizdə xeyli sayda beynəlxalq hava limanları – aeroportlar fəaliyyət göstərirlər, əvvəldə qeyd etdiyimiz kimi, Heydər Əliyev adına Beynəlxalq hava limanı isə müasirliyinə və texniki imkanlarına görə regionun ən etibarlı və güclü infrastrukturuna malik hava nəqliyyatı mərkəzinə, ümumilikdə isə nəqliyyat-logistika mərkəzinə çevrilmişdir. Bundan əlavə, qeyri-neft sektorunun böyük və intensiv xammal axını olan sahələrində, o cümlədən güclü ixrac potensialına malik kimya və neftkimya kompleksində milyonlarla ton xammalın və hazır məhsulun hərəkəti üzrə çevik və səmərəli logistika infrastrukturu tələb olunur [7]. Həmçinin, ümumilikdə təkcə Sumqayıt sənaye mərkəzində iri texnoloji qurğuların potensialından səmərəli istifadə olunması prioritetləri sırasında mühüm məsələlərdən biri məhz xammal təminatının uzunmüddətli dövr üçün etibarlı şəkildə həll edilməsidir. Dünya təcrübəsində bu kimi məsələlərin həllində, xüsusilə sənaye mərkəzlərində logistik mərkəzlərin yaradılması məsələsi diqqət çəkir [8]. Bu cür yanaşma ölkə Prezidentinin 21 dekabr 2011-ci il tarixli Fərmanı ilə yaradılmış Sumqayıt Kimya Sənaye Parkı üçün də xarakterikdir [9]. Belə ki, bu parkda rezidetlərin istehsal infrastrukturunun genişləndirilməsi və imkanlarının artırılması məqsədilə xammal axınlarının daha səmərəli idarə olunması və tranzit yükdaşıma manevrliyi hesabına müxtəlif xammallara, həmçinin materiallara olan tələbatın ödənilməsi məqsədilə logistika qovşağının yaradılması nəzərdə tutulmuşdur. Hazırda bu istiqamətdə işlər intensivləşməkdədir [10]. Ölkə iqtisadiyyatının digər sahələrində də, o cümlədən metallurgiya, eyni zamanda bir sıra digər ənənəvi iqtisadiyyat sahələrində, xüsusilə pambıqçılıq və üzümçülükdə, taxıl məhsullarının daşınmasında çevik və etibarlı logistika infrastrukturuna və potensialına zərurət vardır [11]. İqtisadiyyatın modernləşdirilməsi, islahatların aparılması, müasir texnologiyalar əsasında inkişaf etdirilməsi, bunlarla əlaqədar oalraq informasiya iqtisadiyyatı sektorlarının və innovativ strukturların inkişafına dördüncü sənaye inqilabının təsirinin obyektiv qiymətləndirilməsi, hər bir ölkənin iqtisadi inkişaf prioritetlərinə uyğun mexanizmlərin işlənib hazırlanması vacib şərtlərdəndir. Belə şəraitdə yüksək texnologiyalar əsasında logistika mərkəzlərinin formalaşdırılması böyük səmərə verə bilər. İqtisadiyyatın strateji inkişaf hədəflərinin reallaşdırılması üçün tələb olunan innovativ strukturların inkişaf etdirilməsi gecikdirilməməli və bunlara konseptual yanaşmalar təmin olunmalıdır [12]. Bu amillər baxımından ölkəmiz nəqliyyat-logistika sisteminin inkişafına ciddi önəm verməkdədir və qeyd etdiyimiz kimi bir çox strateji layihələr həyata keçirilmişdir. Ölkəmizin əlverişli coğrafi mövqeyi, müxtəlif nəqliyyat növlərinin inkişafı üçün əlverişli şəraitin olması və səmərəli logistika qovşaqlarının yaradılması imkanlarının mövcudluğu burada regionun ən cəlbedici logistika mərkəzlərinin yaradılmasını şərtləndirir və investorların maraqlarına uyğun gəlir. Bütün bunların nəticəsində Azərbaycan regional logistika lideri statusunu qazanmışdır və bu statusu möhkəmləndirməkdədir [13]. Artıq bildirdiyimiz kimi ölkəmizin liman və mərkəzi aeroportunda logistik mərkəzlərin və terminalların yaradılması prosesləri sürətlənməkdədir [14]. Beynəlxalq təşkilatlar və ixtisaslaşdırılmış qurumlar ölkəmizdə logistikanın inkişafı layihələrinə maraq göstərməkdədirlər. Məsələn, Dünya Bankının missiyası Azərbaycan Texniki Universiteti ilə “Azərbaycanda dəmir yolu və logistikanın inkişafı” layihəsi çərçivəsində əməkdaşlıqda maraqlı olduqlarını bildirmişlər [15]. Bu əməkdaşlıqda əsas üstünlüyün nəqliyyat infrastrukturunun qlobal çağırışlarının qurulmasına, nəqliyyat-logistika infrastrukturunun inkişaf etdirilməsinə, kadr hazırlığının müasir dövrün tələblərinə uyğunlaşdırılmasına verilməsinin vacibliyi ön plana çəkilmişdir.
Ölkəmizdə son illərdə nəqliyayt sektorunun rolu və önəmi artmaqdadır və şəkil 1-də bir sıra göstəricilər üzrə ölkə iqtisadiyyatında nəqliyyatın xüsusi çəkisi verilmişdir və 2018-ci ilin yekununda əsas kapitala investisiyalarda bu göstərici 11,2 %, əsas fondların dəyərində 6,7 %, xalis mənfəətdə 5,6 % və əlavə dəyərdə isə 6,3 % təşkil etmişdir.
Şəkil 1. Azərbaycan iqtisadiyyatında bir sıra göstəricilər üzrə nəqliyyatın xüsusi çəkisi, %-lə, 2014-2018-ci illər (ARDSK-nın məlumatları üzrə müəllif tərəfindən hazırlanmışdır. https://www.stat.gov.az/).
Cədvəl 1-də Azərbaycanda 2014-2018-ci illərdə nəqliyyat sektoru üzrə əsas makro göstəricilər verilmişdir və təhlil olunan dövrdə bu sektorda əlavə dəyərin həcmi 2014-cü ildə 2,7 mlrd. manata yaxından 2018-ci ildən 5 mlrd. manatdan bir qədərə çox təşkil etmişdir.
Cədvəl 1.
Azərbaycanda 2014-2018-ci illərdə nəqliyyat sektoru üzrə əsas makro göstəricilər
Mənbə: Azərbaycanda nəqliyyat. Statistik məcmuə. Bakı, 2019. – S.9.
Cədvəl 2-də 2014-2018-ci illərdə Azərbaycanda nəqliyyat və qeyri-nəqliyyat sektoru üzrə ayrı-ayrı nəqliyyat növləri tərəindən yük daşınmasının həcminin dinamikası əks olunmuşdur və təhlil əsasında qeyd etmək mümkündür ki, bu dövr ərzində yaradılmış nəqliyyat-logistika infrastrukturunun imkanları ilə yanaşdıqda, nəqliyayt sektorunda yükdaşımaların həcmi o qədər də yüksək olmamışdır, belə ki, 2014-cü ildə bu göstərici 222 mln. tona yaxın olduğu halda, 2018-ci ildə 230 mln. ton təşkil etmişdir, qeyri-nəqliyyat sektorunda isə ümumiyyətlə artım qeydə alınmamışdır.
Cədvəl 2.
Azərbaycanda nəqliyyat və qeyri-nəqliyyat sektoru üzrə ayrı-ayrı nəqliyyat növləri tərəindən yük daşınmasının həcminin dinamikası, 2014-2018-ci illər, min ton
Mənbə: Azərbaycanda nəqliyyat. Statistik məcmuə. Bakı, 2019. – S.10.
Şəkil 2-də 2014-2018-ci illərdə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinın Azərbaycan hissəsində tranzit yük daşımalarının ümumi həcminin dinamikası əks olunmuşdur.
Şəkil 2. Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinın Azərbaycan hissəsində tranzit yük daşımalarının ümumi həcminin dinamikası, min. ton, 2014-2018-ci illər (ARDSK-nın məlumatları üzrə müəllif tərəfindən hazırlanmışdır. https://www.stat.gov.az/).
Buradan da məlum olur ki, ümumi dinamikada azalma vardır, belə ki, 2014-cü ildə bu göstərici 12,8 mln. tona yaxın olmuşdursa, 2017-ci ildə 10,2 mln. tona yaxın təşkil etmiş, 2018-ci ildə isə azalaraq 9,35 mln. tona yaxın səviyyədə qeydə alınmışdır.
NƏTİCƏ
Beləliklə, hazırda ölkəmizdə nəqliyyat-logistika sisteminin inkişaf etdirilməsi prioritetləri əsasən müəyyənləşdirilmişdir, bunların reallaşdırılması üçün Bakının regional nəqliyyat-logistika sisteminin mərkəzi kimi gücləndirilməsi işləri intensivləşdirilməkdədir, bunlarla belə yaxın perspektivdə bu istiqamətdə bir sıra mühüm tədbirlərin nəzərə alınması vacibdir:
- nəqliyyat-logistika sisteminin inkişaf etdirilməsi üzrə beynəlxalq təcrübənin daha dərindən mənimsənilməsi və bunlarla əlaqədar yeni layihələrin hazırlanaraq həyata keçirilməsi üçün nəhəng nəqliyyat-logistika şirkətləri ilə əlaqələrin daha intensiv şəkildə gücləndirilməsi tələb olunur;
- ölkənin iqtisadi rayonlarının inkişaf potensialının reallaşdırılmasında nəqliyyat-logistika sisteminin əhəmiyyəti və Sumqayıt sənaye mərkəzinin nəqliyyat-logistika sisteminin formalaşdırılması və inkişaf etdirilməsi üzrə görülən tədbirlərin sürətləndirilməsi vacibdir və s.
Açar sözlər: iqtisadi islahatlar şəraiti, nəqliyyat-logistika sistemi, nəqliyyat sektoru, logistika sahəsi, logistika qovşağı, nəqliyyat-logistika sisteminin səmərəlilik məsələləri, nəqliyyat-logistika sisteminin inkişaf perspektivləri.
ƏDƏBİYYAT SİYAHISI:
1. Lynch, Daniel F., Scott B. Keller and John Ozment. The Effects of Logistics Capabilities and Strategy on Firm Performance // Journal of Business Logistics, 2000, Vol. 21, No. 2, pp. 47-68.
2. Парфенов А.В. Методология развития логистических межсистемных образований в реформируемой экономики. Дисс. д-ра экон. наук. Санкт-Петербург, 2001.- 307 с.
3. Левкин Г.Г. Логистика: теория и практика. Ростов-на-Дону: Феникс, 2009. - 221 с.
4. Сергеев В.И. Управление цепями поставок. Москва, издательство Юрайт, 2014.- 479 с.
5. Аникин Б. и другие. Логистика. Москва, изд-во Проспект, 2010.- 406 с.
6. Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir.
7. Əliyev Ş.T. Azərbaycanın kimya və neftkimya komleksinin qiymətləndirilməsi və yenidən qurulması istiqamətləri. Bakı, “Elm və Təhsil”, 2012. -156 s.
8. Əliyev Ş.T. Sumqayıt sənaye mərkəzi: mövcud potensialdan istifadə, modernləşdirmə və müasirləşdirmə prioritetləri. Bakı, “Elm və Təhsil”, 2012. –196 s.
9. Sumqayıt Kimya Sənaye Parkının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı, Bakı şəhəri, 21 dekabr 2011-ci il, № 548.
10. Sumqayıt Kimya Sənaye Parkı. https://scip.az/index.php?option=com_content&view=article&id=52&Itemid=396&lang=az.
11. Əliyev Ş.T. Azərbaycan iqisadiyyatı. Sumqayıt. SDU-nun Redaksiya və nəşr işləri şöbəsi, 2018. –376 s.
12. Əliyev Ə.Q., Şahverdiyeva R.O. İnformasiya iqtisadiyyatı sektorlarının və innovativ strukturlarının inkişafına dördüncü sənaye inqilabının təsirinin analizi // İnformasiya cəmiyyəti problemləri, 2018, №2, 52–64.
13. Azərbaycan regional logistika liderinə çevrilir. http://xalqqazeti.com/az/news/1338.
14. Logistik mərkəzlər və terminallar. https://www.kdylogistics.com/az/terminal-az/.
15. Dünya Bankının missiyası AZTU-da logistika layihəsi üzrə əməkdaşlığı müzakirə edib. 30 Oktyabr, 2019. https://report.az/elm-ve-tehsil/dunya-bankinin-missiyasi-aztu-da-logistika-layihesi-uzre-emekdasligi/.
Резюме
ВОПРОСЫ ЭФФЕКТИВНОСТИ ТРАНСПОРТНО-ЛОГИСТИЧЕСКОЙ СИСТЕМЫ АЗЕРБАЙДЖАНА В УСЛОВИЯХ ЭКОНОМИЧЕСКИХ РЕФОРМ
В статье исследованы вопросы эффективности транспортно-логистической системы Азербайджана в условиях экономических реформ. С этой целью рассмотрена и анализирована сущность и роль транспортно-логистической системы в экономике страны. Анализированы основные показатели в транспортном секторе и, в том числе, динамика перевозок грузов. Даны основные показатели азербайджанской части транспортного коридора Европа - Кавказ – Азия. Обоснована необходимость расширения потока грузов и обеспечения продуктивности создаваемой транспортно-логистической инфраструктуры. Рассмотрены показатели основных фондов в транспортном секторе страны и динамика объема вложенных инвестиций. Отмечена важность совершенствования действующих механизмов и подходов к повышению объема перевозки грузов с учетом использования потенциала всех видов транспорта и создания новых логистических центров. Даны рекомендации и предложения по вопросам эффективности транспортно-логистической системы Азербайджана в условиях экономических реформ в современных условиях.
Ключевые слова: условия экономических реформ, транспортно-логистическая система, транспортный сектор, сфера логистики, логистический узел, вопросы эффективности транспортно-логистической системы, перспективы развития транспортно-логистической системы.
Summary
ISSUES OF TRANSPORT AND LOGISTICS SYSTEM EFFICIENCY OF AZERBAIJAN IN CONDITIONS OF ECONOMIC REFORMS
The issues of the efficiency of the transport and logistics system of Azerbaijan in the context of economic reforms are investigated in the article. The essence and role of the transport and logistics system in the economy of the country is analyzed for this purpose. The main indicators in the transport sector, including the movement of goods are analyzed. The main indicators of the Azerbaijani part of the transport corridor Europe - Caucasus - Asia are given too. The need to expand the flow of cargo and ensure the productivity of the transport and logistics infrastructure being created is investigated. The indicators of fixed assets in the transport sector of the country and the dynamics of the volume of investments invested are considered. The importance of improving existing mechanisms and approaches to increasing the volume of cargo transport, taking into account the potential of all modes of transport and the establishment of new logistics centers is analyzed. Recommendations and proposals on issues of efficiency of transport and logistics system of Azerbaijan in conditions of economic reforms in modern conditions are given in the end of the article.
Key words: conditions of economic reforms, transport and logistics system, transport sector, logistics sphere, logistics node, issues of transport and logistics system efficiency, prospects of transport and logistics system development.