“New media”da hüquqi məsuliyyət və kibercinayətkarlıq 

Post image

Xalid Niyazov

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

E-mail: [email protected]

Giriş
İnformasiya təhlükəsizliyinin əsas kompo­nentlərindən birini, heç şübhəsiz, yeni mediaya nəzarətin qurulması və onun mövcud qanunvericilik əsasında tənzimlənməsi təşkil edir. Bu problem “WikiLeaks” hadisəsindən sonra daha da aktuallaşmışdır. Məlum olduğu kimi, bu qeyri-kommersiya təşkilatı anonim mənbələrdən əldə etdiyi məxfi materialları dərc etməklə məşhurlaşmışdır. 2006-cı ildən fəaliyyət göstərən və “Sunshine Press” adlı təşkilat tərəfindən tərtib edildiyi məlum olan eyni adlı saytın qurulmasından sonra onun qurucuları saytın mövcud olduğu bir il ərzində 1,2 milyon məxfi sənəd əldə etdiklərini bəyan etdilər. Saytın rəhbəri internet jurnalisti Culian Assancın həmin bəyanatından sonra ABŞ-ın, eləcə də bir çox başqa dövlərlərin milli maraqları üçün ciddi təhdid hesab edilən materialların hissə-hissə dərcinə başlanıldı və həmin proses qısa fasilələrlə günümüzə qədər davam edir.

Yeni mediaya multidissiplinar yanaşma
Bu gün şahidi olduğumuz və hər gün geniş­lənərək yeni-yeni sahələri əhatə edən elektron informasiya mübadiləsi şəbəkəsi mütəxəssislər tərəfindən “yeni media” adlandırılır. Yeni medianın təşəkkülü ilə ənənəvi mediadan (qəzet, radio, televiziya) fərqli, yəni rəqəmsal kodlaşdırma sisteminə əsalanan media ortaya çıxmışdır ki, bu media özünün bütün iştirakçıları arasında eyni vaxtda və çox geniş bir miqyasda sürətli və çoxsəviyyəli qarşılıqlı əlaqəni təmin edir. Bu əlaqə və ya əlaqələr sistemi multimedia formasına malik informasiya əlaqələri mahiyyəti daşıyır [6, s. 146].
Ənənəvi mediadan daha çox auditoriyaya sahib olan yeni medianın auditoriyası əvvəlkindən həm də belə bir az əhəmiyyət daşımayan məqamla fərqlənir ki, onun auditoriyasının hər bir iştirakçısı təkcə sıradan seyrçi, müşahidəçi kimi çıxış etmir, eyni zamanda özünü virtual dialoqun, mükalimənin bərabərhüquqlu iştirakçı kimi hiss edir və bu istiqamətdə də fəaliyyət göstərir.
Yeni media ilə bağlı bir çox tədqiqalarda yeni medianın hüquqi aspektdən tənzimlənməsi, xüsusən də təhlükəsizlik və etika normalarına riayət olunması, kibercinayətkarlığa qarşı mübarizə kimi çox aktual problemlərə də xüsusi yer ayrılmaqdadır. Təsadüfi deyil ki, YUNESKO 1990-cı illərdən etibarən dijital informasiyadan istifadə məsələsində etik prinsiplərin müəyyənləşdirilməsi ilə bağlı bir sıra hüquqi tənzimləyici parametrlər müəyyənləşdirmişdir [7, s. 254-257].
Bu qurumun 2003-cü ildə Cenovada (İtaliya) və 2005-ci ildə Tunisdə keçirilmiş Dünya sammitlərində, riyazi bərabərsizlik, bilik iqtisadiyyatı və çoxmədəniyyətli informasiya cəmiyyətinin inkişaf etdirilməsi ilə yanaşı informasiya təhlükəsizliyi ilə bağlı tədbirlərin də alınması gündəmə gətirilmişdir.
Təcrübə göstərir ki, yeni media mühitinin formalaşması ilə informasiyanın əldə olunması metodlarının dəyişməsi özü ilə redaksiya müstəqilliyi, redaksiya nəzarətindən uzaq olmaq, interaktivlik, sürət kimi imkanlarla yanaşı, müəllif hüquqlarının pozulması, mənbəyə etibarsızlıq, rəqəmsal manipulyasiya, nifrətə söykənən, aqressiv məzmun və s. kimi problemləri də gətirmişdir. Əslində, bunların əksəriyyəti ənənəvi jurnalistikada da yaşanan problemlərlə üst-üstə düşür. Odur ki, “yeni media mühitində ənənəvi media nümunələrinin seçilməsi, oxucu qazanması və tirajı qoruyub saxlaması ciddi problemə çevrilib. Bu səbəbdən ənənəvi media sosial şəbəkə və bloqlarla əməkdaşlıq etmək, işləmək məcburiyyətində qalır. Bu isə ənənəvi media üçün vacib hesab edilən peşə etikası qaydalarının ciddi deformasiyaya məruz qalmasına səbəb olur. Bunun nəticəsində xəbər portallarında yoxlanılmayan məlumatlar, bloq xəbərlərindən istifadə, sosial şəbəkələrdə şaiyə və mənbəyi bilinməyən xəbərlər baş alıb gedir.
Çap mediasını internet-mediadan fərqləndirən əsas özəlliklərdən biri də onun özünəməxsus öhdəliyə sahib olmasıdır. Çap mediası mövcud qanunlar qarşısında məsuliyyət daşıyır və bu səbəbdən də onu idarə etmək və tənzimləmək nisbətən daha asandır. Yeni medianın isə informasiya əldə etmək və məlumat ötürmək sahəsində heç bir öhdəliyi yoxdur. Odur ki, burada informasiya xaosu ilə üzləşmək adi hal alıb.
Azərbaycanda yeni medianın ortaya qoyduğu fəsadlarla Avropa hələ 90-cı illərdə üzləşib. İnternetdə etik prinsiplərin qorunması və əməl olunması üçün müxtəlif “reseptlər” təklif olunsa da, nəticə etibarilə vahid bir fikrə gəlmək mümkün olmayıb. İnternetin fəaliyyəti ilə əlaqədar meydana çıxan təhlükələrin effektli şəkildə dəf olunması üçün müvafiq mexanizmlərin secilməsinin və tətbiqinin olduqca mühüm əhəmiyyət kəsb etdiyini, yəni İnternet mühitində qurulan ictimai münasibətləri qanunverici aktlar əsasında tənzimləmək üçün ilk növbədə hansı hüquqi vasitələrdən istifadə olunması məsələsinin həll edilməli olduğunu diqqətə çatdıran bir sıra mütəxəssislər düşünürlər ki, “hazırda beynəlxalq praktikada İnternetin qanunlarla tənzimlənməsi sahəsində bir sıra hüquqi mexanizmlər tətbiq edilir və ya edilə bilər. Həmin mexanizmləri aşağıdakı kimi təsnifləşdirmək mümkündür:
- qanunvericilik normaları;
- sosial normalar (adətlər);
- özünütənzimləmə;
- məhkəmə təcrübəsi (məhkəmə qərarı);
- beynəlxalq hüquq (beynəlxalq müqavilə hüququ, adi hüquq, “yumşaq hüquq”) [3, s. 23].
R. Əliquliyev və R. Mahmudov göstərirlər ki, “... bu gün istənilən dövlətin milli infrastrukturu İnternet şəbəkəsi ilə sıx bağlıdır. Ona görə də internet-cinayətkarlıq hər bir dövlətin milli təhlükəsizliyi üçün ciddi təhlükəyə çevrilib. Lakin İnternet qlobal xarakterə malik olduğu üçün heç bir dövlət bu sahədəki cinayətkarlıqla təkbaşına mübarizə aparmaq iqtidarında deyil. Ona görə də İnternet-cinayətkarlıqla effektli şəkildə mübarizə aparmaq üçün beynəlxalq əməkdaşlıq, beynəlxalq-hüquqi tənzimləmə mexanizmlərinin işlənməsi, bütün dövlətlərin öz səylərini birləşdirmələri zəruridir” [4, s. 240].
Bu baxımdan ölkəmiz də istisna deyil. Hazırda Azərbaycanda da beynəlxalq praktikaya əsaslanan müəyyən qanunlar, normalar tətbiq edilir. Deyilənlərə misal olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarəedilməsinə dair Tələblər”in təsdiq edilməsi haqqında” 2012-ci il 4 sentyabr tarixli Qərarı ilə təsdiq edilmiş “Tələblər”i nümunə göstərmək olar. Həmin “Tələblər” “Azərbaycan Respublikası dövlət orqanlarının internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 19 iyun tarixli 654 nömrəli Fərmanının 1-ci hissəsinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və burada məqsəd dövlət orqanlarının internet informasiya ehtiyatlarının proqram təminatının, dizaynının, idarə edilməsinin, informasiya təhlükəsizliyinin və fasiləsiz fəaliyyətinin təmin edilməsinə dair münasibətlərin müəyyən edilməsindən ibarətdir.
Deyilənlərə əlavə kimi aşağıdakı qanunları göstərmək mümkündür: “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi barədə”; “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”; “Məlumat azadlığı haqqında”; “Elektron imza və elektron sənəd haqqında”; “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi barədə”; “Telekommunikasiya haqqında”; “Elektron ticarət haqqında”; “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi barədə”; “Kibercinayətkarlıq haqqında” konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunları və s.
Bu məsələnin nə qədər problemli olduğunu göstərən iki məhkəmə işini tez-tez misal çəkirlər. Onlardan biri 1996-cı ildə Almaniyada “CompuServe” şirkəti ilə, digəri isə 2001-ci ildə Fransada “Yahoo!” şirkəti ilə bağlı məhkəmə işləridir. Həmin məhkəmə baxışları göstərmişdir ki, çox zaman insanın əsas konstitusion hüquqlarından biri olan şəxsi həyatın toxunulmazlığı prinsipi kibercinayətkarlığa qarşı effektiv mübarizə aparmağa imkan vermir [8].
Yeni medianın qanunvericiliklə tənzimlənməsi ABŞ-ın hüquq sisteminin mühüm elementlərindən biridir. Elektron medianın tənzimlənməsinə də elə ilk dəfə məhz bu ölkədə cəhd gostərilib. ABŞ-da hakimlər bəzən hətta zəruri huquq normaları olmadıqda belə qərar qəbul edə bilirlər. Bu halda onlar hüquqi analogiyalardan istifadə edir, bu tip məhkəmə işlərinin, demək olar ki, böyük əksəriyyəti analogiyanın köməyi ilə həllini tapır.
Lakin bu halda bir məqama məxsusi diqqət verilməlidir, unudulmamalıdır ki, “qanun və hüququn analogiya uzrə tətbiqinə yalnız mülki münasibətlərin tənzimlənməsində yol verilir. Cinayət qanununun analogiya üzrə tətbiqi isə yolverilməzdir. Dünyanın əksər ölkələrinin mülki hüquq sistemlərində müvafiq situasiyalarda analogiyalardan istifadə edilir. O cümlədən, Azərbaycanda da qanunun və hüququn analogiyası tətbiq edilir.
İnternetlə bağlı qanunvericiliyin daim təkmilləşdirilməsinə ehtiyac vardır. Bu ehtiyac daha çox informasiya texnologiyalarının geniş yayıldığı və sosial-iqtisadi münasibətlərə önəmli dərəcədə təsir göstərdiyi ölkələrdə böyük əhəmiyyət kəsb edir. Günümüzdə qanunvericilik aktlarının ən önəmli istiqamətləri “şəxsi həyatın, istifadəçilər haqqında məlumatların, əqli mülkiyyətin qorunması, vergi münasibətləri, kibercinayətkarlıqla mübarizə” kimi təxirəsalınmaz məsələlərdir.
Azərbaycanda internetin, informasiya-kommunikasiya texnologiyalarının, informasiya cəmiyyətinin inkişafı məsələləri qanunvericilikdə öz əksini tapır.
Cəmiyyət daxilindəki münasibət və əlaqələrin həddən artıq çoxşaxəli olması səbəbindən onları yalnız qanunvericiliklə tənzimləmək mümkün deyil. Məsələ bundadır ki, internet mühitindəki transmilli fəaliyyət bəzən milli qanunvericiliklərlə beynəlxalq praktika arasında ziddiyyət yaradır. “Hər bir ölkə öz yurisdiksiyası çərçivəsində qanunlar qəbul etmək və onları tətbiq etmək huququna malikdir. Yəni bu, onların suveren hüquqlarıdır, yaxud dövlət suverenliyinin əsas prinsiplərindən biridir. Lakin internet mühitində elə vəziyyət yaranır ki, bu suveren huquq şübhə altına düşür və ziddiyyət meydana çıxır. Bəzi hallarda müvafiq ziddiyyət hər hansı milli yurisdiksiya hüdudları xaricindən olan boyuk fəallıq hesabına yaranır. Yəni fəaliyyət müvafiq yurisdiksiya hüdudlarından kənarda həyata kecirilirsə, həmin yurisdiksiyanın qanunları tətbiq etmə qabiliyyətinə təsir göstərir” [2, s. 51].
Sosial münasibət və əlaqələr mahiyyətcə çox dinamik olduğundan qanunvericilik normaları hər dəqiqə və saniyə baş verən müxtəlif dəyişikliklərdən həmişə geridə qalır. Odur ki, texnoloji təkamülün cəmiyyətdəki reallıqlara hər an təsir etdiyi müasir dünyamızda bu məsələ özünü daha qabarıq şəkildə göstərir. “Qanunvericilər bu dəyişikliklərə çevik reaksiya verə bilmirlər. Bəzən yeni münasibətlərə köhnəlmiş, vaxtı keçmiş qanunlar tətbiq edilir. İnternetin tənzimlənməsində tətbiq edilən qanunvericilik normalarını üç böyük qrupa bölmək olar:
1) Xüsusi olaraq İnternet üçün yaradılanlar (məsələn, İCANN);
2) İnternet ilə bağlı olan məsələlərə tətbiq etmək üçün əhəmiyyətli dərəcədə adaptasiya tələb edənlər (məsələn, ticarət markalarının qorunması, e-kommersiya sahəsində vergi münasibətləri);
3) Əhəmiyyətli dərəcədə dəyişikliklər etmədən internetə tətbiq edilə bilənlər (məsələn, söz azadlığının müdafiəsi) ”

Kiberməkan və hüquqi tənzimləmə institutu
Müxtəlif ölkələrin təcrübəsi göstərir ki, yeni media həm də beynəlxalq tənzimləmə tələb edir. Bunun vacibliyi spamlarla, kibercinayətkarlıq və digər bənzər xoşagəlməz hallarla mübarizədə ayrı-ayı ölkələrin təklikdə həyata kecirdikləri tədbirlərin lazımi effekt verməməsindən qaynaqlanır. Bir sıra mütəxəssislər bu problemin həllini beynəlxalq hava hüququna bənzər beynəlxalq konvensiyada görürlər. Hazırda bilavasitə İnternetlə, o cümlədən yeni media ilə əlaqədar məsələlərdə yeganə beynəlxalq müqavilə Avropa Şurasının Kibercinayətkarlıq üzrə Konvensiyasıdır. Söhbət Avropa Şurası (AŞ) tərəfindən 2001-ci il noyabrın 23-də Macarıstanın paytaxtında imzalanaraq qəbul edilən və 2004-cü ildən qüvvəyə minən Budapeşt Konvensiyasından gedir.
Azərbaycan həmin Konvensiyaya müvafiq bəyanatlar və qeyd-şərtlərlə tərəfdar çıxdığını “Kibercinayətkarlıq haqqında” konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ( 30.09.2009) ilə ifadə etmişdir.
Həmin sənəd daşıdığı əhəmiyyətə görə bu günə qədər imzalanmış ən mötəbər sənəd hesab edilir. Onun əhəmiyyətini BMT Baş katibi Pan Gi Mun da xüsusi olaraq vurğulamışdır. Eyni fikir 2013-cü ilin 2-3 dekabr tarixlərində Bakıda keçirilmiş “Bakutel-2013” 19-cu Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransında da təkrarlanmışdir. Həmin beynəlxalq tədbir çərçivəsində BTİ-nin dəstəyi ilə keçirilən Kibertəhlükəsizlik üzrə Konfransıda geniş məruzə ilə çıxış edən və Budapeşt Konvensiyasının önəminə diqqət çəkən BTİ-nin Baş katibi Hamadun Ture bildirmişdir ki, kibertəhlükəsizliyin təmin edilməsi istiqamətində artıq çox sayda önəmli təd­birlər gerçəkləşdirilib və bu proses davam edir [9].
S.Ağayevanın fikrincə, hazırda dünyanın bir sıra aparıcı ölkələrində kibercinayətkarlığı və informasiya ilə manipulyasiyanı önləmək üçün kiberpolis movcuddur. Kiberməkanda munasibətləri formalaşdıran qanunların olması zəruridir. Belə olarsa, Azərbaycanda da sosial media və vətəndaş jurnalistikası məsuliyyətə cəlb olunaraq yaydıqları informasiyaları tənzimləyə bilərlər. Bu, hər bir dovlətin mənafeyi və milli maraqların təmin olunması baxımından olduqca əhəmiyyətlidir [1, s. 49-51].
D.Uoll bildirir ki, kiberməkanın sərhəd tanımaması ayrı-ayrı şəxs və qruplara qanunlardakı boşluqlardan cinayətkarlıq fəaliyyətləri üçün optimal şərait yaradır, eyni zamanda hüquq-mühafizə orqanları tərəfindən bu cür cinayətlərin istintaqına maneəçilik törədir. Nəticədə təkcə vətəndaşlar deyil, onların hüquqlarını müdafiə etməli olan dövlət orqanlarının özləri də kibercinayətkarların hədəfinə çevrilirlər. Məsələnin həllini qəlizləşdirən əsas problemlərdən biri də ölkələr arasında bu istiqamətdə əməkdaşlığın istənilən səviyyədə olmaması ilə bağlıdır. Bu hal sözügedən prob­lem­lərin həllinə ciddi əngəl törədir. Odur ki, kiber­cina­yətkarlıqla mübarizədə dövlətlər arasında əmək­daş­lıq və koordinasiyaya ehtiyac var [11, p. 66].
İnformasiya təhdidlərinin önlənməsində xüsusi monitorinqlərə ehtiyac olduğunu önə sürən E.Şults hesab edir ki, “İnternet-media resurslarının monitorinqinin aparılması media qurumlarına olan kiberhücümlar zamanı aşağıdakı vəzifələrin həllinə imkan verəcəkdir:
- hücumu həyata kecirmək imkanının aradan qaldırılması və bununla da zərərin qarşısının alınması;
- zərərin azaldılması istiqamətində tədbirlərin görülməsi;
- təhlükəyə meyilli resursların sayının azaldılması;
- bərpa olunma vaxtının minimuma endirilməsi;
- erkən xəbərdarlığın təmin olunması;
- hücumdan sonra cinayətkarın aşkar edilməsi” [10, p. 89].
Lakin ölkələr və dövlətlər arasında sıx əmək­daşlıq və koordinasiya olmadan bütün bunların həllinə nail olmaq, demək olar ki, mümkün deyil. “Beynəlxalq əməkdaşlıq dövlətlərin qanunvericiliklərində kiberməkandakı risklərin və təhdidlərin cinayət əməli kimi təsbit olunmasını və bu qanunvericiliklərin uyğunlaşdırılmasını tələb edir. Kibercinayətkarlığın təhqiqatı çox vaxt iki və daha çox dövləti əhatə etdiyindən iş bölgüsünü özündə ehtiva edən əlaqələndirmə mexa­nizmi də çox vacibdir. Lakin maddi və prosessual hüquq normalarının minimum harmonizasiyası olmadan əməkdaşlıq və əlaqələndirmə cəhdləri uğursuzluğa məhkumdur. Minimum harmonizasiya milli qanunvericiliyin cavab verməli olduğu tələblərin minimum həddini müəyyən edir. Bu prinsip əsasında hazırlanmış qanun layihələri üzərində razılığa gəlmək maksimum harmoniza­siya əsasında hazırlanmış qanun layihələrinin razılaşdırılmasından daha asandır” [5, s. 3-9].
Bu qəbildən “Bakutel-2013” ilə eyni vaxtda Strasburqda keçirilən Oktopus Konfransı Avropa, Amerika, Asiya-Sakit Okean hövzəsi ölkələri və Afrikada qanunvericilik sisteminin Budapeşt Konvensiyasının standartlarına uyğun şəkildə tənzimlənməsini dəstəkləyərək, həmin ölkələri sözügedən konvensiyaya qoşulmağa dəvət etmişdi .
“Budapeşt Konvensiyası kibercinayətkarlıqla mübarizədə ən geniş əhatə dairəsinə malik sənəddir. Belə ki, həmin Konvensiya dünya üzrə internet istifadəçilərinin üçdə birini əhatə edir. Layihə AŞ tərəfindən qəbul edilsə də, Konvensiya bu qurumun üzvü olmayan ölkələr üçün də açıqdır və qlobal saziş hesab olunr. Elə bu səbəbdən də ABŞ, Kanada, Yaponiya və Cənubi Afrika kimi ölkələr də onu imzalamış, ABŞ və Yaponiya, Avstraliya, Dominikan Respublikası və Mavriki Respublikası kimi ölkələr isə ratifikasiya etmişdir.
Sənəddə kibercinayətkarlıq üzrə maddi və prosessual hüquqlar, yurisdiksiya sahəsində qabaqcıl təcrübə öz əksini tapmışdır. Sənədin ən vacib cəhətlərindən biri odur ki, Konvensiyanın müddəaları əksər üzv ölkələr tərəfindən milli qanunvericiliyə tətbiq edilmişdir. Belə ki, Konvensiyanı 49 ölkə, o cümlədən Azərbaycan imzalanmış, 41 ölkə ratifikasiya etmişdir. Ölkəmiz sözügedən sənədə 30 iyun 2008-ci il tarixində imza atmış, 30 sentyabr 2009-cu ildə ratifikasiya edərək milli qanunvericiliyi Konvensiyaya uyğunlaşdırmış, bu məqsədlə Cinayət Məcəlləsinə və digər normativ hüquqi aktlara müvafiq əlavə və düzəlişlər etmişdir.
Tunisdə keçirilmiş İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin iştirakçısı olmuş ölkələrin birgə qərarı ilə BMT-yə vahid moderatorluq rolu həvalə etmişdir. 2006-cı ildən həmin quruma rəhbərlik edən H.Turenin təşəbbüsü ilə ortaya qoyulmuş Qlobal Kibertəhlükəsizlik Gündəliyi və Qlobal Strateji Hesabatı hazırda bu istiqamətdə BMT çərçivəsində qəbul edilmiş ən məzmunlu sənəd hesab edilir.

Nəticə
Bütün bu deyilənlərdən belə bir nəticə çıxır ki, qloballaşmanın vüsət aldığı, virtual məkanda informasiya məkanının günü-gündən genişləndiyi və idarəolunmaz səviyyəyə çatdığı, milli dəyərlərin meyarlarının və sədlərinin “universallaşdığı” müasir dünyada beynəlxalq və yerli ictimai rəyin idarə olunması, siyasi proseslərin yönləndirilməsi günü-gündən aktuallaşır, transmilli informasiya fəaliyyəti və milli sərhədləri asanlıqla aşan məqsədyönlü təbliğat ayrı-ayrı ölkələrin informasiya mühitinə, milli cəmiyyətin vəziyyətinə ciddi təsirini göstərir.
Təcrübə göstərir ki, yeni media mühitinin formalaşması ilə informasiyanın əldə olunması metodlarının dəyişməsi, redaksiya müstəqilliyi, redaksiya nəzarətindən uzaq olmaq, interaktivlik, sürət kimi imkanlar müəllif hüquqlarının pozulması, mənbəyə etibarsızlıq, rəqəmsal mani­pulyasiya, nifrətə söykənən və aqressiv məzmun və s. kimi problemləri də bərabərində gətirmişdir. Belə bir şəraitdə Azərbaycanın informasiya təhlükəsizliyi siyasətinin əsas vəzifələrindən biri də həm özünün, həm də tərəfdaş region dövlətlərinin, transmilli informasiya vasitələrinin imkanlarından bəhrələnərək, beynəlxalq ictimaiyyətə çıxış kanalları və təsir mexanizmləri yaratmaqdan ibarətdir.

Açar sözlər: sosial media, informasiya hüququ, kibercinayətkarlıq, informasiya təhlükəsizliyi, internet, informasiya cəmiyyəti

ƏDƏBİYYAT SİYAHISI:
1. Abdullayev, S., Abbasova, S. Elektron dövlət mühitində e-sosial siyasət məsələləri // “Elektron dovlət quruculuğu problemləri” I Respublika elmi-praktiki konfransı, – Bakı: – 4 dekabr, – 2014. – s. 49-51.
2. Qasımova, R.T. Virtual Azərbaycanın inkişaf dinamikasının qiymətləndirilmə metodikası // – Bakı: İnformasiya cəmiyyəti problemləri, – 2012. №1(5), – s. 52-58.
3. Əliquliyev, R.M. Mahmudov R.Ş. İnternet mühitində intellektual mülkiyyət hüquqlarının qorunması məsələləri / R.M. Əliquliyev, R.Ş. Mahmudov – Bakı: İnformasiya Texnologiyaları, – 2010. – 60 s.
4. Əliquliyev, R.M. İnternet fenomeninə çoxaspektli baxış / R.M. Əliquliyev, R.Ş. Mahmudov // – Bakı: İnformasiya Texnologiyaları, – 2010. – 96 s.
5. Məmmədov, B.N. Qlobal kibertəhlükəsizlik konvensiyasının və ya Budapeşt konvensiyasının qlobal standarta çevrilməsi imkanları / B.N. Məmmədov, A.N. Əsgərova // – Bakı: İnformasiya cəmiyyəti problemləri, – 2014. №1, – s. 3-9.
6. Uzun R. İletişim Etiği: Sorunlar ve Sorumluluklar. Ankara: Gazi Universitesi İletişim Fakultesi Yayınları. İletişim Hakkı Atolyesi Sonuc Bildirgesi-Taslak, 18 Haziran 2007, 257 s.
7. Turgut Özden Pektaş, İnternet Reklamlarında Tasarım Sorunları: Banner Reklamlar Uzerine Bir İnceleme, http://inet-tr.org.tr/inetconf10/ bildiri/12.doc, s. 254-257 12.02.2010.
8. Малюк А.А., Савчик О.В. Особенности государственной политики США и России в области обеспечения информационной безопастности (http://lib.znate.ru/docs/index-279135.html
9. Secretary-General’s video message to the Seoul Conference on Cyberspace, Seoul, Republic of Korea, 17 October 2013, http://www.un.org/sg/statements/?nid=7209 l2.
10. Schultz E.E. “Continuous monitoring: What it is, why it is needed, andhow to use it” // SANS Institute InfoSec Reading Room, 2011, p. 89
11. Wall D. S. The Transformation of Crime in the Information Age, 2007, Wiley, 2007, 288 p.

SUMMARY
Legal Responsibility in New Media and
Cybercrime. Kh.Niyazov
One of the key components of information security is the organization of control over new media in accordance with applicable law. Studies show that one of the main appeals of the modern period is the international regulation of new media. This need is due to the fact that the fight against spam, cybercrime and other negative situations by individual countries does not produce the desired effect.
The expansion of the virtual information space in the modern world, the “universalization” of the criteria of national values, the management of international and local public opinion, the actualization of the focus of political processes, transnational informational activities and targeted propaganda, day after day, easily crosses national borders, having a serious impact on information space, the state of the national society of various countries. In these conditions, the “information environment” is used as a means of influencing the system of national security, political, economic, defense, social, moral and other spheres of life of the state.
In the modern era, due to the constant influence of technological evolution on the realities of society, the dynamism of social relations and relationships, legislative norms lag significantly behind any rapid changes. In this regard, there is a need for continuous improvement of legislation in the Internet sphere, especially in countries where information technologies are widely used and have a significant impact on social and economic relations.

Key words: social media, information law, cybercrime, information security, Internet, information society

РЕЗЮМЕ
Правовая ответственность в «New media» и киберпреступность
Одним из ключевых компонентов информационной безопасности является организация контроля над новыми медиа в соответствии с действующим законодательством. Как показывают исследования, одним из главных призывов современного периода является международное регулирование новых медиа. Данная необходимость обусловлена тем фактом, что проводимая отдельными странами борьба со спамом, киберпреступностью и другими негативными ситуациями не дает должного эффекта.
Расширение виртуального информационного пространства в современном мире, «универсализация» критериев национальных ценностей, управление международным и местным общественным мнением, актуализация целевой направленности политических процессов, транснациональная информационная деятельность и целенаправленная пропаганда, изо дня в день, с легкостью перешагивает национальные границы, оказывая серьезное влияние на информационное пространство, состояние национального общества различных стран. В этих условиях «информационная среда» используется как средство оказания воздействия на систему национальной безопасности, политические, экономические, оборонные, социально-нравственные и другие сферы жизни государства.
В современную эпоху, в связи с постоянным влиянием технологической эволюции на реалии общества, динамичностью социальных отношений и связей законодательные нормы значительно отстают от любых быстрых изменений. В связи с этим существует необходимость постоянного совершенствования законодательства в сфере Интернет, особенно в странах, где информационные технологии широко используются и оказывают существенное влияние на социально-экономические отношения.

Ключевые слова: социальные медиа, информационное право, киберпреступность, информационная безопасность, интернет, информационное общество