Regional inkişaf – demoqrafiyada stimullaşdırıcı tendensiya kimi

Post image

Osman Hacıyev
Sumqayıt Dövlət Universitetinin Fəlsəfə, sosiologiya və politologiya kafedrasının baş müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru
E-mail: [email protected]

Müasir şəraitdə ölkənin dövlət müstəqilliyinin təmin olunması, milli iqtisadiyyatının bazar prinsipləri əsasında formalaşdırılması digər şərtlərlə yanaşı ölkə iqtisadiyyatının əsas tərkib hissəsi olan regionların sosial-iqtisadi inkişaf səviyyəsindən asılıdır. Bu, yüksək iqtisadi fəallığı stimullaşdırır, bölgələrdə yaşayış səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşmasını, Azərbaycanın regionlarının hərtərəfli tərəqqisini şərtləndirir.
Regionlarda davamlı sosial-iqtisadi inkişafa nail olmaq üçün ilk növbədə regionların malik olduğu iqtisadi potensialı o cümlədən, sənaye potensialını tam şəkildə hərəkətə gətirmək və onu düzgün reallaşdırmaq lazımdır. Ümumi sosial-iqtisadi siyasətdən fərqli olaraq regional inkişafın özünəməxsus xüsusiyyətləri vardır. Başlıca xüsusiyyətlərdən biri regional siyasətin kompleks xarakter daşımasındadır. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, ölkənin sosial-iqtisadi inkişaf siyasəti necədirsə, regional siyasət də elədir və birinci halda ölkə qarşısında qoyulan vəzifələr ikinci halda region miqyasında qarşıya qoyularaq yerinə yetirilir. Daha kiçik ərazidə həyata keçirilməsinə baxmayaraq regional sosial-iqtisadi inkişaf siyasəti daha mürəkkəbdir. Ona görə ki, bu inkişaf çoxsaylı ümumrespublika xarakterli amillərlə yanaşı, həm də hər bir regionun konkret şəraitin, təbii-iqtisadi potensialı, coğrafi mövqeyindən irəli gələn amillərdən asılıdır. İstər ölkə səviyyəsində, istərsə də regional səviyyədə sosial-iqtisadi inkişaf dedikdə sabit sosial-iqtisadi inkişafa nail olmaq, iqtisadi stabilliyi təmin etmək, əhalinin həyat səviyyəsini yüksəltmək məqsədilə qarşıya qoyulmuş cari və strateji məqsədlər, vəzifələr və onların yerinə yetirilməsi vasitələrinin məcmusu başa düşülür. Təcrübə və araşdırmalar sübut edir ki, regional sosial-iqtisadi inkişaf siyasətinin formalaşmasına bir çox daxili və xarici amillər təsir edir. Daxili amillər əsasən milli iqtisadiyyatın inkişaf səviyyəsi, mülkiyyət və təsərrüfatçılıq formaları arasındakı inkişaf nisbətləri və qarşılıqlı münasibətlər, regional inkişaf göstəriciləri əhalinin məşğulluq və həyat səviyyəsinin qorunub saxlanması, yüksəldilməsi və s. ilə bağlı olduğu halda, xarici amillər əsasən dövlətlərarası münasibətlər və dünya iqtisadiyyatında gedən proseslərdən asılıdır [9, 74].
Ölkədə davamlı inkişaf səviyyəsini təmin etmək məqsədilə regionlarda iqtisadi yüksəlişə nail olmaq əsas şərtdir. Qloballaşma prosesləri və onların doğurduğu nəticələr bütün ölkələrdə sosial-iqtisadi inkişafın davamlılığına öz təsirini göstərməkdədir. Belə ki, müasir dövrdə hər bir ölkədə sosial-iqtisadi inkişaf prosesinin normal gedişini və davamlılığını təmin etmək məqsədilə milli maraqları nəzərə almaqla beynəlxalq əmək bölgüsü sistemində layiqli yer tutmaq və dünya iqtisadiyyatına inteqrasiya olunmaq bir zərurətə çevrilmişdir. Məhz bu proseslərdə ölkənin sosial-iqtisadi təhlükəsizliyinin təmin olunması mühüm əhəmiyyət kəsb edir.
Hər bir ölkədə mövcud əmək resurslarından nə dərəcədə səmərəli istifadə edilməsi və davamlı iqtisadi inkişafın təmin olunması həmin ölkədə hazırlanmış sosial-iqtisadi inkişaf siyasətindən və onun strategiyasından, bunların bir-birilə konkret inkişaf mərhələsində nə dərəcədə düzgün əlaqələndirilməsindən çox asılıdır. Siyasət və strategiya, bunların bir-birini tamamlaması nəticə etibarı ilə dövlətin sosial-iqtisadi inkişafını təmin etmək üçün istifadə etdiyi mexanizmləri müəyyən edir.
Demoqrafik proseslərdə baş verən dəyişikliklər özünü əhalinin təbii təkrar istehsalında və əmək ehtiyatlarının hərəkət dinamikasında biruzə verir. Əmək ehtiyatları ayrı-ayrı ərazilərdə mövcud olan əhalinin bir hissəsini təşkil etdiyindən onların sayı burada yaşayan əhalinin ümumi sayından, yaş-cins tərkibindən, təhsil səviyyəsi və peşə hazırlığından, təbii təkrar istehsal göstəricilərindən, nigah və boşanma səviyyəsindən, həmçinin yerdəyişməsindən asılıdır. Ayrı-ayrı ərazilərdə yaşayan əhali maddi nemətlərin istehsalçısı və istehlakçısı, istehsal münasibətlərinin daşıyıcısı və nəslin davametdiricisi olmaqla burada mövcud olan işçi qüvvəsinin formalaşmasının əsas mənbəyidir. Əmək ehtiyatlarının sayı əhalinin sayından, əhalinin sayı isə təbii təkrar istehsal göstəricilərinin səviyyəsindən asılıdır.
İqtisadi inkişafda olan bütün bu müsbət dəyişikliklər ölkəmizin başlıca milli sərvəti olan insan potensialının və onun təbii əsasını təşkil edən demoqrafik proseslərin inkişaf səviyyəsinə də öz müsbət təsirini göstərməmiş deyildir. Lakin respublika əhalisinin inkişafında və onun demoqrafik vəziyyətində baş vermiş bütün müsbət dəyişikliklərə baxmayaraq keçən əsrin axırlarından başlayaraq Azərbaycan Respublikasının demoqrafik inkişaf göstəricilərində baş verən bəzi mənfi meyllər (doğum səviyyəsinin sürətlə azalması, əmək qabiliyyətli yaşında olan kişilər, körpələr və analar arasında ölüm səviyyəsinin nisbətən artması, boşanma hallarının çoxalması, əhalinin qeyri mütəşəkkil miqrasiyasının sürətlənməsi və s.) göstərir ki, lazımi tədbirlər görülməsə yaxın 15 – 20 ildə əhalinin, xüsusilə əmək ehtiyatlarının artımında çətinliklərin yaranmasını gözləmək olar. Çünki bir çox sosial-iqtisadi, siyasi, etnik, ailə-məişət və s. amillərin təsiri altında keçən əsrin ikinci yarısının axırlarından başlayaraq Azərbaycanda bir tərəfdən əhalinin hər 1000 nəfərinə düşən doğumun səviyyəsi və nigahların sayının sürətlə azalması, boşanma hallarının artması, digər tərəfdən isə gənc oğlanların bir qisminin qeyri-mütəşəkkil halda ölkəni tərk etməsi burada, xüsusilə də kənd yerlərində gənc oğlan və qızların sayı arasındakı nisbətin pozulması, urbanizasiya nəticəsində şəhər əhalisinin xüsusi çəkisinin artması, qadınların mədəni səviyyəsinin və ictimai istehsalatdakı məşğulluğunun yüksəlməsi və s. demoqrafik proseslərin dəyişilməsində bir sıra çətinliklərin yaranmasına səbəb olmuşdur. Bütün bunların nəticəsi olaraq hazırda respublikamızda demoqrafik inkişafın ümumi səviyyəsi – əhalinin doğum səviyyəsinin nisbətən yüksək, ölüm səviyyəsinin aşağı (əmək qabiliyyətli yaşda olan kişilər və körpələr arasında isə nisbətən yüksək) olması doğulanların gözlənilən ömür uzunluğunun (əsasən kişilər arasında) azalması və onun demoqrafik qocalması prosesinin sürətlənməsi, boşanma hallarının artması və s. proseslərlə səciyyələnir. 1988 – 1995-ci illərdə Azərbaycanda demoqrafik vəziyyətin kəskinləşməsi bazar münasibətlərinə keçid və ölkədə yaranmış sosial-iqtisadi böhranla əlaqədar olaraq əhalinin əksər hissəsinin yaşayış vəziyyətinin pisləşməsi və onların arasında kəskin fərqin yaranması, bu zaman sosial infrastruktur sahələrinin zəif inkişaf etməsi və əhalinin əksər hissəsinin onların xidmətlərindən lazımi səviyyədə istifadə etmək imkanlarına malik olmaması, bir milyon nəfərədək qaçqın və məcburi köçkünün mövcud olması, işğal olunmuş ərazilərdə 300 mindən çox iş yerlərinin itirilməsi, əhali arasında müxtəlif xəstəliklərin artması, istehlak edilən ərzaq məhsullarının keyfiyyətinə və satışına nəzarətin zəif olması, sağlam yaşayış tərzinin ləng formalaşması və onun təbliğinin aşağı səviyyədə olması, ölkədə miqrasiya proseslərinin lazımi səviyyədə tənzimlənməməsi və nəhayət, axır illərədək dövlətin milli demoqrafik inkişaf konsepsiyası və proqramının olmaması, həmin sahədə qəbul edilmiş Dövlət Proqramlarında irəli sürülmüş vəzifələrin lazımi səviyyədə yerinə yetirilməməsi, demoqrafik proseslərin nizamlanmasının məqsədyönlü xarakter daşımaması, demoqrafik siyasət sahəsində həyata keçirilən tədbirlərin sistem halında olmaması və lazımi səmərə verməməsi və s. kimi səbəblərlə bağlı olmuşdur [1, 21].
Bütün bunların aradan qaldırılması məqsədilə Ulu Öndər Heydər Əliyev hələ 1998-ci il dekabrın 28-də “Azərbaycanın demoqrafik inkişaf konsepsiyası”nın hazırlanmasına dair sərəncam imzalamışdır. Bu konsepsiyada irəli sürülmüş müddəa və vəzifələrin həyata keçirilməsinin sürətləndirilməsi məqsədilə 11 noyabr 2004-cü il tarixdə Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı (2004-2009-cu illər)” qəbul edilmişdir. Dövlət Proqramında əhalinin doğum səviyyəsinin azalmasının sürətlənməsinin qarşısını almaq və onun sabitliyini təmin etmək məqsədilə ilk öncə mühüm vəzifələrin yerinə yetirilməsi tələb olundu. Proqrama nəzərdə tutulmuş mühüm vəzifələrə çoxuşaqlı ailələrin dövlət səviyyəsində müdafiəsinin təmin edilməsi və doğum problemi ilə bağlı strateji tədbirlər sistemi daxildir. İslahatlar həyat tərzinin elə tərəflərinə yönəldilməlidir ki, o çoxuşaqlı ailələrin bütün yaşayış dövrlərində hərtərəfli inkişafına müsbət təsir göstərə bilsin. Respublikada həyata keçirilən demoqrafiya siyasəti vahid strateji istiqamətə malik olmalı, onun sosial-iqitsadi inkişafını, əhalinin təkrar istehsalı və milli xüsusiyyətlərini özündə əks etdirməlidir. Əhalinin normal təkrar istehsalı prosesinin həyata keçirilməsinin təmin etmək məqsədilə respublikada mövcud olan və yeni qurulan ailələrin ən azı 80%-də 2 – 3, o cümlədən bütün ailələrin 40 – 45%-də 2 nəfər, 30-40%-də isə 3 nəfər uşaq doğulub tərbiyə edilməsi üçün şəraiti yaradılmalıdır. Üç, dörd uşaqlı ailələrin ideal ailə kimi qyimətləndirilməsi və stimullaşdırılması məqsədilə onların sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün müxtəlif ödənişlər və güzəştlər müəyyənləşdirilməli, çoxuşaqlı ailələrə maddi yardımı gücləndirmək məqsədilə həm dövlətin, həm də xüsusi müəssisələrin yardımından geniş istifadə edilməklə vəsait cəlb edilməsi təşkil edilməli, gənclərin arasında nigahların artırılması üçün gənc ailələrə yardımın və müxtəlif güzəştlərin müəyyən edilməsi, onların mənzillə təminatı və mənzil şəraitinin yaxşılaşdırılması dövlət səviyyəsində həll edilməli, əhalinin ölüm səviyyəsinin xüsusilə uşaqlar, körpələr və əmək qabiliyyətli yaşında olan adamlar arasında azaldılması, anaların mühafizəsinə diqqəti artırmaq üçün səhiyyə sistemi təkmilləşdirilməli, onun maddi-texniki bazası möhkəmləndirilməli, demoqrafik siyasət tədbirləri ilə sıx bağlı olan əhali miqrasiyası məsələləri dövlətin ciddi nəzarəti alınmalı və bunun üçün respublikada qanunvericilik yolu ilə xüsusi qayda yaradılmalı, miqrasiyanın kortəbii surətdə baş verməsinin qarşısı alınmalı, bu prosesə təsir göstərmək yolları araşdırılıb tapılmalı, dövlət və cəmiyyət üçün həmin prosesin törədə biləcəyi neqativ hallara qarşı ciddi mübarizə aparılmalı, miqrantların potensialından səmərəli istifadə edilməsi üçün xüsusi tədbirlər işlənib hazırlanmalı və həyata keçirilməli, demoqrafik siyasət tədbirləri ilk növbədə ailənin qurulması və möhkəmlədirilməsinə yönəldilməlidir [11, 106].
Ölkədə insan inkişafı göstəricilərinin artması iqtisadi, sosial və siyasi insan hüquqlarının genişləndirilməsinə yönəldilmiş insan inkişafının və eləcə də cəmiyyətin hər bir üzvünün potensialının artırılması üçün imkanların yaradılması məsələlərinin prioritet və dövlət siyasəti olaraq qarşıya qoyulmasının nəticəsi kimi səciyyələnir. İnsan İnkişafı İndeksi (III) – 1990-cı ildən etibarən hər il BMT-nin İnkişaf proqramı tərəfindən nəşr edilən “İnsan İnkişafı Hesabatı”nda dünya ölkələrində əhalinin rifahını əks etdirən göstəricidir. Bu indeks özündə əhalinin rifahını ÜDM göstəricisindən daha geniş şəkildə ehtiva edir və insan inkişafının üç ölçüsünü birləşdirir:
- uzun və sağlam ömür (orta ömür uzunluğu əsasında hesablanır);
- təhsil səviyyəsi (böyüklər arasında savadlılıq, həmçinin ibtidai, orta və ali məktəblərdə təhsil alanların say nisbəti əsasında hesablanır);
-layiqli yaşayış standartları (alıcılıq qabiliyyəti pariteti gəlir əsasında hesablanır).
Lakin bu indeks insan inkişafının müfəssəl, hərtərəfli ölçü vasitəsi deyil. Buraya gender və ya gəlir bərabərsizliyi, insan hüquqları və siyasi azadlıqların təmin olunması kimi göstəricilər daxil edilmir. Buna baxmayaraq, məhz bu indeks insan inkişafının və gəlirlə rifah arasında qarşılıqlı mürəkkəb münasibətlərin nəzərdən keçirilməsi üçün daha geniş prizmanı təmin edir. Bu hesabata əsasən Azərbaycan İnsan İndeksinə görə 188 ölkə arasında 78-cidir [6, 24].
Respublikada optimal perspektiv inkişaf yollarının seçilməsinin əsaslandırılması baxımından əmək qabiliyyətli və ondan kənar yaşda olan əhali sayları arasındakı mövcud nisbət ölkənin gələcək iqtisadi inkişafının aparıcı qüvvəsi sayılan mühüm amillərdən biri olmaqla müsbət demoqrafik vəziyyət kimi xarakterizə oluna bilər.
Bizim fikrimizcə, dövlət indiki mərhələdə inzibati tənzimləmə kanallarına üstünlük verməli, birbaşa inzibati yolla bu məsələləri tənzimləməli və ölkədə ərazi üzrə komleks inkişafı təmin etməlidir. Çünki on illərlə regionlar arasında formalaşmış kəskin disproporsiyaları təkcə iqtisadi alətlər vasitəsilə yaxın vaxtlarda aradan qaldırmaq mümkün olmayacaqdır. Bunun üçün radikal inzibati tədbirlər tələb olunur. Bununla belə regionların sosial-iqtisadi inkişafında və regional fərqlərin aradan qaldırılmasında iqtisadi vasitələrin rolu böyükdür və xüsusilə bazar iqtisadiyyatı şəraitində bu cür metodlarla tənzimləmə böyük aktuallıq kəsb edir. İqtisadi sistem və mexanizm elə qurulmalıdır ki, ölkədə istər ərazi, istərsə də sahəvi kompleks üzrə inkişaf təmin edilsin, ciddi regional fərqlərə yol verilməsin. Fikrimizcə regionlar üzrə mövcud fərqlərin nisbətən aradan götürülməsi, iqtisadi-sosial inkişafın nizamlanması və bütövlükdə ölkə üzrə məhsuldar qüvvələrin kompleks inkişafının təmin edilməsində iqtisadi və sosial siyasətdə differensial yanaşmaya böyük ehtiyac vardır.
Hər regionun yerli potensialı və spesifik xüsusiyyətləri, demoqrafik amilləri ümumi inkişaf prinsipləri ilə yanaşı əsas götürülməlidir. Yəni Azərbaycan kimi regional fərqləri olan bir ölkədə differensial yanaşma iqtisadi siyasətin vacib tərkib hissəsi olmalıdır. Yalnız bu şəraitdə iqtisadi-sosial siyasət öz bəhrəsini verər və ərazi üzrə kompleks inkişaf təmin edilmiş olar.
Demoqrafik proseslərin nizama salınması məsələlərinin həllinə təkcə müasir tələblər baxımından deyil, əksinə daha çox gələcəkdə inkişafın tələb və məqsədləri baxımından yanaşmaq lazımdır. Eyni zamanda, demoqrafik prosesin nizamlanması ilə bağlı olan tədbirlər sistemi işlənib hazırlanarkən ona həm konkret, həm də bütünlükdə sosial-iqtisadi hadisələr sistemində baxılmalıdır. Bu cəhətdən əhalinin təbii təkrar istehsalı prosesinin əsasını təşkil edən doğumun və ailədəki uşaqların sayının nizamlanması ilə bağlı olan tədbirlər sistemi işlənib hazırlanarkən ona hər şeydən əvvəl, həmin prosesin müasir dövrdə və gələcəkdə bütünlükdə respublika iqtisadiyyatının inkişafına və sosial hadisələrin gedişinə necə təsir göstərə biləcəyi öyrənilib, qiymətləndirilməklə yanaşılmalıdır. Çünki əhalinin doğum səviyyəsinin artıb-azalması, ayrı-ayrılıqda həm cari, həm də gələcək dövr baxımından bir sıra mənfi və müsbət sosial-iqtisadi, demoqrafik nəticələrə səbəb olur. Belə ki, doğumun azalması bir tərəfdən gələcəkdə cəmiyyətin başlıca məhsuldar qüvvəsi olan əmək potensialının mütləq və nisbi qaydada azalmasına, iqtisadiyyatın sahələrinin iş qüvvəsi ilə təmin edilməsinin məhdudlaşmasına səbəb olursa, digər tərəfdən də ailədə uşaqların sayının azalması qadınların ictimai istehlatdakı məşğulluq səviyyəsinin, peşə-ixtisas dərəcəsinin, mədəni səviyyəsinin yüksəlməsinə şərait yaradır. Buna görə də bu sahədə elə tədbirlər sistemi işlənib hazırlanmalı və həyata keçirilməlidir ki, ölkəmizdə əhalinin normal təkrar istehsalı proseslərinin təmin edilməsinə, əhalinin təbii və mexaniki hərəkətinin gedişinə və demoqrafik vəziyyətin yaxşılaşmasına səbəb olmaqla xalqımızın həyat şəraitinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə gətirib çıxara bilsin.

Açar sözlər: region, əhali, demoqrafiya, əmək ehtiyatları, Dövlət proqramı.

ƏDƏBİYYAT SİYAHISI:
1. Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı (2004-2009-cu illər). Dövlət Statistika Komitəsi. Bakı: 2004, 30 s.
2. Azərbaycanda səhiyyə və sosial təminat. Dövlət Statistika Komitəsi. Bakı, 2017, 495 s.
3. Əfəndiyev V.Ə., Nağıyev S.Q. Əhali coğrafiyası. Bakı: Bakı Universiteti nəşriyyatı, 2006, 326 s.
4. Əlirzayev Ə.Q. İqtisadi və sosial idarəetmə: bazar iqtisadiyyatı, metodoloji prinsiplər, qanunauyğunluqlar. Bakı: Diplomat nəşriyyatı, 1997, s.56-63.
5. Əlirzayev Ə.Q. İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial-iqtisadi problemləri: Təcrübə, meyllər və perspektiv istiqamətlər. Bakı: ADİU nəşriyyatı, 2005, 374 s.
6. Hacızadə E.M. Regional inkişaf strategiyası: elmi-empirik baxış və yeni konseptual əsaslandırmalar // Dirçəliş, 2005, ¹ 86, s.72-78
7. Hacızadə E.M. Sosiallaşan iqtisadiyyat. Bakı: Elm, 2006, 509 s.
8. Muradov Ş.M. İnsan potensialı: əsas meyllər, reallıqlar, problemlər. Bakı: Elm, 2004, 220 s.
9. Muradov R.Ş. Müasir şəraitdə Azərbaycan Respublikasında əmək bazarı problemləri, Bakı: Elm, 2000, 280 s.
10. Nağıyev Ə.T. Sosial-iqtisadi inkişafın metodoloji aspektləri, Bakı: 2006, 294 s.
11. Nuriyev Ə.X. Regional siyasət və idarəetmə, Bakı: Elm, 2004, 348 s.
12. 2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf sahəsində Dövlət Proqramı. Bakı: 2014, 423 s.

О.Ю.Гаджиев
Региональное развитие - как тенденция демографического стимулирования
РЕЗЮМЕ
Одним из важнейщих компонентов каждой страны в области социально-экономического развития является политика регионального развития. Основной темой обсуждения в данном статье является влияние человеческого потенциала, основного национального богатства регионов, на развитие демографических процессов, которые составляют естественную основу регионов. Кроме того, важно обеспечить надлежащее выполнение обязанностей государственных программ, принятых в соответствующем направлении, предотвращение ускорения рождаемости населения и обеспечение его стабильности.

Ключевые слова: pегион, население, демография, трудовые ресурсы, Государственная программа


O.Y.Hajiyev
Regional development - as a stimulating
tendency in demography
SUMMARY
One of thecrucial components of socio-economic development of each country is a regional development policy. The basic topic of discussion in this article is the influence of human potential, the main national wealth of the regions, on the development of demographic processes that constitute the natural basis of the regions. In addition, the proper implementation of the duties of State programs adopted in the relevant direction, preventing the acceleration of the birth rate of the population and ensuring its stability express principal issue in this article.

Keywords: region, population, demography,
labour resources, State program.