Ailə institutunun tarixi tipləri: təkamül yanaşma

Post image

Nİgar Ağayeva, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

 

Ailə institutunun öyrənilməsi və müasir vəziyyətinin təhlili bu institutun tarixi təkamülünə nəzər yetirilməsini zəruri edir. Kifayət qədər qədim tarixə malik olmasına baxmayaraq onun öyrənilmə tarixi heç də qədim deyil. Belə ki, ailənin elmi əsaslarla öyrənilməsi XIX əsrin ikinci yarısından başlanmış və təkamül nəzəriyyəsinin yaranması ilə bağlı olub. XIX əsrin məşhur antropoloqları İ.Baxofen, C.Mak-Lennan və L.H.Morqanın apardığı tədqiqatlarla ailə, nigah və nəsillərin bir-birini əvəzləməsi problemlərinin öyrənilməsində təkamül yanaşmanın (evolyusionizmin) əsasları qoyulur. Məhz onların tədqiqatlarında ailə və nigahın dəyişkənliyi ideyası irəli sürülür və toplanmış çoxsaylı empirik materiallarla əsaslandırılır.
Təkamülçülük müxtəlif mədəniyyətlərdəki müxtəlif ailə tiplərinə xas olan ümumini, universalı axtarıb tapmağa cəhd edir. Başqa sözlə desək, onun əsas məqsədi həyatın sosiomədəni quruluşunda ailənin xüsusi mahiyyətini aşkarlamaqdır. Bu axtarış fərqli dövrlərdə müxtəlif mədəniyyət və sosial sistemlərdə ailənin yerinə yetirdiyi səciyyəvi funksiyaların təhlilinə gətirilir. Oxşar universal funksiyaların mövcudluğu ailəni yeni nəslin doğulub sosiallaşmasında mühüm sosial institut kimi təfsir etməyə imkan verir.
Təkamül yanaşma tərəfdarları belə hesab edirlər ki, əslində ailənin yaranması insan və cəmiyyətin yaranması anlamını verir. “İnsan olmaq –ailəli olmaq deməkdir. Ailəli həyat tərzindən –sabit nigahdan, bir-neçə uşağa malik olma arzusundan, əcdadlara və gələcək nəsillərə hörmətdən hər bir kənarlaşma, sosial strukturun familist dəyərlərindən hər bir uzaqlaşma müəyyən mənada bizi daha az insan edir”.(1, 37)
Zəruri olaraq qeyd edək ki, ailə institunun öyrənilməsində digər yanaşmalardan biri də funksionalist yanaşmadır. Funksionalist yanaşmada əsas diqqət ailənin funksiyalarının tarixən digər sosial institutlara keçməsinə yönəldilir. Bu zaman ailənin funksiyalar dairəsi kifayət qədər kiçildilir. Lakin o da qeyd olunmalıdır ki, bu yanaşmalar içərisində tədqiqatçıların böyük əksəriyyəti evolyusionist yanaşmaya üstünlük verir.
Ailənin evolyusionist nəzəriyyə çərçivəsində tədqiqi, bu sahədə ilk tədqiqatın müəllifi isveçrə hüquqşünası və antropoloqu İ.Y.Baxofenin adı ilə bağlıdır. Məhz o, “Ana hüququ” adlı əsəri ilə sonradan özünə çoxsaylı tərəfdarlar tapacaq evolyusionist, yaxud təkamülçü yanaşmanın əsasını qoymuşdur. İ.Y.Baxofen əsərində ailənin mənşəyinə dair aşağıdakı müdəalları irəli sürmüşdür:
1)Əvvəllər insanlar arasında qeyri-məhdud cinsi əlaqələr olmuşdur və bu əlaqələri müəllif münasib olan “heterizm” ( “hetera” - rəfiqə) sözü ilə qeyd edir.
2)Bu cür əlaqələr atanı düzgün müəyyən etmək üçün heç bir imkan vermir, buna görə mənşəyi yalnız qadın xətti ilə –ana hüququna əsasən –müəyyən etmək mümkün idi, əvvəllər bütün qədim xalqlarda məhz belə də olmuşdur.
3)Qadının yalnız bir kişiyə mənsub olduğu təknigahlığa keçilməsi ən qədim dini tövsiyyənin pozulması demək idi, bu da günahın yuyulmasını tələb edirdi və ya buna ödənc vermək şərti ilə yol verilirdi, bu ödənc isə ondan ibarət idi ki, qadın müəyyən müddət ərzində özünü başqa kişilərin ixtiyarına verməli idi.(2, 221)
İ.Y.Baxofenin nəzəriyyəsi tədqiqatçılar tərəfindən heç də birmənalı qarşılanmamışdır. Belə ki, rus etnoloqu A.N.Maksimov bu haqda yazırdı: “Baxofenin kitabı çap olunduğu zamanlarda heç də diqqət çəkməmişdir, elə indinin özündə də mütəxəssislərin əksəriyyəti əsərlə ikinci mənbədən öyrənməyə üstünlük verirlər”.(3) İ.Y.Baxofenin nəzəriyyəsinin çatışmazlığına baxmayaraq, ailə və nigahın öyrənilməsində böyük rol oynamışdır.
Amerikalı etnoqraf Luis Henri Morqan “Qədim cəmiyyət” adlı əsərində təkamül tarixini tədqiq etmişdir. O yazır ki: “Biz belə hesab etməyə vərdiş etmişik ki, monoqam ailə həmişə mövcud olmuş, yalnız bəzi yerlərdə istisna olaraq patriarxal ailə meydana gəlmişdir. Əslində isə ailə ideyası bir sıra ardıcıl mərhələ keçmişdir, həm də monoqam ailə bu sırada sonuncu olmuşdur”.(4, 216)
L.H.Morqanın fikrincə ailənin beş ardıcıl və müxtəlif forması olub, onlardan hər birinə özünəməxsus nigah qaydası uyğun gəlir.(5, V) Y.P.Alkorun tərtib etdiyi sxemdən aydın görünür ki, ailəyəqədərki dövr üçün özünəməxsus nigah forması mövcuddur və bu başqa cür ola da bilməz. Çünki, ailə olmasa da onun əsas funksiyalarından biri – nəslin davamını təmin edən reproduktivlik funksiyası mövcud olmalı idi. Yuxarıda qeyd etdiyimiz kimi, əgər İ.Y.Baxofen onu heterizm adlandırırdısa, sonradan bu, yəni kişi və qadınların nizamsız cinsi əlaqələri, yaxud nigah forması promiskuitet adlandırılır. Promiskuitet XIX əsrdə elmi dövriyyəyə daxil edilib. Latın mənşəli promiskuitet sözünü “qarışıq”, “hər şeyə icazə verilmiş” mənası verir. Y.İ.Semyonov bu haqda yazmışdır: “Hal-hazırda qədim dövr tədqiqatçılarının böyük əksəriyyətinin fikrincə heyvani vəziyyətdən çıxmış insanlar promiskuitetlə bağlı olan sürü həyat tərzini qəbul etmişlər”.(6, 84) Bu onu bildirir ki, sürü halında yaşayan insanlar arasaında qeyri-məhdud cinsi əlaqələr mövcud olmuş, hansısa qadağalar tətbiq olunmamışdır. Bununla belə promiskuiteti tam nizamsız münasibətlər də hesab etmək olmaz. Promiskuitet nəzəriyyəsinin tərəfdarlarının fikrincə məhz bu şəraitdə müəyyən sosial normalar formalaşır: “Promiskuitet heyvani cinsi əlaqələri cilovlayaraq onların insaniləşməsinə yardım göstərmişdir. Promiskuitet nigahı sürü kollektivçiliyinin əsasında dayanmışdır. Promiskuitet olmadan ilk insanların erkən kollektivçiliyi də ola bilməzdi”.(7, 22) Belə ki, ilk insanların zooloji instinktləri ilə sosial normaların ziddiyyəti sonrakı antropoloji təkamülü təmin etmişdir.
Ailənin öz inkişafında keçdiyi mərhələləri H.L.Morqan aşağıdakı kimi təsnif etmişdir.
I.Qan qohumluğu olan ailə. Ailənin bu forması qohumlar, hətta bacı və qardaş arasında nigaha əsaslanır. Zəruri olaraq qeyd edək ki, burada promiskuitetin bəzi əlamətlərinin qaldığını görmək olar.
II.Punalua ailəsi. Bu ailə forması bir neçə bacının ümumi ərlərlə, yaxud bir neçə qardaşın ümumi arvadlarla qrup nigahına əsaslanır. Əslində bu ailə bir anadan olan uşaqlar arasında cinsi əlaqənin yolverilməzliyi ideyasının yaranması ilə meydana gəlir. F.Engelsin fikrincə bu ideya köhnə ev icmalarının parçalanmasında və yenilərin təsisində özünü göstərməli idi. “Qan qohumluğuna əsaslanan ailədən bu və ya buna bənzər bir yolla, Morqan tərəfindən punalua ailəsi adlandırılan ailə forması əmələ gəlmişdir. Havay adətinə görə, anabir və ya daha uzaq pilləli (ikinci, üçüncü və i.a. pilləli) qohum olan müəyyən qədər bacı öz ərlərinin ümumi arvadları idi, lakin həmin ərlər içərisindən onların qardaşları kənar edilirdi; bu ərlər bir-birini qardaş adlandırmırdılar, onlar daha qardaş olmamalı idilər, onlar “punalua”, yaxın yoldaş, necə deyərlər assoie (şərik) olurdular.”(2, 248) Bu ailə formasında bacı və qardaş arasında nigah tədricən qadağan edilir. Beləliklə, məhz punalua ailəsində baş verən müəyyən dəyişikliklər yeni ailə formasının yaranması ilə nəticələnir.
III.Sindiasmik, yaxud ikili ailə. L.H.Morqanın nəzəriyyəsinə görə ailənin üçüncü tarixi forması sindiasmik, yaxud ikili ailə adlanıb kişi və qadının nigahına əsaslanır, lakin bu zaman kənarda cinsi əlaqələr istisna olunmur. “Sindiasmik ailə xüsusi, özünəməxsus xarakterə malik olub... Sindiasmik ailə ayrı-ayrı cütlərin nigahına əsaslanmış və monoqam ailənin bir sıra xarakterik xüsusiyyətlərinə malik olmuşdur.” (4. 269)
L.H.Morqanın fikrincə sindiasmik ailənin başlıca xüsusiyyəti odur ki, kişilər özünə arvad seçmir, nigah müəyyən anlamda hisslərə, məhəbbətə yox, rahatlıq və zərurətə əsaslanmışdır. Övladların nigah məsələlərini, onların ailə qurmasını bir qayda olaraq valideynlər həll edir, bu zaman onların razılığı soruşulmurdu. Övladlar da adətən buna tabe olur, etiraz etmirdilər. Belə ailənin digər xüsusiyyəti gəlinin yaxınlarına hədiyyələr verilməsi olmuşdur ki, bu da ailənin qurulmasına alqı-satqı sövdələşməsi səciyyəsi vermişdir. İlkin olaraq belə nigahların pozulması çətin olmamış, sonradan ictimai rəy nəzərə alınmaqla onun möhkəmlənməsi baş vermişdir.
IV.Patriarxal ailə. Bu ailə forması bir kişinin bir neçə qadınla nigahına əsaslanır. Bu zaman qadınlar bir qayda olaraq qapalı həyat sürmüşlər. Patriarxal ailənin yaranması vəşhilik dövrünün (yəni, sivilizasiyayaqədərki dövrün –N.A.) son mərhələsi və sivilizasiyanın başlanğıc dövrünə təsadüf edir. “Tayfa başçıları ən azı poliqamiyada (çoxnigahlılıq) yaşamışlar; lakin patriarxal sistemin başlıca prinsipi olmamışdır. Qullar və xidmətçilər öz arvadları və uşaqları, başçıları olan patriarxla birlikdə eyni bir patriarxal ailəni təşkil etmişlər. Onun mahiyyətini üzvlərinin və əmlakının üzərində patriarxın hakimiyyəti təşkil etmişdir”.(4, 275)
V.Monoqam ailə –istisnasız olaraq birlikdə yaşayan ayr-ayrı cütlərin nigahına əsaslanır. L.H.Morqan belə hesab etmişdir ki, cəmiyyətin yaranması məhz monoqam tipli ailənin meydana gəlməsi ilə başlayır.(4, 276) “Bu ailə ərin hökmranlığına əsaslanır, özü də mənşəyi müəyyən atadan olmasına şübhə yeri qalmayan uşaqlar doğulması məqsədi kimi qəti ifadə olunan bir məqsəd daşıyır, mənşəyin belə şübhəsiz olması isə ona görə lazımdır ki, müəyyən müddətdən sonra uşaqlar əsl vərəsə kimi ata əmlakına sahib ola bilsinlər. İkili ailədən bu ailənin fərqi ondadır ki, nigah əlaqələri xeyli möhkəmdir və indi artıq tərəflərin hər hansının arzusu ilə pozula bilməz”.(2, 270)
Tarixi təkamül prosesində ailənin beş ardıcıl formaya malik olduğunu iddia edən L.H.Morqan, onun gələcəyi haqqında maraqlı və heç də birmənalı olamayan proqnoz verir. Belə ki, o yazır: “Əgər biz etiraf ediriksə ki, ailə özünün inkişafında dörd ardıcıl formadan keçmişdirsə və indi beşinci formasındadırsa, onda ortaya belə bir sual çıxır, bu forma gələcəkdə də mövcud ola biləcəkmi. Buna yeganə mümkün cavab belədir ki, keçmişdə olduğu kimi, cəmiyyət tərəqqi etdikcə o da tərəqqi etməlidir, cəmiyyət dəyişdikcə o da dəyişməlidir. Ailə sosial sistemin məhsuludur və mədəniyyəti əks etdirir. Sivilizasiyanın başlandığı zamandan, xüsusilə ən yeni tarixdə monoqam ailə böyük ölçüdə tərəqqi etdiyi üçün hər bir halda gözləmək olar ki, cinslərin bərabərliyinə nail olunmayınca o daha da təkmilləşə bilər. Sivilizasiyanın sabit şəkildə davam edən tərəqqisi ilə əlaqədar olaraq monoqam ailə uzaq gələcəkdə cəmiyyətin tələblərinə cavab verməyə bilər, onun varisinin necə olacağını söyləmək isə mümkünsüzdür”(4, 288). Burada L.H.Morqanın nəyi nəzərdə tutduğu bir o qədər də aydın deyil. İlk növbədə bu fikirlərə F.Engelsin münasibətinə diqqət yetirək. Əvvəla F.Engels qeyd edir ki, əslində monoqamiya yalnız qadınlara aid olmuşdur: “Məhz monoqamiya ilə yanaşı köləliyin mövcud olması, kişinin tam ixtiyarında olan cavan gözəl kənizlərin varlığı lap əvvəldən monoqamiyaya spesifik xarakter verərək, onu kişi üçün deyil, yalnız qadın üçün monoqamiyaya çevirmişdir. O özünün bu xarakterini bu gün də saxlayır.”(2, 272) Təbii ki, bu fikirlə razılaşmamaq olmur. Çünki bir kişinin bir neçə qadınla nigahı heç də nadir hadisə deyil. Buna müəyyən mənada zərurət kimi də baxıla bilər. Çünki, tarixi prosesin demək olar ki, bütün mərhələlərində hər bir cəmiyyətdə qadınlar kişilərdən sayca üstün olmuşlar. Təkcə müharibə faktının, bu müharibədə həlak olanların əsasən kişilərin olduğu nəzərə alınarsa qadınların say üstünlüyü öz təsdiqini tapır. Lakin F.Engels diqqəti daha çox L.H.Morqanın “cinslərin bərabərliyi” ifadəsinə yönəldərək, tarixi prosesin inkişafı haqqında marksist nəzəriyyədən çıxış edərək yazır: “Bu cəhətdən qadının vəziyyəti istər fabrikdə, istərsə də təbabətə və vəkilliyə qədər bütün faəliyyət sahələrində eynidir. Müasir fərdi ailə qadının aşkar və ya üstüörtülü ev köləliyinə əsaslanır, müasir cəmiyyət isə başdan-başa sanki onun molekulları olan fərdi ailələrdən ibarət olan bir kütlədir... Eyni ilə də müasir ailədə ərin arvad üzərindəki hökmranlığının spesifik xarakteri və onların hər ikisi üçün nəinki ictimai bərabərlik yaradılması zərurəti, habelə bunu əldə etmək üsulu yalnız o zaman tam aydınlığı ilə meydana çıxacaqdır ki, ər ilə arvad yuridik cəhətdən tamamilə bərabər hüquqlu olacaqdır. O zaman məlum olacaqdır ki, qadının azad edilməsi üçün birinci ilkin şərt bütün qadınların ictimai istehsala qayıtmasıdır”.(2, 282-283)
Qeyd edək ki, L.H.Morqan ailənin gələcəkdə təkmilləşməsini, yeni formalar alacağını əsasən kişi və qadınların bərabərliyinin təmin olunmasına qədər baş verəcəyini söyləyir. Yəni, kişi və qadının tam hüquqi bərabərliyi ailənin son forması kimi qəbul olunur. Bununla belə o, yeni ailə forması haqqında hansısa fikir bildirməkdən də çəkinir. F.Engels isə bütövlükdə kişi və qadının yeni cəmiyyətdə, insanların tam azadlığının mümkün olacağı kommunizm cəmiyyəti şəraitində mümkünlüyünü bildirir. Müasir dövrdə bu ideyaların təhlili göstərir ki, hər iki tədqiatçının verdiyi proqnoz özünü doğrultmamışdır.
Əvvəla onu qeyd edək ki, bu gün dünyanın əksər ölkələrində qadın və kişilərin hüquq bərabərliyi təmin edilib. İkincisi, F.Engelsin dediyi kimi heç də hər ölkədə kommunizm cəmiyyəti qurulmayıb. Hətta XX əsrdə bir sıra ölkələrdə mövcud olmuş sosializm sistemi faktiki olaraq özünü doğrultmayıb. Lakin heç bir halda monoqam ailə forması ciddi transformasiyaya məruz qalmayıb. Bununla belə müxtəlif cəmiyyətlərdə onun inkişaf səviyyəsindən asılı olaraq yeni ailə modelləri meydana gəlmişdir. Bu ailə modelləri bir sıra amillərlə şərtlənir. Belə amillərdən biri də ənənələr olmuşdur ki, bu da hər bir cəmiyyətin məxsus olduğu mədəni-sivilizasion identikliklə şərtlənir.


ədəbİyyat
1. Карлсон А. Общество – семья – личность: социальный кризис Америки. М.: 2003, 346 с.
2. Marks K., Engels F. Seçilmiş əsərləri. 3 c-də. III c. B: Aərnəşr, 1983, 667 s.
3. https://ru.wikipedia.org/wiki/Бахофен,_Иоганн_Якоб#cite_note-8.
4. Морган Л.Г. Древнее общество. Л: Изд. ЦИК СССР, 1935, 352 с.
5. Алькор П.Я. Предисловие/ Морган Л.Г. Древнее общество. с.III-X.
6. Семенов Ю.И. Происхождение брака и семьи. М.:«Мысль», 1974, 309 с.
7. Семьяведение: учебник для бакалавров. М. 2013, 403 с.

Açar sözlər: ailə, heterizm, punalua, monoqamiya.

Key words: семья, гетеризм, пуналуа, моногамия.

Ключевые слова: family, heterism, punalua, monogamy.


Нигяр Агаева
Исторические типы института семьи:
эволюционный подход
Резюме
В статье исследуются исторические формы развития института семьи. С этой целью обращается к эволюционному подходу. Исторические типы семьи изучаются на основе работ таких исследователей, как И.Бахофен, Г.Л.Морган.

Nigar Agayeva.
Historical Types of Family Institute:
An Evolutionary Approach
Summary
The article examines the historical forms of the development of the family institution. To this end, refers to an evolutionary approach. Historical types of families are studied on the basis of the work of researchers such as I. Bachofen, G. L. Morgan.

 

"GEOSTRATEGİYA" jurnalı №06 (48) NOYABR-DEKABR 2018