İran-Rusiya münasibətlərində Yaxın Şərq regionunun rolu

Post image

Əlimusa İbrahimov
Siyasi elmlər üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin
Beynəlxalq münasibətlər fakültəsinin müəllimi

E-mail: [email protected]

Geosiyasi mövqeyi və nəhəng neft-qaz ehtiyatlarının mövcudluğu səbəbindən Yaxın Şərq regionu hər zaman dünyanın böyük dövlətlərinin diqqət mərkəzində olmuşdur. Rusiya dünyanın böyük dövlətlərindən biri kimi bu regiona öz yanaşması mövcuddur, bu səbəbdən Rusiyanın regional perspektivlərinə və Qərblə rəqabətə əsaslanan xarici siyasətindəki dəyişiklikləri təhlil etmək vacibdir [9].
1990-cı illərin əvvəllərində Çeçenistandakı müsəlman üsyançılarla müharibə və Kosovoda Bosniya ilə müharibədə Moskvanın Serbiyaya verdiyi dəstək səbəbindən Rusiyanın İslam ölkələri arasında populyarlığı azalmışdı. Ruslar yeni müstəqil dövlətlərin Amerika Birləşmiş Ştatları ilə münasibətlərindən narahat idilər. Buna görə də Qərbdən, xüsusən də ABŞ-dan dəstək almağı prioritet vəzifə hesab edirdilər. Boris Yeltsin Yaxın Şərq məsələsini birinci dərəcəli problem kimi qiymətləndirmirdi. O, hətta ərəb dünyası ilə İsrail arasında 1992-ci ilin yanvar ayının sonunda Moskvada baş tutan çoxtərəfli danışıqlarda iştirak etməkdən imtina etmişdi.
1995-ci ildən etibarən ABŞ-ın Yaxın Şərqdə artan təsirini nəzərə alaraq Rusiyada avrasiyaçı yanaşmanın güclənməsi və Moskvanın regiona geosiyasi yaxınlığının dərki Kremlin Yaxın Şərq siyasətində dəyişikliklərə səbəb oldu. Yevgeni Primakovun Rusiya xarici işlər naziri təyin olunması Moskvanın Yaxın Şərq siyasətində böyük dəyişikliyin göstəricisi idi. Y.Primakov ölkənin xarici siyasətini balanslaşdırmaq üçün Asiyaya və Rusiyanı əhatə edən ölkələrə diqqət yetirməyin vacibliyini vurğulayırdı. Onun fikrincə, Rusiyanın Yaxın Şərqdə fəal iştirakı tələb olunurdu. Yaxın Şərqin zəngin ölkələrinə silah satışından əldə olunan iqtisadi faydalar, şübhəsiz, Rusiya üçün cəlbedici idi.Bu siyasətin davam etdirilməsi Rusiyanın geosiyasi tələbləri ilə diqtə olunduğundan, Y.Primakovdan sonra da zəruri idi.
V.Putinin hakimiyyəti dövründə Rusiyanın Yaxın Şərqə baxışını dəyişdirmək, keçmiş müttəfiqlərlə münasibətləri bərpa etmək yenidən aktuallıq kəsb etdi və Rusiya hökuməti Yaxın Şərq səhnəsində fəal iştiraka səy göstərdi. Moskvanın Yaxın Şərq siyasətinin xüsusiyyətləri regionun bütün dövlətləri ilə əlaqələrin qurulmasından və mürəkkəb böhranlarda iştirak edən oyunçuların maraqlarına birtərəfli dəstək verilməməsindən ibarətdir. Moskva üçün yalnız İran və Suriya kimi ABŞ-la mənafeləri toqquşan ölkələrlə əlaqələrin inkişafı deyil, eyni zamanda mühafizəkar dövlətlər və ABŞ-ın Yaxın Şərqdəki müttəfiqləri ilə əlaqələrin qurulması böyük əhəmiyyət kəsb edirdi. Lakin son otuz ildə Yaxın Şərqdə İran-Rusiya münasibətləri bir tərəfdən Moskvanın qlobal maraqları və məqsədləri, digər tərəfdən İranın ABŞ və İsraillə ideoloji düşmənçiliyi nəzərə alınmaqla qiymətləndirilməlidir. Şübhəsiz ki, Rusiya dünyanın böyük dövləti olaraq Yaxın Şərqdə müxtəlif məqsədlər güdür: təhlükəsizlik, siyasi və iqtisadi, onların əhatə dairəsi İranla ikitərəfli münasibətlərdən daha genişdir.
Təhlükəsizlik nöqteyi-nəzərindən Yaxın Şərqdə sülh və sabitliyin hər hansı pozulması Rusiyanın təhlükəsizliyinə təsir edir, çünki Rusiyanın cənub sərhədləri Yaxın Şərqlə qonşudur və bu ölkənin cənubunda milyonlarla müsəlman yaşayır.

Qafqaz
Rusiyanın 1990-cı illərdə çeçen separatçılarına qarşı apardığı mübarizə bəzi müsəlmanların radikallaşmasına və sələfi islamın Rusiyada yayılmasına səbəb oldu. Çeçenistan müharibəsi nəticəsində çoxsaylı radikal islamçı qrup Rusiya ərazisinə nüfuz edərək separatizmi təbliğ edir və müsəlman bölgələri Rusiyadan ayrılmağa təhrik edirdi. Pol Rivlinin fikrincə, doxsanıncı illərin sonunda Rusiya İslam toplumunda İslamın düşməni kimi qəbul edilirdi[7, s. 34].
`Bu şəraitdə İranın Rusiyanın cənub sərhədlərin­dəki strateji mövqeyi nəzərə alınaraq, bölgədəki böhran fonunda Tehranın Rusiya ilə əməkdaşlığa yanaşması böyük əhəmiyyət kəsb edirdi. Moskvanın nöqteyi-nəzərindən, İran Səudiyyə Ərəbistanı və Qətər tərəfindən dəstəklənən bəzi ərəb KİV-lərinin “anti-Rusiya təbliğatı”nın əksinə olaraq islam dünyasında ictimai fikrə təsir göstərə bilərdi. Bundan əlavə, Rusiya müsəlman respublikalarındakı separatçı hərəkatlara xarici dəstəyi azaltmaq və Çeçenistan məsələsinin müsəlman dünyasının probleminə çevrilməsinin qarşısını almaq üçün Yaxın Şərqdəki digər müsəlman ölkələri ilə əlaqələrini inkişaf etdirməyə çalışırdı.
Bu baxımdan Rusiyanın ABŞ-ın 2003-cü ildə İraqa qarşı apardığı hərbi əməliyyatlarla razılıq verməməsinin səbəblərindən biri də Yaxın Şərqdə və Qafqaz bölgəsində radikal terrorçu və separatçı qrupların güclənməsi və bəzi cənub bölgələrində dini radikalizmin yayılması ehtimalı idi. Rusiyanın Yaxın Şərqə yaxınlığı səbəbindən Kreml rəsmiləri ölkənin dini ekstremizmə qarşı ABŞ-dan daha həssas olduğunu söyləyirdilər. Rusiyanın İranın nüvə proqramı ilə bağlı siyasəti də bu kontekstdə izah edilməlidir. Dmitri Treninin sözlərinə görə, Rusiya rəhbərliyi hesab edir ki, İranla istənilən preventiv müharibə nüvə İranından daha pisdir. Kreml belə bir müharibənin regional böhrana, dini radikalizmə və müsəlmanlarla Qərb arasında toqquşmalara yol açacağına əmindirlər, bəlkə də yalnız İranın nüvə proqramı bu ssenarinin qarşısını alır[8, s. 102].
Rusiyanın Yaxın Şərqdəki siyasi fəaliyyətinin digər bir aspekti Moskvanın ABŞ-ın gücünü tarazlaşdırmaq istəyidir. Bu baxımdan amerikalı politoloq Corc Fridman Vaşinqtonun Rusiyanın maraqlarını nəzərə almadan bu ölkənin qonşuluğundakı regionlara nüfuz etdiyini, Gürcüstan kimi Rusiyaya qarşı yönəlmiş ölkələri dəstəkləməyə çalışdığını iddia edir. Rusiya ABŞ-ı passiv vəziyyətinə salaraq və bu regiondakı nüfuzunu artıraraq, İran, Suriya və Fələstin kimi ölkələrlə əlaqələrini gücləndirir və ABŞ-ın Yaxın Şərqdəki ənənəvi müttəfiqləri (Misir, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və İordaniya) ilə yaxınlaşır.
Bu kontekstdə İranın ABŞ ilə düşmənçiliyini və İranın ABŞ-ın xarici siyasətində iki böhranlı ölkə, yəni İraq və Əfqanıstan ilə qonşuluğunu nəzərə alaraq, Moskvanın Tehranla münasibətləri daha böyük əhəmiyyət kəsb edir. ABŞ-ın Əfqanıstan və İraqa hücumundan və ABŞ qüvvələrinin Yaxın Şərqdə yerləşdirilməsindən sonra Vaşinqtonun bölgədəki iştirakının artmasının doğurduğu narahatlıqla əlaqədar Tehran və Moskvanın regional siyasətinin yaxınlaşması müşahidə olunur. Bu şəraitdə Rusiya soyuq müharibə dövründəki siyasi metodlardan istifadə edərək İran və Suriya kimi müttəfiqlərinə silahla dəstək verməklə ABŞ-a qarşı müdafiə xətti yaratmağa çalışır.
Təhlükəsizliklə bağlı və siyasi məqsədlərdən əlavə, Rusiya Yaxın Şərqdə iqtisadi strategiyalar da həyata keçirir. Uzun müddət Rusiya Yaxın Şərq ölkələrini silahla təmin edən əsas ölkə olmuşdur. Bu mövzu V.Putinin Yaxın Şərqə səfərlərində qabarıq şəkildə görünür. RF Prezidentinin silah şirkətləri rəhbərlərinin müşayiəti ilə Səudiyyə Ərəbistanı, Misir, Qətər və İordaniyaya səfərləri və bu ölkələrin başçıları ilə silah satışı ilə bağlı apardığı danışıqlar Rusiyanın Yaxın Şərq silah bazarına xüsusi diqqət yetirdiyini göstərir[5]. Yaxın Şərq Rusiya silahlarının satışına görə Çin və Hindistandan sonra üçüncü böyük bazardır. Bu bölgə bütün Rusiya silah ixracatının 17%-nə sahibdir. İran, Əlcəzair və Birləşmiş Ərəb Əmirlikləri Rusiyadan ən böyük silah alıcılarıdır. Yəmən, Suriya, Küveyt Rusiyanın Yaxın Şərqdəki digər əsas ixrac bazarları hesab olunur. Əlbəttə, Rusiyanın Yaxın Şərq regionu ölkələri ilə iqtisadi əlaqələri, son illərdəki fəal inkişafına baxmayaraq, ölkənin xarici ticarətində əhəmiyyətsiz paya malikdr. Siyasi və təhlükəsizlik maraqları Rusiyanın Yaxın Şərqdəki xarici siyasətində əsas rol oynayır. Lakin Tunis, Misir və Liviyada, daha sonra Bəhreyndə və Yəməndə siyasi dəyişikliklər başladıqdan sonra Moskva ilə Tehran arasında daha sıx əməkdaşlıq üçün şərait yarandı. Hər iki ölkə bölgədəki yeni kütləvi inqilab dalğasında tərəfsiz siyasət yürütməyə başladı. İran hökuməti Misir, Liviya və Tunisdəki hökumət əleyhinə hərəkatları Qərb tərəfindən dəstəkləndikləri üçün müdafiə etmədi. Əlavə olaraq, İranın “Müsəlman qardaşlar” kimi partiyaları qəbul etmədiyi də qeyd olunur, çünki onlar sünni-vəhhabi düşüncəsinin təsiri altındadırlar və gücləndikləri təqdirdə İranın şiə hökumətinə müsbət yanaşmayacaqlar. Digər tərəfdən, Rusiya da bu dəyişiklikləri Liviya və Misirdə “idarəolunan xaos” mexanizmi üzrə həyata keçirilmiş və hazırda Suriyada həyata keçirilən Yaxın Şərq üçün yeni Amerika planı çərçivəsində qiymətləndirdi. Moskva “Ərəb baharı”nı Vaşinqtonun öz təsirini daha da genişləndirmək və rəqiblərini, o cümlədən Rusiyanı sıxışdırmaq məqsədi ilə Yaxın Şərqin siyasi xəritəsini yenidən formalaşdırmaq cəhdi kimi qəbul etdi. Bu dəyişikliklərin nəticələri yalnız siyasi və iqtisadi maraqların itirilməsinə və Rusiyanın geosiyasi təsir dairəsinin daralmasına səbəb olmayacaq, əksinə, ABŞ-ın ambisiyalarının genişlənməsi nəzərə alınaraq, ölkənin uzunmüddətli təhlükəsizliyi ciddi problemlərlə üzləşəcəkdi. Uzaq perspektivdə ABŞ Suriyada Bəşər Əsədi devirdikdən sonra İrana üz tutacaqdı, Tehran ilə Vaşinqton arasında hər hansı bir ciddi münaqişə isə Rusiyanın cənub sərhədlərində təhlükəsizlik və sabitlik probleminə səbəb ola bilərdi. Moskva dini ekstremistlərin Yaxın Şərqə gəlişindən və Mərkəzi Asiya və Qafqaz ölkələrinə təsirindən, bu bölgədə oxşar hadisələrin baş verməsi perspektivindən narahat idi.
Suriya böhranı Moskva ilə Tehran arasında Yaxın Şərqdə əməkdaşlığın və ortaq maraqların zirvəsi oldu. İran baxımından Suriya İsrail əleyhinə cəbhə xəttidir və Qərb yönümlü və Amerika tərəfdarı hökumət Suriyada hakimiyyətə gələrsə, bu, İran və müttəfiqlərinin mənafeyinə uyğun olmayacaqdır. Rusiya da Amerika tərəfdarı hökumətin Suriyada hakimiyyətə gəlməsini istəmir[1]. Rusiyanın xaricdəki yeganə dəniz bazası Suriyanın Tartus limanındadır. Bu baza Rusiya silahlı qüvvələrinin müdafiə gücünü artıra bilər. Onun içərisində yerləşən gəmilər Süveyş kanalı ilə Qırmızı dənizə və Hind okeanına və Cəbəllütariq boğazından Atlantik okeanına çıxmaq imkanına malikdir. Rusiya qlobal oyunçu kimi mövqeyini bərpa etməkdə maraqlı olduğu üçün mənafelərini “böyük dövlət” prizmasından müdafiə etməyə çalışır.
Bundan əlavə, Əsədin devrilməsi və müxaliflərin hakimiyyətə gəlməsi nəticəsində baş verəcək ekstremist islamçılıq dalğası Rusiyanın təhlükəsizlik sahəsində narahatlığına səbəb olan başqa bir mövzudur. Moskva Suriyadakı sələfi islamçı və ekstremistlərin hakimiyyətə gəlməsi perspektivindən çox narahat idi, çünki bu, Qafqaz və Mərkəzi Asiyanın sabitliyinə və təhlükəsizliyinə mənfi təsir göstərə bilərdi[10, s. 12]. Hesabatlar on iki min əcnəbi döyüşçünün Suriyanın daxili müharibələrində iştirak etdiyini göstərir. Qeyri-ərəblər arasında əksəriyyəti çeçen müsəlmanlar təşkil edir[4]. Liviyanın “Əl-Manar” televiziya kanalının məlumatına görə, Səudiyyə Ərəbistanı və Misir vətəndaşlarından sonra qafqazlılar Suriyada həlak olanlar arasında sayca üçüncü yeri tutur.
Corc Vaşinqton Universitetinin Mərkəzi Asiya proqramının direktoru Merilin Lervill hesab edir ki, Qafqaz və Orta Asiya gələcəkdə qarışıqlıq mərkəzinə çevrilə bilər. Sələfi qrupların Əfqanıstan, İraq və Suriyadakı şiddətli qarşıdurmalarda iştirak etdikdən sonra öz ölkələrinə qayıtması Orta Asiya və Qafqazda gərginliyin artmasına səbəb ola bilərdi. Buna görə də Əsəd hökumətinə geniş siyasi və hərbi dəstək verən Rusiya rəhbərliyi dini ekstremistlərin hakimiyyətə gəlməsinin qarşısını almağa çalışmışlar. Suriya böhranında Tehran Rusiyanın bölgədəki yeganə müttəfiqi olmuşdur.
Nəhayət, Tehran və Moskva Qərbin Yaxın Şərqdəki son hadisələrə ikili yanaşmasından narazıdır. Bəhreyndə və Səudiyyə Ərəbistanında insan haqları ilə bağlı Qərbin narahatlıq ifadə etməməsi, Suriyanın diqqət mərkəzində saxlanması vurğulanır. Deməli, əslində, Qərbin Suriya rejimi ilə mübarizədə məqsədi heç də insan hüquqlarının müdafisəi deyil, Rusiyanın Yaxın Şərqdəki mövcudluğunu azaltmaq və İranı zəiflətməkdir.
Lakin Tehran və Moskvanın Yaxın Şərqdəki dəyişikliklər ilə bağlı ortaq mövqeyinin əksinə olaraq, Fələstin məsələsində İran və Rusiyanın baxışları bir-birindən uzaqdır. Rusiya Yaxın Şərqdə sülh prosesi üzrə dördlüyün üzvü kimi İsrail və Fələstin arasında sülh yaratmaq cəhdlərini dəstəkləyir. İran İslam Respublikası isə İsrail və Fələstin arasındakı sülh prosesini ədalətsiz hesab edir və xarici siyasətinin prinsipləri əsasında İsraillə barışmaz qarşıdurma mövqeyi tutur. Əksinə, Rusiya hökuməti xarici siyasətinin çoxşaxəli məqsədlərini nəzərə alaraq İsrail və İranla eyni zamanda diplomatik və iqtisadi əlaqələri davam etdirməyə və bu ölkələrin hər birindəki maraqlarını təmin etməyə çalışır.
Beləliklə, son illər ərzində İraqdakı Şiə hökumətinin hakimiyyətə gəlməsi ilə İranın Yaxın Şərqdə nüfuzunun güclənməsi, Fələstin seçkilərində anti-İsrail qrupu “Həmas”ın qələbəsi, Rusiyanın. “Həmas” və İranın əsas müttəfiqi olan “Hizbullah” təşkilatlarını antiterror qrupları kimi qəbul etməsi, habelə hər iki ölkənin ABŞ-ın Yaxın Şərqdəki təsirinə qarşı çıxması Moskva ilə Tehran arasında bölgədə fəal yaxınlaşma üçün zəmin hazırlamışdır.
İranın Fars körfəzindəki strateji mövqeyi, ticarət tərəfdaşı kimi əhəmiyyəti, Mərkəzi Asiya və Qafqazdakı tarixi təsiri Moskvanın diqqətini çəkir. Bundan əlavə, Rusiya İranla münasibətlərini ABŞ-dan müstəqilliyin simvolu kimi qiymətləndirir. Əksinə, ABŞ-ın Tehranı təcrid etmək cəhdlərinə müqavimət göstərmək üçün İranın Rusiyadan siyasi dəstəyə ehtiyacı var. Bundan əlavə, İran Rusiyanın Yaxın Şərqdə “dini ekstremizmə qarşı mübarizə” məsələsində təbii müttəfiqidir.
İranın Yaxın Şərqdəki sülh prosesi ilə bağlı mövqeyi Amerika Birləşmiş Ştatlarının İrana qarşı düşmənçiliyinin əsas səbəblərindən biridir. İran İslam Respublikası Yaxın Şərqdə və hətta dünyada İsrailin ən ciddi düşməninə çevrilmişdir. ABŞ-ın dəstəyi ilə İranı zəiflətməyə və təcrid etməyə çalışır.
Lakin İran İslam Respublikası ilə İsrail arasındakı kəskin qarşıdurmaya baxmayaraq, Rusiyanın İsraillə münasibətləri inkişaf etməkdə davam edir. Sovet İttifaqının dağılmasından sonra mütəxəssis və elmi işçi olan yüz minlərlə yəhudinin İsrailə mühacirəti iki ölkə arasındakı münasibətləri tamamilə dəyişdirdi. İsraildə bir milyondan çox rusun olması MDB respublikalarından kənarda ən böyük etnik rus icması formalaşdırdı. Bu köçün nəticələrindən biri də Rusiya ilə İsrail arasında siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafı və Yaxın Şərqdəki sülh prosesinə güclü dəstək oldu.
İsraildə rusiyalı mühacirlərin rəhbərliyi altında iki ölkə arasında iqtisadi və ticarət arenasında əlaqələri sürətləndirən nəhəng şirkətlər şəbəkəsi mövcuddur. Rusiya da öz sənayesini modernləşdirmək üçün İsrail texnologiyalarını əldə etməkdə maraqlıdır. İki ölkə arasında hərbi-texniki əməkdaşlıq haqqında ilk saziş 1995-ci ildə imzalanıb. İki ölkə terrorizmə qarşı mübarizədə də əməkdaşlıq edir. Mədəni və sosial münasibətlərdə də əhəmiyyətli irəliləyiş əldə olunmuşdur. Son onilliklərdə İsrail ruslar üçün populyar turizm mərkəzinə çevrilmişdir. Rusiyalı turistlər İsraildə amerikalılardan sonra ikinci yerdədir. Hər il İsraili 500 minə yaxın rus turist ziyarət edir. 2008-ci ildə iki ölkə arasında viza rejiminin ləğvi də bu prosesə kömək etmişdir. İsrail hökuməti də Rusiya ilə əlaqələrin inkişafında maraqlıdır. İsrailin məqsədi Rusiyaya mal ixrac etmək və ölkənin neft-qaz ehtiyatlarına çıxış əldə etməkdir. İsrail Rusiyanın Yaxın Şərqdəki siyasi təsirindən müəyyən qrupların və hökumətlərin özünə qarşı düşmənçiliyini azalt­maq üçün istifadə etməyə çalışır. Lakin İsrail hökuməti hər zaman Moskva ilə Tehran arasındakı strateji əməkdaşlığa qarşı çıxır. İsrail rəsmilərinə görə, İran Rusiyanın dəstəyi ilə hərbi və nüvə sənayesində bölgədə əhəmiyyətli gücə çevrilmişdir və Livandakı Hizbullah və Fələstindəki Həmas kimi anti-İsrail qruplarına maliyyə və hərbi dəstək verir. İsrail İranın nüvə silahına və ballistik raketlərə çıxışı olduğu təqdirdə öz milli təhlükəsizliyi üçün ən ciddi təhdidə çevriləcəyinə əmindir. Bu səbəbdən İran ilə Rusiya arasında nüvə və hərbi əməkdaşlıq məsələsi daim İsrailin Rusiya ilə apardığı danışıqların gündəmindədir[6].
Professor A.A. Kornilovun fikrincə, “İsrailin təhlükəsizliyinə təhdidlərə iki əsas yanaşma - hərbi və siyasi-diplomatik yanaşmalar fərqləndirilməlidir. Birinci yanaşmaya görə, təhlükə fələstinlilərlə qarşıdurmadan deyil, kütləvi qırğın silahları əldə etmək üçün hər cür səy göstərən regional rejimlərdən qaynaqlanır...”[3, s.75].
Son otuz ildə İsrail Rusiya ilə İran arasındakı münasibətləri pozmaq üçün müxtəlif vasitələrdən istifadə etmişdir:
- Moskva-Tehran münasibətlərinə təsir göstərmək üçün Rusiya ilə ikitərəfli əməkdaşlığın inkişafı;
- bölgədə və dünyada ictimai rəyə təsir göstərmək üçün İran və Rusiya arasında əməkdaşlığa qarşı psixoloji müharibə;
- Rusiya ilə İran arasında hərbi əməkdaşlığın şişirdilməsi;
- Mərkəzi Asiya və Qafqaz ölkələrində siyasi İslamın təbliği məsələsində İran təhlükəsinin vurğulanması. İsrail Mərkəzi Asiyada və Qafqazdakı fəal oyunçulardan biridir və bu regionların ölkələri ilə yaxşı əlaqələrə malikdir. Siyasi islam təhlükəsindən bu ölkələrin İranla münasibətlərinə təsir aləti kimi istifadə daim İsrailin gündəmindədir. Bu təbliğatın məqsədi həmin ölkələrin İranla əməkdaşlığının məhdudlaşdırılmasıdır;
-beynəlxalq aləmdə İsrailpərəst lobbinin Rusiyanın xarici siyasətinə təzyiqi. Bu sahədə İsrail Konqresdəki və ABŞ Milli Təhlükəsizlik Şurasındakı güclü lobbisindən istifadə edərək Rusiyaya bu ölkənin İranla işbirliyini azaltmaq məqsədilə təzyiq göstərir;
- Türkiyənin Mərkəzi Asiya və Qafqazdakı nüfuzunun gücləndirilməsinə kömək. İsrailin Türkiyənin bölgədəki nüfuzunu genişləndirməsinə verdiyi dəstək, Türkiyə ilə İsrail arasındakı hərbi, iqtisadi və təhlükəsizlik sahəsindəki əməkdaşlığa paralel olaraq türkdilli ölkələr qurşağını formalaşdıra bilər. Şərqi Sibirə. Bu siyasətin nəticəsi Rusiyanın Yaxın Şərq və İran da daxil olmaqla Cənubla münasibətlərini məhdudlaşdırmaqdır.
Beləliklə, İsrail Tehranla Moskva arasındakı münasibətlərə ABŞ ilə müqayisədə daha az dağıdıcı təsir göstərsə də, Rusiya bəzi hallarda, məsələn, İranla nüvə əməkdaşlığında İsrail rəhbərliyinin tələblərinə əhəmiyyət vermirlər. Eyni zamanda, ötən illər ərzində Rusiya ABŞ və İsrailin təzyiqləri üzündən İrana qabaqcıl silah satmamışdır. Rusiyanın iqtisadi, bank sistemində və ticarət şirkətlərində yəhudi səhmdarların və investorların olması da Moskva ilə Tehran arasındakı iqtisadi münasibətlərin azalmasının səbəblərindən biridir.

Açar sözlər: İran, Rusiya, Yaxın Şərq, münasibətlər, maraqlar.

ƏDƏBİYYAT SİYAHISI
1. Бехештипур, X. Сравнительное сопоставление политики Ирана и России по отношению к Сирии / 2012, URL.: http:// www. mardomsalari. com/template1/
2. Киани, Д.Политика России на Среднем Востоке: Оси и мотивации / Д. Киани // Тегеран: Центр стратегических исследований Ирана, 2008. URL:http://www.csr.ir/departments.aspx?lng=en&abtid=06&&depid=44& semid=1089.
3. Корнилов А. А. Безопасность превыше всего: концепции внешней политики и национальной безопасности Государства Израиль /А. А. Корнилов // Н. Новгород: ННГУ имени Н. И. Лобачевского. – 2005.
4. Barrett, R. Foreign Fighters in Syria /R. Barrett //2014. URL:http://soufangroup.com/wp-content/ uploads/ 2014/06/TSG-Foreign-Fighters-in-Syria.pdf.
5. Bourtman,I. Putin and Russia's Middle Eastern Policy / Journal of MERIA. http://www. rubincenter. org/ meria/ articles/ 2006/june/putin-and-russias-middle-eastern-policy.pdf.
6. Lukyanov, F. Russia's Israel Policies / Al-Monitor. 26 January 2013.- URL: http://eng.globalaffairs.ru/redcol/Russias-Israel-Policies-15840.
7. Rivlin, P. The Russian Economy and arms exports to Middle East / P. Rivlin// the Jaffee Center for Strategic Studies (JCSS), Memorandum, 2005. – №79. – p. 34.
8. Trenin, D. Russia Redefines itself and its Relation with West. - Op. cit, p. 102.
9. Trenin, D. Russia's Middle East Gambit / D. Trenin // Carnegie Moscow Center. – 30 May 2013. URL: http://carnegie.ru/2013/05/30/russia-s-middle-east-gambit
10. Trenin, D. The Mythical Alliance: Russia's Syria Policy / Washington D.C. Carnegie Endowment for International peace. – February 2013.

Роль ближневосточного региона
в ирано-российских отношениях

Резюме
В статье рассматривается роль региона Ближнего Востока в современных ирано-российских отношениях. Автор дает краткий анализ влияния развития событий на Ближнем Востоке на ирано-российские отношения. Особое внимание уделяется изменениям в ирано-российских отношениях под влиянием этого фактора в последние десятилетия.

Ключевые слова: Иран, Россия, Ближний Восток, отношения, интересы.

The role of the Middle East region in
Iranian-Russian relations

Summary
The article examines the role of the Middle East region in modern Iranian-Russian relations. The author provides a brief analysis of the impact of developments in the Middle East on Iranian-Russian relations. Particular attention is paid to the changes in Iranian-Russian relations under the influence of this factor in recent decades.

Key words: Iran, Russia, the Middle East, relations, interests.