Gürcüstan azərbaycanlıları İranın ideoloji siyasətinin maraq obyekti kimi: potensial təhdidlər haqqında

Post image

Eldar Əmirov
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
(Azərbaycan Dillər Universiteti)

E-mail: [email protected]

Giriş
Gürcüstan Cənubi Qafqazın ən çox müsəlman əhalisi olan yeganə xristian dövlətidir. Bu ölkənin İslam dininə etiqad edən vətəndaşlarının əhəmiyyətli hissəsini isə etnik azərbaycanlılar təşkil edir. 2021-ci ilə aid statistik məlumatlara əsasən Gürcüstanda yaşayan etnik əhalinin sayı 440 min nəfərə yaxındır və onlar əsasən Kvemo-Kartli (Borcalı) regionunda məskunlaşıblar. [3].
Etnik azərbaycanlılar amili Gürcüstanın qonşularla, xüsusilə də Azərbaycan Respublikası və Türkiyə ilə münasibətlərində mühüm, stabilləşdirici və əlaqələndirici rol oynayır. Lakin regionun bir başqa müsəlman dövləti də var ki, Gürcüstanın azərbaycanlı icması onun üçün ideoloji və sosial təsir aləti kimi ciddi maraq obyektidir. Söhbət İran İslam Respublikasından gedir.
İranın Gürcüstanda yaşayan soydaşlarımız arasında öz təsir imkanlarını genişləndirmək istəyi bir neçə mühüm amillə şərtlənir. Həmin amillərin ən birincisi heç şübhəsiz ki, məzhəbçilik zəminində Azərbaycana dolayısı ilə təsir göstərmək gücündə olan effektiv sosial dayaq yaratmaq cəhdlərilə bağlıdır. Sirr deyil ki, Gürcüstan azərbaycanlıları Azərbaycan Respublikası ilə sıx iqtisadi, sosial-mədəni əlaqələrə malikdirlər. Onların bir qismi isə hətta Azərbaycanda yaşayıb fəaliyyət göstərirlər. Aydın məsələdir ki, İranın radikal məzhəb təbliğatının obyektinə çevrilən soydaşlarımızın bir qisminin zamanla Azərbaycana qarşı Tehranın təsir agentlərinə çevrilməsi ehtimalı çox yüksəkdir. İranın Yaxın və Orta Şərqin şiələr yaşayan regionlarında həyata keçirdikləri bu mənada əyani nümunə hesab oluna bilər.

1. Gürcüstan azərbaycanlılarını İranın maraq obyektibə çevirən amillər hansılardır?
Zaman-zaman istər Azərbaycan, istərsə də Gürcüstan mətbuatında İranın Kvemo-Kartli regionundakı ardıcıl məzhəb təbliğatına dair işıq üzü görmüş ayrı-ayrı yazılar potensial təhlükələr haqqında düşünmək üçün maraqlı materiallar verir. Məsələn, hələ 2005-ci ildə Gürcüstan İctimai Televiziyasının əslən azərbaycanlı olan müxbiri Ramilə Əliyeva “Sülh və demokratiya İnstitutunun” saytında dərc etdiyi yazısında iranlı missionerlərin Kvamo-Kartli bölgəsində ciddi şəkildə Xomeyni ideyalarını, həmçinin şiəliyi təbliğ etməsi haqqında öz narahatlığını bölüşmüşdü. Həmin yazıda müəllif diqqəti bir neçə mühüm məqama yönəltmişdi. Onların birincisi iranlı missionerlərin azərbaycanlılar arasında məzhəbçilik zəminində fəaliyyət göstərmələri, əsl məqsədin İslam ideallarını deyil, Tehranın maraqlarını yaymaqla məşğul olmaları idi. İkinci diqqət çəkən məsələ iranlı missionerlərin öz fəaliyyətlərini təşkilatlandırmaq istiqamətində apardıqları işlə bağlı idi. O, göstərirdi ki, İranın birbaşa dəstəyilə Gürcüstanda “Əhli-Beyt”, “Əlül-Beyt”, “Ali-hikmət” dini cəmiyyətləri yaradılmış və onlar qısa zamanda etnik azərbaycanlılar arasında ciddi təbliğat şəbəkəsi formalaşdırmağa nail olmuşlar [1].
Qeyd etmək lazımdır ki, oxşar məzmunlu yazılar sonrakı dövrlərdə Azərbaycan mətbuatında da dərc edilməyə başladı. Həmin yazılardan İranın bəzən açıq, bəzən isə dolayı yollarla həqiqətən də Gürcüstan azərbaycanlılarını öz ideoloji və siyasi təsir dairəsinə daxil etmək üçün addımlar atdığını sezmək mümkündür. İranın Gürcüstandakı səfirlərinin ara-sıra Qardabani və Marneuli rayonlarına vaxtaşırı səfərlərini buna misal göstərmək olar. Məsələn, hətta 2009-cu ildə o zaman İranın Gürcüstandakı səfiri olmuş Müctəba Dəmirçi azərbaycanlıların sıx yaşadıqları rayonlara səfər etmiş, “Əhli-Beyt” cəmiyyətinin çətiri altında fəaliyyət göstərən fəal aktivistlərlə görüş keçirmiş və İranın azərbaycanlı dindarların problemlərinin həlli üçün əlindən gələni əsirgəməyəcəyini söz vermişdi. [4].
Gürcüstanda Azərbaycan səfirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin mövcud olduğu halda İranın Borcalı bölgəsində dini məsələlərin həllində canfəşanlıq göstərməsi o qədər də anlaşılan deyil. 2019-cu ilin 27 aprelində Azərbaycanın xəbər saytlarının birində nəşr edilmiş məqalədə isə göstərilirdi ki, uzun illər Gürcüstan azərbaycanlıları arasında ümumiyyətlə məzhəb zəminində hər hansı ixtilaflar müşahidə olunmayıb. Lakin bölgədə İran missionerlərinin öz fəaliyyətlərini təşkilatlandırmasından sonra soydaşlarımız arasında məzhəb ayrıseçkiliyi açıq və xoşagəlməz hal alıb. İran SSRİ-nin süqutundan sonra yaranmış boşluqdan istifadə edərək azərbaycanlıların kompakt yaşadıqları ərazilərdə məscid və mədrəsə tikintisində xeyli fəallıq nümayiş etdirib, həmçinin dini məzmunlu nəşrlərin kütləvi çapı istiqamətində də ardıcıl iş aparıb. Bu isə iranlı missionerlərə təbliğat işində ciddi üstünlüklər yaradır. Yazı müəllifinin fikrincə İranın sözügedən ərazilərdəki ideoloji təsir gücünü anlamaq üçün hər il keçirilən Aşura mərasimlərində müşahidə edilən izdiha­ma diqqət yetirmək kifayətdir. 2011-ci ildən Gürcüstan hökuməti tərəfindən “Gürcüstan müsəlmanları şurasının” yaranmasından və regiondakı dini məsələlərin Qafqaz müsəlmaları idarəsinin tabeliyindən çıxmasından sonra iranlı missionerlərin bu ölkədəki maneəsiz fəaliyyəti qarşısında ümumiyyətlə heç bir məhdudiyyət qalmayıb. [6].
Tehranın Gürcüstan azərbaycanlılarını ciddi maraq obyektlərindən biri qismində seçməsini şərtləndirən digər mühüm bir səbəb isə heç şübhəsiz ki, Gürcüstanın aktiv şəkildə yürütdüyü Qərbyönümlü xarici siyasətlə bağlıdır. Gürcüstanın Avropa İttifaqı və NATO ilə sıx əməkdaşlığından İranın ciddi şəkildə narahat olduğunu deməyə ehtiyac yoxdur. Çünki, Gürcüstanın ardıcıl şəkildə Qərbin hərbi və siyasi strukturlarına inteqrasiya etməsi İranın Cənubi Qafqazdakı onsuz da kövrək mövqelərinin itirilməsi deməkdir. Doğrudur, zahirən İran və Gürcüstan münasibətləri indiyədək sabit məcrada cərəyan edib, tərəflərdən bir digərilə hər hansı uzunmüddətli ciddi zidiyyət yaşamayıb. Məlum olduğu kimi, 2011-ci ildən etibarən iki ölkə arasında qısamüddətli səfərlər üçün viza tələbi aradan qaldırılıb. Həmçinin sözügedən vaxtdan etibarən Tehranla Tbilisi arasında birbaşa aviaəlaqə yaradıldı. Hətta 2006-cı ildə Rusiya ilə Gürcüstan arasında yaranmış siyasi gərginlik nəticəsində Moskvanın bu ölkəyə qaz təchizatını dayandırdığı zaman, Tbilisinin yaranmış böhranlı vəziyyətdən çıxmasında Azərbaycanın dəstəyilə yanaşı, İranın da yardımı mühüm rol oynamışdı. [2, s. 26].
Yeganə istisna qismində 2008-ci ildə tərəflər arasında baş vermiş insidenti göstərmək olar. Həmin vaxt ABŞ-ın tələbilə Gürcüstan tərəfindən saxlanılan və fırıldaqçılıqda ittiham edilən İran vətəndaşı Vaşinqtona təhvil verilmişdi. Baş verən hadisə nəticəsində tərəflər arasında müvəqqəti soyuqluq yaransa da, bir müddət sonra təmaslar tədricən bərpa edildi. [2, s. 28].
Gürcüstanla İran arasında mövcud olan sabit münasibətlərə baxmayaraq, Tehranda yaxşı başa düşürlər ki, Tbilisin qəti və məqsədyönlü Qərb siyasəti bu ölkəni zamanla NATO-nun, ABŞ-ın Cənubi Qafqazdakı istinad, dayaq nöqtələrindən birinə çevirəcəkdir. Bu zaman İran Gürcüstanda Qərbyönlü siyasətə qarşı effektiv müqavimət resurslarından biri kimi etnik azərbaycanlıları işə sala bilər. Belə ki, illərlə İranın ideoloji təbliğatı nəticəsində formalaşmış mühafizəkar şiələr həqiqətən də Qərb üçün ciddi başağrısına çevrilə bilərlər. İstisna deyil ki, İran bu gizli silahı nə zamansa mütləq işə salmağa çalışacaq. Doğrudur, hələlik Gürcüstan hakimiyyəti İranın Borcalı bölgəsindəki fəallığına göz yummağa üstünlük verir və böyük ehtimalla belə hesab edir ki, Tehranın təsirinin artması bölgədəki etnik azərbaycanlıların Azərbaycanın təsirindən uzaqlaşmasında müsbət rol oynayacaq. Sirr deyil ki, Gürcüstandakı bəzi millətçi dairələr Borcalıda yaşayan etnik azərbaycanlıları gürcü dövlətçiliyinə qarşı potensial təhlükə mənbəyi kimi nəzərdən keçirir, bu bölgənin sosial-iqtisadi cəhətdən geri qalmasında maraqlı görünürlər. Ancaq bu yanaşma olduqca yanlışdır. Bunun əvəzində gürcü millətçiləri İranın Yaxın və Orta Şərqdə şiələr yaşayan bölgələrindəki son 40 ildəki fəaliyyətinin nəticələrini təhlil edib, lazımi nəticələr çıxarsalar Gürcüstan dövlətçiliyi üçün daha faydalı iş görmüş olarlar.
Nəhayət, Tehranın Gürcüstandakı aktiv fəaliyyətini şərtləndirən digər amil isə son zamanlar xeyli sayda İran vətəndaşının yaşamaq və biznes fəaliyyəti üçün bu ölkəyə üz tutmasıdır. 2018-ci ilin statistik göstəricilərinə əsasən Gürcüstana müvəqqəti yaşamaq və işləmək icazəsi üçün müraciət edənlərin 87%-ni məhz İran vətəndaşları təşkil etmişdir. [5].
Aydın məsələdir ki, belə bir şəraitdə zamanla Gürcüstanda zəngin və çoxsaylı İran diasporunun yaranması qaçılmazdır. Bu isə davamlı olaraq Qərbə inteqrasiya edən Gürcüstanda Avropa və ABŞ-ın mümkün təsiri altına düşə biləcək böyük bir kütlə deməkdir. Gürcüstandakı iranlıların zamanla Tehrana qarşı potensial müxalif qüvvəyə çevrilməsinin qarşısını almaq, onlara nəzarət edə bilmək üçün İranın bu ölkədə mütəşəkkil sosial dayağa malik olmaq ehtiyacı çox böyükdür. Bu mənada İran hakimiyyəti məzhəb və din mənafelərinin qorunması adı altında rahatlıqla Gürcüstandakı soydaşlarımızı cəsusluq fəaliyyətinə cəlb etmək imkanlarına sahibdir.

2. İranın Borcalı bölgəsindəki fəaliyyəti üçün münbit şərait yaradan amillər hansılardır?
Tehrandan gələn missionerlərin Gürcüstan azərbaycanlıları qısa zaman kəsiyində belə cid­di təsir imkanları qazanması, təşkilatlanma fəaliyyəti həyata keçirməsi heç şübhəsiz ki, bu ölkədə mövcud olan münbit ictimai-siyasi və iqtisadi mühitlə bağlı idi. SSRİ-nin süqutundan sonra ciddi iqtisadi çətinliklərlə üzləşən Gürcüstan xaricdən gələn sərmayələrin, yatırımların ölkədə qalmasında maraqlı idi. İranlı missionerlərin birinci dalğası isə Borcalıya məhz sahibkarlıq pərdəsi altında gəlmişdi və humanitar yardım adı altında etnik azərbaycanlıları müxtəlif fəaliyyət sahələrinə cəlb etmişdi. Gürcüstan azərbaycanlılarının kompakt yaşadıqları Borcalı bölgəsi də sözügedən dövrdə ölkənin sosial-iqtisadi cəhətdən ən geridə qalmış bölgələrindən hesab olunurdu. İranlıların gətirdikləri kiçik sərmayələr, sahibkarlıq fəaliyyəti, həmçinin gənclərin pulsuz şəkildə İranın dini universitetlərinə ali təhsil üçün yola salınması yerli əhali arasında Tehrana olan rəğbəti əhəmiyyətli dərəcədə gücləndirmiş oldu. Gürcüstan hakimiyyətinin etnik azərbaycanlılara münasibətdə bir çox hallarda qeyri-səmimi mövqe tutması, onların sosial problemlərinə laqeyd yanaşması, azərbaycanlılara öz ana dillərində təhsil almağa müxtəlif süni maneələr yaratması əslində, ilk növbədə İranın lehinə işləyən amillər idi. Ötən əsrin 90-cı illərində Azərbaycanın Ermənistanın təcavüzü nəticəsində müharibə şəraitilə üzləşməsi rəsmi Bakının Borcalıdakı soydaşlarımızın problemlərinə zəruri diqqət yetirməsinə əngəl törətdi. Onu da təəssüflə qeyd etmək lazımdır ki, göstərilən dövrdə Türkiyə tərəfindən də Borcalı bölgəsinin iqtisadi və mədəni yüksəlişi üçün zəruri diqqət göstərilməmişdir. Təəssüf ki, bu boşluqdan 90-cı illərdən etibarən İran məharətlə bəhrələnmiş, Gürcüstan azərbaycanlıları arasında özünə sosial dayaq yaratmağa müvəffəq olmuşdur və Tehranın bu təsiri məzhəbçilik zəmininə söykəndiyindən milli irsin unutdurulmasına xidmət edir.
İranın Borcalı bölgəsində apardığı bu yadlaşma siyasətinə müdaxilə etməyə, onun qarşısını almağı hal-hazırda həm Azərbaycanın, həm də Türkiyənin kifayət qədər geniş imkanları var. Belə bir siyasətin ardıcıl şəkildə və qətiyyətlə icrası üçün beynəlxalq siyasi şəraitin də kifayət qədər əlverişli olduğu nəzərdən qaçmamalıdır. ABŞ-ın və Avropa İttifaqı ölkələrinin İrana münasibətdəki siyasətini bir qədər də sərtləşdirməsi heç şübhəsiz ki, Gürcüstan tərəfindən nəzərə alınmaya bilməz. Qərbə doğru can atan Tiflisin öz ərazisində İrana bağlı olan təsir qruplarının fəaliyyətinə gələcəkdə də belə rahatlıqla göz yumması mümkün olmayacaq.

3. İranın Gürcüstan azərbaycanlıları arasında ciddi təsir imkanları Azərbaycan üçün hansı təhdidlər doğura bilər?
İndiki siyasi şəraitdə İranın Gürcüstan azərbaycanlıları vasitəsilə Azərbaycanı hər hansı formada birbaşa təhdid etməsi ehtimalı yüksək deyil. Ancaq dolayısı yolla belə təhdidlərin meydana çıxması mümkündür və onlar Azərbaycan tərəfindən mütləq nəzərə alınmalıdır. Həmin təhdidlərdən birincisi terror və cəsusluq fəaliyyətilə bağlıdır. 2009-cu ilin aprelində ADNA-da Gürcüstan vətəndaşı, Marneuli sakini Fərda Qədirovun həyata keçirdiyi qətliyam dərs çıxarılmalı, bənzər hadisələrin törədilməməsi üçün bütün qabaqlayıcı addımlar atılmalıdır. Həmin hadisə ilə bağlı aparılan istintaq 13 nəfərin həyatına son qoymuş Fərda Qədirovun xarici xüsusi xidmət orqanları ilə bağlılığına işarə edən ciddi dəlillərin olduğunu aşkara çıxarmışdı. [7].
İranın Gürcüstanda yaşayan soydaşlarımızı cəlb edə biləcəyi potensial anti-Azərbaycan fəaliyyətinin istiqamətlərindən biri də ölkəmizə qarşı cəsusluq fəaliyyətinin təşkili ilə bağlı ola bilər. Gürcüstan azərbaycanlılarının ölkəmizlə geniş əlaqələrə malik olduğunu, bəzilərinin isə ölkəmizdə davamlı əsasda yaşayıb fəaliyyət göstərdiyini nəzərə alaraq bu ehtimal daim öz ciddiliyini qoruyub saxlayacaqdır. Gürcüstanda azərbaycanlıların işsizlik probleminin, həmçinin sosial-iqtisadi çətinliklərinin hələ də həllini tapmayan problemlər olduğunu nəzərə alsaq, xarici qüvvələrin bölgəyə təsir etməsi imkanları yüksəkdir. Məsələn, 2019-cu ildə Gürcüstan azərbaycanlıları arasında aparılmış sorğunun nəticələrindən belə məlum olmuşdur ki, soydaşlarımızın 68%-i özünü işsiz hesab edir, ciddi maliyyə çətinliklərilə üzləşdiklərini gizlətmirdilər.[8].
Bu gün də vəziyyətin əhəmiyyətli dərəcədə dəyişdiyini demək çətindir. Ona görə də Azərbaycanın təhlükəsizliyinə cavabdeh olan qurumlar bu riskləri mütləq hesablamalıdırlar. Sözügedən problemi ölkəmizin lehinə tez bir zamanda və effektiv həll etməyin yollarından biri də Gürcüstana investisiyalar yatıran Azərbaycan şirkətlərinin soydaşlarımızın işlə təminatında aktivlik göstərməsilə bağlı ola bilər. Bu, xüsusilə neft və turizm sahələrində ciddi nəticələr verə bilər.
Bir məsələni də unutmaq lazım deyil ki, Borcalı bölgəsi Azərbaycanın dövlət sərhədlərinin yaxınlığında yerləşir və bu ərazidən ölkəmizin iqtisadiyyatı üçün strateji əhəmiyyətə malik
bir çox kommunikasiyalar keçir. Həmin kommuni­kasiyaların təhlükəsizliyi də mümkün risklərdən biri kimi daim diqqət mərkəzində saxlanılmalıdır.

Nəticə
Göstərilən faktlardan və onların təhlilindən belə bir qənaətə gəlmək olar ki, İranın Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı ərazilərdə nüfuz imkanlarını genişləndirməsi, həmçinin aktiv məzhəbçilik fəaliyyəti hesabına ona loyal olan sosial dayaqlar yaratması Azərbaycan dövlətçiliyi üçün müəyyən təhdidlər törətmək potensialına malikdir. Bu təhdidlərin qarşısının alınması üçün Azərbaycan iqtisadi, sosial-mədəni və bəzən hətta siyasi təsir vasitələrindən istifadə etməlidir. Gürcüstandakı soydaşlarımızın Tehrana deyil, məhz Bakıya bağlı olması üçün onların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, mədəni hüquqlarının qorunması üçün planlı fəaliyyətin həyata keçirilməsi, konkret strategiyanın işlənib-hazırlanması qaçılmazdır. İranın başlıca təsir aləti kimi geniş istifadə etdiyi dini maarifçilik və dini təhsil istiqamətlərində də əsaslı qabaqlayıcı tədbirlərin görülməsi zəruridir. Məsələn, Azərbaycanda fəaliyyət göstərən İlahiyyat İnstitutu tərəfindən Gürcüstanda yaşayan soydaşlarımız üçün müvafiq təqaüd proqramlarının tətbiqi, ruhanilər üçün Azərbaycanda müəyyən kursların təşkili və həvəsləndirici maddi dəstəyin verilməsi faydalı ola bilər.
Açar sözlər: İran, Gürcüstan azərbaycanlıları, ideo­loji təsir, təhdidlər, Qərbə inteqrasiya, məzhəbçilik.

Ədəbiyyat siyahısı
1. Алиева Р. Грузия: деятельность иранских миссионеров вызывает опасения // https://iwpr.net/ru/global-voices/gruziya-deyatelnost-iranskikh-missionerov-vyzyvaet-opaseniya
2. Шляпентох Д. Заигрывание Грузии с Ираном и его возможные геополитические следствия // «Кавказ и глобализация». Т.6, Выпуск №3 (2012)
3. APA Informasiya Agentliyi. 29/04/2021 - https://apa.az/ru/xeber/novosti-evropi/Obuyavlena-chislennost-azerbajdzhancev-v-Gruzii-444601
4. APA Informasiya Agentliyi. 11/06/2009 - https://apa.az/az/xeber/xarici-siyaset/-156787
5. Eurasianet İnformasiya Agentliyi // 28/01/2020 - https:// russian.eurasianet.org/иранцы-находят-прибежище-в-грузии-правда-не-всегда-приветливое
6. “Gülüstan” İnformasiya saytı, 27.04. 2019// https://gulustan.info/2019/04/27/
7. Lent.az. Informasiya Agentliyi – 15/05/2009 - https://www.lent.az/xeber/siyaset/-53816
8. “Virtual Azərbaycan” İnformasiya saytı. 21/05/2019 - https://virtualaz.org/reyler/140897

Амиров Эльдар Гурбан оглы,
Доктор философии по политическим наукам, доцент
(Азербайджанский университет языков)

Азербайджанское население Грузии как объект интереса идеологической политики Ирана: о потенциальных угрозах

Резюме
В статье автором рассмотрены потенциальные угрозы, исходящие для Азербайджана от активной идеологической деятельности Ирана в регионе Квемо-Картли Грузии, где компактно проживают этническое азербайджанское население. Так, автором указывается на тот факт, что в результате лояльного отношения грузинских властей деятельности иранских миссионеров на протяжении 90-х годов прошлого века в силу определенных политических и экономических расчётов, Тегерану удалось значительно расширить свои агитационные возможности в регионе Квемо-Картли и добиться создания определенной социальной опоры среди местного населения. Прикрываясь идеями шиизма и взглядами Хомейни тегеранские миссионеры на самом деле распространяют среди азербайджанцев Грузии влияние Ирана и добившись определенной лояльности получат возможности для дальнейшего воздействия на Азербайджан посредством этнических азербайджанцев, проживающих здесь. Это воздействие может иметь самые различные проявления – начиная от создания агентурной сети из азербайджанцев Грузии, имеющих тесные контакты с Азербайджаном, заканчивая угрозой для стратегических для экономики Азербайджана коммуникаций, проходящих через территорию Грузию, в том числе через районы компактного проживания азербайджанцев.
Автор также указывает на социально-экономические и культурно-образовательные меры, которыми можно противостоять усилению иранского влияния среди азербайджанцев Грузии.

Ключевые слова: Иран, азербайджанцы Грузии, идеологическое влияние, угрозы, интеграция на Запад, сектантство.


Amirov Eldar Gurban oglu,
Doctor of Philosophy in Political Science, Associate Professor
(Azerbaijan University of Languages)

The Azerbaijani population of Georgia as an object of interest in Iran's ideological policy: on potential threats

Summary
In the article, the author examines the potential threats posed to Azerbaijan from the vigorous ideological activities of Iran in the Kvemo-Kartli region of Georgia, where the ethnic Azerbaijani population compactly lives. Thus, the author points out the fact that as a result of the loyal attitude of the Georgian authorities to the activities of Iranian missionaries during the 90s of the last century, due to certain political and economic calculations, Tehran managed to significantly expand its campaigning opportunities in the Kvemo-Kartli region and achieve the creation of a certain social support among the local population. Hiding behind the ideas of Shiism and the views of Khomeini, Tehran missionaries are in fact spreading Iranian influence among the Azerbaijanis of Georgia and, having achieved a certain loyalty, they will receive opportunities for further influence on Azerbaijan through the ethnic Azerbaijanis living here. This impact can have a variety of manifestations - from the creation of an agent network of Azerbaijanis in Georgia, who have close contacts with Azerbaijan, to the threat to strategic communications for the Azerbaijani economy, passing through the territory of Georgia, including through areas of compact residence of Azerbaijanis.
The author also points to the socio-economic, cultural and educational measures that can be used to counter the growing Iranian influence among the Azerbaijanis of Georgia.

Key words: Iran, Azerbaijanis of Georgia, ideological influence, threats, integration into the West, sectarianism.