İran-İraq müharibəsi (1980-1988): hərbi-siyasi və ideoloji nəticələr

Post image

Eldar Əmirov
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Dillər Universiteti

E-mail: [email protected]

 

Giriş
1979-cu ildə İranda baş vermiş İslam İnqilabından sonra bu ölkənin xarici siyasətində kardinal dəyişiklər sürətlə özünü göstərməyə başladı. Baş verən transformasiyalar təkcə İran-Qərb münasibətlərinə deyil, həmçinin də Tehranın öz qonşuları ilə əlaqələrinə də sirayət etdi. İranın ənənəvi olaraq gərgin münasibətlərdə olduğu ərəb dövlətlərindən biri də İraqdır. Hələ Pəhləvi rejimi dövründən etibarən Tehranla Bağdad arasında münasibətlər kifayət qədər gərgin olmuşdur. Əsasən ərazi mübahisələrilə müşaiyət edilən gərginliyin ideoloji təməlində isə çoxəsrlik ərəb-fars qarşıdurması dayanırdı desək, səhv etmiş olmarıq. Həmçinin İran İraq ərazisini ənənvi olaraq özünün təsir dairəsi kimi nəzərdə keçirmişdir. Bu torpaqlar Səfəvilər və Əfşarlar zamanında da bu sülalələrin Osmanlı dövlətilə davamlı olaraq hərbi münaqişədə olduğu ərazilər sırasına aid idi. [2, s. 8-18].
XX əsrdə müstəqil İran və İraq dövlətləri formalaşdıqdan sonra isə tərəflər arasındakı bütün gərginliyə baxmayaraq problemlər heç zaman açıq və uzunmüddətli müharibə müstəvisinə keçməmişdir. Belə ki, 1960-cı illərdən başlayaraq, İran və İraq arasındakı münasibətlərdə mütəmadi olaraq ərazi və su problemləri özünü biruzə verirdi. Əsas münaqişəli məsələlərdən birini Şəttul-ərəb çayının suyundan istifadə problemi təşkil edirdi. Amerikanın hərbi və siyasi dəstəyilə 1969-cu ildə şah hakimiyyəti 1937-ci ildə imzalanmış və İraqın Şəttul-ərəb çayı üzərindəki birtərəfli nəzarətini özündə ehtiva edən müqavilədən çıxdı. İki il sonra isə Hörmüz boğazının yaxınlığında yerləşən Əbu Musa, Böyük və Kiçik Tobm adaları İranın nəzarətinə keçdi. Tərəflər arasında daha bir gərginlik 1978-ci ildə yarandı. Həmin vaxt İrandakı dini dairələrin lideri, inqilabın gələcək rəhbəri Ayətullah Xomeyni şahın tələbilə İraqın Nəcəf şəhərindən çıxarıldı. Şah hakimiyyəti onu İranın ictimai-siyasi sabitliyinə təhlükə olaraq görür, İraq hakimiyyətində dərhal tədbir görülməsini tələb edirdi. İraq bu tələbin qarşısında da geri çəkilmək məcburiyyətində qaldı.

İranda İslam İnqilabı və onun İran-İraq müharibəsinin başlanmasına təsiri
Şah rejiminin devrilməsindən və İran Xomeyni ideyalarının qələbəsindən sonra Tehran İslam İnqilabının ixracı siyasətini prioritet elan etdi. İranın başlıca hədəfləri sırasında şiə icmasının çoxluq təşkil etdiyi qonşu İraq xüsusilə vacib yerə malik idi. İranın şiə təşkilatları və din xadimlərinin vasitəsilə davamlı olaraq İraqın daxili işlərinə müdaxilə etməsi, İraq hakimiyyəti tərəfindən aqressiv qarşılanmışdır. Digər tərəfdən isə, Qərb ölkələrinin təhrikilə İraq İrana münasibətdə olduqca barışmaz mövqe tutmağa başlamışdı. Hərbi tədqiqatçı M.M.Slinkinin vurğuladığı kimi Qərb ölkələrinin və İsrailin İran-İraq münasibətlərindəki gərginliyi öz lehinə daha da dərinləşdirmək istiaqamətindəki ardıcıl fəaliyyəti nəticəsində ziddiyyətlər 1980-ci ildə genişmiqyaslı müharibənin alovlanması ilə nəticələndi. [1; s.67].
Müharibə ərəfəsində İraq rəhbəri Səddam Hüseyn İranın ölkə işlərinə müdaxiləsinə cavab olaraq nümayişkəranə şəkildə Xomeyninin son iqamətgahını uçurulmasına, onun nümayəndələrini iraqdan çıxarmağı və İraq hökumətinə müxalif hesab edilən, nüfuzlu şiə alimi Məhəmməd Baqir Sədrin həbs edilməsinə göstəriş verdi. 1979-cu ilin yay ayında tərəflərin diplomatik səyləri nəticəsində münasibətlər qismən normal vəziyyətə dönsədə, həmin ilin payızında İraqda şiələrin yenidən fəallaşması gərginliyi yenidən artırdı. Bağdad bu fəallaşmanın İranın təhriki baş verdiyini bildirdi. Cavab olaraq Səddam Xomeynini tənqid edərək, İranı Bağdadın daxili işlərinə kobud müdaxilədə ittiham etdi. Həmçinin o, İrandan şah zamanında ələ keçirdiyi üç ada üzərində hakimiyyətdən əl çəkməsini və İranda yaşayan milli azlıqlarla, o cümlədən ərəblərlə yaxşı davranmağı tələb etdi. [3; s. 175-184].
Xomeyni də öz növbəsində bu ittihamları cavabsız qoymadı. Çıxışlarının birində o, Səddam Hüseyni Şah kimi özünün qeyri islami və qeyri insani simasını göstərməkdə ittiham etdi. Həmçinin o, bəyan etdi ki, Səddam müqəddəs Nəcəf elmi hövzəsinə qarşı hücuma keçmiş, C.Karterin razılığını əldə etmək üçün məzlum müsəlman xalqı ilə monqollar kimi qəddarcasına davranır. Səddam İslam alimləri ilə, ələlxüsus da Ayətullah Məhəmməd Baqir Sədr ilə Rzaxan və Məhəmmədrza Pəhləvinin alimlərlə davrandığı kimi edir. O bilməlidir ki, anti islami əməlləri ilə öz qəbrini və bəəs qeyri-qanuni və qeyri-insani qəbrini qazmışdır.
1979-cu ilin noyabr ayında Tehran Fars körfəzi hövzəsində yerləşən ərəb ölkələrində yaşayan şiə azlıqlarına hesablanmış radio təbliğatını gücləndirdi. Təbliğat əsasən ərəb ölkələrində mövcud rejimlərin tənqidi üzərində qurulmuşdu. İslam Respublikası bölgədə Tehrandakı rejiminə bənzər hakimiyyətin qurulmasına çağırış edir, şiə əhalisini mövcud iqtidara qarşı çıxmağa çağırırdı. İranın bu addımları şiə əhalisi arasında radikallığı əhəmiyyətli dərəcədə artırdı. Bunun müqabilində Körfəz ölkələrilə yanaşı, İraq da siyasi zorakılıqları artırmağa başladı. Kəskinləşən münasibətlər fonunda İraq rəsmlərinə qarşı, o cümlədən ölkənin baş nazirinin müavini Tariq Əzizə qarşı sui-qəsd həyata keçirildi. Bu hadisələrin arxasında İraqın “Hizbut-dəvət” partiyası dayanırdı. Cavab olaraq İraq hakimiyyəti ölkədə yaşayn bir qrup nüfuzlu şiə ruhanisini sürgünə göndərdi. Bəziləri isə qətlə yetirdi. Öldürülənlər arasında nüfuzlu şiə alimi Məhəmməd Baqir Sədri və onun bacısı da var idi. Öz növbəsində rəsmi Tehran İranın o zamankı baş naziri Qütbzadəyə qarşı sui-qəsdin həyata keçirilməsində İraqı ittiham etdi.
1980-cı ildə sərhəd qarşıdurmaları fonunda İran-İraq münasibətləri korlandı. Sentyabrın əvvələrində İraqın İranın iki kəndinə hücum etməsindən sonra, Səddam Hüseyn Tehrandan ərazi iddialarına son qoyulmasını tələb etdi. İranla İraq arasındakı ərazi münaqişələrini tənzimləyən 1975- ci il Əlcəzair müqaviləsinin məzmunu haqqında tərəflər arasında yenidən müzakirələr başladı. 17 sentyabrda Səddam 1975-ci il Əlcəzair müqaviləsini İran tərəfindən tanınmadığını əsas gətirərək, İraqın da bu müqaviləyə əməl etməyəcəyini bəyan etdi. İranın Səddamın bu iddiasını təkzib etməsinə baxmayaraq, 22 sentyabrda İraq təyyarələri İranın hava məkanını pozaraq, böyük şəhərləri, o cümlədən Tehranı bombardman etdilər. Digər tərəfdən də İraq İranın Xuzistan vilayətindəki neft mədənlərini ələ keçirmək istiqamətində genişmiqyaslı hücuma başladı. İraq düşünürdü ki, bu hücumlardan sonra İran onun daxili işlərinə qarışmayacaq, Fars körfəzi regionunda isə nisbi sakitlik yaranacaq. Həmçinin İran İraqla olan ərazi mübahisələrinə birdəfəlik son qoyacaq. İran ərazisində irəlilədikcə, Səddam düşünürdü ki, artıq öz hərbi məqsədlərinə nail olub. Müharibəni dayandırıb, atəşkəs elan etmək olar. Lakin hadisələr Səddam Hüseynin planlaşdırdığı kimi cərəyan etmədi. İran nəinki geri çəkilmədi, əksinə, İraq qoşunlarının işğal edilmiş ərazilərdən geri çəkilməyəcəyi ana qədər müharibəni davam etdirəcəyini bildirdi.
1981-ci ildə müharibənin ən qızğın fazası başlandı. İran həmin ilin payızında İraqı geri otuzduraraq, 1982-ci ilin mart ayından etibarən üstünlüyü aşikar şəkildə ələ aldı. Həmin ilin iyun ayında isə İraq ordusu öz sərhədlərinə doğru sıxışdırıldı. İyul ayından etibarən isə döyüşlər İraqın cənub rayonlarına keçdi.
İranda İslam İnqilabının baş verməsi və hakimiyyətə mənsub olan, Ayətullahların rəhbərlik etməsi, şiəliyin mövqelərinin güclənməsi təkcə İraq rəhbərliyini deyil, körfəzdəki digər sünni krallarını da narahat edirdi. Bu baxımdan İranın hərbi cəhətdən zəifləməsi onların hamısının maraqlarına cavab verirdi. Digər tərəfdən, İranın açıq şəkildə İslam inqilabı modelinin ixracına çalışması münasibətləri tamamilə dalana dirəyir, sülh prosesinə əngəl olurdu.
Əksəriyyəti şiələrdən ibarət olan İraq və Bəhreyn eləcə də Qatar, Dubay, Oman, Ərəbistan kimi ölkələrdə şiələrin fəallaşması, hər hansı bir inqilabın baş verəcəyi təhdidini gücləndirirdi. İranda inqilabın baş verməsi, həmçinin İran-İraq münaqişəsinin başlanması ilə Bəhreyn, Küveyt, Səudiyyə Ərəbistanı və İraq kimi ölkələrdə şiə icması əhəmiyyətli dərəcədə sıxışdırıldı, onların liderləri mühacirətə getmək məcburiyyətində qaldı. Bu cür amillər son nəticədə Körfəz ölkələrinin və ümumilikdə ərəb dünyasının İraqı açıq şəkildə dəstəkləməsilə nəticələnmişdi.
İraqın müharibənin ilk dövründə ciddi uğurlar əldə etməsinin başlıca səbəbləri kimi İran İnqilabından sonra Qərbin Tehrana hərbi yardımları dayandırmasını, neft satışına məhdiyyətlər tətbiq etməsini, əcnəbi hərbi məsləhətçilərin ölkədən getməsini, həmçinin yeni İran rəhbərliyinin islahatlara başlamasını göstərmək olar.
Bunun müqabilində İraq 1979-cu ildə hərbi büdcəsini iki milyard dollar artırmışdı. Bu səbəbdən İraq ordusu özünü körfəzin ən güclü ordusu hesab edirdi. 1980-ci ildə İranın12 milyard rezervi, İraqın isə 345 milyard dollar rezervi var idi. Bundan əlavə Səddam düşünürdü ki, Qərbdən 20-30 milyard civarında faizsiz kredit və əvəzsiz yardımlar ala biləcək. Həmçinin İraq hökuməti planlaşdırırdı ki, Xuzestan neft təsisatlarını ələ keçirməklə, İranı həyatı resurslarından məhrum edəcək. İranın bu çətin durumundan istifadə edərək İraq həm də ərazi mübahisələrini birdəfəlik həll etməyə ümid bəsləyirdi.
1980-ci ilin iyulunda İranda hərbi çeviriliş cəhdinin uğursuzluğa düçar olmasından sonra İraq və körfəzin digər ərəb ölkələri belə qənaətə gəldilər ki, xarici müdaxilə olmadan İrandakı rejimi devirmək cəhdləri əbəsdir. Bu amil 1980-1988-ci il İran-İraq müharibəsinin aktuallığına dair ərəb dünyasındakı bütün şübhələrə son qoydu və qanlı qarşıdurmanın başlanmasına sonuncu təkanı vermiş oldu.
Beləliklə də, sadalanan amilləri ümumiləşdirib deyə bilərik ki, İran-İraq müharibəsini şərtləndirən başlıca səbəblər aşağıdakılar idi:
1. İraq və körfəzin digər ərəb dövlətləri İrandakı İslam inqilabının nəticələrindən və İranın siya­si
şiəlik ideyalarını qonşu ölkələrə ixrac etməsi siyasətindən narahatlıq keçiriridi;
2. İraq Pəhləvi rejimi dövründə İranın nəzarətinə keçən ərazilərin qaytarılmasına ümid edir və Tehranın Qərblə münasibətlərinin korlanmasına əlverişli fürsət kimi baxırdı;
3. İran üzərində hərbi üstünlük əldə etməklə İraq körfəz regionunda ən güclü siyasi oyunçuya çevrilməyə ümid edirdi.
İraqın müharibə ərəfəsində münasibətlərin sabitləşdirilməsi üçün Tehrana qarşı irəli sürdüyü şərtlər də əslində Bağdadın həqiqi niyyətlərindən xəbər verirdi:
1. 1975-ci il Əlcəzair müqaviləsində Şəttul-ərəb çayı barəsində olan müddəalara yenidən baxılması
2. Kürd, bəluç və ərəb qəbilələrinə muxtariyyat hüququ verilsin.
3. Üç adadan İran hərbi qüvvələrinin çıxarılması.
Ümumilikdə hərbi ekspertlər İran-İraq müharibəsini 3 böyük mərhələyə ayırırlar- 1. 1980-1984-cü illər. 2. 1984-1984-cü illər. 3. 1987-1988-ci illər. [1; s. 161-162].

Müharibənin hərbi-siyasi və ideoloji nəticələri:
Tərəflər üçün dəyişkən uğurlarla müşayiət edilən 8 illik müharibə 1988-ci ildə hər hansı tərəfin həlledici üstünlük qazanmaması ilə başa çatdı. 20 avqust 1988-ci il tarixində tərəflər arasında əldə edilən sülh sazişi rəsmən qüvvəyə mindi.
Bölgənin iki böyük müsəlman ölkəsinin iqtisadiyyatına milyardlarla dollar həcmində zərər dəydi. Hesablamalara görə ümumilikdə müharibənin gedişində hər iki tərəfdən milyona qədər insan həlak olmuşdur. Doğrudur, müharibə nə İranda, nə də İraqda siyasi rejimlərin devrilməsinə gətirib çıxarmadı. Əksinə, Səddam Hüseyn rejimi bu müharibədən sonra daha radikallaşaraq, aqressiv xəttini davam etdirdi. 1991-cı ildə İraqın Küveytə hücumu bu xəttin bariz davamı idi. İrana gəlincə isə, bu müharibə Tehran rejimi üçün ciddi sınaq olsa da, xarici dövlətlərə güc ssenarisinin mənasızlığını göstərmiş oldu. Xomeyni və onun qurduğu sistem aldığı ciddi yaralara baxmayaraq ilk hərbi zərbədən sonra ayaqüstə dayanmağı bacardı. Bununla belə, İran-İraq müharibəsi Tehrana İslam inqilabı dəyərlərinin ixracı məsələsində daha ehtiyatlı mövqe tutmaq zərurətini başa salmış oldu. Doğrudur, sonrakı illərdə də İran bu siyasətindən əl çəkmədi, lakin artıq əvvəlkindən fərqli olaraq İraqa, eləcə də şiə icmasının yaşadığı digər körfəz ölkələrinə münasibətdə Tehran daha ehtiyatlı və uzunmüddətli vasitələrdən istifadəyə üstünülük verməyə başladı.
Bu da təsadüfi deyildi. Çünki, İranla müharibədən sonra İraqdakı şiə əhalisi ciddi təzyiqlərin və təqiblərin hədəfinə çevrildi. Sünni azlığı tərəfindən əsas fəaliyyət sahələrindən sıxışdırılan şiələr 2003-cü ilə qədər, yəni Səddam Hüseyn rejimi devrilənədək siyasi proseslərdən kənarda qaldı.
1920-ci ildən 2003-cü ildədək Amerika tərəfindən İraqda Səddam rejimi devrilənə qədər hakimiyyət əsasən sünnülərin əlində qalmışdır. Hətta 1971-1975-ci illər ərzində İraqdan xeyli sayda şiə mühacirətə getmək məcburiyyətində qalmışdır. [4; s. 19].
Suriya və İranda sürgün həyatı yaşayan şiələr öz vətənlərinə geri dönə bildilər. Səddam hakimiyyətdən devrildikdən sonra, İraq siyasi səhnəsinə kürdlər və şiələr aktiv şəkildə daxil olmağa başladılar. 2005-ci ildə keçirilən parlament seçkisində şiələr 275 kürsüdən 140-na sahib oldular. İbrahim Cəfəri yeni dövlət qurdu. 2005-ci ildə Konstitutusiya hazırlamaq üçün təyin olunan 55 nəfərdən 28-i şiə idi. [5; s. 175].

Açar sözlər: İran-İraq müharibəsi, Səddam Hüseyn, Xomeyni, şiə əhalisi, Fars körfəzi, neft ehtiyatları.

Ədəbiyyat siyahısı
1. Слинкин М.М. Ирано-иракская война 1980-1988 гг. Симферополь, 2001.
2. Ушаков В.А. Иран и мусульманский. Москва, 1999.
3. Doktor H. İlahi. Xəlice Fars və məsaele an (Fars körfəzi və onun proplemləri). Tehran, 2011.
4. M.Parsadust. Nəqşe Sazmane Meləl der ceng İraq ve İran. Tehran, 1992.
5. Z.Müttəqizadə. Coğrafiyaye siyasi Şiəyan Məntəqeyi Xəlice Fars.Tehran 2005.

Амиров Эльдар Гурбан оглы,
Доктор философии по политическим наукам, доцент (Азербайджанский университет языков)

Ирано-иракская война (1980-1988 гг.):
военно-политические и идеологические последствия
Резюме
В статье анализируется военно-политические, а также идеологические причины и последствия ирано-иракской войны 1980-1988 годов. Особое внимание автор уделяет истоком ирано-иракского конфликта, которые начинаются еще со временем шахского режима Пехлеви и обостряются после исламской революции. В статье отмечается, что после исламской революции 1979 года в Иране, политика Тегерана по экспорту идей исламской революции привела к конфликту и противотечениям с соседними странами Персидского залива, где проживает многочисленная шиитская община. В случае с Ираком, где шииты составляют большинство населения страны, острые противоречие сторон в 1980 годы закончились крупномасштабным военным конфликтом унесшая жизни более миллиона человек.
Автор отмечает, что восьмилетняя война не принесла серьезного успеха ни одной из сторон, однако нанесла серьезный урон экономики Ирана и Ирака. Правда, по завершению конфликта Ирану пришлось серьезно подкорректировать свою политику относительно Ирака и смягчить тон общения с Багдадом. А также после войны с Ираком Тегеран начал отдавать предпочтение более осторожным, косвенным методам работы с шиитским населением соседних арабских стран.
До 2003 года, то есть свержения режима Саддама Гусейна шиитское большинство в Ираке находилось под серьезным давлением властей и несмотря на все попытки Ирана, ситуация в этом направлении оставалась безнадежной. Свержения Саддама открыло шиитом путь к властным структурам Ирака, а Ирану предоставилась возможность играть одну из ключевых ролей в политических процессах своего проблемного соседа.

Ключевые слова: Ирано-иракская война, Саддам Хусейн, Хомейни, шиитское население, нефтяные запасы.

Amirov Eldar Gurban oglu
Doctor of Philosophy in Political Science, Associate Professor (Azerbaijan University of Languages)

Iran-Iraq War (1980-1988):
military-political and ideological consequences
Summary
The article analyzes the military-political as well as ideological reasons and consequences of the Iran-Iraq war of 1980-1988. The author pays special attention to the source of the Iranian-Iraqi conflict, which began during the time of the Shah’s Pahlavi regime and intensified after the Islamic revolution. The article notes that after the 1979 Islamic revolution in Iran, Tehran’s policy of exporting the ideas of the Islamic revolution led to conflict and countercurrents with neighboring countries of the Persian Gulf, where a large Shiite community lives. In the case of Iraq, where Shiites make up the majority of the country’s population, the bitter conflict between the parties in the 1980s ended in a large-scale military conflict that claimed the lives of more than a million people.
The author notes that the eight-year war did not bring any serious success to either side, but caused serious damage to the economies of Iran and Iraq. True, after the end of the conflict, Iran had to seriously correct its policy towards Iraq and soften the tone of communication with Baghdad. And also after the war with Iraq, Tehran began to give preference to more cautious, indirect methods of working with the Shiite population of neighboring Arab countries.
Until 2003, that is, the overthrow of Saddam Hussein’s regime, the Shiite majority in Iraq was under serious pressure from the authorities, and despite all attempts by Iran, the situation in this direction remained hopeless. The overthrow of Saddam opened the way for the Shiites to the power structures of Iraq, and Iran was given the opportunity to play one of the key roles in the political processes of its problematic neighbor.

Key words: Iran-Iraq war, Saddam Hussein, Khomeini, Shiite population, oil reserves.