Müasir beynəlxalq münasibətlərdə liberalizmin xarakterik əlamətləri

Post image

XƏYYAM İSMAYILZADƏ
Bakı Dövlət Universiteti, Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent əvəzi
E-mail: [email protected]

Liberalizm əsasən məntiq və praktik cəhətdən bir-birinə bağlı dörd prinsipdən- fərdiyyətçilik, azadlıq, təbii nizam-kortəbii nizam və məhdud-liberal dövlətdən ibarətdir ki, onlar da bir sıra ortaq və ümumi cəhətlərə malikdirlər.
Renesans dövründə kilsənin kütləvilik meyllərinə cavab olaraq yaradılmış fərdiyyətçilik prinsipi - fərdin hüququnu cəmiyyətin hüququndan üstün hesab olunmasıdır. Liberalizm fərdin siyasi azadlığını müdafiə edir və onu hər şeydən üstün görür. Fərd əsasdır, o cəmiyyətin bütün sinif və qurumlarından irəlidədir. Liberalizmə görə fərdin maraqları cəmiyyətin maraqlarından öndə gəlir və yalnız fərd xöşbəxt olduğu halda cəmiyyətin xöşbəxtliyindən söhbət gedə bilər.
Bir sözlə fərd hər hansı cəmiyyətin, toplumun, qurumun məqsədlərinin həyata keçirilməsi üçün vasitə ola bilməz. Fərd özü məqsəddir, vasitə yox. Liberalizm “cəmiyyətin yaxşılığı”, “toplumun mənfəəti” kimi fikirləri rədd edir, çünki fərdi toplumun mənfəəti üçün istifadə onu vasitə kimi görmək anlamına gəlir.
Azadlıq - liberalizmin ən əsas, təməl prinsipi olub dözümlülük, tolerantlıq, şəxsi həyat kimi dəyərlərin qaynağıdır. Fərd davranışlarına müdaxilə edilmədiyi müddətdə azaddır və müdaxiləsiz sahə nə qədər genişdirsə azadlığın sərhədləri də bir o qədər əhatəlidir.
Sosial və siyasi mənada azadlıq fərdin heç bir təsir altında qalmadan istədiyini etməsidir. İnsan azadlığı fərdin azadlığının, fəaliyyətinin əsassız olaraq məhdudlaşdırılmaması, inanc azadlığı fərdin istədiyi dini düşüncəyə sahib olması və heç bir dini görüşə məcbur edilməməsi, sərbəst düşüncə fikirlərini sərbəst ifadə etmə və yayma azadlığıdır.
Liberalizm insanın sadəcə ağıl və həqiqət tərəfindən idarə edildiyini qəbul edir. Azadlıq həqiqətə gedən bütün yolların açarı, ağıl isə azadlığın mahiyyətidir. Beləlikə, liberalizmə görə insan ağlını təsir altda qoyan hər şey istibdaddır. Dövlətin məqsədi isə insan azadlığını təmin etməkdir və ancaq bunu təmin etdiyi müddətcə qəbul edilə bilər.
Təbii nizam - yazılı qanunların müdaxilə etməməli olduğu ümumi qanunlar sistemidir. Bu insanların harmoniya içində öz azadlıqlarını yaşamasıdır və dövlətin əsas vəzifəsi bu mühiti qorumaqdır. Təbii nizam özü isə daim inkişafdadır.
Liberalizmin yaradıcısı hesab olunan Con Lokkun təbii nizam haqqında nəzəriyyəsində kortəbii nizam və bazar iqtisadiyyatı haqqında təməl fikirlər öz əksini tapmışdır. O hesab edirdi ki, dövlət və fərd heç bir halda digər fərdin şəxsi sahəsinə, həyatına müdaxilə etməyə ixtiyarı yoxdur.
Kortəbii nizam - müxtəlif, hətta bir birinə zidd məqsədlərin ümumi mənfəət üçün uzlaşdırılmasıdır. İqtisadi azadlığın olmadığı yerdə isə azadlıqdan söz belə gedə bilməz. Bazar iqtisadiyyatının yaratdığı rəqabət işçiyə istədiyi yerdə işləməyə, sahibkara məhsulunu istədiyi yerdə satmağa imkan verir. İnsanların bir-birindən qorxmadığı və heç nə ummadığı şəraitdə isə azadlıq özünü tam formada göstərir. Hər kəs öz məqsədlərinə uyğun davranır, lakin eyni zamanda digərlərinə də xidmət edir. Bazar iqtisadiyyatının ən özəl cəhəti isə bu sistem iştirakçılarının könüllü olmasıdır. Hər kəs istədiyi insanla öz mənfəətinə, çıxarına uyğun əməkdaşlıq edə bilər.
Liberal– sərhədli dövlət fərdiyyətçidir. Onun dayağı, məqsədi fərddir. Fərd dövlət və cəmiyyətdən irəlidədir.
Azadlıq və təbii haqlar fərdin doğuşdan sahib olduğu hüquqlardır. Fərdin öz ağlı və iradəsi ilə öz yolunu seçmək, öz dünyasını yaratmaq haqqı var və burda liberal dövlətin əsas vəzifəsi fərdin kiçik dünyasını müdaxilə etmədən qorumaqdır.
Liberalizm üçün ən ideal şərait azadlıq və könüllü əməkdaşlıq fonunda azad müzakirə şəraitinin olmasıdır. Eləcə də hər kəsin çoxluğa boyun əymədən öz fikrini ifadə etmək azadlığı olmalıdır. Lakin fikir mübadiləsi zamanı yaranacaq fikir ayrılıqlarını həll etmək üçün qanunlar bəs etmir və hakimə ehtiyac duyulur. Burda hakim rolunu isə dövlət oynayır, deyə Freidman bildirir.
İnsanların təməl hüquqlarını təhlükə altına qoyacaq iki səbəb mövcuddur. Onlardan biri digərinin şəxsi həyatına müdaxilə edən, güc işlədən fərd, digər daha təhlükəlisi isə qeyri məhdud dövlətdir.
Beləliklə, qeyri məhdud qanunlarla bağlanmamış dövlət insan hüquqları üçün ən böyük təhlükədir. Liberalizmdə dövlətin məhdudlaşdırılması adətən hüquqi dövlət, qanun dövləti anlayışları ilə göstərilir. Təbii hüquq dövlətdən öncə də mövcud idi və fərdlər arasında münasibət öz-özünə tənzimlənirdi. Ona görə bu münasibətləri qaydasına salmaq üçün dövlətin güc işlətməsinə ehtiyac yoxdur.
Liberalizm nümayəndələrinin fikrinə görə dövlətin, həmçinin iqtisadi sahəyə müdaxiləsi də yolverilməzdir. Dövlətin bazar iqtisadiyyatına güvənməyib iqtisadiyyatı tam idarə etməsi fərdin hüquq, mənfəət və həyatına ən böyük müdaxilədir. Eləcə də iqtisadi sahəyə müdaxiləsi artan dövlətlərdə azadlıq yoxa çıxır və təbii olaraq diktaturalar doğulur.
Ümumiyyətlə, liberalizmin özünə məxsus tarixi və fəlsəfəsi vardır. O bir adamın nəzəriyyələri əsasında deyil, bir çox mütəfəkkirlərin fikir və düşüncələri ilə daim dəyişmiş və özünü inkişaf etdirmişdir. Ona görə də liberalizm hər hansı dəyər bağlarına ilişib qalmamış, dəyərləri özünə qanun kimi qəbul etmədən azad olmuşdur. Onun üçün ən böyük dəyər azadlıq və fərdiyyətçilikdir. Bu dəyərlərdən kənar heç nə liberalizmə yaxın ola bilməz. Liberalizm olmadan demokatiya, demokratiya olmadan isə liberalizmi təsəvvür etmək mümkünsüzdür.
Onu da xüsusi vurğulamaq yeinə düşər ki, liberalizm, siyasi ədəbiyyatda istifadə etdiyimiz digər terminlərə nisbətən olduqca yenidir. Avropa qaynaqlı, İspan dilindən törənmiş bir söz olmaqla yanaşı, əsli latıncadır. İspan dilindən ingiliscəyə keçmiş və ilk dəfə XIX əsrin əvvəllərində siyasi ədəbiyyata daxil olmuşdur. Bu söz əvvəllər milli olmayan siyasəti ifadə etmək məqsədi ilə pisləyici - ittihamedici bir mənada ifadə edilmişdir. Maraqlı şəkildə, daha sonrakı illərdə ispanlar “liberal” sifətini ingilis mənşəli siyasəti ifadə etmək məqsədi ilə istifadə etməyə başlamış və Lokçu Konstitusiyalı monarxiya və parlament sisteminin əsaslarını müdafiə edən millət vəkillərini “liberales” olaraq adlandırmışlar. Başqa bir fikrə görə, Adam Smit “Xalqların Sərvətin”dəki “Liberal ixracat və idxalat sistemi” ifadəsi ilə liberal qavramını ilk istifadə edən yazıçı olmuşdur. Vaxt keçdikcə istifadəsi yayılan qavram, əsrin ortalarına və sonlarına doğru siyasət lüğətinə yerləşərək, “laissez faire”, “laissez passer” (buraxın etsinlər, buraxın keçsinlər) ifadəsinin yerini almış və fikir azadlığını, ifadə azadlığını və sərbəst ticarəti müdafiə edənlərin adlandırılmasında istifadə olunan etiket halına gəlmişdir. Ancaq daha sonra liberalizm bir qavram olaraq getdikcə elastikləşmişdir. Gündəlik dildə, liberalizm özündən bəhs etdirən, amma doğru bir tərifi verilmədən üstəlik mənası və önəmi yetəri qədər vurğulanmadan istifadə olunan bir qavram xüsusiyyətini almışdır. Etimoloji olaraq, “liberalizm” və “liberty (azadlıq)” sözləri arasında əlaqə və birləşmə vardır.
Bütün bu və buna bənzər fikirlər əsas götürülərək aşağıdakı nəticələrə gəlmək mümkündür: klassik liberalizmdə fərdçilik, azadlıq, öz-özünə yaranan nizam və bazar iqtisadiyyatı, hüququn aliliyi və məhdud səlahiyyətli dövlət təməl ünsürlərdir.
Modern liberalizmdən danışılırsa, o zaman sual yaranır: Adam Smitin klassik liberalizminə nə oldu? Şotland iqtisadçı Adam Smit “millətlərin həqiqi zənginliyi yığdıqları qızıl və gümüş miqdarında deyil, onların istehsal etdiyi malların və xidmətlərin miqdarındadır” deyirdi. Dövlət müdaxiləsinin iqtisadi böyüməni azaltdığını düşünürdü. Amerikanın qurulmasının başlanğıc illərində ABŞ-ın 3-cü prezidenti olmuş Tomas Cefferson Smitin fikirlərindən yararlandı. Bu baxışa görə, dövlət dinə, mətbuata, fikir azadlığına qarışmamalı idi. Klassik libera­liz­min bu ünsürlərinin amerikalılar tərəfindən mühafizəkarlıq adlandırıldığı məfhumdur.
Klassik liberalizm dövləti bazardan qovdu, modern liberalizm isə onu geri qaytardı: bu dəfə insanları ədalətli olmayan iqtisadi sistemdən qorumaq üçün. Bu gün modern dünyada saf klassik liberal ideologiyaya əsaslanan dövlət yoxdur. Amerikadakı libertarian düşüncə modern klassik liberalizm də adlandırıla bilər. Ancaq bəzi yeni anlayışlar da əlavə edilmişdir. Klassik liberalizmin makro səviyyədə, yəni dünya səviyyəsində ide­ya­dan real həqiqətə, rifah dövlətlərinin də “minimal dövlətə” çevrilməsinin qarşısında iki ciddi maneə vardır. Birincisi, ölkənin müdafiə ehtiyaclarının hələ də dövlətə bu və buna bənzər vacib funksiyalar yükləməsi, ikincisi liberal olanlarla liberal olmayan ölkələr arasında iqtisadi inkişaf səviyyəsinin ciddi fərqlənməsi liberal ölkələri iqtisadi əsaslandırmalarla insanların sərbəst səyahətini məhdudlaşdırmaq kimi liberal olmayan siyasi qərarlar almağa məcbur etməsidir. Bu maneələr aradan qaldırılmadığı müddətdə dünyanın heç bir yerində klassik liberalizm ideyasının real həyata tətbiq edilməsi mümkün olmayacaqdır.

Ədəbiyyat siyahısı:
1. Morgentau H. Y. Dövlətlər arasında siyasət: güc və sülh uğrunda mübarizə. Bakı 2017,səh. 871.
2. Ələkbərova N. Siyasi elmin müasir problemləri. Bakı 2013,səh.347.
3. Cumming, R. D., 1971, Human Nature and History, a Study of the Development of Liberal Thought, Chicago, p. 298.
4. https://bakuresearchinstitute.org
5. Vincent, John, 1966, The Formation of the Liberal Party 18571868, London, p. 285.
6. Selinger, M., 1968, The Liberal Politics of John Locke, London, p. 164.
7. Адамшин А. На пути к мировому правительству. Москва, 2002,cтp184.
8. Vincent, John, 1966, The Formation of the Liberal Party 18571868, London, p. 285.
9. Cəfərоv M.F. Fəlsəfənin əsаslаrı. Bаkı Mааrif, 1996,səh. 357.
10. İsmayılov D. Liberalizm. Bakı 2013. səh.246.

Açar sözlər: liberalizm, demokratiya, sülh, severen, klassik, anarxiya, fərdiyyətçilik, azadlıq, təbii nizam, məhdud liberal dövlət.

Характеристика либерализма в современных международных отношениях
РЕЗЮМЕ
В статье рассматриваются индивидуализм, свобода, естественный порядок и ограниченное либеральное государство, которые являются отличительными признаками либерализма в нашем современном мире. Понятия и их общие черты, а также тот факт, что либерализм как политическая идеология является продуктом просвещения, либерализм сначала появился как реакция на просвещение, но позже действовал как его логическое продолжение, особенно в течение более двух столетий. Несмотря на то, что он претерпел изменения, вопросы сохранения его основной идеи до наших дней широко освещались.

Ключевые слова: либерализм, демократия, мир, суверенный, классика, анархия, индивидуализм, свобода, естественный порядок, ограниченное либеральное государство.

Characteristics of liberalism in modern
international relations
SUMMARY
The article discusses individualism, freedom, natural order and limited liberal state, which are the hallmarks of liberalism in our modern world, concepts and their commonalities, as well as the fact that liberalism as a political ideology is a product of enlightenment, liberalism first appeared as a reaction to enlightenment, but later acted as a logical continuation of it, especially for more than two centuries. Although it has undergone changes, the issues of preserving its main idea to this day have been widely covered.

Keywords: liberalism, democracy, peace, sove­reign, classical, anarchy, individualism, freedom, natural order, limited liberal state.

Geostrategiya

2020
№2 (56)