AVROPADA RADİKAL PARTİYALARIN YÜKSƏLİŞİ VƏ MİQRANT BÖHRANI

Post image

Tərlan Orucova, 
Azərbaycan Respublikası Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyası, doktorant

 

Multikulturalizmə qarşı çıxan və Avropa mərkəzli mədəniyyət ideologiyasını əsas tutan sağ partiya və qruplar arqumentlərini miqrantların mədəni fərqliliklərinə, cəmiyyətə uyğunlaşmaqda çətinlik çəkdiklərinə və iqtisadi “yük” olduqlarına əsaslandırırlar. Soyuq müharibənin bitməsi və təhlükəsizlik anlayışının dəyişməsi ilə miqrantlar “təhlükəsizlik problemi” hesab edilməyə başlanmışlar. Avropada “yad” qorxusu miqrant və qaçqınları ictimai bir problem halına gətirmişdir. Avropa istər “qaçqın”, istər “ siyasi sığınacaq” axta­ran olsun, hamısına “miqrant” gözü ilə baxır. Bu qərəzli düşüncəyə görə Avropa ölkələrində miqrantlar ölkənin “pis” gedişinin yeganə səbəbkarları kimi qiymətləndirilir və marginallaşdırılır. Köçkünlərə, qaçqınlara, iqtisadi səbəblərə görə gələn miqrantlara və Avropada doğulan ikinci və hətta üçüncü nəslə yönəlik ayrı-seçkilik siyasətlərinin səbəbi iddia edildiyi kimi iqtisadi mənşəli deyil, daha çox mədəni xarakter daşıyır. Demək olar ki, bütün sağ partiyalar ölkədəki ya da qitədəki problemlərin əsas səbəbkarları kimi miqrantları görürlər.
Uzun illərdir, xüsusilə siyasətçilər, seçki kampaniyalarında İslamofobiyadan istifadə etmişlər. Bunlara Fransada Milli Cəbhə, Avstriyada Azadlıq Partiyası, İsveçdə İsveç Demokratlar və s. daxil­dir. Üstəlik, son 15 il ərzində bir çox mərkəzi partiyalar da bu ifadələrin bir hissəsini qəbul etmiş və ya İslamofobik kursu əks etdirən qanunlar tətbiq etmişlər. Məscidlərin və ya minarələrin qadağan edilməsi, hicabın qadağan edilməsi, nəzarət proqramları, Avstriyada 2015-ci il İslam əleyhinə diskriminasiya qanunları - bütün bunlar Qərb cəmiyyətlərini təhdid edən təhlükəli müsəlman təsvirini əks etdirir. Belə dəyişkən siya­si və təhlükəsizlik mühitində, sağçı siyasətçilər və təşkilatlar miqrant böhranından istifadə edərək avropalıların müsəlman miqrantları, ümumiyyətlə müsəlmanları öz təhlükəsizliyinə ciddi təhdid kimi qəbul etməyə yönəldir. Almaniyada, İsveçdə, Danimarkada və s. ölkələrdə sağ radikal populist partiyaların yüksəlişi buna əyani misaldır. Miqrasiya böhranı və onun yaratdığı xaos, populist radikal­lara və anti-immiqrasiya platformalarına dəstək verir. Bu cür platformalarda kampaniya aparan Avropa partiyalarının seçki uğurlarının səbəbi son miqrasiya böhranıdır. Almaniyanın Alternativ Almaniya Partiyası və 2017-ci ildə Avstriya Azadlıq Partiyasının seçkilərdə müvəffəqiyyəti qaçqın böhranının həm sağ tərəf, həm də sol tərəf seçicilərinin fikirlərini sərtləşdirməsi ilə birbaşa əlaqəli idi [5]. Avstriyada sağdakı ən böyük partiyalar səs topladılar, sol partiyalar ya səslərini (Yaşıllar) itirdilər, ya da öz yerlərini çox çətinliklə saxlaya bildilər (Sosial Demokratlar). On il ərzində ilk dəfə hökumətə daxil olan Avstriya Azadlıq Partiyası Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi və Müdafiə Nazirliyi daxil olmaqla bir sıra əsas nazirlikləri tutdu [6]. 2019-cu ildə keçiriləcək Avropa ümumi seçkilərində sağların daha çox yerə nəzarət edəcəyi görsənir. Radikal sağların güclənməsinin səbəblərindən biri də iqtisadi məsələlərdir. Avropada işsizliyin artması və gələcəyə olan qayğı cəmiyyətdə etibarsızlığa gətirib çıxardı. Qaçqınların əmək bazarında fəaliyyətləriylə paralel inkişaf edən bu qayğılar ayrı-seçkilik və təcrid etmənin səbəblərindən biridir. Son on ildə edilən araşdırmalar təcridetmə və ayrı-seçkilik münasibəti bəsləyənlərdə gələcək qayğısı və işsizlik qorxusunun yüksək olduğunu göstərir. Beləliklə, sağ radikal qüvvələr Avropada baş verən iqtisadi böhranlar, dövlətlərin iqtisadi çətinliklər və işsizlərlə (xüsusilə immiqrantlarla) bağlı siyasətlərini tənqid edərək əhali içərisində tərəfdarlarının sayını artırmağı bacarmışlar. Bu istiqamətdəki tənqid təbliğatını anti-islamçılığa əsaslandırdılar.
Son seçki dövrlərində, xüsusilə miqrasiya məsələsində populist sağ radikalların siyasətlərinə dəstək dalğası Avropada siyasi mənzərəni yenidən formalaşdırdı. Bu siyasətlər ölkədən ölkəyə fərqli olsa da, bəzi məsələlərdə ortaq mövqedən çıxış edirlər: millətçilik anlayışı, milli kimliyin xarici mədəniyyətlər tərəfindən təhdid edildiyinə inam, immiqrasiyanın qəti olaraq dayandırılması arzusu və elitalara inamsızlıq.
Populist radikal siyasətçilərin uğurlarına cavab olaraq, sağ-mərkəzli partiyalar itirdikləri səsləri yenidən qazanmaq üçün radikal-sağların gündəmində olan məsələlərə diqqət etməyə başaldılar. İlk strategiyanın nəticəsi olaraq, partiyaların siyasət prioritetləri keçmiş seçkilərlə müqayisədə əhəmiyyətli dərəcədə daralaraq miqrasiya, islamofobiya, təhlükəsizlik və Euroskeptisizm kimi məsələləri əhatə etdi. Radikal populistlər, intensivlik dərəcəsinə və ya ritorika baxımından fərqli olsa da, immiqrasiya, islamofobiya, təhlükəsizlik və Euroskeptisizm kimi məsələlər artıq sırf onların gündəliyinə aid deyildi. Hollandiyada, populist radikallara qarşı əhəmiyyətli qalibiyyət əldə edildi. 2017-ci ildə Mark Ruttenin Azadlıq və Demokratiya üçün Xalq Partiyası Geert Vildersin Azadlıq Partiyasını məğlub etdi. Baxmayaraq ki, Ruttenin ritorikası Holland mərakeşlilərə qarşı nifrətə təhrik etməkdə günahkar olan Vildersdən daha yumşaq idi [4], yenə də Azadlıq Partiyasının məhdudlaşdırıcı yanaşmasına bənzəyirdi. Hər iki partiyanın liderləri Holland dəyərlərini və xristian Qərbini müdafiə etməyi, Radikal İslam təhlükəsi və dünyəvi sola qarşı müdafiə olunmağı tələb edirlər [1].
Fransa, Avstriya və Almaniyada son dövrlərdə baş tutan seçkilərdə Avropanın radikal-sağ partiyalarının artan gücü diqqəti cəlb etsə də, bu fenomen Skandinaviya ölkələrində də yeni deyil. Dörd Skandinaviya ölkəsindən (Danimarka, Finlandiya, Norveç və İsveç) biri olan İsveçdə ən azı 1970-ci ildən etibarən aktiv radikal-sağ partiyalar var. Digər üç ölkədə (Danimar­ka, Finlandiya və Norveç) radikal-sağ partiyalara malikdir və Skandinaviya ölkələrinin hamısında bu partiyalar seçicilərin 20 faiz və ya daha çoxununu dəstəyinə malikdir [9, s.1].
Radikal-sağ partiyalar miqrasiya və qaçqın siyasətlərinə köklü dəyişikliklər edilməsini tələb edir və multikulturalizmi rədd edir. Son on il ərzində və xüsusilə 2015-ci ildən etibarən, Skandinavia ölkələrində sığınacaq və miqrasiya siyasəti məhdudlaşdırılmışdır. Bölgədəki hökumətlər ailə birləşməsini azaltmaq, qaçqınlara və digər statuslara məhdudiyyət siyasətlərini tətbiq etmək və qeyri-vətəndaşların dövlət yardımı almasını məhdudlaşdırmağı təklif edirdi. Bundan əlavə, miqrasiya və sığınacaq haqqında ictimai müzakirələr daha sərtləşdi.
Ancaq bu münasibət və siyasi meylləri sırf hər hansı siyasi partiyaya birbaşa aid etmək çətindir. Bəzi hallarda siyasi dəyişikliklərə məcburi olaraq gedilir və bu hakimiyyətdə olan partiyadan asılı olmayaraq baş verə bilər. İsveç hökumətinin 2015-ci ildə Danimarka ilə sərhədini bağlamaq qərarı buna bir nümunədir. Eyni şəkildə, miqrasiya ilə bağlı ictimai müzakirələrdə mənfi dəyişikliklərin bəzi siyasi partiyaların kursuna təsir etdiyini qeyd edə bilərik. Partiyalar meydana çıxan anti-immiqrant davranışlarını özlərinə dəstək kimi əks etdirə bilərlər. Buna baxmayaraq, radikal-sağ partiyaların yüksəlməsi və dəstəklənməsi Skandinaviya ölkələrində onların niyə belə nüfuza malik olduqları barədə suallar yaradır. Əsas səbəb kimi artan miqrasiya göstərilsə də, sığınacaq ərizələrinin sayı və radikal sağ partiyaların seçki tarixi qarşılıqlı araşdırılanda Skandinaviya ölkələrində bu iki faktor arasında heç bir sistematik əlaqə olmadığı meydana çıxır. Miqrasiya ilə bağlı ictimai münasibətlərə dair məlumatlar araşdırıldıqda da radikal sağların seçki dəstəyinin artması ilə miqrasiyanın heç bir bir əlaqəsi olmadığı aydın olur [9, s.1]. Beləliklə, radikal-sağ partiyaların müvəffəqiyyəti və ya uğursuzluğunu tək bir tendensiya ilə əlaqələndirmək əvəzinə, hər bir milli kontekstə uyğun faktorları birləşdirmək bizə daha aydın mənzərə yaradar.
Skandinaviya ölkələrinin əksəriyyətində radikal sağ partiyalar son illərdə seçicilərin 20 faiz və ya daha çoxunun dəstəyini əldə ediblər. Radikal sağlar və ya populist sağlar kimi qəbul edilən partiyalar Finlandiya və Norveçdə hökumətdə təmsil olunur və Danimarkada onlar rəsmi koalisiya tərəfdaşları kimi deyil, dəstək partiyası kimi hökumətə böyük təsir göstərirlər. Radikal sağlar İsveçdə təcrid olunsa da, bu vəziyyət yaxın illərdə dəyişə bilər. Skandinaviya ölkələri uzun müddət tolerant kimi tanınsalar da, radikal partiyalar ictimai müzakirəni, miqrasiya və onunla əlaqəli məsələlər ətrafında gedən mübahisələri dəyişdirməyə çalışırlar. Danimarka Xalq Partiyası Skandinaviya radikal sağları üçün ən yaxşı nümunədir. Partiya Danimarkaya miqrasiyanı əhəmiyyətli dərəcədə azaldılması fikrinin ən böyük hərəkətverici qüvvəsidir və ölkədə siyasi və mədəni mühitə təsir göstərərək, anti-İslam ritorikasını təşviq edir.
Miqrasiya Skandinaviya ölkələrinin bütün radikal sağ partiyalarının gündəmində olmasa da, indi onların platformalarının əsas elementidir. İsveç Demokratlar Partiyası yaranandan açıq-aşkar anti-immiqrasiya mövqeyində olmuşdur. Bu gün, Skandinaviya ölkələrinin radikal-sağ partiyaları immiqrasiya məsələlərinə fərqli dərəcədə önəm versələr də, onlar miqrasiya mövzusuna açıq şəkildə qarşı çıxırlar. Onlar digər Avropa radikal-sağ partiyalarına nisbətən daha az ekstremist olsa da, öz ölkələrində əsas partiyalarla müqayisədə miqrasiyanın ən qüdrətli rəqibləridir. Danimarka Xalq Partiyası mübahisəsəsiz miqrasiya mövqeyində ən radikaldır, onun bəyanatında deyilir ki, “Danimarka immiq­rasiya ölkəsi deyil və heç vaxt olmadı. Buna görə də biz ölkəmizin multietnik transformasiyasını qəbul etməyəcəyik “[2]. İsveçdə İsveç Demokratlar Partiyası multikulturalizmə açıq şəkildə qarşı çıxsa da, “1970-ci ildən sonra gələn bütün immiqrantların məcburi köçürülməsi” kimi əvvəlki radikal tələbləri azalıb [10, s.196]. Norveçdə Tərəqqi Partiyasının anti-immiqrasiya ritorikasının intensivliyi müxtəlif idi; partiya 2017-ci ildə bəyanatında Norveç miqrasiyasının “sərt və ədalətli” olmasını vurğulayırdı [8, s.13].
Radikal sağ partiyalar Skandinaviya ölkələrində siyasətdə yeni bir qüvvə olmadığına baxmayaraq, onların seçki dəstəyi son zamanlarda artmağa başladı. Radikal-sağ partiyaların dəstəklənməsinin səbəbləri mürəkkəbdir.Miqrasiya ilə əlaqədar narahatlıqların insanların radikal partiyalara səs verməsinin əsas səbəbi kimi göstərilsə də, miqrasiyada sistem səviyyəsində dəyişikliklər və köç haqqında ictimaiyyətin fikirləri eyni izahı vermir. Avropa Sosial Araşdırmalarının nəticələrinə əsasən, Skandinaviya ölkələri digər Avropa ölkələri ilə müqayisədə miqrasiyaya daha yaxşı münasibət bəsləyirlər. İsveç və Finlandiya ilk iki sırada qərarlaşıblar [3]. Bu, miqrasiyanın vacib olmadığını vurğulamır, amma miqrasiya məsələsinin radikal-sağ partiyaların səslərinə çevrilməsi prosesi dolayı və mürəkkəbdir. Cinayətlə bağlı narahatlıqlar və rifah sistemlərinin davamlılığı kimi amillər də bu prosesə öz təsirini göstərir. Daha geniş mənada bu kimi amillər əhəmiyyətli olsa da, onlar qısa və ya orta müddətli radikal sağlara dəstəkdə dəyişiklikləri açıqlaya bilmirlər.
Danimarka Xalq Partiyası və Tərəqqi Partiyası Qərbi Avropada radikal sağ partiyalar arasında İsveçrə Xalq Partiyası və Avstriya Azadlıq Partiyasından sonra ən müvəffəqiyyətlilərdəndir. Radikal sağ partiyalar miqrasiya ilə bağlı ictimai müzakirələrə təsir göstərməyə çalışırlar və onlar medianın miqrant və multikulturalizmə dair qərəzli perspektiv nümayiş etməkdə günahlandırırlar. Beləliklə, Skandinaviya ölkələrində radikal sağ partiyalar artıq siyasi səhnədə qətiyyətlə yer tutub və yaxın gələcəkdə də bu şəkildə qalacaqlar. Miqrasiya axınlarının dayandırılması ehtimalı yoxdur və Skandinaviya ölkələrində getdikcə multikulturallığın artması qaçınılmazdır. Beləliklə, miqrasiya, sığınacaq və inteqrasiya ilə bağlı məsələlər siyasi gündəlikdə qalacaqdır. Radikal sağ partiyalar isə həmin gündəmin formalaşmasında mühüm rol oynamağa davam edəcəklər.
Beləliklə, islamafobiya meyllərinin artması Skandinaviya ölkələri ilə yanaşı digər Avropa ölkələrində də müşahidə olunur. Belə ölkələrdən ilk növbədə Fransa, Avstriya, Hollandiya, Danimarka, Macarıstanı qeyd etmək olar. Bu ölkələrin siyasi səhnəsində irəliləyən ultra sağçı partiyaların təbliğat kompaniyalarında islamofob şüarlar özünü daha açıq şəkildə büruzə verir. Bu partiyaların islamofob şüarları onların son dövrdə reytinqinin artmasına səbəb olan əsas amillərindən biridir. Hakimiyyətə gəlmək üçün islamofobiyadan istifadə edən bu qüvvələr onu problem hesab etmir, əksinə Qərb sivilizasiyasının məhvinin qarşısını ala biləcək səmərəli bir vasitə kimi qəbul edirlər [7, s.126].

Nəticə
Bir çox populyar radikal-sağ partiyalar üçün immiqrasiya və inteqrasiya məsələləri vizit kartıdır. Bu partiyaları birləşdirən millətçilik, “elita”lara inamsızlıq və “adi insanları” təmsil etmək iddiası əsas ideologiyadır. Bu millətçilik brendi, milli mədəniyyəti qorumaq üçün yeni miqrantları təcrid edən və İslam əleyhinə mövqe tutan siyasi platformaya çevrilib. Avropa İttifaqının 2015-2016-ci illərdə qaçqın böhranının pik həddində populist radikal-sağ partiyalar miqrasiya haqqında ictimai qayğıları, xüsusilə də Suriya kimi ölkələrdən müsəlmanların gəlməsindən yararlanaraq səslərin üçdə birini qazana bildilər. Çünki, Avropada davam edən miqrasiya miqrant mənşəli əhalinin payının artmasına səbəb olur. Bu proses yaxın gələcəkdə, əsasən, işçi qüvvəsinə olan ehtiyac və ailə birləşməsi kimi səbəblərdən orta səviyyədə davam edəcək. İqtisadi və demoqrafik səbəblərə görə radikal-sağ populizmə dəstəyin səviyyəsindən asılı olmayaraq miqrasiya Avropada davam edəcəkdir. Əmək miqrasiyası məhdudlaşdırılsa belə, miqrasiyanın başqa növü – ailə birləşməsi davam edir. Ona görə də populist radikalların narahatlıq doğuran immiq­rasiya və inteqrasiya problemlərindən gələcəkdə də siyasətlərinə dəstək almaq üçün istifadə edəcəkləri aydın məsələdir.

Açar sözlər: Radikal partiyalar, miqrasiya, miqrant böhranı, miqrantlar, təhlüksizlik problemləri, İslam, müsəlmanlar

ƏDƏBİYYAT SİYAHISI


1. Cas Mudde, “‘Good’ Populism Beat ‘Bad’ in Dutch Election,” The Guardian,March 19, 2017, www.theguardian.com/world/2017/mar/19/dutch-election-rutte-wilders-good-populism-bad-.
2. DF, “The Party Program of the Danish People’s Party,” updated October 2002, https://danskfolkeparti.dk/politik/in-another languages-politics/1757-2/.
3. European Social Survey, “Round 8: European Social Survey—Data file edition 2.0,” Norwegian Centre for Research Data, May 30, 2018, www.europeansocialsurvey.org/data/download.html?r=8.
4. Gordon Darroch, “Geert Wilders Found Guilty of Inciting Discrimination,” The Guardian, December 9, 2016, www.theguardian.com/world/2016/dec/09/geert-wilders-found-guilty-in-hate-speech-trial-but-no-sentence-imposed.
5. Jörg Michael Dostal, “The German Federal Election of 2017: How the Wedge Issue of Refugees and Migration Took the Shine off Chancellor Merkel and Transformed the Party System,” The Political Quarterly, 88, no. 4 (2017), https://onlinelibrary.wiley.com/doi/full/10.1111/1467-923X.12445.
6. Melissa Eddy, “Austria’s New Government: A Mix of Far Right, Pro-Europe and Youth,” The New York Times, December 18, 2017
7. Nəcəfov E. “ Qərbi Avropa ölkələrində islamafobiya: tarixi, səbəbləri və nəticələri” // Dövlət İdarəçiliyi: nəzəriyyə və təcrübə //, Azərbaycan, № (65), 2019
8. Prinsipp- og handlingsprogram 2017–2021. Oslo: FrP. www.frp.no/hva-vi-mener/prinsipp-og-handlingsprogram
9. Widfeldt Anders, “The Growth of the Radical Right in Nordic Countries:Observations from the Past 20 Years”// Migration Policy İnstitute, June 2018
10. Widfeldt, Anders. 2010. Sweden. In Elections in Europe: A Data Handbook, eds. Dieter Nohlen and Philip Stöver. Baden-Baden, Germany: Nomos.

Orujova Tarlan Ahmed
Academy of Public Administration Under
the President of the Republic of Azerbaijan

 

THE GROWTH OF RADICAL PARTIES IN EUROPE AND THE MIGRANT CRISIS
Summary
The article examines the reasons of the rising of radical parties in Europe, how they use immigration, Islamophobia, security and Euroscepticism to incre­ase their supporters. The author notes that migration plays an important role in the growth of radical parties in France, Austria and Germany, as well as in the Nordic countries - Denmark, Finland, Norway and Sweden, while other factors also influence this process. The author concludes that populist radical right parties will continue to use immigration and integration problems to support their policies in the future.

Key words: Radical parties, migration, migrant crisis, migrants, problems of uncertainty, Islam, Muslims

Оруджева Тарлан Ахмед
Академия Государственного Управления При Президенте Азербайджанской Республики

РОСТ РАДИКАЛЬНЫХ ПАРТИЙ И КРИЗИС МИГРАНТОВ В ЕВРОПЕ
РЕЗЮМЕ
В статье рассматриваются причины возникновения радикальных партий в Европе, как они используют иммиграцию, исламофобию, безопасность и евроскептицизм для усиления своих сторонников. Автор отмечает, что хотя миграция и играет важную роль в росте радикальных партий во Франции, Австрии и Германии, а также в Скандинавских странах - Дании, Финляндии, Норвегии и Швеции, другие факторы также влияют на этот процесс. Автор в конце приходит к такому выводу, что для поддержки их политики в будущем также будут использоваться проблемы иммиграции и интеграции популистских радикалов.

Ключевые слова: Радикальные партии, мигра­ция, кризис мигрантов, мигранты, проблемы неопре­де­ленности, ислам, мусульмане.