Əlvida Rəhimov
Bakı Dövlət Universitetinin doktorantı
E-mail: [email protected]
Böyük türk dünyasının ulu boylarından, ulu olduqları qədər də ən ağır məşəqqətlərə düçar olan boylarından biri də Axısqa türkləri hesab olunur. Ən qədim dövrlərdən Kiçik Qafqaz sıra dağlarının başlanğıcında yaşayan bu soydaşlarımızın danışdığı şivə, adət və ənənələri, folkloru, mədəniyyəti qədim türk məskəni Borçalı mahalındakı Azərbaycan türkləri və Ərzurum-Qara ərazilərindəki türklərlə çox bağlıdır [9].
Onların mənşəyi haqqında tarixşünaslar arasında yekdil bir fikir yoxdur. Onlar ya etnik türklər, ya da ki Osmanlı hakimiyyəti dövründə islamı qəbul etmiş və türkləşmiş gürcülər hesab olunur.
Məlumdur ki, Rus-Türk müharibələri nəticəsində zaman-zaman türk torpaqlarının böyük bir hissəsi Rusiya imperiyasının tərkibinə daxil olmuşdur. Bu ərazilərdən biri də Adıgön-Axısqa ərazisidir.[9]
Axısqa və Axalkələk bölgələri sovet dönəmində Gürcüstan Sovet Sosialist Respublikasının tərkibində idi, indi isə Gürcüstan Respublikasının ərazisi hesab olunur. Gürcüstana verilən bu ərazi Mesxeti adlandırılmış və burada yaşayan Axısqa türklərinə də "Mesxeti türkləri" deyə müraciət edilmişdir.
Azərbaycanda əhalinin 8,4 %-i azsaylı xalqlardan ibarətdir. Azərbaycan tarixən digər xalqlara dost münasibət göstərmiş, ehtiyacı olanlara kömək etmişdir. Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycanda müxtəlif xalqların nümayəndələri yaşayır və onlar Azərbaycanı öz doğma torpaqları hesab edirlər.
Axısqa türkləri də Azərbaycan ərazisində məskunlaşmış azsaylı xalqların nümayəndələridir. Axısqa türklərinin tarixən yaşadıqları ərazi Gürcüstanın Məhsəti bölgəsi olub. Onların dilləri Azərbaycan və Türkiyə türkcəsinə çox yaxınlıqlıq təşkil edir. Türkiyənin Ərzurum bölgəsinin şivəsi ilə oxşarlıqları çoxdur. Axısqa türkləri qədim tarixə malik olub, hər cür əziyyətə, məşəqqətə dözərək, bu gün də bir xalq kimi öz həyatlarını yaşamaqda davam edirlər. 1920-30-cu illərdə Axısqa türkləri ana dilində məktəblər yaratmış, teatr inşa etmiş, mədəni yüksəlişə nail olmuşdular. Ancaq bu yüksəliş və dinc həyat uzun müddət davam etmədi [11].
Sovet səlahiyyətliləri 108 fərqli millətdən bir dövlət qurmağa çalışırdılar. Onlar ilkin mərhələdə, bu çoxmillətli dövlətin sərhədlərarası etnik qruplarını Sovet İttifaqına sərhədi olan ölkələrə təsir göstərmək üçün istismar edirdilər. SSRİ-nin "kapitalist təsiri" qorxusu axırda Mesxetiya da daxil olmaqla, dövlətin sərhədyanı ərazilərinin təmizlənməsinə səbəb oldu.
1928-ci ildən 1937-ci ilə qədər Axısqa türkləri sovet səlahiyyətliləri tərəfindən gürcü ad və soyadlarını mənimsəməyə məcbur olundular. 1926-cı ildə keçirilmiş SSRİ əhalisinin siyahıya alınmasında əldə olunan məlumatlara görə, Gürcüstan SSR-də 137.921 türk yaşamaqda idi, lakin bu göstəricilərə Gürcüstan azərbaycanlıları da daxil edilmişdi. 1939-cu ildə keçirilmiş SSRİ əhalisinin siyahıyaalınmasında Axısqa türklərinin çoxu azərbaycanlı olaraq qələmə verilmişdir. Lavrenti Beriya 28 noyabr 1944-cü il tarixində İosif Stalinə bir memorandum göndərir. Bu memorandumda Beriya Axısqa türklərini "qaçaqmalçılıq" və "təxribat üçün Türkiyə kəşfiyyatı ilə əməkdaşlıq"da günahkar görür. Beriya Axısqa türklərini, kürdləri sərhədyanı ərazilərdə qovulmalı olan "etibarsız əhali" kimi göstərmişdir.
31 iyul 1944-cü ildə SSRİ Dövlət Müdafiə Komitəsinin "№ 6279" qərarı ilə (14 noyabr 1944-cü ildə icra olundu) 90 538 Axısqa türkü məcburi surətdə Gürcüstandan Qazaxıstan (40 min nəfər), Özbəkistan (30 min nəfər) və Qırğızıstanın (20 min nəfərdən çox) çöllərinə sürgün olundu. Sovet ordusunun əsgərləri axısqalıların yaşayış məskənlərinə gəlib, onlardan müxtəlif vədlərlə maşınlara minməyi tələb etmişlər. Əsgərlər sakinlərə buradan getmələrinin vacib olmasını, burada müharibə olacağını bildirmiş, onların daha təhlükəsiz yerlərdə yerləşdiriləcəklərinə, müharibə bitdikdən sonra evlərinə geri dönəcəklərinə dair yalan vədlər verərək onları maşınlara minməyə məcbur etdilər. Sakinlərə 3 saat vaxt verildi və onlara bu müddət ərzində 1 tona qədər əşya və ərzaq götürə bilmələri üçün şərait yaradıldı. Ən dəhşətlisi də budur ki, əhali heyvanların daşındığı vaqonlarda sürgün olunmuşdu. Əsgərlər həlak olanları vaqonlardan yerə ataraq yollarına davam edirdilər. Rus mənbələrində bu rəqəmin 400-500 nəfər arası olduğu qeyd edilir. Ancaq bu rəqəm həqiqəti əks etdirmir. Ölənlərin minlərlə olduğu qeyd olunur. Əlbəttə ki, bu sürgünü axısqalıların özlərindən başqa heç kim daha yaxşı təsvir edə bilməz. Sürgündə sağ qalanlar Özbəkistan, Qazaxıstan və digər həmsərhəd bölgələrə aparıldı. Ana vətənlərindən amansızcasına çıxarılaraq yalquzaq səhralara göndərilən bu xalqın başına gələn müsibətləri yalnız onların özlərinin dilindən eşitmək olar. Əzablı yollarda xəstəlikdən, dərddən, əzabdan, sürgün ağrılarından minlərlə Axısqa türkü öldü, bütün siyasi hüquqlardan məhrum olundu. Sənədlərində onların milliyyətinin türk yazılması yasaq olundu, adları başqa-başqa xalqların adı ilə adlanmağa başlandı.
Deportasiya zamanı 212 kənddə yaşayan 16.700 ailədən 92.307 ilə 94.955 arası Axısqa türkü məcburi şəkildə öz evlərindən başqa yerə köçürülmüşdür. Onlar mal-qara üçün nəzərdə tutulmuş vaqonlara yerləşdirilmiş və şərq istiqamətində irəliləyərək Mərkəzi Asiyaya deportasiya edilmişlər. 17 noyabr 1944-cü il tarixində, saat 16.00-da 81.234 nəfər Axısqa türkü artıq Mərkəzi Asiyaya köçürülmüşdü.
Rəsmi Sovet sənədlərində qeyd edilir ki, 92.307 nəfər deportasiya olunmuşdur. Deportasiya olunanların 18.923-ü kişi, 27.309-u qadın, 45.989-u isə 16 yaşından kiçik uşaqlar olmuşdur. Deportasiya edilənlərin 52.163-ü Özbəkistan SSR-ə, 25.598-i Qazaxıstan SSR-ə, 10.546-sı isə Qırğızıstan SSR-ə yerləşdirilmişdir. Deportasiya edilənlərin 84.556-sı kolxozlarda, 6.316-sı sovxozlarda, 1.395-i isə sənaye müəssisələrində işə alınmışdır. Deportasiya edilən axırıncı insan 31 yanvar 1945-ci il tarixində Daşkənd şəhərinə çatdı.
Sovet rejiminin sonlarına doğru axısqalıların vəziyyəti yenidən gərginləşdi. SSRİ-nin demək olar ki, hər tərəfi etnik qarşıdurmalar ocağına çevrildi. Dövlətlər müstəqillik istəyir, xalqlar ayağa qalxıb mübarizə aparırdılar. Belə bölgələrdə sovet liderləri bəzən qəsdən və süni şəkildə “Parçala və hökmranlıq et” siyasəti ilə etnik mübarizəni qızışdırır və həmin ölkələrə təsirini bu yolla artırmağa çalışırdılar. Gürcüstan və Özbəkistana təsir etmək üçün məhz Axısqa türkləri hədəfə çevrilmişdi. Belə ki, Özbəkistanda süni qarşıdurma yaradılmalı, sonradan bu böyüdülməli və etnik mübarizəyə dönməli idi. Axısqalılar özbəklərin və digər xalqların gözündə vəhşi bir millət hesab olunurdu. Onların illər boyu əziyyətlə qurub ucaltdıqları evləri dağıdıldı, yandırıldı. Qadınlara, uşaqlara işgəncələr verildi. Əslində, özbəklər axısqalıları yaxşı tanıyır və onlara yaxşı münasibət göstərirdilər. Ancaq dağılmaq ərəfəsində olan Sovet hökuməti yenə də hər cür hiyləyə əl ataraq insanları öz tərəfinə çəkməyi bacardı və beləliklə, axısqalılar bir daha sürgün edildilər.
Axısqa türkləri dünyanın müxtəlif yerlərinə səpələndilər. Azərbaycan isə 1950-ci illərdə axısqalıları qəbul etmiş, onlara öz torpaqlarında yer ayırmışdır.
Axısqalılar təzyiqlər nəticəsində ölkədən qaçmağa başlayanda isə onlara heç yerdə sığınacaq verilmirdi və hamı bu əhalinin Gürcüstana köçürülməsi tələbini irəli sürmüşdü. Bu isə eyni anda iki ölkəyə təzyiq və onların SSRİ-dən asılı olduğunu göstərmək üçün vasitə hesab olunacaqdı.
Türklərin milli hərəkatını sarsıtmaq məqsədilə 1989-1990-cı illərdə növbəti qanlı cinayət törədildi: 23-25 may 1989-cu ildə Özbəkistanın Fərqanə vilayətinin Kuvasa şəhərində, 3-12 iyunda Fərqanə, Margilan və digər şəhər və qəsəbələrdə, 19-21 fevral 1990-cı ildə Buka rayonunda, 2-3 martda Parkənddə türklərə qarşı açıq-aşkar təşkil edilmiş və idarə edilən amansız qətliamlar həyata keçirildi. Axısqa türkləri türk düşməni Qorbaçovun riyakar siyasətinin ilk qurbanlarından oldu. Türklər Özbəkistanı tərk edib, Azərbaycan, Qazaxıstan, Rusiya və digər yerlərə üz tutdu. Gürcüstan hətta Fərqanə faciəsindən sonra da türkləri qəbul etmədi və nəinki qəbul etmədi, 1989-1991-ci illərdə «demokrat» Zviad Qamsaxurdiyanın başçılığı ilə gürcü şovinistləri tək-tük türk ailəsini, hətta özünü «mesx» adlandıranları da yenidən yurdlarından, ölkədən çıxardı. Beləliklə, yarım əsr sonra Özbəkistan və Gürcüstanda axısqalılar ikinci sürgünə məruz qaldılar [3].
Fərqanə faciəsindən sonra Axısqa türklərinin milli hərəkatı xeyli genişləndi: 1989-cu ilin 2 sentyabrında Azərbaycanda Saatlı rayonunun Adıgün kəndində 10-cu qurultay keçirildi; vətənə dönüş məsələsi tam kəskinliyi ilə qoyuldu; həmin ilin 23 sentyabrında Moskvada İzmayılov parkında müxtəlif respublikalardan gəlmiş 526 nümayəndənin iştirakı ilə türklərin ümumittifaq konfransı keçirildi. 1990-cı ilin fevralında Moskvada Axısqa türklərinin sovet və xarici jurnalistlər üçün mətbuat konfransı baş tutdu. Konfransda Qayıdış Müvəqqəti Komitəsinin sədri Y. Sərvərov xalqın qurtuluşunun yalnız Vətənə qayıtmaqda olduğunu bir daha bəyan etdi, bununla faciələrin qarşısının alına biləcəyini qeyd etdi. Müvəqqəti Komitənin katibi T. Aslanov Özbəkistan qaçqınlarının müxtəlif yerlərə səpələndiyini, ağır şəraitdə yaşadığını qeyd edərək bəzi rəqəmləri iştirakçılara çatdırdı: "Smolenskdə 2.311, Kurskda 2.236, Oryolda 3.152, Voronejdə 2.111, Krasnodar, Stavropolda minlərlə türk qaçqını yaşayır, hətta Komi MSSR-də də köçkünlər var. Bu insanlar normal yaşayış şəraitindən, iş yeri və s.-dən məhrum edilib". SSRİ Ali Soveti Mesxeti türkləri komissiyasının işçi qrupunun sədri E.Pain türklərin sovetlərdə yaşaya biləcəyi yeganə yerin onların tarixi vətəni olduğunu qeyd etdi.
1990-cı ilin mayın 8-də Müvəqqəti Təşkilat Komitəsinin sədri Y. Sərvərov və katib Ş. Fəzliyevin imzasıyla gürcü xalqına müraciət qəbul olundu. Türklərin fəallığı, müraciətləri nəticəsində deputat L.A.Qorşkovun sədrliyilə türk-mesxeti əhalisi problemləri üzrə komissiya yaradıldı. SSRİ Ali Soveti 45 ildən sonra nəhayət, 1989-cu ilin 14 noyabrında deklarasiya, 1991-ci ilin 7 martında isə sürgün edilmiş xalqlara qarşı repressiyaların qanunsuzluğu və cinayətkarlığı, onların hüquqlarının bərpası haqqında qərar qəbul edərək Axısqa türklərinə hüquqi bəraət verdi.
SSRI-nin süqutundan sonra bu bölgədəki hər bir ölkə öz müstəqilliyinə nail oldu. Gürcüstan da öz müstəqilliyini qazana bildi. Artıq SSRİ deyə bir məfhum mövcud deyildi. Ortada axısqalıların ana vətənlərinin yerləşdiyi Gürcüstan, SSRİ-nin bütün varisliyini qəbul edən Rusiya dayanırdı və onlarla müzakirələr edilməli idi. Gürcüstan hər cəhdlə Axısqa nümayəndələrini qəbul etməməyə səy göstərirdi [2]. Lakin bu hal uzun çəkmədi. Gürcüstan Avropa Şurasına üzvlük üçün müraciət etdikdə axısqalıların qaytarılması tələbi ilə üzləşdi. La Haye konfransı baş tutdu və Axısqa məsələsi hər üç tərəfin və əlaqəli başqa dövlətlərin nümayəndələri tərəfindən müzakirə olundu. Gürcülərin istəyi əsasında Axısqa türklərinin Mesxetiya türkləri kimi adlandırılması qəbul edildi.
1999-cu ilin aprelində Gürcüstan Avropa Şurasına üzvlük üçün müraciət ünvanladı. Avropa Şurası Gürcüstanın Avropa Şurasına qəbulundan etibarən iki il içərisində Sovet rejimi tərəfindən ölkədən çıxarılan Axısqalıların Gürcüstana inteqrasiyası ilə bağlı qanun çərçivəsinin hazırlanmasını, qanunun qəbulundan əvvəl Avropa Şurası ilə məsləhətləşməsini, Avropa Şurasına qəbulundan etibarən 3 il içərisində vətənə çatdırılma və inteqrasiya müddətinin başladılmasını və axısqalı əhalinin vətənə qaytarılması müddətinin Avropa Şurasına üzv qəbul edildikdən etibarən 12 il içində tamamlanmasını qarşısına şərt kimi qoydu.
Gürcüstan 1999-cu ilin 29 aprelində Avropa Şurasının 41-ci üzvü seçildi, həmin il 20 may tarixində Avropa İnsan Hüquqları Müqaviləsinə, 7 iyul 2002-ci ildə isə Axısqa türklərinin əsas məsələsi olan mülkiyyət hüququ ilə əlaqəli protokola imza atdı [10].
Bütün bunlar axısqalıların vətənə dönüş problemini həll etmək üçün əlverişli zəmin hazırlayır. Amma onlar hələ də Rusiyanın müxtəlif bölgələrində, əsasən də Şimali Qafqaz respublikalarında yaşamağa məcbur olublar. Onların bəziləri Şimali Osetiyaya da pənah gətiriblər.
Bu gün Axısqa türkləri təşkilatlanaraq “Vətən Cəmiyyəti”nin əsasını qoyublar və öz ata yurdlarına dönmək üçün bu “Cəmiyyət”in ayrı-ayrı ölkələrdəki şöbələri bütün səy və bacarıqlarını əsirgəmir [5]. ”Cəmiyyət” Gürcüstan hökuməti tərəfindən irəli sürülən məsələləri müzakirə edir, konkrеt mövqеyini göstərir. Ana vətənlərində kompakt şəkildə yaşamaq onların ən başlıca istəyidir. Çünki dağınıq şəkildə yaşamaq onları bütün siyasi, iqtisadi və mədəni hüquqlardan məhrum еtmək anlamını daşıyır. Onlar sivil dünyanın bütün hüquqlarından yararlanmağa cəhd edirlər. Yarım əsrlik vətən həsrəti bu xalqın dilində bir Vətən yaradıb. Bu vətən onlar üçün Adıgün, Ahıska, Azğur, Ahıl-Kеlеk, Abastuban, Varxan, Zеdiban, Xero və Azərbaycan türklərinin yaşadığı Borçalı, Ağbulaq, Sarvan, Başkеçid, Qarayazı, Qaraçöp sayılır.
Açar sözlər: Axısqa, sürgün, Beriya, Fərqanə, Zviad Qamsaxurdiya, inteqrasiya.
Ədəbiyyat siyahısı:
1. Babək Cahandarov-Paritet.- 2010.- 30 sentyabr-1 oktyabr.- S. 9.
2. Əziz Mustafa "Axısqa türkünün qara taleyi". Zaman-2010, 2-4 oktyabr. S-12
3. Fərqanə hadisələri,"Xalq Cəbhəsi" 2006. S-13.
4. Bəxtiyar QARACA. Axısqanın yanan qəlbi soyumaz. “Azərbaycan” qəzeti. 2015.
5. Elçin Qaliboğlu. Sürgün həyatı yaşamış Axısqa türkləri. "Xalq Cəbhəsi" qəzeti. 2009, 6-8 iyun. S 14.
6. Musa Qasımlı, SSRİ - Türkiyə münasibətləri, C.2, Bakı 2009, ss 337-362
7. http://ek.anl.az/lib/item?id=chamo:73417&theme=e-kataloq
8. http://ek.anl.az/lib/item?id=chamo:32104&theme=e-kataloq
9. https://gadtb.com/aydin-qasimli-axisqa-adigun-v%c9%99-ya-m%c9%99hs%c9%99ti-turkl%c9%99ri
10. https://musavat.com/news/axisqa-turklerinin-pozulan-huquqlari-onlar-oz-vetenlerine-geri-done-bilecekler_774455.html
11. https://muxalifet.az/axisqa-turklrininoz-tarixi-vtnlrin-qayitmaq-ugrunda-mucadilsi-v-yaxud-qrbin-bu-turk-toplumuna-qarsi
Summary
The article discusses the deportation of Akhisga (Meskhetian) Turks from their ancestral homeland of Georgia's Mahsati region to various parts of the USSR and its consequences.
On July 31, 1944, by the decision of the USSR State Defense Committee "№ 6279" (executed on November 14, 1944) 90 538 Akhisga Turks were forcibly deported from Georgia to Kazakhstan (40 thousand people), Uzbekistan (30 thousand people) and Kyrgyzstan (more than 20 thousand people) were exiled to the steppes.
Official Soviet documents state that 92,307 people were deported. Of those deported, 18,923 were men, 27,309 were women, and 45,989 were children under the age of 16. Of those deported, 52,163 were placed in the Uzbek SSR, 25,598 in the Kazakh SSR, and 10,546 in the Kyrgyz SSR. Of those deported, 84,556 were employed in collective farms, 6,316 in state farms, and 1,395 in industrial enterprises.
Towards the end of the Soviet regime, the situation of the Akhiskals became tense again. Almost every part of the USSR has become a hotbed of ethnic conflict. States wanted independence, nations stood up and fought.
In order to shake the national movement of the Turks, another bloody crime was committed in 1989-1990: May 23-25, 1989 in the city of Kuvasa, Fergana region of Uzbekistan, June 3-12 in Fergana, Margilan and other cities and towns, February 19-21, 1990. In Buka district, on March 2-3, in Parkend, open and organized brutal massacres were carried out against the Turks. The Akhisga Turks were one of the first victims of the hypocritical policy of the Turkish enemy Gorbachev.
Today, the Akhisga Turks have organized and laid the foundation of the "Vatan Society", and the branches of this "Society" in different countries do not spare all their efforts and skills to return to their homeland. The Society discusses the issues raised by the Georgian government and shows its concrete position. Their main desire is to live compact their homeland.
Keywords: Akhisga, exile, Beria, Fergana, Zviad Gamsakhurdia, integration
Резюме
В статье рассматривается депортация ахысгинских турок (месхетинцев) с их прародины, грузинского района Махсати, в различные районы СССР и ее последствия.
31 июля 1944 г. по решению ГКО СССР «№ 6279» (расстрелян 14 ноября 1944 г.) 90 538 ахысгинских турок были насильственно депортированы из Грузии в Казахстан (40 000 чел.), Узбекистан (30 000 чел.) и Киргизию. (20 000 чел. более тысячи человек) были сосланы в степи.
Официальные советские документы утверждают, что было депортировано 92 307 человек. Из депортированных 18 923 мужчины, 27 309 женщин и 45 989 детей в возрасте до 16 лет. Из депортированных 52 163 человека были размещены в Узбекской ССР, 25 598 - в Казахской ССР и 10 546 - в Киргизской ССР. Из депортированных 84 556 человек работали в колхозах, 6 316 — в совхозах и 1 395 — на промышленных предприятиях.
К закату советской власти положение ахыскалов снова обострилось. Почти каждая часть СССР стала очагом этнических конфликтов. Государства хотели независимости, нации встали и сражались.
С целью расшатать национальное движение тюрков в 1989-1990 годах было совершено еще одно кровавое преступление: 23-25 мая 1989 года в городе Куваса Ферганской области Узбекистана, 3-12 июня в Фергане, Маргилане и других городах и города, 19-21 февраля 1990 г. В Букинском районе 2-3 марта в Паркенде были совершены открыто организованные и контролируемые жестокие расправы над турками. Турки-ахысги стали одной из первых жертв лицемерной политики турецкого врага Горбачева.
Сегодня тюрки-ахысга организовали и положили начало «Обществу Ватан», и отделения этого «Общества» в разных странах не жалеют всех своих сил и умений, чтобы вернуться на родину. Общество обсуждает вопросы, поднятые правительством Грузии, и показывает свою конкретную позицию. Главное их желание – компактно жить на родине.
Ключевые слова: Ахысга, ссылка, Берия, Фергана, Звиад Гамсахурдия, интеграция.