QARABAĞ XANLIĞINDA İNZİBATİ BÖLGÜ VƏ BƏZİ MAHALLARIN “MƏLİKLİK” ADLANDIRILMASI HAQQINDA

Post image

Qorxmaz Mustafayev
Azərbaycan Dillər Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru

E-mail: [email protected]

Qarabağ xanlığı yarananda Əfşarlar sülaləsinin idarə etdiyi Qızılbaş dövləti son illərini yaşayırdı. Mərkəzi hakimiyyət uğrunda mübarizə keçmiş imperiyanın bir-birinə düşmən olan qüvvələrini müxtəlif cəbhələrdə birləşdirmişdi. Belə qarışıq bir zamanda Pənah xan keçmiş Qarabağ (Gəncə) bəylərbəyiliyinin bir hissəsində kiçik feodal dövlət olan xanlığını yaratdı. Ölkənin xanlıqlara parçalanması təqdirəlayiq hal deyil, ancaq tarixi reallıq belə idi.
Nadir şahın hakimiyyətindən əvvəl mövcud olan Qarabağ (Gəncə) bəylərbəyiliyinin keçmiş inzibati quruluşu haqqında Osmanlı mənbələri məlumat verir. 1725-ci ildən sonra Qarabağ (Gəncə) bəylərbəyiliyi Osmanlı qoşunları tərəfindən tutulanda, bəylərbəyiliyin Qarabağ ərazisinə düşən aşağıdakı mahallar qeyd edilmişdir: Şütürbasan nahiyəsi, Bərdə nahiyəsi, İncərud nahiyəsi, Sir nahiyəsi, Bayad nahiyəsi, Xaçın nahiyəsi, Çələbiyurd nahiyəsi, Keştək nahiyəsi, Vərəndə nahiyəsi, Dizaq nahiyəsi, Köçəz nahiyəsi, Zarıs nahiyəsi, Keştasf nahiyəsi, Həkəri nahiyəsi, Bərgüşad nahiyəsi, Çuləndər nahiyəsi, Arasbar qəzası, Talış nahiyəsi, Gülüstan nahiyəsi, Yevlaq Qaramanlı nahiyəsi [2]. Eyni zamanda bu qəza və nahiyələrdə Cavanşir, Otuziki tayfasının oymaqları, Kəbirli, Kəngərli, Ətyeməzli, Püsyan və Qaraçorlu camaatı yaylayıb qışlayırdı [2].
Nadir şahın hakimiyyəti illərində keçmiş Qarabağ (Gəncə) bəylərbəyiliyinə tabe olan mahalların bəziləri ləğv edilmiş, bəziləri isə bəylərbəyilik daxil, birbaşa Təbrizə, Azərbaycan bəylərbəyiliyinə tabe etdirilmişdi. Tarixçi tədqiqatçıların da qeyd etdikləri kimi Muğan qurultayından sonra “ Nadir şah İbrahim xanı Azərbaycan bəylərbəyi və Azərbaycan sipəhsaları elan etdi” [5, 650]. Göründüyü kimi Qızılbaş dövlətinin ən vacib və bərəkətli bölgəsini qardaşına həvalə edən Nadir şah Azərbaycana böyük önəm vermişdir. Artıq keçmiş Azərbaycan bəylərbəylikləri, Kartli-Kaxet xanlığı (çarlığı) bir bəylərbəylikdə, yaxud vilayətdə birləşdirilir: “bütün Cənubi Qafqaz və İran Azərbaycanı onun hakimiyyəti altına verildi” [5,650].
Qarabağ xanlığı eyniadlı bəylərbəyiliyin əsas hissəsində yarandı, digər hissəsində isə Gəncə xanlığı yaranmışdı. Pənah bəy xanlığı quranda Qarabağ ərazisində əvvəlki idarəçilik hökm sürürdü. Bu xanlığın digər xanlıqlardan fərqi o idi ki, həm mərkəzi şəhəri yox idi, həm də idarəçilik institutuna malik deyildi.
Azərbaycan tarixşünaslığında Qarabağ xanlığı yaranan zaman Pənah xana müqavimət göstərən qüvvələri əsasən “məlik”lər, “məliklik əhalisi” kimi göstərilir. Ancaq həmin dövrün hadisələrini qeyd edən M.Adığözəl bəy “Qarabağnamə” əsərində yazır: “Cavanşir və Otuz-iki əhalisinin ürəklərində ədavət alovu şölələndi və beyinlərinə kin havası hücum etdi. Onlar həmişə bu dövlətin yox olması uğrunda son dərəcədə səy və qeyrət edirdilər” [3,34]. Bu məlumatlardan görünür ki, Pənah xana qarşı müxalif olanlar, mərkəzi hakimiyyətə “sədaqət”ini qoruyub saxlayan qüvvələrlə bərabər, əsasən yerli Cavanşir və Otuziki tayfası və onlara bağlı elatlar olmuşdur. Xristian əhalinin yaşadığı mahalların əhalisini isə adı çəkilən tayfalar özlərinə həmrəy etmişdilər, əslində mahalın xristian türkləri Cavanşirlərlə, Otuzikilərlə birgə fəaliyyət göstərirdilər. “Qarabağnamə”dən də göründüyü kimi “onlar Xəmsə məliklərini də özlərinə həmməslək və müttəfiq etmişdilər” [3,34]. Azsaylı xristian əhali ayrılıqda müqavimət göstərmək gücündə deyildi, onlar Qarabağın Pənahəli xana müxalif tayfalarına, Şəki xanlığına və Gəncə xanlığına arxalanırdılar. Qarabağdakı xristian türklərin gücünü şişirtmək, onları “erməni” kimi qələmə vermək çar dövrü və sovet dövrü Rusiya tarixşünaslığında qırmızı xətlə keçmiş, eyni fikirlər Azərbaycan tarixşünaslığında da təkrar olunubdur. M. Adıgözəl bəy əsərində bir daha Pənah xanın dilindən “Cavanşir və Otuz-iki elatı yağı, Xəmsə məlikləri də mənə düşməndir” deyə ona müxalif olan daxili qüvvələri bir daha xatırladır [3,35].
Nadir şahın sui-qəsd nəticəsində öldürülməsindən sonra ölkədə yaranmış hərc-mərclikdən hərə bir şəkildə istifadə edirdi. Pənah bəy xanlıq yaradıb xan olmuş, Nadir şahın əmrilə Azərbaycan (Təbriz) əyalətinə tabe olan mahal naibləri itaətdən çıxmağa meyllənmişdilər. Bəs Pənah xan hansı tayfalara arxalanırdı və hansı əraziləri öz dövlətinə daxil etmişdir? M.Adıgözəl bəy Qarabağ vilayətinin əsl əhalisi haqqında yazır: “Qarabağ vilayətinin əsl elatı, kənd əhalisindən başqa, Cavanşir, Otuz-iki və Kəbirlilərdir.” Demək “kənd əhalisi” yerli əhali sayılırdı, ancaq mənbələrin araşdırılması onların da bəzilərinin gəlmə olduqlarını göstərir. Pənah xan elata, əsasən Kəbirli elatına daha çox arxalanırdı. Bu elat Qarabağın “əsl elatı” sayılırdı. Qarabağın əsl elatları içərisində Cavanşir və Otuz-iki elatlarına etibar etməyən Pənah xan digər vilayətlərdən də elatları dəvət etmiş, yaxud onlar “xanın ədalət, şövkət və təntənəsinin sədasını eşidərək” onun “dövlətinə pənah gətirmişdilər” [3,36]. Bu elatlara Kəngərli, Dəmirçi Həsənli elləri, Cinni tayfası daxil idi. Pənah xanın qurduğu dövlətin ərazisi, əvvəllər mərkəzi Gəncə şəhəri olan Qarabağ (Gəncə) bəylərbəyiliyinin ərazisi idi. İlk növbədə bu ərazilərə sahiblənmək üçün addımlar atıldı. Gəncə hakimlərinə aid “Xüdafərin körpüsündən Kürək çayına qədər olan yerləri” öz əlinə keçirən Pənah xan dövlətinin sərhədlərini genişləndirməkdə davam edirdi [3,36]. Mənbələrdə hansı mahalın, hansı ərazilərin daha tez Qarabağ xanlığına qatıldığı qeyd edilməsə də, M.Adıgözəl bəyin sıralamasına istinad etdikdə belə başa düşmək olar ki, ilk olaraq “Mehri, Güney mahalları” Qaradağ xanından, sonra “Tatef və Sisyan mahalları” Naxçıvan xanından, “Zəngəzur və Qapan mahallarını Təbriz bəylərbəyisindən”, “Kolanıların məskəni olub, Uşacıq kəndindən Göyçə sərhəddinə qədər uzanan Tərtər çayı sahilindəki yerləri İrəvan” xanından almışdır. Araz çayından Kürək çayına qədər olan ərazilərin ələ keçirilməsi ən sonda qeyd edilsə də, həmin ərazilərin böyük hissəsinin ilk olaraq ələ keçirilməsi xanlığı tarixində də görünür. Çünki xanlıq ilk olaraq Araz-Tərtər çayları arasında qurulub, sonradan ərazisi genişləndirilib. A.Bakıxanov yazır: “Pənah bəy İbrahim Xəlil oğlu Cavanşir ... əvvəlcə Bayat və daha sonra Tərnaut qalasını bina etdi” [1,184]. O, M.Adığözəl bəyin qeydlərini təkrarlayır: “Xüdafərin körpüsündən başlayaraq Kürək çayına və Bərgüşad mahalına qədər yerləri ələ” keçirən Pənah xan Qaradağ hakimlərinin əlində olan Mehri və Güney mahallarını, “Naxçıvana aid Tatif və Sisyanı, İrəvana aid Tərtər Kolanını və Təbrizə aid olan Zəngəzur və Qapanı tutdu” [1,184]. Buradan da görünür ki, xanlıq Qarabağın düzən və dağətəyi zonalarında yaranmış, sonra da Pənahabad qalasının tikilərək Şuşa şəhərinin salınması ilə xanlığın ərazisi dağlara doğru genişləndirilmişdir.
Xanlığın tərkibinə daxil olan yaşayış məskənlərində yaşayan əhali əsasən müsəlman türklərdən ibarət idi, ancaq dağətəyi ərazilərdə azsaylı xristian türklər və Şirvandan gəlmə udinlər də yaşamışdır. Bu xristian əhali Ağa Məhəmməd şah Qacarın yürüşləri ərəfəsində və Rusiyanın işğalından sonra qaçıb dağıldı, əksəriyyəti İslam dinini qəbul etdi. Qarışıqlıq zamanında qaçıb dağılmış və İslam dinini qəbul etmiş xristian türklərin kəndlərinə Qacar və Osmanlı dövlətlərindən erməni haylar köçürüldülər. XIX yüzilliyə qədər əksər hallarda dini mənsubiyyəti bildirən “erməni” sözünü haylar etnik ad kimi mənimsədilər. Bununla da qədimdən burada yaşayan, uzun əsrlər boyu tədricən xristianlıqdan müsəlmanlığa keçən türk əhalisinin mədəni dəyərləri oğurlandı. Bölgəyə yad olan ünsürlər oğuz və qıpçaq türklərinin xristianlıq dövrünə aid olan mədəniyyətə sahibləndilər. Məqsədli şəkildə Rusiyada və Avropa dövlətlərində çap olunan əsərlərdə buranın xristian mənsəbli köklü əhalisini “erməni” adlandırdılar. Rusiya dövləti tərəfindən mahalların xristian əhalisini etnik “erməni” kimi qələmə verdilər, XIX yüzillik tarixçilərimiz bu fikirləri əsərlərində “sənədləşdirdilər” [1,184].
Mxitaristlərin “redaktəsi” ilə çap olunan çamçiyanların əsərlərindən geniş şəkildə istifadə edən A.Bakıxanov da “Gülüstani-İrəm” kimi qiymətli əsərində ermənilərlə bağlı məsələlərdə həmin əsərlərin təsiri altında olduğu görünür [1]. Əlavə araşdırmalar aparmadan məliklik əhalisini “erməni” adlandıran XIX yüzillik tarixçilərimiz bizə miras qoyduqları əsərlərindəki təhriflərilə yanlış araşdırmalarımıza səbəb oldular. Biz də onların ardıclıları kimi gəlmə erməni haylarla, “erməni” adlandırılan alban türklərini bir-birindən ayırmadıq və təbliğatımızda onlara “yardımçı” olduq.
M.Adıgözəl bəy qismən, yaxud əsasən əhalisi xristian məzhəbli olan mahalların naibləri haqqında dolğun məlumat verir. “Qarabağnamə”də Dizaq mahalının naibi məlik Yeqanın Loridən qaçıb gəldiyi və Nadir şah tərəfindən mahal naibi təyin edildiyi qeyd edilir [3,36]. Vərəndə naibi olan məlik Şahnəzərlilərin isə Göyçədən gəlmə olduqları, xanın yanında “etibar sahibi” olduqları göstərilir [3,36]. Xaçın mahalının naibləri Həsən Cəlal övladlarından olmuş və “bu ailə məliklik mənsəbindən məhrum olduqdan sonra” Pənah xana sədaqəti ilə fərqlənən xınzırıstanlı Mirzəxan məlik təyin edilmişdir. Ondan sonra isə növbə ilə oğlu Allahverdi və nəvəsi Qəhrəman məlik təyin edilmişdir [3,36-37]. Çələbiyurd (Çiləbörd) mahalının naibi Allahqulunun nəsli isə Mağavizdən gəlmə olmuşdur. Allahqulu Qızılbaşlar tərəfindən “Osmanlı sərəskəri Köprülü oğlu Abdullah paşa”ya qarşı müharibədə “sücaət” göstərdiyi üçün Nadir şah ona “sultanlıq” rütbəsi vermişdir [3,37]. Talış mahalının naibi Usubun əsli Şirvandan gəlmə olub, “Talış kəndində sakin olmuş”dular. Məlik Usub “Gülüstan qalasını zəbt” edəndən sonra orada məskunlaşmışdır [3,37].
Çavanşir və Otuz-iki elatının Pənah xana qarşı düşmənçiliyində elat tərəfi tutanlardan biri olan Yeqan övladlarından Dizaq mahalının məliyi xana qarşı çıxmış və məğlub edilmişdir [3,37]. Vərəndə məliyi Şahnəzər Pənah xanla qohum olmuş, qızını onun oğlu İbrahim bəyə ərə vermişdir. Pənah xan, sonra da İbrahim xan Şahnəzər və onun oğlu Cəmşidə hörmətlə yanaşmışdır [3,38]. Ancaq Şahnəzərin nəvəsi Ulubab “Xaçında müxtəlif kəndlərdən və ayrı-ayrı qəsəbələrdən qoşun adı ilə dələduzları cəm edib” Ballıqayada üsyan qaldırmışdı [3,38]. Pənah xan onları məğlub edib özünə tabe etmişdir.
Pənah xanın hakimiyyətinin ilk illərində Qızılbaş dövlətində mərkəzi hakimiyyət uğrunda mübarizədə qalib müəyyən edilmədiyindən bəzi mahal və elatlar yeni xanın hakimiyyətini tanımaq istəmirdilər. Keçmiş hakimiyyət tərəfindən “təltif edilmiş” bəzi naiblərin hərəkətində meydan oxuma hiss olunurdu. Belə təəssürat yaradanlardan biri Allahqulu sultan olmuşdur. Məlumatlardan görünür ki, Nadir şah tərəfindən “sultan” tituluna layiq görülən Çiləbörd məliyi Allahqulu sultan Ağoğlanda olduğu zaman Pənah xanla görüşmüş və onun hərəkətləri xanda şübhə yaratmışdır. Pənah xan, “Naxçıvan hakimi Heydərqulu xan”ın məsləhəti ilə “Allahqulu sultanı öldürt”müşdür [3,38]. Allahqulunun ölümündən sonra qardaşı Hətəm Çələbiyurd məliyi olmuş, Pənah xana itaətdən boyun qaçırmışdır. O, talışlı Usuba əmisinin öldürüb məlik olmasında yardım etmiş, sonra da birlikdə “Çermux qalası”na çəkilib düşmənçilik etmişdilər [3,38]. Əslində isə Gəncə və Şəki xanına arxalanan Məlik Hətəm və məlik Usub 4 il Pənah xana qarşı müqavimət göstərmiş, ona qarşı vuruşan qüvvələrə yol göstərmişdir [3,38]. Artıq bütün qonşu xanlar da Pənah xanın hakimiyyətini tanımağa məcbur olandan sonra Gəncə mahalına qaçan məliklər əhalisi ilə birlikdə 7 il Şəmkir tərəflərdə “zillət”lə yaşamışdılar [3,39].
Yuxarıda da qeyd etdiyimiz kimi, Rusiya və Avropa dövlətlərində çap olunan tarixi ədəbiyyatlarda məqsədli şəkildə Azərbaycanın yerli xristian əhalisini “erməni” adlandırıblar. Qarabağın xristian alban türklərinin “erməni” kimi qələmə verilməsi Eçmiədzin katolikosluğunun fəaliyyəti ilə başlamış, sonralar İsrail Ori və həmfikirlərinin yazışmalarında intensiv xarakter alır. Azərbaycandakı qeyri-müsəlman əhali haqqında məlumat verən əksər mənbələrin tərcüməsində “xristian”, “məsihi” sözləri “erməni” kimi tərcümə edilmiş, tədqiqatçıları da çaşqınlığa salmışdır. Mənbələrdə Qarabağda yaşayan xristian əhali haqqında məlumat verilərkən onlar “erməni” kimi qeyd olunmur, “qeyri-müsəlman”, yaxud “xristian” əhali kimi xatırlanırlar. Çünki buradakı xristian əhali elat türkləri kimi yaylağa-qışlağa gedir, müharibə olarsa hər evə bir əsgər verir, öz aralarında türkcə danışırdılar. Yəni burada yaşayan xristian əhalinin ermənicə danışması haqqında heç bir məlumat yoxdur, kilsələrdə erməni əlifbası ilə ermənicə yazılan saxta məktublardan xalqın əksəriyyəti xəbərsiz idi. Qarabağın xristian əhalisinin türkcə danışmasını sübut edən amillərdən biri də yer-yurd adlarıdır. Qeyd etdiyimiz kimi Qarabağa gəlmə erməniləri çıxmaq şərti ilə yerli xristian alban (ağvan) türkləri digər müsəlman türklərdən dilləri və adət-ənənələri ilə (dini baxışlarını, xristianlıq ənənələrini çıxmaq şərtilə) fərqlənmirdilər. XIX yüzillikdə Rusiya tərəfindən Azərbaycanın şimal torpaqları işğal olunduqdan sonra xristian əhalini qeydsiz-şərtsiz “erməni” kimi qeyd etdilər və əvvəlki qeyri-müsəlman əhalinin yerinə köçürülən ermənilər “qədimlik statusu”nu əldə etdilər. XIX əsr sayım sənədlərində bəzi xristian türk elatının əhalisinin “erməni elatı” kimi qeyd edilməsinə rast gəlirik. 1823-cü il sayımında Kolanı mahalına aid sayı 9 ailədən ibarət Aqmaxi (Ağmahi) əhalisini buna misal göstərmək olar [7, 238].
Qarabağdakı xristian türklərin naibləri, yaxud məlikləri özlərini əvvəlki hakimiyyətə sadiq kimi göstərirdilər. Onların yeni hakimiyyət quran Pənah xana qarşı çıxmaları öz gücləri və iradələri hesabına deyildi, “Qarabağnamə”də də deyildiyi kimi müxalif “Cavanşir, Otuz-iki” və mərkəzi hakimiyyətin güclənəcəyinə inamı olan qüvvələrlə həmrəyliyinin nəticəsi idi [3,33]. Bir çox tayfaların Pənah xanın hakimiyyətini qəbul etməsindən sonra, düşmənçilikdə çox irəli getmiş və təkləndiklərini görən Çələbiyurd məliyi Hətəm və Gülüstan (Talış) məliyi Usub qorxusundan tabeçiliyindəki əhalinin də müəyyən hissəsini götürüb başqa vilayətə, Gəncə xanının hakimiyyətinə sığınmışdılar. Məliklərinin səbatsızlığı səbəbilə yurdlarından olan xristian türklərin böyük hissəsi qaçqınçılıqda İslam dinini qəbul edir və sonrakı yaşam tərzlərində müsəlman türklərdən heç nə ilə fərqlənmirdilər. Bəzilərinin də səhv anladığı kimi yenicə müsəlman olan əhali etnik erməni deyil türk əhali idi, sadəcə olaraq dinlərini dəyişmişdilər.
Osmanlı dövləti tərəfindən 1725-1727-ci illərdə “vergiləri nizamlamaq məqsədilə” tərtib olunan “Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri”ndəki qeydlər yuxarıda qeyd etdiklərimizə şahidlik edir [2,4]. Hesab edirəm ki, əhalisinin siyahıya alınmasında bəzi qeydlərə əhəmiyyət verməmiş, onları düzgün təhlil etməmişik. Siyahıyaalmalarda “qeyri-müsəlman” yazılan əhalini də “erməni”, “erməni mənşəli” şəklində oxucuya çatdırmış, məsələni daha da qəlizləşdirmişik. İnzibati ərazilər, onların sərhədləri, əhalisi haqqında məlumat verən bu sayım sənədini bir daha təhlil edən zaman görürük ki, bir çox yaşayış məskənlərində İslam dinini qəbul etmiş türklərlə, hələ də xristianlığını qoruyub saxlayan türklər bir arada yaşayır. Əsarət altında olduğumuz çar və sovet hakimiyyəti illərində xristian əhalinin ancaq ermənilərdən ibarət olması fikri beynimizə elə doldurulub ki, hələ də onun təsiri altından çıxa bilmirik. Ancaq sənədlər maraqlı faktları ortalığa çıxardır. “Müfəssəl dəftər”də əksər nahiyələrin qeyri-müsəlman əhalisinin etnik mənsubiyyəti açıq izah olunmamış, “xristian”lıq “erməni”liklə qarışdırılmışdır. Dağətəyi kəndlərdə islamlaşma zəif getsə də düzən ərazilərdə artıq əhalinin əksəriyyəti islam dinini qəbul etmiş və sonuncu xristian ailələr də keçid dövrünü yaşayırdılar. “Müfəssəl dəftər”də Yevlax Qaramanlı nahiyəsinin Bük kəndində vergi verən əhali içərisində 16 nəfər müsəlman, 3 qeyri-müsəlman, Qumlaq kəndində 50 müsəlman, 3 qeyri-müsəlman yaşadığı qeyd edilir [2,180-181]. Əhalinin İslama keçidi bəzi kəndlərdə sürətli olsa da, bəzi kəndlərdə zəif gedirdi. Bərdə nahiyəsində “Sarı çayının kənarında” yaşayan camaatın bir hissəsi İslamı qəbul edib “Kiçik Sarı...” adlı kənd yaratmış, digər hissəsi isə “Sarıbəy” adı ilə hələ də xristianlığı saxlayırdı [2,284-285]. Qaramanlı oymağının Bıçaqlı camaatı içərisində 4 nəfər qeyri-müsəlman qeydə alınmışdır [2,288-289]. Bu siyahılarda müsəlman etiqadlı əhli içərisində qeyd etdiyimiz qeyri-müsəlmanlar nökər, xidmətçi qismində də ola bilərdilər, ancaq əksəriyyətinin İslam dininə keçmiş həmkəndlilərinə aid olduqları verdikləri “ispəncə” vergisindən də aydın olur. Yəni “ispəncə” vergisi də “bennak və subay vergisi” kimi kəndlərin vergi vermək qabiliyyəti olan sakinlərindən alınırdı. Mövsümi işçilər olan nökər və xidmətçilərdən vergi alınması haqqında “müfəssəl dəftər”də məlumatlar verilmir. Bərdə nahiyəsinə aid Adəmabad kəndinin siyahısı dediklərimizi bir daha təsdiqləyir. Bu kəndin sakinlərindən “Allahverdi Avak oğlu, (Allahverdinin) qardaşı Ağalı, Arakel Akop oğlu, Arakelin oğlu Yaqub”un İslam dininə yenicə keçdikləri onların ödədiyi “bennak və subay” vergisindən də görünür [2,297-298]. Bərdə nahiyəsinə aid olub, Tərtər çayı sahilində olan Gücnü kəndində 4 müsəlman, 7 qeyri-müsəlman olmuş, kənd İslam etiqadına keçid mərhələsində idi [2,301]. Kəndin müsəlman olan sakinlərindən vergilərin alınmamasını şirnikləndirmə, yaxud o zamanın şərtlərinə aid olduğunu tam deyə bilmirik, ancaq son nəticənin müsəlmançılığı qəbul etmək olduğunu söyləyə bilərik. “Müfəssəl dəftər” qeydə alındığı illərdə Bərdənin Zümürxaç kəndində yaşamış xristian türklərin artıq İslam dininə keçdiyini görürük. Kəndin 3 vergi verən sakininin “bennak və subay” vergisi verdiyini, ancaq adlarının hələ də xristian mənşəli (Makar, Sarkis Haqnəzər oğlu, Xacum) olduğu dediklərimizi sübut edir [2,302]. Bu siyahını uzatmaq da olar, ancaq əsas məqsədimiz odur ki, qeyd etdiyimiz XVIII yüzillikdə İslama keçid prosesinin davam etdiyini diqqətə çatdıraq. Bu dövrdə Qarabağın xristian türklərin yaşadığı kəndlərdə müsəlmanlaşma prosesini Rusiyanın işğalçılıq siyasəti də sürətləndirdi. Qızılbaşlarla bir çərgədə Rusiyaya qarşı vuruşan yerli xristian türklər imperiyanın təzyiqlərindən qaçıb dağıldılar və islamı qəbul etmələri sürətləndi.
Qeyd etdiyimiz kimi bölgənin xristian əhalisinin əsas hissəsi türklərdən ibarət idi. Yəni onlar xristian etiqadlı olub türk dilində danışırdılar. General Yermolovun Mədətovla yazışmalarında Qaladərəsi kəndi ilə bağlı deyilənlər buna misal ola bilər [4]. Çar məmurlarının yazışmalarından aydın olur ki, yerli xristian əhali Qızılbaşlarla birlikdə ruslara qarşı vuruşmuşdur. Yermolov sərəncam verir ki, “bizə qarşı vuruşan” və “qızılbaşlara kömək” etdikləri üçün Qaladərəsi kəndini xəzinəyə daxil etmək lazımdır [6,870]. Mənbələrdən də göründüyü kimi Qaladərəsi kəndi Xan ailəsinə mənsub olduğu üçün 1823-cü il sayımları zamanı xəzinəyə daxil edilməmişdir. Ancaq bütün xristian əhalinin yaşadığı kəndlər kimi rus məmurları tərəfindən “erməni kəndi” kimi qeyd edilmişdir [8,20]. Yermolovun və Mədətovun göstərişilə kəndin köklü xristian mənşəli türk əhalisi didərgin salındı və yerində köçürmə ermənilər yerləşdirildi. Hətta vəziyyət elə gətirmişdi ki, Mədətov müsəlman mahallarının bəylərini, yaxud naiblərini köçürüb gətirdikləri erməni haylardan seçirdi [6,867-869].
Beləliklə XVIII yüzillikdə Qarabağdakı xristian əhalinin müsəlmanlaşması sürətləndi və Rusiya imperiyasının işğalı ərəfəsində demək olar ki, yekunlaşdı. Qaçıb dağılmış və İslamı qəbul etmiş xristian türklərin əvvəlki məskənlərində yeni köçürülən ermənilər məskunlaşdırıldılar. Dinini etnik mənsubiyyətindən vacib sayıb İslamı qəbul etməyən, öz əvvəlki kəndlərinə qayıdan tək-tük xristian ailələri isə kütləvi şəkildə köçürülən erməni hayların içərisində əridi, yaxud Gürcüstana və ya Rusiyaya getdilər. Köçkün erməni haylar isə artıq türklərin ibadət etmədikləri vənglərin böyük əksəriyyətinə sahibləndilər, özlərini bölgənin qədim sakinləri kimi qələmə verməyə başladılar. Əslində isə onların buna heç bir haqqı yoxdur, çünki XVIII yüzilliyin əvvəllərinə aid siyahıyaalınmalarda qeyd olunan bölgənin xristian etiqadlı əhalisinin 95-97 faizi müsəlmanlaşmış, 3-5 faizi isə qaçıb xaricə getmiş, yaxud erməniləşmişdir. Son mərhələdə İslamı qəbul etmiş 95-97 faiz əhali Qarabağda yaşamış və onlar bölgənin əsas əhalisini təşkil ediblər. Bölgənin aborigen əhalisi aranlı-dağlı Qarabağda, qismən Göyçə-Zəngəzurda yaşayan türk əhalisidir ki, onların İslama keçid dövrü VII-VIII yüzillikdən başlamış və XVIII-XIX yüzillikdə də başa çatmışdır.

Açar sözlər: Qarabağ xanlığı, mahal, məlik, naib.

Ədəbiyyat siyahısı
1. Bakıxanov A. Gülüstani-İrəm, Bakı: “Xatun Plyus”, 2010.
2. Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri. Bakı: “Şuşa” nəşriyyatı, 2000.
3. Qarabağnamələr. Bakı: Yazıçı, 1989.
4. Mustafayev Ə. Tarixi yalan və Qarabağ faciəsi // “Qarabağ dünən, bu gün və sabah” 10-cu elmi-əməli konfransının materialları. Bakı, 2011, səh.67
5. Süleymanov Mehman. Nadir şah. Tehran, 2010.
6. Акты, собранные Кавказской археографической комиссией. В 12-и тт. / Под ред. А. Берже. Т.VI, Тифлис: Типография Глав.Управ. Наместника Кавказа, 1874.
7. Описание Карабагской провинции, составленное в 1823 году, по распоряжению главноуправлявшаго в Грузии Ермолова, действительным статским советником Могилевским и полковником Ермоловым 2-м, Тифлис-1866.
8. Описание Карабагской провинции. Тифлис,1866. Переиздан. Баку, 2003.


Administrative division at Karabakh khanate and about some mahals which were
called “melikdoms”

Gorkhmaz Mustafayev
Associate professor of Azerbaijan University of Languages, PhD in History
[email protected]

Summary
The article re-examines some points in the process of establishment of the Karabakh khanate. Approached from a different point of view to the political and administrative situation, transition from old political-administrative structure to the new, reorganization of mahals, forces that do not want to obey the newly formed khanate in the early period of the khanate.
Special attention was paid to mahals’ naibs of Mahals in which Christian people lived whom named “maliks”. It was noted that Christian turk and udin of the region known as "albanian" was unfairly portrayed as “armenian”.

Keywords: Karabakh khanate, mahal, melik, naib.

Об административном делении Карабахского ханства и именовании некоторых
махалов на "меликства"

Горхмаз Мустафаев,
доктор философии по истории, доцент Азербайджанский Университет Языков
[email protected]

Резюме
В статье рассматриваются некоторые аспекты становления Карабахского ханства. В начальный период ханства политическая и административная ситуация, переход от старого политико-административного устройства к новому, реорганизация махалов, деятельность сил, не желающих подчиняться новому ханству, рассматривались по -разному.
Особое внимание было уделено деятельности так называемых махалских наибов, проживающих в махалах населенных христианами. Было отмечено, что турки-христиане и удины, известные как “албанское” население региона, несправедливо записаны как “армяне”.

Ключевые слова: Карабахское ханство, магалы, мелики, наибы.