İnternet inkişafının submədəniyyətə təsiri

Post image

Lalə İbadullayeva
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun magistrantı

E-mail: [email protected]

Submədəniyyət “daha geniş cəmiyyət içərisində bir qrupun riayət etdiyi xüsusi standartlar və davranış nümunələridir”.[4,106] Bir çox alimin fikrinə görə, submədəni halın mövcudluğu ibtidai cəmiyyətlərdə belə mövcud idi. Keçmişdən günümüzədək inkişaf edən submədəniyyət faktoru, xüsusilə, II dünya müharibəsindən sonra daha da aktiv şəkildə özünü büruzə verdi. Bu dönəmdə olan əsaslı dəyişimlər, 60-cı illərdəki “qızıl dövr” ən çox da gənc submədəniyyətlərinin inkişafında əsaslı şərait yaratdı. “Submədəniyyət” faktoru haqqında danışdıqda, araşdırmaçılar, xüsusilə, “gənclik” kateqoriyasına diqqət cəlb edirlər. İbtidai cəmiyyətlərdən bəri həyatımızda olan qanun budur ki, uşaq, yetkinliyin ilk mərhələsi olan gəncliyə olan addımında həyatına xüsusi funksiyalar əlavə edir. Bu funksiyalar da onun sahib olduğu mədəni və submədəni mühitə əsaslanır.
Yeni əsrə keçid zamanı submədəniyyət anlayışı əsasında “həyat tərzi” anlayışı daha da cəmiyyət arasında yayılan bir ifadəyə çevrildi. Ətrafımızdaki bir çox insan, “submədəniyyət” sözündən daha çox, “həyat tərzi” anlayışına fokuslanır. Bu anlayış nəinki, cəmiyyətdə, həmçinin, bir sıra alimlər tərəfindən də məqbul hesab edilir. Belə ki, Steven Mayls və Endi Bennet submədəniyyət anlayışından böyük narazılıq göstərir və bunun əvəzinə 'həyat tərzi' konsepsiyasını hazırlamağa çalışırdılar. [10,13] E. Bennet hətta, Maffesoli kimi sosial qrupları müvəqqəti birləşən qruplar kimi görür və əsasən, şəhər mühitinə xas olan qruplar kimi şərh edirdi. [2] S.Mayls və E. Bennet gənclərin sosial mühitdə istehlakçılığa əsaslanaraq, öz mühitlərində həm yerli, həm qlobal strategiyalar vasitəsilə, yeni həyat tərzləri yarada bildiklərini ifadə edirdilər. Yəni, hər hansı bir gənc, sahib olmaq istədiyi həyat tərzi üçün, istənilən sayda istehlak faktorundan istifadə edərək, həmin mühiti özü üçün yarada bilər. Bəzi gənclik tədqiqatçıları fərqli həyat tərzi və seçimlərini izah etməyə çalışmaq üçün neo-tribalizm konsepsiyasına müraciət etdilər. Keçmişdəki sinif əsaslı gənclik mədəniyyətlərinin əksinə olaraq, müasir gənclik mədəniyyətlərinin daha keçici, fərdi həyat tərzi və istehlak üstünlükləri ətrafında təşkil edildiyi irəli sürülmüşdür.[11,63] Yəni, artıq fərd öz həyat stilini qurmaq üçün onun “gözünə xoş gələnləri” həyatına ya “əlavə edir” ya da rahatlıqla “ata bilir”. Bu cür halların yaranmasında da ən güclü faktor internetin inkişafı oldu. Gənclər artıq sahib olmaq istədikləri həyatların ilk öncə izləyicisi, sonra istehlakçısı, daha sonra ənənəvi nümunəsi olmaq kimi bir sıra pillələri keçir.
Yeni yaranan və ya indiki zamanda mövcud olan, yəni müasir submədəniyyətlər əsasən, Y və Z nəsli gənclərinin yaradıcılıq və sosiallığı çərçivəsində formalaşdı. Əgər, onları internet istifadələrinə görə təsnifatlaşdırsaq,
1. Oyunçu (Gamer) : Şahmatçı, Konsul oyunçusu, Kompüter oyunları oyunçusu, dünya görüşü oyunçusu (milyonçu)
2. Z - nəsli ( özlərinə Qərb yönümlü və ya Beynəlxalq kimi də adlandırırlar : Fərqli dilləri öyrənənlər və onları beynəlxalq sferada inkişaf etdirənlər, kompüter kodlama (cyberculture) - a uyğunlaşaraq, bundan 10 il öncəki araşdırmadan [1, 145] fərqli olaraq, bir çoxunun həyatının bir parçasına çevrilməsi, Minimalism fəlsəfəsi
3. İnternetin fəal istifadəçiləri : İnternetdə öz bildiklərini və həyat tərzlərini istehlakçının rek­lam funksiyasına əsaslanaraq, yayımlayaraq fəaliyyətlərini davam etdirirlər. [7,26] Bloger (blogger), yutuber (youtuber), İnfluenser (İnfluencer)
4. Hobbilərinə əsaslanan : K-pop, K-drama, buk klub üzvləri və s.
İnternetin həyatımıza nüfuz etdiyi ilk dönəmlərdə, internet kafelər yaranmağa başladı. Bu hadisə də bir neçə yeni submədəniyyətlərin yaranmasına şərait yaratdı. İnternetin fəal istifadəçiləri olub, hadisələrə yön verən “netizen” (şəbəkə vətəndaşı) onlardan biridir. [8,5] Qeyd edək ki, bir çoxumuzun evində internet artıq əlçatan olsa da, hələ də bir çox ölkədə “internet kafe” və ya “internet klub” anlayışı davam edir. Niğdedə aparılan araşdırmaya əsasən, internet kafedə kollektiv şəkildə oyunlar oynamaq üçün dostlar bir məkana yığışırlar və təxminən yarısı, özünü bu submədəniyyətin daxilində hesab etmək istəmir. [3,58] İnternet kafe və ya klub submədəniyyəti Uzaq Şərq ölkələrində daha aktiv formada iştirak edir. Xüsusilə, K-drama izləyən gənclərimiz də “oyun” submədəniyyətinə bu formada qoşulurlar.
İnternetin inkişafı ilə ilk öncə internet kafelərdə başlayan geymer axını zaman keçdikcə evlərə, tele­fonlara və hətta, klaud sisteminə keçdi. Covid-19
pandemiyasının gətirdiyi şəraitlə də birgə, bir neçə müddət evlərə qapanma nəticəsində geymer submədəniyyəti daha da inkişaf etdi. İnternet kafelərə gedə bilməyən geymerler də, öz submədəniyyətlərini sosial media hesablarına daşıdılar. Məsələn, “geymer” olaraq adlandırdığımız oyunçular, aralarındaki kommunikasiya üçün “Klabhaus”, “Diskord” applikasiyasından istifadə etdilər. Yəni, internet kafe anlayışı tez bir zamanda sosial media platformasında da inkişaf edərək, fərqli ölkələrdəki eyni submədəniyyət üzvlərini birləşdirib, beynəlxalq submədəniyyət növü olmağı bacardı.
Geyming və ya oyun submədəniyyətini bir neçə xüsusiyyətinə görə, müxtəlif sayda təsnifatlandırmaq olar. Kəjual oyunçular hesab edilən geymerlərin konkret sevdikləri bir oyun olmur. Məşhur olan oyunları oynayırlar. Məsələn, ancaq futbol oyunu oynayanlar bu formaya uyğun gəlir.
Hardkor geymerler isə, müəyyən qədər oyun funksiyasının nə olduğunu bilir, və oyun seçimlərində seçici davranırlar. Onlar normal günlərdə 1-2 saat oynayırlarsa, yeni oyunların ilk günlərində oyun vaxtının müddəti bir neçə saat arta bilir. Məsələn, günə 5-10 saata qədər bu müddət özünü əks etdirir.
Strimmer hesab olunan, yayıncılar isə, müxtəlif sosial media platformalarından məsələn, tvitç, feysbukda oyun bölməsi vasitəsilə, oynadıqları oyunları yayımlayırlar. Onlar oyun oynadıqları zaman, sadəcə canlı yayımı açaraq, ianələr qazanırlar. Professional oyunçulara platformaların özü də saatlıq ödənişlər edir.
Geymerlər oynadıqları alətə görə də 2 yerə ayırlır: kompüter geymer, konsul geymer (ps və ya iksboks). Bu ayrılmalar da onların istehlak sisteminə təsir edir. Kompüter geymerdirsə, oyunları öz kitabxanalarına yükləyərək, oynaya bilirlər. Diskoin almağa ehtiyac duymurlar. Diskoin oyunları konsul oyunçuları arasında geniş yayılmışdır. Baha olmasına baxmayaraq, başqası ilə dəyişə bilir və ya satışını həyata keçirmək mümkün olur. Lakin, hər konsul şirkətinin də dijital mağazası mövcuddur. Oyunçular buradan da aylıq ödənişə müvafiq olaraq, oyun kitabxanası alış-verişi edirlər. Digər geymerlər isə, klaud geymerlərdir. Bu forma, abunəlik sistemi kimidir. Onlara üzv olanda bütün oyunları internet üzərindən oynamaq olur. Videoya baxırmış kimi oyunları oynamaq mümkündür. Əsasən, beynəlxalq submədəniyyət olduğu üçün, özlərinə məxsus slenqləri də ingilis dilindədir. Bir neçəsi belədir: “GG. - qud geym” oyundan sora qarşı tərəf uduzsa belə oyun yaxşı idi demək üçün istifadə olunur. “AFK - evey from kibard” - bir oyunçu oyunda onlayn olsa da, hər hansısa səbəbdən oynaya bilmirsə, məsələn, internet problemi və ya oyunu qoyub çıxıbsa, bu ifadə istifadə olunur. “IGM – neym in geym” oyunçuların oyundaki nikneymləri mənasında istifadə olunur. Loot - “luut” - pubg oyunundan sonra bu ifadə də məşurlaşdı. Oyunçu digərini öldürüb, əşyalarını alanda və ya göydən gələn qutunun içindəki əşyaları ala bildikdə bu ifadə istifadə olunur”.
Z nəsli (özlərinə Qərb yönümlü, Beynəlxalq, “çörəkçi” kimi də adlandırırlar). Fərqli dilləri öyrənir, özlərini beynəlxalq sferada inkişaf etdirirlər. Bir çoxu hətta, kompüter kodlamaya (cyberculture) uyğunlaşaraq, bundan 10 il öncəki araşdırmadan [1, 145] fərqli olaraq, bir çoxunun həyatının bir parçasına çevrilmişdir. Bir çoxu minimalism fəlsəfəsinin tərəfdarıdır. Minimalism fəlsəfəsini seçmələrinin səbəbi isə, işi çətinləşdirmədən, ən bəsit, rahat və ağıllı üsuldan həll etmə istəklərindən irəli gəlir.
Bu submədəniyyətə əsasən, ya Azərbaycandan kənar universitetlərdə təhsil alanlar, ya da o universitetlərlə konfrans, təşkilat və s. ilə əlaqəsi olan gənclər arasındandır. Bəziləri “muk” adlandırdırılan internet saytlarından müxtəlif elmi yenilikləri öyrənməyə cəhd edirlər. Əsasən, dostları ilə münasibətlərindən tez-tez yeniliklər öyrənməyi sevən, liderliyin cins üzərinə deyil, bacarıq və zəka üzərinə fokuslanmalı olduğunu bilirlər. Bəziləri rol model olaraq, Elon Mask, Bill Geyts seçsələr də, aralarında bəziləri, öz beynindəki prototipə əsaslanaraq yəni, “özünün ərsəyə gətirdiyi dəsti-xətt üzrə” yaşayır. Aralarında bir çoxu “bu submədəniyyət Bakıya ya heç gəlməyib, ya da gəlsə də çox azdır, onları da itirəcəyik qorxusu” yaşadıqlarını qeyd edirlər. Bir çoxu internetin ciddi istifadəçiləri olsalar da, güclü kitabxanaya sahib olurlar. Günlərinin minimal 4-5 saatlarını öyrənmə, araşdırma və diskussiyalara həsr edirlər.
Z nəslinin bu cür inkişafı ilə birgə onlar özləri üçün yeni peşələr də yaradırlar. İnternetin güclü inkişafı nəticəsində, yeni yaranan və indiki zamanda mövcud olan submədəniyyətlər daxilinə yeni həyat tərzi əsaslı yeni peşələri də daxil etdi. Blogerlik, yutuberlik, influenserlik kimi tanınan bu peşələr, bir peşə sahibi kimi qarşısındaki “müştəri” konteksini tanımağı yaxşı bacardıqda o bu submədəniyyətin güclü üzvü seçilə bilir. [6,147] Bu əsasda da, yeni biliklər öyrənmə tələbatı da yaranır. Yeni peşələrdə iş həyatına universitet təhsili ilə deyil, beynəlxalq sertifikasiya sistemi ilə adaptasiya olurlar. Səbəbi isə, mədəniyyətlər qloballaşdıqca, yeni məsləklər də qloballaşan mədəniyyətə ayaq uydurmağa çalışır. Yəni, bir yutuber və ya sosial media influenseri sahib olduğu mənəvi mədəniyyətlə yanaşı, yeni sayılan məsləyin bir məktəbi olmadığı üçün, xüsusi onlayn kurslar və ya seminarlar vasitəsi ilə öyrəndiklərini də öz müştərilərinə təqdim edir. Həm də bu əsasda, ən inkişaf etmiş şirkətlər özləri də onlayn kurslar vasitəsilə, şəraitlər yaradırlar.
Sosial mediada mövcud olan mikro şöhrət halı ənənəvi məşhurluğa bənzəsə də, müəyyən qədər fərqlilikləri mövcuddur. Sosial media, insanların özlərini başqalarının istehlak etməsi üçün ictimai bir insan olaraq gördükləri, izləyicilərinə müraciət etmək üçün strateji yaxınlıq istifadə etdikləri və izləyicilərinə pərəstişkarları (fans) kimi baxdıqları mikro nüfuz təmin edən bir quruluşa sahibdir.
Qeyd edək ki, mikro şöhrətdə rollar hər an dəyişə də bilər. [5,792] Dəyişən rollar zamanı da baza olan mədəniyyətə və xüsusilə, sosial media submədəniyyətinə hansı yeniliklər gələcəyi də hər zaman sual altındadır. Son dönəmlərin tik-tokerləri buna misal verilə bilər. İnternetin fəal istifadəçiləri olan bloggerlər, yutuber və influenserlər xüsusi bir mövzu əsasında öz təqibçilərinə mikro şöhrətlərini qorumaq üçün daim məlumat ötürən tərəfdir.
Bloggerlər, aralarında müəyyən qədər kiçik mövzulara ayrılsalar da, prossedur hamısı üçün eyni irəliləyir. Bir stadiblogger də, moda bloggeri də eyni sistem üçün işləyirlər. Öz dünyaları və izləyiciləri üçün faydalı məlumat yaradırlar. Onlar əsasən bir kiçik mövzu üzərinə fokuslanaraq, öz təcrübələrini cəmiyyətə ötürürlər. Son dönəmlərin ən yayılmış bloggerliyi moda, baxım, stadiblogerlik, trevelblogerlik kimi ən məşhurlarını misal çəkmək mümkündür.
Məşhur olan stadiblogerlik, son 4-5 ilin ən aktiv blogerlik nümunəsidir. Əsasən, bu prossedur, üniversitetə hazırlaşan yeniyetmələrdən başlayaraq, fəlsəfə doktorluğuna qədər davam edən təhsil müddəti illərində özünü əks etdirir. Bir çoxu daha çox insana xidmət edə bilmək, bir çox insanla fikirlərini bölüşə bilməsi səbəbi ilə, fərqli dillərdə paylaşımlar edirlər. Aralarında özlərinin də dedyi kimi “robotlaşmış” şəkildə 12 saat və daha çox dərs oxuyanları var. Bu bloggerlər nəinki instagramda, həmçinin, Forest və Flip kimi applikasiyalar da istifadə edirlər. Hətta, o applikasiyalarda xüsusi “stadi qrup”-lar yaradırlar.
Stadiblogerlərə, “submədəniyyətinizin motivasiyaları nələrdir?” sualı verildikdə, “dünyada daha faydalı işlər görmək, insanları və özümüzü maarifləndirmək” və ya “öyrənməyi öyrətmək” kimi cavablar verdilər. Bloggerliyin bu fəaliyyətində qadınlar daha aktiv şəkildə irəliləyir. Aralarında ən çox dinlənilən musiqi LO-Fİ və klassik musiqidir. İnternetdən Z-nəslindən sonra və bloggerlər arasında ən xeyirli şəkildə istifadə edənlərdir.
Yutuberlər, bloggerlərlə demək olar eyni fəaliyyəti həyata keçirsələr də, kontentin vizuallığı üzərində daha detallı işləyirlər. Məsələn, stadibloggerlikdən youtuberliyə keçən respodent bildirdi ki, “mən yutub üçün mikrofon və əlavə tripot aldım ki, videolarım daha keyfiyyətli olsun. Bir də üstünə Adob proqramları öyrənirəm”. Qeyd edim ki, stadibloggerlər youtube kanalında canlı yayım şəklində açılış edərək, insanları dərs oxumağa da təşviq edirlər. Yutuberlərin özlərinin də kontenti çox genişdir. Bəziləri maarifləndirmə videoları başlıqlı, dil öyrənmə videoları, şəxsi universitet təcrübələri, könüllülük fəaliyyətləri və ya tamamilə gəzinti videolarını yerləşdirirlər. Bəziləri isə, öz əməyini orada nümayiş etdirir. Bu onlar üçün portfolio rolunu oynayır. Musiqiçilər ifa etdikləri əsərləri, rəssamlar çəkdiyi rəsmin zaman sayğacını, fotoqraf və ya videoqraflar öz çəkilişlərini nümayiş etdirirlər.
İnternetin inkişafı bizə öz həyatımızı bir internet səhifəsində dəftər və qələmlə yazmaq kimi şərait yaratdı. Bu yaxınlarda Lincoln and Robards (2014) tərəfindən aparılan araşdırmada, Facebook zaman xətti funksiyasından istifadə edilmişdir. [12,12] Bu “taymlayn” xarakteri bir zamanlar Facebooka yeni gəldiyində bir çox gənc öz həyatındaki ən bəyəndiyi, yadda qalan hadisələri tezliklə qeyd edərək, “profilini doldurdu”.
Onlayn həyatın gətirdiyi “vizual həssaslığın mətn həssaslığını əvəz etməsi” halı internetin istifadəsi “sosial qarşılıqlı əlaqə və təmasları” öz üzərinə çəkir. [7,25]
İnternetdən nisbətən, hobbilərinə əsaslanaraq istifadə edən gənclər də özlərini ayrıca bir qrupda birləşdirirlər. Onlar əsasən, submədəniyyət anlayışını hobbilərinin onlara bəxş etdiyi həyat tərzi sistemində anlayırlar.
K-Drama və K-pop fanları, Uzaq Şərqdəki Cənubi Koreyanın serial və musiqi industriyasının inkişafı ilə bütün dünyada olan bu axım Bakıda da kütləvi şəkildə, xüsusilə, yeniyetmə və bakalavr təhsili alan qız tələbələrin sevdiyi bir submədəniyyətdir. Xüsusilə, türk seriallarının Cənubi Koreya modelinə əsaslanması vasitəsilə, gənclər ilk öncə K-drama ilə tanış olur. Daha sonra, seriallar və filmlərdə istifadə olunan musiqiləri “Shazam” tətbiqi ilə axtarışa verərək, K-pop musiqiləri ilə tanış olurlar. K-pop sadəcə seriallar və filmlərdəki musiqilərlə qalmayıb, gənclərin bir neçə Cənubi Koreyalı qrupa pərəstişkarlığı ilə də davam edir. Bu qrupların arasında Azərbaycandaki ən məşhuru “BTS”-dir.
Kitab klublarının internet üzərindən olan versiyasında isə, bəzən öz aralarında görüşlər, müsabiqələr təşkil edirlər. Bu formanın ən aktual halı, onlayn buk kluba üzv olanlar arasında oldu. Azərbaycanda çox az sayda adam bu internet saytının varlığından xəbərdardır. Onlar Vatpaddən istifadə etmirlər. Buk klub üzvlərinin Vatpaddən istifadə etməməsi səbəbi, yeniyetmə qızların müəllifi olduğu kitablarda xoşagəlməz hekayələrini gördükdən sonra, o applikasiyaya və istifadəçilərinə qarşı aralarında qəbul edilmiş boykot modelidir.
Nəticə olaraq, son 1 ildən uzun müddətdir ki, davam edən Covid-19 pandemiyası ilə də, gənclərin tək əyləncəsi sosial media oldu. Gənclər nəinki sadəcə əyləncələri, həmçinin dərslərini, universitet kampus həyatlarını sosial media çərçivəsində yaşadılar. Bu da sosial medialarda daha çox zaman keçirən gənclər vasitəsilə ciddi surətdə yığılan dataya və istifadəçi rəylərinə əsasən, sosial medianın daha çıxılmaz və daim orada zaman keçiriləcək bir yerə çevrilməsinə səbəb oldu. Təəssüf ki, yeniyetmələr üzərində aparılan araşdırma ilə də təsdiqlənib ki, “həddindən artıq İnternet İstifadəsi (EIU) yeni bir risk davranışı növü olaraq ortaya çıxır [9,1] və Grifiths (2018) qeyd etdiyi kimi, İnternet sadəcə onlayn oyun, alış-veriş və ya sosial şəbəkə kimi asılılıq yaradan davranışlar üçün bir vasitədir. Bununla birlikdə, bu mövzuda əvvəlki araşdırmalar, həddindən artıq internet istifadəsi bildirən yeniyetmələrin zehni sağlamlığı, özünə hörmət etməsi, sağlam olmayan həyat tərzi və ya maddə istifadəsi [9,2] kimi müxtəlif problemlərlə üzləşdiklərini bildirmişdir”.

Açar sözlər: Mədəni antropologiya, submədəniyyət, həyat tərzi, internet.

Ədəbiyyat siyahısı
1. Abdulla Rəşad Qalib oğlu. Azərbaycan şəhərlərində müasir etnososial proseslər : (Bakı materialları əsasında) [Mətn] : tarix.e.al.d.a. üçün təq. Ed. Dis. : 07.00.07/R.Q.Abdulla, AMEA, Arxeologiya və Etnoqrafiya İn-tu. - B., http://www.millikitabxana.az/dissertations/etnoqrafiya
2. Səid Riad - Submədəniyyətlərin dövrləşməsi - https://bakuresearchinstitute.org/az/subm%C9%99d%C9%99niyy%C9%99tl%C9%99rin-dovrl%C9%99sm%C9%99si/
3. İNTERNET KAFEYE DEVAM ETME ALIŞKANLIĞI BULUNAN BİREYLERİN BİR ALT KÜLTÜR GRUBU OLARAK İNCELENMESİ: NİĞDE ÖRNEĞİ Yücel CAN, Bülent KARA - Sosyoloji Derneği, Türkiye- Sosyoloji Araştırmaları Dergisi Cilt: 13 Sayı: 1 - Bahar 2010 VI. ULUSAL SOSYOLOJİ KONGRESİ 1 - 2 - 3 EKİM 2009 / AYDIN - p.38-66
4. KULTUREL ANTROPOLOJİ - W. A. HAVILAND, H. E . L . PRINS , D. WALRATH , B. McBRIDE - Kaknüs yayınları - I. basım; 2008, İstanbul
5. Netnografik Analizle Türkiye’de YouTuberlar ve Değişen Ahlaki Panik Fenomeni Işıl Tombul (Dr.) - Başvuru Tarihi: 21.11.2019 Yayına Kabul Tarihi: 02.05.2020 Yayınlanma Tarihi: 24.07.2020 https://doi.org/10.17680/erciyesiletisim.649357 -Araştırma Makalesi Erciyes İletişim Dergisi / Journal of Erciyes Communication e-ISSN: 2667-5811 | ISSN: 1308-3198
6. АНТРОПОЛОГИЯ ПРОФЕССИЙ - Т.Б. Щепанская - Журнал социологии и социальной антропологии. 2003. Том VI. No 1 p. 139-162
7. Визуальное воздействие интернет-рекламы на молодежную субкультуру - А.И. Донцов Московский государственный университет имени М.В. Ломоносова, Москва, Россия - А.В. Дроздова Гуманитарный университет, Челябинск, Россия - Поступила: 7 октября 2013 / Принята к публикации: 16 октября 2013 - Национальный психологический журнал №2(10)/2013, 25–31 - УДК: 659.1; 316.77; 57.04; 159.922.736; 13.11.28; 159.923.2
Оригинальная статья - National Psychological Journal #2(10)/2013, 25–31 - doi: 10.11621/npj.2013.0203 - Original Article
8. Commercialization of Chinese Youth Network Subculture and Its Social Effects - Ruihui Han - Asian Social Science; Vol. 10, No. 9; 2014
ISSN 1911-2017 E-ISSN 1911-2025 Published by Canadian Center of Science and Education
9. What Protects Adolescents with Youth Subculture Affifiliation from Excessive Internet Use? - Daniela Filakovska Bobakova, Jana Holubcikova, Andrea Madarasova Geckova and Zuzana Dankulincova Veselska - Received: 14 September 2018; Accepted: 28 October 2018; Published: 3 November 2018 - Int. J. Environ. Res. Public Health 2018, 15, 2451; doi:10.3390/ijerph15112451 -
10. Youth Subcultural Theory: A Critical Engagement with the Concept, its Origins and Politics, from the Chicago School to Postmodernism - Shane Blackman - Published online: 23 Jan 2007. -Journal of Youth Studies, 8:1, 1-20, DOI: 10.1080/13676260500063629 - To link to this article: http://dx.doi.org/10.1080/13676260500063629
11. Youth culture, subculture and the importance of neighbourhood - TRACY SHILDRICK - University of Teesside, UK - Nordic Journal of Youth Research - Copyright © 2006 SAGE Publications (London,Thousand Oaks CA and New Delhi) www.sagepublications.com Vol 14(1): 61–74 - 10.1177/1103308806059815
12. Youth cultures and the rest of life: subcultures, post-subcultures and beyond - Paul Hodkinson - To cite this article: Paul Hodkinson (2015): Youth cultures and the rest of life: subcultures, post-subcultures and beyond, Journal of Youth Studies, DOI: 10.1080/13676261.2015.1098778 - To link to this article: http://dx.doi.org/10.1080/13676261.2015.1098778 - Published online: 18 Nov 2015.

Резюме
Влияние развития Интернета на субкультуру
В рамках статьи развивается концепция субкультуры в современной социальной или культурной антропологии через Интернет. После предоставления информации о субкультуре, и особенно о молодежной субкультуре, статья затрагивает различные инновации, которые Интернет привнес в нашу жизнь. Геймеры, поколение Z, активные пользователи Интернета, субкультуры, основанные на увлечениях, которые представляют собой субкультурные группы, разделенные на 4 формы, созданные и развивающиеся под влиянием Интернета на нашу жизнь. Субкультура геймеров была представлена в группах по нескольким формам (время игры, инструмент или технология, потребительская система) посредством интервью с несколькими респондентами. В развитии субкультуры поколения Z ценностные тенденции были отмечены в основном на основе ответов респондентов. Активные интернет-пользователи, с другой стороны, коснулись ведения блогов (особенно стадиблогов, которые являются наиболее популярными) и YouTube. Основываясь на хобби, группа, которая приобретает новые штрихи в образе жизни, сосредотачивается на K-драме, K-pop и членах книжных клубов. С учетом условий, вызванных пандемией Covid-19, было отмечено рост использования Интернета и случаев его заражения среди подростков.

Ключевые слова: культурная антропология, субкультура, стиль жизни, интернет.

Summary
The impact of Internet development on subculture
Within the article, the development of the concept of subculture in modern social or cultural anthropology through the Internet is developed. After providing information about the subculture, and especially the youth subculture, the article touches on the various innovations that the Internet has brought to our lives. Gamer, Z-generation, active users of the Internet, subcultures based on hobbies, which are subcultural groups classified into 4 forms, created and developed by the influence of the Internet on our lives. Gamer subculture was presented in groups of several forms (game timing, tool or technology, consumer system) through interviews with several respondents. In the writing of the Z generation subculture, value tendencies were noted mainly on the basis of responses from respondents. Active Internet users, on the other hand, are affected by blogging (especially the most popular studyblogging) and YouTube. Based on hobbies, the group, which is gaining new touches on lifestyles, focuses on K-drama, K-pop and bookclub members. Given the conditions caused by the Covid-19 pandemic, the increased use of the Internet and the cases it has created among adolescents have been noted.

Key words: Cultural anthropology, subculture, life style, internet.