“Yeddiillİk” müharibənin Kanada üçün nəticələri

Post image

Nərgiz Əliyeva
Bakı Dövlət Universitetinin Regionşünaslıq (Amerika üzrə) ixtisası üzrə II kurs magistrantı

E-mail: [email protected]

Giriş
İngiltərə və Fransanın Avropada hegomonluq uğrunda apardıqları rəqabət müvafiq olaraq Şimali Amerikada XVII əsrin əvvəllərindən başlamışdır. Ticarətdəki rəqabət, qeyri – müəyyən sərhədlər həmçinin üçüncü tərəf kimi iştirak edən hinduların köməyi ilə münaqişələr adətən daha da alovlanırdı. Lakin Auqusburq liqası və Fransa arasında müharibənin baş verməsi (1689 - 1697) ardınca İspan irsi uğrunda aparılan müharibənin (1702 - 1713) yekun nəticələri ilə daha da çıxılmaz vəziyyət halını almışdır. Belə ki, Utrex sülhünü Fransa kralı XIV Luinin Şimali Amerikada İngiltərə ilə apardığı müstəmləkə işğalları rəqabətində ən böyük məğlubiyyəti adlandıra bilərik. Çünki, Utrex sülhü Şimali Amerikadakı fransız mülkü olan Akadiyanın İngiltərə ağalığına keçməsini rəsmiləşdirir. Buna baxmayaraq, fransızlar Atlantika sahillərindəki Keyp Bretonda Luisburq qalasını tikdirməklə, özlər üçün yeni əhəmiyyətli hərbi post həmçinin ticarət məntəqəsinin əsasını qoyurlar.
1740-cı ildə Prussiya kralı II Fridixin Sileziyanı işğal etməsi ilə Avropada Avstriya irsi uğrunda müharibənin başlanması, 1744-cü ildə Şimali Amerikada da öz təzahürünü tapır. 1745-ci ildə Yeni İngiltərə koloniyaları öz hərbi birləşmələrinin hesabına fransızların strateji iqamətgahı sayılan Luisburqu ələ keçirsələr də, 1748-ci ildə opponentlər arasında imzalanan Axen sülhünə əsasən İngiltərə koloniyaların mövqeyinə əhəmiyyət vermədən Hindistandakı Mədrəs qarşılığında Luisburqu yenidən Fransaya qaytarır.
Son olaraq Kanadanın taleyini əhəmiyyətli dərəcədə dəyişəcək “Yeddi illik” müharibənin başlanması yenidən Avropadakı sülhün siyasi tarazlığını dəyişir. Beləki, tərəflər arasındakı bu müharibə yalnız Avropa və Şimali Amerikada deyil, həmçinin Hindistanda, Afrika sahillərində də baş vermişdi. Sonda isə qalib Şimali Amerika materikinin əsaslı hissəsinin ağasına çevrildi.

Kanada uğrunda müharibənin başlanması
Avropada Avstriya uğrunda müharibənin bitməsindən sonra, tərəflər Şimali Amerikada qısa müddət içərisində yenidən hərbi hazırlıqlara başladılar. İlk olaraq fransızlar Ohayo vadisindəki ərazi iddialarını rəsmiləşdirmək, həmçinin Ontoria gölü yaxınlığındakı Frontenak və Niaqara istehkamlarına dəstək məqsədilə yetərincə hərbi təchizat ilə təmin edilən Düken qalasının inşasanı yekunlaşdırırlar. Eyni zamanda, hər zaman ingilislərin fransızlar üzərinə hücuma keçdiyi daha bir qaynar nöqtə hesab olunan Appalaçın qərbi idi ki, 1681-ci ildə fransızlar burada Kraun Point qalasını inşa etdirməklə, yaxınlıqda yerləşən ingilislərin əsas ticarət məskənlərindən biri olan Albaniyə qarşı təhlükə mənbəyinə çevrilirlər.
Beləliklə, Ohayo vadisində fransızlar tərəfindən ard – arda əsası qoyulan istehkamları ingilislər xüsusilə Vircinya və Pensilivaniya koloniyaları özləri üçün təhlükə hesab etdiklərindən 1754-cü ildən etibarən fransızlara qarşı müxtəlif ekspe­di­syalar həyata keçirmək qərarına gəlirlər. Bunlardan ən ciddisi isə, müasir ABŞ – ın banilərindən hesab oluna gənc Corc Vaşinqtonun başçılığı ilə fransız qalasına göndərilən hərbi heyət olmuşdur. Vaşinqtonun qeyri-şərtsiz tələbi isə Vircinya torpaqları hesab edilən Ohayo vadisinin tez bir zamanda boşaldılması idi. İngilislərin bu tələbinə laqeyd yanaşan fransızları cəzalandırmaq məqsədilə Yeni İngiltərə koloniyalarının birləşmiş hərbi qüvvələri Vaşinqtonun başçılığı ilə Ohayo vadisindəki fransız qalasına hücum təşkil etsələr də, Böyük Çəmənliklər ərazisində (Great Meadows) meşədə pusquda gözləyən fransız və hindu müttəfiqlərinin müqavimətini qıra bilmirlər. Beləliklə, gənc Vaşinqtonun ilk döyüş təcrübəsi hesab edilən reyd uğursuzluqla nəticələnməklə yanaşı, Londonda böyük rezonansa səbəb olur. Bu illərdə fransızların hərbi hazırlıqları ingilislərin hazırlıqlarından qat –qat daha yaxşı vəziyyətdə olduğu üçün, əvvəlki illərin təcrübəsindən faydalanaraq İngiltərə höküməti Ohayo vadisinin fransızların əllərindən alınması məqsədilə 1755-ci ildə Şimali Amerikaya İrlandiya əsgərlərindən ibarət iki yeni hərbi kontingent göndərir. [4,s.33] Payız aylarına qədər isə Şimali Amerikada koloniyalardakı kişilərin hesabına iki yeni alay da formalaşdırılmalı idi. Kral Yeni İngiltərədəki ümumi hərbi birləşmənin komandanlığını general – mayor Edvard Baqota tapşırır. Baqotun qarşısında qoyulan hədəflər isə birmənalı idi, belə ki, tez bir zamanda Ohayo vadisindəki, Niaqara və Kraun Point qalalarını ələ keçirib, Bosejur qalasını isə tamamilə məhv etməli idi.
Şimali Amerikaya çatan Baqot, yol boyunca hazırladığı əməliyyat planına əsasən ingilis qüvvələri fransızlar üzərinə eyni vaxtda dörd istiqamətdə hücuma keçməli idilər. Baqotun başçılıq etdiyi əsas qüvvələr Düken qalasını, digər ikisi Niaqara və Kraun Point qalasına doğru hərəkət etməli idilər. Massaçussetts qubernatoru Vilyam Şörli isə Nova Skotyadakı Bosejur qalasını məhv etməli idi. Sonuncu əməliyyat planı digərlərinə nisbətən daha az əziyyət tələb etsə də, yerli fransızları məhv edərək müttəfiqləri mikmak hindularının da müqavimətini qıra bilərdilər. Lakin Baqotun coğrafi mövqenin əlverişsizliyini nəzərə almadan, qərbdə aparılacaq olan döyüş əməliyyatlarının kağız üzərində mükəmməl hazırlanması, gözlənilən nəticəni vermir. Eyni zamanda Parisdə ingilislərin Şimali Amerikaya kontingent göndərilməsindən narahat olan Fransa kralı XV Lui Kanadaya 6 tabor göndərilməsinin əmrini verir. [4, s.35] Beləliklə də, qərb torpaqlardakı düşünülməyən yol şəraiti, həmçinin hərbi ləvazimatların yetərincə çox olmaması nəticəsində ingilislər, özlərindən təxmini üç qat artıq olan fransız-hindu qüvvələrinə tab gətirə bilmirlər.
Şimali Amerikada 1754-1755-ci illər arasında hərbi toqquşmalar baş versə də, Avropada metropolitenlər arasında 1756-cı ilə qədər rəsmi şəkildə başlamış bir mübaribədən söz gedə bilməzdi. Buna baxmayaraq, Avropanın hər iki hegomon ölkəsi, rəqib koloniyalar ilə vuruşmaq naminə hərbi birliklər göndərmişdilər. İki ölkə arasında bir əsrdən çox davam edən müharibələrdən fərqli olaraq, “Yeddi illik müharibənin” ilk təzahürləri Şimali Amerikada öz əksini tapmışdı. Beləliklə də, müharibə abu-havası Şimali Amerikada başlayıb inkişaf etmiş, növbəti iki ildə Avropadakı siyasi tarazlığı alt-üst etmişdir. 1756-cı ildə İngiltərənin Fransaya müharibə elan etdiyi vaxt, hər iki ölkə Şimali Amerikadakı müstəmləkələrin hərbi komandanlığına yeni şəxslər təyin etdilər. Kanada üçün Fransa kralı XV Luinin təyin etdiyi Montkalm Avstriya irsi uğrunda döyüşlərdə əvvəlcə Bohemyada, daha sonra isə İtaliyada xidmət etdiyindən hərbi karyerası yetərincə uğurlu idi. Yeni İngiltərəyə təyin edilən komandirlərdən isə Loudon, Aberkrombi həmçinin Daniel Veb də bir o qədər yanlış seçim idi.
Yeni komandirin gəlişini gözləməyən fransız qubernator Voudrey, Corc və Şampliyen gölü ərazilərində fransızların şəksiz nəzarətini təmin etmək məqsədilə yeni Karillon adlanan (daha çox Tikonderoqa kimi tanınan) bir istehkam inşa etdirir. Bununla bərabər Kanadaya gəlib çatan Montkalm ingilislər üzərinə hücum planları hazırlayır. Plana qərbdə ard-arda yerləşən Ontoria, Osveqo və Corc istehkamlarının müqavimətini qıraraq başlamaq qərarına gəlir. İlk hədəfi Ontoria olduğundan qərb hindularının da köməyindən istifadə edərək qalaya hücum təşkil etsədə, gecə yarı qalanın qarnizon rəhbəri fransızların boşluğundan istifadə edərək qoşunu Osveqo fortuna aparır. Bu səbəbdən də, Montkalm heç bir toqquşma olmadan Ontoria qalasını “fəth” edir. Daha sonrakı hədəf isə ən əsas strateji nöqtə olan Osveqo qalası olur. Osveqoda yerləşən qarnizonun vəziyyəti acınacaqlı olduğundan ingilislər fransız – hindu birləşməsinə uzun müddətli müqavimət göstərməyi bacarmırlar. Osveqo qalasının işğalı ilə fransızlar Ontaria gölünə tam nəzrəti əllərinə alırlar.
İngilislərin Şimali Amerikadakı daha bir önəmli dayaq nöqtəsi sayılan Vilyam Henri qalası fransızların yeni hədəfləri sırasına daxil olmuşdu. Belə ki, bu qalanın işğalı əslində, fransızlar üçün çətin olmayacaqdı. Çünki qalada düşmənə topçu bombardımanına başlamaq üçün kifayət qədər yaxınlaşmasına mane ola biləcək müdafiə baryerləri yox idi, həmçinin qala çox kiçik olduğundan maksimum 500 hərbiçi ala bilirdi. Qalanın zəif təchizatından xəbərdar olan qubernator Voudrey 1757-ci ilin martında Vilyam Henri Fortuna hücum edir və qalanı ələ keçirsələr də, heç bir hərbi birlik buraxmadan geri döndüklərindən qala yenidən ingilislərin nəzarətinə keçir. Bununla belə, bu kiçik “qalibiyyət” fransızların üstünlüklərinə əhəmiyyətli dərəcədə təsir göstərməmişdi. Bu arada Loudan, Luisburqa hücum hazırlıqları içərisində olsa da, Vilyam Henri fortunun fransızlar tərəfindən ələ keçirilməsi ingilislər arasında çaşqınlıq yaradır və tez bir zamanda qüvvələri Vilyam fortuna doğru yönləndirirlər. İngilislər qalanı yenidən təchiz etsələr də, səriştəli Montkalm bu xəbəri eşidib, yenidən qalaya hücum təşkil edir və qeyri- bərabər döyüşdə ingilislər fransızlara məğlub olur. [3, s.52-54] Vilyam Henri fortunun ikinci səfərdə ələ keçirilməsi nəinki Şimali Amerikada həmçinin İngiltərə hökümətində də böyük rezonansın yaranmasına şərait yaratdı. Bu qalibiyyətləri nəzərə alaraq qeyd etmək olar ki, müharibənin ilk iki ili fransızların tam üstünlüyü ilə bitir. Lakin, bu prosses də uzun çəkmir, belə ki, İngiltərədə rəhbərliyə gətirilən Pitt növbəti bir il ərzində Avropada həmçinin Şimali Amerikada İngiltərənin düşən nüfuzunu qaldırmaq üçün yeni hərbi strateji planların hazırlanmasına başlayır. Eyni zamanda Yeni İngiltərənin ard-arda məğlubiyyətinin əsas baiskarı olan Loudanı 1757-ci ilin dekabrına qədər geri çağırtdırır. İngiltərə hökümətinin əksinə digər cəbhələrdə çətinliyə düşən Fransa kralı XV Lui artıq Şimali Amerikaya yetərincə diqqət göstərməməyə başladı. Bununla da qüvvələr nisbəti tərsinə meyl edirdi. Pittin hazırladığı 1758-ci il planına əsasən ingilislər Şimali Amerikadakı fransızlara Tikonderoqa, Luisburq və Düken qalaları boyunca hücum təşkil etməli idilər. İngilislərin hazırlıqlarından xəbər tutan Montkalm qüvvələrin əksəriyyətini Tikonderoqaya cəmləşdirməsinə baxmayaraq, nə Böyük Göllər ətrafındakı nə də Ohayo vadisində yerləşən qalaların hərbi təchizatına yetərincə önəm vermir. İngilislərin say üstünlüyünü nəzərə alan Montakalm əsas vəzifə kimi, öz üzərinə Yeni Fransanın mərkəzi sayılan Kvebekin qorunmasını götürür. [5,s.76-77]
1758-ci ilin əvvəllərində Aberkrombinin başçlığı altında ingilislər Ticonderoqaya hücum edirlər. Sayca ingilislər fransızlardan qat-qat çox olsalar da, Aberkrombinin bacarıqsızlığı ucbatından həmçinin xeyli insan itkisi ilə geri çəkilməyə məcbur olurlar. Növbəti uğursuz əməliyyatdan sonra ingilislər Frontenak qalasına üz tuturlar, gecə boyunca top atəşinə məruz qalan fransızlar səhər qalanı təslim etməyə məcbur olurlar. Əsas silah anbarlarının itirilməsi ilə Ohayo vadisinə və Göllər vasitəsilə qərbə gedən xəttləri kəsildiyindən fransızlar Düken qalası da daxil olmaqla qərbə və cənuba gedən mövqelərini nə gücləndirə bilirdilər, nə də təmin edə bilirdilər. Sonrakı hədəfləri Ohayodakı əsas qalalardan biri Düken müharibənin əvvəllərində daha yaxşı vəziyyətdə olmasına baxmayaraq, 1758-ci ilin payız aylarında artıq zəif və təcrid olunmuş vəziyyətdə qalır. Qalanın çətin vəziyyətindən istifadə edən ingilis general Forbes Dükeni ələ keçirməklə, [2, s.250-251] Ohayo vadisində ingilislərin mövqelərini gücləndirir. Eyni zamanda Cefri Amherst tərəfindən fransızların Keyp Breton adasındakı əsas postlarından biri sayılan Luisburq­da işğal edilmişdi. Amherstin 1759-cu il üçün əsas vəzifələrindən biri Tikonderoqa və Kraun Point qalaların ələ keçirib Şampliyen gölü hövzəsində ingilislərin hökümranlığını təmin etmək idi. Amherstin bu vəzifənin öhdəsindən gəlmək üçün böyük cəhd göstərməsinə gərək yox idi, belə ki müdafiəsi zəif təşkil olunmuş qalaların müqavimət göstərə biləcək gücləri yox idi. Bu qalaların ələ keçirilməsi özlüyündə, ingilislər üçün əhəmiyyətli olsa da, Vulfun Kvebekə hücumu ərəfəsində ona köməyə gələ bilmirlər. İngilislər tərəfindən hərbi starteji qalaların ələ keçirilməsindən dərhal sonra, əsas hədəfləri isə Kanadanın mərkəzi sayılan Kvebek olur.
Luisburqun ələ keçirilməsində fəal şəkildə iştirak etmiş gənc Ceyms Vulf, İngiltərə höküməti tərəfindən Kvebekin işğal edilməsi missiyasına rəhbər seçilir. Bununla belə, Pitt Kvebekin işğalının bir neçə ay içərisində reallaşdırması üçün Vulfun qarşısına ciddi öhdləliklər qoyur. Lakin, Kvebekin işğalı göründüyü qədər də asan deyildi, baxmayaraq ki, ingilislər Yeni Fransanın kənar hüdudlarını ələ keçirmişdilər. Belə ki, bu missiyanın yerinə yetirilməsi üçün düzgün zamanın seçilməsi daha vacib idi. Çünki qış ayları olduğundan Müqəddəs Lavrentiya çayı buz bağlamışdı, bu isə gəmilərin keçidini qeyri – mümkün hala gətirəcəkdi. Bununla belə, missiyanın uğuru Fransız gəmilərinin Kvebekin köməyinə gəlməsinə maneə törətmək, həmçinin ingilis donanması üçün etibarlı bir keçid təmin etmək üçün Müqəddəs Lavrentiya çayının hövzəsini idarə etməkdən asılı idi.
Yaz aylarında əməliyyat planı hazırlayan Vulf, ordunu üç böyük biriqadaya bölərək, Kvebekə üç istiqamətdən hücuma keçməyi planlaşdırırdı. Lakin planın mükəmməlliyinə baxmayaraq, ərazinin təbii coğrafi mövqeyindən asılı olan şəhərin müqaviməti davamlı top atəşinə tutulsa belə qırıla bilmirdi. Vulf ən yaxşı yolun qalanın tədarük xəttlərini kəsmək və döyüşə məcbur etmək taktikasının olduğunu düşünürdü. [1, s.146] Gecə boyu qalanı aramsız artileriya atəşinə tutan Vulf beləcə kvebekliləri heç nədən şübhələnməməyə inandırır və gecənin qaranlığından istifadə edərək ordunu balaca qayıqlarda Kvebekdən aralıda quruya çıxarır. Beləcə qalaya arxadan qəfil hücum planlayan Vulf səhərin ilk üfüqlərində böyük bir qoşunla Abraham yüksəkliyində ortaya çıxır. Vulfun bu taktikası qarşısında çarəsiz qalan Montkalm, Monrealdan köməyə gələcək Levisin qoşunlarını gözləmədən hücum əmri verir. Nəhayət üç aylıq mühasirədən sonra darmadağın olan Kvebek ingilislərin əlinə keçir. Hər iki tərəfin komandiri döyüşdə ağır yaralandığından qısa zaman sonra ölürlər. Kvebek ingilislərin əlinə keçsə də 1759-1760-cı illər ərzində təhlükəsizliyini tam təmin edə bilməmişdilər. Fransız qüvvələrinin yeni təyin edilmiş komandiri Levis Kvebekdəki ingilislərə hücum etmək üçün fürsət axtarırdı, lakin fransızların özləri də bildirdilər ki, Kvebekə hücum etmək olduqca çətindir. 1760-cı ildə Levis Kvebekə hücum etsədə, zəif təşkil edilmiş hərbi birliklərlə ingilislərin müqavimətini qıra bilməyib Monreala dönür. Bununla bərabər, ingilis komandir Amherst 10 min nəfərlik ordu toplayaraq Monreala qərb tərəfdən hücuma keçdi. [6, s.191] Kvebek, Niaqara həmçinin Tikonderoqa qalalarının işğalı əslində Monrealın taleyini həll etmişdi, belə ki hər iki tərəfdən müdafiəsiz qaldığından və xarici hücumlara qarşı yetərincə qüvvənin olmaması fransızların əl-qolunu bağlayırdı. Müdafiənin mənasız olduğunu bilən fransızlar, döyüşsüz Monrealı ingilislərə təhvil verirlər. Son məntəqə olan Monrealın da faktiki işğalı ilə bütövlükdə fransızlar Şimali Amerikadakı bütün mülklərini itirmiş olurlar.
Müharibənin sonlanması ilə bağlı 1763-cü ildə İngiltərə və Fransa arasında Paris müqaviləsi bağlanır. Baxmayaraq ki, müharibə eyni zamanda üç qitədə aparılmışdı, amma müqavilənin əsas hissəsini Şimali Amerikadakı müstəmləkə problemləri təşkil edirdi. Buna əsasən, Fransa Şimali Amerikada əvvəllər iddia etdiyi Akadiya, həmçinin bütünlüklə Kanada olmaqla Keyp Breton və Müqəddəs Lavrentiya hövzəsindəki adalardan imtina edir. Yeganə istisna Missisipi çayının sahilində yeləşən Yeni Orlean qəsəbəsi olur. Razılaşmaya əsasən Luiziananın şərqi də İngiltərə hakimiyyətinə keçir. Kanadaya lazımsız mülk kimi yanaşan Fransa höküməti şəkər çuğunduru ilə zəngin Vest İnddəki Qvadalupeni, həmçinin Afrikadakı ticarət postlarını daha üstün tutur. Bununla belə, Paris müqaviləsi Fransanın beynəlxalq aləmdə İngiltərə tərəfindən müəyyən müddətlik təcrid edilməsi ilə nəticələnir. Paris sülhü, Şimali Amerikda ingilislər və fransızlar arasındakı sərhəd münaqişələrin əbədi olaraq aradan qaldırdı. Həmçinin, uzun çəkən danışıqlardan sonra Fransa höküməti Şimali Amerika ilə bağlı İngiltərədən bəzi güzəştlər əldə etməyi bacarır. Beləki, Nyu – Faundləndin cənub sahillərindən bir neçə mil uzaqlıqda yerləşən Sent Pier və Mikelon adaları Fransaya qalır. [1, s.150-151] Bütün XVIII əsrin dəniz donanmaları kimi, Fransız donanması da müharibə dövründə sürətli bir şəkildə istismara verilə biləcək ixtisaslı dənizçilərin hazır təchizatından asılı idi. Balıqçılar vacib bir işçi qüvvəsi idilər və onların çoxu Nyu – Faundlənd sahillərinində işləri ilə məşğul olurdular. Qərbi Atlantik sahillərinin yaxınlığında etibarlı bir yer olmasaydı, fransızlar bu iqtisadiyyatda ciddi itki ilə uzləşəcəkdilər. Həmçinin fransızlar üçün növbəti güzəşt isə, Müqəddəs Lavrentiyadan 45 mil, Keyp Breton və Nova Skotya sahillərindən isə 9 mil uzaqlıqda balıqçılıq ilə məşğul ola bilərdilər. İngiltərə ilə imzalanmış müqaviləyə əsasən qərbi Luiziana Fransa hakimiyyətində qalsada, Fransa tərəfindən qənimət vədi ilə müharibəyə daxil olan İspaniya, Floridanın İngiltərəyə verilməsinə görə Fransadan qərbi Luizinanı alır. [7, s.304-305] Nəticə etibarilə, indi İngiltərə Artikadan Mississi­pi deltasına qədər Şimali Amerikanın bütün şərq sahillərinin yeganə sahibinə çevrilir. Eyni zaman­da müqavilənin şərtlərindən irəli gələrək, Kanadada yaşayan mülki fransızlara Fransaya geri qayıtmaq icazəsi verilmişdi. Bu icazədən sonra zadəganlar, gəmiçilər və yuxarı sinifə mənsub insanlar qayıtsalar da əsasən kəndlilər Kanadada qalmağı üstün tutmuşdular. 1763-cü ildə fransız-kanadalıların sayı təxminən 60 minə yaxın idi. İngilislər Kanadada Akadiya təcrübəsini sınaqdan keçirə bilmədiklər üçün, zamanla özlərinə sosial dayaq yaratmaq məqsədilə ingilis kolonistləri yerləşdirməklə bir növ assimiliyasiya prossesini həyata keçirilər.
Paris müqaviləsinin şərtlərindən ən çox Yeni İngiltərə koloniyaları məmnun idi, belə ki Şimali Amerikada bir əsrdən artıq davam edən müharibənin rəsmi və ya qeyri-rəsmi tərəflərindən biri olduqlarından, koloniyaların sosial-iqtisadi inkişafları yetərincə zəifləmişdi. 1697-ci ildən etibarən Fransanın Şimali Amrikadan qovulduğu ilə qədər rəqiblər arasındakı siyasi tarazlığı davamlı şəkildə qoruya biləcək heç bir sülhdən söz gedə bilməzdi.

Nəticə
Bəzən “Yeddiillik” müharibəni Şimali Amerika inqilabının başlanğıcı kimi qələmə verirlər. Belə ki, Avropanın iki supergücü arasında baş verən bu müharibə, sonda Fransanın Şimali Amerikadan çıxdaş olması ilə nəticələnir. Təxminən 150 il davam edən rəqabət, zaman – zaman metropolitenlərin koloniyalara olan həqiqi münasibətini də ortaya qoyurdu. Fransa ictimaiyəti hər zaman Kanada ilə bağlı iki yerə parçalanmışdır, belə ki ölkənin ali bürokratik zümrəsi buranı Fransaya əlavə yük kimi görmüşlər. Bunun əyani sübutunu isə, Kanadanı “iki akr buz parçası” kimi qələmə verən XVIII əsrin məhşur fransız mütəfəkkiri Volterin sözlərində görə bilərik. İngiltərəyə gəldikdə isə, Kanadanın işğalı ilə böyük ticarət imperiyası yaratmağı bacarsa da, onun bu xoşbəxtliyi çox çəkmir. Belə ki, Kanada timsalında Şimali Amerikanın əsaslı hissəsinin sahibi olsa da, müharibələrdə koloniyalarına göstərdiyi münasibət “Amerika kimliyinin” formalaşmasına, əlavə olaraq isə gələcək on illikdə Yeni İngiltərə koloniyalarının müstəqillik uğrundakı mübarizələrinə təkan vermiş olur.

Açar sözlər: Kanada, Fransa, İngiltərə, “Yeddi illik müharibə”, Şimali Amerika, Kvebek

ədəbiyyat siyahısı
1. Conrad Black – Rise to Greatness (History of Canada from the Vikings to the Present), 2014, 1257 pp
2. Fred Anderson – Crucible of War of Seven Year, New York, “Vintage”, 2001, 912 pp
3. George McKinnon Wrong - The Conquest of New France, A Chronicle of the Colonial Wars, Toronto, “Hard Press”, 1919, 246 pp
4. Jonathan R. Dull - The French Navy and the Seven Years’ War, Lincoln, “University of Nebraska Press Lincoln & London” , 2005, 468 pp
5. Roger Riendeau - A Brief History of Canada, Second Edition, New York, “Facts On File”, 2007, 465 pp
6. Sir Charles Prestwood Lucas - History of the New France 1534-1763, 1900, 388 pp
7. William M. Fowler Jr – Empires at War : The French and Indian War and The struggle for North America, 1754-1763, London, “Bloomsbury Publishing”, 2006, 368 pp

SUMMARY
The results of “The seven years war” for Canada

The article examines England – France relations in “The seven years war” and the role of the Canada in these relations. The Treaty of Paris was signed between England and France in 1763. According to the articles of the treaty, France refused colonial lands in North America.

Key words: Canada, France, England, "Seven Years War", North America, Quebec

РЕЗЮМЕ
Итоги " семилетней войны” для Канады

В статье рассматриваются англо – француз­ские отношения в “семилетней войне” и роль Канады в этих отношениях. Парижский договор был подписан между Англией и Францией в 1763 году. Согласно статьям договора, Франция отказалась от колониальных земель в Северной Америке.

Ключевые слова: Канада, Франция, Англия, "Семилетняя война", Северная Америка, Квебек