XƏZƏR XAQANLIĞINDA DİNLƏR

Post image

Elçin Neciyev
Muş Alparıslan Universitetinin doktoru
E-mail:[email protected]

Məhərrəm Əhmədov
Azərbaycan Milli Elimlər Akademiyasının dissertantı
E-mail:[email protected]

Giriş
Dünya tarixşünaslığında mühüm yeri olan Xəzər xaqanlığı Türk dövlətçilik tarixində ən uzunömürlü imperiyalardan biridir. Tədqiqatçıların əksəriyyəti bu qüdrətli imperiyanı Qərbi Türk xaqanlığının varisi hesab edir. Xəzər xaqanlığını dünya tarixində yaşadan bir sıra səbəblər vardır. Onlardan birincisi, xəzərlərin Bizansın Sasani imperiyası qarşısındakı məğlubiyyətinin, qalibiyyətlə əvəzlənməsindəki roludur. İkinci, Xəzər xaqanlığının 100 il Ərəb xilafətinə qarşı mübarizə apararaq, onların Şərq Avropaya hücumlarının qarşısını almaqla, Avropanı ərəb işğalından xilas etməsidir. Əgər, ərəblər xəzər maneəsini dəf etsələrdi, Şərqi Avropada onları qarşı duracaq qüvvə yox idi. Üçüncüsü, onlar, dəfələrlə Bizans imperiyasını Ərəb xilafətinin zərbələri nəticəsində məhv olmaqdan xilas etmişdi.
651-ci ildən 965-ci ilədək parlaq tarix yaratmış xəzərlər, müxtəlif dinlərlə qarşılaşmış, onları mənimsəmişdir. Xəzər tarixinin müxtəlif sahələri tarixçilərin diqqətini cəlb etmişdir. Həmin sahələr arasında öndə gələn, Xəzər xaqanlığında din problemi olmuşdur. Xaqanlıq ərazisində çoxlu xalqlar yaşadığı kimi, müxtəlif dinlər mövcud olmuşdur. Həmin dinlərdən İslam, Xristian, Yəhudi və bütpərəstliyi qeyd etmək olar. Xəzər xalqının bütün dinlərə qarşı tolerant münasibəti, dözümlülü­yü xaqanlığın uzun ömürlü olmasını təmin edən amillərdən biridir. Digər qüdrətli dövlətlər, Bizans imperiyası və Ərəb xilafətinə baxarsaq, onlada baş verən dini və məzhəblər arası qarşıdurma Xəzər xaqanlığının bü sahədəki önəmini sübut etmiş olur. Yuxarıda adları çəkilmiş dinlər, heç bir maniə olmadan Xəzər xaqalığında öz mövcudiyyətini mühafizə edə bilirdi.
Dünya tarixində dinin önəmi böyükdür. İnsanlıq mövcud olduğundan bəri, insanlarda fövqəl güc inancı mövcud olmuşdur. Bu inanclar müxtəlif formada öz varlığını göstərmişdir. Əsrlər boyudur ki, alimlər dinin nə olduğunu və insan həyatında onun rolunu izah etməyə çalışırlar [13, s. 5]. Qudratov O.Q dini "məhv olmayan inamın mənbəyini təşkil edən ideya sistemi " adlandırır [15, s. 6]. Dünya tarixində etnos və din insan cəmiyyətinin ən həssas problemi sayılmışdır. Din və etnos insan sosial birliyinin özünə məxsus formasıdır. Onlar dəqiq və tam şəkildə müəyyənləşmiş bir sıra parametirlərlə bir-birindən fərqlənir. Etnosun ən mühüm göstəricisi dil və mədəniyyət birliyidir [13, s. 38].

Xəzərlərdə din
Xəzərlər Türk xalqlarından biri olduğu üçün, türklərin qədim dinlərinə nəzər yetirilməsi vacibdir. Ərəb tarixçilərinin konkret məlumatlarında xəzərlərin Türk olması öz təsdiqini tapır [19, s. 27]. Cənubi Qafqazdakı Ərəb-Xəzər müharibəsinin gedişinə baxarsaq, ərəblərin xəzərləri türklərin bir hissəsi kimi gördüyünü deyə bilərik [8, s. 161].
Bilindiyi kimi, qədim türklər geniş sahələrdə yayıldığına görə, onlar müxtəlif dinlərin təsirinə məruz qalmışdır. Onların ilk dini Şamançılıq olmuşdur [7, s. 48]. Qədim türklərdə bir peyğənbər və müqəddəs kitab olmadığı üçün, şamanların vəzifələri və böyük nüfuzları vardı [7, s.54]. M.Q.Maqamedov xəzərlərdə din məsələsinə toxunarkən, bildirir ki, "Xəzər xaqanlığında yaşayan xalqların dini baxışları haqqında ədəbiyyatlar azdır" [21, s. 155]. Lakin o, özünün və digər arxeoloqların tədqiqatlarına əsaslanaraq, xəzərlərdə Tenqri xan inancının olduğunu bildirir [21, s. 156; 1, s 80]. Novoselçev bildirir ki, Tenqri xan türkdilli xalqların (Türk, Azərbaycan, Türkmən, Yakut, Çuvaş) inancıdır. Onun bildirdiyinə görə, xəzərlərdə bütpərəstlik müxtəlif mənşəli olduğu üçün mürəkkəb ayinləri özündə əks etdirdirdi [22, s. 145-146]. Bizcə, müəllifin diqqət çəkmək istədiyi məqam Xəzər xaqanlığında müxtəlif xalqların yaşaması və onların bütpərəst olmasıdır. Bilindiyi kimi, Xəzər xaqanlığı təşəkkül tapdığı dövürdə onun ərazisində müxtəlif xalqlar yaşayırdı. Onlar bütpərəst olsada, müxtəlif dilli xalqaları təmsil edirdilər. Onlar, əsasən, Türk dilli və Hindi Avropa dilli xalqların təmsilçiləri idi. Təbiidir ki, müxtəlif xalqların milli adət və ənənələri onların dini ayinlərinə təsir edirdi. Ayinlərin müxtəlif şəkildə olması, bununla izah edilə bilər.
Türklərdə Tenqrixan inancına görə, o, qəhrəmanlıq, güc, cəsurluq, uğur və bolluq rəmzidir [12, s. 11]. Kevin Allan Brooka görə, xəzərlərdə, hunlarda və bulqarlarda olduğu kimi, Tenqri inancı olmuşdur. Tenqri dünyanı yaradan, ölümsüz varlıqdır. Ona müxtəlif heyvanlar qurban kəsilirdi, əsasən də at [4, s. 203-204]. Biz diqqət edərsək, görərik ki, Tenqriyə verilən zati sifətlər bütpərəstlik və ilahi din arasındakı bir mərhələni xatırladır.
Xəzər xaqanlığında yayılan dinlərdən biridə Xristian inancı idi. Tədqiqatlardan bilindiyi kimi, xaqanlıq ərazisində çoxlu sayda xalqlar yaşamışdır və onlar əsasən bütpərəst idi. Xristian dininə sitayiş edən əhali isə Krım yarmadasında yaşayanlar idi. Xəzərlər arasında Xristian inancının yayılması, Bizans imperiyası və Cənubi Qafqazdan qaynaqalanırdı. Göründüyü kimi, bu missiyonerlik hərəkətlərinin arxasında müxtəlif siyasi güclərin dini və siyasi maraqları dayanırdı. Bilindiyi kimi, Bizans imperiyası istər Sasani imperiyasına, istərsə də Ərəb xilafətinə qarşı mübarizədə xəzərlərin hərbi qüdrətindən məharətlə istifadə etmişdir. Bəzi tədqiqatçıların gəldiyi nəticəyə görə, Xəzər xaqanlığı lazımı anlarda müdaxilə etməsələrdi, Bizansında talehi Sasani imperiyasının aqibəti kimi olacaqdı. Təbiidir ki, bu qüdrətli gücü idioloji olaraq özünə bağlamaq, Bizans imperiyası üçün geniş imkanlar yaradardı. Bizansa təhdid, təkcə Ərəb xilafəti tərəfindən deyildi. Avar xanlığı, Bulqar xanlığı, slavyanlar, pəçənəklər ayrı-ayrılıqda Bizans üçün təhdit mənbəyi idi. Dərin dövlətçilik tarixi olan bizanslılar, bu problemləri xəzərlər vasitəsilə həll etmək istəyirdilər. Bəzən Bizans imperiyası Xəzər xaqanlığının leyhinə torpaqlarını itirməyidə qəbul edə bilirdi. Belə ki, xəzərlərin Xerson şəhəri xaric bütün Krım yarmadasını Bizansdan alması buna misal ola bilər. Xəzərlər bu əraziləri ilhaq etsələr də, orada yaşayan əhalinin dini baxişlarına qarşı hər hansı məhdudiyyət qoymadılar. Onlar, ərazi baxımından xaqanlığı tabe olsalarda, dini yöndən Bizans imperiyasının nəzarətində idilər. Bəzən Bizans imperiyası bu üstünlükdən faydalanmağa cəhd edirdi. Bizans Qotiyada 7 eparxiyanı birləşdirərək, Mitropoliya yaratmışdı [23, s.61]. 784-cü ildə İonna Qotskinin başçılığı altında xəzərlərə qarşı üsyan oldu. O, Bizans imperatriçası, Afinalı İrina tərəfindən buna təşviq edilmişdir. Qeyd olunmalıdır ki, o, Bizans imperatoru Lev Xəzərin (775-780) dul qadını idi. Lev Xəzərin anası Xəzər xaqanını qızı idi. Xəzər ordusu bu üsyanı yatıra bildi. Qotiya əhalisidə bu üsyanın yatırilmasında maraqlı idi. İmperatriçanın arzusu Krımı yenidən Bizans imperiyasının nəzarətinə keçirmək və ya, xəzərləri zəiflətmək olsa da, əksinə, xəzərlər orada dahada möhkəmləndi və həmin ərazilərə bulqarlar köçürüldü [18, s. 146].
Cənubi Qafqaz dövlətlərinə gəlincə, Albaniya çarlığı onlar arasında ən qüdrətlisi və ilk olaraq Xristian dinini qəbul etmiş dövlət idi [2, s. 18]. Alban knyazlığının şimal hissəsində yerləşən Dərbənd şəhəri Cənubi Qafqazda Xiristian mərkəzlərindən biri idi. Sonralar türklərin hücumları nəticəsində Bərdə şəhərinə köçürüldü. Tarixi mənbələr təsdiq edir ki, xəzərlər Qərbi Türk xaqanlığına tabe olanda da, sonralar müstəqil xaqanlığa çevriləndə də, Cənubi Qafqazı özünün nüfuz dairəsi hesab edirdi. Bu hücumlardan ən çox zərər çəkən dövlət Albaniya idi. B.N.Zaxoder bildirir ki, "Alban kilsəsinin xarici siyasəti Albaniya hökumətinin xarici siyasətinə uyğun aparılırdı" [17, s. 50]. Alban hakimiyyətinin əsas məqsədi Xəzər xaqanlığının hücumlarının qarşısını almaq idi. Alban dövləti bunun üçün bir çox vasitələrdən istifadə edirdi. Bu vasitələrə xərac, ailə diplomatiyası və Xristian dinini aid etmək olar. Sonuncu cəhd, Alban knyazı Cavanşirin sui-qəsd nəticəsində öldürülməsindən sonra, Xəzər xaqanın hücumunun nəticələrini aradan qaldırmaq üçün, knyaz Varaz-Trdat, Alban katalikosu Yelizar və yepiskop İsralin birgə diplomatik və missioner fəaliyyəti olmuşdur. Missionerlik işi uğurlu şəkildə aparılmışdır [2, s. 156-157]. Dağıstan ərazisində arxeoloji qazıntılar aparmış M.Q. Maqomedov bildirir ki, "yazılı məlumatlar və arxeoloj qazıntılar şahidlik edir ki, ilk zamanlar xəzərlərin ibadətləri kilsədə olmamışdı. Təbiidr ki, köçərilər üçün tanış olmadıqları yaradana üstü örtülü məkanlarda ibadət etmək, çətin olmuşdu. Onlara ibadət etmək üçün üstü açıq kilsələr inşa edilmişdir" [21, s. 169]. Onun fikrincə, xəzərlər Xristian dinini qəbul edərkən, tam şəkildə onu qəbul etməkdə çətinlik çəkirdilər.
Göründüyü kimi, Bizans imperiyası və Alban knyazlığının cəhdləri nəticəsində xristianlığın yayılmas, tam şəkildə özünü doğrultmamışdır. Xristian dini digər xalqlarda, slavyanlarda bulqarlarda, macarlarda olduğu kimi, Xəzər xaqanlığında rəsmi dinə çevrilmədi.
Xəzər xaqanlığında İslam dinin yayılması, Xəzər-Ərəb siyasi və ticari münasibətlərinin nəticəsində baş vermişdir. Məlum olduğu kimi, Azərbaycan ərazisi ərəblər tərəfindən işğal olunduqdan sonra, Ərəb xilafəti Xəzər xaqanlığı ilə həm sərhəd oldu. Ərəblərin hücumları nəticəsində Xəzər-Ərəb müharibələri başladı. Ərəblər xaqanlıq ərazisində möhkəmlənə bilməsə də, onlar arasında münasibətlər nəticəsində, xəzərlər arasında İslam dinin yayılması hadisəsi baş verirdi. İslam dinin yayldığı bölgələrdə müxtəlif sivlizasiyaların qarşılıqlı təsiri nəticəsində, ərəbdilli İslam mədəniyyəti yarandı [23, s. 99]. Ərəb fütuhatları yeni monoteist dinin özünə məxsus etik-hüquq sistemini və dini-siyasi insitutlarını yaratdı [10, s. 3]. İslam Cənubi Qafqazda inkişaf etmiş mədəniyyət və fəlsəfi mühakimərə əsaslanan zəngin dini inamla qarşılaşdı [3, s. 42]. Təsadüfü deyildir ki, İslam dinin Dərbəndin şimalında yayılmasında əsas dayaq Azərbaycan olmuşdur. İslamın Dərbənd ərazisində möhkəmlənməsində Məsləmə b. Əbdülməlikin rolu böyük olmuşdur. Dərbənd ərazisində Xəzər məscidinin olması sübut edir ki, artıq Əməvi xilafəti (661-749) zamanında xəzərlər arasında İslam dini yayılmışdı. Baxmayaraq ki, Ərəb və Xəzər münasibətləri çox kəskin idi. VIII əsrin birinci yarısında Dərbənd şəhərində Cüma məscidinin tikilməsi, onun Qafqazda ən böyük müsəlman mərkəzinə çevrilməsinin sübutu idi [24, s. 103]. Xəzər xaqanlığında İslam dinin yayılmasının ən əlamətdar dövrü Mərvan b. Məhəmmədin 737-ci ildə xəzərlərin paytaxtı Beyda şəhəri yaxınlığında xaqanı tam məğlub edərək, onu İslam dinin qəbul etməyə məcbur etməsi hadisəsi idi [23, s. 41]. Lakn Əməvi xilafətində üsyanların kəsknləşməsi və saray daxili hakimiyyət mübarizəsi, İslam dinin Xəzər xaqanlığında yayılmasının qarşısını aldı. Xaqan xilafət daxilindəki qarışıqlıqdan istifadə edərək, İslam dinindən imtina etdi. İslam dinin qəbul etmiş xəzərlər Dağıstan ərazisində də yerləşmişlər. Göründüyü kimi, xəzərlər kütləvi şəkildə olmasada, İslam dinini qəbul edirdilər. Sonralar Ərəb-Xəzər ticari münasibətləri xəzərlə arasında islam dinin yayılmasını sitimullaşdıran səbəblərdən bii olmuşdur.

Xəzər xaqanlığında Yəhudi dini
Xəzərlərin Yəhudi dinini qəbul etməsi, hər zaman xəzərşünasların diqqət mərkəzndə olmuşdur. Yəhudi dinin Xəzər xaqanlığında yayılması hadisəsinə müxtəlif yanaşmalar vardır. Bəzi tədqiqatçılar bunun ictimai-sosial vəziyyətin diqtəsindən qaynaqlandığını bildirir. Bir qismi iddia edir ki, ruhbanlar Yəhudi dinin xarakterik xüsusiyyətlərini Xəzər xaqanina daha inandırıcı şəkildə təqdim etdiyinə görə, o, digər dinlərdən üstün olduğunu zənn edərək, Yəhudi dinini qəbul etmişdir. Digərləri isə, xəzərlərin bu dini qəbul etmədiklərini, sadəcə olaraq, Yəhudi qadınlarla evlənən hakim təbəqənin sonradan yəhudi din adamları və tacirlərinin təsiri altına düşərək, hakimiyyətini itirib, simvolik xaqana çevrildikləri fikrini irəli sürür. Yəhudi dinin Xəzər xaqanlığında qəbul eilməsini şərtləndirən amillər hansılardı ?
"Gerçək tarixi hadisələrin elimdə doğru-düzgün əks etdirilməsi yalnız vicdanlı, qərəzsiz tədqiqat aparmaq istəyindən, düzgün nəticələr çıxarmaq bacarığından asılıdır" [3, s. 29] Xəzər xaqanlığında yeni dinin qəbul olunması səbəbi nə idi?
Bəzi tədqiqatçıların fkrinə görə, Xəzər xaqanlığının ərazilərini genişləndirməsi, feodal münasibətlərin formalaşması dini dəyişikliyi zəruri edirdi. Xəzər xaqanlığının Bizans imperiyası və Ərəb xilafətilə siyasi baxımdan bərabər səviyyədə olması, yeni dinin qəbul edilməsini tələb edirdi. Təbiidir ki, o, İslam və Xristian dini kimi, bərabər səviyyəli din olmalı idi. M.Q.Maqamedovun rəyincə, xəzərlərdə sosial iqtisadi inkişaf , köçərilərdəki bütpərəstlik baxışlarında dəyişiklər edilməsini zəruri edirdi [21, s. 158]. A.P. Novoselçev bildirir ki, istənilən feodallaşmaqda olan cəmiyyət üçün bu və ya digər monoteist dini qəbul etmək qanunauyğunluq idi. Yaranmaqda olan feodal münasibətlər mərkəzdən qaçma hadisərin qarşısını almaq üçün, politeizmi monoteizmlə əvəzləməyə məcbur idi [22, s. 151]. Tədqiqatçılar bildirir ki, VIII əsrin ilk yarısında xəzərlərin qarşısında yeni bir idealogiya seçmək zərurəti dayanırdı. Bu, Xristian, İslam və Yəhudi dinləri idi. Təbiidir ki, ilk iki dinin mənsubları xəzərləri öz dinlərində görmək istəyirdi. Xəzərlər üçün ən məqbul olan Yəhudi dini idi. Bununla, onlar Bizans imperiyası və Ərəb xilafəti kimi, səmavi din qazandılar. İkinci, Yəhudi dinin arxasında hər hansı bir dövlət gücü dayanmamışdı. Əks halda, xəzərlər Bizans imperiyası və ya Ərəb xilafətindən asılı vəziyyətə düşə bilərdi [8, s. 360-361]. Həqiqətəndə, Xəzər-Yəhudi yazısındanda görünür ki, Bizans və ərəblər xəzərləri öz dinlərinə çəkmək üçün müxtəlif vastələrdən istifadə edirdilər. "Edom imperatoru (Roma) və ismaillilər böyük miqdarda hədiyyələr və öz müdrüklərini göndərərək, bizi özlərinə məxsus dinlərə dəvət edirlər" [20, s. 77]. Xəzərlər monoteist dini qəbul edərək, daxili inkişafı və birliyi təmin etməklə bərabər, xarici siyasət və ticarətdə geniş imkanlar əldə etdilər [21, s. 158].
Digər tədqiqatçıların fikrinə görə, xəzərlər Yəhud dinini qəbul etməmişdilər. Onlar bu dinə yaxşı münasibət bəsləsələr də, onu qəbul etməmişlər [5, s. 9]. Zəkəriyyə Kitapçı bildirir ki, Qafqaz ərazisinə gəlmiş yəhudilərin dininə xəzərlər heç bir maraq göstərməmişlər [6,s. 11]. L.N.Qumilyov Xəzər xaqanın və yaxınlarının yəhudiliyi qəbul etmək hadisəsini, xaqanların gözəl yəhudi qızları ilə evlənmələri və yəhudi ruhbanların və tacirlərinin fəaliyyətinin nəticəsi kimi dəyərlən­dirir. Təbiidir ki, qeyd olunan fikirlərin əsaslı olduğunu görmək üçün, Yəhudi dinin xarakterik xüsussiyətlərinə diqqət etmək lazımdır. Xalqın, top­lumun pisxalogiyasını bilmək, başa düşmək üçün onun dini inancını bilmək lazımdır [9, s. 13].
Yəhudilər genioloji olaraq, İbrahim və Saranın oğlu İsakın nəvələridir. İsakın oğlu Yaqubun dörd arvadından 12 övladı olmuşdur. Yəhudilər özlərini həmin 12 nəslin varisləri hesab edir [15, s. 24]. Yəhudilərin dinləri səmavi din qurpuna aid olsada, tarixi proseslər nəticəsndə milli dinə cevrildi. Yəhudi dini bir ideologiya kimi, İsrail oğulları mədəniyyətinin mühüm bir elementidir. Bu, yəhudilər milli –siyasi müstəqilliklərini itirdikdən sonra, onlara özünü qorumaq imkanı verdi [13, s. 323]. Onlara görə, yəhudilər Allahın seçdiyi və digər millətlərdən üstün tutduğu millətdir. Yəhudilərin əziyyət çəkmələrinin səbəbi onların yaradana qaşı verdikləri vədi çeynəməkləridir. Buna baxmayaraq, onlar yenədə seçilmiş xalqdır, Yəhva onları bağışlayacaq və bütün insanlardan üstün tutacaqdır. Yəhudi dini səmavi dinlər arasında yeganə dindir ki, mllət və din anlamı birləşib. Yəhudi dinində missiyonerlik fəaliyyəti yoxdur. Nəslin davamı ana xəttilədir. Milli dinlərin xarakterik xüsusiyyətlərinə gəlincə, bu dinlərdə əsas subyekt millət və ya xalqdır. İkinci, etik qayda və qanunlar bütün sosial təbəqələrin yer üzündəki vəzifələrini və əbədiyyətdə ruhların xoşbəxtliyini müəyyənləşdirir. Üçüncü, onun dini fəlsəfəsi və ayinləri hər kəs üçün aydın olur. Sonuncu, o, milli baxışlara əsaslanır.
Tədqiqatçıların müxtəlif baxışlarını tədqiq, təhli etdiyimizdə, hər iki baxışda haqlı və məntiqli yanaşma görürük. Ancaq iki fərqli baxışda, müştərək əlamətlərin olması mümkündür. Həqiqətin ortaya çıxması üçün, tarixi hadisəni sonadək izləyib, nəticəni təhlil etdikdən sonra həqiqəti tapmaq olar.
Məlumdur ki, Yəhudi dini milli bir dindir, özünü ən yüksək din, məlum 12 qəbiləni seçilmiş millət hesab edir. Digər millətlərdən üstün olduğunu iddəa edir. Soy isə anailə bağlanır. Bu halda xəzərləri nə üçün yəhudi hesab edirlər?
Xaqan Yusifin özünü hansı soya aid etdiyinə baxarsaq, "biz Yafəsin oğlu Toqarmanın nəslindən gəlirik. Toqarmanın on oğlu olmuşdur. Aqiyor, Tiras, Avar, Uqin, Biz-l, T-r-na, Xazar, Z-nur, B-l-q-d, Savir. Biz Xəzərin övladlarından gəlirik . Onun zamanında biz az saylı olmuşuq" [20, s. 74]. Müəllif məktubun əvvəlində özünü Aoronun oğlu Toqarma çarı kimi ifadə edir [20, s. 72]. Buradan nəticə almaq olar ki, xaqan Yusif özünü bütün türklərin çarı hesab edr. Tarixi məlumatlara görə, e.ə. ozlərini yəhudi adlandıran samiriləri yəhudilər özlərindən hesab etmirlər. Çünki onlar on iki qəbiləyə aid deyillər. Yəhudi dinin milliləşmə hadisəsi Babil sürgünündən sonra olmuşdu. IX əsrdə xəzərlərin yəhudiliyi qəbul etmələri sual doğurur.
Xəzərlərdə dini dəyişklik Ərəb tarixçilərinə görə IX əsrin əvvəllərində Harun ər-Rəşidin (786-809) hakimiyyəti zamanında baş vermişdir. Qeyd etməliyik ki, Abbasi-Xəzər münasibətləri daha mülayim olmuşdu. Xəzərlər daha çox ticari gəlirlər vastəsilə xəzinəni doldururdular. Dini dəyişiklikdən sonra, Xəzər xaqanlığında ikili hakimiyyət yarandı. Türk taixçisi Osman Karatay Xəzər xaqanlığındakı iki hakimiyyətliliyi Osmanlı imperiyası tarixinin ikincin yarısılə müqayisə edərək, sədrəzəmin səlahiyyətlərinin İşanın səlahiyyətləilə eyni olduğunu bildirir. Onun fikrinə görə, xaqan Aşina sülaləsindən, ikinci şəxs isə Yəhudi idi [5, s. 68]. Bu fikir, təkcə Osman Karatayla məhdudlaşmır, Artur Kostler həmin fikri dəstəkləyir. Ordu sistemi dəyişildi, 12 minlik muzdlu orduya üstünlük verildi. Xəzər xaqanlığında dini və milli zəmində qarşıdurmalar yarandı. Böyük bir imperiya Rus durjinasının zərbəsilə məhv oldu. Bütün baş verənlər hansısa səbəbin nəticəsi idi. Bizcə, birinci fikirlə müqayisədə, ikinci fikri təsdiqləyən məlumatlar daha məntiqlidir.
Xəzər xaqanlığına yəhudi icmasının varlığı heç bir sual doğurmur. Bilindiyi kimi, Sasani imperiyasında baş verən Məzdəki hərakatında yəhudilərdə iştirak etmişlər. 529-cu ildə Sasani imperiyasında yəhudi icmasının başçısı Mar Zutra asıldıqdan sonra, yəhudilər Qafqaz ərazisinə köç etdilər [16, s. 269]. Digər yəhudi köçü Ərəb-Sasani savaşları dövründə baş vermişdir. Bundan başqa zaman-zaman yəhudilər Bizans imperiyasından dini zəmində təqiblərə görə, Xəzər xaqanlığı ərazilərinə köç etmişdilər. Bu, VII əsrin 20-ci illərində imerator I İraklinin zamanında, VIII əsrin başlanğıcında III Levin zamanında baş vermişdi. Onlar üçün ən təhlükəsiz yer Xəzər xaqanlığı idi [18,s. 152]. Onların dini dözümlülüyü yəhudilərə rahat yaşamağa imkan verirdi. Təsadüfü deyildir ki, şərqşünas V.V. Qriqoriyev Xəzər xaqanlığını Avropa qaranlığında yanan metroidə bənzədir. Bütün xalqlar bu imperiyada özünün milli və dini kimliyini təhlükəsiz ifadə edə bilirdiidi [14].
Xəzər xaqanlığında Yəhudi dinin qəbul olunması tarixi qaranlıq qalmaqdadır. Bunun səbəbini müxtəlif tərəflərin siyasi maraqları ilə izah etmək olar. Xaqan Yusifin məlumatına görə, onlar yəhudiliyi hakimiyyətindən 340 il əvvəl qəbul etmşlər. Bu isə təqribən VII əsrin 20-ci illərinə təsadüf edir. O zaman İslam dini yaranmamışdır. Bulanın Ərdəbilə hücumu 730-cu ilə təsadüf edir. XII əsrdə yaşamış Yəhuda Qalevi təqrbən 400 il əvvəl qəbul edildiyin yazır. Ərəb tarixçləri Harun ər- Rəşid zamanında baş verdiyini bildirir. Halbu ki, onun valisi Xəzər xaqanın qızı ilə evlənmişdir, onun yəhudi olduğu haqqınnda heç bir məlumat yoxdur. Bəzi müəlliflərə görə, VIII əsrin 30-cu illərində xəzərlərdə dini dəyişiklik üçün heç bir cəhd olmamışdı. Əslində buna ehtiyac da yox idi. "Bütpərəst xəzərlər məharətlə müharibə edib, qələbələr qazanır və zənginləşirdilər. Demək ki, allahları öz işlərini məharətlə yeinə yetirirlər " [22, s. 148].
Sonda Oleq Ivikin uzun illər arxeoloji qazıntıları təhlil edərək, gəldiyi nəticəyə diqqəti cəlb etmək istəyirik. "Arxeoloqlar Xəzər xaqanlığında yəhudilərin olduğuna şahidlik edən heç bir qalıntı tapmamışlar. Tapilan məlumatlar o qədər azdır ki, Xəzər xaqanlığında yəhudiliyinn mövcud olduğunu yazan ərəb müəlliflərinin fikrlərini qəbul etməyə əsas vermir. Əldəki məmulatlar, bunun Yəhudi dinin aparıcı olduğu ölkənin əhalisinin mirası yox, az saylı tacirlərin keçərkən, saxladıqlarını xatırladır" [ 18, s. 175]. Qeyd edilməlidir ki, bu fikri L.N.Qumliyovun “Otkrıtie Xazarii” əsərində də rast gəlirik. Lakin müəllif onların arxeoloji qazıntılar lazımı məkanda axtarmamalar ilə bağlı olacağını bildirir [16, s. 162]. Tədqiqatçılardan bəziıləri bildirir ki, Xəzər xaqanlığında Yəhudi dini məsələsini qabartmağa çalışanlar, o cümlədən, Xəzər-Yəhudi yazıları din tarixini ön plana çəkərək, qüdrətli bir imperiyanın yaranma və inkişaf tarixini kölgələyrlər [11, s. 127].

Nəticə
Xəzər xaqanlığında dini dəyişiklərin doğurduğu nəticələrə gəlincə, tədqiqatçıları əksəriyyəti onu mənfi dəyərləndirir. Onlara görə, bu, xəzər elitasında parçalanmalara səbəb oldu. Onun nəticəsində xaqan təkləndi və saray yəhudi elitasının əlinə keçdi. Onlar bundan istifadə edərək, xaqanı hakimiyyətdən kənarlaşdırdılar. Yeni hakmiyyətlə digər xalqlar və dini konfesiyalar arasında gərginliklər yarandı. Hakimiyyət dövlətçilik maraqlarından deyil, qurup maraqlarından çıxış edirdi. Xəzərlər hərbi elitadan kənarlaşdırıldı və yerinə 12 minlik muzdlu qvardiya yaradıldı. Onlar da müsəlman türklər idi. Qvardiyanın şərtlərinə görə, onlar müsəlmanlara qarşı vuruşmayacaqdılar. Deməkdir ki, hakimiyyətin İslam dövlətlərilə hər hansı problemi yox idi. Xəzər xaqanlığını milli zəmində vətəndaş müharibələri bürüdü. Dini zəmində münaqişələr isə hakimiyyət tərəfindən körüklənirdi. Xalqa dayanmayan hakimiyyətin ömrünün uzun olmayacağını, tarix sübut etmişdir. Qüdrətli Xəzər xaqanlığı 965-ci ildə Svyotaslavın başçılığı altındaki bir Rus durjinasının zərbəsilə tarixə qovuşdu.

Ədəbiyyat siyahısı
1. Əliyeva. N. Azərbaycanda İslam mədəniyyəti. Bakı: Elm və Təhsil, 2017, 488 s.
2. Moisey Kalankatyuklu. Albaniya Tarixi, Mixtar Qoş. Alban Salnaməsi Bakı: Elm, 1993, 269 s.
3.Paşazadə A.Ş. Qafqazda İslam. Bakı: Azərnəşr, 1991, 224 s.
4. Brok K.A. Bir Türk imaratorluğu: Hazar yahudileri. İstanbul: Nokta kitap, 2005, 455 s.
5.Karatay Osman. Hazarların musevileşmesine dair belge : Keniz mektubu // Kara deniz araştırmaları. Sayı -18, 2008, s 1-17.
6.Kitapçı Zekeriyye. Hazrlar hakkında yeni tarihi gerçekler. İstanbul: TDA, Özrenk matbaası: 2005, s 111-164.
7.Turan Osman. Türk cihan hakimiyeti mefkuresi tarihi. İstanbul: Hakışları yayın evi, 1973, 646 s.
8. Артамонов М.И. История Хазар. СПб: Лань, 2001, 688 с
9.Бартольд В.В. Тюрки.Москва: МГУ им. Ломоносов, 2015, 240c
10. Большаков О.Г. История Халифата. В 4 томах. Том 1.
11. Гадло А.В. Этническая история Северного Кавказа VI-X вв. Ленинград: Издательство ЛГУ,1979, 216 с.
12.Гмыря Л.Б. «Царство Гуннов» в Дагестане. Москва: 1980, 21 с. авторефoрат.
13.Горохов С.А, Христов Т.Т. Религии народов мира. Москва: КН ОРУС, 2014, 424 с.
14. Григорьев В.В. Обзор политической истории Хазар (Россия и Азия), СПб: 1876, с 45-65.
15.Гудратов О.Г., Гудратов Н.О. Мировые религии: Ислам. СПб: «Диля», 2008, 640 с
16. Гумилёв Л.Н. Открытие Хазар. Москва: Айфис, 2007, 412 с
17. Заходер Б.Н. Каспийский свод сведений о восточной Европе. Москва: Наука, 1962, 279 с
18. Ивик Олег, Ключников Владимр. Хазары. Москва: Ломоносов, 2015, 336 с.
19.Калинина Т.М., Флёров В.С., Петрухин В.Я. Хазария в косскультурном пространстве. Москва: Рукописные памятники Древней Руси, 2014, 208 с.
20.Коковцев П.К. Еврейско-Хазарская переписка в X в. Ленинград: 1932, 134 с.
21. Магомедов М.Г. Образование Хазарского каганата. Москва:1983, 223 s.
22. Новосельцев А.П. Хазарский Каганат. Москва: Ломоносов, 2017, 272 с. 23.Шыхсаидов А.Р. Очерки истории, источниковедения, археографии средневекового Дагестана. Махачкала: ГУ Дагестанское книжное издательство, 2008, 560 с

РЕЗЮМЕ
Религии в Хазарского каганата
На территории Хазарского каганата существовали исламские, христианские, еврейские и языческие верования. Несмотря на существование разных религий, хазары терпимо относились ко всем религиям. Неслучайно что, Хазарский Каганат можно было уподобить метеориту, сияющему во тьме Европы. В статье автор исследует религии, существовавшие в Хазарском Каганате. Он затронул причины распространения среди каспийцев иудаизма, христианства и ислама.

Ключевые слова: Хазары, религии, ислам, христианства, иудаизм

SUMMARY
Religions in the Khazar Khaganate
Khazar Khaganate is one of the long-lived Turkish Empires. The representatives of many nationalities were under the control of the Empire as it has a big territory. In Khazar Khaganat there were many religions because of the multinationalism of the country. The first belief system of khazars was Tenqri belief as in other Turkish nations. There were Islamic, Christian, Jewish and pagan beliefs in the territory of the Khazar Khaganate. Despite the existence of different religions, the Khazars were tolerant to all religions. It is no coincidence that the Khaganate is considered as ametroid shining in the darkness of Europe. In the article, the author examines the religions that existed in the Khazar Khaganate. He noticed the reasons for the spread of Judaism, Christianity and Islam among the.

Key words: Khazars, religions, Islamic, Christian, jewish