Tiflis və ətrafı VIII-XVIII əsrlərdə

Post image

Rəşad Mustafa
AMEA Tarix İnstitutu, tarix üzrə fəlsəfə doktoru

E-mail: [email protected]

Ərəb yürüşlərindən sonra Tiflis və ətrafı: Ərəb yürüşlərindən sonra da Qərbi Azərbaycan və Borçalı bölgəsi Arrana – Şimali Azərbaycana aidiyyətini qoruyub saxlamışdır. İbn Xordadbehin qeydlərinə görə, ərəblər Cənubi Qafqazın I valiliyinə Arran adlandırdıqları tarixi Albaniya ərazisinə Sisəcan (Qərbi Azərbaycanın bir hissəsi olan Zəngəzur və Göyçə torpaqları), Arran, Bərdə, Beyləqan, Qəbələ, Şərvan və Tiflisi (Borçalı torpaqlarını) daxil etmişdilər (17, s.122; 24, s.18).
IX əsr tarixçisi əl-Bəlazuri də Cənubi Qafqazın inzibati bölgüsü haqqında məlumat verərkən Gürcüstanı II əmirlikdə, Tiflisi (Borçalını) isə Arran və Sisəcanla (Qərbi Azərbaycanla) birlikdə I əmirliyin tərkibində göstərmişdir (6, s.273; 7, s. 153).
Məsudi (ö. 956) Tiflisin ətrafındakı kəndlərin yalnız X əsrdə gürcülərin əlinə keçdiyini və Tiflisin müsəlman sərhəd şəhəri olduğunu qeyd edir (9, s.155; 24, s. 60-61).
İstəxri (X əsr) Tiflis şəhərini Arran şəhərləri arasında qeyd edir. O qeyd edir ki, Arranda Bərdə, Bab əl-Əbvab (Dərbənd) və Tiflisdən böyük şəhər yoxdur (8,s. 187; 24, s.89 və eyni zamanda, o qeyd edir ki, Arranın sərhədi şərqdən qərbə Bab əl-Əbvabdan Tiflisə qədərdir.
İbn Havqəl (X əsr) İstəxrinin fikirlərini təkrar edir: “…Arranda Bərdə, əl-Bab və Tiflisdən böyük şəhərlər yoxdur. Beyləqan, Varsan, Bərdic, Bərzənc, Şəmaxiyə, Şərvan, Abxaz (Ləican), Şəbəran, Qəbələ, Şəkki, Cənzə, Şəmkur və Hunan isə mühüm olmayan vilayətlərdir; şəhərləri gözəl, eyni böyüklükdə və məhsuldardır, geniş, yararlı təsərrüfat sahələrinə malikdir”. İbn Havqəl eyni zamanda Tiflisdə (Borçalıda) İslamın hədis elminin geniş yayıldığını, bu elmlə məşğul olanlara hörmət edildiyini, tiflislilərin qədim nəzəriyyələrə (təlimlərə) əsasən sünnilik tərəfdarlarının fikirlərini müdafiə etdiklərini qeyd edir(16, s.243; 24, s.110).
Əl-Müqəddəsi (d. 946–ö. 1000) isə belə yazır: “Bərdənin (Şimali Azərbaycanın) şəhərləri: Tiflis, Qala, Hunan, Şəmkur, Cənzə ... Qəbələ, Şəkki, Malazkərd, Təbla (Telavi) ... Arran (Xəzər) dəniz(i) və Araz çayı arasında adaya oxşayır və bütün iqlimin 1/3-ni təşkil edir... Paytaxtı Bərdədir”(10, s. 374; 24, s. 130).
Bu dövr ərəb müəllifləri də Azərbaycanın yerli əhalisinin türklərdən ibarət olduğunu qeyd etmişlər. Belə ki, Əbu Muhamməd Əbdulməlik ibn Hişamın “Kitabu-l Tican fi muluk Himyər” adlı tarix əsərində I Müaviyənin Ubeyd ibn Şəriyyə əl-Curhumi ilə dialoqu zamanı ortaya Azərbaycanla bağlı sual çıxır. Sualın ortaya çıxmasının səbəbi Ubeyd ibn Şəriyyənin Yəmən padşahı Raiş zamanında Şimr ibn əl-Qəttafın yüz min nəfərlik ordu ilə türklərlə döyüşə-döyüşə Azərbaycana daxil olması idi. Müaviyə soruşur: “Azərbaycan haqqında əlaqəniz, təlaşınız və xatirəniz nədir?” Ubeyd belə cavab verir: “Ora türk torpağıdır. Onlar oraya cəmləşərək bir-biri ilə qarışmış və təkmilləşmişlər” (3, s.56; 4, s.174; 34, s.87). Z.M.Bünyadov bənzər məlumata 1126-cı ildə farsca tərtib edilmiş imzasız bir əsərdə də rast gəlindiyini qeyd edir. Bu imzasız əsər müəllifi Himyari padşahlarından Raiş haqqında məlumat verərkən deyir: “Azərbaycan qədimdən türklərin əlində olan bir ölkədir” (4, s.74).
IX–XI əsrlər dövlətçilik ənənələrinin dirçəlməsi ərəfəsində bölgə: Xilafətin zəifləməsi dövründə Azərbaycanda dövlətçilik ənənələri dirçəlir və Sacoğulları, Salarilər, Şəddadilər kimi sülalələr, Tiflis əmirliyi kimi dövlətlər Qərbi Azərbaycan və Borçalını idarə edir.
Tiflis bölgəsi VIII–IX əsrlərdə müasir Gürcüstanın Kaxetiya bölgəsi istisna edilməklə, bütün şərq və cənub torpaqlarını əhatə edirdi və bəzən hüdudları daha da genişlənirdi. IX əsr mənbələrində Tiflisdə əmir olan İshaq ibn İsmayılın Cənubi Qafqazın hakimi olub Tiflisdə oturduğu qeyd edilir. Əmir İshaq ibn İsmayıl (830–853) dövründə Tiflis əmirliyi o qədər güclənmişdi ki, xəzərlərin yardımı ilə Bizans hakimiyyətindən qurtularaq müstəqil olan abxazlar da ona vergi ödəyirdilər (13, s.174). Stefan Asogik qeyd edir ki, Bizans imperatoru Feofilin (829–842) orduları Vənənd (Qars və ətrafı) ərazisinə daxil olduqları zaman “İsmailin oğlu Sahak tərəfindən darmadağın edildilər”. Bununla da əmir İshaq nəinki Borçalı, eyni zamanda Qars və ətrafı daxil olmaqla Qərbi Azərbaycanı da nəzarətə götürmüşdü. İbn Xordadbeh və ondakı məlumatı təkrar edən Müqəddəsi qeyd edir ki, Xəlifə Vasiq Yəcuc-Məcuc səddində yarıqlar açıldığına dair yuxu görmüş və 30 dil danışan Səlləm ət-Tərcümanı ora getməsi və vəziyyəti tədqiq etməsi üçün vəzifələndirmişdi. Səlləmə bu işlərdə yardım etməsi və xəzərlərlə və dağ hökmdarları ilə münasibət qurmaqda kömək etməsi üçün Xəlifənin məktubunu Tiflisdə oturan “Cənubi Qafqaz sahibi” İshaq ibn İsmayıla çatdırmışdı. Bu qeydlər Tiflis əmiri İshaqın dövründə əmirliyin sərhədlərinin qərbdə Qarsa, Qarsdan Dəryal keçidinə – əl-Lana qədər uzandığını sübut edir (10, s. 362; 17, s. 163; 5, s.206-207; 13, s.177). Lakin IX əsrdə Abbasilər xilafətinin türk sərkərdəsi Buğanın hücumundan sonra Tiflis və ətraf ərazilərin müsəlman-türk tayfaları qərb torpaqlarının bir hissəsini itirirlər.
Qərbdə əmirliyin sərhədləri Trialetiyə qədər uzanırdı. X–XI əsrlərdə Tiflis əmirliyinin şimal sərhədi Diqom vadisinə qədər uzanırdı. Msxeta bəzən onların nəzarətində, bəzən isə nəzarətdən kənarda qalırdı. Belə ki, təxminən 853-cü ilə aid Diqom düzənliyindəki Maçxan kilsəsinin divarında Tiflis əmirinin məmuru Huməd ibn Kitrin adının yazılması bu ərazilərin Tiflis əmirliyinə aid olduğunu deməyə əsas verir(33, s. 341). Şərqdə əmirlik İsani düzənliyini, Avçalanı, Qabırrı çayının (İori) qərb sahillərini əhatə edirdi. Şərqdə əmirliyin qonşusu digər Azərbaycan dövləti olan Şəki məlikliyi idi (15, s. 120). Cənubda isə Rustav, Dumanis, Şəmşəddil (Samşvilde) və Loru (Lori) torpaqları bu əraziyə daxil idi. Bundan əlavə, Tiflis əmirliyinə tabe Rustavi, Dumanis, Hunan şəhərlərində müsəlman əmirlər də var idi (33, s. 341).
Azərbaycanın qərb torpaqları 889-cu ildən etibarən Sacilər sülaləsinin tabeliyində olur. Bu dövrdə Azərbaycanın qərb torpaqlarını narahat edən və mərkəzləri Van gölü ətrafında yerləşən Baqratuniləri Sacilər dəfələrlə məğlub etmişdi. Bunlardan ən əhəmiyyətliləri 893-cü ildə Məhəmməd ibn Əbu Sacın Dəbil yaxınlığında (indiki İrəvandan qərbdə) erməni katolikosu II Georqu, 896-cı ildə Anidə (indiki Qars yaxınlığında) Baqratuni hökmdarı I Smbatın arvadını, başqa qohumlarını, eləcə də hökmdarla qaçmış bir çox erməni zadəgan ailələrini əsir almasıdır (23, s. 132). Məhəmmədin qardaşı Yusif ibn Əbu Sacın dövründə isə 907-ci ildə Tiflis müsəlman əmirliyinin varlığını təhdid edən bütün gürcü feodalları zərərsizləşdirilir. Eyni zamanda, 914-cü ildə Baqratuni hökmdarı I Smbat edam olunur, Qərbi Azərbaycanın – Dəbil və ətrafının təhlükəsizliyi tamamilə təmin edilir (27, s. 113).
Qərbi Azərbaycan 951 və 971-ci illərdən etibarən Şəddadilər sülaləsinin tabeliyində olmuşdur. Məhz bunun nəticəsi idi ki, Səlcuq imperatoru Alp Arslanın Anadolu yürüşləri zamanı bölgəni yaxından tanıdığı üçün Ani (Qars yaxınlığı) və ətrafını öz yaxın müttəfiqi Şəddadilərə vermişdi (20, s. 21).
Bölgə Səlcuqlular dövründən sonra: XI əsrdən etibarən bu ərazilərə oğuz türklərinin axını baş verir. Oğuz türkləri yerli türklərlə qaynaşaraq burada yerli etnosa çevrilirlər. Lakin oğuz türklərinin Azərbaycanda məskunlaşması daha qədim dövrlərə aiddir. Davidin tarixində oğuz türklərinin Asisfor, Klarcet, Şavşet, Acarıstan, Samsxe, Kartli, Araqveti, Samokalako və Çkondidiyə yayıldıqlarını, bunun böyük türkləşmə – “didi turkoba” olduğu deyilir (28, s. 277; 14, s. 307). Xüsusilə Məlikşah dövründə səlcuqlu türklərin bu ərazilərə daha kompakt və sıx şəkildə yerləşdiyi nəzərə çarpır.
XII əsrin əvvəllərində IV David (1089–1125) səlcuqlulara qarşı mübarizə apara bilməyəcəyini anlayıb “türkü türkün əliylə vurmaq siyasəti”ni həyata keçirdi və bölgəyə qıpçaqları dəvət etdi. Həmin qıpçaqlar Tiflis və ətrafına yerləşdirilmişdi və sonradan həm gürcülərin, həm də Azərbaycan türklərinin formalaşmasında əhəmiyyətli rolları olacaqdı. Belə ki, IV David 1104–1105-ci illərdə etnik olaraq erməni əsilli yoldaşından boşanaraq qıpçaq bəyi Şaraqanın oğlu Atrakın qızı ilə evlənəcəkdi və bu nikahın sayəsində Atrakın başçılığıyla 10 minlərlə qıpçaq ailəsi bölgəyə köçərək Davidə xidmət edəcəkdi (2, s. 129-130). Bir sıra tarixçilərin, xüsusilə Z.M.Bünyadovun fikrincə, qıpçaqların Azərbaycana gəlməsi VII əsrdə də baş verib (21, s. 37). IV Davidin dövründə köçürülən döyüşçülərin 40-45 min ailə olması qıpçaqların sayca ən azı ərazidə yaşayan xristianlar qədər və hətta daha artıq olduğunu göstərirdi. Belə ki, IV Davidin ordusu 40 mini qıpçaqlardan ibarət olmaqla 60 min nəfərə, gürcü əsgərlərin sayı isə bu orduda cəmi 20 minə çatırdı (30, s. 98). IV Daviddən gürcü çariçası Tamaraya qədər çardan sonra ikinci əhəmiyyətli şəxslərin, ordu rəhbərlərinin Kubasar, Kutlu Arslan kimi qıpçaq türklərinin olması hələ bu dövrdə ərazidə qıpçaqların həm sayca, həm də qüvvəcə gürcülər üzərindəki üstünlüyünü göstərir. Qeyd edək ki, “Kitabi-Dədə Qorqud”da Gürcüstan doqquz tümən Gürcüstan – doxsan minlik və ya doqquz vilayətlik Gürcüstan kimi qeyd edilir (18, s. 104). İ.Cavaxaşvilinin, C.Stepnadzenin hesablamalarına görə, bu dövrdə IV David orta hesabla 225 min qıpçaq türkünü köçürmüşdü, Q.Ançabadze isə qıpçaqların sayını 200–250 min nəfər qeyd edənlərin düzgün nəticəyə gəldiklərini müdafiə edir (2, s. 133). F.Kırzıoğlu isə qıpçaqların təxminən 300 min nəfər olduğunu qeyd edir(11, s. 115; 2, s. 135; 25). Həm ordu, həm əhali arasında qıpçaqların açıq-aydın üstünlüyü nəzərə çarpır. Bir neçə on min qıpçaq ailəsi bir də III Georgi (1156–1184) tərəfindən Gürcüstan və ətraf ərazilərə köçürülmüşdü ki, bu gələn qıpçaqları gürcülər “kivçakni axalni” – yeni qıpçaqlar adlandırırdılar (29, s. 12; 25). İstisna edilmir ki, müasir Gürcüstanın şərqində gürcülərin Kvemo-Kartli, Azərbaycan türklərinin Borçalı-Börü Çala-Qurd dərəsi adlandırdığı ərazilərdə yaşayan Azərbaycan türklərinin, eyni zamanda Axıska türklərinin, Şimal-Qərbi Azərbaycanda Şəki–Zaqatala ərazisində yaşayan Azərbaycan türklərinin əcdadları arasında qıpçaqlar olmuşdur. Qıpçaqların daha çox heyvandarlıqla məşğul ola bilməsi və yürüşlər edə bilməsi üçün əsasən IV Davidin onları krallığının cənub və cənub-qərb sərhədlərinə yerləşdirməsi haqqında məlumatları bunu təsdiqləyir. Eyni zamanda, M.D.Lordkipanidzenin qıpçaqların əsasən sərhədlərə, yeni işğal edilən ərazilərə – Ereti, Tiflis ətrafı və şimalına yerləşdirilməsi fikri də bu iddianı dəstəkləyən mahiyyətdədir (2, s. 131). Toponimlər də eyni şeyi deyir. Qaxda qıpçaqlarla bağlı Qıpçaq adlı kənd mövcuddur (19, s. 140). Qıpçaqlardan əncə vəya öncələrin adı ilə adlandırılan Qax rayonunda Oncallı kəndi, eyni tayfa ilə bağlı Şəkidə İncədağ, İnçə kəndi, Qazax rayonunda İncə dərəsi, Goranboy rayonunda İncədzor kəndi adlarında rast gəlinir (19, s. 145-146; 21, s. 38). Gürcüstanın Axalsıx rayo­nun­da isə Edincə və İncəblə kənd adlarında əncə tayfalarının izinə rast gəlinir (25). Qıpçaqlardan qullar adlanan tayfa adı ilə bağlı isə Azərbaycanda Ağdam, Bərdə, Qusar və şimal-qərbdə Balakəndə Qullar kənd adları ilə yanaşı, Gürcüstanda Akullar və Dağıstanda Kullar kənd adları var (21, s. 39). Məhz qıpçaqlarla güclənən yeni ordu sayəsində IV David 1122-ci ildə Tiflisi, 1123-cü ildə Dumanis və Ani (Qars) şəhərlərini işğal edir. Təkcə Ani şəhərinin işğalı zamanı 20 min müsəlmanı qətl edirlər (22, s. 271-272).
Qıpçaqlarla güclənən xristian qüvvələrinə qarşı mübarizə aparmaq Atabəylər dövründə bir sıra problemlərə çevrilir. İlk hökmdarlar dövründə (Atabəy Eldəniz, Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslan) Qərbi Azərbaycan və Borçalı üzərinə olan işğalşı yürüşlər dəf edilsə də, XIII əsrin əvvəllərində intensivləşən yürüşləri dəf etmək mümkün olmur. Bu dövrdə Loru (Dağ Borçalı) əyaləti və ətrafının idarəsi gürcülər tərəfdə vuruşan türk-qıpçaq Kubasarda (Qurdbasar) idi. Eyni zamanda, Axıska–Ərdəhan bölgələrini də qıpçaq bəyləri idarə edirdi (14, s. 336). Xarəzmşah Cəlaləddin 1225-ci ildə Dəbili geri almaqla Qərbi Azərbaycanın böyük hissəsini xristianlardan təmizləyir. 1226-cı ildə isə Tiflisi geri almaqla Borçalını təmizləməyə nail olur. Lakin Cəlaləddin geri qayıtdıqdan sonra 1227-ci ildə Tiflis şəhərinə hücum edərək buranı tamamən yandırırlar. Bu qırğın o qədər şiddətli olur ki, Cəlaləddin Tiflisə qayıdanda şəhərdə bir nəfər də sağ adam görmür. Bu hadisədən sonra şəhərdə demoqrafik vəziyyət xristianların xeyrinə dəyişir (22, s. 283).
Səfəvilər və əfşarlar dövründə: Monqolların yürüşü ilə oğuz tayfalarının mərkəzi Şimali Azərbaycandan (Muğandan, Arandan) Qərbi Azərbaycana, eyni zamanda sonrakı dövrdə Ana­doludan Azərbaycana köçmə prosesi daha da intensivləşdi. Nəticədə Qaraqoyunlu tayfa ittifaqına daxil olan sadlu/səədlular İrəvan və ətrafında məskunlaşdılar. Bununla da Çuxur Səəd (səədluların çuxuru, obası) yaşayış məntəqəsi adı meydana gəldi. Səfəvilər dövründə Çuxur Səəd dörd Azərbaycan bəylərbəyliyindən biri olmuşdu (Təbriz – Cənubi Azərbaycan, Qarabağ – Gəncə, Şirvan – Şamaxı və Çuxur Səəd – İrəvan bəylərbəylikləri). Bu bəylərbəyliyinin ərazisi Qərbi Azərbaycan və Axıskaya qədər Borçalının bir hissəsini də əhatə edirdi. Səfəvilər dövründə Çuxur Səəddə idarəçilik əsasən ustaclılara və qacarlara verilmişdi. Şah Abbasın hakimiyyəti dövründə bölgənin hakimi qacarlardan olan Sarı Aslan ləqəbli Əmir Günə bəy idi (12, s. 146-147). 1555-ci il Səfəvi və Osmanlı arasında bağlanan Amasya sülh müqaviləsinə görə Borçalı torpaqları Səfəvilərin tərkibində qalmışdı (31, s. 54). Borçalı bölgəsinin də idarəçiləri əsasən qacarlardan təyin edilirdi. Borçalı özü inzibati vahid kimi Gəncə bəylərbəyliyinə daxil edilmişdi və bəylərbəyləri əsasən qacarlardan olan Ziyadoğlular arasından seçilirdi.
XVIII əsrdə Borçalı gürcü və Azərbaycan feodalları arasında mübarizə meydanına çevrilir. Bunun əsas səbəblərindən biri gürcü zadəganlarının İslamı qəbul edirmiş kimi görünməsi, qadınları vasitəsilə Səfəvi sarayına və hərəmxanasına yol tapmaları, bununla da bölgədə idarəçiliyi ələ keçirmə cəhdləri idi. Məhz bunun nəticəsi idi ki, 1722-ci ildə I Pyotr Azərbaycana yürüş edəndə Kartli çarları Səfəvi imperiyasına xəyanət edərək Borçalı bölgəsini ələ keçirməyə çalışdılar (31, s. 61-62). Lakin I Pyotr geri çəkildiyi üçün gürcülər də bölgəni Gəncə bəylərbəylərindən ala bilmədilər.
1736-cı ildə Nadir şah Əfşar Səfəvi sülaləsinin hakimiyyətini ləğv edib taxta özünün keçdiyini elan edəndə Gəncə bəylərbəyliyinin irsi sahibi olan Ziyadoğlu qacarlar tayfası buna etiraz edir. Nadir şah Əfşar cəza olaraq Borçalı bölgəsini Qazaxla bir yerdə o dövrdə idarəçiliyi sadəcə kağız üstündə olan, vali statusu daşıyan və Nadirin Tiflisdəki naibindən asılı olan Kaxetiya (Şərqi Gürcüstan) hakimi II Teymuraza verir (26, 186). Teymurazın belə əhəmiyyət qazanmasının səbəbləri arasında qərbdən hücum edən Osmanlı qoşunu ilə daim həvəslə mübarizə etməsi, eyni zamanda Nadirə qarşı üsyan qaldıran Səfəvi şahzadəsi Sam Mirzəni Nadirə təhvil verməsi də var idi. Məhz bunun nəticəsi idi ki, Nadir narahat qızılbaş-türk əmirlərindən fərqli olaraq, onu özünə sadiq təbəə kimi görürdü. Hətta Nadir şah 1744-cü ildə Kartlinin (Qərbi Gürcüstan) idarəsini də Teymuraza tapşırır (31, s. 74), Kaxetiyanın idarəsini isə öz yanında saxladığı Teymurazın oğlu II İrakliyə verir. Nadir şah Əfşarın ölümündən sonra onun təbəələri olmuş Kartli çarı Teymuraz və oğlu Kaxetiya çarı II İrakli qarışıqlıqdan istifadə edərək müstəqil oldular və Borçalı bölgəsini işğal etdilər. Şəki xanı Hacı Çələbi 1752-ci il döyüşü nəticəsində qısa müddətliyə Borçalı bölgəsini Azərbaycana geri qaytarsa (32, s. 67; 1, s. 201) da, Azərbaycan xanları arasında daimi mübarizə bölgənin Azərbaycan sərhədləri daxilində qalması şəraitini aradan qaldırdı. Gəncə xanlarının da Borçalı mübarizəsi bir nəticə vermədi. Əksinə, II İrakli Rusiyaya arxalanaraq Qərbi Azərbaycana – İrəvan xanlığına da dayanmadan qarətçi yürüşlərə başladı. 1783-cü il Georgiyevsk müqaviləsi ilə II İrakli Rusiya himayəsinə keçdi. Bununla da Borçalı bölgəsinin Azərbaycan torpaqlarına birləşdirilməsi çətinləşdi. Müqavilə, bir növ, təbəəçilik xarakteri daşıyırdı. Əvvəllər Səfəvi və Əfşar valisi olan II İrakli və ataları indi Rusiyanın valisi hesab edilirdilər, Gürcüstan torpaqları artıq Rusiyanın himayə etdiyi ərazi idi. Ağa Məhəmməd şah Qacar 1795-ci ildə Tiflisi tutur, Borçalını geri – Gəncə xanlarına qaytarır, lakin sonradan Rusiyanın 1783-cü il müqaviləsini əsas gətirərək bölgəyə müdaxilə etməsi yenidən tarazlığı gürcülərin xeyrinə dəyişir (1, s. 221-223).

Açar sözlər: Tiflis, Arran, Borçalı, Azərbaycan, türk

Ədəbiyyat siyahısı:
1. Abbasqulu ağa Bakıxanov. Gülüstani-İrəm. Bakı: Kitab klubu, 2018
2. Alasania G. Gürcüler ve İslam Öncesi Türkler. Trabzon: KTU-Karadeniz Araştırmaları Enstitüsü yayınları. Atalay matbaası, 2013
3. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı: Azərbaycan Universiteti nəşriyyatı, 1989
4. Bünyadov Z.M. Azərbaycan VII–IX əsrlərdə. Bakı: Azərnəşr, 1989
5. Dunlop D.M. Hazar Yahudi Tarihi. İstanbul: Selenge yayınları, 2008
6. Əl-Bəlazuri, Əhməd ibn Yəhya ibn Cabir. Kitab Futuh əl-Buldan. Haqqaqahu və şərəh. Abdullah Ənis Tubba. Beyrut: Muəssəsətu-l Muaf. 1987
7. Əl-Bəlazuri. Kitəb Futuhi-l Buldən. Azərbaycanın VII–IX əsrlər tarixinə aid çıxarışlar. Ərəbcədən tərcümə edəni, ön söz, qeyd və şərhlərin müəllifi Hikmət Əkbərov / Orta əsr ərəb mənbələrində Azərbaycan tarixinə aid materiallar. Vətən tarixi seriyası. AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu. Bakı: “Nurlan” nəşriyyatı, 2005
8. Əl-İstəxri, Əbu İshaq əl-Farisi. Kitab əl-Məsalik əl-Məmalik. Leyden: E.J.Brill. 1870
9. Əl-Məsudi. Muruc əz-Zəhəb və Məadin əl-Cəvahir. C.1. Beyrut: əl-Məktəbət-ul Asriyyə, 2005
10. Əl-Müqəddəsi, Şəmsəddin Əbi Abdullah Muhamməd ibn Ahməd ibn Əbi Bəkr. Əhsən ət-təqasim fi mə’rifəti-l əqalim. Leyden: BGA, E.J.Brill. 1877
11. Fahrettin M. Kırzıoğlu. Yukarı-Kür ve Çoruk Boylarında Kıpçaklar. Ankara: Türk Tarih Kurumu Basımevi, 1992
12. Faruk Sümer. Oğuzlar (Türkmenler). Ankara Üniversitesi yayınları, 1972
13. Gümüş N. İlk Dönem İslam-Gürcü İlişkileri. Rize: Karadeniz Basın Yayın, 2007
14. Gürcistan Tarihi (Eski Çağlardan 1212 Yılına Kadar), notlar: M.F.Brosset, trc. Hrand D. Andreasyan, Ankara: Türk Tarih Kurumu Basımevi, 2003
15. Hacıəli Ş. Şimal–Qərbi Azərbaycan: İngiloylar. (I kitab: ən qədim zamanlardan XIII əsrin ortalarınadək). Bakı: Təhsil nəşriyyatı, 2007
16. İbn Havqəl. Kitab əl-Məsalik və-l Məmalik. Leyden: E.J.Brill. 1872
17. İbn Xordadbeh, Əbu-l Qasim Ubeydullah ibn Abdullah. Kitab əl-Məsalik əl-Məmalik. Leyden: E.J.Brill. 1889
18. Kitabi-Dədə Qorqud. Bakı: “Yazıçı” nəşriyyatı, 1988
19. Məmmədov N.G. Azərbaycanın yer adları (oronimiya). Bakı: “Azərnəşr”, 1993
20. Minorsky V. Studies in Caucasian History. Cambridge Oriental Series, No.6, London: Taylors Foreign Press, 1953
21. Nuriyev E.B. Azərbaycan SSR Şəki-Zaqatala zonasının toponimiyası. Bakı: “Elm” nəşriyyatı, 1989
22. Rəşad Mustafa. Tiflis əmirliyi. Bakı: Turxan NPB, 2019
23. Şərifli M. X. IX əsrin ikinci yarısı-XI əsrlərdə Azərbaycan feodal dövlətləri, Bakı: Turxan NPB, 2015
24. Vəlixanlı N.M. IX–XII əsr ərəb coğrafiyaşünas-səyyahları Azərbaycan haqqında. Bakı: “Elm” nəşr., 1974
25. Yunusov Arif. Axıska (Mesxeti) türkləri: İki dəfə deportasiya edilmiş xalq (rusca) http://www.ca-c.org/journal/cac-02-1999/st_20_junusov.shtml
26. Бутков П.Г. Материалы для новой истории Кавказа, с 1722 по 1803 год. Том 2. С.Петербург, 1869
27. Всеобщая История Вардана Великого. Пер. Н Эмин. Москва: Тип. Лазаревского Института восточных языков, 1861
28. Житие царя царей Давида. Перевод И. Зетеишвили // Символ, 1998, № 40
29. История Князей Орбельян. Извлечение из сочинений Стефана Сюнийского, армянского писателя XIII в. Пер. с. Армянского Х.Иоаннесов. Москва: Тип. быв. А. В. Кудрявцевой, 1883г
30. Лордкипанидзе М. Д. История Грузии XI – нач. XIII вв. Тбилиси: Издательство «Мецниереба», 1974
31. Мехрибан Аббасова. История Борчалинского махала. Баку: Sabah, 2006
32. Мирза Адигезаль-Бек. Карабаг-Наме. Баку, 1950
33. Очерки истории Грузии (в 8-и т.). Т.II. Грузия в IV-X веках / Ред.: М. Лордкипанидзе, Д. Мусхелишвили. Тб., Издательство «Мецниереба»: 1988
34. Сумбатзаде А.С. Азербайджанцы – Этногенез и формирование народа. Баку: Изд. «Элм», 1990

Summary
According to Arabic sources that Tbilisi and the surrounding areas - Borchali region belonged to the administrative division of Arran - Northern Azerbaijan during the Caliphate. During the weakening of the caliphate, the Emirate of Tiflis was established in the region. During the Seljuk period, there was migration of numerous Turkic tribes to the region. Although the region was occupied by David IV and his successors during the weakening of the Seljuks, the area was mainly inhabited by Kipchak Turks. Before the Russian occupation, the political control of the region belonged to Azerbaijan.

Ключевые слова: Тифлис, Арран, Борчалы, Азербайджен, турк

Резюме
Согласно арабским источникам, Тбилиси и его окрестности - Борчалинский район входили в состав административного деления Аррана - Северного Азербайджана во время Халифата. В период ослабления халифата в регионе был основан Тифлисский эмират. В период сельджуков в этот регион мигрировали многочисленные тюркские племена. Хотя этот регион был оккупирован Давидом IV и его преемниками во время ослабления сельджуков, в этом районе в основном проживали тюрки-кипчаки. До российской оккупации политический контроль над регионом принадлежал Азербайджану.

Key words: Tiflis, Arran, Borchali, Azerbaijan, turk