Farsdilli mənbələr Azərbaycanın Qarabağ bölgəsi haqqında(XIII – XVII əsrlər)

Post image

Ramil Ağayev
AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu, “Azərbaycanın orta əsrlər tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

E-mail: [email protected]

Azərbaycanın ayrı-ayrı bölgələrinin, o cümlədən Qarabağ bölgəsinin tarixi və etnik coğrafiyası ilə bağlı olan problemlərin tədqiqi Vətən tarixşünaslığı qarşısında duran ən mühüm vəzifələrdəndir. Etno-siyasi, sosial-iqtisadi və mədəni baxımdan Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ bölgəsi haqqında ilkin yazılı qaynaqlarda, xüsusilə, farsdilli mənbələrdə maraqlı məlumatlara rast gəlinir. Həmin məlumatları araşdırmazdan əvvəl “Azərbaycan” tarixi – coğrafi anlayışı və onun hüdudları haqqında qısa şəkildə bəhs etməyə ehtiyac duyulur.
Tarixi Azərbaycan torpaqları Cənubi Qafqazın böyük bir hissəsini və müasir İran İslam Respublikasının şimal-qərb hissələrini əhatə edir. “Azərbaycan” məfhumu vahid bir coğrafi-siyasi anlayış kimi əsrlər boyu formalaşmış, onun hüdudları bu və ya digər səbəblərdən dəyişikliklərə məruz qalmışdır.
VII əsrdə Azərbaycan torpaqları Ərəb xilafəti tərəfindən istila edilərək onun tərkibinə iki vilayət – “Azərbaycan” (Cənubi Azərbaycan) və “Arran” (Şimali Azərbaycan) vilayətləri kimi daxil edildi. Lakin ərəb mənbələri həmin ərazilərdən vahid ölkə kimi bəhs edərkən onu məhz “Azərbaycan” adlandırırdılar. Ərəbdilli müəlliflərin əsərlərində verilən məlumatlara əsasən, belə nəticəyə gəlmək olar ki, artıq Ərəb xilafəti dövründə Azərbaycan dedikdə həm Araz çayından cənubdakı ərazilər, həm də Araz çayından şimaldakı Dərbəndə qədər olan ərazilər başa düşülürdü. Məsələn, ibn Havqəl yazır: “Sonra Azərbaycanın xəritəsini dərc etdim, oradakı dağları, yolları, Kür və Araz kimi şirin sulu çayları, həmçinin Xilat (Van) və Kəbuzan (Urmiya) göllərini də təsvir etdim. Bu göllərin hər ikisi heç biri dənizlə birləşmir, elə oradaca mən Qabq dağını (Qafqaz) göstərdim” (1, 7).
Göründüyü kimi, ibn Havqəl, Azərbaycanın şimal sərhədlərini Qafqaz dağları, qərb sərhədlərini isə Van gölü hüdudları ilə əlaqələndirir. Beləliklə, indi Ermənistan adlandırılan ərazi və ermənilərin iddia etdikləri Qarabağ bölgəsi, eləcə də hal-hazırda Gürcüstan Respublikasının tərkibindəki bəzi torpaqlar tarixi Azərbaycan ərazisinin hüdudları daxilində, yəni onun həm də “Arran” adlandırılan Araz çayından şimaldakı torpaqlarında yerləşmişdir.
V.V.Bartolda görə, orta əsrlərin ikinci yarısından etibarən ilkin mənbələrdə “Arran” əvəzinə tez-tez “Qarabağ” tarixi-coğrafi anlayışı işlədilməyə başlanmışdır (2, 214). İlkin yazılı mənbələrin araşdırılması V.V.Bartoldun bu fikrinin qismən doğru olduğunu söyləməyə imkan verir. Çünki XIV – XV əsrlərdə yazılmış ərəb və farsdilli mənbələrdə əvvəllər Arran adı altında təqdim edilən şimal ərazilərimizin yalnız Kür və Araz çayları arasında olan hissəsi bu ad altında göstərilməkdə davam edirdi. Bununla belə, Kür və Araz çayları arasındakı bütün üçbucağın Qarabağ adlandırılmasını iddia etmək doğru deyildir.
Yazılı qaynaqlarda Arran Qarabağı və yaxud sadəcə olaraq, Qarabağ haqqında bir sıra maraqlı məlumatlara rast gəlinir. Qarşıya qoyulan məqsədə uyğun olaraq biz burada yalnız farsdilli mənbələrdə rast gəlinən faktlardan bəhs edəcəyik. Həmin mənbələrdə Qarabağ vilayətinin əsl yaşayış yerləri, təxmini sərhədləri, şəhərləri, kəndləri, dağları və çayları haqqında maraqlı faktlara rast gəlinir. Qeyd etmək lazımdır ki, müxtəlif dillərdə yazılmış mənbələrdə Qarabağ adı və yaxud onun ayrı-ayrı hissələri müxtəlif şəkillərdə təqdim edilmişdir. Şübhəsiz, bu ilk növbədə yerli əhali tərəfindən verilən adın həmin əcnəbi dillərə uyğun olaraq tərcümə edilməsi ilə bağlı olmuşdur.
Farsdilli mənbələrdə təsvir edilən hadisələr və bu hadisələrlə bağlı Qarabağ və yaxud Arran Qarabağı anlayışlarının işlədilməsi, bu istilahların Arran torpaqlarında, Kür və Araz çayları arasındakı üçbucaqda yarandığını təsdiq edir.
Arran Qarabağı dedikdə heç də “Düzən Qarabağ” deyil, Arranda yerləşən Qarabağ (Arranın Qarabağı) başa düşülür. Başqa sözlə, burada mənsubiyyət bildirilir, yəni haqqında bəhs olunan Qarabağın məhz Arrana aid olduğuna, Arranda yeləşdiyinə işarə edilir və XIII –XV əsrlərdə yazılmış farsdilli mənbələrdə də elə bu şəkildə - “Arran Qarbağı” (“Qarabağ-e Arran”) şəklində təqdim olunur.
Orta əsr müəlliflərinin Arran Qarabağı ifadəsini işlətməkdə məqsədləri onun həm Azərbaycanın Arran vilayətində yerləşdiyini göstərmək, həm də onu türk xalqalarının məskunlaşdığı coğrafiyadakı “Qarabağ” adlanan digər ərazilərdən fərqləndirmək idi. Məsələ burasındadır ki, türk xalqlarının yaşadığı ərazilərdə başqa “Qarabağlar” da olmuşdur. Bu Qarabağlar sırasında “Səlmas Qarabağı” (3, 767), “Badğis Qarabağı” (3, 868) və başqalarını misal göstərmək olar.
Zahirəddin Babur öz əsərində “Kabil Qarabağı” (4, 149-150) və Qəndəhar yaxınlığındakı Qarabağ vadisindən bəhs etmişdir (4, 177). Mənbələrdə hətta “Təbriz Qarabağı” ifadəsinə də rast gəlinir (5, 212; 6, 18). Nizaməddin Şaminin əsərində Qarabağ və Arran Qarabağı ifadələri (5, 248; 6, 31) ilə yanaşı Kür çayı sahilindəki “Kiçik Qarabağ” adlı ərazidən də bəhs edilmişdir (5, 100; 6, 9).
Qeyd etmək lazımdır ki, bu kimi ifadələrə, yəni bu və ya digər yaşayış məntəqəsinin hansı vilayətə, ölkəyə məxsus olduğunu göstərən qoşa adlara ərəb və farsdilli müəlliflərin əsərlərində tez-tez rast gəlinir. Məsələn, Həmdullah Qəzvininin əsərində eyni epizodda həm “Arran Qarabağı”, həm də “Azərbaycan Təbrizi” ifadəsinə rast gəlinir (7, 56).
Bir sıra mənbələrdə isə Dərbəndin Şirvana aid olduğunu göstərmək üçün tez-tez “Şirvan Dərbəndi” ifadəsi işlənirdi (8, 102).
Beləliklə, “Arran Qarabağı” tarixi-coğrafi anlayışının qaynaqlarda tez-tez işlədilməsi sübut edir ki, həmin ərazi tarixən Azərbaycanın Arran vilayəti ilə bağlı olmuş, sonrakı dövrlərin inzibati-ərazi bölgüsündə də Azərbaycanın tərkib hissəsi kimi öz əksini tapmışdır. Hər bir ölkənin düzənlik, dağlıq, dərə-təpə ərazilərə malik olaması isə təbiidir. Buna görə də Qarabağın daha çox dağlarla əhatə olan hissəsini əsas götürərək qondarma “Dağlıq Qarabağ” termininə qarşılıq olaraq tarixi mənbələrdə rast gəlinən Arran Qarabağını “Düzən Qarabağ” kimi izah etməyə heç bir əsas və ehtiyac yoxdur. Çünki mənbələrdə Dağlıq Qarabağ ifadəsi yoxdur. Yazılı mənbələr onun düzən hissəsindən də, dağlıq hissəsindən də elə vahid Qarabağ kimi bəhs edirlər. Qeyd etmək lazımdır ki, nisbətən sonralar bu və ya digər səbəblərdən Azərbaycanın başqa bölgələrinə və Kiçik Asiyaya köçmüş qarabağlılar həmin ərazilərdə yeni-yeni “Qarabağ” adlı yaşayış məskənləri salmışlar.
Bəzi məlumatlara görə, Azərbaycan xalqının öz doğma torpağının bir parçasına verdiyi “Qarabağ” adına bu şəkildə ilk dəfə VII əsrə aid mənbələrdə rast gəlinmişdir (9, 11). R.Yüzbaşov “Qarabağ” adının söz kimi VII əsrdən, əyalət kimi XIII əsrdən işlədilməsindən bəhs edərək yazır ki, vaxtilə Araz çayının sahilində Qarabağ adlı şəhər də olmuşdur (10, 63-64; 11, 92). Əlbəttə, “Qarabağ” adının VII əsrdə işlədilməsi və daha qədim tarixə malik olması mümkündür. Lakin hələlik, ərəb və farsdilli mənbələrdə bu barədə dəqiq məlumata rast gəlinməmişdir.
Qarabağ adlı ayrıca şəhərin də olması mümkündür. Lakin XIII – XV əsrə aid farsdilli mənbələrdə hələlik, “Qarabağ şəhəri”, “Qarabağ kəndi” kimi ifadələrə rast gəlinməmişdir. Müəlliflərin demək olar ki, hamısı ərazidən geniş bir bölgə kimi bəhs edir və onun daxilində yerləşən bir sıra şəhər və kəndlərin adlarını çəkirlər.
Orta əsr farsdilli mənbələrdə tez-tez Qarabağ bölgəsi ilə Qaradağın qarşı-qarşıya yerləşdiyinə işarə edilir. Belə ki, Xudafərin körpülərinin sağından Cənubi Azərbaycandakı Qaradağ silsiləsinə, solundan isə Şimali Azərbaycandakı Qarabağ bölgəsinə giriş başlanır. Təsadüfi deyildir ki, Aşıq Qurbani öz şeirlərindən birində (12, 20) yazır:
İsmim Qurbanidi, kəndim Diridi,
Qaradağdan Qarabağa gedirəm.

Ərəbdilli müəllif Sədrəddin əl-Hüseyninin əsərində Səlcuqlar dövründə, hicri 455-ci (1063) ildə baş verən hadisələrindən bəhs olunarkən “Qarabac” adına rast gəlinir. Mənbənin naşirinin fikrincə, bu ad əslində “Qarabağ” şəklində oxunmalıdır. Lakin burada Arrandakı Qarabağdan deyil, “Badğis Qarabağ”ından bəhs edilir (13, 26).
Vaxtı ilə V.F.Minorski belə hesab edirdi ki, bu ada ilk dəfə Həmdullah Qəzvininin “Nüzhət əl-qulub” əsərində rast gəlinir (14, 166). Lakin sonrakı araşdırmalar göstərdi ki, Qarabağ adına ilk dəfə Fəzlullah Rəşidəddinin “Cəmi ət-təvarix” əsərində h.682-ci ilin şəvval ayından (18.I.1284), 683-cü ilin məhərrəm ayınadək (7.IV.1284) Hülakülər dövlətinin hökmdarı Əhməd xanla (1282-1284) bağlı hadisələrdən bəhs edilərkən rast gəlinir. Buradan məlum olur ki, Əhməd xana qarşı sui-qəsd təşkil etmək istəyənlər üzərində “Arran Qarabağında altı gün davam edən məhkəmə prosesi qurulmuşdur” (15, 104). “Cəmi ət-təvarix” əsərində Qarabağın adına ikinci dəfə h.694-cü (1295) ildə baş vermiş hadisələrdən bəhs edilərkən rast gəlinir. Müəlif burada “bütün saray adamlarının Arran Qarabağına yığışıb hiyləgərlik və ikiüzlülük olmadan İslam hökmdarına (Qazan xana) xidmət etməyə razı olduqlarını” qeyd edir (15, 166). Fəzlullah Rəşidəddin h.701-ci (1301) il hadisələrindən bəhs edərkən “İslam hökmdarının (Qazan xanın) Arranda – Qarabağ yurdunda düşərgə salmasını” yazmaqla “Arran Qarabağı” tarixi-coğrafi anlayışının əsl mahiyyətini də göstərir (15, 188).
Qarabağ adına həmin müəllifin “Məktublar” adı altında çap edilmiş yazışmalarında da bir neçə dəfə rast gəlinir. Onun oğlu Məcd əd-Dinə yazdığı məktubda Qazan xanın (1295-1304) qışlamaq üçün Qarabağda dayanmasından (16, 231) və ayr-ayrı vilayətlərinin əhalisinin, o cümlədən Qarabağ elatlarının ordunun ehtiyacları üçün təhvil verməli olduğu bağ-bostan məhsullarının miqdarından bəhs olunur (16, 244). Müəllifin Mövlana Sədr əd-Din Məhəmməd Türkə yazdığı cavab məktubunda isə Azərbaycanın 25 vilayəti sadalanır və bu vilayətlər sırasında Qarabağ, Arran və Şəki ilə yanaşı “Ərməniyə” də Azərbaycanın tərkibində göstərilir (16, 270). Müəllifin adı çəkilən hər iki əsərində Qazan xanın qışlamaq üçün Qarabağda düşərgə salmasından bir neçə dəfə bəhs olunmuşdur.
Həmdullah Qəzvininin “Nüzhət əl-qulub” əsərində Sultaniyədən Bab əl-Əbvaba (Dərbəndə) aparan yollar haqqında məlumat verilir. Burada “Ərdəbildən Arran Qarabağına”, “Qarabağdan Gəncəyə”, və “Qarabağdan Əhərə” gedən yollardan, xüsusi olaraq, bəhs edilmişdir. Əsərdə “Qarabağ yolu” ifadəsinə də rast gəlinir (7, 56 və 180-182).
Arran Qarabağı tarixi-coğrafi anlayışı haqqında məlumata XIV – XV əsrlərdə yazılmış bir sıra digər farsdilli qaynaqlarda da rast gəlinir. Nizaməddin Şami ilə yanaşı, Teymurilər dövrünün digər məşhur bir tarixçisi Şərəf əd-Din Yəzdi də öz əsərində Qarabağla bağlı məsələlərə geniş yer vermişdir.
Onun əsərində Qarabağın adına ilk dəfə hicri 688-ci (1386) ildə Hülakü hökmdarı Arğun xanın hakimiyyəti dövründə baş vermiş hadisələrlə bağlı olaraq rast gəlinir (17, 175). Əsərdən məlum olur ki, Qarabağ Hülakülərin tənəzzülü dövründə baş vermiş hadislərin mərkəzində idi və hökmdarların seçilməsi ilə bağlı çağrılan qurultaylar burada keçirilirdi (17, 193-196).
Müəllif öz əsərində hicri 789-cu (1387) ildə Əmir Teymurun gürcü hökmdarı Baqratı əsir alaraq Gürcüstan səfərindən qayıdarkən Qarabağda dayanmasından, onu İslama dəvət etməsindən və Şirvanşah İbrahimlə dostluq münasibətlərindən, xüsusi olaraq, bəhs etmişdir (17, 406-408).
Qarabağda baş verən hadisələr haqqında məlumat verən müəllif Ağdam və Bərdə nahiyələrindən daha çox bəhs edir. Onun əsərində Əmir Teymurun “Beyləqandan Qarabağa yola düşməsi”, xüsusi olaraq, qeyd edilmişdir. Zənnimizcə, burada Qarabağ hüdudlarının Beyləqandan sonra başlandığına açıq-aşkar işarə edilir (17, 833). Əsərdə Kür sahilindəki “Surxab Qarabağı”ndan da bəhs edilmişdir (17, 406).
Qarabağdan bəhs etmiş müəlliflər sırasında Əbu Bəkr əl-Qütbi əl-Əhərinin “Tarix-e Şeyx Üveys” əsəri, xüsusilə, qeyd edilməlidir. Əsərdə Qarabağ adına dəfələrlə rast gəlinir. Müəllif onu həm Azərbaycan ölkəsinin, həm də onun Arran vilayətinin tərkibində göstərir. Əl-Qütbi əl-Əhərinin Qarabağ haqqında ilk məlumatı Hülakü hökmdarı Əhməd xanın (18, 196), son məlumatı isə Cəlairi hökmdarı Şeyx Üveysin fəaliyyəti ilə bağlıdır (18, 245). Onun əsərindəki “Qarabağ Arranın paytaxtıdır” (“Qarabağ dar-ul-mulk-e Arran əst”) ifadəsi, xüsusilə, diqqəti cəlb edir (18, 245). Müəllif Hülakü hökmdarı Əbu Səidin və Çobanilərin ağalığı haqqında məlumat verərkən bölgəni həm “Qarabağ”, həm də “Arran Qarabağı” şəklində təqdim edir (18, 209-218). O, Hülakü hökmdarı Məməmməd xan tərəfindən “Qarabağ qapısından Gürcüstan qapısınadək ərazini” əmir Surxan adlı şəxsin nəzarətinə verildiyini də göstərir (18, 223).
Farsdilli müəlliflər Qarabağın XIII – XIV əsrlər tarixindən bəhs edərkən onu Elxanilər dövlətinin tərkib hissəsi kimi təqdim edirlər (19, 40-43). Mənbə məlumatlarından məlum olur ki, Qarabağ Elxanilər dövründə baş vermiş bir sıra hərbi-siyasi hadisələrin mərkəzində olmuşdur. Həmin yazılı qaynaqlar Hülakülərin tənəzzülü və Çobanilərin ağalığı dövrü hadisələrindən bəhs edərkən Qarabağda baş verən hərbi-siyasi hadislərə də yer ayırmışlar (19, 57-66; 20, 66).
XV əsr müəlliflərindən Fəzlullah ibn Ruzhehan Xunəci (21), Hafiz Əbru (3) öz əsərlərində Qarabağ bölgəsindən dəfələrlə bəhs etmişlər. Həmin əsərlərdə Qarabağla bağlı verilən məlumatlar Teymurilər, Qaraqoyunlular və Ağqoyunlularla bağlıdır. Lakin farsdilli mənbələrdə XV əsrdən etibarən Arran Qarabağı ifadəsinə daha az rast gəlinir və əsasən, Qarabağ termininə üstünlük verilir. Məsələn, Hafiz Əbrunun əsərində Qarabağ adına dəfələrlə, Arran Qarabağı adına isə yalnız üç dəfə rast gəlinir. Fəzlullah ibn Ruzhehan Xunəcinin əsərində isə yalnız Qarabağ ifadəsinə (15 dəfə) rast gəlinir.
XVI-XVII əsrlərdə yazılmış farsdilli mənbələrdə də Qarabağ ərazisində baş vermiş hadisələr mühüm yer tutur. Həsən bəy Rumlu da öz əsərində həm əvvəlki dövrlərdə, həm də yaşadığı dövrdə baş vermiş hadisələrlə bağlı Qarabağ istilahından dəfələrlə bəhs etmişdir. Bunun əksinə olaraq, Arran terminindən isə cəmi dörd dəfə istifadə etmişdir. Onlardan yalnız biri XVI əsrdə baş verən hadisələrlə bağlıdır. Belə ki, hicri 984-cü (1576) ildə, I Təhmasibin dövründə baş verən hadisələrlə bağlı Arran (Aran) vilayətinin adı çəkilir (22, 1529). Müəllif hicri 945-ci (1538) ildə I Təhmasib tərəfindən Şirvanşahlar dövlətinə son qoyulmasından bəhs edərkən Şirvana göndərilən qoşunlar sırasında “Qarabağ qoşunu”nun da olduğunu, xüsusi olaraq, qeyd edir (22, 1262).
I Şah Abbasın (1587-1629) tarixçisi İsgəndər bəy Münşinin “Tarix-i aləmaray-yi Abbasi” əsərində Qarabağın adına ilk dəfə h.896-cı (1490) ildə baş vermiş hadisələrlə bağlı olaraq rast gəlinir. Müəllif burada Səfəvi şeyx Heydərə “hörmətsizlik etmiş” Ağqoyunlu hökmdarı Sultan Yaqubun Qarabağda vəfat etdiyini bildirir (23, 22). Bəzi mənbələrdə onun həm də Sultanbud adlanan Sultani adlı yaşayış məntəqəsində öldüyü qeyd edilir. Həmin yaşayış məntəqəsinin Bərdə ilə Ağdam arasında və Beyləqanda yerləşməsi haqqında fikirlər mövcuddur (21, 142). İsgəndər bəy Münşi Həsən bəy Rumludan fərqli olaraq, Şirvana göndərilənlər sırasında “Qarabağ qoşunu” deyil, “Qarabağ camaatı” olduğunu yazır (23, 80).
Xüsusi olaraq qeyd etmək lazımdır ki, XIV – XVII əsrlərdə yazılmış bütün farsdilli mənbələrdə Qarabağın türkmənşəli müsəlman hakimlər tərəfindən idarə olunduğu dönə-dönə qeyd edilir. İsgəndər bəy Münşinin əsərində də bunun şahidi oluruq. O, Qacarlar nəslindən olan bir neçə Qarabağ hakiminin, o cümlədən hicri 961-ci (1554) ildə baş verən hadisələrdən bəhs edərkən Şahverdi sultan Ziyadoğlunun (23, 76) adını çəkir. İsgəndər Münşi Qarabağda olan yerli hakimlər sırasında türkmənşəli qazaq tayfasından olan Dönməz sultandan da bəhs etmişdir (23, 141).
Əvvəlki dövrlərdə olduğu kimi, XVI – XVII yüzilliklərdə də Qarabağda qacarlar və qazaxlarla yanaşı, qaramanlı, baharlı tayfaları, zülqədər elinin şəmşəddinli obası, otuz iki və iyirmi dörd oymaqları da məskunlaşmışdı (24, 358). Məsələn, İsmayıl Səfəvi hələ dövlət yaratmamışdan əvvəl, hicri 906-cı (1500) ildə Ərdəbildən Ərzincana gedərkən Qarabağda Qaraqoyunlu hökmdarı Cahanşahın nəslindən olan Sultan Hüseyn Barani ilə görüşmüşdü (23, 27).
Bu qəbildən olan faktlar ermənilərin ərazi iddialarının əsassız olduğunu bir daha sübut edir. Fars mənbələrində ermənilərin Cənubi Qafqazda döyüş əməliyyatlarında iştirakı, onların nəinki Qarabağ bölgəsində ümumiyyətlə, Qərbi Azərbaycan torpaqlarında varlığı haqqında heç nə deyilmir. Başqa sözlə, nə Qarabağ, nə də hal-hazırda ermənilər yaşayan digər vilayət və rayonlar heç bir zaman dini, etnik və mədəni baxımdan ermənilərlə bağlı olmamışdır.
XVI əsrin 70-ci illərində baş verən hadislərdən danışan İsgəndər bəy Münşi Qarabağda yerləşən bir sıra yaşayış məntəqələrinin, o cümlədən Meydancuq (23, 279), Qarakütəl (23, 237) kimi yaşayış məskənlərinin də adlarını çəkir. Ümumiyyətlə, İsgəndər bəy Münşinin əsəri Qarabağ adına ən çox rast gəlinən orta əsr mənbəsidir. Arran adına isə əsərdə yalnız üç dəfə rast gəlinir.
XVII əsr müəlliflərindən Nadirin şah Əfşarın (1736-1747) tarixçisi Məhəmməd Kazım da Qarabağ və onun ayrı-ayrı yaşayış məntəqələri haqqında məlumat verir. O, yazır ki, şah 1736-cı ildə Təbrizdən Qarabağa getmək üçün Xudafərin körpüsündən keçdi və Qarabağın ilk nahiyəsi sayılan Bərgüşad qalasında məskən saldı (25, 652).
Farsdilli mənbələrin verdiyi məlumata görə, Səfəvilər dövründə bütün Azərbaycan torpaqları vahid şəkildə birləşdirildikdən sonra vaxtilə mənbələrdə vilayətlərə, mahallara bölünən, geniş bir əraziyə aid edilən Arranın özü artıq müəyyən bir inzibati-ərazi vahidinin, yəni Qarabağın tərkib hissəsi kimi işlənirdi. Təsadüfi deyildir ki, Səfəvilər dövründə Azərbaycanın bölündüyü dörd bəylərbəylikdən biri Arran deyil, Qarabağ adlanırdı. Bu zaman Arran özü Qarabağ bəylərbəyliyinin tərkib hissəsi sayılırdı (26, 113-114).
XVII əsr müəlliflərindən Mirzə Səmiə Səfəvilər dövlətin idarəetmə sistemindən bəhs edərkən Qarabağ bəylərbəyliyi, onun əhatə etdiyi nahiyələr, bəylərbəyliyin qoşunu və ərazidən əldə edilən vergilər haqqında da mühüm məlumatlar verir. Buradan məlum olur ki, bəylərbəyliyə daxil olan nahiyələr sırasında həm Qarabağ vilayətinə daxil olan, həm də onun hüdudlarından kənarda yeləşən ərazilər var idi. Bəylərbəyliyə daxil olan ərazilər aşağıdakılar idi: Zəyəm, Ağstafa, Cavanşir, Bərgüşad, Qarağac, Lori, Pəmbək, Arasbar, Bəyazidli, Simavi, Tərkür (14, 101-102).
Beləliklə, farsdilli mənbələrin izlənməsi göstərir ki, Azərbaycanın tarixi vilayəti olan Arranın torpaqlarının bir hissəsinin adı kimi yaranmış Qarabağ anlayışı getdikcə daha geniş mənada işlənməyə başlanmışdır. Bunun əksinə olaraq, Arran (Aran) adının tədricən məhdudlaşdığının şahidi oluruq. Belə ki, XVI – XVII yüzilliklərin yazılı qaynaqları Kür və Araz çayları arasındakı ərazilərdən bəhs edərkən Arran deyil, daha çox Qarabağ anlayışına üstünlük verirdilər.
Arran (Aran) tarixi-coğrafi anlayışı tədricən sırf şəkildə coğrafi anlayışa çevrildi, xalq arasında “aran” şəkilində işlənməyə başlandı, nəticə etibarı ilə Azərbaycanın Kür-Araz ovalığındakı düzən və isti ərazilərinə şamil edildi. Elə bunu da əsas götürən bəzi mütəxəssislər, yanlış olaraq, Arran Qarabağı anlayışını Arranın Qarabağı deyil, “Düzən Qarabağ” şəklində izah etməyə çalışmış və bunu qondarma “Dağlıq Qarabağ” anlayışının qarşılığı kimi təqdim etmişlər. Əslində isə, yuxarıda qeyd edildiyi kimi, Azərbaycanda orta əsrlərdə düzən Qarabağ və dağlıq Qarabağ adlı tarixi-coğrafi bölgü olmamışdır. Əksinə Qarabağın həm dağlıq hissəsi, həm düzən hissəsi Arran Qarabağı (Arranın Qarabağ), ya da sadəcə olaraq Qarabağ adlanmış və bütün dövrlərdə Azərbaycan türklərinin Vətəni olmuşdur. Qarabağın düzən və dağlıq ərazilərinin bir-birindən inzibati vahid kimi fərqləndirilməsi sonrakı dövlərin, xüsusilə, XX əsrin əvvəllərinin məhsuludur və məqsədyönlü şəkildə gündəlik həyatımıza daxil edilmişdir.
XIV – XVII əsr farsdilli müəlliflərin əsərlərindən və Şah Sultan Hüseynin (1694-1722) fərmanlarından məlum olur ki, Qarabağ əhalisi əsasən, türkmənşəli elatlardan ibarət idi. Həmin fərmanlarda elatlar üzərinə qoyulan çobanbəyi vergisinin miqdarından bəhs edilir (27, 41-42). Mənbələr Qarabağ əhalisini həm də türkmanlar və tərəkəmələr şəklində də təqdim edirlər.
Nadir şah Əfşarın qısa müddət üçün dörd Azərbaycan bəylərbəyliyini vahid şəkildə birləşdirməsinə baxmayaraq, Səfəviər dövrü Qarabağ bəylərbəyliyi XVIII yüzilliyin ortalarında Qarabağ xanlığının yaranması üçün tarixi-coğrafi özül rolunu oynamışdır.
Qarabağ xanlığının vəziri Mirzə Camal Cavanşir özünün “Qarabağ tarixi” (1847) adlı əsərində Qarabağ vilayətinin Azərbaycanın “Aran məmləkətinin bir hissəsi olduğunu” və sərhədlərinin cənubda Xudafərin körpüsündən şimal-qərbdə Sınıq körpüyə qədər, şərqdə isə Kürlə Arazın qovuşuğu yerə qədər uzandığına işarə edir (28, 122). Əlbəttə, burada sırf şəkildə Qarabağ vilayətinin deyil, Səfəvilər dövründə yaradılmış Qarabağ bəylərbəyliyinin hüdudları nəzərdə tutulurdu. Mirzə Camal Cavanşirin özü də qeyd edir ki, keçmiş əsrlərdə ərazini ələ keçirən ayrı-ayrı dövlətlərin hökmdarları vilayətin hüdudlarını dəyişdirmiş və onun üçün fərqli sərhədlər müəyyən etmişlər (28, 122).
Qarabağ xanlığı 1805-ci ildə çar Rusiyası tərəfindən işğal, 1822-ci ildə isə ləğv edildikdən sonra “Qarabağ əyaləti” kimi imperiyanın tərkibinə qatıldı. Rusiya imperiyasının süqutundan sonra, 1918-1920-ci illərdə isə ərazi Azərbaycan Xalq Cümhuriyyəti tərkibində idi. Göründüyü kimi tarixən “Dağlıq Qarabağ” adlı coğrafi və inzibati bölgü olmamışdır. XX əsrin əvvəllərinə kimi ərazi coğrafi məkan kimi tam halda Qarabağ adlanmışdır. Bu vəziyyət 1920-ci ildə Azərbaycan SSR yaranana kimi davam etmişdir. Nəhayət, Azərbaycanın sovet rəhbərliyinin acizliyi, ermənilərin “arzusu”, Moskvanın təzyiqi ilə 1921-1923-cü illərdə qondarma Dağlıq Qarabağ inzibati bölgü vahidi yaradıldı.
“Qarabağ” birmənalı şəkildə türkmənşəli sözdür. Lakin bu adın etimologiyası haqqında müxtəlif fikirlər vardır. Tədqiqatçıların irəli sürdüyü başlıca elmi mülahizəyə görə, Qarabağın adı Azərbaycan türk dilindəki “qara” və “bağ” sözlərindən əmələ gəlmişdir və “qara” sözü vaxtilə böyük, sıx, qalın, qərb və s. mənalarda da işlənmişdir. Elmi ədəbiyyatda bu adın mənaları haqqında bir sıra tədqiqatçılar (V.V.Bartold, V.F.Minorski, M.Bayar, S.Aşurbəyli, Ş.Cəmşidov, R.Göyüşov, M.Seyidov, Y.M.Mahmudlu, K.K.Şükürov, İ.Q.Məşədiyev, Ə.Çingizoğlu, Ş.Sədiyev, Q.Ə.Qeybullayev, B.Həsənov, B.Dədəyev, C.Mahmudlu, S.Əbilov və başqaları) tərəfindən kifayət qədər fikirlər səsləndirildiyinə və bizim istifadə etdiyimiz farsdilli mənbələrdə bu adın mənası ilə bağlı xüsusi, tutarlı məlumata rast gəlinmədiyinə görə bu məsələ üzərində ətarflı şəkildə dayanmağı məqsədəuyğun hesab etmirik. Bununla belə, “Qarabağ” adının “bağ-bağatlı” yer mənasında işlənməsi fikrinin həqiqətə daha yaxın olduğunu qeyd etmək istərdik. Çünki farsdilli mənbələr Qarabağı doğurdan da axar-baxarlı yaylaq və qışlaqları olan, yaşıllıqlara bürünmüş, laləzar bir bölgə kimi təqdim edir və onun təbiətini digər ərazilərdən fərqləndirirlər. Məsələn, Məhəmməd Kazım Bayat və Şahbulağı kimi yaşayış məskənlərindən bəhs edərkən yaşıllıqlara və bağ-bağatlı olmasına görə Qarabağı behşitə bənzədir və əsərində “Qarabağ bölgəsi baharda Gülüstani-İrəmdən bir nümunədir” (Məhəl-e Qarabağ dər fəsl-e bahar numune-yi əst əz Gülüstan-e İrəm) cümləsinə də yer verir (25, 1040) .
Beləliklə, etno-siyasi, sosial-iqtisadi və mədəni baxımdan Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ bölgəsi haqqında farsdilli ilkin yazılı qaynaqlarda maraqlı məlumatlara rast gəlinir. İlkin mənbələrin, eləcə də mövcud elmi ədəbiyyatın araşdırılması, müqayisəsi və ümumiləşdirilməsi əsasında belə nəticəyə gəlmək olar ki, Qarabağ bölgəsi siyasi, coğrafi və etnik baxımdan həmişə Azərbaycanla sıx şəkildə bağlı olmuşdur və onun ayrılmaz tərkib hissəsidir.

Açar sözlər: Azərbaycan, Arran, Qarabağ, Xudafərin, türk.

ƏDƏBİYYAT SİYAHISI
1. İbn Havqəl. Kitab surət əl-ard. Əl-qism əl-avval. Leyden: Brill, 1967.
2. Бартольд В.В. Азербайджан и Армения. Сочинения в 9-ти томах. Т. VII.
Москва: Наука, 1971.
3. Əbru Hafiz. Zubdət ət-təvarix. Cilde dovvom. Tehran: 1372
4. Бабурнаме. Записки Бабура.Ташкент: Изд-во АН Узб. ССР, 1958.
5. Nizaməddin Şami. Zəfərnamə. Tehran; Bamdad, 1363.
6. Nizaməddin Şami. Zəfərnamə. Bakı: Elm, 1992.
7. Həmdullah Mustovfi Qəzvini. Nüzhət əl-qulub. Tehran: Dünyaye Kitab, 1362.
8. Пириев В.З. Об исторической географии Азербайджана XIII – начала XV
вв. / Историческая география Азербайджана. Баку: Элм, 1987, с.98-109.
9. Mahmudov Y.M., Şükürov K.K. Qarabağ: Real tarix, faktlar və sənədlər. Bakı: Təhsil, 2005.
10. R.Yüzbaşov., K.Əliyev., Ş.Sədiyev. Azərbaycan coğrafi adları. Bakı. 1972,
11. Yüzbaşov R. Dağlıq Qarabağ Muxtar vilayətinin toponimikası // Azərb SSR
EA Xəbərləri. Yer haqqında elmlər seriyası, 1969, № 12.
12. Qurbani.Əsərləri. Bakı, Şərq-Qərb, 2006.
13. Sədr əd-Din əl-Hüseyni. Əxbar əd-daulət əs-Səlcuqiyyə. Lahor: 1933.
14. Təzkirət əl-muluk. Persian text in facimile. Translated and explained by
V.Minorski. London 1943.
15. Рашид ад-Дин. Сборник летописей. Том. 3. Перевод персидского
А.К.Арендса. Москва-Ленинград: Изд-во АН ССР, 1946.
16. Рашид ад-Дин. Переписка. Перевод, введение и комментарий
А.И.Фалиной. Москва: Изд-во Наука, 1971.
17. Şərəf əd-Din Əli Yəzdi. Zəfərnamə. Cilde əvvəl və dovvom. İsfahan,1387.
18. Əl-Bəkr əl-Qutbi əl-Əhəri. Tavarix-e şeyx Uveys. Təbriz: 1379.
19. Piriyev V.Z. Azərbaycan Hülakülər dövlətinin tənəzzülü dövründə (1316-1360- cı illər). Bakı: Elm, 1978.
20. Nəcəfli T. H. XV – XVII yüzilliklərdə Qarabağın ictimai-siyasi həyatı /
Qarabağ: Bildiklərimiz və bilmədiklərimiz. Bakı: Şərq-Qərb, 2010. s.65-87
21. Хунджи Фазлуллах ибн Рузбехан. Тарих-и алам ара-йи Амини. Баку:1987.
22. Həsən bəy Rumlu. Əhsən-üt-təvarix. Cilde sevvom. Tehran: Əsatir, 1384.
23. İsgəndər bəy Münşi Türkman. Tarix-i aləmara-yi Abbasi. Şamil cild-e əvvəl və
nim-i əz cilde dovvom . Tehran: Əmir Kəbir, 1382.
24. Bayramlı Z.H. Azərbaycan Səfəvi imperatorluğu: Dövlət quruluşu. Bakı:
Füyuzat, 2020.
25. Məhəmməd Kazım. Aləm aray-e Nadiri. Cilde dovvom. Tehran: 1364.
26. Эфендиев О.А. Территория и границы Азербайджанских государств
в XV – XVI вв. / Историческая география Азербайджана. Баку: Элм, 1987, с.110-119.
27. Musəvi T.M. Orta əsr Azərbaycan tarixinə dair farsdilli sənədlər. Bakı: Elm, 1977.
28. Qarabağnamələr. Birinci kitab. Bakı: Şərq-Qərb, 2006.

Рамил Агаев

Персоязычные источники о Kарабахском регионе Азербайджана
(XIII-XVII вв.)

Резюме
Письменные первоисточники, в том числе персоязычные источники дают нам ряд интересных сведений о Карабахском регионе Азербайджана, об исторической географии этого региона, о военно-политических событиях, произошедших в этом регионе.
Употребление в персоязычных источниках выражения «Арранский Карабах» наряду с термином «Карабах» свидетельствует о том, что этот термин возник на территории Аррана, на «треугольнике», находящемся между реками Араз и Кюр.
Таким образом, многочисленные сведения персоязычных источников свидетельствует о том, что Карабах является одним из исторических регионов Азербайджана и на протяжении многих столетий сыграл важную роль в политической и социально-экономической жизни нашей страны.

Ключевые словa: Азербайджан, Арран, Карабах, Худаферин, тюрк.

 

Ramil Agayev

Persian-language sources about
the Garabagh region of Azerbaijan
(13th – 17th centuries)

Summary

Primary written sources, including Persian-language sources, provide us with a number of interesting information about the Garabagh region, its historical geography and military-political events occurring in the region.
The use of the term “Arran Garabagh” along with “Garabagh” in Persian-language sources confirms that this term had originated in the lands of Arran, in the triangle between the Araz and Kura rivers.
Thus, numerous data provided us by Persian-language sources show that Garabagh was one of the historical regions of Azerbaijan and played an important role in the political and socio-economic life of the country.

Key words: Azerbaijan, Arran, Garabagh, Khudaferin, Turk.