Qubalı Fətəli xanın Azərbaycan torpaqlarını birləşdirmə siyasəti

Post image

Sona BABAZADƏ
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun əyani magistrantı

E-mail: [email protected]

Yarımmüstəqil inzibati vahid kimi XVIII əsrin sonlarından mövcud olan Quba xanlığının ilk xanı Hüseyn xan 1689-cu ildə vəfat etmişdir. Quba xanlığı Rusiyanın tərkibinə keçdikdən sonra isə Quba xanı Hüseynəli xan olmuşdur [9, s.38-39].
1747-ci ildə Nadir şahın sui-qəsd nəticəsində vəfatından sonra müstəqillik əldə edən Quba xanlığı iqtisadi və hərbi cəhətdən öz gücünü artırdıqdan sonra ərazilərini genişləndirməyə başlayır. Hüseynəli xanın oğlu Fətəli bəy tərəfindən 1757-ci ildə Salyana təşkil olunan yürüş nəticəsində Salyan Quba xanlığına birləşdirilir.
Hüseynəli xanın vəfatından sonra Qubanın yeni xanı 22 yaşlı Fətəli oldu. Fətəli xan qısa müddətdə özünü bacarıqlı və mahir dövlət adamı kimi sübut edir. Onun apardığı siyasət nəticəsində Quba xanlığının ərazisi genişləndi.
Fətəli xan birləşdirmə siyasətinə Dərbənddən başladı. Dərbənd hakimi Məhəmməd Hüseyn xanın əhali üzərinə qoyduğu ağır vergi yükü ona qarşı narazılıqları artırmışdı. Fətəli xan yaranmış vəziyyətdən istifadə edərək Məhəmməd Hüseyn xanın siyasətindən narazı olan bəylərə bəxşişlər verməklə, onlara diqqət göstərməklə öz ətrafına topladı. Hətta bəzi bəylər Qubaya köçmüşdülər. Həmin bəylərin köməkliyi ilə Dərbənddə özünə sadiq tərəfdarlar toplayan Fətəli xan 1760-cı ildə Dərbəndə hücum edir. Müqavimətlə qarşılaşmayan Fətəli xan ona sadiq şəhər əhalisinin köməkliyi ilə Dərbəndi aldı. Hakimiyyətdən salınmış Məhəmməd xan isə ailəsi ilə bərabər Bakıya gedərək, ömrünün axırına kimi orada yaşayır.
Salyan və Dərbəndin Quba xanlığına birləşdirilməsindən sonra Quba xanlığı daha da gücləndi. Şəki xanı Hüseyn ağa Qazıqumuqlu Məhəmməd tərəfindən 1759-cu ildə hakimiyyətdən salındıqdan sonra yardım istəmək üçün Fətəli xana müraciət edir. A.Bakıxanov yazır ki, Hüseyn ağa Fətəli xanın yardımları və əyanların onun tərəfində olması nəticəsində Şəkidə hakimiyyətini bərpa edə bilir. [4,s.187]
Bakı xanlığının ərazisini Quba xanlığına birləşdirmək istəyən Fətəli xan ilk əvvəl xanlığın iqtisadiyyatına zərbə vurmağı planlayır. Fətəli xan Bakının liman şəhəri kimi mövqeyini zəiflətmək məqsədilə Rusiya ilə ticarəti Dərbənd, Salyan və Niyazabad kimi özünün nəzarətində olan limanlara istiqamətləndirərək Bakını iqtisadi cəhətdən sıxışdırır. Fətəli xan həmçinin diplomatik addımlar ataraq Bakı xanlığını qorumağı öhdəsinə alır. Fətəli xan “nigah diplomatiyası”nın vasitəsilə Bakını dinc yolla özünə tabe edir.
Fətəli xan 1767-ci ildə bacısı Xədicə Bikəni Bakı xanı Məlik Məhəmmədə ərə verir. 1767-ci ildən etibarən Bakı və Abşeron Quba xanlığının tabeçiliyinə keçir. Öz ağlı, dünyagörüşü ilə seçilən xanımlardan olan Xədicə Bikə qardaşı Fətəli xanın tövsiyələri ilə Quba xanlığının xeyrinə Bakı xanlığının idarəetməsində fəal iştirak etmişdir. Məlik Məhəmməd xan Bakıda olmadığı vaxtlarda xanlıq Xədicə Bikə tərəfindən idarə olunurdu. Məlik Məhəmmədin 2 il Qarabağ xanı tərəfindən girov saxlandığı, həmçinin onun Məkkə ziyarəti zamanı Xədicə Bikə xanlığı təkbaşına idarə etmişdir [12,s.103].
Bakının da Quba xanlığına tabe etdirilməsindən sonra Fətəli xana “Quba, Dərbənd, Bakı və Salyan rəisi” deyə müraciət olunurdu [3, s.102-103].
Şimal-şərqi Azərbaycan torpaqlarının Fətəli xan tərəfindən birləşdirilməsinin ilk mərhələsi Bakı xanlığının tabe edilməsi ilə bitir. Fətəli xanın Şamaxı və Cavad xanlıqlarını özünə tabe etmək uğrunda mübarizəsi isə ikinci mərhələni təşkil edir.
Şamaxı xanlığı ticarətin və sənətkarlığın inkişaf etdiyi, hərbi cəhətdən güclü bir xanlıq idi. Şamaxı xanlığını digər xanlıqlardan fərqləndirən cəhət isə burada ikihakimiyyətliyin mövcud olması idi [5,s.23].
Şimal-şərqi Azərbaycan torpaqlarını birləşdirmək qayəsində olan Fətəli xan üçün Şamaxı xanlığını tabe etmək həm iqtisadi, həm də hərbi-strateji cəhətdən sərfəli idi.
Dərbənd və Bakının Fətəli xan tərəfindən tabe edilməsindən sonra Quba xanlığının gücü artır. Mənbələrin verdiyi məlumata əsasən Fətəli xan Şamaxı xanlığından onları dağıstanlılardan müdafiə etmək qarşılığında illik 10 min manat istəyir. Şamaxı xanı 4 il ərzində bu məbləği ödəməyə razı olduğundan 2 xanlıq arasında bu illərdə gərginlik yaşanmır. [6, s.253; 12, s.103]
Lakin 4 ildən sonra Şamaxı xanı xərac ödəməyi dayandırır və bundan sonra 2 xanlıq arasında 1765-1769-cu illəri əhatə edən qanlı mübarizə başlayır. Şəki xanı Hüseyn xanın bu mübarizədə Şamaxı hakimlərinin yanında olması Fətəli xanın işini daha da çətinləşdirir.
Şamaxı xanı Məhəmməd Səid xan Fətəli xanla qarşı-qarşıya gəlməkdən çəkinirdi. Fətəli xan Qaraqaytaqdan və Qazıqumuqdan muzdlu qüvvələr gətirməklə öz hərbi gücünü daha da artırmışdı. Fətəli xan tərəfindən Müci qalası tutulduqdan sonra Şamaxı hakimləri Fətəli xana tabe olub, xərac verməyə razı oldular.
Bir müddətdən sonra Şamaxı hakimlərinin saziş üzrə öhdəlikləri yerinə yetirməməsi barışığın pozulmasına gətirib çıxarır. Şəki xanı Hüseyn xanın Şamaxı xanı ilə müttəfiqlik etməsi Fətəli xanın işini çətinləşdirdiyindən Fətəli xan qərara gəlir ki, Hüseyn xanla Şamaxı xanının arasını pozsun. Fətəli xan istəyinə nail olur və Hüseyn xanı öz tərəfinə çəkir. Fətəli xan müttəfiqi Hüseyn xan ilə birlikdə 1768-ci ilin mayında Şamaxıya hücum edir. Şamaxı xanlığı müttəfiqlərin sürətli hücumu nəticəsində müdafiəni təşkil edə bilmədiyindən xanlıq ərazisi müttəfiqlər tərəfindən alınır. Şamaxı şəhəri də aclıq səbəbindən mühasirəyə davam gətirə bilməyib 1768-ci ilin iyun ayında təslim olmaq məcburiyyətində qalır.
Bakıxanov Məhəmməd Səid xanın əlacsız qalıb Fətəli xanın yanına getdiyini və onun tərəfindən Dərbəndə həbsə göndərildiyini, Ağası xanın isə Hüseyn xanın yanına getdiyini və Hüseyn xan tərəfindən kor edildiyini qeyd edir [4, s.189].
İskəndər bəy Hacınski qələbədən sonra Şamaxı xanlığının ərazisinin müttəfiqlər arasında bölünməsi ilə bağlı yazır: “Fətəli xan köhnə Şamaxını Ağsuya köçürərək, Şirvanı Hüseyn xanla özü arasında böldü; belə ki, Şəki ilə həmsərhəd olan Sədərə və Qəsai mahallarını Hüseyn xana verdi, qalan hissəyə isə özü sahib olub, Qubaya qayıtdı” [10, s.8].
Ağası xanın oğlanları ilə bərabər Bakıya aparılması ilə bağlı göstəriş verən Fətəli xan Şamaxıya gələrək xanlığın idarəsini öz əlində saxlamaqla Məhəmməd Rza bəyi (yeznəsi olan Məhəmməd Səid xanın oğlu) formal olaraq xan elan etdi [10, s.14].
Şamaxı xanlığının ərazisi Hüseyn xan və Fətəli xan tərəfindən bölüşdürüldükdən sonra onlar bu ərazilərin idarəsi üçün naiblər təyin edirlər. Fətəli xan qardaşı Abdulla bəyi Köhnə Şamaxıya naib təyin edir [4, s.189].
1768-ci il sentyabr ayının 10-da Rus konsulluğunun əməkdaşı İvan Matveyev və Yeqor Zamyatin (Həştərxan taciri Stefan Şaripinin prikaz­çiki) tərəfindən M.Sulyakova göndərilən yazılarda avqustun 17-də 15 minlik qüvvə ilə Yeni Şamaxıya gələn şəhərdən 2 verstlik məsafədə düşərgə salan Fətəli xanın 2 minlik qüvvə ilə Yeni Şamaxıya daxil olaraq şəhəri idarə edən Manaf bəy başda olmaqla bəzi əyanları həbs etdirməsi ilə bağlı məlumat vardır. Əyanların həbs olunmasına səbəb onların Fətəli xana müxalif olması və Hüseyn xana bu səpkidə məktub göndərmələri ilə bağlı idi. Hüseyn xan uyğun vaxtda qala qapılarının bağlanaraq Fətəli xanın tərəfdarı olan ağsaqqalların məhv edilməsini və özü gəlməyincə qala qapılarının heç kimə açılmamasını Manaf bəyə tövsiyə edir. Fətəli xan rəqiblərini qabaqlayaraq 3 kəndxudanı və Manaf bəyi həbs etdirib Dərbəndə göndərir, qardaşı ilə birlikdə Məhəmməd Səid xanı yanında tutur. Y.Zamyatin və İ.Matveyev Şamaxıda olduqları müddətdə eşitdiklərinə əsasən Kərim xan Zənd tərəfindən Təbriz və Ərdəbil xanlarının və bəzi kəndxudaların əhaliyə əziyyət verdiklərindən həbs edilib Şiraza aparıldığını, kəndxudaların digər qisminin isə Ərdəbil və Təbrizi hakimiyyəti altına alması üçün Fətəli xandan nümayəndələri vasitəsilə xahiş etdiyini yazmışdı. Fətəli xan isə Şəki xanı ilə arasındakı məsələləri həll etdikdən sonra Ərdəbilə və Təbrizə hərəkət edəcəyi ilə bağlı vəd verir. İ.Matveyev və Y.Zamyatin Fətəli xanın niyyətinin qardaşı Abdulla bəyi Köhnə Şamaxıya naib təyin etmək, Məhəmməd Səid xana isə Yeni Şamaxının idarəsini tapşırmaq olduğunu yazır. Məhəmməd Səid xan bu təkliflə razılaşmayaraq ailəsi ilə bərabər Dərbənd və Qubada yerləşdirilməsini və iki kəndin ona verilməsi ilə bağlı istəyini Fətəli xana bildirir [12, s.110].
Şamaxını idarə etmək üçün Fətəli xanın qardaşı Abdulla bəy naib təyin edilsə də onun etdiyi özbaşınalıqlar nəticəsində Şamaxıda 1769-cu ildə qiyam baş verdi. Qiyamçıların məqsədi şəkililərin köməyi ilə Şamaxıda Fətəli xanın hakimiyyətinə son qoymaq Sərkərlər sülaləsini hakimiyyətə geri qaytarmaq və Yeni Şamaxının idarəsini Şəki xanlığına vermək idi. Qiyama rəhbərliyi Məhəmməd Səid xan edirdi. Fətəli xan Yeni Şamaxıya gələrək Hüseyn xan üzərinə hücum etməyi qərarlaşdırır. Döyüşdən əvvəl gizli müşavirə adı altında Məhəmməd Səid xanı çağırıb həbs etdirir. Şəki xanı üzərinə olan hücum da uğurla sonlanır, Hüseyn xan təslim olaraq Şamaxı xanlığı ilə bağlı iddialarından imtina edir. Bundan sonra qiyamçılara qarşı cəza tədbirləri aparılır, Yeni Şamaxı dağıdılaraq əhalisi Köhnə Şamaxıya yerləşdirilir.
Şamaxıda olan mövcud durum Fətəli xanı çox narahat edirdi. Burada gələcəkdə baş verə biləcək çıxışların qarşısını almaq məqsədi ilə Məhəmməd Səid xan Fətəli xan tərəfindən Dərbəndə sürgün edilir. Onun qardaşı Ağası xan isə Qarabağa qaçır [3, s.228].
Fətəli xanın birləşdirmə siyasətinə qarşı olan Avar xanları ilə münasibətlərin kəskinləşməsi və Şamaxının idarəçiliyindən uzaqlaşdırılan Abdulla xanın Dağıstana qaçaraq doğma qardaşı Fətəli xandan sahiblik etdiyi torpaqların yarısını istəməsi Quba xanlığında vəziyyəti çətinləşdirmişdi. Abdulla bəyin 1772-ci ildə vəfatı ilə onun qardaşı Fətəli xana qarşı mübarizəsi sonlansa da, digər narazı qüvvələrə qarşı mübarizə davam etmişdir.
Fətəli xan 1775-ci ildə keçmiş Şamaxı xanı Məhəmməd Səid xanı Şamaxıya hakim qoyur. “Xan” titulu ilə on il yenidən Şamaxını idarə edən Məhəmməd Səid xandan sonra onun oğlu Məhəmməd Rza bəy bu vəzifəyə təyin edilir. Lakin Fətəli xan 1786-cı ildə burada Sərkərlər sülaləsinin hakimiyyətini sonlandıraraq bura canişin təyin edir və canişin vasitəsilə birbaşa özü Şamaxını idarə edir [3, s.269-270; 6, s.253].
Kürlə Arazın qovşağında yerləşən, o qədər də geniş əraziyə malik olmayan Cavad xanlığı da 1768-ci ildə-Şamaxı xanlığının Quba xanlığına birləşdirilməsi ilə eyni vaxtda şimal-şərqi Azərbaycan torpaqlarına birləşdirildi. Bu birləşmə Cavad hakimi olan Həsən xanın Fətəli xana könüllü şəkildə asılılığı qəbul etməsi nəticəsində dinc yolla baş tutur və burada xan hakimiyyətinə toxunulmur [10, s.73; 13, s.270].
Qubalı Fətəli xan Azərbaycan torpaqlarını Quba xanlığı ətrafında birləşdirmək işini tədricən görürdü. Artıq XVIII əsrin 70-ci illərinə yaxın Fətəli xan Şimali Azərbaycan torpaqlarının yarısını özünə tabe edə bilmişdi. Bu dövrü Quba xanlığının ən qüdrətli dövrü hesab etmək olar.
Qonşu torpaqları birləşdirməklə kifayənlənməyən Fətəli xan Cənubi Azərbaycan torpaqlarını hətta İranın da bəzi yerlərini Quba xanlığına tabe etmək niyyətində idi. Fətəli xan şimali Azərbaycan torpaqlarını tabe etdikdən sonra dövlətin paytaxtını Şamaxıya köçürmək qərarına gəlir. Fətəli xan ailəsi ilə birgə Köhnə Şamaxıya köçmək fikrində idi. O, Quba, Salyan və Dərbənddən güvəndiyi sakinləri buraya köçürməklə özünün və ailəsinin təhlükəsizliyi üçün güvənli şərait yaratmaq niyyətində idi. [3, s.320-321].
Cənuba hücum etməzdən əvvəl Quba və Dərbəndin təhlükəsizliyini gücləndirmək qərarına gələn Fətəli xan Tarki və Buynakla bərabər Cənubi Dağıstanda daha bir dayağa sahib olmaq üçün şamxalla ittifaq bağlayaraq Qazıqumuq xanını devirib Eldar bəyi onun yerinə keçirmək qərarını aldı. Qazıqumuqlu Məhəmməd xanın qardaşı oğlu olan Eldar bəy Şamaxı xanlığının Qubaya aid olan hissəsinin idarəçiliyi ilə məşğul olurdu. Fətəli xan planı gerçəkləşdiyi halda Təbrizə hücum etmək fikrində idi [3, s.516]. Həmçinin Fətəli xan və müttəfiqləri olan Tarki və Buynak hakimləri Əmir Həmzəni qovmaq və qardaşı Ustar xana idarəçiliyi vermək niyyətilə Qaraqaytaqa hücum etmək barədə də razılaşmışdılar.
Quba xanının artan nüfuzu, öz ərazilərini genişləndirməsi ona qarşı olan qüvvələrin təşvişinə səbəb olmuşdu. Bu siyasətdən daha çox narazı qalanlar isə Qarabağ və Şəki xanları həmçinin Cənubi Dağıstan hakimləri olmuşdur. Fətəli xana qarşı olan qüvvələr iki cəbhə yaratmışdılar. Birinci cəbhəyə Qarabağ, Şəki xanları və Ağası xan daxil idi. Cənubi Dağıstan hakimlərdən Qazıqumuqlu Məhəmməd xan, Qaraqaytaq usmisi Əmir Həmzə, Avar başçılarından Nutsal və Ümmə xan, canqutaylı Əlisultan, tabasaranlı Rüstəm, kostyukovlu Həmzə Əlişov və Tavlin feodalları isə Fətəli xana qarşı ikinci cəbhədə birləşmişdilər. Gürcü hakimi II İrakli birinci cəbhədə yer almışdı. [2, s.528].
Fətəli xan Şəki xanlığına qarşı müttəfiqlik üçün Qarabağ xanı İbrahimə və gürcü hakimi II İrakliyə müraciət edərək düşmənlərini ayrı salmaqla onlar üzərində qələbə qazanmaq niyyətində idi. Lakin hadisələrin gedişi buna imkan vermir. Gürcü çarının işə qarışması, Fətəli xana qarşı Cənubi Dağıstan feodallarının pis münasibəti Fətəli xanı çətin vəziyyətdə qoymuşdu. Sərkərlər sülaləsininin hakimiyyətini bərpa etmək istəyənlərin Şamaxıdakı fəaliyyətləri də vaxt və qüvvə baxımından Fətəli xanı məşğul edirdi.
70-ci illərin əvvəllərində qarışıq durumla üz-üzə qalan Fətəli xanın gənc yaşlı qardaşını itirməsi ona daha da mənfi təsir göstərir. Qardaşının vəfatından sonra Şamaxı və Qubanın idarəsini naiblərinə həvalə edərək Dərbəndə yollanan Fətəli xan özünü hər şeydən təcrid edərək bir müddət burada yaşamışdı [12, s.122].
Şəki ilə Qarabağ xanlıqlarının və Avar hakimliyinin birləşmiş qüvvələri 1773-cü il noyabrın axırı-dekabrın əvvəllərində Şamaxıya hücum etdilər. Qüvvəsi az olan Fətəli xan Şamaxını tərk etməyə məcbur olur.
Məğlubiyyəti qəbul etməyən Fətəli xan Tabasaran, Aquşa, Quba və Dərbənddən xeyli qüvvə toplayaraq Şamaxı yaxınlığında düşmənləri üzərində qələbə qazanır. Döyüş zamanı avarlar xeyli sayda qurban verib məğlub olurlar. Ağası xan isə özünün Kür sahilindəki həmişəki məskəninə qaçır [10, s.8].
A.A.Bakıxanov bu hadisələr haqqında yazır ki, Ağası xan avarlı Nutsal xanla müttəfiqlik edərək Şamaxını alır. Məğlub olan Ağası xan qaçır. Nutsal xan isə “qədim şəhərin yuxarı hissəsində” bir sığınacaqda gizlənir. Fətəli xan aman vəd edib onu yanına gətirdir. Quba xanlığının qoşununda xidmət edən akuşalılar keçmişdə düşmənçilikləri olduğu Nutsal xanın öldürülməsini Fətəli xandan istəyirlər. Çarəsiz qalan Fətəli xan Nutsal xanı öldürür [4, s.190].
Nutsal xanın öldürülməsi ilə bağlı yaranan vəziyyətdən istifadə edən Əmir Həmzə 1774-cü ildə Fətəli xana qarşı çıxıb avarlı Ümmə xan, kürəkəni qazıqumuqlu Məhəmməd xan, tabasaranlı Rüstəm, canqutaylı Əlisultan və Dişsiz Məhəmmədi özünə müttəfiq edərək Qubaya hücum etdi [3, s.524]. Müttəfiqlərin sürətlə Qubaya doğru irəliləməsi Fətəli xana qüvvə toplamağa imkan vermir. Müttəfiqlər bu hücumda istəklərinin guya öldürülən Nutsal xanın və oğullarının qisasını almaq olduğunu bildirərək əsl niyyətlərini bu cür pərdələmişdilər .
1774-cü ilin iyulunda Xudat yaxınlığında Gavduşan çölündə tərəflər qarşılaşdılar. Döyüş ilk əvvəl Fətəli xanın üstünlüyü ilə keçsə də, usminin oğlu Əli bəyin cəsarətlə hərəkət edərək Quba qoşunun mərkəzinə vurduğu zərbə döyüşün gedişini onların xeyrinə dəyişdi. Döyüş zamanı qazıqumuqlu Eldar bəy, şeyx Əli bəy və Dişsiz Məhəmməd öldürüldü. Fətəli xan döyüşdə məğlub olduğundan və çoxlu qüvvə itirdiyindən Salyana çəkildi [4, s.190-191; 10, s.9].
Əmir Həmzə vuruşmada özünün yaxın müttəfiqi olan Dişsiz Şamxalı itirdikdən sonra Dərbəndə hücum edir. O Fətəli xanın ölümü ilə bağlı yalan şayiə yayır və bu xəbəri Fətəli xanın arvadı eyni zamanda özünün bacısı olan Tutu Bikəyə çatdıraraq Dişsiz Məhəmmədin nəşini Fətəli xanın nəşi kimi bacısına təqdim edir. Bundan sonra isə qalanın ona verilməsini istəyir. Tutu Bikə bu yalanlara inanmır və qalanın qorunmasına birbaşa özü nəzarət edərək düşmənə qarşı mübarizə aparır. Doqquz aylıq bir müddət ərzində Əmir Həmzə qalanı mühasirədə saxlasa da Tutu Bikə inadla müqavimət göstərərək şəhəri müdafiə edir. Şəhər naibi Hacı bəy və Məlik Hacı bəy Dərbəndin müdafiəsində fəal iştirak etmişdilər [7, s.19;1, s.387]. Fətəli xan mühasirənin uzanmasından yararlanaraq Şabran və Müşkürdən keçməklə Dərbəndə geri qayıdır.
Gavduşan döyüşündə məğlub olub Salyana çəkilən Fətəli xan Salyanda olarkən Rusiya ilə diplomatik münasibətləri gücləndirmək məqsədilə və himayə xahişi ilə 1775-ci ilin yazında dərbəndli Mirzəbəy Bayatın rəhbərliyi ilə II Yekaterinanın sarayına elçilər göndərir. Ş.F. Fərzəlibəyli Fətəli xanın Rusiyaya meyl etməsi ilə bağlı yazır “Fətəli xan Rusiyanın qəsbkar siyasətini dərindən öyrəndiyi və bu imperiyanın niyyətlərinə yaxşı bələd olduğu üçün Rusiyaya təmayül edən şəxs idi ki, bu xüsusiyyət də o zaman üçün Azərbaycan birliyi naminə mütərəqqi keyfiyyət idi” [8, s.103]. İyulun 6-da Moskvaya çatan elçilər yaxşı qarşılanır. II Yekaterinanın Qaraqaytaq usmisi Əmir Həmzəyə qarşı general de-Medemin hərəkət etməsi ilə bağlı fərman verdi. Bu fərmanın verilməsinin başqa bir səbəbi də Rusiya EA-nın üzvü Rusiya hökumətinin göstərişi ilə Xəzər sahili bölgələr barəsində gizli araşdırma aparan S.Qmelinin 1772-1774-cü illəri əhatə edən ikinci səyahəti zamanı Əmir Həmzə tərəfindən həbs edilməsi və 1774-cü ildə burada ölməsi olmuşdu. S.Qmelinin həbs olunması isə onun casusluqla məşğul olması və bu fəaliyyətinin Azərbaycan, Dağıstan və Gilan hakimlərinə məlum olması ilə bağlı idi. De-medem 1775-ci ilin martında Fətəli xanın müttəfiqi olan Tarki şamxalı Murtuzəli xanla birlikdə Əmir Həmzəyə qarşı hücuma keçdi. Bu hücum nəticəsində Əmir Həmzə de-Medəmlə mübarizə aparmalı olduğundan Dərbəndin mühasirəsini dayandırmalı oldu. Lakin o de-Medemlə mübarizəsində məğlub oldu. De-Medem Fətəli xanın ondan Dərbəndi tutması və onu himayəçiliyə götürməsi ilə bağlı təklifini dəyərləndirərək Dərbəndə girdi [2, s.529-530].
Rus hərbi hissəsinin Dərbəndə daxil olması Osmanlı imperiyasında Rusiyanın yeni sülhü pozduğu ilə bağlı narahatlıqlar doğurmuşdu. Rusiya hökuməti Osmanlı ilə münasibətləri yenidən gərginləşdirmək istəmədiyindən II Yekaterina de-Medemə Dərbənddən çıxmağı əmr etdi.
Fətəli xanın apardığı mübarizə nəticəsində 1774-cü ilə qədər olan vəziyyət bərpa edildi. Fətəli xan Dərbənd zindanından azad etdiyi Məhəmməd Səid xana 1775-ci ildə Ağsunun-Yeni Şamaxının idarəsini həvalə etdi. Bu zaman Əlvənddə olan Ağası xan isə zahiri itaət göstərib ətraf ərazilərin idarəçiliyi ilə məşğul oldu [4, s.191-192].
Fətəli xanın qüvvətlənməsi və onun apardığı birləşdirmə siyasəti Mərkəzi İranda hakimiyyətə gəlmiş Kərim xan Zəndi narahat edirdi. Kərim xan həm birləşdirmə siyasətinin qarşısını almağa, həm də Rusiyanın Şimali Qafqazda möhkəmlənməsindən narahat olaraq Quba xanlığını Rusiyadan ayırmağa çalışırdı. Məqsədlərinə dinc yolla çatmaq istəyən Kərim xan rəştli Hidayət xanı hədiyyələrlə Fətəli xanın yanına göndərərək Dərbənd xanının bacısı Fatmanı öz oğluna istəyir və bu təkliflə razılaşağı təqdirdə ona hər cür yardım edəcəyini bildirir.
Fətəli xan və Kərim xan Zənd arasında 1775-1776-cı illərdə elçilər mübadiləsi olur. Fətəli xan İranla münasibətlərin pozulmasını istəmədiyindən böyük ustalıqla Türkiyə, İran və Rusiya arasında manevr edirdi. Fətəli xan Kərim xanın qohumluq barədə təklifinə cavabı bilərəkdən gecikdirirdi. Fətəli xanın niyyətini bilən Kərim xan ona qarşı fitnəkarlıq etdi. İrandakı rus konsulluğunun məmuru 1776-cı ilin iyununda Hidayət xan tərəfindən çağırılaraq ona guya Dərbənddəki rusları qovmaq üçün Fətəli xanın Kərim xandan qoşun istəməsi ilə bağlı məlumat verilir [2, s.534; 12, s.131].
Diplomatik təxribatla istəklərinə nail olmadıqlardan gilanlı Hidayət xan Quba xanlığına qarşı hərbi yürüşə başladı. Muğana hücum edən zaman Hidayət xanın qoşunları keçmiş Şamaxı xanı Ağasının qüvvələri ilə birləşib Cavad xanlığına tərəf yönəldi. Cənubi Dağıstan feodalları ilə də əlaqə yaradıldı. Fətəli xan müqavimət göstərməyə hazırlaşdığı zaman Cənubi Dağıstan hakimləri ona əngəl oldular [2, s.534].
Lənkəran xanı Qara xanla ittifaq yaradan Fətəli xan sonradan bu xanlığı özündən asılı vəziyyətə salmışdır. Buna görə də Fətəli xanın Qarabağ və Gilana olan hücumlarında Qara xan da iştirak etmişdir.
Fətəli xanın birləşdirmə siyasəti Qarabağ xanı İbrahim xanı da narahat edirdi çünki İbrahimxəlil xan Azərbaycan torpaqlarını Qarabağ xanlığı ətrafında birləşdirmək istəyirdi. Fətəli xan isə bu xanlığı da özünə tabe etməyə çalışırdı. Fətəli xan bu xanlığı tabe etmək üçün diplomatik yollardan istifadə etmək qərarına gəldi.
İbrahimxəlil xanla müqavilə bağlamaqla onu tabe etməyə çalışan Fətəli xan Bakı xanı Məlikməhəmmədin başçılığı ilə 1779-cu ildə Qarabağa elçilər göndərdi. Bu elçiliyin məramını başa düşən İbrahimxəlil xanın Məlikməhəmmədi həbs etməsi iki xanlıq arasında münasibətləri pozur.
Fətəli xan 1780-ci ilin Qarabağ xanlığına hücum etdi. Bu hücum zamanı gürcü çarı II İrakli Qarabağ xanına şahzadə David və Georginin rəhbərliyi ilə qüvvə göndərmişdi. Fətəli xanın qoşununda xidmət edən dağıstanlı muzdlu döyüşçülər şahzadə Davidin təsiri altına düşərək düşərgəni tərk etmişdilər. Beləliklə bu hücum nəticə vermədi. 1781-ci ildə Fətəli xan 2 dəfə Qarabağ üzərinə hücum etsə də, bu yürüşlər də uğursuz olur. Fətəli xanın 1781-ci ilin əvvəlində Qarabağa olan yürüşü zamanı kəndlər talan edilir və xeyli sayda insan və mal-qara Qubaya aparılır [2, s.530; 12, s.142]. Fətəli xanın Qarabağ xanlığına növbəti yürüşü 1783-cü ilin əvvəllərində baş tutur. Fətəli xanın 1787-ci ilin yanvarında da Qarabağa edilən yürüşü uğursuz olur. O, Qarabağa girsə də, irəliləyə bilmir.
Fətəli xan 1784-cü ildə Cənubi Azərbaycan torpaqlarına daxil olaraq Ərdəbil və Meşkini tutsa da Rusiyanın təzyiqi ilə geri çəkilməli olur [11, s.144].
Fətəli xanın Cənubi Azərbaycan torpaqlarına yürüş etməklə bağlı II İrakli ilə arasında razılıq olsa da, Fətəli xanın ölümü ilə bu baş tutmur.
Fətəli xandan sonra hakimiyyətə gəlmiş Əhməd və Şeyxəli xanın dövründə Fətəli xanın hakimiyyəti zamanı birləşdirilmiş ərazilər itirilir yalnız Quba və Dərbənd Quba xanlığının tərkibində qaldı.

Açar sözlər: Quba xanlığı, Fətəli xan, xanlıq, birləşdirmə, nigah diplomatiyası.

 


Ədəbiyyat siyahısı
1. Azərbaycan tarixi, yeddi cilddə III cild Bakı, Elm, 2007.
2. Azərbaycan tarixi.S.S.Əliyarlının redaktəsi ilə, Bakı, Çıraq, 2009.
3. Абдуллаев Г.Б. Азербайджан в XVIII в. и взаимоотноше-ния его с Россией. Баку, 1965.
4. Bakıxanov A. Gülüstani-irəm (M.Əsgərlinin tərcüməsi ilə) Baki, Azərbaycan SSR Elmlər Akademiyası Nəşriyyati, 1951.
5. Bayramova N. Şamaxı xanlığı, Bakı, “Təhsil”, 2009.
6. Бутков П. Материалы для новой истории Кавказа с 1722 по 1803 г. В 3-х т. ч. I, СПб.,1869.
7. Бутков П. Г. Материалы для новой истории Кавказа с 1722 по 1803, т.II, СПб., 1869.
8. Fərzəlibəyli Ş.F. Quba tarixi, Bakı, “Əbilov, Zeynalov oğulları”, 2001.
9. İbişov S.Ə. Quba xanlığı:əhali tarixi və azadlıq mücadiləsi. Bakı, Elm, 2012.
10. İskəndər bəy Hacınski. “Qubalı Fətəli xan” (Tərcüməçi F.Babayev). Bakı,1959.
11. Левиатов В. Очерки из истории Азербайджана в XVIII веке. Баку, Изд. АН Азербайджанской ССР, 1948
12. Mustafazadə T. “Quba xanlığı” Bakı, Elm, 2005
13. Mustafazadə T. “Azərbaycan xanlıqlarının qısa tarixi” Bakı, 2011.

SUMMARY
Sona Babazade
Gubali Fatali khan's policy of unification of Azerbaijani lands


The article examines the struggle of Gubali Fatali khan with neighboring khanates and foreign forces to unite the Azerbaijani lands. Fatali khan was able to unite Derbent, Baku khanate, Javad khanate with bloody struggles, Shamakhi khanate to Guba khanate. The Lankaran khanate also depended on the Guba khanate for some time. Fatali khan marched to the territory of South Azerbaijan and managed to capture Ardabil and Meshkin. However, it withdrew under Russian pressure. After Fatali khan's death, the northeastern Azerbaijani state union created by him collapsed.

Keywords: Guba khanate, Fatali khan, khanate, merger, marriage diplomacy.


РЕЗЮМЕ
Сона Бабазаде
Политика Губали Фатали хана по объединению азербайджанских земель

В статье исследуется борьба Губали Фатали хана с соседними ханствами и иностранными силами за объединение азербайджанских земель. Фатали-хан сумел кровопролитными боями объединить Дербент, Бакинское ханство, Джавадское ханство, Шемахинское ханство с Губинским ханством. Ленкоранское ханство тоже какое-то время зависело от Губинского ханства. Фатали-хан двинулся на территорию Южного Азербайджана и сумел захватить Ардебиль и Мешкин. Однако под давлением России он отозвался. После смерти Фатали хана государственное объединение северо-востока Азербайджана было разрушено.

Ключевые слова: Губинское ханство, Фатали хан, ханство, слияние, брачная дипломатия.