Türkiyə-Gürcüstan münasibətlərində Rusiya amili(etnosiyasi proseslər kontekstində)

Post image

Hüseyn Hüseynli, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin müəllimi. Tarix üzrə fəlsəfə doktoru
E-mail: [email protected]

Fərhad Aydınlı, Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dissertantı
E-mail: [email protected]

Cənubi Qafqazın Qara dənizlə həmsərhəd olan yeganə ölkəsi Gürcüstan Azərbaycan və Orta Asiya ölkələrini Qərblə birləşdirən mühüm coğrafi mövqeyə malikdir. Bu mövqeyi səbəbilə Türkiyənin Cənubi Qafqaz, hətta Avrasiya strategiyasındakı açarıdır. Xəzərin enerji ehtiyatlarının beynəlxalq bazarlara çatdırılmasında əhəmiyyətli yerə sahib olan Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəmərinin, eyni zamanda Bakı-Ərzurum, Cənubi Qaz Dəhlizinin, Bakı-Tbilisi-Qars dərmiryolu xəttinin keçdiyi yol üzərində yerləşməsi Gürcüstanı Türkiyə baxımından daha da əhəmiyyətli edir. Türkiyə-Gürcüstan münasibətlərini təhlil etdiyimiz zaman prosesləri 3 dövrə bölə bilərik:
1. Müstəqillikdən 2003-cü ilə qədər;
2. Qızılgül inqilabından Saakaşvili hakimiyyətinin sonuna qədər;
3. 2013-cü ildən sonrakı dövr.
SSRİ-nin dağılması beynəlxalq münasibətlər sistemində köklü dəyişikliklərin baş verməsinə səbəb oldu ki, Cənubi Qafqaz regionu da bu proseslərin mərkəzində yer aldı. Yeni Dünya nizamının formalaşması, xüsusilə 1991-ci ildən sonra Qafqaz regionu regional güclərin xarici siyasi kursunda əsas yer tutmağa başladı. Bu nöqteyi-nəzərdən Türkiyənin regionda olan maraqları, Xəzərin enerji ehtiyatlarının Avropaya daşınmasında önəmli olan Gürcüstanla münasibətləri daha da əhəmiyyətli edir. 9 aprel 1991-ci ildə müstəqilliyini elan edən Gürcüstanı 16 dekabr 1991-ci ildə tanıyan ilk dövlət Türkiyə oldu [1, 127]. Dövrün Xarici işlər naziri Hikmət Çətinin 21 may 1992-ci ildə Tbilisini ziyarət etməsi ilə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasına dair protokol imzalandı [2]. Müstəqilliyin ilk illərində daxildə davam edən etnosiyasi münaqişələr Gürcüstanın inkişafını ləngidirdi. Hələ Zviad Qamsaxurdiyanın prezidentliyi dövründə ölkənin muxtar vilayətləri-Acarıstan, Abxaziya və Cənubi Osetiyada mərkəzdən qaçma meylləri güclənmiş və ölkədə siyasi pərakəndəlik artmışdı. Radikal və milliyətçi olan Qamsaxurdiyanın “Gürcüstan gürcülər üçündür” [3, 133] şüarı, ölkədə bütün siyasi partiyaların fəaliyyətini məhdudlaşdırması separatist qüvvələri daha da hiddətləndirirdi. Təsadüfi deyildir ki, 1991-ci ilin sentyabr ayında ölkədə fövqəladə vəziyyət elan edilmiş, ixtişaşların davam etməsi nəticəsində 1992-ci ilin yanvarında ölkədən qaçması ilə hakimiyyət hərbi şuranın əlinə keçmiş, mart ayında isə şuranın rəhbərliyinə Eduard Şevardnadze gətirilmişdir. O, qısa zamanda Cənubi Osetiyada münaqişəni dayandırmağa nail olur, lakin Abxaziyada proseslər tam əks formada cərəyan edir, bu dövrdən etibarən region tamamilə nəzarətdən çıxır. Etnik münaqişələrin dərinləşməsi Gürcüstanı 1993-cü ildə MDB-yə daxil olmağa vadar edir, eyni zamanda Rusiya ilə yaxınlaşma siyasətinin həyata keçirilməsinə səbəb olur. Nəticədə 1993-cü ildə rus hərbi qüvvələri Gürcüstana göndərilir, Qara dəniz limanlarını da əhatə edən 4 hərbi bazada 20 mindən artıq həbçi xidmət etməyə başlayır.
Onun dövründə hadisələrin gedişində nisbi sakit­çilik yaransa da, müxalif qüvvələrin hakimiyyətə təzyiqi və milliyətçi şüarlar etnosiyasi problemləri yenidən alovlandırdı. Regionu öz nüfuz dairəsi hesab edən Rusiya lokal münaqişələrdən istifadə edərək bəzi tədbirlərə əl atdı. Bunlar viza müraciəti və Qafqaz ölkələrində, xüsusən də Gürcüstanda olan etnik azlıqların Rusiyaya birləşməsi üçün qaydaların hazırlanması idi. 5 dekabr 2000-ci ildə Moskva höküməti Gürcüstan vətəndaşlarına viza tətbiq etdi. Abxaziya və Cənubi Osetiya xalqlarının vizasız getmək hüququnun saxlanması isə Gürcüstanın suveren siyasətinə açıq şəkildə təhdid demək idi. Digər bir məsələ, 28 iyun 2001-ci ildə Rusiya Federasiyası Dumasında qəbul edilmiş “Rusiya Federasiyasına qəbul və onun tərkibində yeni subyektlərin yaradılması haqqında” qanun layihəsi xarici dövlətin və ya onun bir hissəsinin Rusiyaya birləşməsini asanlaşdırdı. Moskva çətin vəziyyətə düşdükdə və ya bölgədəki ölkələrin özbaşına siyasətləri ortaya çıxdığı zaman etnik azlıqları necə istifadə edəcəyi mesajını verirdi. Bu qanun layihəsi bir çox problem sahəsinə, xüsusən Abxaziya və Cənubi Osetiyaya aid idi. Bundan əlavə, 31 may 2002-ci il tarixli Vətəndaşlıq Qanununda Rusiya vətəndaşı olmaq istəyənlərin keçmiş vətəndaşlığından imtina etmələri nəticəsində qəbul edilməsi Rusiyanın bölgəyə necə həssas davrandığının göstərirdi [4, 46]. Digər tərəfdən də Şevardnadzenin istefasına qədər keçən müddətdə Türkiyənin diqqəti Şimali Kiprdə cərəyan edən hadisələrdə və Avropa İttifaqı ilə danışıqlarda, daxildə isə İstanbulda baş verən terror hadisələrinə qarışmışdı.
Beləliklə, Gürcüstanda genişlənən rüşvətxorluq, eləcə də separatist bölgələrdə idarəçilyin tamamilə zəifləməsi və 2003-cü ildə keçirilən parlament seçkilərindəki saxtakarlıq Mixeil Saakaşvilnin rəhbərliyi ilə Məxməri inqilab və ya Qızılgül inqilabına gətirib çıxardı. Vaxtilə Qamsaxurdiyanın dediyi kimi: düşmənlərimizə güllə ilə deyil, güllər ilə cavab verməliyik ifadəsi öz əksini tapdı [5, 418].
Türkiyə 4 yanvar 2004-cü ildə 96% səs çoxluğu ilə prezident seçilən Saakaşvili ilə yaxın münasibət qurmağın yollarını axtarmağa başladı. Saakaşvilinin seçkiqabağı təbliğat-təşviqat kampaniyası Soros Fondu, digər beynəlxalq fondlar və ABŞ tərəfindən də dəstəklənirdi. Əslində Vaşinqtonun gözləntisi belə idi; Orta Asiya və Qafqaz dövlətlərinin başında qərbyönümlü siyasətçilər olmalıdır. Bununla da Moskvaya qarşı güclü müqavimət göstərməklə Xəzərdəki enerji ehtiyatlarına nəzarət etmək olardı. Şübhəsiz ki, bu məsələdə ABŞ-a ən böyük dəstək bölgədə marağı olan Türkiyə olmalı idi [6, 3].
Saakaşvilinin hakimiyyətə gəlişindən sonra gürcü xalqına iki əsas vədi var idi. Birincisi, Gürcüstanın ərazi bütövlüyünü təmin etməklə Cənubi Osetiya, Acarıstan və Abxaziya problemlərini həlli, ikincisi, Gürcüstanın NATO-ya üzv olacağı vədi idi. [7, 151].
Hakimiyyət dəyişikliyindən sonra Türkiyə-Gürcüstan münasibətlərinə mənfi təsir edə biləcək hadisələrdən biri də etnik münaqişələrin yenidən alovlanması idi. İlk olaraq, Acarıstan Muxtar Respublikasının rəhbəri Aslan Abaşidze Saakaşvilinin hakimiyyətini tanımadığını bəyan etdi. 28 mart 2004-cü ildə keçirilən parlament seçkisi ərəfəsində bölgəyə səfər edən Saakaşvilini Batumiyə daxil olmağa icazə vermədi. Prezident isə Acarıstana iqtisadi embarqo tətbiq etməklə cavab verdi. ABŞ və Rusiyanın vasitəçiliyi ilə bir müddət gərginlik dayandırılsa da, iki tərəf arasındakı problem üst səviyyədə idi. Bütün bu hadisələr davam edərkən Abaşidze də Qars müqaviləsinin 6-cı maddəsinə əsasən Türkiyənin “qarant-dövlət” olduğunu və bölgədəki gərginliyin bitirilməsi üçün Türkiyəyə müraciət etdi. Bu xəbərlərin Türkiyə mətbuatında da yayılması Türkiyənin Rusiya ilə qarşı-qarşıya gəlməsi demək idi. Əslində isə Qars müqaviləsində Türkiyənin belə bir müdaxilə haqqının olduğu göstərilmirdi [8, 487]. Məsələyə dərhal reaksiya verən Xarici işlər naziri Abdullah Gül vəziyyəti Gürcüstanın daxili məsələsi kimi qiymətləndirdi. Tbilisi hökuməti Türkiyənin bu diplomatik üslubunu olduqca müsbət qarşıladı və ikitərəfli əlaqələrin əhəmiyyətli olduğunu qeyd etdi [9, 230]. Abaşidzenin 5 may 2004-cü ildə Rusiyanın sabiq Xarici işlər naziri İqor İvanovla birlikdə Batumini tərk edərək Moskvaya getməsi ilə münaqişəyə son qoyuldu [10, 99].
Türkiyənin Acarıstan münaqişəsindəki mövqeyi Türkiyə-Gürcüstan münasibətlərinin inkişaf dinamikasına əhəmiyyətli təsir göstərdi. 20 may 2004-cü ildə Saakaşvili Türkiyəni ziyarət etdi. Bakı-Tbilisi-Ceyhan neft boru xətti və Bakı-Tbilisi-Ərzurum təbii-qaz kəmərinin əhəmiyyətindən bəhs edərək Türkiyəni yaxın tərəfdaş adlandırdı. 2005-ci ilin oktyabrında baş nazir Zurab Noqaydelinin Türkiyəyə səfəri zamanı 90 günlük turist vizasının qüvvəyə minməsini nəzərdə tutan müqavilə imzalandı. Batumidə 25 may 2007-ci ildə yeni hava limanı istismara verildi [11, 20]. Türk hava yolları tərəfindən Batumi daxili xətt məntəqəsi olaraq istifadəyə başlandı. Türkiyə vətəndaşları pasport istifadə etmədən yalnız şəxsiyyət vəsiqələri ilə Batumiyə hava yolu ilə gedərək, oradan da quru nəqliyyat vasitələri ilə Türkiyənin şərq və cənub-şərq vilayətlərinə gedə bilərdi. Beləliklə, dünyanın çox az ölkələri arasında olan bu sistemin Cənubi Qafqaz kimi qeyri-sabit və rəqabətin çox olduğu bölgədə tətbiqi təqdirəlayiq idi. Ümumiyyətlə Qızılgül inqilabından sonra Türkiyə-Gürcüstan münasibətlərində yeni dövrün başladığını qeyd edə bilərik. 1999-cu il ATƏT-in İstanbul sammitində qəbul edilən qərarların məntiqi nəticəsi artıq bu dövrdən etibarən özünü göstərməyə başladı. Təsadüfi deyildir ki, 2005-ci ildə Gürcüstanın Milli Təhlükəsizlik Konsepsiyasında artıq Türkiyə önəmli tərəfdaş adlandırılır, eləcə də 2007-ci ildən sonra Türkiyə Gürcüstanın ən böyük ticarət ortağı statusundadır. Son statistik məlumatlara nəzər salsaq, görərik ki, Türkiyə Gürcüstanın ixracatında 7.9%, idxalında isə 17.2%-lik paya malikdir. Eyni zamanda bu münasibətlər yalnız iqtisadi deyil, həmçinin hərbi-siyasi dəstək fonunda da davam etdirilib. Təkcə 2005-2008-ci illərdə Türkiyə Gürcüstana 8 milyon dollar dəyərində hərbi yardım edib.
Saakaşvilinin “uğurlu” Acarıstan siyasəti onu Abxaziya və Cənubi Osetiyada da təkrarlaya biləcəyinə inandırmışdı. Əslində Acarıstan siyasətini uğur hesab etmək düzgün olmazdı, çünki Acarıstan idarəçiliyi heç bir dönəmdə müstəqil dövlət qurmaq niyyətində olmamışdır. Abxaziya və Cənubi Osetiyada isə vəziyyət tamamilə başqa idi. Etnik münaqişələrin nizamlanmasında Türkiyə və Rusiya amillərini də hesaba qatmaq vacib idi. Bu çərçivədə 12 avqust 2004-cü ildə Tbilisiyə səfər edən baş nazir R.T.Ərdoğan Abxaziya və Cənubi Osetiya kimi problemlərin həllində öz üzərinə düşən köməkliyi edəcəyini qeyd etdi. Ərdoğan Abxaziyada 70 min, Türkiyədə isə 300 min abxazın yaşadığını və bunun məsələnin həlli üçün körpü ola biləcəyini və Türkiyənin vasitəçilik edə biləcəyini qeyd etdi. Gürcüstan rəhbərliyinin bu məsələyə müsbət yanaşmaması ilə heç bir siyasi addım atılmadı. Türkiyə abxazların Rusiyanın idarəçiliyinə tərk edilməsi yerinə, vasitəçilik edərək məsələnin həlli tövsiyəsini Saakaşvili rədd etdi. Gürcüstan hökümətinin Abxaziyanı təcrid siyasəti ilə tabe etmək səyləri də nəticə vermədi. Çətin vəziyyətdə qalan abxazlar kütləvi şəkildə rus pasportları alaraq Gürcüstandan ayrılmaq niyyətlərini sərt şəkildə ortaya qoydular. Qərbyönümlü siyasətilə qonşu Rusiyanı təhrik edən Tbilisi höküməti, qonşusunun daxili işlərinə müdaxilə etməsinə səbəb oldu. Gürcüstan Daxili İşlər Nazirliyin 27 sentyabr 2006-cı ildə 4 Rusiya hərbi kəşfiyyatçısını casusluq ittihamı ilə həbs etməsi iki ölkə arasındakı münasibətləri daha da gərginləşdirdi [12, 103]. Rusiyanın sərt reaksiyasından sonra Tbilisi höküməti geri addım ataraq 4 rus zabitini ATƏT-ə təhvil verdi. Ancaq Rusiyanın geri addım atmaması böhranı daha da dərinləşdirdi. Rusiya üçün lazımi zəmin yaranmışdı. RF Nəqliyyat Nazirliyi Gürcüstanla hava, dəmir yolu, quru və dəniz nəqliyyatını kəsdi [13].
Saakaşvili 2008-ci ilin yanvarında Gürcüstanda keçirilən prezident seçkilərində yenidən qalib gəldi. Rusiyadan gələn ilk rəsmi açıqlama isə seçkilərin şəffaf olmadığı iddiaları idi. Saakaşvilinin 2008-ci ilin mart ayında ABŞ-a rəsmi səfəri müharibədən əvvəlki mühüm hadisələrdən biri idi. C.Buşun mətbuat konfransında ABŞ-ın Cənubi Osetiya və Abxaziya problemlərinin həllində Gürcüstana dəstəyini vurğulaması rus-gürcü münasibətlərinin qırılma nöqtəsi hesab olunur. Mart ayında bu ziyarətə cavab olaraq Cənubi Osetiya və Abxa­ziya parlamentariləri Rusiya dumasından müstəqilliklərini tanımağı tələb etdilər. Bu tələbə Putinin; “Rusiyanın Cənubi Osetiya və Abxaziya xalqlarına və bölgədə yaşayan Rusiya vətəndaşlarına dəstəyi getdikcə daha da artacaq” deməsi ABŞ-ın Gürcüstana verdiyi dəstəyə cavab idi [14, 189].
Gürcüstanda etnosiyasi münaqişənin alovlanmasının təkcə regional deyil, qlobal müstəvidə də təsirlər var idi. Belə ki, Serbiyadan müstəqillik tələb edən Kosovo, ABŞ-ın dəstəyi ilə 2008-ci ilin fevralında müstəqilliyini elan etdi. Rusiya bu qərara sərt reaksiya verdi. Həmçinin, NATO-nun 2008-ci ilin aprelində keçirilən Buxa­rest sammitində Ukrayna və Gürcüstanın üzvlük məsələsinin gündəmə gəlməsi Rusiya üçün böyük problem kimi qəbul edildi [15]. Bu konteksdə Rusiyanın Cənubi Osetiya ilə cavabı sərt oldu. Hadisələri qısaca nəzərdən keçirək.
Cənubi Osetiyada da hadisələr Abxaziyadan fərqli deyildi. Müstəqillik arzusunu tez-tez dilə gətirən prezident Eduard Kokoytı hətta brifinqlərin birində Şimali Osetiya ilə birləşməyin də mümkün variant olacağını qeyd etmişdi. Lakin Saakaşvilinin Cənubi Osetiyaya “milli-mədəni muxtariyyət” təklifinin də rədd edilməsi Gürcüstanın Sxinvaliyə daxil olması ilə müharibəyə çevrildi. 8 avqust 2008-ci ildə başlayan müharibəyə Rusiyanın da daxil olması tarixə “beş günlük müharibə” adı ilə daxil oldu və Gürcüstan ərazisinin parçalanmasına gətirib çıxardı. Ankara höküməti baş verənləri narahatlıqla qarşılasa da, müharibəyə qarşı konkret addım atmadı və ehtiyyatla hərəkət etməyi üstün tutdu. Bunun əsas səbəblərini araşdırsaq, ilk növbədə Rusiya ilə münasibətlərin əhəmiyyəti qeyd edilməlidir. Ruslar Türkiyənin ən əhəmiyyətli təbii qaz təminatçısıdır. Bu məzmunda Türkiyə, əhəmiyyətli bir ticarət ortağı olan Rusiyanı qarşısına almaq istəməmişdir. Türkiyənin “strateji ortağı” Gürcüstana hər hansı bir hərbi yardımı və ya Tbilisi rəhbərliyinə dəstək ifadəsi, Rusiyanı qarşısına almasına səbəb olardı. Belə bir fürsəti belə düşünmək istəməyən Ankara höküməti bu müharibə zamanı və ondan sonrakı müddətdə də diplomatik siyasət aparmalı oldu. Lakin Qərb tərəfindən də təzyiqlər davam edirdi. Ankaranın dilemma içində qalmasının ən vacib səbəblərindən biri, şübhəsiz ki, Montre Boğazlar Konvensiyası idi. Müharibə zamanı Montre Boğazlar Müqaviləsi yenidən gündəmə gəldi və Türkiyə, ABŞ ilə Rusiya arasında sanki məngənəyə alındı. ABŞ-ın müharibə əsnasında iki ədəd tibbi avadanlıqlarla təchiz olunmuş gəmisini Gürcüstana kömək üçün boğazlardan keçirmək istəməsi, ancaq Türkiyənin ABŞ-ın təzyiqlərinə baxmayaraq bu keçidə Montre gərəyi icazə verməməsi, tərəfləri qarşı-qarşıya gətirdi [16, 65]. Bundan əlavə, NATO gəmilərinin Boğazları keçərək Gürcüstana daxil olması nəticəsində, Türkiyə yük maşınları 2008-ci ilin sentyabr ayında Rusiyanın gömrük qapılarında embarqo ilə üzləşdi. Rusiya sanki NATO gəmilərinə keçid haqqının tanınmaması üçün Türkiyəyə göz dağı verdi. Göründüyü kimi, bu gəmilərin Boğazdan keçməsi həm Montrenin pozulması, həm də Ankara üçün Rusiya ilə üz-üzə qalmaq demək idi. Şərtlər bu şəkildə təzahür etmiş ikən Türkiyə öz maraqlarını düşünərək realist bir siyasət izlədi və Boğazlar məsələsini müzakirə mövzusu belə etməyərək bu prosesi soyuqqanlılıqla idarə etdi. Lakin Türkiyənin bu siyasəti Gürcüstan torpaqlarının parçalanmasının qarşısını ala bilmədi. Rusiya 26 Avqust 2008-ci ildə Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıdı[17, 9]. Kosovonun müəyyən mənada tanınmasına cavab olaraq, Moskva dolayı yolla Gürcüstanın Aİ və NATO üzvlüyünə mane oldu.
Bütün bunlara baxmayaraq Türkiyə Gürcüstanla Rusiya arasında yaranan problemin nizamlanması üçün mühüm addımlar ataraq “Qafqaz Sabitlik və Əməkdaşlıq Platforması” təşəbbüsü ilə çıxış etdi [18, 275]. Bu təşəbbüsün Rusiyanı qane etməsini XİN Sergey Lavrov da təsdiq etdi: “Qafqaz problemi çərçivəsində biz Türkiyənin bu prosesi həll etmək təşəbbüsünü bəyənirik. Ankaranın yeni bir əməkdaş-lıq platforma formalaşdırılması təklifini müzakirə etdik. Bunu dəstəkləyirik. Bu sahədə mexanizm formalaşdırılması ilə bağlı görülən işləri alqışlayırıq və təbii ki, bu məqsədlə zəruri şərtlərin təmin edilməsinə ehtiyac duyulur. Cənubi Osetiyaya qarşı müdaxilənin mənfi nəticələrinin həll edilməsi vacibdir. Lakin tərəfdaşlarımızla qarşılıqlı əməkdaşlıq və razılaşma əldə edilməli olması fikrini qəbul edirik. Qafqaz Sabitlik və Əməkdaşlıq Platforması haqqında, nazirlər və mütəxəssislərin iştirakı bu mövzuda görüşlərin davam etdirlməsinə qərar verdik. Hətta Rusiya XİN-i Ankaranın ”NATO-dakı öhdəliklərini yerinə yetirməklə yanaşı bizimlə də çox yaxından əməkdaşlıq etməsi” və “Türkiyənin bizimlə münasibətinə NATO-nu qarışdırmaması” kimi fikirləri ilə Türkiyənin bu cür mövqeyini alqışladı. Türkiyənin Gürcüstan probleminin həllində bu cür təşəbbüslə çıxış etməsi NATO tərəfindən də dəstəkləndi. Onu da qeyd etmək lazımdır ki, bu vaxta qədər Qafqazda Sabitlik və Əməkdaşlıq Platformasının tam detalları açıqlanmayıb. Ancaq Rusiyanın Xarici işlər naziri Sergey Lavrov bu məsələ barədə danışarkən bildirib ki, Qafqazda Sabitlik və Əməkdaşlıq Platforması ASEAN tipli bir qurum kimi nəzərdən keçirilir. Onun sözlərinə görə, Ankaranın irəli sürdüyü təşəbbüs ikimərhələli prosesi nəzərdə tutur. Birinci mərhələdə iştirakçı Türkiyə və Rusiyanın təminat hüququ altında bölgə dövlətlərinin - Azərbaycan, Gürcüstan, Ermənistan - əməkdaşlıq imkanlarının araşdırılacağı platforması yaradılır, ikinci mərhələdə isə bu mexanizmlər formalaşdıqdan sonra qərarların qəbulu təşəbbüsü bu üç ölkənin ixtiyarına verilir [19, 158].
Göründüyü kimi XXI əsrin əvvəlləri Gürcüstan üçün böyük fəlakətlərə gətirib çıxardı. Qərbə hərtərəfli inteqrasiyası Gürcüstanın ərazi bütövlüyünün pozulması ilə nəticələndi. Bundan sonrakı illər ölkə hakimiyyətini daha ehtiyyatlı addımlar atmağa və etnosiyasi problemləri daha mülayim yollarla həll etməyə vadar edir. Təbii ki, bu problemlərin həllində Rusiya və Türkiyənin maraqlarının nəzərə alınması da ölkənin ərazi bütövlüyünün bərpasına şərait yaradacaq.


Açar sözlər: Türkiyə, Gürcüstan, Rusiya, Saakaşvili, Abxaziya, Cənubi Osetiya


Ədəbiyyat siyahısı


1. Demirağ, Yelda, “Bağımsızlıktan Kadife Devrime Türkiye-Gürcistan İlişkileri”, Uluslararası İlişkiler, Cilt 2, Sayı 7 (Güz 2005), s. 155.
2. http://www.mfa.gov.tr/relations-between-turkey-and-georgia.en.mfa
3. James Hughes, Gwendolyn Sasse. Ethnicity and Territory in the Former Soviet Union: Regions in Conflict, p. 272
4. Buszynski, Leszek, “Russia and the Commonwealth of Independent States in 2002, Going Seperate Ways”, Asian Survey, CHt 43, No I, 2003.
5. SARIKAYA, Gül; ÇOBAN, Fatma, (Yayına Hazırlayanlar), (2014), V. Karadeniz Uluslararası Sempozyumu “Tarihi ve Güncel Siyasal Konular: Görüşler & Öneriler” 6-7 Aralık 2012, Karadeniz Stratejik Araştırma ve Uygulama Merkezi, Ankara.
6. Bahturidze, Zeynab, (2011), “Направление Внешнеполитического Курса Грузии при Президенте Саакашвили”, Современные исследования социальных проблем, No:3, Cilt:7.
7. Treisman, Daniel, The Return: Russia’s Journey from Gorbachev to Medvedev, Free Press, New York, 2011.
8. Türk Dış Politikası: Kurtuluş Savaşından Bugüne Olgular, Belgeler, Yorum-lar. 3 ciltte. Cilt 3: 2001-2012/Editör: Baskın Oran. İstanbul: İletişim yayınları, 2013, 885 s.
9. Kamer Kasım, Soğuk Savaş Sonrası Kafkasya, USAK Yayınları, Ankara, 2009.
10. Nilgün Atıcı Köktaşı. Saakaşvili dönemi Gürcistan: İç ve Dış Politika Üzerine Bir Değerlendirme. https://www.ardahan.edu.tr/iibfdergi/arsiv/2/07.pdf
11. https://www.deik.org.tr/uploads/gurcistan-ulke-bulteni.pdf
12. Kelkitli, F. (Kış 2008). “Russian Foreign Policy in South Caucasus Under Putin”, Perceptions: Journal Of International Affairs.
13. https://kafkassam.com/soguk-savas-sonrasi-gurcistandaki-guc-mucadelesi.html
14. Robert H. Donaldson ve Joseph L. Nogee, The Foreign Policy of Russia: Changing Systems, Enduring Interests, M.E. Sharpe, New York, 2009.
15. https://insamer.com/tr/guney-osetya-ve-abhazya-sorunu_1557.html
16. Kırdar, Seda (2008). Conflict Resolution in Georgia: An Analysis Applying the Intractable Conflict Theory and the Governmental Politics Model. Perceptions.
17. Jim Nichol. Russia-Georgia conflict in August 2008: Context and implications for U.S. interests (March 3, 2009).
18. Balcı A. Türkiye dış politikası: ilkeler, aktörler, uygulamalar. İstanbul: Çınar Matbaacılık və Yayıncılık, 2013, 344 s.
19. Hüseyn Hüseynli. NATO-nun Cənubi Qafqaza doğru genişlənmə siyasətində Türkiyənin rolu// “Tarix və onun problemləri”. Nəzəri, elmi, metodik jurnal. Bakı, 2017, №2, s.152-158.

Российский фактор в турецко-грузинских отношениях
(в контексте этнополитических процессов)
Начало 21 века привело к большим бедствиям для Грузии. Всесторонняя интеграция с Западом привела к нарушению территориальной целостности Грузии. Последующие годы заставили правительство пойти на более осторожные шаги и более мягко решать этнополитический проблемы. Конечно, учет интересов России и Турции в решении этих проблем также создаст условия для восстановления территориальной целостности страны.

Ключевые слова: Турция, Грузия, Россия, Саакашвили, Абхазия, Южная Осетия.

The Russian factor in
Turkish-Georgian relations
(in the context of ethnopolitical processes)
The beginning of the 21st century has led to great disasters for Georgia. Comprehensive integration into the West has resulted in the violation of Georgia’s territorial integrity. The following years forced the government to take more cautious steps and solve ethno-political problems in a more gentle way. Of course, taking into account the interests of Russia and Turkey in solving these problems will also create conditions for the restoration of the country’s territorial integrity.

Key words: Turkey, Georgia, Russia, Saakashvili, Abkhazia, South Ossetia.