RUSİYA İMPERATOR TEXNİKİ CƏMİYYƏTİNİN BAKI BÖLMƏSİNİN MƏKTƏBLƏRİ

Post image

MƏHBUBƏ HACIYEVA
Sumqayıt Dövlət Universitetinin Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının doktorantı, müəllim

E-mail: [email protected]

1884-cü ildə Bakıda təsis edilmiş Neft Sənayeçiləri Qurultayı Şurasının XIX əsrin sonlarından başlayaraq həyata keçirdiyi xeyriyyə tədbirlərinin bir istiqamətini də mədəni-maarif təşkilatlarının, ocümlədən bir sıra məktəblərin açılması təşkil edirdi. Qurultayın fəaliyyəti ilə bağlı müxtəlif hesabatlarda hətta bəzi tədqiqat əsərlərində bu haqda müəyyən məlumatlar əldə etmək olar [1,s.244].
Bakı Bölməsinin açdığı texniki fəhlə kurslarının yerlərdə çalışan müxtəlif yaş qruplarına mənsub işçi və fəhlələr arasında praktik biliklərin yayılması, onların işlə təmin edilməsi və ya əmək şəraitlərinin yaxşılaşdırılmasına yardımçı olmaq baxımından əhəmiyyətli dərəcədə xidmətləri olmasına rəğmən, bu sahə indiyədək elmi dövriyyədən kənarda qalaraq tədqiq olunmamışdır.
Bakıda sənaye və istehsalın müxtəlif sahələrində buxar maşınları, qazma qurğuları, nasoslar, tartan qazma barabanları və digər yeniliklərdən kütləvi istifadə edilməsi zamanı “bu mexanizm və alətlərin iş xüsusiyyətlərinə və vərdişlərinə bələd olan mühəndis, işçi və mütəxəssislərin çatışmazlığı özünü açıq göstərirdi”[2]. Bu problemlərin həlli üçün “digər şəhər və ölkələrdən “mütəxəssislərin dəvət edilməsi”[8,s.63] iş prosesində ortaya çıxan nasazlıq hallarının aradan qaldırılması çoxlu maliyə vəsaiti, ən əsası isə vaxt itkisi ilə müşahidə edildiyi üçün ən qısa vaxtda həllini tələb edirdi. İmperiyanın böyük sənaye şəhərlərində problemin həlli yollarından biri kimi ali və orta texniki ixtisas məktəblərinin geniş şəbəkəsinin yaranması bu problemin həllinə xeyli kömək etmişdi.
Beləliklə, Bakı şəhəri və onun ətarfında yerləşmiş mədən və zavodlarda müxtəlif peşələrdə çalışmaq üçün Bakı Bölməsinin təşkilatçılığı və xərcləri hesabına XX əsrin ilk illərindən başlayaraq texniki kurslar açılır və burada həm ixtisas, həm də müəyyən biliklər verən ümumi fənlər tədris edilirdi. Bu kurslar bölmənin məktəbləri adlansa da, onlar bizim görməyə adət etdiyimiz qəza, şəhər və digər tipli məktəblərdən tam fərqli idi. Beləki bu məktəblərdə tədris müddəti 1 ilə yaxın, çox vaxt isə 7-8 ay davam edirdi.
Kurslar əsasən Bakı neft sahibkarları və iş adamlarının bölməyə verdikləri könüllü maliyyə vəsaitləri hesabına təşkil edilirdi və dərslər yalnız işdən sonra başlayırdı. XX əsrin əvvəllərində dünya iqtisadi böhranının iqtisadiyyatımıza təsirinin, xüsusilə də neft sənayesinə təsiri azalana qədər istehsalın neft və digər əsas sahələrində zəruri işçi qüvvəsinə, ilk növbədə müəyyən nəzəri biliyi və təcrübəsi olan fəhlələrə ehtiyacın ilbəil artdığı şəraitdə burjuaziyanının ayrı-ayrı nümayəndələrinin bölmənin tərkibindəki kursların fəaliyyətinə könüllü maliyyə dəstəyi göstərmələri təbii olaraq zavod və mədənlərdəki işçi əllərə tələbatı təmin etməyə xidmət edirdi.
Bu cür kursların təşkili və fəaliyyətinə Qafqaz tədris dairəsi tərəfindən ciddi nəzarət olunur və bölmə rəhbərliyinin dairəyə rəsmi müraciətinə müsbət cavab alındıqdan sonra onların fəaliyyətinə icazə verilirdi.
Bölmə yanında ilk bu cür kursların fəaliyyətinin əvvəli 1903/1904-cü dərs ilinə təsadüf edirdi. Bölmənin 1903-cü il 12 iyun tarixli müraciətinə müsbət cavab alındıqdan sonra bölmədə“kursların fəaliyyətinə rəhbərlik və nəzarət məqsədi ilə 12 üzvdən ibarət xüsusi komissiya da yaradılmışdı” [7,s.3].
Göstərilən tədris ilinin ilk yarısında bu komissiyanın üç iclasının keçirildiyi məlum idi. Bu iclaslarda kursların fəaliyyətinin ilk addımlarının nəticələrinə qiymət verilmiş, yol verilmiş nöqsanların aradan qaldırılması, kursların işinin səmərəsinin artırılması üçün konkret qərarlar qəbul edilib, praktik yönümlü göstərişlər verilmişdi. Lakin bu o demək deyildir ki, komissiyanın qəbul etdiyi qərarların hamısı kurslarda tədrisin keyfiyyətinin artırılmasına yönəlmişdi. Bu mənada komissiyanın qəbul etdiyi bir qərar üzərində xüsusi dayanmaq istərdik. 1903/1904-cü tədris ilində kurslardakı dinləyicilərin dərslərə davam etməsində bəzən fasilələrə yol vermələrinə münasibət bildirən komissiyanın fikrincə bunun əsas səbəblərindən biri həm 2 həftəyə yaxın davam edən pasxa bayramı günlərinin kursların iş günləri hesab olunması idi. Komissiyanın qərarı ilə növbəti dərs illələrində kurslarda həmin günlər də qeyri iş günləri sayılmalı, bununla da bu sahədəki nöqsan aradan qaldırılmalı idi.
Bölmənin yaratdığı bu komissiyanın qəbul etdiyi qərarların hamısının səmərəli olması haqqında müxtəlif fikirlər ola bilər. Lakin hər bir halda bu qərarlar arasında elələri də olmuşdur ki, onlar həqiqətən kursların fəaliyyətinin sonrakı gedişinin təkmilləşdirilməsində müsbət rol oynamışdı. Komissiyanın qərarı ilə “hər bir tədris ilinin sonunda kursu başa vurmağa nail olan dinləyicilərə xüsusi anketlər paylanaraq” [7,s.39] onlardan cəmi 4 suala cavab vermələri tələb olunurdu:
1) Sizin fəhlələr üçün təşkil edilmiş bu kurslara qatılmağınızın səbəbi nədir?
2) Dərslərdən hansında siz vaxtlı - vaxtında iştirak etmisiniz, hansında etməmisiniz?
3) Hansı səbəblər sizin dərslərdə vaxtlı - vaxtında iştirak etməməyinizə, yaxud kursdan çıxıb getməyinizə gətirib çıxarmışdır?
4) Siz kurslarda oxumaqla öyrənmək istədiklərinizə nail ola bildinizmi? Əgər yoxsa, səbəbi nədir?
Anketlərdəki cavabların təhlili komissiya­ya növbəti illərdə kursların fəaliyyətinin təkmilləşdirilməsinə kömək edirdi.
Yaşadığımız günlərdə orta ixtisas və ali təhsil müəssisələrində mütəmadi deyil, bəzi vaxtlarda anket sorğuları keçirilir. Fikrimizcə, hələ bir əsrdən çox əvvəl istifadə olunmuş bu forma və ya iş üsulunun təbii ki, bir xeyli təkmilləşdirilmiş formada, xüsusi olaraq qoyulmuş sualların artırılması və onların həm müəllimlərin, həm də bütövlükdə tədris müəssisəsinin fəaliyyətinin obyektiv və tam şəkildə qiymətləndirilməsinə kömək edəcək dərəcədə səmərəli şəklə salınması tədris prosesi­nin yaxşılaşmasına və daha yüksək nəticələr əldə edilməsinə təsirli kömək etmiş olardı.
Bu istiqamətdə digər vacib və təsirli vasitə isə dinləyicilərin təhsili başa vurub getməsindən sonra onlara artıq iş yerlərində yazılı anket sorğularının paylanması idi. Bu sorğularda qoyulmuş suallara cavabların təhlili həm real, həm də prakrik baxımdan olduqca əhəmiyyətli olaraq kursların fəaliyyətində mövcud olan irili-xırdalı bütün problem və qüsurları asanlıqla müəyyən etməyə imkan verirdi.
Sorğu-anketlərdəki cavabların təhlili nəticəsində ilk olaraq müşahidə edilmiş nəticələri belə xarakterizə edə bilərik:
- kurslardakı ustaların və digər dinləyicilərin xüsusi həvəs göstərdiyi və öyrəndiyi fənlər ilk olaraq rəsmxət və sonra isə hesab olmuşdu;
- cavablarda bu, xüsusi olaraq vurğulanmışdı ki, onların hər biri çertyojları əvvəlcə oxumağa, sonra isə özləri tərtib etməyi bacarmaq üçün bu fənni öyrənməyə üstünlük vermişdilər;
- sorğu edilənlərin təxminən yarısı bildirmişdi ki, onlar bura gəlməklə məqsədlərinə nail ola bilməsələr belə, hər halda müəyyən nəzəri məsələləri və praktik vərdişləri mənimsəyə bilmişlər;
- dinləyicilərin bir qrupu bildirmişdi ki, onlar kursa gəlməklə məqsədlərinin hamısına nail ola bilməsələr belə, hər halda müəyyən nəzəri məsələləri və praktik vərdişləri mənimsəyə bilmişlər;
- dinləyicilərin özlərinin etiraf etmələrindən aydın olur ki, onların kursun gedişində öz məqsədlərinə tam nail ola bilməmələrinin əsas səbəbi dərslərə davamiyyətli qoşula bilməmələri olmuşdur. Belə ki, kursa qoşulan ustalar çox vaxt iş saatı bitdikdən sonra belə müdiriyyət tərəfindən iş yerlərində qeyri–qanuni şəkildə qalmağa məcbur edilirdi və onlar da dərslərə gəlib çata bilmirdilər.

Kursların fəaliyyətinin nəticələrinin bu formada birbaşa təhlili yol verilmiş nöqsanların səbəblərini müəyyən etməyə imkan verirdi. Doğrudur, bu cavablar içərisində başqa müxtəlif izahlar da var idi. Lakin onlar bir və ya iki, çox az halda üç olsa da tam təsadüfi, həm də inandırıcı deyildi.
Bütün bu deyilənlərdən belə nəticəyə gəlmək olar ki, növbəti dərs ilində rəsmxət fənninin öyrənilməsinə, bunun üçün də ilk olaraq bu fənnə ayrılan saatların miqdarının artırılması, dinləyici ustaların özlərində birbaşa naturadan çertyojların tərtib edilməsi bacarıqları formalaşdırılması daha üstün tədris vasitəsi sayılmalı idi.
Ümumiyyətlə, bölmədəki kursların fəaliyyəti ilə əlaqədar müəyyən məqamlar bu gün də diqqəti cəlb edir və deyərdik ki, bu günkü şəraitlə səsləşir. Bölmənin kursların fəaliyyətinin təbliğ etmək sahəsindəki fəaliyyəti belə vacib məqamlardan biri idi. Belə ki, hər il sentyabrın əvvəllərində Bakıda nəşr olunan yerli qəzetlərdə bölmənin kurslarında hansı peşələr üzrə və fənlər əsasında məşğələlərin keçiriləcəyi, onların məqsədləri haqqında bildirişlər dərc olunurdu. Bundan əlavə “Bakı və onun yaxınlığındakı bütün zavod və fabriklərə bölmənin kurslarında dərslərin sentyabrın 20-dən başlaması haqqında yazılı bildirişlər də göndərilirdi”[7,s.6].
Dinləyicilərin kurslara qəbulu qəzetlərdə əvvəlcədən elan vasitəsi ilə bildirilir və sonra sadələşdirilmiş qaydalar əsasında həyata keçirilirdi [5, s.4].
Dərslər həftənin ilk beş günündə, işdən sonra axşam saat 7.30 - 9.30 arasında keçirilirdi və dinləyicilər 15 yaşdan az olmayan, yazıb-oxumağı bacaran şəxslər sırasından seçilirdi.
Kurslar fəaliyyətə başladığı ilk tədris ilində cəmi 4 fənn - rəsmxət, riyaziyyat, buxarla işləyən qazanxanalara qulluq göstərilməsi, rəssamlıqdan dərslər keçilirdi. Lakin sonrakı illərdə kurslarda öyrədilən peşələrin sırası genişləndikcə, burada “ocaqçı”, “qaynaqçı”, “maşinist”, “tornaçı”, “çilingər” və digər peşələrin öyrənilməsinə kömək məqsədilə bəzi əlavə fənlərin tədrisinə başlanılmışdı.
Deməliyik ki, bölmə daxilindəki kursların fəaliyyəti ilə bağlı bütün məsələlər bölmədə xüsusi təşkil edilmiş komissiya və kursların administrasiyası tərəfindən tam incəliklərinə qədər nəzarətdə saxlanılırdı. Toplanılmış vəsait, onun xərclənməsi, kurslar üçün alınan dərs kitabları və digər tədris vasitələri, dərslərin keçirildiyi binaların saxlanması, müəllimlərin və texniki xidmət işçilərinin maaşları, bir sözlə, kursların fəaliyyəti ilə bağlı bəzən əhəmiyyətsiz sayılan bütün məsələlər daim diqqət mərkəzində idi. Bu məsələlər Bölmənin fəaliyyətinin bütün tərəflərini əhatə edən illik hesabatlarda da əks edilirdi. Yalnız iki dəfə - “1905-ci və 1912-ci illərdə bölmədəki bütün kursların fəaliyyəti ilə bağlı hesabatlar, komissiyaların iclaslarının protokolları və digər mühüm rəsmi sənədlər ayrıca kitabça formasında çap edilmiş”[7;183], qalan illərdə isə Bakı Bölməsinin illik hesabatlarında xüsusi cədvəllərdə verilmişdir. Bütövlükdə onların hər biri bölmə kurslarının fəaliyyətinin nəticələri ilə tanışlıq üçün imkanlar yaradır.
1904/1905-ci tədris ilində bölmənin kurslarına eyni vaxtda 2-3 və bəzən də 4 bölməyə yazılmaq imkanı verilməklə 129 dinləyici yazılmışdı. Apardığımız hesablamalardan aydın olur ki, “müraciət edənlərdən eyni vaxtda 4 fənn öyrənmək arzusunda olanlar 32, 3 fənn üzrə 44, 2 fənn üzrə 29 və bir fənn üzrə 24 dinləyici olmuşdu”[7,s.23].
Kurslarda təhsillə bağlı başqa bir maraqlı məsələ bura gələnlərin iş yerləri və ya hansı zavod, fabrik və emalatxanalardan gəlmələri idi. Dinləyicilərin bəhs edilən tədris ilində təmsil etdiyi 44 müəssisə idi və hər müəssisəyə orta hesabla 29 dinləyici düşürdü. Ancaq bu müəssisələrdən gələnlərin sayında iş yerlərini təmsil etmə baxımından böyük fərqlər var idi. “Cənubi Qafqaz dəmir yolu deposundan kurslara 18, Nobel qardaşları və Bakı maşınqayırma zavodlarının hər birindən 6, Vulkan cəmiyyəti zavodundan 4, Bibiheybətdəki Oleum və Zubalov mədənlərindən 3, 6 fabrik və zavoddan hər birindən 2, qalanlardan isə cəmi 1 nəfərkursların dinləyicisi olmuşdur”[7,s.26-27].
Kursların fəaliyyət göstərdiyi ilk iki ildə buradakı dinləyicilərin sayi 100-128 arasında dəyişərək o qədər də çox olmasa da, lakin sonrakı tədris illərində bu rəqəmlər get-gedə çoxalmışdı və biz tədqiqatımızın bu yarımfəslində bu haqda daha ətraflı bəhs edəcəyik.
Kurslarda onların normal fəaliyyəti üçün ilboyu bina və otaqlar, siniflərdə dinləyicilərin istifadə etdikləri əyani vəsaitlər, dərslik, fənn kitabları və digər məqsədlər üçün xərclənmiş pulların dəqiq uçotu aparılırdı. “1903/1904 tədris ilində fəhlə kursları tərəfindən 272 rublluq inventar və ya əşyalar, 115 rublluq tədris vəsaitləri, dərslik, kitablar alınmışdı” [7,s.30-34].
1904/1905-ci tədris ilində 4 bölmə üzrə dinləyici fəhlələrin istifadəsinə verilməsi üçün “25 adda 46 rublluq kitab və dərs vəsaitləri alınmışdır” [7,s.16].
Tədqiqatımızın gedişində kurslarda təhsil alan fəhlələrin hazırladıqları işlərdən ibarət xüsusi sərgilərin keçirilməsindən bəhs etmişdik. Bu tədbirə bölmə rəhbərliyi və kursun əməkdaşlarının diqqətlə yanaşması bu prosesin nəticələrinin kursların növbəti illərdəki fəaliyyətinin gedişinə əhəmiyyətli dərəcədə təsir göstərəcəyi ilə əlaqədar idi.
Sərginin təşkilinə məsuliyyət daşıyan komissiya və kursların rəhbərliyi bu sərgiləri hər tədris ilinin iyun ayında 2 həftə müddətində keçirir, bu haqda əvvəlcədən yerli qəzetlərdə çap edilən elanlarda və fabriklərə, zavodlara göndərilmiş yazılı bildirişlərdə məlumat verilirdi. Sərgilərin keçirilməsində ən maraqlı tərəf, sözsüz ki, hazırladıqları işlərin nümayiş etdirilməsinə ciddi cəhdlə çalışan dinləyicilər idi. Bölmə rəhbərliyi bu məqsədlə yerləşdiyi binanın ümumi zalında 3 yerdə, 3 bölmə üzrə təqdim olunan əl işlərinin nümayiş etdirilməsi üçün zəruri avadanlıqlar təqdim edirdi. 1904-cü ilin 6-20 iyununda keçirilən ilk belə sərgidə əsasən fəhlələrin hazırladıqları dəzgah, avadanlıq, texniki qurğu, mühərriklərin çertyoj işlərinin və təcvirlərin ümumi çəkisi bəhs edilən tədris ilində 2 tona yaxın olmuşdu.
Sərgidə Bakı Bölməsinin rəhbərliyi, bölmənin kursların fəaliyyətinə nəzarət üçün yaradılan komissiya üzvləri, habelə fəhlələrin təmsil etdikləri müəssisələrin nümayəndələri, bəzi günlərdə isə şəhər və digər yerli əhəmiyyətli idarəçilik orqanlarının rəhbərləri də iştirak etmişdilər. Sərginin ilk açılış günündə 300-dən çox şəxsin iştirak etməsi sərginin fəaliyyətinə və onun nəticələrinə xüsusi diqqət verilməsini göstərirdi. “Sərginin ilk iş günündən fərqli olaraq sonuncu iş günündə 42, cəmi 2 həftə ərzində isə 529 nəfər sərgiyə baxışda iştirak etmişdi”[7,s.38-39].
Qeyd edək ki, sərginin təşkili və fəaliyyətinin əhəmiyyəti barədə Bakı və Cənubi Qafqazın digər şəhərlərindəki mətbuat orqanlarında müxtəlif yazılar dərc olunmuşdu.
Bakı Neft Sənayeçiləri Qurultay Şurasının təsis etdiyi “Neftyanoe delo” nəşrində gedən yazıda bildirilirdi ki, kursların dinləyiciləri tərəfindən hazırlanmış bu cür işlərin əyani nümayişi mühüm praktik əhəmiyyət daşıyır. Ancaq çox təəssüf ki, bizim zavodçular bu vacib tədbirə o qədər də ciddi əhəmiyyət verməmişlər. Bu baxımdan sahibkarlar bilməlidirlər ki, “belə kursların təşkili və onların fəaliyyətinin nəticələri elə ilk növbədə onların özlərinə daha çox gərəkdir”[6, s.934].
Bu fikir yerində və vaxtında söylənilmiş irad idi. Çünki sonrakı illərdə kurslarda təhsil almış fəhlələrin içərisindən yerlərdə, fabrik-zavodlarda öz işinin əsl ustası olan, istehsal prosesinin təkmilləşdirilməsinə, min rubllarla vəsaitə qənaət etməyə və əlavə gəlir əldə etməyə imkan yaratmış səmərələşdirici təkliflər verən və onları işdə həyata keçirən istedadlı şəxslər çıxmışdı.
Lakin çox təəssüflə qeyd etməliyik ki, bu cür yenilik və səmərələşdirici təkliflər o vaxtlar müəlliflik və ya patent almaq hüquqları, qaydaları formalaşmadığı, həmin şəxslərin bu yenilikləri öz adlarına rəsmiləşdirməyin praktik olaraq mümkün olmadığı bir şəraitdə fabrik, zavod və müəssisə sahiblərinin adı ilə bağlanırdı. Lakin hər bir halda bölmənin təşkil etdiyi kursların fəaliyyətinin praktik nəticələri sahibkarların özləri tərəfindən də etiraf olunurdu. Əgər belə olmasaydı, milliyətindən asılı olmayaraq iş adamları və sahibkarlar bölmənin kurslarının fəaliyyəti üçün müxtəlif vaxtlarda kifayət qədər böyük miqdarda könüllü pul vəsaitləri verməzdilər.
1904/1905 tədris ilində Bakıda və onun ətrafında fəaliyyət göstərən fabrik-zavodlar, şirkətlər, cəmiyyətlər, ayrı-ayrı iş adamları tərəfindən kursların fəaliyyətinə yardım üçün könüllü bağışlamalar kifayət qədər çox - 3095 rubl məbləğində idi. Nəzərə alsaq ki, “bu bağışlamalar 39 şirkət və şəxs tərəfindən ödənilmişdi, bu hər bir paycıya təqribən orta hesabda 80 rubl düşməsi demək idi”[7,s.48-49].
Bu bağışlamaların ünvanları siyahısında ilk yerlərdə hər biri 150 rubl vermiş Şibayev, Nobel qardaşları, Xəzər-Qara dəniz cəmiyyətləri, hər biri 100 rubl ödəmiş Eyzenşimdt zavodu, Rus neft və duru yanacaq, Mirzəyev qardaşalrı, Şərq gəmiçilik cəmiyyətləri dayanırdı. “Qalan bağışlamalar 10-60 rubl arasında dəyişirdi”[7,s.49].
Belə bir cəhəti xüsusi olaraq qeyd etməliyik ki, bağışlamalar siyahısında göstərilmiş 39 şirkət və cəmiyyətin təxminən yarısının adlarına indiyədək heç bir tarixi tədqiqat və ədəbiyyatlarda rast gəlinməmişdir. Fikrimizcə, Bakı Bölməsinin fəaliyyətindəki bir çox məqamlarla yanaşı bu fakt və rəqəmlərin elmi dövriyəyə ilk dəfə daxil edilməsi müsbət haldır və bir çox məsələlərə tam aydınlıq gətirməyə kömək edir.
Siyahıdakı 39 ünvanın arasında milli burjuaziyamızın 8 nümayəndəsının, yəni adı verilənlərn beşdə birinin olması da fərəhləndirici haldır. Əgər nəzərə alsaq ki, milli burjuaziya nümayəndələrinin sayı və malik olduqları kapital bu təbəqənin ümumi kütləsində o qədər də çox xüsusi çəkiyə malik olmamışdır. Bundan məlum olar ki, 5 şəxsdən biri elə də kiçik rəqəm deyil.
Siyahıda göstərilən ad və ünvanların əksəriyyəti tariximizlə bağlı bir çox məsələlər baxımından əhəmiyyətlidir. Lakin bunların biri üzərində qısaca dayanmaq istərdik. Siyahının sonunda tarixi memarlıq abidəsi kimi tanınan, fəaliyyəti yaşadığımız indiki günlərə qədər davam etmiş, bakılıların və şəhərimizin qonaqlarının “Fantaziya hamamı” kimi tanıdıqları məişət obyekti də var və kurslarda hamamın ocaqçıları üçün təhsil haqqından əlavə könüllü bağışlanmış məbləğ haqqında məlumata da rast gəlirik. Lakin çox təəssüf ki, Bakı şəhər meriyasının əvvəlki rəhbərliyinin səhlənkarlığı və tariximizə biganəliyinin nəticəsində bu tarixi bina sökülərək yerində yeni hündür yaşayış binası tikilmişdir. Tarixi-memarlıq abidəsinə o vaxtkı və indiki sahibkarların münasibəti və diqqətinə nəzər saldıqda ilk olaraq sonuncuların ən azı diqqətsizliyi, qayğısızlığı və ümumiyyətlə isə təzadlı yanaşma tərzi diqqəti cəlb edir.
Bir cəhəti də qeyd etmək yerinə düşər ki, kurslarda yerli usta, mühəndis, texniki işçilər və hətta alimlərlə yanaşı, imperiyanının digər şəhərlərindən dəvət edilmiş və öz sahəsində kifayət qədər tanınmış təcrübəli alimlər də dərs deyirdilər. Digər tərəfdən kurslardakı dərslərin və dinləmələrin normal keçməsi üçün zəruri olan bütün proqram və dərsliklər hətta Avropa ölkələrindən sifariş edilib gətirilirdi. Bu barədə mənbələrdə yazılar və qeydlər olduqca çoxdur.
Artıq söyləmişdik ki, bölmənin kurslarının fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində müxtəlif xarakterli işlər görülürdü. Bunların böyük bir hissəsi sonralar bölmənin texniki təhsil üzrə komissiya adlandırılan xüsusi qurumun öhdəsinə düşürdü. Kursların fəaliyyətinə fasiləsiz nəzarət edən komissiyanın iclas protokolları, hesabatları, bölmə rəhbərliyinə ünvanlanmış məktubları, fabrik, zavod və müəssisələrə göndərilən yazılı bildirişlər, qismən də mətbuatda kursların fəaliyyəti haqqında gedən yazılarda bir çox məqamları müşahidə etmək və müəyyən nəticələrə gəlmək də mümkündür.
Bu materiallardan aydın olur ki;
- kursların dərslərində iştirak etmək arzusunda olan usta və fəhlələrin sayı kifayət qədər çox idi və bəzi illərdə bu rəqəm vakansiyanı 2 dəfəyə yaxın üstələyirdi;
- kurslara qəbul olunanların heç də hamısı sonadək təhsilini davam etdirə bilməyərək, təhsillərini müxtəlif səbəblərdən yarımçıq qoyub getmişdilər;
- dinləyicilərin bir hissəsinin, ayrı-ayrı illərdə bu rəqəmlərdə həm azalma, həm də artma halları müşahidə olunmuşdu, kurslardan gedənlərin əvəzinə dərs ilinin gedişində kurslara daxil olmaq arzusunda olan və yerlərdən göndərilənlər hesabına dinləyicilərin sayında elə bir ciddi azalma müşayət edilməmişdi. Lakin hər bir halda belə hallar dinləyicilərin bilik və bacarıq səviyyələrində, nəhayət bütövlükdə kursların fəaliyyətinin nəticələrinin qiymətləndirilməsində müəyyən çətinliklər yaratmaya bilməzdi;
- dinləyicilərin bir qrupu arasında dərslərə davamiyyətin normal ahəngdə davam etməsi, ən müxtəlif səbəblərdən dərs buraxma hallarının azalması da texniki kursların fəaliyyət göstəricilərinin tam arzuedilən səviyəyə yaxınlaşması səbəblərinə daxil idi.
Özlüyündə bölmə kurslarının rəhbərliyi tərəfindən bu istiqamətdəki fəaliyyətin təkmilləşdirilməsi yollarının axtarılıb tapılması, aşkar olunmuş qüsurların və çatışmazlıqların aradan qaldırılması üçün zəruri işlərin görülməsi bu məsələyə nə qədər ciddi və operativ yanaşılmasından xəbər verirdi. Bu məqsədlə görülmüş işlər, həyata keçirilmiş tədbirlər çox idi. Lakin bu heç də o demək deyildi ki, onların hamısı gözlənilən nəticələri əldə etməyə, vəziyyəti yaxşılaşdırmağa kömək etmişdir.

Açar sözlər: Texniki təhsil, peşə kursları, iş adamlarının ianələri, təhsilin monitorinqi, anket sorğuları.

ƏDƏBİYYAT SİYAHISI:
1. Xəlilov, P.R. Bakı Neft Sənayeçiləri Qurultayının Səhiyyə və mədəni- maarif sahələrində fəaliyyəti: / tarix üzrə fəlsəfə doktoru dis. avtoreferatı. / - Bakı, 2015. - 32 s
2. İbrahimov, N.A. XIX əsrin sonu - XX əsrin əvvəllərində Bakı şəhərinin mədəni və siyasi həyatı / N. İbrahimov. - Bakı: Ozan, - 1997. - 132 s.
3. Бакинское отделение Императорского Русского технического общества (БОИРТО): [Elektronresurs] / - URL: https://www.baku.ru/enc-show.php?id=153918&cmm_id=276.
4. Бакинское отделение Императорского Русского технического общества (БОИРТО): [Elektronresurs] / - URL: https://www.baku.ru/enc-show.php?id=153918&cmm_id=276.
5. К городским новостям // Каспий. 1904, 6 января. - c. 4.
6. Общественные известия // - Баку: Нефтяное дело. - 1904. №11, - с. 934-937.
7. Отчет о деятельности технических курсов при Бакинского отделения Императорсого Русского Технического О-ва за 1904/1905 учебный год. Издание БО ИРТО / Сост. К.Ярченко. - Баку: Тип. Труд С.Г.Берладира, - 1905. - 75 с.
8. Таирзаде, Н.К. К истории народного образования в промыслово-заводском районе Баку в конце XIX - начале XX века // - Баку: АН Азербайджанской ССР. Серия история, философия и право, - 1988. №1, - с.63-70.

ШКОЛЫ БАКИНСКОГО ОТДЕЛЕНИЯ ИМПЕРАТОРСКОГО РУССКОГО ТЕХНИЧЕСКОГО ОБЩЕСТВА
РЕЗЮМЕ
В конце ХIX века в Баку при организации Совета съезда нефтепромышленниковбыли открыты несколько культурно-просветительских учрежденийи школ. Это было продиктовано необходимостью обеспечить развивающуюся промышленность Азербайджанаграмотными кадрами. Представители национальной буржуазии Азербайджана финансировали открытие и деятельность школ, дающих техническое образование, с целью повышения практических знаний и навыков рабочих, обеспечения стабильной работой и улучшения условий труда. Курсы организовывались в основном за счет финансовых средств, добровольно пожертвованных отделению бакинскими нефтепромышленниками и предпринимателями. На эти курсыпривлекались рабочие и специалисты, работающие на их предприятиях. В связи с этим занятия на курсах начинались после окончания рабочего дня. Однакоиз-за того, что предприниматели заставляли рабочих дополнительно работать и после окончания рабочего дня, это отрицательно сказывалось на посещаемости и часто не давало ожидаемого результата. Положительным моментом было то, что в открывающихся школахпериодически проводились мониторинги качества образования иоценивания, и этим стремились решить существующие проблемы.

Ключевые слова: техническое образование, профессиональные курсы, пожертвования предпринимателей, мониторинг образования, анкетный опрос

THE SCHOOLS OF BAKU BRANCH OF
THE RUSSIAN IMPERATOR
TECHNICAL SOCIETY
SUMMARY
A number of cultural and educational institutions, including schools, were opened in Baku under the auspices of the Council of the Congress of Oil Industry from the end of the 19th century. This was due to the necessity to provide qualified personnel of the developing Azerbaijani industry.
In order to increase the practical knowledge and skills of workers, to provide them with sustainable employment or to improve theirs working conditions representatives of the Azerbaijani national bourgeoisie financed the opening and activities of these technical schools. In this regard, classes started after work day.
However, employers’ forced employees to work overtime, and this prevented them attending classes regularly, and sometimes the expected results are not achieved.
It is noteworthy that the quality of education in these schools is periodically monitored, evaluated and efforts are made to eliminate existing problems.

Keywords: Technical education, vocational courses, business donations, education monitoring, questionnaires.