Xocalı soyqırımı ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi ən ağır cinayətdir

Post image

Əli Həsənov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının müdiri, tarix elmləri doktoru, professor

E-mail: [email protected]

Azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş
bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda
öz hüquqi-siyasi qiymətini almalıdır.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

 

Xocalı – Azərbaycan xalqının sinəsinə çəkilmiş çalın-çarpaz dağdır və bu yaranın yeri bizi qiyamətəcən incidəcək. Vaxt gələcək torpaqlarımızı işğaldan azad edəcək, qəddar düşməndən qisasımızı alacağıq, ancaq məsum körpələrin fəryadı, günahsız anaların, bacıların, gəlinlərin naləsi, çarəsiz ataların, ərlərin, qardaşların qəzəbli nərələri, tükürpədən hayqırtıları qulaqlarımızdan getməyəcək, boğazımızda düyün düşən əbədi qəhər, ürəyimizdə kəsmək bilməyən göynərti kimi qalacaq. Xocalı həm də insanlıq ayıbı, bəşər övladının xəcalət yerlərindən biridir, namərd qonşu xəyanətidir, kürəyə saplanan zəhərli xəncər, ən alçaq və namussuz təcavüz olayıdır. Bu ləkəni ermənilər heç vaxt əllərindən, üzlərindən, vicdanlarından yuya bilməyəcəklər...
Çünki məhz onların millətindən olan qaniçən cəlladların XX yüz ilin sonunda Xocalıda törətdikləri soyqırımı və vandalizm aktı indiyədək bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biridir. Xocalı faciəsi tarixi yaddaşlardan heç vaxt silinməyən Xatın, Liditsa, Oradur, Holokost, Sonqmi, Ruanda və Srebrenitsa kimi dəhşətli faciələrdən heç də fərqlənmir. Adı çəkilən hadisələr müharibələr tarixinə dinc əhalinin soyqırımı olaraq daxil olmuş və bütün dünyada geniş əks-səda doğurmuşdur.
Xocalı şəhəri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində strateji əhəmiyyətli ərazi kimi ermənilərin işğalçılıq planlarına mane olurdu. Ermənistan silahlı qüvvələrinin əsas məqsədi Xocalıdan keçən Əsgəran-Xankəndi yoluna nəzarət etmək və Xocalıda yerləşən aeroportu ələ keçirmək idi.
Xüsusi qəddarlıqla həyata keçirilən Xocalı soyqırımının törədilməsi zamanı ermənilər Azərbaycanın bu qədim yaşayış məskəninin yer üzündən silinməsini də qarşıya məqsəd kimi qoymuşdular. Çünki Xocalı Azərbaycanın qədim dövrlərinə aid ərazilərdən biri kimi tarix və mədəniyyət abidələri ilə seçilirdi. Azərbaycanlılardan ibarət 7 min nəfərdən çox əhalisi olan Xocalı ermənilər yaşayan kəndlərin əhatəsində ən böyük və qədim yaşayış məskəni olmuşdur. Burada qədim tarixi abidələr müasir dövrə qədər qalmaqda idi. Xocalı yaxınlığında bizim eradan əvvəl XIV-VII əsrə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin nümunələri mövcud idi. Erməni faşistləri soyqırımın izini itirmək üçün Azərbaycan xalqı, eləcə də bəşəriyyət üçün nadir nümunələr olan Xocalı abidələrini də dağıtmışlar.
Hələ faciədən əvvəl, yəni 1991-ci il oktyabrın sonundan şəhərə gedən bütün avtomobil yolları bağlanmış, Xocalı faktiki olaraq mühasirəyə alınmışdı. Bununla yanaşı, yanvarın 2-dən Xocalıya verilən elektrik enerjisi də kəsilmişdi. Beləliklə, artıq Xocalının Azərbaycanın digər bölgələri ilə bütün əlaqələri kəsilmişdi və yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Ancaq bir neçə ay sonra Xocalı ilə vertolyot əlaqəsi də kəsildi. Bundan sonra isə Ermənistan ordusu bir-birinin ardınca yuxarı Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etdi. 1991-ci ilin sonunda Qarabağın dağlıq hissəsindəki 30-dan çox yaşayış məntəqəsi, o cümlədən Tuğ, İmarət-Qərvənd, Sırxavənd, Meşəli, Cəmilli, Umudlu, Kərkicahan və digər strateji əhəmiyyətə malik azərbaycanlılar yaşayan kəndləri ermənilər yandırdı, dağıtdı və talan etdi.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndində yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı motoatıcı alayın 10 tankı, 16 zi­­­­­­reh­­li transpartyoru, 9 piyadaların döyüş maşını, 180 nəfər hərbi mütəxəssisi və xeyli canlı qüv­vəsi ilə Xocalını mühasirəyə aldı. Ermənilər ən müasir silahlarla şəhərə hücum edərək Xocalı şəhərini yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdıldı, yandırıldı və insanlar xüsusi qəddarlıqla qətlə yetirildi. Onların içərisində başları kəsilən, gözləri çıxarılan, dərisi soyulan, diri-diri yandırılan və digər ağır işgəncələrə məruz qalanlar çoxluq təşkil edirdi.
Bu soyqırımı nəticəsində rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülmüşdür ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi. Bunların içərisində:
- 8 ailə tamamilə məhv edilmişdir;
- 56 insan işgəncə ilə öldürülmüşdür;
- 27 ailənin yalnız 1 üzvü sağ qalmışdır;
- 25 uşaq hər iki valideynini itirmişdir;
- 130 uşaq valideynlərindən birini itirmişdir;
- 230 ailə öz başçısını itirmişdir;
- 487 insan şikəst olmuşdur (onlardan 76 nəfər həddi-buluğa çatmayanlar idi);
- 1275 insan əsir götürülmüşdür;
- 1165 insan girovluqdan azad edilmişdir;
- 150 nəfərin taleyindən indiyə kimi heç bir xəbər yoxdur.
İstintaq materiallarından məlum olur ki, hücuma rəhbərlik edən və Ermənistanın müdafiə naziri olmuş Seyran Ohanyanın, eləcə də 366-cı alayın 3-cü batalyonunun komandiri Yevqeni Nabokixinin birgə rəhbərlik etdikləri əməliyyatda 50-dən çox erməni zabiti və gizirləri iştirak etmişlər.
Xocalı soyqırımının törədilməsində iştirak etmiş 366-cı alayın 2-ci batalyonunun komandiri mayor Seyran Ohanyanın (2016-cı ilin oktyabrına qədər Ermənistan Respublikasının müdafiə naziri vəzifəsini tutmuşdur), 366-cı alayın 3-cü batalyonunun komandiri Yevgeni Nabokixinin və qeyrilərinin cinayət əməllərini sübuta yetirən materialların toplanması və Azərbaycan Respublikası CM-nin müvafiq maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirləndirilən şəxslər kimi məsuliyyətə cəlb olunmaları istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımın əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanmış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir. 1994-cü ilin fevralında Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi Xocalıda baş vermiş hadisələri təhlil edərək, ermənilərin törətdikləri cinayət əməllərinin azərbaycanlılara qarşı soyqırımı olduğunu beynəlxalq hüquq məsuliyyəti baxımından təsbit etmiş və 26 fevral tarixinin “Xocalı soyqırımı günü” kimi qeyd olunması haqqında qərar vermişdir. Məhz 1993-2003-cü illərdə Heydər Əliyevin rəhbərliyi altında Xocalı soyqırımının dünyaya çatdırılması istiqamətində olduqca əhəmiyyətli işlərin görülməsinə başlanılmışdır. Bundan əlavə, azərbaycanlılara qarşı zaman-zaman törədilmiş soyqırımı ilə əlaqədar ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.
Bununla yanaşı, 2002-ci il fevralın 25-də ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində bu amansız kütləvi qırğının tarixi-siyasi mahiyyətini göstərmişdir: “Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması istiqamətində ardıcıl fəaliyyətini davam etdirir. 2012-ci il yanvarın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin “Xocalı soyqırımının iyirminci ildönümü haqqında” Sərəncamında Azərbaycan dövlətinin Xocalı soyqırımının beynəlxalq icti­ma­iyyət tərəfindən tanınması istiqamətində fəaliyyətini davam etdirməsinin əhəmiyyəti bir daha vurğulanır.
Bu baxımdan Heydər Əliyev Fondu, onun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gördüyü işlər xüsusilə təqdirəlayiqdir. Fond bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çat­dırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı faciəsinin 20-ci ildönümü 2012-ci ildə dünyanın 100-dən artıq nöqtəsində qeyd olunmuşdur. Xocalı soyqırımına həsr olunmuş silsilə tədbirlər Fondun hazırladığı təbliğat materialları əsasında həyata keçirilir. Heydər Əliyev Fondunun ayrı-ayrı ölkələrdə geniş miqyasda təşkil etdiyi və faciə haqqında həqiqətlərin yayılmasına yönəlik anım tədbirlərini Leyla xanım Əliyevanın rəhbərlik etdiyi Rusiya Federasiyasındakı nümayəndəlik İslam Əməkdaşlıq Təşkilatının Əməkdaşlıq və Dialoq Uğrunda Gənclər Forumu (İƏT GF) çərçivəsində uğurla həyata keçirir.
2008-ci il mayın 8-də Ermənistan silahlı qüvvələrinin Şuşa şəhərini işğal etməsinin 16-cı ildönümündə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası təsis edildi və 2009-cu ilin fevralından bu kampaniyaya start verildi.
“Xocalıya ədalət!” beynəlxalq informasiya və təşviqat kampaniyasının əsas məqsədi dünya ictimaiyyətini Xocalı soyqırımı ilə əlaqədar məlumatlandırmaq, qətliama beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsinə və bu qanlı qırğının qurbanlarının xatirəsinin anılmasına nail olmaqdır.
İslam Əməkdaşlıq Təşkilatının 2010-cu ildə Uqandanın paytaxtı Kampalada, 2011-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə, 2012-ci ildə Cibutidə, 2013-cü ildə Misirin paytaxtı Qahirədə, 2014-cü ildə İranın paytaxtı Tehranda, 2015-ci ildə Küveytdə keçirilən sessiyalarında Xocalı faciəsi soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanınmışdır.
Xocalı soyqırımının tanıdılması və qətliama siyasi qiymət verilməsi istiqamətində görülən işlər ciddi nəticələr verməkdədir. Soyqırımın ildönümləri dəfələrlə Türkiyədə, Rusiyada, Almaniyada, ABŞ-da, Ukraynada, Qazaxıstanda, Gürcüstanda, Küveytdə və dünyanın bir çox ölkələrində qeyd olunmuş, dünyanın ayrı-ayrı şəhərlərində “Xocalı həftəsi” adlı tədbirlər proqramı çərçivəsində müxtəlif anım mərasimləri, aksiyalar keçirilmiş və bu tədbirlər hər il davam etdirilir.
Azərbaycan dövləti başda ümummilli lider Heydər Əliyev olmaqla, son 16 ildə isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı soyqırımının dünyada tanıdılması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, təcavüzkarın ifşası və işğal edilmiş torpaqlarımızın azad olunması üçün bütün zəruri addımları atıb və atmaqdadır. Azərbaycan dövləti belə taleyüklü məsələnin həlli ilə bağlı bütün milli resursların, o cümlədən diaspor qurumlarının imkanlarından həmişə istifadə etmiş, bu istiqamətdə irəli sürülən əksər ictimai təşəbbüsləri dəstəkləmişdir. Son illərdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə dünyada geniş vüsət almış “Xocalıya ədalət!” (Justice for Khojaly) beynəlxalq kampaniyasına Azərbaycanda və xaricdə fəaliyyət göstərən çoxsaylı vətəndaş cəmiyyəti institutları da qoşularaq, ayrı-ayrı ölkələrin dövlət qurumlarını və ictimaiyyətini, beynəlxalq təşkilatları bu faciəyə adekvat qiymət verməyə çağırırlar.
Hazırda:
• dünyanın 13 ölkəsi parlament səviyyəsində,
• ABŞ-ın 22 ştatı parlament səviyyəsində,
• İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını rəsmən tanımışdır.
• Avropa İnsan Haqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən etmişdir.
Bundan başqa, Azərbaycanın ərazi bütövlüyü məsələsi və Ermənistanın işğalçı dövlət olması faktı:
• BMT Təhlükəsizik Şurasının 1993-cü il aprel-noyabr aylarında qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrində,
• ATƏT-in 1996-cı il Lissabon Sammitinin qərarında,
• BMT Baş Assambleyasının 60-cı (2006) və 62-ci (2008) sessiyalarının çıxardığı “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qətnamə­lərində,
• AŞPA-nın (2005) qərarında,
• Avropa Parlamentinin (2010) qətnaməsində,
• Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Sammitinin Bəyannaməsində (2017),
• Avropa İttifaqı-Azərbaycan “Tərəfdaşlıq Prioritetləri” razılaşmasında (2018),
• Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının XVI (Tehran, 2012) və XVII (Marqarita, 2016) sammitlərinin qərarlarında,
• İslam Əməkdaşlıq Təşkilatının (İƏT) dövlət və hökumət başçılarının VII (Mərakeş, 1994), VIII (İran, 1997) və IX konfranslarında (Qətər, 2000) qəbul edilmiş qətnamələrdə, XI (Seneqal, 2008) və XII (Misir, 2013) zirvə toplantılarının yekun sənədlərində, eləcə də İƏT Xarici İşlər Nazirləri Şurasının müxtəlif konfranslarında qəbul edilmiş çoxsaylı qətnamə və yekun sənədlərində,
• ECO-nun 13-cü Sammitinin (İslamabad, 2017) yekun bəyanatında və s. beynəlxalq qurumların qərarlarında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət ifadə edilmiş, münaqişənin məhz bu prinsiplər əsasında həllinin vacibliyi qeyd olunmuşdur.
• Eyni zamanda, NATO-nun 2006-cı ildən bəri keçirilən əksər zirvə toplantılarının, o cümlədən Nyuport (2014), Varşava (2016) və Brüssel (2018) sammitlərinin yekun kommünikelərində Cənubi Qafqazdakı münaqişələrin ölkələrin ərazi bütövlüyü, suverenliyi və Helsinki Yekun Aktına əsaslanaraq həlli prinsipinin öz əksini tapması Azərbaycanın mənafeyinə cavab verir.
Bütün bunlara baxmayaraq, hazırda Ermənistan beynəlxalq hüquq normalarını pozaraq öz işğalçılıq siyasətini davam etdirir və Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olmasına ciddi maneçilik törədir. Həmçinin dünyadakı erməni diasporu və lobbisi Dağlıq Qarabağ problemini, Ermənistan dövlətinin işğalçılıq siyasətini, evindən qovulmuş bir milyona yaxın azərbaycanlının böyük faciəsini, Azərbaycan torpaqlarının işğal altında saxlanması faktını, Xocalı qətliamını və bu qəbildən olan digər qanlı cinayətləri unutdurmaq, diqqətdən kənarda saxlamaq məqsədilə xüsusən də bizim fəallaşdığımız ildönümü tədbirləri zamanı, davamlı olaraq, 1915-ci il hadisələrini gündəmə gətirib qardaş Türkiyəyə qarşı qondarma “erməni soyqırımı” iddiası qaldırırlar.
Bu məqsədlə Azərbaycan və türk diaspor təşkilatları da öz çevikliyini və mütəşəkkilliyini artırmalı, əlaqələndirilmiş şəkildə fəaliyyət göstərməlidir. 2007-ci ilin noyabrında Türkiyə və Azərbaycan prezidentlərinin birgə təşəbbüsü ilə Bakıda keçirilmiş Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, azərbaycanlılara qarşı erməni işğalçıları tərəfindən törədilmiş soyqırımı, terror aktları və digər cinayətlərin beynəlxalq miqyasda ifşası istiqamətində türkdilli ölkələr və icmalar tərəfindən birgə tədbirlərin görülməsi haqqında tövsiyələrin həyata keçirilməsi ilə bağlı fəaliyyətlərini genişləndirməlidirlər.
Təəssüf ki, bəzi dövlətlər qondarma “erməni soyqırımı” haqqında əsassız qərarlar qəbul ediblər. Biz həmin ölkələrdə də ardıcıl iş aparmalı, onların vətəndaş cəmiyyətləri ilə işləməyin məqbul səmərəli üsullarını tapmalıyıq. Soydaşlarımız yerli və beynəlxalq ənənəvi media, eləcə də sosial şəbəkələr vasitəsilə geniş kampaniyalar təşkil etməli, soyqırımı problemlərini, o cümlədən Xocalı faciəsinə dair real faktları elmi konfranslarda, simpoziumlarda və digər toplantılarda təqdim etməlidirlər.
Azərbaycan Prezidenti İlham Əliyevin Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında imzaladığı Sərəncamda deyilir ki, “Xocalı soyqırımını törətməklə Ermənistan Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirmiş, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hüdudlarından kənara çıxaraq Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını işğal etmişdir. Bunun nəticəsində 20 min soydaşımızın həyatına son qoyulmuş, 50 mindən çox insan yaralanmış və əlil olmuş, torpaqlarımızın 20 faizi işğala məruz qalmışdır. Dünya tarixinin ən qanlı faciələrindən biri sayılan Xocalı soyqırımı XX əsrdə erməni şovinizminin mahiyyətini aşkara çıxaran təkzibolunmaz tarixi gerçəklikdir”.
Azərbaycan xalqı bu amansız və qəddar, xain təcavüzü heç vaxt unutmayacaq. Xocalı soyqırımını planlaşdıran və həyata keçirən azğın cəlladlar hökmən öz layiqli cəzalarını alacaq, bütün insanlıq, cəmi bəşər övladı tərəfindən əbədi lənətlənəcəklər. Bu faciəni törədənlərə öz varisləri, onların qanlarını, genlərini daşıyan övladları, nəvə-nəticələri də lənət oxuyacaq. Biz buna Tanrının köməkliyi, millətimizin qeyrəti, əzmi və iradəsi sayəsində nail olacağıq!

Açar sözlər: Ermənistanın Azərbaycana təcavüzü, etnik təmizləmə, terrror, soyqırımı, işğal

MƏNBƏƏLƏR
1. Azərbaycanlıların soyqırımı haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 26 mart 1998-ci il //“Azərbaycan” qəz.- 1998.- 27 mart.
2. Azərbaycan Prezidenti İlham Əliyevin Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında Sərəncamı. // “Azərbaycan” qəz.- 2019.- 7 fevral.
3. Azərbaycanlıların soyqırımı haqqında (8 dil­də).- Bakı, 1998.- 120 s.
4. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklo­pe­diyası: İki cilddə.- Bakı, 2004.- Cild I.- 440 s.
5. Azərbaycan Respublikasinin Hərbi Prokurorluğu ermənilər tərəfindən Xocalıda törədilmiş soyqırımı ilə bağlı istintaq əməliyyat tədbirlərini davam etdirir //“Azərbaycan” qəz.- 2010.- 24 fevral.
6. Boran Əziz. Xocalı soyqırımı: səbəbləri, həyata keçirilmə üsulları və nəticələri.- Bakı, 2008.- 224 s.
7. Əhmədov E. Ermənistanın Azərbaycana təcavüzü: təhlili xronika (1987-2011-ci illər).- Bakı, 2012.- 912 s.
8. Həsənov Ə.M.Xocalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması. Bakı: Zərdabi LTD, 2017.- 464 s. (Azərbaycan, türk, rus, ingilis, fransız, alman, ərəb və çin dillərində).
9. Xocalı - XX əsrin soyqırımı = Khojaly- Genocide of the 20th Century = Ходжалы- геноцид XX века = Chodschali- Völkermord des XX. Jahrhunderts = Khodjaly- Génocide du XXe siècle /layihənin rəh. Ə.Həsənov, A.Aslanov.- Bakı: Şərq-Qərb, 2012.- 131 s.- Azərbaycan, ingilis, alman, fransız və ərəb dillərində.
10. Xocalı - 1992 = Khojaly - 1992 = Khodjaly - 1992 = Ходжалы - 1992 /Heydər Əliyev İrsini Araşdırma Mərkəzi.- Bakı: CBS, 2012.- 211 s.- Azərbaycan, ingilis, fransız və rus dillərində.
11. Qasımlı M. Ermənistanın sovetləşməsindən Azərbaycan ərazilərinin işğalınadək erməni iddiaları: tarix - olduğu kimi (1920-1994-cü illər).- Bakı, 2016.- 520 s.
12. Mahmudov Y., Şükürov K. Qarabağ. Real tarix, faktlar, sənədlər.- Bakı, 2005.- 380 s.
13. Mehdiyev R.Ə. Azərbaycanlılara qarşı soyqırımı gerçəklikləri.- Bakı, 2010.- 204 s. (Azərbaycan, rus və ingilis dillərində).
14. Məmmədov X., Məmmədov N. Türkiyədə və Azərbaycanda erməni millətçilərinin cinayətləri.- Bakı, 2006.- 215 s.
15. Məmmədov İ., Əsədov S. Ermənistan azərbaycanlıları və onların acı taleyi (qısa tarixi oçerk).- Bakı, 1992.- 72 s.
16. Məmmədov N. Dağlıq Qarabağ gerçəklikləri: soyqırımı, terror, deportasiya, işğal: XX yüzillik.- Bakı: Təhsil, 2009.- 272 s.
17. Мамедова Х. Ходжалы: шехиды и ша­хиды: армянский терроризм как составная часть международного терроризма.- Баку, 2005.- 248 с.
18. Преступления армянских террорис­ти­ческих и бандитских формирований против человечества (XIX-XXI вв.).- Баку, 2002.- 395 с.
19. Ходжалинский геноцид /Фонд Гейдара Алиева: фото (Карабахские реалии).- Баку, 2006.- 12 c.
20. Ходжалы. Хроника геноцида.- Баку, 1993.- 144 с.
21. Consequences of Armenian aggression against Azerbaijan. Heydar Aliyev Foundation presents. The series of “The true facts about Garabagh”.- Baku, 2005.- 12 p.
22. The Khojaly Genoside. Heydar Aliyev Foundation presents. The series of “The true facts about Garabagh”.- Baku, 2005.- 12 p.

İnternet resursları
23. http://president.az
24. http://heydar-aliyev-foundation.org
25. http://aliyev-heritage.org
26. http://justiceforkhojaly.com
27. http://khojaly.preslib.az
28. http://azertag.com

Али Гасанов
Заведующий кафедры “Международные отношения и внешняя политика” Академия Государственного Управления при Президенте Азербайджанской Республики,
доктор исторических наук, профессор

Ходжалинский геноцид самое серьезное преступление совершенный армянами против азербайджанцев
РЕЗЮМЕ
В статье на основании научных источников исследуются территориальные притязания и захватническая политика Армении против Азербайджана, начиная со второй половины 80-х годов ХХ века, в том числе политика этнической чистки, государственного терроризма и геноцида против азербайджанцев в 1988-1993 годах. В частности, на основании зарубежных источников широко анализируются преступления, совершенные 26 февраля 1992 года во время оккупации города армянскими вооруженными силами, а также учиненные против мирного населения акты вандализма.
Кроме того, совершенный армянами в конце ХХ столетия в Ходжалы акт геноцида расценивается в статье как одно из самых тяжких преступлений, направленных против всего человечества и человечности. Одновременно в статье уделяется внимание истории этой стратегически важной территории, расположенной в Нагорно-Карабахском регионе Азербайджана, указываются причины, повышающие значение города Ходжалы. Вместе с тем, широко исследуются работа, проводимая в области доведения до мира Ходжалинского геноцида, дачи ему политико-правовой оценки, а также вопросы международного признания Ходжалинской трагедии как акта геноцида.

Ключевые слова: Агрессия Армении против Азербайджана, этнические чистки, террор, геноцид, оккупация.

Ali Hasanov
Head of International Relations and Foreign Policy Department
The Academy of Public Administration under the President of the Republic of Azerbaijan,
Doctor of Historical Sciences, Professor

Khojaly genocide the most serious crime
committed by Armenians against Azerbaijanis
SUMMARY
The territorial claims and occupation of Armenia against Azerbaijan from the second half of the 80s of the XX century, including ethnic cleansing against Azerbaijanis in 1988-1993, state terrorism and genocide policy are studied according to the scientific sources. Especially, crimes committed during the occupation of Khojaly by Armenian armed forces on February 26, 1992, as well as the acts of vandalism against civilians are widely analyzed according to the foreign sources.
In addition, the genocide committed by Armenians in Khojaly at the end of the XX century is regarded as one of the most serious crimes against humanity. Also, the article examines the history of this strategically important area in the Nagorno-Karabakh region of Azerbaijan and indicates the reasons of the importance of Khojaly. In addition, informing world community about Khojaly genocide, the activites for getting political and legal assessment for it , as well as the recognition of Khojaly tragedy as genocide in the international arena are widely studied in the article.

Keywords: Aggression of Armenia against Azerbaijan, territorial claims, ethnic cleansing, terror, genocide, occupation.