XX əsrin 90-cı illərində ABŞ-in Cənubi Qafqaz münaqişələrində maraqlarının hüquqi əsasları

Post image

Aysel Bağırova, AMEA Hüquq və İnsan Haqları İnstitutu

 

1991-ci ilin dekabrın 25-də SSRİ-nin dağılmasından sonra on beş respublika müstəqilliklərinə yenidən qovuşdular. Postsovet məkanında SSRİ-nin dağılmasının qanlı şəkildə baş verdiyi Cənubi Qafqaz regionu sülh və təhlükəsizliyə təhdid olan münaqişələrdən hələ də canını qurtara bilməyib. SSRİ-nin süqut etməsi ilə nəinki, Cənubi Qafqazda eləcə də, SSRİ-nin nüfuzunun güclü olduğu digər geosiyasi əhəmiyyət kəsb edən regionlarda da Soyuq müharibə illərində onun ən böyük düşməni olan ABŞ-nin maraqlarının cəlb edildiyinin şahidi oluruq. Rusiyanın regional güc funksiyasını belə yerinə yetirmədiyi 1990-cı illərdə ABŞ-nin Cənubi Qafqazda mövcud münaqişələrdə maraqları siyasi, iqtisadi, mədəni sahələri əhatə etməklə çoxşahəli xarakter daşıyırdı.
1991-ci il avqust tarixli ABŞ-nin milli təhlükəsizlik strategiyasında iqtisadi çətinliklər yaşamasına baxmayaraq sərhəddən kənarda strateji qüvvələrinin modernizasiyasını davam etdirən SSRİ Amerika cəmiyyətini bir tək kataklizm hücumu ilə məhv etməyə qadir olan yeganə dövlət kimi göstərilirdi (11). ABŞ-nin Cənubi Qafqazda maraqları və fəaliyyəti 1991-ci ildən etibarən müxtəlif mərhələlərdən keçmişdir. ABŞ-nin Cənubi Qafqazda münaqişələrlə bağlı maraqları region dövlətləri ilə ikitərəfli və beynəlxalq təşkilatlar, xüsusilə də, NATO çərçivəsində çoxtərəfli kontekstdə həyata keçirilir.
SSRİ-nin dağılması ilə ideoloji mübarizənin hökm sürdüyü Soyuq müharibə sona çatdıqdan sonra SSRİ-nin Cənubi Qafqazda təsirinin sürətli şəkildə azalmasına baxmayaraq ABŞ-nin də regionda aktiv fəaliyyəti sezilmirdi. Buna səbəb ABŞ-nin SSRİ-nin yoxluğunda Yaxın və Orta Şərq, Asiya-Sakit okean regionunda boşluğu doldurmağa çalışması idi. Eyni zamanda, SSRİ-nin dağılması ilə ABŞ SSRİ-yə daxil olan və “yaxın xarici”ni əhatə edən kollektiv təhlükəsizlik və müdafiə təşkilatı olan Varşava Müqaviləsi Təşkilatının üzvü olan Mərkəzi və Şərqi Avropa dövlətləri ilə əlaqələrini inkişaf etdirməyə başladı. Avropada ABŞ-nin nüfuzunu yüksəltmək üçün artıq formalaşmış mexanizmlərdən istifadə etmək imkanı regiona daha az diqqətə səbəb ola bilərdi.
1992-ci ildə ABŞ-nin Cənubi Qafqazda münaqişələr üzrə mövqeyi ölkəmiz üçün heç də ürəkaçan olmadı. Azərbaycan Respublikası və ABŞ arasında diplomatik əlaqələrin 1992-ci ilin fevralın 28-də qurulmasına baxmayaraq (2) ölkə daxilində və xaricində baş verən proseslər münasibətlərin inkişafına maneə olurdu. ABŞ konqresi 1992-ci ilin oktyabrın 24-də müstəqilliyini yeni bərpa etmiş dövlətlərə dəstək məqsədilə “Azadlığı müdafiə aktı” adlı qanun qəbul etdi. Qanun postsovet məkanının yeni müstəqil dövlətlərinin rəsmi strukturlarına iqtisadi, maliyyə, ticari, kənd təsərrüfatı, kosmos, demokratiyanın genişlənməsi və digər sahələrdə yardımları nəzərdə tuturdu. “Azadlığı müdafiə aktı”na 907-ci düzəliş Azərbaycanı bu yardımlardan məhrum etdi. ABŞ Konqresinin ilk qanunvericilik aktı olan “Azadlığı müdafiə aktı”na 907-ci düzəliş 1992-ci ilin dekabrında Massaçusetss ştatının senatoru Con Kerri tərəfindən irəli sürüldü (4). Bu qanun erməni icmasının və lobbisinin təsiri ilə ABŞ-da Azərbaycan haqqında Azərbaycanın münaqişədə olduğu Ermənistanı guya blokadada saxlayır, Dağlıq Qarabağ ermənilərinə qarşı zorakılıq tətbiq edir kimi yalan informasiyalarının fonunda qəbul edilmişdi (1). 907-ci düzəlişdə qeyd edilirdi ki, Azərbaycan hökumətinin Ermənistana və Dağlıq Qarabağa qarşı bütün blokadaların və hərbi gücdən istifadənin ləğvi sahəsində nümayişkaranə addımların atılmadığını prezident müəyyən etməyincə və bunu Konqresə bildirməyincə, Azərbaycan hökumətinə yardım göstərilməyəcəkdi (4). ABŞ Konqresinin Azadlığı Müdafiə Aktının 907-ci bölməsi ilə ABŞ-nın Azərbaycana qeyri-humanitar yardımına məhdudiyyət tətbiq edildi. Bu qərarla Ermənistan ABŞ-ın dünyada adambaşına ən çox yardım göstərdiyi ölkəyə çevrildi (13). Ermənistan tərəfindən əzəli torpaqlarının işğal prosesinin getdiyi bir vaxtda 907-ci düzəliş Azərbaycan üçün növbəti zərbə oldu. 907-ci düzəliş Ulu Öndər Heydər Əliyevin uzaqgörən, uğurlu xarici siyasəti nəticəsində dayandırıldı. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə xalqın tələbi ilə qayıdışından sonra müvəffəqiyyətli daxili və xarici siyasət kursu sayəsində ölkə daxilində siyasi sabitliyə, dinamik iqtisadi inkişafa nail olunmaqla yanaşı, xarici siyasətdə də ölkəmizin mənafeyi üçün bir sıra uğurlu addımlar atıldı ki, bu addımlardan biri də ABŞ-la olan gərgin münasibətlərin aradan qaldırılması oldu. 2001-ci il sentyabrın 11-də ABŞ-da baş vermiş terror aktından sonra ABŞ prezidenti Corc Buş beynəlxalq antiterror koalisiyasının üzvü olan və dəstək göstərən Azərbaycana qarşı tətbiq edilən 907-ci düzəlişin dayandırılması məsələsini qaldırdı. 2002-ci ilin yanvarın 11-dən "Azadlığı müdafiə aktı"na 907-ci düzəlişin qüvvəsi dayandırıldı (4). Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin respublikamızın inkişafı üçün fəaliyyəti Azərbaycan SSR rəhbərliyi dönəmindən başlamışdı. ABŞ tədqiqatçısı Bernard A.Kukin yazırdı ki, bütün Sovet dövründə azərbaycanlılar ilk dəfə olaraq Azərbaycanda məhz Heydər Əliyevin hakimiyyəti illərində iqtisadi həyatda hökmran mövqe tutdular, onların özünə inamı gücləndi (8).
ABŞ-nin 1990-cı illərin əvvəllərində “Rusiya birinci (Russia first)” xarici siyasət strategiyasında postsovet məkanının demokratikləşməsi qarşıya qoyulmuş əsas vəzifə kimi göstərilmişdi. Bu məqsədlə postsovet məkanının demokratikləşməsinə ilk olaraq Rusiyanın demokratikləşdirilməsi ilə başlanması daha məqsədəuyğun hesab edilirdi. Postsovet məkanının transformasiyası və Qərbə inteqrasiyası məhz Rusiyadan başlanarsa, digər postsovet ölkələri üçün nümunə olacaqdır (10; 3, s.360-361).
1993-cü il yanvar ayında qəbul edilmiş ABŞ-nin milli təhlükəsizlik strategiyasında göstərilirdi ki, artıq qırx ildir demokratiyanın simvolu və sözçüsü kimi xidmət edən ABŞ Mərkəzi və Şərqi Avropa, keçmiş Sovet ölkələrində siyasi plüralizm və demokratiyaya yardım etməkdədir. Strategiyada Azadlığı müdafiə aktının yerinə yetirilməsi ilə ABŞ-nin müstəqilliyini yeni bərpa etmiş keçmiş Sovet ölkələrində nümayəndəli siyasi sistem, bazar iqtisadiyyatının yaradılmasına və kooperativ regional və beynəlxalq əlaqələrin güclənməsi təcrübəsini təmin edəcəyi göstərilirdi. Həmçinin, strategiyada ABŞ-nin Avrasiyada sabitliyə təhdid olan sərhədlərdə etnik böhranların dinc yolla həllinə kömək etmək məqsədilə bu dövlətlərlə birlikdə fəaliyyət göstərəcəyi qeyd edilirdi (12).
1993-cü ilin sentyabrın 21-də ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri Entoni Leyk Cons Hopkins Universitetində Avrasiyadakı keçmiş sosialist sisteminə daxil olan ölkələrin demokratikləşməsinə yardım etmək məqsədilə “demokratiyanın genişlənməsi” konsepsiyası ilə çıxış etdi. E.Leykin ideyaları əsasında 1994-cü ildə ABŞ-nin “Cəlbetmə və genişlənmə vasitəsilə milli təhlükəsizlik strategiyası” qəbul edildi. Bu sənəd özündə Şərqi Avropa ölkələri və postsovet dövlətlərinin ümumi demokratik model vasitəsilə ilə transformasiyalarını ehtiva edirdi (7, s.59). Hüquqi sənədlərdən göründüyü kimi ABŞ-nin Cənubi Qafqaz maraqları içərisində prioritet hesab edilən əsas məsələlər demokratikləşmə və iqtisadi bazar islahatları, münaqişələrin qarşısının alınması, qaçqınlara humanitar yardımın göstərilməsi, regiona stabillik ölçüləri gətirmək olmuşdur.
NATO 1991-ci il tarixli Roma strateji konsepsiyası ilə özünün transformasiyasına başlamaqla NATO-mərkəzçi Avropa təhlükəsizliyinin formalaşdırılması prosesinə başladı. Bu istiqamətdə NATO-nun ilk addımı 1994-cü ildə NATO Şurası tərəfindən həmin dövrdə NATO üzvü olmayan ATƏM iştirakçılarına “Sülh naminə tərəfdaşlıq” proqramını irəli sürməsi oldu. SNT-nin əsas məqsədləri sırasında bir sıra məsələlər elan edildi: silahlı qüvvələr üzərində vətəndaş nəzarəti prinsipinin təşviqi, hərbi büdcənin şəffaflığının təmin edilməsi, sülhməramlı əməliyyatlara dəstək qabiliyyəti və hazırlığı, sülhüdəstəkləmə əməliyyatları, axtarış və xilasedici əməliyyatlar üzrə birgə təlimlərin keçirilməsi. SNT çərçivəsində NATO Mərkəzi və Şərqi Avropa, MDB, Rusiya, həmçinin Qərbi Avropanın neytral dövlətləri ilə fərdi proqramlara başladı. 1996-cı ildə NATO Şurası ittifaqın genişlənməsi haqqında qərar qəbul etdi (9, s.339). Bu hadisələr ABŞ-ı NATO vasitəsilə regiona daha da yaxınlaşdıraraq təsirini gücləndirməklə Rusiyaya qarşı sipər formalaşdırırmaq üçün gələcək fəaliyyətinin hüquqi əsasını yaratdı. NATO-nun yeni dövlətlər hesabına genişlənməsi ABŞ-a onların ərazilərində hərbi qüvvələr yerləşdirmək və raket əleyhinə müdafiə sistemlərinin quraşdırılması hüququ verir. Bu isə Avropanın təhlükəsizliyinə müsbət təsir göstərməklə yanaşı qüvvələr balansının pozulmasına səbəb olmaqla ABŞ və Rusiya arasında Soyuq müharibənin əsas göstəricilərindən biri olan silah yarışı təhlükəsini yaratdı.
1994-cü ilin Budapeşt samitində təşkil edilməsi qərara alınan və ilk həmsədrləri Rusiya və Finlandiya olan ATƏT-in Minsk qrupunun Həmsədrlik İnstitutunun həmsədrləri 1997-ci ilin yanvarın 1-dən ABŞ, Rusiya və Fransa dövlətləridir.
ABŞ-ın 39-cu Prezidenti olan C.Karterin milli təhlükəsizlik üzrə məsləhətçisi olmuş amerikan politoloqu, sosioloqu, dövlət xadimi Z.Bjezinski ABŞ-nin müasir dövrdəki hegemonluğunu Roma, Monqol imperiyaları ilə müqayisə edərək göstərir ki, ABŞ-nin onlardan fərqi mədəni üstünlüyüdür. Z.Bjezinski o imperiyaların ABŞ kimi səfərbəredici, cəlbedici olmadığını və lazımı situasiyalarda çeviklik göstərə bilmədiyini qeyd edirdi (5, s.222). “Yeni dünya nizamı” konsepsiyasının banilərindən olan Z.Bjezinski 1998-ci ilə aid “Böyük şahmat lövhəsi. ABŞ hökmranlığı və onun geostrateji imperativləri” əsərində dünyanın gələcək konfiqurasiyasını və ABŞ-nin hegemonluğunun yeni formulunu göstərən geostrateji doktrina irəli sürmüşdü (6, s.147, 148).
ABŞ akademiki, Bard kollecinin Ceyms Klarka Ceysa xarici işlər və humanitar elmlər üzrə professoru Uolter Rassel Mid (Walter Russel Mead) 1999-cu ildə yazdığı “Cekson ənənəsi” adlı məqaləsində ABŞ tarixində dörd əsas xarici siyasət ənənələrinin olduğunu qeyd etmişdi: Vilson, Cekson, Hamilton və Cefferson ənənələri. Vilson ənənəsində V.Vilsonun “14 maddə"sindən irəli gələrək ABŞ-nin dünyada liberal demokratiyalara, beynəlxalq təşkilatlara və hüquqa dəstək verməsi nəzərdə tutulur. Hamilton ənənəsi ABŞ-nin dünya ilə ticarət əlaqələrinə və qarşılıqlı əməkdaşlığına, Cefferson ənənəsi isə təcridçiliyə daha yaxın olmaqla amerikan demokratiyasının inkişafına istiqamətlənmişdi. ABŞ xarici siyasətində hərbi güc ABŞ-ın IV Prezidenti Endrü Cekson ənənəsindən irəli gəlmişdir. Müəllifin II Dünya Müharibəsində ABŞ-ın tək Yaponiya ilə müharibə zamanı (atom bombalarının fəlakətləri nəzərə alınmadan) vurduğu dağıdıcı təsiri təsvir edən statistik rəqəmləri ABŞ-ı dünya dövlətləri içərisində dağıdıcı hərbi gücə malik dövlətlərdən edir. Belə misalları o Şimali-Cənubi Koreya müharibəsində (1950-1953), Vyetnam müharibəsindən də göstərmişdi (14). Cekson ənənəsindən gəldiyimiz nəticələr - milli maraqlardan çıxış etməklə yalnız özünə güvənmək və digərlərinə qarşı ehtiyatlı davranmaq, bütün münasibətlərin qarşılıqlı olması - beynəlxalq münasibətlərin realizm məktəbinin nümayəndələrinin fikirlərini xatırladır. Hazırda ABŞ-nin müasir xarici siyasət kursunda Cekson və Cefferson ənənələrinin qarışığını müşahidə edirik.
ABŞ-nin 1990-cı illərdə Cənubi Qafqazda münaqişələrlə bağlı maraqlarının hüquqi əsaslarının təhlili onu göstərir ki, bu sahədə qəbul edilən hüquqi sənədlərdə münaqişələrin aradan qaldırılması, regionda əməkdaşlıq məsələləri və demokratiyanın genişlənməsi məsələləri mühüm yer tutmuşdu. ABŞ xarici siyasətində Cənubi Qafqaz dövlətlərinə fərqli yanaşmanın sərgilənməsi qarşıya qoyulmuş sadalanan məsələlərin yerinə yetirilməsini çətinləşdirmişdi. 1990-cı illərdə ABŞ-nin xarici siyasət fəaliyyətində Cənubi Qafqaz istiqamətli konsentrasiyanın əhatəli olmamasının digər səbəbi isə Yaxın və Orta Şərq regionunda gedən proseslər idi.


Ədəbəyyat
1. ABŞ Konqresinin "Azadlığı Müdafiə Aktına" 907-ci əlavəsi və Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin onun aradan qaldırılması ilə əlaqədar fəaliyyəti mövzusunda ümumi tarixi arayış
http://lib.aliyevheritage.org/az/3711428.html
2. Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasındakı münasibətlər http://www.mfa.gov.az/files/file/ABS_-_Azerbaycan_2016.pdf
3. Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətləri (1991-2016) /məqalələr toplusu/. Bakı: “Poliart” MMC, 2017, 904 s.
4. Azadlığın müdafiə aktı 20-06-2012, 11:00 // http://tarix.info/azerbaycan-tarixi/kapitalizm-dovru/821-azadl305287305-m252dafi601-akt305na-d252z601li351.html
5. Həsənov Ə.M. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti. Dərslik. Bakı, “Azərbaycan” nəşriyyatı, 2005, 631 s.
6. Həsənov Ə.M. Geosiyasət. Bakı, Aypara-3, 2010, 604 s.
7. Məmmədov N. Xarici siyasət: Reallıqlar və gələcəyə baxış. Bakı, Qanun Nəşriyyatı, 2013, 264 s.
8. Qəndilov S. Heydər Əliyevin Respublikaya Prezident seçilməsi ilə Azərbaycan tarixində keyfiyyətcə yeni mərhələ başlanmışdı. “Xalq qəzeti”, 2009, 8 dekabr. N 272. s.3.
9. Кулагин В.М. Современная международная безопасность: учебное пособие для вузов / В. М. Кулагин. Москва: КНОРУС, 2012, 432 с
10. Brzezinski Z, Paige Sullivan. Russia and the Commonwealth of Independent States: Documents, Data, and Analysis, Center for Strategic and International Studies (Washington, D.C.), 1997, p. 376.
11. National Security Strategy of the United States. The White House, Washington, DC, Aug 01, 1991.
12. National Security Strategy of the United States. The White House, Washington, DC, Jan 01, 1993.
13. Sabanadze N. International involvement in the South Caucasus // European Centre for Minority Issues, working paper # 15, February 2012.
14. Walter R. M. The Jacksonian Tradition, The National Interest, Winter 1999 p5.
http://www3.amherst.edu/~pmachala/Current%20Politics/Case%20Studies%20in%20American%20Diplomacy%20-The%20Readings%20FOR%20the%20FIRST%20and%20SECOND%20Class/Mead,%20The%20Jacksonian%20Tradition.htm

Açar sözlər: ABŞ, Cənubi Qafqaz, xarici siyasət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, milli təhlükəsizlik strategiyası
Key words: USA, South Caucasus, foreign policy, Armenia-Azerbaijan, Nagorno-Karabakh conflict, , national security strategy
Ключевые слова: США, Южный Кавказ, внешняя политика, Армяно-Азербайджанский, Нагорно-Карабахский конфликт, стратегия национальной безопасности

Abstract
The most dangerous problem which threatens regional security in the South Caucasus is conflicts. Armenia - Azerbaijan, Nagorno-Karabakh conflict and internal conflicts in Georgia have a negative impact on peace and security in the region. The settlement of the conflicts has been in the interest of the regional states, as well as the great powers. One such great power was the United States, which won the USSR in the Cold War in 1991 and become a superpower state of the world. The article examines the legal bases of US interests in the South Caucasus in the 1990s. In the research process of the topic was utilized the local and foreign scientific sources, and methods such as deduction, induction, study of documents and systematic approach.

Резюме
Наиболее опасной проблемой, которая угрожает региональной безопасности на Южном Кавказе, являются конфликты. Конфликт между Армяно-Азердайджанский, Нагорно-Карабахский конфликт и внутренние конфликты в Грузии оказывают негативное влияние на мир и безопасность в регионе. Урегулирование конфликтов отвечало интересам как региональных государств, так и великих держав. Одной из таких великих держав были Соединенные Штаты, которые победили СССР в холодной войне в 1991 году и стали сверхдержавой в мире. В статье рассматриваются правовые основы интересов США на Южном Кавказе в 90-е годы. В процессе исследования данной темы были использованы местные и зарубежные научные источники, а также такие методы, как дедукция, индукция, изучение документов и системный подход.

 

"GEOSTRATEGİYA" jurnalı №01 (49) YANVAR-FEVRAL 2019