Müasir mərhələdə intellektual sahədə əməkdaşlığın yaranması və inkişaf etdirilməsi birbaşa YUNESKO-nun adı ilə bağlıdır. BMT-nin ixtisaslaşmış orqanı olmaqla, YUNESKO müvafiq istiqamətdə dünyanın ən böyük hökumətlərarası forumdur. BMT-nin Nizamnaməsi 1945-ci ilin noyabr ayının 16-da qəbul olunmuşdur. YUNESKO-nun yaranması tarixi isə BMT Nizamnaməsinin 1946-cı ilin noyabrın 4-də qüvvəyə mindiyi vaxt qəbul olunur. BMT Nizamnaməsinə uyğun olaraq, YUNESKO-nun əsas vəzifəsi xalqların təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığı yolu ilə sülhün və beynəlxalq təhlükəsizliyin təmin olunmasından ibarətdir. Bu istiqamətdə əməkdaşlıq ədalətə, qanunçuluğa, insan hüquq və azadlıqlarına söykənir. Məlumdur ki, bu prinsiplər BMT Nizamnaməsində dəqiqliklə əksini tapmışdır. Belə əməkdaşlıq zamanı xalqların dili, dini, irqi fəqləri heç bir rol oynamır.[4] YUNESKO-nun fəaliyyətinin başlıca prinsipi insanlar arasında kommunikasiyaları yaratmaq və inkişaf etdirmək və bu kommunikasiyaları qarşılıqlı anlayışın təmin olunması üçün istifadə etməkdən ibarətdir. Bununla yanaşı, bütün insanların YUNESKO-nun vəzifələri və idealları haqqında aydın təsəvvürlərə malik olmaları vacibdir. Çünki, YUNESKO-nun fəaliyyətinin həlledici elementlərini məhz insanlar təşkil edirlər.[1, s.62] YUNESKO-nun yaradılmasında real tarixi zərurətin təsiri olmuşdur. Belə ki, İkinci dünya müharibəsindən sonra YUNESKO-nun yaradıcıları dünyanın dəyişdirilməsi istiqamətində ciddi fəallıq nümayiş etdirmişlər. Əsas məqsəd insanlar arasında zorakılığın qarşısının alınmasından, qarşılıqlı anlyaış təmin olunmasından ibarət idi. İnsanlar arasında müxtəlif əlamətlərə görə fərq qoyulmasının qarşısının alınması, elm, təhsil və mədəniyyət amilləri üzərində əməkdaşlığın inkişaf etdirilməsi baza ideya kimi müəyyənləşdirilmişdir. YUNESKO-nun yaradılması bəşəriyyətin intellektual və mənəvi həmrəyliyinə əsaslanan sülhün təminatı kimi çıxış etmişdir.
YUNESKO özünün bütün tədbirlərində və layihələrində bir sıra mühüm funksiyaları yerinə yetirir ki, bu funskiyalar da elm, təhsil, mədəniyyət və kommunikasiya sahələrində təşkilatın aparıcı rolunu müəyyənləşdirir. Bu baxımdan, YUNESKO-nun funksiyalarının daha yaxından nəzərdən keçirilməsi onun mahiyyətinin daha dəqiq dərk olunmasına imkan verər.[5, s.13] Beləliklə, YUNESKO-nun funksiyalarını ümumi şəkildə aşağıdakı kimi nəzərdən keçirmək mümkündür:
Birincisi, YUNESKO “ideyalar laboratoriyası” rolunda çıxış edir. Yəni, elm, təhdil və mədəniyyət sahələrində əməkdaşlığa istinad edərək müasir dünyanın yenidən qurulmasının hansı yollarla həyata keçirilməsini müəyyənləşdirmək. Bu əməkdaşlığın yaradılması və inkişaf etdirilməsi üçün yeni və real ideyaların irəli sürülməsi və həyata keçirilməsi YUNESKO-nun fəaliyyətinin mərkəzi prinsipini təşkil edir. Təşkilatın səlahiyyət çərçivəsinə daxil olan sahələrdə problemlərin üzrə çıxarılmasında, proqnozlaşdırılmasında və aradan qaldırılması istiqamətində həlledici rola malikdir. Ən əsası isə YUNESKO-nun ideyaları mövcud problemlərin aradan qaldırılmasında əməkdaşlığı nəzərdə tutur.
İkincisi, YUNESKO informasiya mübadiləsi mərkəzi rolunda çıxış edir. Belə ki, YUNESKO informasiyaları toplayır, ötürür, genişləndirir və hazır informasiyaların birgə istifadə olunması üçün şərait yaradır. Nəzərə almaq lazımdır ki, bu zaman təkcə informasiya deyil, həmçinin, biliklərin, qabaqcıl təcrübənin də mübadiləsi həyata keçirilir ki, bu da daha səmərəli əməkdaşlıq üçün zəmin yaradır. Problemlərin aradan qaldırılmasının yeni və ən işlək vasitələrinin tapılması və bu vasitələrin tətbiqi istiqamətində əməkdaşlığın təmin olunması YUNESKO-nun fəaliyyətinin əsas mahiyyətini təşkil edir. Eyni zamanda birgə pilot layihələrin həyata keçirilməsi də təcrübədə geniş tətbiq olunur. Bir sözlə, YUNESKO-nun vacib vəzifəsi bilik və bacarıqların inkişaf etdirilməsindən və onların dünyada yayılmasından ibatətdir. Məqsəd bunların ümumi istifadəsinə nail olmaqdan ibarətdir. YUNESKO fəal şəkildə regional və ümumdünya şəbəkələrinin işini dəstəkləyir, koordinasiya edir və onlara rəhbərliyi həyata keçirir. Belə şəbəklər elmi tədqiqatların həyata keçirilməsinə, nəticələrin mübadiləsinə və kadrların hazırlanmasına kömək edir. Bu istiqamətdə YUNESKO-nun geniş konfransları aparıcı rola malik olurlar. Bu konfranslar çərçivəsində aparıcı ekspertlər mövcud problemlər və mürəkkəb məsələlərlə bağlı ümumi yanaşmalar işləyib hazırlayırlar və vəzifələri müəyyənləşdirirlər. YUNESKO-ya üzv dövlətlər isə problemlərin aradan qaldırılması və əməkdaşlığın genişləndirilməsi üçün müəyyənləşdirilmiş vəzifələrin yerinə yetirilməsi istiqamətində imkanlarını səfərbər edirlər. Təbii ki, birgə səmərəli fəaliyyətin təmin olunması üçün informasiya mübadiləsi həlledici rolu yerinə yetirir.
Üçüncüsü, YUNESKO üzv dövlətlərin potensiallarının yaradılmasında və ya gücləndirilməsində yaxından iştirak edir. Təşkilat səlahiyyət çərçivəsinə aid olan bütün sahələrdə üzv dövlətlərin maraqları çərçivəsində beynəlxalq əməkdaşlığı yaradır və inkişaf etdirir. Bu zaman kadr və instit usional potensialın yaradılması əsas vəzifə kimi müəyyənləşdirir. Belə ki, məhz bu potensial elm, təhsil və mədəniyyət sahəsində əməkdaşlığı təmin etməklə, sülhün və təhlükəsizliyin qorunmasını şərtləndirir. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, YUNESKO üzv dövlətlərin müraciətləri əsasında həm də texniki dəstək göstərir. Bununla bağlı çoxsaylı dünya təcrübəsinin mövcud olduğunu vurğulamaq mümkündür. Məsələn, YUNESKO-nun yaxından dəstəyi ilə Mavrikinin təhsil sistemində geniş islahatlar həyata keçirilmişdir. Daha bir nümunə kimi qeyd edək ki, Qazaxstanda mətbuat azadlığının genişləndirilməsi istiqamətində də YUNESKO-nun yaxından dəstəyi və birbaşa koordinasiyası olmuşdur. Salvadorun hüquq mühafizə orqanlarının əməkdaşlarına təlimlərin keçirilməsi, onlara yeni bilik və bacarıqların öyrədilməsində də YUNESKO ilə əməkdaşlığın mühüm töhfələri olmuşdur. Müxtəlif istiqamətlərdə islahatların həyata keçirilməsi, milli strategiyaların hazırlanması zamanı YUNESKO çərçivəsində əməkdaşlıq və təşkilatın yaxından koordinasiyası olduqca təsirli rolu vardır. Təbii ki, müxtəlif islahatların həyata keçirilməsi zamanı maliyyə dəstəyinin rolu olduqca böyükdür. YUNESKO müxtəlif islahatların həyata keçirilməsini dəstəkləmək üçün maliyyə yardımını da həyata keçirir. Bütün bunlarla yanaşı, bir əməkdaşlığın və həyata keçirilmiş islahatların nəticələrinin qiymətləndirilməsi də YUNESKO çərçivəsində əməkdaşlığın səmərəliliyinə dəlalət. Belə qiymətləndirmə daha səmərəli addımların atılmasını və strategiyanın hazırlanmasını mümkün edir.
Dördüncüsü, YUNESKO beynəlxalq əməkdaşlıq platformasını yaradır. Belə ki, ixtisaslaşmış və multidistiplinar təsisat kimi YUNESKO öz səlahiyyətləri çərçivəsində və sahəsində beynəlxalq əməkdaşlığı stimullaşdırır. Müvafiq olaraq, təşkilat elə məqsədlər, prinsiplər və prioritetlər müəyyənləşdirir ki, onlar ikitərəfli və çoxtərəfli proqramlarda öz əksini tapa bilsinlər və reallaşdırılsınlar. Bu zaman regional və milli səviyyələr prioritet təşkil edir və səmərəli üsullara və metodlara istinad olunur. Təbii ki, mütəxəssislərin şəxsi təmaslarını istifadə etməklə, bilikləri yaymaq mümkündür. Lakin YUNESKO bu işi daimi və sistemli əsaslarla həyata keçirməyə çalışır. Bunun üçün təşkilat əlavə funksiyaları da həyata keçirir. Bu funksiya xüsusi informasiyaların toplanması və genişləndirilməsi üzrə mərkəz tərəfindən həyata keçirilir. Bu zaman daha çox çap və elektron resurslardan istifadə olunur. Belə ki, YUNESKO dövri olaraq nəşrlər buraxır, illik hesabatlar çap edir və yüzlərlə kitabın çapında iştirak edir. Bu nəşrlər müvafiq olaraq, elm, təhsilŞ mədəniyyət və kommunikasiya sahələrini əhatə edir. Beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsi və səmərəliliyinin artırılması üçün üzv və ya iştirakçı dövlətlərin maraqlarına, prioritetlərin uyğun olaraq zəruri proqramların və layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirilir. Təcrübə göstərir ki, YUNESKO çərçivəsində əməkdaşlıq üzv dövlətlərin müvafiq sahələrdə problemlərin həllində kifayət qədər səmərəli olur.
Nəzərə almaq lazımdır ki, YUNESKO-nun ənənəvi mövzuları əsasən aşağıdakılardan ibarətdir:[6]
-təhsil;
-təbii elmlər;
-sosial və humanitar elmlər;
-mədəniyyət;
-kommunikasiya və informasiya.
Bunlarla yanaşı, YUNESKO çərçivəsində xüsusi mövzular da diqqət mərkəzində olur və əməkdaşlıq sahəsini təşkil edir. Bu mövzular bir qayda olaraq, vacib və aktual hadisələr və vəziyyətlərlə bağlı olur. Əksər hallarda belə mövzular ixtisaslaşmış mövzular kimi nəzərdən keçirlir. Bunlara daha çox aşağıdakıları aid etmək məqsədə uyğundur:
-qadın və gender bərabərliyi;
-dünya mədəniyyəti;
-sivilizasiyalararası dialoq və s.
YUNESKO-nun mandatının aktuallığı onun islahatları haqqında danışmaq üçün əsas verir. Nəzərə almaq lazımdır ki, bu, bütün BMT sisteminə aiddir. YUNESKO BMT-nin bütün sistemi kimi bu gün faktiki olaraq, seçim qarşısındadır. Zamanın tələblərinə uyğun olaraq yeni reallıqlarla ayaqlaşmaq və inkişaf etmək, ya da artıq ötməkdə olan dövrün əhəmiyyətsiz təsisatlarından biri sıralarında olmaq.[3] Həqiqətən də, həm BMT-nin, həm də ayrıca olaraq, YUNESKO-nun strukturunda və fəaliyyət mexanizmlərində ciddi keyfiyyət dəyişikliklərinə ehtiyac vardır. Tədqiqatlarımıza əsasən YUNESKO-nun fəaliyyətinin daha səmərəli olmasını və cəlbediciliyinin artmasını şərtləndirəcək bir sıra addımların atılmasının vacibliyini qeyd etmək mümkündür. Öncə, təşkilatın qarşısında duran bəzi problemləri müəyyənləşdirməyə çalışaq. Birincisi, beynəlxalq sülhə və təhlükəsizliyə qarşı yeni çağırışlar meydana gəlmişdir. Təbii ki, YUNESKO özünün səlahiyyət çərçivəsində birbaşa aid olmayam siyasi məsələlərin həllini üzərinə götürə bilməz. Lakin bununla yanaşı, təşkilat münaqişələrin köklü səbəblərini vaxtında identifikasiya edə və preventiv addımlar üçün müəyyən konturlar müəyyənləşdirə bilər. Məsələn, dil, təshil və mədəniyyət elementləri əsasında diskriminasiya hallarını müəyyənləşdirmək və qarşısını almaq istiqamətdə fəaliyyət və əməkdaşlığın təşkil olunması birdaşa YUNESKO-nun səlahiyyər çərçivəsinə aiddir. Bu da təbii ki, gələcək problemlərin qarşısının alınmasında kifayət qədər təsirli rol oynaya bilər. Müvafiq olaraq, bu gün artıq YUNESKO-nun yalnızca sülhməramlı töhfələrindən danışmaq azdır. Regional, etnik və konfessional münaqişələrin aradan qaldırılmasında və nəticələrinin minimuma endirilməsində təşkilatın daha fəal rolunun təmin olunması vacibdir. Yəni, YUNESKO-nun profilaktik fəaliyyətindən praktiki fəaliyyətinə keçidin yollarının və ya mexanizmlərinin axtarılması böyük aktuallıq kəsb edir. Yəni, real beynəlxalq terrorizmlə qarşılaşmış dövlətlərə təşkilatın səlahiyyət çərçivəsində dəstəyin göstərilməsi ciddi səmərəli nəticələrə gətirib çıxara bilər. Nəzərə almaq lazımdır ki, hazırkı mərhələdə baş verən verən münaqişəllərin bir çoxunun əsasında məhz mədəni elementlər də dayanırlar. YUNESKO belə elementlərin aradan qaldırılmasında kifayət qədər potensiala malikdir. Preventiv addımlar isə, ümumiyyətlə bu zəmində münaqişələrin baş verməsinin qarşısının alınmasına imkan verir. Bu istiqamətdə fəallığın artırılması ehtiyacı özünü getdikcə daha kəskin şəkildə büruzə verməkdədir.
İkincisi, problemlər dairəsi həm də elmi-texniki tərəqqinin və informasiya təhlükəsizliyinin etik aspektlərini əhatə edir. Artıq hamılıqla dərk olunur ki, insanların maraqlarını sivilizasiyanın nəticələrindən qorumaq lazımdır.[7, s.131] Maraqlı burasıdır ki, sivilizasiyanın nəticələri insanın özünün təfəkkürünün və əməyinin nəticəsidir.
Üçüncüsü, problemlərin təkcə dərk olunması və üzə çəxarılması ilə yanaşı, onların həllinin səmərəli yollarının tapılması da vacibdir. Bu zaman daha çox qloballaşmanın nəticəsi olaraq, meydana çıxan problemlərin qaradan qaldırılması daha böyük aktuallıq kəsb edir.
Nəzərə almaq lazımdır ki, YUNESKO-nun maliyyə imkanları hüdudsuz deyildir. Bu baxımdan, üzərində işlərin detdiyi proqramların optimallaşdırılmasına ehtiyac vardır. Bu zaman aşağıdakı bir sıra suallara cavab axtarmaq lazımdırş Məsələn, ən vacibləri kimi aşağıdakıları qeyd etmək mümkündür:
-bütün proqramlar öz aktuallığını saxlayırmı?
-planlaşdırmanın daha təkmilləşdirilməsi üçün daha hansı addımların atılması mümkündür?
-hansı vacib məqsədlərin müəyyənləşdirilməsi vacibdir? və s.
Yuxarıdakı sullara cavabların axtarılması və fəaliyyətin onların əsasında qurulması səmərəli nəticələrin əldə olunmasının vacib şərtini təşkil edir. Bununla yanaşı, YUNESKO-nun digər BMT strukturları ilə sıx qarşılıqlı əlaqələrinin olması da mühüm əhəmiyyət kəsb edir. Həmçinin, digər qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlıq kontekstində problemlərin aradan qaldırılması yollarının axtarılması səmərəliliyin vacib şərti rolunda çıxış edir.[9] Dövlətlərin və vətəndaş cəmiyyətinin təşəbbüsləri isə ən etibarlı dayaq kimi qiymətləndirilməlidir. Bu təşəbbüslər təşkilatın yükünü əhəmiyyətli dərəcədə azaltmaqla, mövcud problemlərin həllində onun daha çevik davranmasına imkan verir.[2, s.21]
Nəzərə almaq lazımdır ki, YUNESKO yarandığı bir gündən özünün fəaliyyət və ya səlahiyyət sahələrini universal ədalət, insan hüquq və azadlıqları prinsipləri əsasında birləşdirməyə çalışmışdır. YUNESKO-nun vaxtilə Baş direktoru K. Matsuuranın haqlı olaraq, qeyd etdiyi kimi, YUNESKO-nun bütün tarixi bu prinsiplərin aliliyinə sadiqliyi nümayiş etdirir. Vurğulamaq lazımdır ki, elə vacib proinsiplərə istinad olunaraq, əsas prioritetlərin müəyyənləşdirilməsi və resursların konsentrasiya olunması yolu ilə proqramlarının sayının ixtisara salınması daha səmərəli nəticələrin əldə olunmasına hesablanmışdır. Həmçinin, yeni idarəetmə sisteminin yaradılması, fəaliyyətdə şəffaflığın artırılması və yeni texnologiyaların daha geniş tətbiq olunması ondan xəbər verir ki, YUNESKO müasir çağırışlara daha çevik reaksiya vermək imkanlarını genişləndirməyə çalışır. Təbii ki, bütün bunlar üzv dövlətlərə özlərinin milli strategiyalarını daha uğurla həyata keçirməyə imkan yaradır.[8, s.55] Ümumiyyətlə, son illərdə YUNESKO çərçivəsində genişmiqyaslı islahatlar davamlı xarakter almışdır. Artıq nəzərdən keçirdiyimiz məqamlardan da göründüyü kimi, YUNESKO çərçivəsində həyata keçirilən islahatların hədəfi bütün bəşəriyyətin dayanıqlı inkişafını təmin edəcək şərtlərin yaradılmasına nail olmaqdan ibarətdir. Bu, təşkilatın gələcək fəaliyyət istiqamətlərini də müəyyənləşdirməyə imkan verir. Bu fəaliyyətin sərhəddinin insan hüquqlarının qorunmasından ümumi bəşəri irsin qorunmasınadək dəyişdiyini qeyd etmək olar. Əsas yol kimi isə, keyfiyyətli təhsilin genişləndirilməsi, insan hüquq və azadlıqlarının təşviq olunması, dünya mədəni irsinin qorunması istiqamətində ümumi fəallığın təmin olunması nəzərdən keçirilir. Bu sərhədlərin səmərəlilik əmsalının yüksəldilməsi ilə şərti ilə genişləndirilməsi təşklilat rəhbərliyinin və üzv dövlətlərinin ciddi diqqət mərkəzindədir.
Beləliklə, yekun olaraq, qeyd edək ki, YUNESKO sistemli şəkildə sülhün möhkəmləndirilməsi, dayanıqlı inkişafın və insan hüquqlarının qorunması istiqamətində fəaliyyət göstərir. Bu fəaliyyət istiqamətləri biri-birilərindən ayrılmazdırlar və müasir dünyamızda kefiyyət dəyişikliyinin ən vaiv şəri rolunda çıxış edir. Beynəlxalq ictimaiyyətin maraqları çərçivəsində öz missiyasını yerinə yetirən YUNESKO olduqca mühüm funksiyaları reallaşdırır. Bu funksiyalar ümumbəşəri prioritetlərin həyata keçirilməsində beynəlxalq əməkdaşlığın zəruri genişləndirilməsi təmin olunur ki, bu da qlobal inteqrasiya üçün real zəmin yaradır.
Ədəbİyyat
1. Международные нормативные акты ЮНЕСКО: Конвенции, соглашения, протоколы, рекомендации, декларации / Сост. И.Д. Никулин. М.: Логос, 1993, c. 62
2. Ройтер В. ЮНЕСКО: Цели, структуры, деятельность / Ройтер В., Хюфнер К. М.: Рудомино, 2002, c.21
3. Среднесрочная стратегия ЮНЕСКО 2008–2013 гг. Париж, 3–23 ноября 2007 г. Режим доступа: http://www.unesco.org
4. Устав ЮНЕСКО // Основные документы Организации объединенных наций по вопросам образования, науки и культуры. Париж: ЮНЕСКО, 2006.
5. Early J., Seitel P. UNESCO Meeting in Rio: Steps toward a Convention // Smithsonian Talk Story. 2002. Spring. № 21. P. 13.
6. Intangible Heritage. UNESCO, http://mirrours.unesco.org/culture/heritage/intangible/html_eng/index_ en.shtml/ (ссылка последний раз проверялась 01.10.2013 г.).
7. Kirshenblatt-Gimblett B. Destination Culture: Tourism, Museums and Heritage. Berkeley, California, 1998. P. 131-176.
8. Matsuura K. UNESCO: Factor of hope. UNESCO Press, 2005, P. 55
9. Medium — Term Strategy (2014 — 2021). Doc. 37 C/4. UNESCO, 2014. Available at: http://unesdoc.unesco.org/images/0022/002278/227860e.pdf (accessed 10 September 2015).
Açar sözlər: YUNESKO, beynəlxalq əməkdaşlıq, mədəniyyət, elm, təhsil, dövlətlər.
Ключевые слова: ЮНЕСКО, международное сотрудничество, культура, наука, образование, государства.
Key words: UNESCO, international cooperation, culture, science, education, states.
РЕЗЮМЕ
Гадирова Нармина Фарзали гызы
Основные направления деятельности ЮНЕСКО
в настоящее время
В научной статье анализируются сущность и деятельность ЮНЕСКО. Отмечается, что после Второй мировой войны создатели ЮНЕСКО проявили серьезную активность в направлении изменения мира. Основной целью было предотвращение насилия среди людей, оказание взаимопомощи. Предотвращение дискриминации среди людей и развитие сотрудничества в области науки, образования и культуры были определены в качестве основной идеи. Создание ЮНЕСКО было гарантией мира, основанного на интеллектуальной и духовной солидарности человечества.
SUMMARY
Gadirova Narmina Farzali gizi
The main activities of UNESCO Currently
The scientific article analyzes the nature and activities of UNESCO. It is noted that after the Second World War, the creators of UNESCO have shown serious activity in the direction of changing the world. The main goal was to prevent violence among people, providing mutual assistance. The prevention of discrimination among people and the development of cooperation in science, education and culture were identified as the main idea. The creation of UNESCO was a guarantee of peace based on the intellectual and spiritual solidarity of mankind.
"GEOSTRATEGİYA" jurnalı №03 (51) MAY-İYUN 2019