AVROPANIN ENERJİ TƏHLÜKƏSİZLİYİNDƏ AZƏRBAYCANIN ROLU

Post image

Təhminə Məsimova
Bakı Dövlət Universitetinin doktorantı

E-mail: [email protected]

Bu gün dünya siyasətinin aktual məsələlərindən biri enerji təhlükəsizliyidir. Enerji qaynaqlarının əhəmiyyəti artır və sürətlə böyüyən dünya iqtisadiyyatı bu qaynaqlara əvvəlkindən daha çox ehtiyac duyur. Artıq strateji enerji mənbələri qlobal geosiyasi vəziyyətə təsir edən amillərdən birinə çevrilib. Bunun təbii bir nəticəsi olaraq zəngin enerji qaynaqlarına sahib olan ölkələr iqtisadiyyat və geosiyasi baxımdan əsas mövqedədirlər.
Geosiyasi ədəbiyyatda enerji təhlükəsizliyi milli təhlükəsizliyin mühüm tərkib hissələrindən biri kimi qiymətləndirilir. Enerji təhlükəsizliyi enerji istehlakı üçün təbii resursların mövcudluğu və ölkənin milli təhlükəsizliyi arasında əlaqə növüdür.
Enerji təhlükəsizliyini müəyyən bir ölkənin və ya bütövlükdə dünya birliyinin kifayət qədər enerji təchizatı ilə təmin edilməsi kimi müəyyənləşdirə bilərik. Təhlükəsizlik tədbirlərinə enerji mənbələrinə çıxışın təmin edilməsi; texnologiyaların inkişafı və tətbiqinin təmin edilməsi; enerjinin istehsalı, saxlanması və ötürülməsi üçün kifayət qədər infrastrukturun yaradılması; qüvvədə olan tədarük müqavilələrinin təmin edilməsi və əlverişli qiymətlərlə enerjiyə çıxışı aid edə bilərik.
Enerji resurslarının məhdud olması nəticəsində hər bir ölkə enerji təhlükəsizliyi problemi ilə qarşılaşır və buna görə də müasir dünyada yanacaq-enerji resursları ilə təchizatı, həmçinin enerji effektivliyi dövlətin inkişaf səviyyəsinin mühüm indikator göstəricilərindən biri hesab olunur və beynəlxalq geosiyasətdə enerji resursları faktoru müstəsna əhəmiyyət daşıyır. Çətinlik doğuran digər bir vəziyyət isə yanacaq-enerji sərvətlərinin coğrafi yerləşməsindəki qeyri-bərabərliklə bağlıdır. Bu isə öz növbəsində dövlətlər arasında əməkdaşlığın və dialoqun güclənməsinə öz töhfəsini verir, yaxud da əksinə bu resurslar uğrunda müxtəlif siyasi çəkişmələrin formalaşmasını stimullaşdırır.
Avropa Komissiyası enerji təhlükəsizliyi konsepsiyasını “strateji ehtiyatların qorunması və ya iqtisadi tələblər üçün yetərli olmayan milli mənbələrin çatışmazlığı səbəbiylə gələcəkdə əhəmiyyətli problem yaradan enerji ehtiyaclarına qarşı əlçatan və sabit xarici mənbələr təmin etmək qabiliyyəti” olaraq təyin edir.
ABŞ tərəfindən qəbul edilmiş Milli Enerji Strategiyasında enerji təhlükəsizliyi üçün aşağıdakı ifadələr vurğulanmışdır: 1) Qlobal enerji siyasətləri qlobal iqtisadi böyüməni təmin etmək üçün tərtib edilməlidir; 2) Enerji təhlükəsizliyi xarici siyasət və iqtisadiyyatın ilk prioritetlərindən olmalıdır; 3) Enerji ehtiyatları və bütün nəqliyyat xətləri, xüsusilə boru kəmərləri və marşrutların təhlükəsizliyi təmin edilməlidir; 4) Enerji mənbələri dövlətlər əsasında şaxələndirilməli və asılılıq tarazlığı qorunmalıdır.
Ümumi bir qiymətləndirmə etsək, enerji təhlükəsizliyi konsepsiyasının enerji ixrac edən və enerji idxal edən dövlətlər üçün fərqli məna daşıdığını görürük. Enerji ehtiyatlarına sahib olan və istehsal edən ölkələr iqtisadi inkişafını təmin etmək üçün tələb müxtəlifliyini axtararkən, daha çox enerji istehlakçısı olan idxalçı ölkələr tədarük müxtəlifliyini izləyirlər. Bu tətbiq olunan enerji siyasəti sayəsində dövlətlər enerji təhlükəsizliyini təmin etməyə çalışırlar. Yarana biləcək hər hansı bir siyasi və iqtisadi böhranda, əsasən idxal edən dövlətlər enerji qıtlığı ilə qarşılaşmırlar; ixrac edən dövlətlər isə bir istehlakçıdan asılı olmayaraq enerjidən gəlir əldə etməyə davam edə bilərlər. Enerji idxal edən dövlətlər baxımından enerji təchizatı təhlükəsizliyini təmin etməyin ən yaxşı yolu, idxal edə biləcəkləri enerji mənbələri və bölgələrinin müxtəlifliyini təmin etməkdir. Enerji tədarükünün müxtəlifliyini təmin etmək bu dövlətlərin enerji strategiyalarının mərkəzindədir. Enerji təchizatı təhlükəsizliyinin təmin edilməsində iki əsas amil vardır. Bunlardan birincisi istifadə olunan enerji ehtiyatlarının, digəri isə qeyd olunan enerji ehtiyatlarının təmin edildiyi bölgələrin şaxələndirilməsidir. (5)
Azərbaycan Respublikası da zəngin ener­ji ehtiyat­larına, inkişaf etmiş yanacaq və enerji infra­strukturuna və enerji sisteminə malik ölkələrdəndir. Azərbaycanın enerji təhlükəsizliyi siyasətinin əsasları öz başlanğıcını 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”ndən götürmüşdür.
1994-cü il sentyabrın 20-də Azərbaycanın XX əsr tarixində siyasi, iqtisadi və strateji əhəmiyyətinə görə ən mühüm müqavilələrdən biri – Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” neft yataqlarının və “Günəşli” neft yatağının bir hissəsinin müştərək işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş - “Əsrin müqaviləsi” imzalanıb. Dəyəri 7,4 milyard dollar olan “Əsrin müqaviləsi”ndə dünyanın 7 ölkəsini (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanı) təmsil edən 11 beynəlxalq neft şirkəti (Amoco, BP, McDermott, UNOCAL, ARDNŞ, Lukoil, Statoil, Türkiyə Petrolları, Pennzoil, Ramco, Delta) iştirak edib. Bu razılaşma ilə Azərbaycanın enerji sektoruna 60 milyard dollar həcmində xarici sərmayə qoyuldu.
İlkin hesablamalara görə “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsində çıxarıla bilən neft ehtiyatı 511 milyon ton olsa da, sonralar yeni qiymətləndirmələrə əsasən, neft ehtiyatı 1.072 milyard ton həcmində müəyyən edilib. (10)
"Əsrin müqaviləsi" Azərbaycanın dünya ölkələri ilə qarşılıqlı əlaqələrinin genişlənməsinə və beynəlxalq mövqelərinin möhkəmlənməsinə güclü təkan verdi, Avropa Birliyinə inteqrasiya olunmasına, əsas dünya ölkələri, ilk növbədə, böyük dövlətlərlə dostluq və strateji əməkdaşlıq münasibətlərinin yaranmasına və inkişafına əlverişli imkan və müsbət zəmin yaratmışdır.
Enerji faktoru həm siyasi, həm də beynəlxalq layihələr baxımından Azərbaycanın siyasi və iqtisadi inkişaf problemlərinin həllində mühüm rol oynayır. Bu çərçivədə müstəqillik qazandıqdan sonrakı dövrdə neft sektorunun inkişafı və xarici şirkətlərlə əməkdaşlıq Azərbaycana böyük iqtisadi töhfə verdi. İlk növbədə, ölkə müasir texnologiyalarla təchiz edilmiş, neft sənayesinin aktivləri yenilənmiş, bu sahənin inkişafına kömək edəcək qurum və təşkilatlar inkişaf etdirilmiş, neft-təbii qaz sənayesinin infrastrukturu modernləşdirilmişdir. Bütün bunlara əlavə olaraq xarici şirkətlərin dövlət büdcəsinə ödədiyi vergilərin miqdarı artdı, minlərlə yeni müəssisə açıldı və nəticədə bütün bunlar əsas olan iqtisadi potensialın artmasına səbəb oldu. Neftdən əldə olunan mənfəətlə ölkənin müstəqil iqtisadi və investisiya siyasəti təmin edildi və ölkə əhalisinin yaşayış səviyyəsi yaxşılaşmağa başladı.
Geostrateji əhəmiyyətə malik olan Azərbaycanın müstəqilliyini qorumaq və möhkəmləndirmək üçün ən vacib aktorlarından biri olan enerji ehtiyatlarının dünya bazarına çatdırılması qlobal güclərlə yanaşı regional gücləri də üz-üzə qoydu. SSRİ-nin dağılmasından sonra Xəzər hövzəsi "Yeni Böyük Oyun" un səhnəsi oldu, Azərbaycan, təbii ehtiyatlarına əlavə olaraq Orta Asiya və Xəzərin enerji ehtiyatlarının Qərbə ötürülməsi baxımından strateji əhəmiyyətə malikdir. Azərbaycan coğrafi cəhətdən qapalı bir bölgə olduğundan və açıq dənizlərə birbaşa çıxışı olmadığından, bu ölkənin xam neftinin tankerlərə yüklənə bilməsi üçün ən yaxşı halda ən azı bir ölkənin, bəlkə də ən azı iki ölkənin sərhədini keçməlidir. Azərbaycanın qonşu ölkələri arasında, Rusiya, İran və Ermənistan kimi dostluq münasibətləri olmayan dövlətlərin olması da nəzərə alınması vacib olan amillərdəndir. Bölgədəki enerji boru kəmərləri təkcə iqtisadi deyil, həm də təbii olaraq geosiyasi bir problemdir. Bu çətin prosesdə strateji seçim etmək məcburiyyətində olan Azərbaycan, Qərblə əməkdaşlıq etməyə meyllənib Avropa və ABŞ-a yaxınlaşarkən, balans elementini qorumaq üçün qonşuları ilə, xüsusən də Rusiya və İranla tamamilə qarşı-qarşıya durmamağa diqqət yetirir.
Soyuq müharibədən sonra, Azərbaycan Xəzər hövzəsindəki maraqlar toqquşması baxımından bir geosiyasi açar ölkə olaraq dünya güc mərkəzlərinin diqqətini çəkdi. Beynəlxalq sistemdəki əvvəlki gücünü bərpa etmək istəyən Rusiya Federasiyası ilə Qərb arasındakı maraqlar toqquşmasının mərkəzinə çevrilən Azərbaycan, yeni müstəqillik qazanan digər respublikalardan fərqli olaraq Xəzər bölgəsində Rusiyadan asılılığına son qoymağı üstün tutdu və bu istiqamətdə bir strategiya hazırladı. Xəzərin açıq dənizlərə çıxışının olmamasından daha az təsirlənən Azərbaycan, bu dənizin qərbində yerləşdiyindən, SSRİ dövründə bölgədə enerji qaynaqlarının ötürülməsi üçün yaradılan mərkəzi sistemdən çıxaraq enerji transferində Rusiyadan asılı olmamaq siyasətini qəbul etdi. Rusiya Federasiyasının Xəzər bölgəsinin enerji ehtiyatlarının ötürülməsindəki inhisarçılığını ləğv edən Azərbaycan, yalnız öz enerji ehtiyatları baxımından deyil, həm də region ölkələrinin sahib olduğu ehtiyatların ötürülməsi baxımından da alternativ və etibarlı nəqliyyat marşrutlarının açılmasını təmin etdi. Bu müddətdə Qərbin Xəzər bölgəsinə və xüsusən də Azərbaycana marağı Azərbaycanın strateji mövqeyini gücləndirdi.
Soyuq müharibədən sonra Qərbin Azərbaycana marağı Rusiya və İran amillərindən təsirləndi. Rusiyanın Avrasiyadan Avropaya enerji yollarının inhisarına sahib olmasını istəməyən Qərb dövlətləri, bu istiqamətdə bölgə üçün strategiyalarını hazırladılar. Rusiya Federasiyasının Xəzər hövzəsi və Orta Asiya enerji mənbələri üzərində SSRİ dövründən yox olmasını istəyən qərb dövlətləri, bu məqsədlə Xəzərdə enerji qaynaqları olan ölkələrin Rusiyaya qarşı gücləndirilməsi üçün siyasi və iqtisadi dəstək təklif etdilər. (4)
Dünyanın siyasi və iqtisadi güc mərkəzləri (ABŞ, Avropa Birliyi ölkələri, Çin, Yaponiya və s.) enerji mənbələrinə sərbəst çıxış əldə etmək və öz enerji təhlükəsizliklərini təmin etmək üçün etibarlı, alternativ (heç bir ölkədən asılı olmayan) ixrac xəttlərini inkişaf etdirmək və idarə etmək cəhdlərinə başladılar. Belə bir mühitdə zəngin təbii sərvətlərə sahib olan və müstəqilliyini yenicə əldə etmiş Azərbaycan kimi bir ölkənin əsas strateji hədəflərindən biri də dünya güc mərkəzlərinin bu istəklərindən öz maraqlarına uyğun şəkildə istifadə edərək enerji mənbələrini dünya bazarına çıxarmaq oldu. (6)
Bu enerji strategiyasını reallaşdırmaq üçün Azərbaycan inkişaf etmiş dünya ölkələrinə, xüsusən də Qərbə yaxınlaşma strategiyasını seçmişdir. Beynəlxalq sistemin əsas güc mərkəzləri olan dövlətlər - ABŞ, Avropa Birliyi ölkələri təbii ener­ji ehtiyatları ilə zəngin olan Xəzər hövzəsi və Azərbaycana ciddi maraq göstərməyə başladılar və bununla da Azərbaycanın yeni enerji strategiyasını dəstəklədilər.
Avropa İttifaqı Şimali Amerika (NAFTA) və Şərqi Asiya (ASEAN) ilə birlikdə dünyanın ən böyük iqtisadi mərkəzlərindən biridir. Yalnız Aİ dünya brüt məhsulunun təxminən 24%-ni (yəni 72 trilyon dollar) istehsal edir və bu göstəricilər ilə siyahıya birincilik edir (Bu statistika İngiltərənin ittifaqa üzv olduğu dövrləri əhatə edir.). Bu statistikanı əsas götürsək, Aİ dünyanın ən böyük iqtisadiyyatı hesab olunur. Avropa İttifaqının iqtisadi sisteminin və bu səbəbdən qlobal iqtisadi sistemin sabit bir şəkildə işləməsi üçün, Aİ və qlobal bazarların iqtisadiyyatın təməl girişi olan enerjiyə təhlükəsiz şəkildə çatması böyük əhəmiyyət daşıyır. Bu gün Aİ iqtisadiyyatı üçün tələb olunan enerjinin 40%-ni neftdən, 25%-ni təbii qazdan, 17%-ni kömürdən, 12%-ni nüvə enerjisindən, 4%-ni su elektrik stansiyalarından və 2%-ni digər mənbələrdən alır. (2, s. 155-171) Aİ bu enerji qaynaqlarına sahib olmadığı və bu baxımdan xarici mənbələrdən asılı olduğu üçün bu mənbələri beynəlxalq bazarlardan almalıdır. Aİ-nin enerji təhlükəsizliyinə mənfi təsir göstərən ən vacib amil onun enerji müstəqilliyinə sahib olmaması və bu baxımdan xarici mənbələrdən asılı olmasıdır. Bu məsələ Aİ iqtisadiyyatının kövrək bir quruluşa sahib olmasına səbəb olur. Bu şərtləri nəzərə alaraq, Aİ üçün "fasiləsiz" və "sərbəst bazar şərtləri" daxilində enerji qaynaqlarına çatmaq çox vacibdir. Bu vəziyyət enerji təhlükəsizliyi məsələsini Aİ-nin gündəminə gətirdi.
Enerji təhlükəsizliyini Avropa İttifaqı baxımından qiymətləndirdiyimiz zaman, enerjinin Avropa və beynəlxalq bazarlara sərbəst və fasiləsiz, tələb olunan miqdarda etibarlı və müxtəlif təchizatçılardan və əlverişli qiymətlərlə nəql edilməsidir. Bundan əlavə, təmiz enerji mənbələrinə çıxış, enerjidən istifadədə yüksək səmərəliliyin təmin edilməsi, enerjidən istifadədə mənbələrin şaxələndirilməsi, daxili enerji istehsal imkanlarının araşdırılması və bütün bunlarla əlaqəli ətraf mühitin qorunması enerji təhlükəsizliyi baxımından Aİ üçün böyük strateji əhəmiyyətə malikdir.
Bu gün Aİ dünyanın ən böyük enerji idxalçısıdır. Mövcud statistik məlumatlara görə, Aİ-nin enerjidəki xarici mənbələrdən asılılığı 55%-dir. Aİ istehlak etdiyi neftin 84%-ni və təbii qazın 64%-ni idxal edir. Aİ bu enerji mənbələrini Şimali Afrika, Yaxın Şərq, Xəzər hövzəsi, Rusiya və Şimal dənizindən təmin edir.
Aİ-nin neft və təbii qaz ehtiyaclarını ödəmək üçün əhəmiyyətli bir qaynaq ölkəsi, Şimal dənizi üzərindəki Norveçdir. Aİ təbii qazının 28,2%-ni və neftinin təxminən 15%-ni Norveçdən idxal edir. Avropa qitə sisteminin bir hissəsi olan, ancaq ittifaqa üzv olmayan Norveçdən neft və təbii qaz idxalı ilə bağlı heç bir problem olmasa da, mütəxəssislərin Şimal dənizinin enerji qaynaqlarının 2030-cu illərdə azalacağı ilə bağlı israrlı olması Aİ üzv dövlətlərinin alternativ enerji mənbələrinə olan maraqlarını daha da artırdı. (2)
Aİ enerji ehtiyaclarını ödəmək üçün Xəzər hövzəsinə də yönəldi. Azərbaycan Aİ-nin enerji ehtiyaclarının ödənilməsində və Xəzər hövzəsində enerji təhlükəsizliyinin təmin edilməsində ən mühüm strateji mövqeyə malik ölkələrdən biridir. Aİ üçün Xəzərdə neft və təbii qaz ehtiyatlarının istehsalı və Avropaya nəqli üçün geosiyasi əhəmiyyətə malik olan Azərbaycanın açar dövlət olduğunu söyləmək ədalətli olardı. (11)
Soyuq müharibə bitdikdən və SSRİ-nin dağılmasından sonra Avropa İttifaqı yeni müstəqil olan dövlətlərlə diplomatik və siyasi əlaqələr qurdu, bu ölkələrdə demokratik sistemin qurulması və tələb olunan islahatların həyata keçirilməsinə kömək etdi. Beynəlxalq ticarət, nəqliyyat, gömrük sahələrində bazar iqtisadiyyatına keçidi təmin etmək üçün 1991-ci ildə "MDB Ölkələrinə Texniki Yardım" (TACIS) proqramını həyata keçirməyə başladı. Bu dövrdə Avropa Birliyi TACIS proqramı, "Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi" (TRACECA), "Neft və Təbii Qazın Avropaya Daşınması Dövlətlərarası Proqramı" (INOGATE), "Humanitar Yardım" (ECHO) və digər proqramlar çərçivəsində və ölkə iqtisadiyyatının inkişafına böyük töhfə verdi. (9)
Azərbaycan-Avropa İttifaqı münasibətlərini araşdırdıqda enerji amilinin çox əhəmiyyətli olduğunu görürük. Azərbaycanla Avropa İttifaqı arasında Fəaliyyət Planı hazırlanarkən, enerji və nəqliyyat sahəsində regional əməkdaşlığın gücləndirilməsi əməkdaşlığın ən vacib strateji hədəflərindən biri kimi göstərildi. 2006-cı ildə
Avropa Birliyi ilə Azərbaycan arasında Enerji
Sahəsində Strateji Tərəfdaşlıq haqqında Saziş Memorandumunu imzalayaraq, enerji sahəsində əlaqələrin inkişafına ilk addımı atdılar. Tərəflər arasında imzalanan Memorandumda enerji sahəsində əməkdaşlığın inkişafı üçün bir neçə hədəf müəyyən edilmişdir. Bu hədəfləri aşağıdakı kimi sıralamaq olar:
• mövcud Azərbaycan qanunlarının enerji sahəsində Aİ müddəalarına uyğunlaşdırılması üçün bir proqram yaratmaq;
• enerji ehtiyatlarının Azərbaycandan və Xəzər hövzəsindən Aİ-yə ixrac və nəqliyyat marşrutlarının təhlükəsizliyini gücləndirmək;
• Azərbaycanda Kioto Protokolu əsasında enerji qənaəti, bərpa olunan enerji və iqlim dəyişikliyi tədbirləri daxil olmaqla bir enerji tələbi idarəetmə siyasəti yaratmaq;
• texnologiya sahəsində əməkdaşlığı inkişaf etdirmək və bu sahədə ixtisaslaşmış kadrları ölkəyə gətirmək üçün mütəxəssis mübadiləsi proqramları yaratmaq. (1, s. 45-52)
Bu günədək bu hədəflər Azərbaycan-Avropa İttifaqının enerji sahəsində əməkdaşlığı çərçivəsində həyata keçirilməyə davam edir.
Uzun illərdir ki, Azərbaycan Aİ-nin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır və bunun təməli 20 sentyabr 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ilə qoyulub. Beləliklə, Azərbaycan Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum təbii qaz kəməri ilə Avropaya imzaladığı beynəlxalq neft və qaz müqavilələri çərçivəsində hasil etdiyi neft və təbii qazın nəqlinə başlayaraq Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm strateji rolu öz üzərinə götürdü.
Aİ-Azərbaycan münasibətlərini araşdırdıqda qarşılıqlı əməkdaşlığın ən vacib ölçüsünün enerji olduğunu görürük. Əslində Aİ-nin Azərbaycanla imzaladığı bütün sənədlərdə və Azərbaycanın qatıldığı bütün proqramlarda enerji məsələsi ayrıca bir başlıq altında müzakirə edilirdi. Digər tərəfdən, 2006-2007-ci illər arasında Azərbaycan Avropanın enerji təhlükəsizliyi ilə bağlı üç mühüm tədbirə qatıldı. Dördüncüsü isə Azərbaycan tərəfindən təşkil edilmiş və 2008-ci ilin noyabrında Bakıda keçirildi. Bu hadisələr nəticəsində Azərbaycanın Avropanın enerji təhlükəsizliyini təmin etmək məqsədi ilə irəli sürülən "Cənub Dəhlizi" enerji layihəsində iştirakı da nəzərdə tutulmuşdu. (3)
2011-ci ildə Avropa Komissiyası ilə imzalanan "Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamə" Avropa İttifaqı ilə əməkdaşlıqda tamamilə yeni mərhələnin əsasını qoydu. Hazırda “Cənub Qaz Dəhlizi”nin (CQD) icrasında yeddi ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya iştirak edir, eyni zamanda üç Balkan ölkəsi - Bosniya və Herseqovina, Xorvatiya və Monteneqronun da növbəti mərhələdə bu layihəyə qoşulacağı gözlənilir. Gələcəkdə CQD-nin yeni qollarının yaranması proqnozlaşdırılır ki, bu da daha çox Avropa ölkəsinə Azərbaycan qazının ixracına imkan yaradacaq.
“Cənub Qaz Dəhlizi” Aİ-nin enerji siyasətinin tərkib hissəsidir. İllərdir ki, Avropa İttifaqının üzv dövlətlərində təbii qazın istifadəsi və idxalı artmışdır. Avropada təbii qaz istehsalı azalmış və idxaldan asılılıq artmışdır. Əvvəlki kəsilmələrə və məhdudiyyətlərə və perspektivli enerji təchizatı kəsintilərinə reaksiya olaraq, ABŞ-ın köməyi ilə Avropa səlahiyyətliləri tədarükün şaxələndirilməsi alternativlərini axtararaq enerji təhlükəsizliyini artırmağa başladılar. Şaxələndirmə yanaşması ilə ABŞ-ın enerji təhlükəsizliyi baxışının əksinə olsa da, bu cür reaksiyalardan biri, bəzi Aİ ölkələri tərəfindən Rusiya qazı üçün alternativ tranzit yollarının təşviq edilməsi seçimi idi. Bu proses Avropanı təbii ehtiyatlarından siyasi məqsədlər üçün istifadə edən Rusiyadan daha çox asılı vəziyyətə gətirdi, çünki Rusiya Avropanın əsas qaz təchizatçısıdır. “Cənub Qaz Dəhlizi”, Aİ-nin Rusiyadan asılılığını azaltmaq məqsədilə Avropaya marşrutların və qaz ehtiyatlarının şaxələndirilməsini təşviq etmək üçün Avropa Komissiyası tərəfindən irəli sürülmüş layihədir. Vaşinqtonun bölgədəki maraqlarından dolayı, “Cənub Qaz Dəhlizi” yalnız Aİ üçün deyil, həm də ABŞ üçün geosiyasi əhəmiyyət daşıyır. Bu da ABŞ-ın Aİ-nin səylərini fəal şəkildə dəstəkləməsinin əsas səbəbi idi. Layihə başlayandan bəri Dəhlizin yolu və miqyası Rusiyanın qaz inhisarı olan "Qazprom"un Aİ enerji bazarındakı maraqları, eləcə də Rusiyanın Xəzər dənizi bölgəsindəki siyasi maraqları ilə toqquşur. Buna görə Moskva layihənin həyata keçirilməsini əngəlləməyə, maliyyə və texniki məqsədəuyğunluğunu şübhə altına almağa çalışdı. Bu hədəfə çatmağın yollarından biri alternativ boru kəməri – “Mavi axın 2”-nin inkişafına və hal-hazırda “Cənub Qaz Dəhlizi” ilə eyni bazarlara qaz tədarük etməyi hədəfləyən “Cənub axını” layihəsini dəstəkləmək idi. Rusiya 2009-cu ildə bu qaz istehsalçılarının Avropaya alternativ yol tapmaq marağını azaltmaq üçün Mərkəzi Asiya qazı üçün daha çox ödəyəcəyini bildirdi. O, indiyə qədər Cənub Dəhlizi üçün yeganə təhlükəsiz qaz mənbəyi olan Şahdəniz yatağında çıxarılan bütün qazı almağı təklif etdi. Lakin bu günə qədər Moskvanın cəhdləri istənilən nəticəni vermədi. “Cənub Qaz Dəhlizi” layihəsi Avropa Birliyinin əsas enerji və geosiyasi təşəbbüsü olaraq qalacaq və Azərbaycan qazını Aİ-yə ixrac etməkdə maraqlıdır. (7)
Enerji strategiyasının məqsədi, çox güclü, genişmiqyaslı qaz dəhlizi formalaşdırmaqdır. Xəzərin Azərbaycan sektorunun qaz-kondensat ehtiyatları ilə zəngin olduğu nəzərə alınaraq, “Cənub Qaz Dəhlizi” sistemi elə layihələndirilib ki, gələcəkdə mümkün əlavə qaz həcmlərinin təchiz edilməsi üçün onun seqmentlərinin hər birinin, o cümlədən, TAP-ın ötürücülük gücü artırıla bilsin. Gələcəkdə Türkmənistan və Qazaxıstan Avropa bazarına öz böyük qaz resurslarını ixrac etmək üçün həyata keçirilən infrastrukturdan istifadə edə bilər. Eləcə də İran və İraqın da qaz və enerji ehtiyatlarının əlavə edilməsi mümkündür. Bu, Xəzər dənizindən Avropanın ürəyinə uzanan yolda bütün ölkələrə fayda gətirməsi üçün nəzərdə tutulan unikal bir layihədir.
CQD Xəzər dənizinin qaz resurslarını ilk dəfə birbaşa Avropa bazarlarına çıxararaq, bütöv regionun enerji xəritəsini dəyişir. Digər tərəfdən, təbii qaz 2040-cı ilə qədər ildə 1,5-1,8% artaraq ən tez hasil edilən yanacaq növü olacaq. Həmin dövrdə qlobal ümumi təbii qaz ixracı 50% artacaq və ekspertlərin proqnozlarına görə, Avropa bazarı bu artımın çoxunu özünə cəlb edəcək ki, bu da CQD infrastrukturunun önəmini bir daha artırmış olacaq. CQD üzrə ixrac olunacaq qaz həcmləri ilə bağlı idxalçı dövlətlərlə 15 il müddətinə razılaşmanın bağlanması isə əlbəttə ki, layihəni digər alternativlərindən üstün edən başlıca amillərdən biridir. Hələ də tikilməkdə olan, idxal bazarı perspektivləri qeyri-müəyyən olan layihələrlə müqayisədə CQD-nin əsas üstünlüklərindən biri layihənin Aİ tərəfindən təsdiq olunmasıdır. Bu dəhlizin başa çatması ölkəmizə böyük məbləğdə kapitalın daxil olmasına şərait yaradacaq, nəticə etibarı ilə bu, Azərbaycanın milli gəlirinin formalaşmasının şaxələndirilməsi üçün əlavə imkanlar verəcək. Hazırda "Şahdəniz" yatağının hər iki mərhələsindən gəlirlərimizin 100 milyard ABŞ dollarından çox olacağı proqnozlaşdırılır, lakin gəlirlərin daha çox ola biləcəyi də istisna edilmir, orta və uzaq perspektivdə Azərbaycanın özünün də Avropa ölkələrinə qaz ixracında tranzit ölkə kimi çıxış edə biləcəyi qeyd edilir.
Layihənin əhəmiyyəti ilə bağlı məşhur Amerika nəşri "Forin Polisi"də dərc olunmuş, müəlliflərinin Lük Koffi və Əfqan Nifti olduğu "Azərbaycan Qərbə nəyə görə lazımdır?" məqaləsində də bu suallara cavab verilir, Azərbaycanın Şərqlə Qərb arasında enerji təchizatında, mal dövriyyəsində və rəqəmsal kommunikasiyalarda vacib rol oynadığı vurğulanır. (8)
Beləliklə, Azərbaycanın Aİ və bölgə ölkələrinin enerji təhlükəsizliyi sistemindəki strateji rolu gündən-günə artır. Cənub Qaz Dəhlizinin reallaşması və gələcəkdə Türkmənistan və İran təbii qazının Avropaya nəqli dövründə Azərbaycanın tranzit ölkə rolunu oynayacağı bu ölkənin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində geostrateji əsas ölkə mövqeyini sübut edir.

Açar sözlər: Enerji, enerji təhlükəsizliyi, Avropa İttifaqı, Azərbaycan, “Cənub Qaz Dəhlizi” layihəsi.

Ədəbiyyat siyahısı
1. Aydın, Ü. (2014). Avrupa Birliği‟nin Enerji Politikaları: Bakü Petrollerinin Lojistik Boyutu, Uluslarası Hukuk ve Politika, Cilt 10, Sayı 40, 188 s.
2. Cerrah,U. (2015). Enerji Güvenliği ve Avrupa Birliği, Enerji Diplomasisi (Ed) H.Çomak, C. Sancaktar, Z. Yıldırım, İstanbul: Beta Yayınevi, 190 s.
3. Şahbazov, R. (2015). Yeni Küresel Sistemde Avrupa Birliği ve Güney Kafkasya Genişleme ve Komşuluk Politikası Ekseninde, Ankara: EkoAvrasya Yayınları.
4. Telli, A. (2015). Azerbaycan Enerji Diplomasisi, Enerji Diplomasisi (Ed) Çomak, H., Sancaktar,C., Yıldırım, Z., İstanbul: Beta Yayınevi.
5. Uğurlu, Ö. (2009). Çevresel Güvenlik ve Türkiye’de Enerji Politikaları, İstanbul: Örgün Yayınevi.
6. Vəliyeva, T. (2014). Avropa İttifaqı və Azərbaycan əməkdaşlığının inkişaf dinamikası, Strateji Araşdırmalar Mərkəzi, Sayı 2(9), Pamir, N. (2007). Küresel Enerji Politikaları ve Türkiye, Enerji Sempozyumu-Küresel Enerji Politikaları ve Türkiye Gerçeği, Ankara.
7. Jarosiewicz, A. “Southern Gas Corridor managed by Azerbaijan and Turkey” 2012, Centre for eastern studies, issue 86
8. Luke Coffey, Efgan Nifti “Why the West needs Azerbaijan?”, Foreign Policy 2018, https://foreignpolicy.com/2018/05/28/why-the-west-needs-azerbaijan/
9. https://azerbaijan.az/related-information/193
10. https://president.az/azerbaijan/contract
11. https://www.researchgate.net/publication/339617099_AZERBAYCAN-AVRUPA_BGRLGGG_GLGgKGLERGNDE_ENERJG_FAKTORU

THE ROLE OF AZERBAIJAN IN
EUROPE'S ENERGY SECURITY

Summary
Due to the limited energy resources, every country faces the problem of energy security, and therefore in the modern world, the supply of fuel and energy resources, as well as energy efficiency is one of the important indicators of the state's development and energy resources in international geopolitics. The Republic of Azerbaijan is also one of the countries with rich energy resources, developed fuel and energy infrastructure and energy system. The foundations of Azerbaijan's energy security policy date back to the 1994 Treaty of the Century. To implement this energy strategy, Azerbaijan has chosen a strategy of rapprochement with developed countries, especially the West. The European Union is one of the global power centers where Azerbaijan's political and economic relations have developed since regaining its independence. The most important reason for the development of Azerbaijan-EU relations is Azerbaijan's energy sources. It is the EU that intends to reduce its dependence on Russia and diversify its resources to ensure energy security. That is why the EU attaches great importance to energy cooperation with Azerbaijan. In this regard, the article discusses the role of Azerbaijan in Europe's energy security.

Keywords: Energy, energy security, the European Union, Azerbaijan, “Southern Gas Corridor” project.

РОЛЬ АЗЕРБАЙДЖАНА В ЭНЕРГЕТИЧЕСКОЙ БЕЗОПАСНОСТИ ЕВРОПЫ

Резюме
Из-за ограниченности энергоресурсов каждая страна сталкивается с проблемой энергетической безопасности, и поэтому в современном мире обеспечение топливно-энергетическими ресурсами, а также энергоэффективность являются одним из важных показателей развития государства и энергоресурсов в международной геополитике. Азербайджанская Республика также является одной из стран с богатыми энергоресурсами, развитой топливно-энергетической инфраструктурой и энергетической системой. Основы политики энергетической безопасности Азербайджана восходят к Договору века 1994 года. Для реализации этой энергетической стратегии Азербайджан избрал стратегию сближения с развитыми странами, особенно с Западом. Европейский Союз является одним из мировых центров силы, в котором политические и экономические отношения Азербайджана развиваются после восстановления независимости. Важнейшей причиной развития отношений между Азербайджаном и ЕС являются источники энергии Азербайджана. Именно ЕС намеревается снизить свою зависимость от России и диверсифицировать свои ресурсы для обеспечения энергетической безопасности. Вот почему ЕС придает большое значение энергетическому сотрудничеству с Азербайджаном. В этой связи в статье рассматривается роль Азербайджана в энергетической безопасности Европы.

Ключевые слова: Энергия, энергетическая безопасность, Европейский Союз, Азербайджан, проект «Южный газовый коридор».