NEOMİLLİYYƏTÇİLİK SİYASİ CƏRƏYANININ SƏCİYYƏVİ XÜSUSİYYƏTLƏRİ

Post image

Nihad YAQUBLU
Bakı Dövlət Universitetinin doktorantı

E-mail: [email protected]

Milliyyətçilik, əslində, tarixən yeni bir anlayış olub, XVIII-XIX əsrlərdə meydana gəlməyə başlamışdır. Sadəcə, bu fenomen o qədər dinamik və güclüdür ki, ictimai həyatın demək olar ki, hər sahəsinə nüfuz edir və nəticədə səhvən hər zaman onun mövcud olduğu güman edilir. Son əsrlərdə millətçilik ictimai həyatı formalaşdıran, siyasətdə danılmaz dərəcədə önəmli rol oynayan bir faktora çevrilmişdir.
Milli şüurun oyanması prosesi çoxşahəli, uzun və keşməkeşli proseslərin qarşılıqlı əlaqəsi nəticəsində baş vermişdir. Alimlər, adətən, milliyyətçi instinktinin Avropada dinin rolunun azalması, sənayeləşmə, urbanizasiya, yeni pul və bazar münasibətlərinin meydana gəlməsi, liberal və maarifçi dəyərlərin yayılması ilə təşəkkül etdiyini söyləyirlər. Bu cərəyanın meydana gəlməsi ilə dövlətləri monarx və kralların yerinə xalqın birbaşa və ya təmsilçilik yolu ilə seçdiyi şəxslər idarə etməyə başlamışdır.
Milli dövlət anlayışının yaranmasını alimlər 1648-ci il Vestfaliya sülhü ilə əlaqələndirirlər. XVI əsrdə Katolik kilsəsinin fəaliyyəti ilə razılaşmayan xristian qruplar dində reformasiyalar etmək qərarına gəlmişdilər. Baş verən islahatlar avtoritetli təbəqələrin sorğulanmasına, ümumi status-kvonun dəyişməsinə gətirib çıxartdığından hökmdarlar və Katolik kilsəsi buna kəskin şəkildə etiraz edir, Avropanın müxtəlif yerlərində ziddiyyətlər böyüməyə başlayırdı. Hər konfliktdə olduğu kimi, bu qarşıdurmada da yalnız bir yox, müxtəlif səbəblər var idi: dindəki islahatlarla gücünü itirməkdən ehtiyat edən yuxarı təbəqə öz hökmranlığını saxlamağa, illərlə əzilən aşağı təbəqə isə reformasiyalar adı altında daha çöx hüquq və yaxşı həyat şəraiti əldə etməyə çalışırdı.
1555-ci ildə katoliklər və lütheran protestantlar arasında Auqsburq sazişi imzalansa da, ixtilaf bitmədi. Gərginliklər yenidən getdikcə artmağa başladı və tərəflər 1618-ci ildə böyük insan itkisi ilə müşahidə olunacaq otuz illik müharibəyə qədəm qoydu (1). Müharibənin sonunda əldə olunan sazişə görə hər bir dövlətin öz ərazisi və əhalisi üzərində suverenlik prinsipi reallıqda bərqərar oldu. Buna görə də alimlər ərazi bütövlüyü və digər dövlətlərin daxili məsələlərinə qarışmamaq kimi beynəlxalq hüquqi konsepsiyaların köklərini bu hadisə ilə bağlayır, bunu çox zaman ümumi olaraq Vestfaliya suverenliyi adlandırırlar.
Xristianlıqdakı islahatlar kilsənin dini məsələlərdə iyerarxiyasını əlindən almış, dinin hər şəxsin fərdi şəkildə öz təfəkkürü ilə başa düşməsi lazım olan bir məfhum olduğu fikri möhkəmlənmişdi. Bu, Avropada sorğulamağı və individualizmi tətiklədi. Lakin Martin Lüter — reformasiyalar dövrünün ən görkəmli şəxsi — həm də fövqəltəbii hadisələrin çoxdan bitdiyini, Tanrının artıq möcüzələr yolu ilə dünyaya müdaxilə etmədiyini söyləyirdi. Bu insanları təbiəti və təbiətin qanunlarını öyrənməyə, elmlə (xüsusilə, dəqiq elmlərlə) maraqlanmağa sövq etdi. Nəticədə, Avropada fərdiyyətçilik, sorğulamaq və elmçilik sürətlə güclənməyə başladı (2, s. 43-59).
Elə XVIII əsrin sonuna qədər davam edən, tarixdə Maarifçilik adlanan dövr də mahiyyətcə sekulyarlığı, vicdan və düşüncə azadlığını, din və dövlətin ayrılmasını, liberal dəyərləri və tərəqqini təbliğ edirdi (3, s. 228-274). Maarifçilik üçün ən ali dəyər insan təfəkkürü və rasionallıq idisə, o zaman bunlardan ən yaxşı istifadə edə bilənlər səlahiyyət sahibi olmalı idilər. Bu konfrontasiya ilə Avropa və sonra da dünya tamamilə inqilabi bir mərhələyə qədəm qoydu.
Bir müddət sonra Avropada krallara və monarxlara qarşı kütləvi üsyanlar, qarşıdurmalar geniş vüsət aldı. Milliyyətçiliyin müasir anlamda ilk dəfə həmin dövrdə istifadə olunduğunu demək olar. Bu dövrdəki milliyyətçilik əslində etnik motivli yox, humanitar mərkəzli, qayəsi insan rifahını artırmaq olan “millətçilik” idi. Bu dövrdəki milliyyətçilik, xüsusilə, bir xalqın özünü idarə etməsi və öz müqəddəratını təyin etməsi amalını daşıyırdı.
Lakin milliyyətçiliyin meydana gəlməsində dəyişən sosial-iqtisadi münasibətlərin də böyük rolu olmuşdur. Sənayeləşmə və şəhərləşmə nəticəsində ölkənin müxtəlif yerlərindən insanlar şəhərlərə köçdüyündən fərqli mənsubiyyətlərdən olan insanlar birgə yaşamağa başlamışdılar. Dinin rolunun azalması və bu cür müxtəlifliklər fonunda insanların özlərini müəyyən qrup kimliyi ilə identifikasiya etmək tələbatı yarandı — bu da milliyyət kimliyi oldu.
XVIII əsrin sonu-XIX əsrdə Romantizm cərəyanın meydana gəlməsi ilə milliyyətçilik yeni bir şəkil aldı. Milliyyətçilik daha romantik, subyektiv və emosional bir formada özünü təzahür etdi. Öz millətini sevmək, öz milli mənsubiyyəti ilə öyünmək, onu digərlərindən üstün tutmaq kimi meyillər güclənməyə başladı. Özündə bədii ideallaşdırmanı ehtiva edən bu cərəyanın təsiri nəticəsində klassik milliyyətçilik yaranmış oldu. Romantizmin bu qədər geniş surətdə yayılmasının əsas səbəblərindən biri dinin rolunun azalması ilə insanlarda yaranmış ruhi və mənəvi tələbatı ödəmə ehtiyacı idi.
Göründüyü kimi, milliyyətçilik ilk yarananda proqressiv bir fenomen idi, lakin romantik və idealist yanaşmalarla yoğrulduqdan sonra o, tez bir zamanda çoxsaylı konfliktlərə, qətliamlara, kütləvi qırğınlara, soyqırımlara, etnik zəmində düşmənçiliyə, irqçiliyə və işğallara gətirib çıxartdı. Xüsusilə, İkinci Dünya müharibəsi çoxsaylı insan itkisinə və görünməmiş dağıntılara səbəb oldu. Hadisələrin episentrində də Avropa var idi. Hər iki dünya müharibəsi burada, bu qitənin dövlətləri tərəfindən başlanmışdı. Avropa buna son qoymalı, gələcəkdə oxşar faciələrin təkrarlanmaması üçün preventiv, konstrukiv və qəti addımlar atmalı idı. Ən ağlabatan yanaşma milliyyətçilik kimi subyektiv meyillərdən imtina edib, daha çoxtərəfli bir siyasi xətt yürütmək idi. Bu səbəbdən Avropa iqtisadi, siyasi, ictimai məsələləri həll etmək üçün müxtəlif beynəlxalq, dövlətlərarası qurumların və regional təşkilatların yaradılmasına çalışdı. Beynəlmiləlçilik və bölgəsəl inteqrasiya Avropada milliyyətçiliyin tətiklədiyi işğallara, müharibələrə və düşmənçiliklərə son qoyar, qitənin xalqlarını barış dolu parlaq bir gələcəyə aparardı. Və görülən tədbirlər tez bir zamanda öz bəhrəsini verdi: ağır itkilər və dağıntılardan yorulan xalqlar nəticədə daha sülhpərvər, qarşılıqlı əməkdaşlığı təlqin edən bir yola qədəm qoydular.
XX əsrin ortalarından etibarən Birləşmiş Millətlər Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, Ümumdünya Ticarət Təşkilatı kimi qlobal miqyaslı qurumlar, Avropa İttifaqı, Avropa Şurası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı kimi regional təşkilatlar və digər beynəlxalq institutlar yaranmağa başladı. Regional inteqrasiya modeli çox uğurlu oldu və Avropadan başqa digər bölgələr də bu yolu tutdular. Dünyada çoxtərəflilik, müxtəlif sahələrdə dövlətlərarası əməkdaşlıq təcil qazandı. Milliyyətçilik kimi nativist, birtərəfli və subyektiv yanaşmalardan uzaqlaşıb iqtisadi və siyasi-ictimai məsələlərdə liberal prinsipləri mənimsəmək həm dünya, həm də region ölkələri üçün böyük qazanc oldu.
Milliyyətçilik hissi ortaq mədəni bağlara, tarixi keçmişə, irqə və etnik kimliyə sahib olmaq kimi instinktləri özündə ehtiva edirdi. Hər hansı bir sosial qrupa aid olma hissi beynəlxalq əməkdaşlıq və regional kooperasiya nəticəsində genişlənirdi. Avropa xalqları arasında bu genişlənmiş nativist sentiment və ya “genişlənmiş kimlik” hissi tamamilə başqa mədəni dəyərlərə və dünyagörüşünə sahib şəxslərin immiqrasiyası ilə güclənməyə başladı. Və nəticədə bir növ “sivilizasional nativizm”, “sivilizasional milliyyətçilik” yaranmağa başladı. Yəni artıq insanlar əvvəllər olduğu kimi özlərini hər hansısa bir milliyyətin üzvü kimi identifikasiya eləmək yerinə, daha geniş bir topluluğun üzvü kimi, daha geniş bir kimliyin sahibi kimi identifikasiya eləmək ehtiyacı gördülər. Və Avropa üçün də bu Avropalı kimliyi, Avropa sivilizasiyasına mənsubluq hissi idi. Artıq fransızlar və almanlar bir-birlərini təhlükə olaraq görmürdülər, əsl təhlükə başqa dindən, mədəniyyətdən və qitələrdən olan şəxslərdən idi. Buna görə də müasir neo-milliyyətçilik cərəyanının üzvləri hesab olunan şəxslər və ya siyasi partiyalar islamafobik, sinofobik və qaradərililəri hədəf alan irqçi ritorikalar sərgiləyirlər (4, s. 15). Afrika, Asiya və Yaxın Şərqdən olan insanların Avropaya gəlməsi, yaşadığı cəmiyyətləra tam inteqrasiya etməməsi və ümumi demoqrafik dəyişiklik özünü Avropa sivilizasiyasına aid edən, avropalı kimliyini mənimsəyən əhali tərəfindən narahatlıqla qarşılandı. Xüsusilə, son illərdə radikal dini zəmində törədilmiş terror hadisələri bu narahatlığı daha da artırmış, daha aqressiv, opportunist sağçı qrupların müxtəlif seçkilərdə uğurlu nəticələr qazanmasına gətirib çıxarmışdır.
Hadisələrin bu cür inkişafı Samuel Hantinqtonun illər öncə irəli sürdüyü Sivilizasiyaların toqquşması hipotezini ağıllara gətirir. Düzdür, tarix göstərmişdir ki, alimin önə sürdüyü fikirlərin əksəriyyəti yanlışdır: məsələn, dövlətlərin, məhz onun ayırd elədiyi kimi, sivilizasiyalara bölünməsi və onların sivilizasional-kültürəl fərqliliklər səbəbindən konfliktə girməsi həqiqətə uyğun deyil. Lakin onun iddia etdiyi kimi gələcəkdə xalqlarda yeni “sivilizasiya şüuru” formalaşacağı düşüncəsi müəyyən dərəcədə, ən azından Avropa kontekstində özünü tapmışdır (5, s. 36).
Yeni nativist milliyyətçilik və genişlənmiş kimlik haqqında danışarkən qeyd etmək lazımdır ki, Avropanın heç də hər yerində ortaq bir kimliklə özünü assossasiya etmək eyni dərəcədə deyildir. Misal olaraq, Fransız neo-milliyyətçilər özlərini daha çox İsveçrə və ya Niderland xalqı ilə bir sosial qrupa aid olduğunu düşünür, nəinki bolqarlarla. Şimali, Qərbi və ya Cənubi Şərqi Avropa subregionlarında məskunlaşmış xalqların öz dəyərləri və dünyagörüşləri mövcuddur, bu kimi səbəblərdən qitənin bu subregionlarında yaşayanlar digərlərilə eyni dərəcədə həmrəylik və ya birlik hiss etmirlər. Fəqət, şübhəsiz ki, Avropalı üst-kimliyi hər dövlətdə müəyyən dərəcədə formalaşmışdır.
Neomilliyyətçilik millIiyyətçilikdən həm də xarici siyasət baxımından fərqlənir. Milliyyətçilik tarixi olaraq (xüsusilə romantizm və idealizmin təsirlərindən sonra) territorial ekspansiyaya, irredentizmə, müxtəlif işğallara və müharibələrə bəraət qazandırmışdır. Lakin neomilliyyətçilik mahiyyətcə ekspansionist deyil və təcridçiliyi dəstəkləyir. Bunun da əsas səbəbi yad hesab etdiyi dövlət, mədəniyyət və dinlərdən olan xalqlarla əlaqələri mümkün qədər azaltmaq və immiqrasiyanın qarşısını almaqdır. Xüsusilə, Qərbin Yaxın Şərqə birbaşa müdaxilələri (İraq işğalı, Liviya və Suriyada vətəndaş müharibələri və s.) nəticəsində milyonlarla insan öz yerindən köç etməyə məcbur olmuşdur. Yaranan qaçqın böhranları nəticəsində tamamilə başqa bölgələrdən Avropaya yüzminlərlə insan axın etmiş, daxildə ictimai və iqtisadi problemlər yaranmışdır. Qərbin müdaxiləçi xarici siyasətinin elə onun özünə ciddi mənfi nəticələr göstərdiyinə görə yeni milliyyətçi cərəyan avantürist siyasi xətti qəti şəkildə pisləyir.
Nəticə etibarı ilə neo-milliyyətçilik milliyyətçiliklə müqayisədə daha inklüzivdir. Neomilliyyətçilik öz sələfi kimi “etnik saflıq” və ya hər hansısa bir etnosun irqi üstünlüyündən daha çox ictimai həmrəyliyin önəmini vurğulayır. Bu o deməkdir ki, neomilliyyətçilər antiimmiqrant mövqe sərgiləsələr belə, immiqrantların yaşadığı ölkəyə və cəmiyyətə uğurlu şəkildə inteqrasiya etməsini alqışlayırlar və tələb edirlər.
Neomilliyyətçilik mahiyyətcə antiqlobalist, nativist və populistdir. Lakin burada paradoksallıq mövcuddur: bu cərəyan qlobalizmə reaksiya olaraq meydana gəlsə də, o əslində həmin yeni milliyyətçilik fenomeninin qloballaşmasına yol açmışdır. Artıq təkcə Avropada yox, dünyanın müxtəlif yerlərində oxşar tendensiyalar yayılmağa və siyasi diskursa təsir etməyə başlamışdır. Digər maraqlı məqam isə özlərinə (yeni) milliyyətçi deyən siyasi qrupların bir-birilə sıx əməkdaşıq etməsi və dəstək göstərməsidir. Milliyyətçiliyin məğzində eyni linqvistik keyfiyyətləri, tarixi, irqi, kültürəl dəyərləri daşıyan bir etnik qrupa bağlılıq və milli maraqları təbliğ etmək dayandığından, özünü milliyyətçi olaraq adlandıran şəxslərin beynəlxalq müstəvidə fəal tərəfdaşlıq etməsi bir çoxları üçün gözlənilməz olmuşdur.
Qloballaşma və neoliberal iqtisadi praktikaların iqtisadi bərabərsizlik yaratdığı və ya mövcud bərabərsizlikləri daha da kəskinləşdirdiyi fikri neo-milliyətçilər üçün danılmaz həqiqətdir. Bu səbəbdəndir ki, onlar çox zaman özlərini antielitist kimi təqdim edirlər. BMT və Aİ kimi təşkilatlardakı institusional problemlər və çatışmazlıqlar qitədə insanların bu tip siyasi cərəyanlara meyillənməsinə imkan yaratmışdır. Xüsusilə, Aİ 2008-ci il iqtisadi böhranı, qaçqın böhranı və indiki yeni koronavirus epidemiyası ilə mübarizədə köhnəlmiş institusional mexanizmlər səbəbindən əziyyət çəkməsinə baxmayaraq, hələ də effektiv struktural dəyişikliklər və islahatlar edə bilməyib. Bu, Avropanın ən önəmli əməkdaşlıq modelinin ən böyük problemlərindən biridir. Lazımi islahatların aparılmaması və ya aparıla bilməməsi müxtəlif konspirasiya teoriyalarının yayılmasına yol açmış, ittifaqın daxilində quruma olan güvəni azaltmışdır. Mövcud vəziyyəti neomilliyyətçi siyasi qrup­lar müvəffəqiyyətlə öz xeyirlərinə görə istifadə etmişdir.
Avropanın, demək olar ki, hər yerində belə siyasi axınlara maraq və dəstək artıb. Almaniyada AFD partiyasının, Polşada hakimiyyəti təmsil edən Birləşmiş Sağ siyasi ittifaqının, Fransadakı Milli Cəbhə Partiyasının neomilliyyətçi siyasi yanaşmalara sahib olduğunu deyə bilərik.
Qeyd etdiyimiz kimi, neomilliyyətçilik cərəyanında paradoksal və çaşdırıcı məqamlar çoxdur. Bu cərəyanın müxtəlif ölkələrdə dəstəkçiləri və tərəfdaşları mövcuddur. Neomilliyyətçiliyin özü də identifikasiya olaraq sərhədləri aşır: o Avropa sivilizasiyasını və qərbli kimliyini əhatə edir. Fəqət neomilliyyətçi siyasi hərəkatlara baxdıqda onların həm də eyni anda daxildə etnik-milli kimliyin möhkəmlənməsini təşviq edən siyasi xətt yürütdüyü məlumdur. Bu, daxili milli kimliyin və avropalı-qərbli üst kimliyinin bir-birinə dəstəkçi və tamamlayıcı olduğuna işarədir. Milli kimliyin möhkəmlənməsinə çalışmaq avropalı millətlərin arasında vaxtilə mövcud olmuş köhnə düşmənçiliklərin yenidən alovlanmasına imkan yaratmır, çünki bu, immiqrantlara və digər yad he­sab olunan millətlərə qarşı atılan addımdır. Əksinə, avropalı xalqların öz daxili milli kimliklərini yenidən mənimsəmələri onların Avropa və Qərb sivilizasiyasına aid olmalarına bir sübutdur. Misal üçün, fransız və ya alman mədəniyyəti Avropa sivilizasiyasına böyük töhvə verdiyi üçün, hətta onun əsas sütunlarından sayıldığı üçün, indiki geosiyasi və geoiqtisadi mühitdə bu kimliklərin tərənnümü klassik milliyətçilik kontekstində deyil, qərbli-avropalı üst kimliyinin təbliği mənasında başa düşülür. Neomilliyyətçilik bir növ populist milliyyətçilikdir. Bu anlamda o, populizmin bir çox cəhətlərini özündə ehtiva edir: məsələn, yeni milliyyətçi siyasi liderlər özlərini adi xalqın (xüsusilə aşağı və aşağı-orta təbəqənin) təmsilçisi olduğunu və “korrupsiyaya qurşanmış elitaya” qarşı mübarizə apardıqlarını iddia edirlər. Eyni zamanda, təmsil etdikləri əhali üçün “xarici təhlükələr” yaradır və onlardan qorunmağın vacibliyini dilə gətirirlər. Bu xarici təhlükələr neo-milliyyətçilik kontekstində immiqrantlar və qitə üçün özgə hesab olunan kültürlərin nümayəndələridir. Onlar həm də elitanın xarici təhlükələrlə birlikdə adi xalqın əleyhinə müxtəlif konspiralogiyalar qurduğunu bildirirlər (6, s. 46-50). Son illərdə baş vermiş dini zəmindəki terror aktlarına görə, xüsusilə, müsəlman əhalinin təhlükə olduğu ritorikası güclənmişdir. Neomilliyyətçilər xarizmatik, güclü liderlərə simpatiya bəsləyir, onların sadə xalqı doğru istiqamətə aparan bələdçi rolunu oynaya biləcəklərini güman edirlər (6, s. 24).
Neomilliyyətçi siyasi qrupların ritorikası dolayı yolla fobik (ksenofobik, islamafobik, sinofobik və s.) olan çalarları özündə ehtiva edir və onlar, adətən, bu fobiyaları iqtisadi arqumentlərlə əsaslandırırlar (7, s. 43-50). Məsələn, işsizliyin və aşağı maaşın səbəbini immiqrantlarla, ümumi iqtisadi durğunluğu isə neoliberal iqtisadi praktikalar və qlobalizasiya ilə əlaqələndirilər. Onlar birbaşa olmasa da öz çıxışlarında “ağdərililik”, “xristianlıq”, “qərblilik” kimi xüsusiyyətlərin arzu edilən və ideal olduğunu ima edirlər.
Neomilliyyətçilik, əslində, milli-dövlətlərin zəifləməsi, qlobalizasiyanın, beynəlxalq və dövlətlərarası quruluşların rolunun artması ilə müşayiət olunan, milliyyətçilik fenomeninin transmilli və üst-milli təşkilatların gətirdiyi yeni reallıqlara uyğunlaşmış bir formasıdır. Dünya nə qədər liberallaşsa və beynəlmiləlləşsə də, hər zaman nativizm mövcud olub. Bu nativist instinkt — özünü hər hansısa bir sosial qrupa aid etmək - müəyyən toplumla çoxsaylı ortaq xüsusiyyətləri paylaşmaq, başqaları ilə də müxtəlif fərqliliklərin olduğunu görməklə möhkəmlənir. Tarixin necə inkişaf etdiyinə baxsaq, görərik ki, insanlar hər zaman özlərini müəyyən bir topluma aid ediblər: tarixin ən başlanğıcından insanlar qəbilələr, tayfalar formasında, sonra isə dövlətlər, imperiyalar və dinlər ətrafında birləşiblər. XVIII-XIX əsrlərdən etibarən milli şüurun oyanması ilə millətlər halında yaşamağa başlanılmış, milli-dövlətlər siyasi mövcudiyyət forması kimi dünyanın müxtəlif yerlərində məşhurlaşmışdır.
Avropaya başqa irqlərdən, mədəniyyətlərdən olan şəxslərin çoxluqla köç etməsi və demoqrafik dəyişim bu tip populist, reaksioner nativist cərəyanın meydana gəlməsinə şərait yaratmışdır. Yeni milliyyətçiliyi klassik milliyyətçilikdən fərqləndirən əsas cəhət qlobal kapitalist infrastrukturların, regional inteqrasiyanın və çoxtərəfliliyin gətirdiyi yeni reallıqlar və dünyagörüşüdür. Milli-dövlətlər və milliyyətçilik instinkti üst-milli və transmilli strukturların mövcudiyyəti fonunda özünü bu tip quruluşlara və siyasi-iqtisadi mühitə uyğunlaşdırmışdır. Bu yeni milliyyətçilik fenomeni öz sələfindən fərqli olaraq daha inklüzivdir və kimlik baxımından kültürəl-sivilizasional dəyərləri əsas götürür.

Açar sözlər: neomilliyyətçilik, nativizm, Avropa, dövlətlərarası təşkilatlar, immiqrasiya, populizm.

ƏDƏBİYYAT SİYAHISI
1. Britannica, T. Editors of Encyclopaedia. "Thirty Years' War." Encyclopedia Britannica, May 6, 2021. https://www.britannica.com/event/Thirty-Years-War.
2. Friedman, G., 2016. Flashpoints: The Emerging Crisis in Europe. New York: Anchor Books.
3. Brown, S., 1996. British Philosophy and the Age of Enlightenment: Routledge History of Philosophy, Volume 5. New York: Routledge.
4. Tepper, M., 2018. The paradox of transnational (neo)nationalism: Neo-nationalist entanglements with capital-"isms" in modern Poland. Master of Arts. Virginia Polytechnic Institute and State University.
5. Huntington, S., 2011. The clash of civilizations and the remaking of world order. New York: Simon & Schuster.
6. Bergmann, E., 2020. Neo-Nationalism: The Rise of Nativist Populism. Cham: Palgrave Macmillan.
7. Eatwell, R. and Goodwin, M., 2018. National populism. kindle edition: Penguin UK.

Нихад Ягублу
Характеристики политического течения неонационализма

Резюме
В последнее время мир охватила новая волна национализма. Это политическое течение, проявившееся преимущественно на Западе, явно отличается от своих предыдущих версий. Хотя политологи затруднились дать его точное определение, разобраться в его основных характеристиках несложно.
Это явление, которое называют новым национализмом или неонационализмом, построено на основных фундаментах классического национализма. Однако между ними есть важные различия. В начале своего зарождения национализм был прогрессивным явлением. Но после слияния с романтическими и идеалистическими концепциями он стал источником конфликтов, вражды и разрушений. После катастрофических последствий Второй Мировой войны Европе пришлось предпринять решительные шаги, чтобы предотвратить повторение подобных трагедий в будущем. Самый разумный способ - отказаться от такого субъективного мировоззрения и следовать более многостороннему подходу. С этой целью были созданы различные региональные организации, международные и межправительственные институты.
Модели международного и регионального сотрудничества оказались очень успешными, и народы Европы перестали больше видеть в друг друге врага. Ранее проявлявшийся в форме национализма инстинкт принадлежности к какой-то социальной группе стал расширяться в результате эффективной региональной интеграции. В Европе стала возникать форма цивилизационного национализма. Это распространенное нативистское настроение усилилось с иммиграцией людей из разных культур и религий, а также продолжающимися демографическими изменениями.
Неонационализм более инклюзивный, чем его предшественник. Он не является экспансионистским во внешней политике и поддерживает изоляционизм. Неонационализм по своей сути антиглобалистский, нативистский и популистский.

Ключевые слова: неонационализм, нативизм, Европа, межправительственные организации, иммиграция, популизм.

Nihad Yagublu
Characteristics of the political current of neo-nationalism

Summary
Recently, a new trend of nationalism has swept the world. This phenomenon, which has manifested itself predominantly in the West, is clearly different from its predecessors. Although political scientists had difficulty in providing its exact definition, it is not hard to determine its main characteristics.
This political current which is called new nationalism or neo-nationalism is built upon the main fundaments of classic nationalism, yet there are important differences. Nationalism was a progressive phenomenon when it first emerged, but after blending with romantic and idealistic concepts, it soon led to conflicts, enmities and destruction. Especially after the catastrophic consequences of the Second World War, Europe had to take decisive steps to prevent recurrence of similar tragedies in the future. The most reasonable way was to abandon such a subjective worldview and pursue a more multilateral approach. For this purpose various regional organizations, international and intergovernmental institutions were established.
The models of international and regional cooperation were very successful, and the peoples of Europe no longer saw each other as a threat. The instinct of belonging to a social group, which previously manifested itself in the form of nationalism, began to expand as a result of effective regional integration, and a form of civilizational nationalism began to emerge in Europe. This expanded nativist sentiment was strengthened with the immigration of people from different cultures and religious backgrounds, and ongoing demographic change.
Neo-nationalism is more inclusive than its predecessor. It is not expansionist in foreign policy and supports isolationism. Neo-nationalism is essentially anti-globalist, nativist and populist.

Keywords: neo-nationalism, nativism, Europe, intergovernmental organizations, immigration, populism.