Azərbaycan Respublikası1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra siyasi və iqtisadi baxımdan daha da ciddi çətinliklər ilə üzləşmişdir. Uzun müddət çar rusiyasının və sovet rejiminin nəzarətində olan və amansız istismara məruz qalan Azərbaycan nefti müstəqillik illərinin ilk illərində beynəlxalq münasibətlərdə böyük dövlətlərin diqqət mərkəzinə çevrilmişdir. 1991-1993-cü illərdə Azərbaycan Respublikasının daxilində yaranan bir sıra problemləri aradan qaldırmaq üçün rasional idərəetmə mexanizminə ciddi şəkildə ehtiyac yaranmışdı. Bu problemlərin aradan qaldırılması məqsədilə dövlət rəhbərləri neft məsələsinə dair xarici ölkələr və bəzi neft şirkətləri ilə müəyyən danışıqlar aparmış və istismara dair müqavilələr imzalamağa çalışsalar da müsbət nəticə əldə edə bilmədilər. Bunun əsas səbəblərindən biri həmin vaxt Azərbaycanda siyasi böhranın olması ilə yanaşı beynəlxalq münasibətlərdə mövcud olan güc mərkəzlərinin mövqeyinin və rolunun düzgün qiymətləndirilməməsi idi. Bu danışıqlar zamanı əsas diqqət Böyük Britaniya ilə münasibətlərə veriliridi ki, bu da digər dövlətlərin əks reaksiyasına səbəb olur və bunun reallaşmasına bu və ya digər şəkildə maneələr yaradılırdı.
Lakin Azərbaycan Respublikasında siyasi hadisələrin sonrakı gedişinin məntiqi nəticəsi olaraq1993-cü ildə ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkə ərazisində sabitlik bərpa olundu, milli təhlükəsizlik sisteminin möhkəmləndirilməsi yolunda mühüm işlər görüldü və ölkənin iqtisadi imkanlarının səfərbər olunması, dövlətin malik olduğu təbii sərvətlərinin istismarına xarici investisiyaların cəlb edilməsi məqsədi ilə cəsarətli siyasi addımlar atıldı.
H.Əliyevin milli təhlükəsizlik sisteminin hərtərəfli möhkəmləndirilməsi istiqamətindəki çoxşaxəli siyasi fəaliyyətində ən mühüm yer tutan sahələrdən biri də Azərbaycanın müasir neft strategiyasını həyata keçirməsidir. Heydər Əliyevin ciddi səyləri nəticəsində ərsəyə gələn Azərbaycan Respublikasının neft strategiyası 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə başlamış, sürətlə ildən-ilə inkişaf edərək günümüzə qədər ölkənin və regionun inkişafına öz müsbət təsirini göstərmişdir. “Əsrin müqaviləsi” adını almış Hasilatın Pay Bölgüsü Sazişini yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev demişdir “Azərbaycanın azad iqtisadiyyat, bazar iqtisadiyyatı yolu ilə getməsi üçün, dünya iqtisadiyyatına sıx bağlanması üçün bu sənədin çox böyük əhəmiyyəti var”(10, s.5).
H.Ə. Əliyevin “Müstəqilliyimiz əbədidir. çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fərmanlar” kitabında H.Əliyevin Türkiyə, Rusiya, Gürcüstana rəsmi səfərləri zamanı və Azərbaycana gələn dövlət və hökümət başçıları ilə aparılan danışıqlar, imzalanmış sənədlər, və keçirilmiş görüşlərin materialları dərc olunmuşdur (5).
Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin geniş və zəngin mənbələrə əsaslanan “Azərbaycanın Xəzər nefti” kitabında qədim zamanlardan bu günə qədər Xəzər regionunun siyasi və iqtisadi inkişafı təhlil edilmişdir (2). Əsərdə arxiv, tarix, protokol materiallarından geniş istifadə olunmuşdur. Müəllif müasir dövrün ən aktul problemlərdən birini-Xəzər dənizinin statusunun müəyyənləşdirilməsi məsələsini araşdırmış, Cənubi Qafqaz regionunda qədimdən bu günə qədər cərəyan edən hadisələri hərtərəfli şəkildə təhlil etmiş və neft amilinin iqtisadi və siyasi proseslərə təsirinə xüsusi diqqət yetirmişdir. Əsərdə neft müqavilələrinin bağlanması prosesində meydana çıxan çətinliklərdən, neft kəmərlərinin çəkilişindən, eləcə də Azərbaycan neft və təbii qazının Avropa bazarlarına ixrac edilməsində Türkiyənin rolundan, Xəzərin neft ehtiyatları ətrafında gedən rəqabət mübarizəsindən bəhs etmişdir.
Heydər Əliyevin təşəbbüsü, beynəlxalq nüfuzu və fəaliyyəti nəticəsində 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə müstəqil Azərbaycan dövlətinin tarixində yeni neft strategiyası həyata keçirilməyə başlandı. Ümummilli lideri Heydər Əliyev müsahibələrinin birində milli neft strategiyası işini belə qiymətləndirmişdir: “Mən neft strategiyasını yaratdım və bunu həyata keçirirəm. Axı bilirəm ki, neft sənayesi nədir. Mən Azərbaycan neft sənayesi ilə 40 il məşğul olmuşam... Mən bilirəm ki, nə lazımdır. Bilirdim ki, bizim bundan başqa yolumuz yoxdur” (8, s.305). Hadisələrin sonrakı inkişafı bunu əyani şəkildə sübut etdi.
Yaqub Mahmudovun “Heydər Əliyev ideyalarının zəfər yürüşü” adlı monoqrafiyasında Azərbaycanın neft siyasətinin çox önəmli mərhələsini təşkil edən Heydər Əliyevin neft strategiyasının siyasi və iqtisadi zəmini araşdırılmışdır. İlk dəfə olaraq Y.M.Mahmudov əsərində Azərbaycanın neft strategiyasının formalaşması prosesində İlham Əliyevin iştirakının hələ onun ARDNŞ-ın vitse-prezidenti olduğu dönəmdən başladığını göstərmişdir (9, s.476)
Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan yeni milli neft strategiyanın həyata keçirilməsində və beynəlxalq nüfuzlu neft şirkətləri ilə müqavilələrin imzalanması sayəsində ölkənin neft ehtiyatlarının istismarına çoxmilyardlı xarici investisiyalar cəlb edildi. Məhz bu müqavilədən sonra dünya dövlətlərinin Azərbaycan iqtisadiyyatına marağı artdı, ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinə güclü təkan verildi.
“Əsrin müqaviləsi” imzalandıqdan sonra Azərbaycanın müstəqilliyindən və iqtisadi cəhətdən inkişafından öz şəxsi mənafeləri üçün istifadə etmək arzusunda olan müəyyən daxili və xarici qüvvələr neft sazişlərinin beynəlxalq səviyyədə tanınmaması, Xəzər dənizinin statusu məsələsini ortaya atmaqla onun milli sektorlara bölünməsinin mümkün olması, Azərbaycan sektorunda neft və qaz ehtiyatlarının tükənməsi, onun dünya bazarlarına çatdırılmasının səmərəsizliyi barədə uydurma və şayiə yayırdılar. Bundan başqa onlar siyasi terror törətməyə, respublika rəhbərliyinə birbaşa təzyiq göstərməyə çalışırdılar. Lakin Heydər Əliyevin ölkəmizin bütün xarici neft şirkətləri üçün açılması, onlara ayrı-seçkilik qoyulmaması, qurulan əməkdaşlığın qarşılıqlı faydalı və ədalətliliyi ilə bağlı həyata keçirdiyi neft strategiyasının uğuru onların bədxah niyyətlərinin puça çıxmasına səbəb oldu. Keçmiş imperiya iddialarından çıxış edən həmnin qüvvələrin cəhdləri Heydər Əliyev tərəfindən uğurlu diplomatik yollarla zərərsizləşdirildi və son dərəcə gərgin mübarizənin nəticəsi olaraq qarşıya qoyulan məqsədə nail olundu.
Azərbaycan Respublikasının həyata keçirdiyi neft strategiyası regionda təhlükəsiz mühitin formalaşmasına şərait yaratmışdır. Enerji təhlükəsizliyi konsepsiyasını regionda təmin edən Azərbaycan Respublikası, regional təhlükəsizlik kompleksinin də formalaşması istiqamətində uğurlu neft strategiyası həyata keçirtmişdir.
“Əsrin müqaviləsi” çərçivəsində həyata keçirilən transmilli layihələr Cənubi Qafqaz və Xəzər hövzəsinin digər dövlətləri ilə müqayisədə Azərbaycanın beynəlxalq aləm üçün geosiyasi və geoiqtisadi dəyər ölçülərini xeyli artırdı, regional və beynəlxalq perspektivini yüksəltdi, xarici aləmlə ictimai - siyasi, elmi - nəzəri tərəfdaşlıq münasibətlərinə və milli inkişafına ciddi təsir göstərdi. Respublikanın təhlükəsizliyinin, dinamik inkişafının və gələcək tərəqqisinin möhkəm təməli qoyuldu (6, s.88).
1999-cu ilin noyabrın 18-də ATƏT-in İstanbul şəhərində keçirilmiş Zirvə toplantısında Azərbaycan Respublikasının prezident H.Əliyev, Türkiyə Respublikasının prezidenti S.Dəmirəl və Gürcüstan Prezidenti E.Şvardnadze tərəfindən “Xam neftin Azərbaycan, Gürcüstan və Türkiyə əraziləri ilə Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri vasitəsilə nəql edilməsinə dair saziş” imzalandı (7, s.665). 2002-ci il sentyabr ayının 18-də əsası qoyulan BTC boru kəməri (1768 km) 2006-cı ilin 13 iyulunda istifadəyə verildi. Heydər Əliyev açılış mərasimindəki çıxışında Bakı-Tbilisi-Ceyhan layihəsinin qlobal və regional əhəmiyyətini, ölkələr arasında əməkdaşlığın genişlənməsində mühüm rola malik olduğunu vurğulayaraq dedi: “Bu işlər bizim xalqlarımızın gələcəyi üçündür. Bizim bu işlərimiz yalnız və yalnız Azərbaycanın dövlət müstəqilliyi əldə etməsindən sonra mümkün olubdur.
Müstəqil dövlət olaraq öz sərvətlərimizin sahibiyik. İstədiyimiz ölkələr ilə əlaqələr qururuq və belə işlər görürük. Amma ikinci boru da növbədədir. 1 trilyon kub metr ehtiyatı olan “Şahdəniz” yatağından Bakı-Tbilisi-Ərzurum qaz kəməri də çəkiləcəkdir.
Beləliklə, boru kəmərlərinin sayı artır. Təbiidir ki, bunlar çox böyük iqtisadi xarakter daşıyır. Ancaq təkcə iqtisadi deyil, hesab edirik ki, bizim gördüyümüz işlər, Bakı–Tbilisi–Ceyhan siyasi xarakter daşıyır. Bu layihə və onun həyata keçirilməsi Qafqaz bölgəsində sülhün, əmin-amanlığın, təhlükəsizliyin təminatçısı ola bilər. Bu boru xətti, bu polad boru Azərbaycanı, Gürcüstanı, Türkiyəni bir-biri ilə daha sıx birləşdirəcəkdir” (12).
Beləliklə, nəinki Azərbaycanın, eləcə də regionun və Avropanın enerji təhlükəsizliyinə xidmət edən geostrateji bir layihə əfsanədən gerçəkliyə çevrildi. Bununla ölkəmizin dünyanın enerji təminatında rolu və strateji əhəmiyyəti artmağa başladı.
Azərbaycanın milli neft strategiyasına uyğun olaraq reallaşdırdığı transmilli neft-qaz ixrac marşurutları və kəmərlər siyasətinin mühüm bir hissəsini “Şahdəniz” yatağında təsdiqlənmiş 2,6 trilyon kub metr təbii qazın istehsalı və dünya bazarlarına çıxarılması siyasəti təşkil edirdi. Xəzərdən Avropaya qaz ixrac olunacaq kəməri ilk reallaşdıran elə Azərbaycan olmuşdur. Bu layihə Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz kəməri idi (7, s.616).
Bu sahədə zəngin ehtiyatlara malik Şahdəniz yatağı xüsusi önəm daşıyır. BTƏ qaz kəmərinin ilkin ideyası “Şahdəniz” yatağından istehsal olunan Azərbaycan qazının Gürcüstan və Türkiyəyə oradan isə Avropaya nəqlindən ibarət idi. 2001-ci il 12-16 martda Türkiyəyə səfərində çıxışı zamanı Heydər Əliyev aşkarlanan Azərbaycan təbii qazı haqqında məlumat verərək demişdir ki, “Biz Şahdəniz yatağından təxminən 400 milyard kub metr qaz almaq istəyirdiksə, indi onun ehtiyatı 1 trilyon kubmetrdən artıq olubdur. Ona görə də Azərbaycan təkcə neft yox, həm də təbii qaz ölkəsidir. Biz düşündük ki, bu qazı nə edək? Qazı da Türkiyəyə ixrac etmək lazımdır. Çünki birincisi, Türkiyənin buna ehtiyacı var, ikincisi, Şahdəniz yatağında Türkiyənində payı var idi. İlkin anlaşmaya əsasən, 6 milyard kubmetr qaz gələcəkdir. Amma sonra bunu 15-20 milyard kubmetrə qaldırmaq olar” (4, s.120-121).
2001-ci ilin mart ayında Ankarada Türkiyə-Azərbaycan arasında təbii qazın ixracına dair müqavilə imzalandı. Müqaviləyə görə, Türkiyəyə “Şahdəniz” yatağından çıxarılacaq 2 milyard kub metr həcmində, 2005-ci ildə 3 milyard kub metr, 2006-cı ildə 5 milyard kub.metr və 2007-2008- ci illərdə 6.6 milyard kub metr olmaqla 5 il ərzində 23.2 milyar kub metr təbii qaz ixracı planlaşdırılsa da sonrakı illərdə bəzi qiymət anlaşılmazlığı və texniki problemlərdən qaynaqlanan müəyyən axsamalar olmuşdur (11, s.199).
2002-ci ildə təməli qoyulan Bakı–Tbilisi–Ərzurum təbii qaz boru xəttinin tikintisinə 2004-cü ildə başlanılmışdır. 2006-cı ildən istifadəyə verilən maksimal ötürücülük qabiliyyəti 20 mlrd kub metr olan bu boru kəməri Türkiyə sərhədinədək Azərbaycanda və Gürcüstanda Bakı-Tbilisi-Ceyhan xam neft kəməri ilə eyni marşrutdadır və Türkiyədə bu ölkənin qazpaylama sisteminə birləşdirilib.
Qaz nəqliyyat infrastrukturunun, xüsusilə də Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin fəaliyyəti nəticəsində Azərbaycan Qərbin mühüm qaz ixracatçısına və qlobal enerji təhlükəsizliyinin təminatçılarından birinə çevrilmişdir. Beləliklə 2007-ci ildən etibarən Azərbaycan sadəcə neft ixracatçısı deyil, eyni zamanda qaz ixrac edən ölkə olaraqda tanınmağa başlamışdı.
Azərbaycan qazının Avropaya nəql edilməsini təmin edən və Şahdəniz 2 layihəsinin işlənməsinə imkan yaradan marşrurtlardan biri də 2007-ci ilin noyabrın 18-də istifadəyə verilən Türkiyə-Yunanıstan qaz kəməri hesab olunur (14).
Bu kəmərin isə salınması və Şahdəniz 2 layihəsinin imzalanması ilə Avropa İttifaqı və Azərbaycan arasında qaz ixracı sahəsində birbaşa əməkdaşlıq başlamışdır (7, c.614). Şahdəniz layihəsi isə Şahdəniz Mərhələ 1 layihəsindən hasil olunan illik 9 milyard kub metr qazdan əlavə 16 milyard kub metr qaz hasil edəcək nəhəng bir layihədir.
Bir çox Avropa ölkələrinin Türkiyə vasitəsilə Azərbaycan qazını almaqda maraqlı olması, eləcə də, Azərbaycanın iqtisadi maraqları başlanan işin davam etdirilməsini və daha da genişləndirilməsini zəruri edirdi.
Bu layihələrin ardınca enerji siyasətinin növbəti uğuru 2012-ci ilin iyun ayının 26-da İstanbulda Azərbaycan və Türkiyə arasında Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi üzrə Hökumətlərarası Saziş və Ev Sahibliyi haqqında Sazişin imzalanması olmuşdur. Bu layihəyə görə BTƏ və başqa kəmərlər vasitəsilə Gürcüstan sərhədlərinə çatdırılan Azərbaycan qazının oradan Türkiyənin Cənubundan-Qərbinə, Avropa ölkələrini birləşdirən sərhədlərə qədər çəkiləcək yeni Cənub qaz kəməri vasitəsilə sərbəst hərəkəti təmin ediləcəkdir (3, s.32). 30 iyun 2018-ci ildə fəaliyyətə başlayan boru kəmərinin ilkin nəql qabiliyyəti 16.2 milyard kub metr olmuşdur. 2023-cü ildə 23 milyard kubmetrə və 2026-cı ildə isə 31 milyard kub metrə çatdırılması nəzərdə tutulur (13).
TANAP layihəsi dünyada enerji təhlükəsizliyinin təmin olunmasında, Cənubi Qafqazın, o cümlədən Xəzər hövzəsində Azərbaycanın Türkiyə və Gürcüstan, Türkmənistan və digər ölkələrin əməkdaşlıq sahəsinin genişləndiirlməsinə, dünyada qaz ixracı marşurutlarının şaxələndirilməsinə, qaz bazarlarına daha çox maye qazın çıxarılmasına və üçüncü minillikdə dünyada enerji təhlükəsizliyinə mühüm töhfələr verəcəkdir.
Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi neft strategiyasının nəticəsi olaraq müstəqilliyini yenicə bərpa etmiş, iqtisadi və maliyyə cəhətdən böhran keçirən Azərbaycan Respublikası böyük dövlət və şirkətlərin ölkəyə investisiya qoyuluşuna nail oldu. Azərbaycanın beynəlxalq layihələrdə iştirakı ölkəmizin iqtisadi mövqeyi və nüfuzu ilə yanaşı siyasi mövqeyinin də güclənməsinə müsbət təsir göstərdi. Neft strategiyasının həyata keçirilməsi Azərbaycan əhalisinin sosial-rifah halının əhəmiyyətli dərəcədə yüksəlməsinə və beynəlxalq münasibətlərdə söz sahibinə cevrilməsinə ciddi şəkildə təsir etmişdir.
Azərbaycan neft strategiyasının uğurla həyata keçirilməsinin nəticəsi olaraq onsuz da həm iqtisadi, həm də siyasi baxımdan yaxın əlaqələrimiz olan Türkiyə Cümhuriyyəti ilə daha da yaxınlaşdıq. Türkiyənin enerji təlabatının qismən ödənilməsi ilə yanaşı Avropa ilə iqtisadi əlaqələrin qurulmasında mühüm naliyyətlər əldə edildi ki, bu da Azərbaycan və Türkiyənin Avropanın enerji təhlükəsizliyinin təminatçısına çevrilməsinə gətirib çıxardı. Bununla yanaşı gələcəkdə Qazaxıstan və Türkmənistan kimi zəngin enerji mənbələrinə malik olan ölkələrin də Azərbaycan-Gürcüstan-Türkiyə vasitəsilə Avropanın enerji bazarına çıxışının təmin edilməsi nəzərdə tutulmuşdur. Bütün bunların nəticəsi olaraq Azərbaycan Rusiyadan yan keçməklə Azərbaycan, Qazaxıstan və Türmənistanın enerji ehtiyatlarını Avropa bazarına çatdırmaqla Avropanı Rusiyanın enerji təzyiqlərindən qurtarmış olur. Nəticədə Azərbaycanın iqtisadi cəhətdən ciddi səmərə əldə etməklə yanaşı siyasi cəhətdən beynəlxalq mövqeyi güclənir.
Beləliklə müdrikliyin və uzaqgörənliyin sayəsində neft strategiyasi əslində milli təhlükəsizlik strategiyasına çevrildi. Nəticədə həm ölkənin iqtisadi həyatının və sərvətinin, həm də siyasi-hərbi təhlükəsizliyinin etibarlı təminatında mühüm rol oynamağa başladı.
Alınmış elmi nəticələr haqqında qısa məlumat:
Tədqiqat nəticəsində toplanmış faktiki materiallar Azərbaycan Respublikasının milli təhlükəsizlik problemlərinin əsaslarından biri olan neft strategiyası və onun beynəlxalq aləmdə tədqiq olunmasında, Cənubi Qafqaz regionu ilə bağlı problemlərin neft strategiyası ilə tənzimlənməsində elmi-nəzəri araşdırmaların aparılmasında, regional təhlükəsizlik istiqamətində aparılan tədqiqatlarda əsas vəsaitlərdən biri kimi yararlı ola bilər.
Açar sözlər: Azərbaycan Respublikası, neft strategiyası, qaz sənayesi, siyasi, iqtisadi, beynəlxalq münasibətlər, investisiya, xarici ölkələr, müstəqillik.
Ədəbiyyat siyahısı
1. Atakişiyev M.. Azərbaycanın yeni neft siyasəti və iqtisadi yükşəliş / Elmi red. Z. Səmədzadə. Bakı, Azərbaycan, 2004, 264 s.
2. Алиев И. Каспийская нефт Азербайджана. Москва, 2003, 712 с.
3. BOTAŞ. 2014 Yılı Sektör raporu. Ankara, 36 s.
4. Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir. Otuzuncu kitab, Bakı: Azərnəşr, 2011, 480 s.
5. Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir. çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fərmanlar. 22 kitabda. XIV kitab. Bakı, 2005, 520 s.
6. Həsənov Ə. Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın geoiqtisadiyyatı: Azərbaycanın enerji siyasəti. İctimai - siyasi, elmi - nəzəri jurnal. Zərdabi LTD, MMC, Bakı,2016, c.87-88
7. Həsənov Ə.M. Azərbaycanın geosiyasəti. Bakı, Zərdabi LTD MMC, 2015, s.666
8. Mahmudov Y. Heydər Əliyev. II cild. Bakı: Turxan NPB, 2013, 440 s.
9. Mahmudov Y.M. Heydər Əliyev ideyalarının zəfər yürüşü. Bakı, Təhsil, 2011, s.476
10. Məsimov A. Azərbaycan Beynəlxalq əməliyyat şirkətinin yaranması və onun Xəzər dənizinin Azərbaycan Respublikası sektorundakı fəalliyəti. Avtoreferat. Bakı, 2017, 31 s.
11. Osman Nuri Aras, Süleymanov E. Azərbaycan iqtisadiyyatı. Bakı, Şərq-Qərb mətbəəsi, 2010, 327 s.
12. Səmədzadə Z. Biz haqlı olaraq neft strategiyamızla fəxr edirik. http://www.anl.az/down/meqale/iqtisadiyyat/2019/sentyabr/672748.htm
13. TANAP https://www.sgc.az/az/layihe/tanap
14. http://www.hurriyet.com.tr/turkiye-yunanistan-dogalgaz-boru-hatti-acildi-7714948
Резюме
Шахгусейнбекова Лейла Ариф г.
Нефтяная стратегия Азербайджанской Республики
В статье анализируется нефтяная стратегия Азербайджанской Республики после приобретения независимости. Также положительно оценивается роль Г.Алиева в формировании и развитии нефтяной стратегии как части национальной безопасности. Рассматривается взаимоотношения Азербайджана со странами мира в нефтяном секторе. В статье раскрыты цели и принципы нефтяной стратегии как составной части национальной безопасности. Выявлены приоритетные стороны Контракта Века для Азербайджанской Республики. По отдельности рассмотрены все достижения и проекты Азербайджанской Республики в нефтяной сфере. В статье также сделан вывод актуальность нефтяного сектора в обеспечении национальной безопасности в Азербайджанской Республике.
Ключевые слова: Азербайджанская Республика, нефтяная стратегия, газовая промышленность, политическая, экономическая, международные отношения, инвестиции, иностранные государства, независимость.
Abstract
Shahhuseynbayova Leyla Arif
Azerbaijan Republic’s oil strategy
The article deals with the oil strategy of Azerbaijan Republic after gaining its independence. The role of H.Aliyev in the formation and development of oil strategy as part of National Security is supported appropriately. The relationship of Azerbaijan with world countries in oil sector is also discussed in article. The article reveals the goals and principles of the oil strategy as basic part of national security.There were identified priority sides of the Contract of Century for the Republic of Azerbaijan. So all achievements and projects of the Republic of Azerbaijan in the oil sector were considered separately.The article also concludes the relevance of the oil sector in ensuring national security in Azerbaijan Republic.
Key words: the Republic of Azerbaijan, oil strategy, gas industry, political, economic, international relations, investments, foreign states, independence.