Yəməndə vətəndaş müharibəsi: İran amilinin təsiri

Post image

Eldar Əmirov
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan Dillər Universiteti

E-mail: [email protected]

Giriş
Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Ali kommisarının ofisinin 1 dekabr 2020-ci il tarixinə olan hesabatında Yəməndə 2014-cü ildən bəri davam edən vətəndaş müharibəsinin gedişində 233 mindən çox insanın həlak olduğu qeyd olunmuşdur. [7]. Bu rəqəm Yəməndə “Ərəb baharı” dalğasının gətirdiyi siyasi və ideoloji təlatümlər fonunda alovlanan vətəndaş müharibəsini son dövrün ən qanlı münaqişələrindən biri kimi səciyyələndirməyə əsas verir. 2014-cü ilin ortalarında ölkənin şimalında cəmləşmiş İranmeyilli şiə qruplarının Səudiyyə Ərəbistanı tərəfindən himayə edilən mərkəzi hökumətə qarşı siyasi və iqtisadi tələblərlə başlayan etirazlarının qısa zamanda irimiqyaslı vətəndaş müharibəsinə keçməsi təbii ki, təsadüfün məhsulu hesab edilə bilməz. Bu, illərlə Yəməndə formalaşan mürəkkəb ictimai-siyasi mühitin, ağır iqtisadi şəraitin doğurduğu və maraqlı xarici qüvvələr tərəfindən qızışdırılan prosesin məntiqi sonu kimi qəbul edilməlidir. Yaxın və Orta Şərqdə “Ərəb baharı” adlanan inqilabi proseslərin Misirdə, Tunisdə və Liviyada hakimiyyət dəyişikliyinə səbəb olması, getdikcə yeni geosiyasi və ideoloji müstəvinin təşəkkül tapması regionun bir çox dövlətləri tərəfindən ciddi müqavimətlə qarşılandı. Bölgənin bəzi dövlətləri isə bu prosesdən hərbi-siyasi və ideoloji təsirlərini genişləndirəmək üçün öz maraqları çərçivəsində bəhrələnmək üçün aktiv fəaliyyətə başladı. Nəticədə yaranan ziddiyyətlər Yaxın Şərqin bir sıra ölkələrində uzunmüddətli qanlı münaqişələrə rəvac vermiş oldu. İki ölkədə - Suriyada və Yəməndə baş qaldıran vətəndaş müharibələri öz miqyasına, dağıntılarına və insan itkilərinə görə digərlərini kölgədə qoydu.
Müharibənin tərəfləri qismində Yəmənin mərkəzi hökuməti və husi üsyançıları çıxış etsələr də, münaqişənin görünməyən, lakin başlıca maraqlı cəbhələri Səudiyyə Ərəbistanı və İrandır. Yəmənin əlverişli geosiyasi mövqeyi, Ədən körfəzinə və Hind okeanına, yəni dünya dəniz ticarətinin əsas yollarına çıxışının olması bu ölkəni ciddi geosiyasi qarşıdurma məkanlarından birinə çevirmişdir. 1979-cu ilin İslam inqilabından sonra Tehranın Yaxın və Orta Şərqdə “şiə zolağı” yaratmaq siyasətinin icrasına başlmasından sonra Yəmən İran üçün həssas nöqtələrdən birinə çevrilmiş oldu. İlk növbədə ona görə ki, müxtəlif məlumatlara görə Yəməndə şiə icması ümumilikdə ölkə əhalisinin 40% - dən çoxunu təşkil edir və bu da Tehran üçün mümkün hərbi-siyasi aksiyaların təşkili baxımından olduqca ciddi sosial baza deməkdir. [3]. Başqa məlumatlarda isə bu rəqəmin 35% olduğu göstərilir. [4].
Digər tərəfdən Yəmən coğrafi nöqteyi-nəzərdən İranın Yaxın Şərqdəki başlıca geosiyasi və ideoloji rəqibi olan Səudiyyə Ərəbistanının qonşuluğunda yerləşdiyindən bu ölkədə nüfuz sahibinə çevrilmək Tehran üçün ciddi üstünlüklər yaradır. Yəməndə 2014-cü ildən bəri davam edən vətəndaş müharibəsinin gedişatı göstərdi ki, İran yönümlü qruplar vasitəsilə Tehran Səudiyyə Ərəbistanının strateji obyektlərinə, neft infrastrukturuna ciddi zərər vermək iqtidarındadır. Husi yaraqlılarının hücumlarına cavab olaraq Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının endirdiyi zərbələr isə məsələni həll etməməklə yanaşı, beynəlxalq ictimai rəyi də Ər-Riyadın əlehinə çevirmiş olur. Yəməndə vətəndaş müharibəsinin başladığı dövrdən bu yana baş verən dəhşətli humanitar böhran, çoxsaylı insan itkiləri koalisiya ölkələrini avizərbələrin intensivliyini azaltmağa vadar edir. Müvafiq olaraq, husi üsyançıları ilə mübarizənin effektivliyi də aşağı düşmüş olur. Yaranmış çıxılmaz vəziyyət isə müharibənin uzanmasına gətirib çıxardığı kimi onun həllini də dalana dirəyir.

Husi hərəkatının qısa tarixçəsi və onun başlıca siyasi-ideoloji qayəsi
Şiə icması Yəmən ərazisində tarixən yaşamış və ölkə əhalisinin əhəmiyyətli hissəsini təşkil etmişdir. Yəmən şiələri əsasən bu məzhəbin Zeydiyyə qoluna mənsubdurlar. Zeydilər şiəliyin qolları arasında öz mötədilliyi ilə tanınırlar və əksər əqidə məsələlərində onların yanaşması əhli-sünnənin mövqeyinə yaxın hesab edilir. Zeydilər Yəmən ərazisində ilk dövlət qurumunun əsasını 901-ci ildə qoymuşdular. Yəmənin əsasən şimal ərazilərində hakimiyyət quran zeydilər buradakı siyasi-ideoloji və iqtisadi nüfuzlarını XX əsrin ortalarına qədər qoruyub saxlaya bilmişdilər. [5, s. 95-96]. Doğrudur, orta əsrlərdə Yəmən Osmanlı dövləti tərəfindən fəth edilib sultan hakimiyyətinə tabe edilsə də, zeydilərin bu ölkədəki nüfuzuna ciddi xələl gəlmədi. Sünniliyin hənəfi məzhəbinə mənsub olan Osmanlı dövlətinin zeydilərə bu qədər tolerant yanaşması heç şübhəsiz ki, onların mötədilliyindən, ifrat məzhəbçi təfəkkürdən uzaq olmasından qaynaqlanırdı. Birinci Dünya Müharibəsinin nəticələrinə görə Osmanlı dövlətinin süqut etməsi nəticəsində 1918-ci ildə zeydilər Yəmənin şimalında krallığın yaranmasına nail oldular və bu krallıq 1962-ci ilə qədər öz varlığını davam etdirdi. 1962-ci ilin dövlət çevrilişindən sonra zeydilərdən olan kral Məhəmməd əl-Bədr hərbçilər tərəfindən devrilmiş, ölkədə Yəmən Ərəb Respublikasının yaradıldığı elan olunmuşdur. Hakimiyyətdən uzaqlaşdırılan zeydilərlə hərbçilər və yeni rejim tərəfdarları arasında meydana gələn gərginlik zaman-zaman açıq silahlı münaqişələr səviyyəsinə qədər gəlib çıxmışdır. 1990-cı ildə şimali və cənubi Yəmənin birləşməsindən sonra da bu münasibətlərdə hər hansı ciddi dəyişiklik baş vermədi. Yəmənin dünyəvi hakimiyyətinin nəzərində zeydilər daim üsyançı müxalifətçilər olaraq qalmaqda idilər.
1979-cu ildə İranda İslam İnqilabının baş verməsindən və Pəhləvi monarxiyasının devrilməsindən sonra Tehranın Yaxın və Orta Şərq siyasətində radikal dəyişikliklər özünü göstərməyə başladı. İranın yeni rəhbərliyi şiəlik ideyalarının və inqilab prinsiplərinin bütün müsəlman dünyasına ixracını dövlət ideologiyası səviyyəsinə çıxarmış, Yaxın və Orta Şərq ölkələrində yaşayan şiə icmaları ilə münasibətlərin qurulması prioritet vəzifələrdən biri kimi önə çəkilmişdir. Təbii ki, əsrlərdən bəri şiə icmasının yaşadığı və ciddi sosial bazaya malik olduğu Yəmən bu mənada İranın diqqətindən kənarda qala bilməzdi. Tehran inqilabın ilk illərindən etibarən aktiv şəkildə Yəmən şiələrilə əlaqələr qurmağa, onlara hərbi və maddi dəstək verməyə başladı. Bu dəstək Yəmənin şiə icması liderlərinin siyasi fəallığının nəzərəçarpacaq dərəcədə artmasına gətirib çıxardı. Həmin liderlərin sırasında Hüseyn əl-Husi (1959-2004) öz fəallığı, prinsipiallığı və qətiyyətilə digərlərindən ciddi şəkildə fərqlənirdi. O, atası Bədrəddin əl-Husinin qurduğu zeydilərin “Gənclər təşkilatına” üzv olmuş və ötən əsrin 80-ci illərindən başlayaraq siyasi mübarizə meydanına atılmışdı. Bədrəddin əl-Husi öz ideoloji və siyasi baxışları nöqteyi-nəzərindən xomeyniçiliyin ardıcılı idi və o, zeydilərə xas olan ənənəvi mötədilliyi mübarizəyə başlıca maneə hesab edirdi. 1979-cu ilin İslam inqilabının dəyərlərini öz fəaliyyətində rəhbər tutan Bədrəddin Hüsi Xomeyni ideyalarının Yəmən şiələri arasında geniş vüsət almasında, mühafizəkar şiəliyin üstünlük qazanmasında böyük rol oynadı. [1, s.121].
Hüsi hərəkatının yüksəlişi və siyasi səhnəyə qədəm qoyması isə heç şübhəsiz ki, Bədrəddin Hüsinin oğlu Hüseyn əl-Husinin adı ilə sıx bağlıdır. O da atası kimi Xomeyni ideyalarının davamçısı idi və Səudiyyə Ərəbistanının məzhəb zəminində Yəməndə gündən-günə güclənən ideoloji təsirinə etiraz edirdi.
Əvvəlcə Hüseyn əl-Husi mübarizəsini siyasi müstəvidə aparmağa qərar vermiş və 1991-1994-cü illərdə Yəmən parlamentinin deputatı qismində fəaliyyət göstərmişdir. Lakin sonradan Hüseyn əl-Husi öz taktikasını radikal şəkildə dəyişir və “Ənsarullah” (“Allahın tərəfdarları”) hərəkatının əsasını qoyur. Yaradıldığı ilk illərdə əsasən təbliğat fəaliyyətilə məşğul olmağa üstünlük verən “Ənsarullah” hərəkatı məktəblərə və universitetlərə nüfuz etməyə, gəncləri öz tərəfinə çəkməyə çalışırdı. 2000-ci ilə qədər Yəmən hakimiyyəti hərəkatın fəaliyyətinə dözümlü yanaşmağa üstünlük verir, zeydiləri siyasətdən kanarda saxlamaq xəttini yeridirdi. Lakin 2001-ci ildə ABŞ-ın Əfqanıstana müdaxiləsi zamanı Yəmən prezidenti Əli Abdulla Salehin Vaşinqtonu dəstəkləməsi “Ənsarullah” hərəkatı ilə mərkəzi hakimiyyət arasındakı münasibətlər birdəfəlik korlanır. Hüseyn əl-Husi hakimiyyəti satqınlıqda və İslam maraqlarına xəyanətdə ittiham edir, iqtidarın devrilməsinin zəruriliyinə dair fikirlər səsləndirir. [5, s.96].
2002-ci ildə əl-Husi “Ənsarullahın” qalmaqallı şüarlarını səsləndir: “Allah böyükdür, ABŞ-a və İsrailə ölüm, yəhudilərə lənət və İslama zəfər”. [1, s.121].
Bu fikirlərdən sonra mərkəzi hakimiyyət Hüseyn əl-Husilə açıq mübarizəyə başlayır. Cavab olaraq əl-Husinin tərəfdarları silaha sarılaraq mərkəzi hakimiyyətə qarşı qiyam qaldırırlar. İki ilə qədər davam edən qarşıdurma 2004-cü ildə Hüseyn əl-Husinin öldürülməsilə başa çatdı. Onun ölümündən sonra “Ənsarullah” hərəkatı həm də husilər adı altında tanınmağa başladı. Təbii ki, şiələrlə mərkəzi hakimiyyət arasındakı münasibətlər əl-Husinin qətlindən sonra daha da kəskinləşdi. Yəmən hakimiyyətinin “Ənsarullah” hərəkatını birdəfəlik məhv etmək üçün 2004-2010-cu illər ərzində həyata keçirdiyi hərbi əməliyyatlar da arzuolunan nəticəni vermədi. Hərəkat nəinki öz varlığını qoruyub saxladı, həm də tərəfdarlarının sayını əhəmiyyətli dərəcədə artırmağa müvəffəq oldu.
2011-cü ildən etibarən isə “Ərəb baharından” ilhamlanan husilər hakimiyyətə qarşı növbəti etiraz dalğasına başladılar. Hakimiyyətin etirazları silah gücünə yatırmaq cəhdləri bu dəfə də nəticə vermir və 1978-ci ildən ölkəni idarə edən prezident Abdullah Saleh istefa vermək məcburiyyətində qalır. Hakimiyyətə Mənsur Hadi gəlir, lakin o da şiələrlə mərkəzi hökumət arasındakı müharibəni cilovlaya bilmir. Münaqişənin uzanması bir tərəfdən ölkədəki humanitar böhranın dözülməz həddə gəlib çatması ilə nəticələnir, digər tərəfdən isə Səudiyyə Ərəbistanının başçılığı altında ərəb dövlətləri koalisiyasının Yəmənə müdaxilə etməsinə yol açır. Husi üsyançılarının mübarizənin gedişində Yəmənin paytaxtını və bir sıra strateji məntəqələri ələ keçirməsi, hökumət qüvvələrinin uğursuzluğu, həmçinin qiyamçıların mütəmadi olaraq qonşu Səudiyyə Ərəbistanının neft obyektlərini, şəhər və hava limanlarını raket atəşinə tutması kənar müdaxiləni qaçılmaz etmişdi. Davamlı olaraq endirilən aviazərbələr üsyançıların vəziyyətini mürəkkəbləşdirsə də, onların fəsadlarından daha çox dinc əhali əziyyət çəkirdi. 2018-ci ildə tərəflər arasında müvəqqəti atəşkəs imzalansa da, onun da ömrü qısa olur. 2020-cı ildə tərəflər arasında yenidən danışıqlar bərpa olunur və əldə edilən razılığa bu günədək qismən də olsa riayət edilir.


Husi hərəkatının yüksəlişində İran amilinin rolu
Husilərin 2004-cü ildən indiyədək inadlı və olduqca uğurlu müqavimətinin səbəbləri bu gün də tədqiqatçıları dərindən maraqlandıran mövzulardan biridir. Aydın məsələdir ki, Yəmənin iqtisadi cəhətdən kasıb regionunda cəmləşmiş, 1962-ci ildən bəri iqtidarda təmsil olunmayan zeydi icmasının öz məhdud resursları hesabına Yəmənin mərkəzi hakimiyyətinə qarşı, eləcə də bir neçə ərəb dövlətinin təmsil olunduğu hərbi koalisiyaya qarşı uzunmüddətli müharibə aparması qeyri-mümkündür. Bu müqavimətin təşkilində və onun hərb elminin qaydalarına uyğun bir şəkildə idarə edilməsində ciddi xarici amilin iştirakı mütləqdir. Xüsusilə də əgər söhbət istehsalı yüksək texnologiyalara əsaslanan silahların əldə edilməsindən və istifadə edilməsindən gedirsə. Həmin amil heç şübhəsiz ki, mövcuddur və onun da adı İrandır. Doğrudur, Tehran rəsmiləri dəfələrlə Yəməndəki Husi üsyançılarına heç bir dəstək vermədiklərini bəyan etsələr də, faktlar tamam başqa həqiqətdən xəbər verir. Məsələn, 2015-ci ilin aprel ayında BMT-nin ekspert qrupunun bu qurumun Təhlükəsizlik Şurası üçün hazırladığı hesabatda konkret nümunələr əsasında İranın 2009-cu ildən göstərilən dövrə qədər Yəməndəki husi döyüşçülərini intensiv şəkildə silahlandırması faktı öz əksini tapmışdır. Hesabatda göstərilir ki, İran husiləri silahlandırmaq məqsədilə əsasən dəniz yolundan və balıqcı gəmilərindən istifadə edir. 2011-ci ildə Yəmən hərbçilərinin saxladıqları İran gəmilərinin birində husilər üçün nəzərdə tutulan 900 - ə qədər raket aşkarlanaraq müsadirə olunmuşdur. [6]. Səudiyyə Ərəbistanı və BƏƏ-də dəfələrlə dünya ictimaiyyətinə İranın Yəməndəki husi üsyançılarını silahladırdığını göstərən sübutlar təqdim etmişdir. Doğrudur, bəzi analitiklər tərəfindən husilərin məqsədli şəkildə ABŞ-ın özü tərəfindən silahlandırıldığı fikri də ara-sıra səsləndirilməkdədir. Nümunə üçün siyasi şərhçi Sit Ferrisin “Necə əlverişlidir – səudiyyəlilər husilərin hücumuna məruz qalıblar?” adlı məqaləsində məsələyə məhz bu cür yanaşır. O, bəyan edir ki, Yəməndəki vətəndaş müharibəsinin qızışmasında və geniş miqyas almasında nə Səudiyyə Ərəbistanı, nə də İran o qədər də maraqlı deyil. Çünki, Yəməndə sabitliyin pozulması və məzhəb zəminində daxili qarşıdurmanın yaranması bu ölkə ilə birbaşa sərhəddi olan Səudiyyə Ərəbistanının maraqlarına qətiyyən cavab vermir. Çünki, Səudiyyə Ərəbistanının öz ərazisində kifayət qədər şiə əhalisi yaşayır və bu sosial qrup istər-istəməz Yəməndəki husilərlə həmrəydir. Bu mənada məzhəb müharibəsinin dağıdıcı təsirinin Səudiyyə Ərəbistanından da yan keçməyəcəyi təbii qəbul olunmalıdır. Digər tərəfdən, husilərə qarşı aparılan hərbi əməliyyatların başlıca maliyyə yükü Səudiyyə Ərəbistanının üzərinə düşür. Dünya bazarında neft qiymətlərinin ciddi şəkildə aşağı düşdüyü və gəlirlərin əhəmiyyətli dərəcədə azaldığı bir dövrdə isə bu cür əlavə xərclər heç də ər-Riyadın inkişafına xidmət etmir. Onu da nəzərdən qaçırmaq lazım deyil ki, döyüş əməliyyatlarının gedişində coğrafi yaxınlıq səbəbindən husilər çox rahatlıqla Səudiyyə Ərəbistanının neft obyektlərini, mülki və hərbi infrastrukturunu hədəf ala bilir. Endirilən zərbələr isə əlavə insan itkiləri və dağıntılar deməkdir. Sit Ferrisin yanaşmasına görə bu müharibənin İranın maraqlarına cavab vermədiyini sübut edən kifayət qədər ciddi arqument mövcuddur. Ən birinci arqument ondan ibarətdir ki, Yəməndəki husilərə silahlı dəstəyi bəhanə edən Qərb ölkələri, xüsusilə də ABŞ İrana qarşı sanksiyaları şiddətləndirmək və Tehrana qarşı beynəlxalq təcridi genişləndirmək üçün əlavə imkanlar qazanırlar. Dünya ictimaiyyətinin nəzərində İranın aqressiv və terrorçu obrazını yaratmaqla ABŞ Yaxın və Orta Şərq regionunda öz hərbi-siyasi iştirakını artırmaq üçün beynəlxalq rəyi öz xeyrinə dəyişə bilir. Həmçinin, bu yolla ABŞ İranla ərəb dünyası, xüsusilə də Körfəz ölkələri arasında onsuz da mürəkkəb olan münasibətləri bir qədər də gərginləşdirməyə nail olur. Husilərə silah yardımı məsələsindən Vaşinqton İranın daxili siyasətində də yararlanır. Məlum olduğu kimi, neft gəlirlərinin azalması və nüvə proqramı səbəbindən tətbiq edilən sanksiyalar nəticəsində İran iqtisadiyyatı ciddi problemlərlə üzləşib, əhalinin rifah səviyyəsi aşağı düşüb, milli valyuta isə devalvasiyaya uğrayıb. Belə bir vəziyyətdə ölkə ictimaiyyətinə mütəmadi qaydada Yəmənə göndərilən maliyyə və silah yardımı haqqında xəbərlərin ötürülməsi ilk növbədə İran hakimiyyətinin əlehinə işləyir. Yəni, Sit Ferrisin yazısından belə nəticə çıxarmaq mümkündür ki, Yəməndəki vətəndaş müharibəsinin nümunəsində Vaşinqton ənənəvi “parçala və hökm et” formulunu tətbiq edərək Yaxın Şərqin iki böyük dövlətini İranı və Səudiyyə Ərəbistanını asılı vəziyyətdə saxlayır, bununla da özünün bölgədəki mövqelərini bir qədər möhkəmləndirməyə nail olur. [2]. Təbii, hər bir yanaşma kimi S.Ferrisin də mövqeyi yaşamaq hüququna malikdir və onu da etiraf etmək gərəkdir ki, politoloqun fikirlərində müəyyən həqiqət payı mövcuddur. Qərb dövlətləri, xüsusilə də ABŞ və onun müttəfiqləri Yaxın Şərq regionunda aparıcı müsəlman dövlətləri arasında gərgin münasibətlərin uzun müddət qorunub saxlanılmasında həqiqətən də maraqlıdırlar. Səudiyyə Ərəbistanı – İran gərginliyi bu mənada ABŞ üçün Yaxın Şərqdə geniş manevr imkanları və əlavə maliyyə qazancı vəd edir. Çünki, husilərlə mübarizə aparmaq və onların hücumlarından qorunmaq, eləcə də beynəlxalq təzyiqləri səngitmək üçün Səudiyyə Ərəbistanı davamlı olaraq ABŞ-dan yeni silahlar almağa, Vaşinqtonla sıx əməkdaşlıq etməyə məcburdur. İranı Yəməndəki qarşıdurmaya çəkməklə isə ABŞ həm bu ölkənin iqtisadi potensialına zərbə vurur, həm də onun dünyadakı nüfuzuna xələl gətirir.
Ancaq bir məsələni də nəzərdən qaçırmaq olmaz ki, İranın Yaxın və Orta Şərqdə müxtəlif qruplardan istifadə etməklə öz nüfuzunu yaymaq istiqamətindəki ənənəvi siyasəti bu məsələdə ABŞ-ın əl-qolunu hər mənada açmağa xidmət edir. 1979-cu ilin İslam inqilabından indiyədək Tehranın yürütdüyü “inqilabın ixracı” siyasəti ABŞ-a şiə icmalarının yaşadığı və Tehranın potensial sosial bazasının olduğu müsəlman ölkələrinin daxili siyasətinə aktiv şəkildə qarışmağa şərait yaradır. Yəmən də bu mənada istisna təşkil etmir. İran husi qruplarının əli ilə Yəməndə apardığı dağıdıcı fəaliyyət ABŞ-a bu ölkənin daxili işlərinə qarışmasına, Səudiyyə Ərəbistanının prosesə cəlb edilməsinə və nəticədə on minlərlə günahsız insanın qətlinə səbəb olub. İranın Yəməndəki maraqlarının sərhədləri az-çox məlumdur. Tehranı ilk növbədə Yəmən ərazisində ona bağlı olan şiə dövlətinin qurulması maraqlandırır. Bu perspektivin baş tutmayacağı halda isə İran ən azından Yəmən ərazisinin bir hissəsi üzərində nəzarətin husilərin əlində qalması üçün çalışır. Çünki, mərkəzi hakimiyyətin nəzarətindən kənarda qalan üsyançıların və onların ixtiyarındakı ərazilərin olması İrana istənilən zaman Səudiyyə Ərəbistanına təsirli hərbi zərbə endirmək üçün hava-su qədər vacibdir. Həmçinin, İran Yəməndəki zeydilərin zamanla daha mühafizəkar şiələrə çevrilməsi üçün də əlindən gələni edir. Çünki, zeydilər etnik cəhətdən ərəbdilər və gələcəkdə bu onların Səudiyyə Ərəbistanı ilə etnik zəmində yaxınlaşmasına əsas ola bilər. Həmin əsası dağıtmağın yeganə yolu husilərin məzhəb zəminində İrana daha da yaxınlaşdırılması, onların daha mühafizəkarlaşdırılmasıdır.

Nəticə
Yəməndə son beş ildə baş verənlər və İranın xarici siyasət kursunun təhlili belə deməyə əsas verir ki, husilərin silahlı mübarizəsinin yaxın zamanda səngiyəcəyinə ümid etmək üçün ciddi səbəblər yoxdur. Doğrudur, 2020-ci ildə Yəməni bürüyən humanitar fəlakət, həmçinin ərəb koalisiyası dövlətlərinin şiddətlənən hava hücumları husiləri atəşkəsə sövq etmiş, kütləvi döyüş əməliyyatları müvəqqəti də olsa dayandırılmışdır. Ancaq onu da nəzərə almaq lazımdır ki, 2014-cü ildən bəri Yəməndə davam edən vətəndaş müharibəsinə hələ də son qoyulmayıb, mərkəzi hakimiyyət indiyədək ölkənin əhəmiyyətli hissəsi üzərində nəzarətini təmin edə bilməyib. Husilər hər an ölkədəki hərbi-siyasi prosesin axarına təsir göstərəcə biləcək qüvvə olaraq qalmaqdadırlar. Vətəndaş müharibəsinə qədər də Asiyanın kasıb ölkələrindən hesab edilən Yəmənin iqtisadi vəziyyəti vətəndaş müharibəsindən sonra daha da ağırlaşmışdır.
İrana tətbiq edilən sanksiyalar səbəbindən bu ölkənin xaricdəki müxtəlif şiə hərəkatlarına göstərdiyi hərbi və maddi yardımın həcmində ciddi azalmalar müşahidə olunsa da, Tehranın öz ənənəvi taktikasından yaxın gələcəkdə imtina edəcəyi inandırıcı görünmür. Yəməndəki hakimiyyət böhranı və iqtisadi tənəzzül husi üsyançılarının İrandan asılılığını bir qədər də dərinləşdirəcək. Ərəb koalisiyası hava zərbələri nəticəsində husilərin Yəməndəki hərbi aktivliyini müəyyən qədər cilovlasa da, quru əməliyyatlarındakı uğursuzluq ciddi nəticələr əldə etməyə imkan vermir. Əgər gələcəkdə ərəb koalisiyası tərəfindən Yəmən ərazisinin husilərdən birdəfəlik təmizlənməsi istiqamətində qəti və ardıcıl tədbirlər görülməsə, husilərin ələ keçirdikləri ərazilərdə Tehrana bağlı yeni bir rejimin meydana çıxması ehtimalı olduqca yüksəkdir. Bu mənada Yəmən hələ uzun müddət İran və Səudiyyə Ərəbistanı arasında qızğın mübarizə məkanı olaraq qalmağa davam edəcəkdir.

Açar sözlər: Yəmən, vətəndaş müharibəsi, Husilər, İran, Səudiyyə Ərəbistanı, zeydilər, mühafizəkar şiəlik.


Ədəbiyyat siyahısı


1. Tınas M. Yemen İç Savaşında husiler: Vekalet ilişkisinin karmaşık yapısı // Eskişehir Osmanqazi Universitesi Sosyal Bilimler Dergisi, Haziran 2020, №21, s.117-136.
2. Ferris S. How Convenient: Saudis attacked by the Houthis? // Journal New Eastern Outlook 02/03/2020 - https://journal-neo.org/2020/03/02/how-convenient-saudis-attacked-by-the-houthis/
3. Izady M. Yemen: Ethno-religious composition (Map). Columbia University.2016. URL:http://gulf2000.columbia.edu/images/maps/Yemen_Ethno_Religious_summary_lg.png
4. Yemen // The World Factbook: Central Intelligence Agency. [Электронный ресурс] // URL: https://www.cia.gov/library/publications/the-world-factbook/geos/ym.html
5. Боков Т.А. Политическая идеология хуситского движения (По материалам лекций Хусейна аль-Хуси) // Ислам в современном мире. 2017, том 13, №4, стр. 95-112.
6. И.а. РБК 01.05.2015, https://www.rbc.ru/rbcfreenews/5542ab059a79470585d64d78
7. И.а. Regnum 01.12.2020,https://regnum.ru/news/society/3129229.html

Амиров Эльдар Гурбан оглы
Доктор философии по политическим наукам, доцент
(Азербайджанский университет языков)

Гражданская война в Йемене:
иранский фактор

Резюме
В статье влияние иранского фактора на ход гражданской войны в Йемене в контексте истории становления и укрепления хуситского движения шиитской направленности. Автором дан анализ геополитических и идеологических интересов Ирана в Йемене, которые неразрывно связаны с противостоянием Тегерана с Саудовской Аравией за влияние на Ближнем и Среднем Востоке. Особое внимание автором уделено среде и причинам возникновения военизированного шиитского движения хуситов, социальную базу которого составляют преимущественно зейдиты – умеренное шиитское население северных районов Йемена. В статье освещена также точка зрения некоторых западных политологов, которые видят причину возникновения и усиления гражданской войны в Йемене в американских интересах, которые основаны на древней формуле «разделяй и властвуй». Согласно этой версии главными поставщиками оружия для хуситов являлются США, которые заинтересованы путем разжигания конфликта между Саудовской Аравией и Ираном удерживать свои прочные позиции на Ближнем Востоке. Хуситы в этом деле являлются эффективным инструментов в руках штатов, посредством которых в любое удобное время можно столкнуть эти два мусульманских государства.
В конце автор приходит к такому мнению, что политический хаос и экономический кризис в Йемене делает невозможным скорейшее урегулирование гражданского противостояния. С другой стороны стратегическая линия Ирана на Ближнем Востоке и интересы Саудовской Аравии в Йемене еще больше усугубляет ситуацию. Совокупность всех этих факторов, позволяет прийти к такому выводу, что хуситское движение еще долго будет оставаться серьезным фактором на политической сцене Йемена.

Ключевые слова: Йемен, гражданская война, хуситы, Иран, Саудовская Аравия, зейдиты, консервативный шиизм.


Amirov Eldar Gurban oglu
Doctor of Philosophy in Political Science,
Associate Professor
(Azerbaijan University of Languages)

Yemeni Civil War: Iranian Factor

Summary
The article deals with the influence of the Iranian factor on the course of the civil war in Yemen in the context of the history of the formation and strengthening of the Shiite Houthi movement. The author analyzes the geopolitical and ideological interests of Iran in Yemen, which are inextricably linked with the confrontation between Tehran and Saudi Arabia for influence in the Near and Middle East. The author pays special attention to the environment and reasons for the emergence of the paramilitary Shiite movement of the Houthis, the social base of which is predominantly Zaidis - the moderate Shiite population of the northern regions of Yemen. The article also highlights the point of view of some Western political scientists who see the cause of the emergence and intensification of the civil war in Yemen in the American interests, which are based on the ancient formula “divide and rule”. According to this version, the main suppliers of weapons for the Houthis are the United States, which are interested in maintaining their strong positions in the Middle East by fomenting the conflict between Saudi Arabia and Iran. The Houthis in this matter are effective tools in the hands of the states, through which these two Muslim states can be pitted against each other at any convenient time.
In the end, the author comes to the conclusion that the political chaos and economic crisis in Yemen makes it impossible to resolve the civil confrontation as soon as possible. On the other hand, Iran’s strategic line in the Middle East and Saudi Arabia’s interests in Yemen further exacerbate the situation. The combination of all these factors allows us to come to the conclusion that the Houthi movement will remain a serious factor on the political scene of Yemen for a long time to come.

Key words: Yemen, civil war, Houthis, Iran, Saudi Arabia, Zeidis, conservative Shi’ism.