Giriş
Müasir dövrdə Yaxın Şərq regionunda demokratik prinsiplərin və liberal dəyərlərin tətbiqi zamanı müxtəlif cür çətinliklərin və problemlərin meydana gəlməsi heç kimə sirr deyil. Buna monarxik və avtoritar quruluşlardan daha sekulyar sistemlərə keçid zamanı yaranan maneələrdə, söz azadlığı, azad seçki kimi demokratiyanın əsas bünövrəsi sayılan haqların müntəzəm pozulması hallarında və çox yaxın keçmişə nəzər salındığında ifadə azadlığı və siyasi tolerantlıq baxımından daha açıq olmuş cəmiyyətlərin avtoritarlaşması tendensiyalarında müşahidə etmək mümkündür. Bu həqiqət demokratiya və insan hüquqlarının müdafiəsi ilə məşğul olan müxtəlif beynəlxalq təşkilatların həmin region üzrə tədqiqat və hesabatlarında da öz əksini tapır.
Demokratiyanın ən mühüm xüsusiyyəti hakimiyyətin mənbəyinin xalq olmasıdır. Bu yanaşma özü ilə birlikdə digər hüquqlar və hürriyyətlər doğurur – deməli, xalq dövlət işlərinin həllində seçərək və seçilərək iştirak edə bilər, verilən qərarlarla razı olmasa tənqid və etiraz edə bilər. Toplaşma və yığıncaq azadlığı, ifadə azadlığı, səs vermə hüququ, siyasi mübarizə haqqı – hamısı demokratiyanın məhz bu fundamentinin məntiqi nəticəsi kimi əmələ gəlib.
Ancaq Yaxın Şərqdə gedən proseslərə baxıldığında, oradakı əksər hökumətlərin seçki yolu ilə cəmiyyət tərəfindən seçilməməsi və yerli əhalinin idarə etməyə birbaşa təsir edə bilməməsi məlumdur. Region avtoritar hakimiyyətlərlə, teokratiya və monarxiyalarla zəngindir. Məsələn, Səudiyyə Ərəbistanı və İran teokratiya olaraq dini azlıqların hüquqlarını məhdudlaşdırıb – müsəlman olmayan heç bir şəxs hökuməti idarə edə bilməz; bundan da əlavə, aşkar şəkildə dini mənsubiyyətini (İslamı) dəyişdiyini dilə gətirmək bu ölkələrdə ölüm ilə cəzalandırılır (4). Regionda çox az sekulyar dövlət olsa da, yenə də mütləq əksəriyyəti repressivdir: güc bir qrup səlahiyyətli şəxslərin, klanların əlində cəmləşib.
Yeni dövrdə Yaxın Şərqdə demokratik dövlət quruculuğuna müxtəlif cəhdlər olsa da, bunların çoxu ya güc yolu ilə yatırılıb, ya da baş tutmuş kütləvi etirazlar dövlətlə fiziki-hərbi qarşıdurmalara və iğtişaşlara gətirib çıxarıb. Xüsusilə, “Ərəb baharı” adlanan böyük inqilab dalğası müsbət bir başlanğıc əvəzinə qanlı, böyük miqdarda insan ölümü ilə səciyyələnən xaos və qeyri-stabillik yaratdı. Daxildəki cəhdlərdən də əlavə, birbaşa xaricdən də dünyəvi və daha liberal dövlət strukturu yaradılmasına səylər oldu. İraq və Əfqanıstanın işğalından sonra ABŞ-ın bu torpaqlarda daha demokratik hökumətlər qurmaq istəməsi iflasa uğradı. Halbuki ABŞ İkinci Dünya müharibəsindən sonra məğlub etdiyi faşist İtaliya, Almaniya və Yaponiyada istədiyini edə bilmişdi; indi bu dövlətlərdə dünyanın ən güclü demokratik sistemləri formalaşıb.
Bəs o zaman Yaxın Şərqdə bu səylər niyə puça çıxır? Niyə bu regionda sabitlik qorunmaq şərti ilə siyasi plüralism, insan hüquqları, dünyəvilik və azad seçki kimi prinsipləri inşa etmək uğursuzluqla nəticələnir?
I. Ənənə və mədəniyyət fərqləri
Demokratiyanin və müxtəlif liberal prinsiplərin Yaxın Şərqdə mənfi sonluqla bitməsinin əsas səbəblərindən biri tətbiq edilməyə çalışılan dəyərlərin və sistemin bu region üçün tarixən yad və öyrəşilməmiş olmasıdır. Yerli xalq üçün hələ yeni olan quruluşlar və fikirlər məhz alışılmamış olduğuna görə əhalinin əksəriyyəti tərəfindən şübhə ilə baxılır – bu insan təbiətinin təzahürü olaraq normaldır. Ancaq əhalinin əksəriyyətinin tam səmimi olaraq haqqında danışılan quruluşları istəməməsi həmin dəyişiklikləri reallaşdırmağı daha çətin və əziyyətli edir.
Empirik təcrübəyə əsaslandıqda bir müşahidə vurğulanmalıdır: səthi olaraq, zahirdən sistemi dəyişmək, zorla qəbul etdirmək hələ heç nəyi həll etmir. Əsaslı dəyişiklərin uzunömürlü olması və əlverişli inkişafı vəd etməsi üçün, ilk növbədə, təşəbbüs daxildə kök atmalıdır. Bundan əlavə, insanların bunu başa düşməsi, mənimsəməsi və yarana biləcək neqativ halların qarşısının alınması üçün dəyişiklik yavaş, mərhələli şəkildə həyata keçirilməlidir. Müasir konservatizmin banisi hesab edilən Edmund Börk Fransa inqilabını tənqid edərkən haqqında bəhs edilən kontekstə bənzər fikirlər irəli sürmüşdür. Onun qənaətincə bu inqilab fəlakətli şəkildə sona çatacaqdı, çünki onun fundamentləri insan təbiətinin və cəmiyyətin mürəkkəbliyini nəzərə almayıb və bunlara məhəl qoymur (3, s. 48-49). E. Börkin fikrincə, cəmiyyət yaşayan orqanizm kimi başa düşülməli və qavranılmalıdır. Keçmiş tarixə nəzər saldıqda onun fikirlərinin geniş miqyasda özünü doğrultduğunun şahidi olarıq: Fransa inqilabı minlərlə insanın ölümünə, edam edilməsinə gətirib çıxartdı. Fransada monarxiya ləğv olunsa da, xalq bu dəfə Napoleonun diktatorluğu altına düşdü.
Məşhur ingilis filosofu və intellektualı Maykl Oukşot qəfil radikal dəyişikliklər dalğasınn əvəzinə, ilk öncə hansı sahələrdə dəyişimlərin olmasının müəyyən edilməsi, sonra da o sahələrdə tədricən reformlar aparılmasının daha müsbət nəticələr verəcəyinə işarə etmişdir. O hər xalqın ictimai həyatının insanların böyük bir zaman ərzində ərsəyə gətirdikləri quruluşlarla dolu olduğunu bildirmişdir. Oukşota görə, bu quruluşlar qəsdən, şüurlu və düşünülmüş şəkildə yaranmayıb, əksinə, tədricən, təbii şəkildə formalaşıb. Və əgər bu quruluşlar birdən-birə tamam başqa bir mədəniyyəti və tarixi olan cəmmiyyətə aşılanarsa, görünüş aldadıcı olacaq. Kənardan, sistem kağız üzərində dəyişmiş kimi görünsə də, daxildə o köhnə quruluşlar qalacaq və davam edəcək. Yenilik sadəcə çox kiçik bir proporsiyanı əhatə edəcək. Həm də vurğulanmalıdır ki, bu yeni quruluşlar bir-birinə bağlı cəmiyyətdə zamanın sınağından keçərək təkamül edib (11, s.148-149). Bəlkə də başqa bir cəmiyyətdə bu proses tamam fərqli şəkildə inkişaf edə bilərdi (necə ki İngiltərə parlamentli, konstitusional monarxiya kimi, Fransa yarı-prezident respublikası kimi qərarlaşıb).
Həm idealizm, həm də rasionalizm istibdadda boğulan, avtoritar sistemlerdən şikayətlənən xalqlar və toplumlar üçün çıxış yolunu mütləq demokratiya və azadlıqlarda görə bilər. Ancaq cəmiyyətin mürəkkəbliyini, düşüncə tərzini, ənənələrini nəzərə almadan qəfildən, tamam fərqli dəyərlər toplumunu gətirmək – bu halda tam liberal siyasi sistem inşa etmək öz-özlüyündə çox böyük risklər yaradır. Yeni sistemlər və dəyərlər insanların dünyabaxışına və mədəniyyətinə tam əks olarsa, o zaman disharmoniya yaranacaq, təzadlar doğacaq. Dəyişikliklər tam oturuşmayacaq, siyasi struktur bir vaxtdan sonra “axsamağa” başlayacaq. Çünki demokratiya sadəcə bir siyasi sistem deyil, həm də bir mədəniyyət, ənənə və düşüncə tərzidir.
Haqqında sözü gedən risklərə və axsayan siyasi strukturlara kifayət qədər misal çəkmək olar. Suriyada və Liviyada “Ərəb baharı” adlanan hadisələrdən sonra vətəndaş müharibələrinin başlanması, Misirdə diktator Mübarəkin devrilməsindən sonra yaranan siyasi qarışıqlıq və s. kimi. Sadalanan siyasi hadisələrin nəticəsində yüzminlərlə insan həlak olub və daha neçə milyonlar müxtəlif səbəblərdən əziyyət çəkib. Bu sadəcə bir neçə nümunədir: misalların sayını istənilən qədər artırmaq olar. Türkiyə Atatürkün sekulyar islahatlarından və yeni dövlət quruculuğu səylərindən sonra dünya tərəfindən ən öndə gedən demokratik müsəlman ölkəsi olaraq qəbul olunsa da, son dövrlərdə burada da avtoritarlaşma tendensiyaları müşahidə olunur. Tunis Ərəb baharının ən uğurlu nümunəsi olaraq ad qazansa da, İŞİD-ə qoşulan əcnəbi terroristlərin sayına görə bu ölkə ən irəli sıralardadır (2, s. 1-2).
Son dövrlərdə demokratiya bir universal dəyər kimi təqdim olunsa da, əslində Qərb mədəniyyətinin bir məhsuludur. Bu məfhum hələ eramızdan əvvəl Qədim Yunanıstanda yaranmışdır. Qərb sivilizasiyasında Renesans, Reformasiyalar, Maarifçilik dövrü kimi özünü və dünyanı dərketmə, qavrama baxımından hərakatlar, Sənaye inqilabı kimi transformativ epizodlar olub. Hələ XIII əsrdə kralın hüquqlarını məhdudlaşdıran, sonrakı dövrlər üçün çox mühüm Maqna Karta xartiyası hazırlanıb. Şübhəsiz ki, Avropanın tarixində də qanlı müharibələr, monarxiyalar, cəhalət, qəddarlıq çox böyük dərəcədə olub, lakin sadalanan özünüqavrayış və təkamül epoxaları qərbin indiki liberal siyasi quruluşunun və dünyagörüşünün formalaşmasına əhəmiyyətli dərəcədə təsir edib, müsbətə doğru dəyişib. Qanunun aliliyi, individualizm və siyasi plüralizm kimi dəyərlər də tarixin müxtəlif mərhələlərindən kök atıb. Yaxın Şərqdə isə belə dövrlər, xüsusilə Maarifçilik dövrü kimi kütləvi intellektual və fəlsəfi dönüş nöqtələri olmayıb. Buna əsaslanıb qərbin dialektik, şərqin isə əsasən metafizik1 durumda olduğunu demək olar. Yaxın Şərq mədəniyyətində doqmatizm, böyüyə və güc sahibinə şərtsiz hörmət bariz və aşkardır, ancaq qərbdə hər şeyi sorğulamaq kimi yanaşmalar uzun müddətdən bəri mövcuddur. Bu sorğulamaq ənənəsi Qədim Yunan mədəniyyətini irəliyə aparmış və beləliklə, çox böyük elmi, fəlsəfi, mədəni bir irs qoymuşdur. Elə həmin ənənə Qərbdə reformasiyalara gətirib çıxarmış, din və dövlətin ayrılmasına səbəb olmuşdur.
Əlbəttə, Yaxın Şərqdə də “İslamın qızıl çağı” adlanan çox mühüm bir dövr baş vermişdir. Bu dövrdə elmin müxtəlif sahələrində böyük irəliləyişlər əldə edilmişdi. Ancaq bu mərhələnin Qərbin Maarifçilik dövrü, Reformasiyalar kimi çağlarından bir neçə əsaslı fərqi var. İlk olaraq, bu qızıl çağ yuxarıdan birbaşa təşəbbüs ilə – o zamankı xilafətin göstərişləri və təbliği ilə baş vermişdir. Xilafət yeni torpaqlar ələ keçirdikcə oradakı kitabları, elmi materialları tərcümə etdirir, mənimsəyirdi. Bunun geniş miqyasda yerinə yetirilməsi üçün isə xidmət müqabilində önəmli miqdarda pul ödənilirdi. Ancaq Avropadakı mühüm dönüş nöqtəsi hesab olunan əlamətdar dövrlərin çoxu isə dövlət tərəfindən təşfiqlə yox, dissident fikirlərin və ya individual səylərin nəticəsi olaraq doğmuşdu. Bu dövrlər “oyanış” xarakteri daşıyırdı.
Demokratiyadakı individual azadlıqlar, fərdin istədiyini edə bilmək (qanun çərçivəsində) konsepsiyası Yaxın Şərqdə cəmiyyətin razılığı və rəyinin önəmli olduğu kollektivisit, icmaçı mentaliteti ilə toqquşur. Qanunun yaşından, kimliyindən asılı olmayaraq hər kəsdən üstün olması fikri və istənilən şəxsi tənqid edə bilmə haqqı isə Şərqdəki böyüyə hörmət, onlara əks getməmək, səlahiyyətli şəxslərə imtiyazlar kimi yanaşmalarla ziddir. Bütün bunların hamsı Yaxın Şərqdə hakim olan despotizmi, avtoritar və repressiv sistemləri açıqlamağa kömək edir, çünki dövlət strukturu insanlar tərəfindən idarə olunan və yönləndirilən bir mexanizmdir.
Ancaq şübhəsiz ki, insan dəyişən bir məxluqdur və elə biolojik olaraq da təkamül insanın yeni mühitə uyğunlaşması və buna öyrəşməsi deməkdir. İnsanlar ölür və yeni nəsillər dünyaya gəlir; köhnə adətləri və düşüncələri daşıyanlar yeni, daha proqressiv dünyagörüşü olanlarla əvəz oldunduqda isə dəyişim labüd olur. Ancaq bu onilliklər və hətta yüzilliklər tələb edə bilir. Ona görə də informasiya müharibəsinin aparılmasının, daha əlverişli fikirlərin yerli xalqın nümayəndələrinə ötürülməsinin böyük əhəmiyyəti vardır. Xüsusilə, inkişaf etmiş ölkələr və beynəlxalq təşkilatlar bu regionda sekulyarizmin, liberal dəyərlərin və modernizmin yayılmasında bilavasitə maraqlı olmalıdırlar. Tarix göstərir ki, güc işlədərək hərbi yolla rejim dəyişikliklərinin arxasınca qaçmaq çox geniş təhlükələr və böyük sayda insan ölümü ehtimalı yaradır. Ancaq demoqrafik dəyişimə, nəsil dəyişikliyinə və insanların dünyagörüşünün müsbət mənada təkamülünə maraqlı olmaq, bu həqiqətlərə arxalanmaq regionda daha müsbət nəticələr verəcək. Bu, əlbəttə, zaman alacaq, amma cəmiyyətlərin əmin-amanlığı qorunacaq, dəyişiklik daha möhkəm bünövrə üzərində qurulacaq.
II. Geopolitika və Qərbin xarici siyasəti
Yaxın Şərq əslində dünyanın ən qarışıq, dini və etnik tərkib baxımından ən mürəkkəb bölgələrindən biridir. Regionda müxtəlif xalqların sıxlıqla məskunlaşması, aralarındakı fərqlər və öz dövlətlərini qurmaq arzuları hərbi konfliktləri qaçılmaz edir. Sünnilik, şiəlik, ələvilik, xristianlıq, yəhudilik, ibadilik kim dini məzhəblərin nümayəndələri, ərəb, fars, kürd, türkmən kimi xalqların mənsubları burada məskunlaşıblar. Belə müxtəlifliyi vaxtilə bu torpaqlarda mövcud olmuş Osmanlı imperiyasının dövlət siyasəti ilə birbaşa əlaqələndirmək olar. Osmanlı hökuməti qeyri-müsəlman xalqlara dövlətə qarşı çıxmamaq şərtilə, əlavə vergilər alaraq müəyyən hüquqlar və avtonomiya vermişdi. Dini azlıqların nümayəndələri, beləliklə, öz məhkəmələrinin təşkilində, təhsil, evlilik və sair sahələrdə səlahiyyətlər qazanmışdılar və müəyyən dərəcədə azad idilər (8). Ancaq XX əsrin əvvəllərində – Osmanlı dövlətinin ən zəiflədiyi ərəfələrdə yerli xalqların güclənən müstəqillik ambisiyaları və Antanta ölkələrinin Osmanlını parçalamaq istəkləri regionun ahəngini birdəfəlik dəyişdi.
Britaniya İmperiyası və Fransa başda olmaqla bir neçə dünya gücü Osmanlını bölmək məqsədilə müxtəlif sazişlər bağlamışdılar. Bu sazişlərdən, xüsusilə, Sayks-Piko razılaşması çox önəmlidir. 1916-ci ildə bağlanmış bu gizli saziş keçmiş Osmanlı ərazisinin cənub-şərqinin ingilis və fransız gücləri tərəfindən xəritədə bir düz xətt ilə bölüşdürülməsi haqqındadır (9, s. 678). Ancaq bu torpaq bölgüsü regionun reallıqlarını, yerli xalqlar arasındakı siyasi çəkişmələri və onların maraqlarını nəzərə almadan aparılmışdır. Xüsusilə, ərəbləri Osmanlıya qarşı qiyama çağıran və bunun qarşılığında isə onlara öz müqəddəratlarını təyinetmə haqqı verməyi vəd edən Britaniya bu sazişi onlardan gizli şəkildə yerinə yetirmişdi. Britaniya mövcud neft resurslarına və Hindistana yol baxımından əlverişli coğrafi mövqeyə sahib olduğu üçün indiki cənubi İraqı, həmçinin Fələstinlə İordaniya torpaqlarını ələ keçirdi. Fransa isə indiki İraqın şimalını, Suriya və Livan ərazilərini götürdü. Əlavə olaraq, ingilislər daha bir gizli saziş – Balfur sazişi ilə yəhudi xalqına öz dövlətlərini qurmaq imkanı yaratdı. Halbuki, ərəblərə tam əksini söz vermişdilər (6, s. 65).
Nəticədə, regionda İraq, Suriya, Fələstin, İsrail, İordaniya və Livan kimi sərhədləri tamamı ilə “idarə et və parçala” prinsipi ilə, imperial maraqlarla çəkilmiş müxtəlif süni ölkələr yaradıldı. Sərhədləri qondarma xətlərlə çəkildiyindən və regionun dinamikası hesaba alınmadığından bu günə qədər həmin torpaqlarda dövlətlərarası konfliktlər və ölkədaxili gərginliklər səciyyəvi xarakter daşıyır. Belə bir qeyri-stabil və mürəkkəb geosiyasi mühitdə demokratik dəyərlərə tutunmaq daha da çətinləşir. Əsas məsələ həyatda qalmaq, suverenliyi və ölkənin torpaq bütövlüyünü qorumaq olduqdan sonra haqlar və azadlıqlar təbii olaraq ikinci plana keçir.
Şübhəsiz ki, qonşuluqdakı dövlətlərin inkişaf etmiş, demokratik və sabit olması ölkənin daxili siyasətinə də təsir göstərir. Avropadakı dinc sərhədlər, ətrafda inkişaf etmiş və liberal dəyərləri mənimsəmiş toplumların mövcudluğu və ümumi olaraq regionun firəvan və zəngin olması oradakı siyasi proseslərin müsbət yöndə istiqamətlənməsinə təkan verir. Belə geopolitik düzülüş dünyanın ən böyük demokratiyalarından hesab olunan ABŞ üçün də tarix boyu köməkçi olub – digər qitələrdən aralı, izolyasiyada yerləşməsi, birbaşa quru sərhədlərində də özündən daha zəif iki dövlətlə qonşu olması onu işğal olunma riskindən, demək olar ki, immun edir. Və bu immunluq sadalanan faktorlarla birlikdə ölkənin öz daxilində çox liberal bir siyasi xət aparmağı daha da asanlaşdırır.
İmperialist qərb dövlətlərinin öz maraqlarına əsasən bu regionda diktə elədiyi qərarlar, təbii resursları, xüsusilə, nefti mənimsəmək, öz geosiyasi təsirini artırmaq üçün təşkil etdiyi dövlət çevrilişləri, Qərbin təşəbbüsü ilə İraq və Əfqanıstanda aparılan müharibələr, yenə də Qərbin dəstəklədiyi “Ərəb baharı” hadisələrində bir çox ölkələrdə totalitar rejimlərin devrilməsi ilə başlanan vətəndaş müharibələri, xaos və böyük sayda insan ölümü – bütün bunlar qərbə güvəni sarsıdır. Bu neqativ nəticələrin meydana gəlməsində Qərbin xarici siyasətinin böyük rolu olmasına görə onun təbliğ etdiyi quruluşlara və ideyalara – bu halda demokratiyaya inam azalır. Yerli xalqlar, təbii olaraq, aşılanmağa çalışılan sistemlərin və düşüncə tərzinin altında gizlin, məkrli niyyətlər axtarırlar.
ABŞ və Birləşmiş Krallıq 1953-cü ildə İranda demokratik seçilmiş Məhəmməd Mussadığa qarşı dövlət çevrilişi hazırlayaraq şah Məhəmməd Rza Pəhləvinin hakimiyyətini qüvvətləndirdi və beləliklə də İranda avtoritar, monarxiya rejimi böyük güc qazandı. Bunun əsas səbəbi Məhəmməd Mussadığın İranın neft sənayəsini milliləşdirmək səyləri ilə bağlı idi. O vaxtkı Anqlo-İran Neft Şirkətinin İranın neft resurslarının əksəriyyətini mənimsəməsi ölkədə ciddi narazılıq doğurmuşdu. Buna son qoyacağını vəd edən sekulyar demokrat Məhəmməd Mussadıq xalq tərəfindən böyük rəğbətlə qarşılanıb demokratik proseslə hakimiyyətə gəlsə də, Qərb öz iqtisadi və enerji maraqları naminə onu devirdi və xalqın seçiminə hörmət etmədi. Çünki geosiyasi və geoiqtisadi üstünlük, güc maraqları əksər zaman ABŞ və Birləşmiş Krallıq üçün birinci planda durub.
Qərb tərəfindən dəstəklənmiş, qeyri-sivil yolla təşkil olunmuş hakimiyyət dəyişikliklərinə və Qərbin avtoritar rejimləri müdafiəsinə bir çox misallar gətirmək olar. Lakin həqiqət gözlə görünəndir – Qərb öz daxilində demokratik ənənələrə və quruluşlara önəm verib qorusa da, çox hallarda xarici siyasətində “demokratiya” məfhumundan öz şəxsi maraqlarına görə sui-istifadə edir. Məsələn, elə buna görə də ABŞ Suriya və İran kimi avtoritar rejimlərə qarşı azadlıqların pozulması hallarını dilə gətirib onları hər zaman pisləsə də, totalitar-monarxik siyasi sistem ilə idarə olunan Səudiyyə Ərəbistanı ilə çox yaxın müttəfiqlik münasibətlərinə malikdir; bu ölkə çox nadir hallarda ABŞ dövlət rəsmiləri tərəfindən tənqidlərə tuş gəlir. Bu cür riyakarlıqlar, ikili standardlar və tarixi reallıqlar Yaxın Şərqdəki toplumlara Qərbin tərənnüm etdiyi liberal dəyərləri qəbul etməyi çətinləşdirir.
XX əsrə qədər heç vaxt “fələstinli” və ya “iraqlı” adlanan milliyyət olmayıb. İordaniya dövlətinin adı imperial güclər tərəfindən paylaşılan torpaq hissəsinə ad tapmaq xatirinə yaxınlıqdakı İordan çayının adından götürülüb. Livan dövlətinin adı da eyni motivlərlə regiondakı Livan sıra dağlarının adından götürülüb (5). Beləliklə, sözsüz ki, bu regionun toplumlarında bir milli kimlik krizisi yaranır. Bu milli kimlik axtarışları bəzən yanlış yerlərdə, zərərli məntəqələrdə sonlanır. Yaranmış bu çaşqınlıqdan müxtəlif populist milliyyətçi və radikal dindar qruplar öz məqsədləri üçün məharətlə istifadə edirlər: regionda gənc, azyaşlı demoqrafiyanın böyük sayda olması ilə təhsilin və təhsilliliyin səviyyəsinin aşağı olması faktorları onların manipulyasiya və propaqandalarını daha effektiv edir. Bu səbəbdən İŞİD, Əl-Qaidə, Əl-Nüsrə kimi radikal dini təşkilatlar öz sıralarına böyük sayda insan cəlb edə bilir. Ancaq bu həm də regionda hakim olan İslam dinində proqressiv və liberal islahatların olmaması ilə bağlıdır.
III. Regionun hakim dinində liberal yöndə reformasiyaların olmaması
Hər toplumun kütləvi şüurunun, mədəniyyətinin və dünyagörüşünün formalaşmasında sitayiş etdiyi dinin rolu mühümdür. Şəxslərin müqəddəs hesab etdiyi dəyərlər və qaydalar onların həm özəl həyatında verdiyi qərarlara, həm də digər sferalarda atdığı addımlara önəmli yön verir. Bu dəyərlər individual və ümumi-kütləvi müstəvidə kimliyin formalaşmasını, dünyanı qavramağı, həyatdakı məqsəd, necə davranmaq, necə bir insan olmaq, necə düşünməyin gərəkli olduğunu insanlara aşılayır. Bu dəyərlər və motivlər mənimsənildikdən sonra isə fərdin və toplumun həm şüurlü şəkildə verdiyi böyük əhəmiyyətli qərarlarında, həm də şüuraltı şəkildə, kiçik əhəməmiyyətli olaylara reaksiyasında və onları dərk prosesində özünü əks etdirir.
Vurğulamaq lazımdır ki, din “reliqiya” mənasında - kainatı və yaradılışı izah edən, güman edilən hər hansısa ilahi varlığa sitayiş etməyi, ruhi ehtiyacları və fövqəltəbii elementləri əhatə edən inanclar və düşüncə sistemi kimi ayrıca bir konsepsiya olaraq XVI əsrdən qəbul olunmağa başlamışdır. İndiki “din” olaraq bilinən məfhum buna qədər müxtəlif mənalarda, əsasən isə “qanun” mənasında başa düşülürdü. Elə ərəb dilində də din sözünün mənası “qanun, hökm və adət” kimi tərcümə olunur. O zaman Xristianlıq qanunu, İslam qanunu, Yəhudilik qanunu və s. düşünülürdü. Uzaq Şərqi Asiya və Amerika kontinentinə dünya səyahətləri və ümumi olaraq artan əlaqələrin sayəsində o regionların yerli xalqlarının tarixində də “reliqiya” mənasını verən ayrıca bir konsepsiyanın heç vaxt mövcud olmadığı aşkarlandı. İnsanların neçə əsrlər boyu bəlli qanunların hansısa bir fövqəltəbii, ilahi varlıq tərəfindən göndərilməsini sanması onların bu qanunlara daha ciddi yanaşıb qəbul etməsi və həyatının əksər sahələrində bu dəyərlərə əsaslanıb davrandığı mülahizəsini daha etibarlı edir.
Regionda müxtəlif dinin nümayəndələri məskunlaşsa da, hakim din İslamdır. Fəqət qeyd etmək lazımdır ki, dinə hər ölkədə, hər cəmiyyətdə eyni şəkildə sitayiş edilmir; onun necə olduğu, hansı tələb və qaydaları qoyduğu hər toplumda fərqli cürə interpretasiya edilir. Məsələn, Azərbaycanda qəbul edilmiş İslamla Səudiyyə Ərəbistanındakı İslam arasında çox böyük fərq var. Və ya Qazaxıstandakı İslamla Yəməndəki İslam arasında. Azərbaycanda və Qazaxıstanda tarixən Rusiyanın təsirinə və xüsusilə də 71 illik sovet-kommunist keçmişinə görə din fundamentalist hal almayıb. Xalqın ümumi dünyagörüşü dünyəvilik və sekulyarlıq kimi dəyərləri mənimsədiyindən radikalizmə meyllər çox azdır. Amma Səudiyyə Ərəbistanında, Yəməndə və Yaxın Şərq ölkələrinin əksəriyyətində vəziyyət tam başqadır.
Bu səbəbdən dinin əsas mənbəyi olan Quran kitabına müraciət etmək mütləqdir. O zaman bəzi demokratik və liberal dəyərlərin dindəki qaydalarla toqquşduğunun şahidi olarıq. Qadın-kişi bərabərliyinin pozulması və köləlik (Bəqərə 282, Nisa 3; 34, Nur 32; 33, Əhzab 55 və s.), digər dinin nümayəndələrinə qarşı tolerantsızlıq və diskriminasiya (Bəqərə 39; 221, İmran 28; 86; 87, Nisa 144 və s.), azad tənqid və ifadə azadlığının əsas elementlərindən olan dini tənqidə mənfi yanaşma (İmran 60, Zumər 25 və s.) kimi bu dində mövcud olan çoxsaylı müddəa liberal prinsiplərlə ziddiyyət təşkil edir. Məsələn, yuxarıda göstərilən mənbəyə əsaslanaraq (Bəqərə 282) bir çox müsəlman toplumu qadının məhkəmədə şahidliyini kişininki ilə bərabər tutmur; bir kişinin şəhadəti iki qadının şəhadətinə bərabərdir. Elə bunun da məntiqi nəticəsidir ki, Səudiyyə Ərəbistanı, İran, Bəhreyn və Qətər kimi müsəlman ölkələrində çox hallarda qadının şəhadəti rəsmi olaraq kişinin şəhadətinin yarısına bərabərdir. Əlavə olaraq, yenə də tamamilə dindən qaynaqlanan səbəblərdən İran və Səudiyyə Ərəbistanı kimi ölkələrdə qadınlar başlarını bağlamağa məcbur edilir, qaydaları pozanlar da ciddi şəkildə cəzalandırılır. Bu tərz məcburiyyətlər və təzyiqlər demokratik-sivil cəmiyyətin prinsiplərinə tamamilə əksdir.
Lakin müqayisə etsək, üç böyük İbrahimi dindən həm Xristianlığın, həm də Yəhudiliyin müqəddəs kitablarında zorakılıq və qəddarlıq dolu hissələr kifayət qədər çoxdur; xüsusilə “Tövrat”dakı qəddar hissələr əhəmiyyətli dərəcədədir. Orta əsrlərdə Qərbdə elmdə geriliyin, qırğınların və çoxsaylı insan ölümünün əsas səbəblərindən biri Xristianlıq olmuşdur. O zamankı Katolik kilsəsi elmdə, xüsusilə astronomiyada kəşflər edən, “Bibliya” da yazılmış fikirlərə tərs tezislər irəli sürən insanların “küfr” etdiklərini deyir və onları müxtəlif yollarla cəzalandırırdılar. Avropada İnkvizisiyalar və “cadu ovları” zamanı böyük sayda insan amansızca öldürülmüşdü. Ancaq indi vəziyyət tamam fərqlidir. O zaman belə bir sual ortaya çıxır : niyə indiki Xristian dünyası dindən qaynaqlanan bu tərz qəddarlıqları artıq uyğulamır ? Müasir dövrdə niyə və necə Yəhudilik və Xristianlıq təkamül edə bildi?
Bunun əsas səbəbi hər iki dinin daxildə özünü müxtəlif islahatlarla reform etməsidir. Xristianlıqda reformasiyalar Martin Lütherin başçılığı ilə kilsənin ədalətsiz siyasətinə qarşı etirazlar ilə başlamışdı. Kilsə və adi camaat arasındakı çəkişmələr çox keçmədən böyük insan itkisi ilə nəticələnəcək qanlı müharibələrə apardı. Bu dini motivli savaşlar da əsasən Vestfaliya sülhü ilə bitdi (1, s. 131). Bundan sonra da kilsə zaman irəlilədikcə, dövr dəyişdikcə öz baxışlarını dəyişməyə məcbur oldu. Xüsusilə, XVIII əsr Maarifçilik dövrünün gətirdiyi əsas dəyərlərdən olan “dinlə dövlətin ayrılması, dinin insanların azad, könüllü şəkildə qərar verib ibadət etdikləri bir inanc sisteminə dönüşməsi” prinsipi cəmiyyətin dini etiqad məsələsinə daha liberal yanaşmasına səbəb oldu. Xristianlıqdakı bu reformasiyalar həm dinin strukturu baxımından İslamla fərqli olması, həm də proseslərin ümumi gedişatının böyük miqyasda insan ölümü ilə sonlanması səbəbindən İslam dinində aparılması mümkün olan reformasiyalar modelinə o qədər də əlverişli nümunə deyil. Ancaq Yəhudilikdəki reformasiyalarda islahatlar prosesinin qansız, döyüşsüz, əsasən, intellektual müstəvidə getməsi bu tərz praktikanı daha cəlbedici edir.
XVIII-XIX əsrlərə qədər Avropadakı yəhudilər digər xalqlardan ayrı, izolyasiya şəraitində yaşayırdılar. Avropadakı elmi-sosial inkişafı görən dövrün öndə gedən yəhudi ziyalılarının öz xalqını cəmiyyətə inteqrasiya etmək və dünyanın hərtərəfli dəyişən dinamikası ilə ayaqlaşdırmaq cəhdləri daxildə Haskala olaraq bilinən intellektual hərəkatın başlanmasına səbəb oldu. Yəhudi Maarifçiliyi olaraq da adlanan bu islahatlar dalğası yəhudilərin ayrı, özünəməxsus bir icma olaraq qorunması ilə bərabər müasirləşmək, modern sekulyar dəyərləri mənimsəmək və iqtisadi rifahı artırmaq kimi amalları hədəf bilmişdi. Haskala rasionalizm, liberalizm, sorğulamaq və fikir azadlığı kimi ideyaları təbliğ edirdi (10, s. 475).
Bu hərakatın məntiqi nəticəsidir ki, yəhudillər öz dinlərində islahatlar edə bildilər: din sonrakı dövrlərdə Rekonstruktiv yəhudilik, Reformist
yəhudilik, Konservativ yəhudilik və Ortodoks yəhudilik adlı bir çox qollara ayrıldı. Reformist yəhudilik dinin daimi olaraq zamanla təkamül edən bir sistem olduğunu deyir. Dinin hərfiyən, nöqtəbənöqtə uyğulanmasının önəmli olmadığını, oradakı əsas etik dəyərlərin və mənanın başa düşülüb real həyatda tətbiq edilməsini tərənnüm edir. Bu prinsiplərlə şəxs tam azad olaraq dini istədiyi kimi qavrayıb ibadət edə bilər.
Konservativ yəhudilik də İuadizmin müasir
çağa uyğunlaşdırmaq cəhdlərindən biridir; din qanunlarının önəmli olduğunu, ancaq dövr dəyişdikcə onların da interpretasiyasının dəyişib dövrə adaptasiya edilə biləcəyini deyir.
Ortodoks iuadizm yəhudiliyin tarixi ənənələrinə, dini qanunlara sıx bağlı olsa da, Rekonstruktiv yəhudilik tamamilə bir növ yeni cığır açır. Rekonstruktiv iuadizm yəhudilərin tanrının “seçilmiş xalqı” olmadığını, “Tövrat” daxil müqəddəs hesab edilən kitabların tanrının vəhyi deyil, onların tarix boyunca ərsəyə gətirdikləri bir xalq yaradıcılığı olduğu fikrindədir. Rekonstruktiv iuadizm yəhudiliyi yalnız bir din olaraq görmür, onu inkişaf edən, təkamül edən bir sivilizasiya olaraq görür (7, s. 86-87).
İslam dini yeganə böyük İbrahimi dindir ki, özünün proqressiv reformasiya çağını hələ keçirməyib. Yaxın Şərqin elmdə və inkişafda dünyanın digər regionlarından geri qalmasının, demokratik, liberal dəyərlərin bu torpaqlarda kök ata bilməməsinin əsas səbəblərindən biri də elə budur. Xristianlıqdakı islahatların müvəffəqiyyətlə bitməsinin əsas səbəblərindən biri Kilsə kimi oturuşmuş, topluma yol göstərən və öndərlik edən mərkəzi bir mənbənin olmasıdır: əgər Kilsə fikrini dəyişərsə, yeni müddəaları məqbul hesab edərsə, insanlar da bunu daha asan və tez qəbul edəcək. İslam aləmində Xristianlıqdakı Katolik kilsəsi kimi vahid, birləşmiş səlahiyyətli bir qurum yoxdur, ancaq dövlətin rolu genişdir. Qərbdə və inkişaf etmiş dünyada individual azadlıqların çiçəklənməsi üçün dövlətin rolunu azaltmağın məqsədyönlülüyü çoxluqla qəbul olunsa da, Yaxın Şərqdə dövlətin əlində böyük səlahiyyətlərin olması, əslində, mümkün islahatlar və reformasiyalar yolunda katalizator rolunu oynaya bilər. Dövlətin fəal təbliği ilə birlikdə cəmiyyətin ziyalılarının və öndə gedən din adamlarının da bu işə aktiv cəlb olunması prosesi daha da sürətləndirə bilər. Tarixdə də müsəlman dünyasında dövlətin müsbət yöndə dəyişimlərə effektiv bir vasitə olmasına nümunələr vardır. “İslamın qızıl çağı” adlanan qısa bir dönəmdə əsas impulsu dövlət vermişdi, Türkiyə Cümhuriyyəti yaranandan sonra Osmanlı kimi dinin önəmli olduğu böyük imperiyadan tədricən sekulyar və demokratik idarə sisteminə keçid də dövlət kimi vahid, böyük səlahiyətlərə malik bir strukturun hesabına gerçəkləşmişdi.
Nəticə
Yaxın Şərqdə demokratiyaya cəhdlərin, insanların gündəlik həyatlarında və fərqli situasiyalara münasibətində liberal yanaşmaların tətbiqi zamanı yaranan çətinliklərin səbəbləri müxtəlif və çoxtərəflidir. Bu vəziyyət imperializmin mirası, qərbin xarici siyasətinin fəsadları ilə birlikdə, əsasən, daxildə yerli xalqın adət-ənənələrindən və onların proqressiv reformasiyalar keçirməmiş dini görüşlərindən qaynaqlanır.
Həm daxili, həm də xarici qüvvələr Yaxın Şərqin qeyri-demokratik hökumətlərini devirərək vəziyyətə çözüm gətirə biləcəklərini sansalar da, yaxın tarixin bir çox nümunələri belə cəhdlərin xeyirdən çox zərər verə biləcəyini göstərir. Bu cür zərərli rejim dəyişimi ambisiyaları qeyri-stabillik, xaos və vətəndaş müharibəsi ilə sonlanaraq həm regionda əhəmiyyətli dərəcədə problem yaradıb, həm də artan beynəlxalq terrorizm hallarına və məcburi köçkün böhranına görə qlobal müstəvidə təhlükəni tətikləyib. Bütün bu faktorları nəzərə alaraq, Yaxın Şərqdə demokratiyanın reallaşdırılmasındansa, stabilliyin qorunması, inkişaf etmiş demokratik ölkələrin oradakı mövcud dövlət quruluşları ilə əməkdaşlıq edərək toplumlarda sekulyarizmi, modernizmi yayması, dinin liberal yöndə reform edilməsi və təhsilin səviyyəsinin artırılması uzun vadədə həm o toplumlar üçün, həm də bütün dünya üçün daha müsbət nəticə verəcək. Həmin sahələr üzrə aktiv və effektiv əməkdaşlıq sivilizasiya maraqlarını əsas tutur, təkamülə hərəkət verir. Bu halda həmin xalqların zamanla demokratik idarə rejiminə keçməsi və liberal prinsipləri mənimsəməsi daha real görünür, çünki dəyişim xaricdən zorla yeridilməz, daxildən kök atıb təbii bir proses olaraq inkişaf edər.
ƏDƏBİYYAT SİYAHISI:
1. Phillips A. (2011). War, Religion and Empire: The Transformation of International Orders. New York: Cambridge University Press.
2. Zelin A. Y. (2018). Tunisian foreign fıghters in Iraq and Syria. [pdf] The Washington Institute For Near East Policy. https://www.washingtoninstitute.org /uploads/Documents/pubs/PolicyNote55-Zelin.pdf (giriş tarixi 12.04.2020).
3. Burke E. Reflections on The Revolution in France. [pdf] McMaster University. https://socialsciences.mcmaster.ca/~econ/ugcm/3ll3/burke/revfrance.pdf (giriş tarixi 11.04.2020).
4. The library of Congress (2014). Laws Criminalizing Apostasy. https://www.loc.gov/law/help/apostasy/index.php (giriş tarixi 15.04.2020).
5. Friedman M. (2016). The Middle East: The Way It Is and Why. Mauldin Economics. https://www.mauldineconomics.com/this-week-in-geopolitics/the-middle-east-the-way-it-is-and-why (giriş tarixi 10.04.2020).
6. Cohen. M. J. (1987). The Origins and Evolution of the Arab-Zionist Conflict. Los Angeles.: University of California Press.
7. Stefon M. (2012). Judaism: History, Belief, and Practice. New York.: Britannica Educational Publishing.
8. HISTORY. Ottoman Empire. https://www.history.com/topics/middle-east/ottoman-empire (giriş tarixi 16.04.20).
9. Tucker S. C. (2013). The European Powers in the First World War: An Encyclopedia. New York.: Routledge.
10. Endelman T. M., Gitelman Z., Moore D. D. (2020). The Posen Library of Jewish Culture and Civilization. Yale University Press.
11. V. V. Dyke. (1995). Ideology and Political Choice: The Search for Freedom, Justice, and Virtue. New Jersey.: Chatham House Publishers.
Açar sözlər: demokratiya, reformasiya, din, mədəniyyət, rasionalizm, Yaxın Şərq.
Резюме
Нихад Ягублу
Почему демократия завершается с неудачей на Ближнем Востоке?: причины и факторы
Причины, объясняющие, почему демократические структуры так малочисленные на Ближневосточном регионе и либеральные принципы не укоренились тут у существующих обществ, различны. Данная научная статья, всесторонне исследуя существующую обстановку, анализирует и освещает этот серьёзный вопрос с разных точек зрения. Она не ограничивается рассмотрением каких-либо поверхностных моментов, а раскрывает вопрос глубже.
Одной из проблем, обсуждаемой в этом исследовании, является то, что внедряемые либеральные ценности исторически чужды этим народам: они противоречат взглядам, традициям и культуре локального населения. Неудачные примеры недавнего прошлого и другие реалии этого сложного региона указывают на недопустимость искусственного силового свержения власти, что может привести к большим катаклизмам.
Другой фактор в том, что данный регион населён различными этническими и религиозными группами. Не все из них приобрели самостоятельность, что свидетельствует об усилении амбиций к созданию собственных государств. Это приводит к возникновению межэтнических, религиозных и территориальных конфликтов. Существующая внутренняя рознь и общая напряжённость также является результатом действий Западных сил: после развала Османской империи, они не учитывав социально-политическую динамику региона поделили территорию, исходя из своих интересов. Отсутствие прогрессивных реформ в истории доминирующей религии региона, существующий догматизм в религиозных убеждениях местного населения, тоже является препятствием при формировании демократических государственных структур и освоении либеральных ценностей на Ближнем Востоке.
Ключевые слова: демократия, реформация, религия, культура, рационализм, Ближный Восток.
Summary
Nihad Yagublu
Why democracy results in failure in the Middle East?: reasons and factors
There are many different reasons why democratic governmental structures in the Middle East region are so few, and why liberal principles haven’t taken root in those societies. This scientific article comprehensively examines the political-social situation there through analyzing the issue from variuos different angles and not limiting itself to the superficial level.
One of the main reasons explaining the current situation is the new, liberal values which are tried to be imposed on are historically alien to these nations, and they contradict the views, traditons and culture of the local people. Unsuccessful examples of the recent past and the other realities of the region hint overthrowing the governments there through the use of force can backfire and lead to big catastrophes.
The fact that the Middle East is inhabited by many diverse ethnic and religous groups also contribute to this challenging situation. Not all of them were able to establish their own states, and it directly leads to ambitions to create one. And such ambitions often bring physical confrontations, wars and overall unstability. These ethnic-religious tensions and hostility are also the by-product of the actions of the Western powers — they after the fall of the Ottoman Empire irresponsibly, without taking into account the internal dynamics of the region divided it according to their own self-interests. Lack of progressive reforms in the history of the region’s dominant religion and the overwhelming dogmatism in religious beliefs of the local people are also some of the important reasons why liberal values are not deeply ingrained in those societies and obstacles emerge while trying to build democratic government institutions.
Key words: democracy, reformation, religion, culture, rasionalism, Middle East.