“ORTA YAŞ” PROBLEMİNƏ NƏZƏRİ YANAŞMALAR (D. LEVİNSON NƏZƏRİYYƏSİ ƏSASINDA)

Post image

Nərgiz Əliyeva
Bakı Dövlət Universiteti Sosial elmlər və psixologiya fakültəsi, doktorant

Doğulan hər canlı böyüyür, yetkinləşir, qocalır və ölür. Bu həyatın qanunudur. Orta yaş dövrünün nə vaxt başlayıb, nə vaxt sona çatması ilə bağlı psixo­loqlar arasında ortaq fikir birliyi mövcud deyildir. Məsələn, R. J. Havighurst orta yaş dövrünü 30-35 yaş arası, D. J. Levinson isə 40-60 yaş arası olaraq qəbul edir. İnsan ömrünün 35 yaşından etibarən 65 yaşına qədər olan dövrü “orta yaş dövrü” olaraq qəbul etmək olar. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən isə 45-65 yaş arası müddət “orta yaş” dövrü olaraq qəbul edilmişdir. Avropa və ABŞ əhalisinin böyük bir hissəsini orta yaş qrupundan olan insanlar təşkil edir [1.s.201]. Ona görə də “orta yaş” anlayışı elm adamlarının daha çox diqqət mərkəzindədir. Son vaxtlar bu prosesə maraq daha da artmışdır, lakin uşaqlıq, yeniyetməlik, gənclik dövrlərinə nisbətən bu dövr haqqında daha az araşdırma aparılmışdır. Ancaq 1970-ci illərdən sonra bu istiqamətdə müəyyən tədqiqat işləri aparılmağa başlanmışdır. Orta yaş dövrü ilə bağlı araşdırmalarda da görmək mümkündür ki, bu dövr dolayı yolla tədqiq edilmişdir. J. Piaje, Z. Freyd istisna olmaqla bu dövrü geniş şəkildə tədqiq edən olmamışdır. Yəni yeniyetməlik dövründən sonrakı dövr haqqında o qədər də əhəmiyyətli araşdırma aparılmamışdır. Qismən də olsa əhəmiyyətli olan nəzəriyyələrə E. Eriksonun psixo-sosial inkişaf nəzəriyyəsini, D. Levinsonun “İnsanın pozitiv inkişafı”, Kenistonun, Bühlerin “İnsan həyatının davamlılığı” və Arnettin “Özünü göstərən yetkinlik” nəzəriyyəsini göstərmək olar.
Orta yaş dövründə olan insanları “yetkin” şəxslər kimi də adlandırmaq olar. “Yetkin” termini latınca “böyümək” kəlməsindən gəlir. Yəni yetkin insan artıq böyümüş insandır. Burda həm fiziki, həm psixi böyümə nəzədə tutulur. Belə nəticə çıxır ki, yetkin insan həm fiziki, həm psixi cəhətdən dolğunlaşıb. Burda ən vacib məqam bu iki anlayışın izahında və meyarındadır. Uzun müddət yetkinlik yaş normalarına görə müəyyən edilmişdir və şəxsin özünün yetkin kimi hiss etməsi nəzərə alınmamışdır. Həmçinin yaş meyarında da ümumiləşmiş fikir birliyi mövcud deyildir.
Müxtəlif cəmiyyətlərdə yetkinlik müxtəlif normalarla müəyyənləşdirilir. Əksər cəmiyyətlərdə təhsili bitirmək, işə başlamaq, evlənmək, valideyn olmaq yetkinliyin başlanğıcıdır. Amma yetkinlik hər bir fərd üçün fərqli məna daşıyır. Digər tərəfdən isə, bir insanın ən uyğun “evlilik, iş, təhsili bitirmək, uşaq sahibi olmaq, təqaüdə çıxmaq vaxtı” kimi xüsusiyyətlərini cəmiyyət özü müəyyən edir. Bunlar heç bir qanunda mütləq şəkildə göstərilməyib.
Amerikan psixoloqu Jeffrey Jensen Arnett insan inkişafına təsir göstərən iki cür cəmiyyət göstərir: dar və geniş cəmiyyətlər. Geniş sosiallaşmağa ABŞ, Kanada, Avropanın böyük bir hissəsini aid edir. Bu cəmiyyətlər yaşam boyunca şəxslərə bir çox seçimlər təqdim edir, cəsarətləndirir, asılılığın olmadığı dəyərlər formalaşdırır. Burda özünü ifadə edə bilmək kimi xüsusiyyətlər hakimdir. Belə cəmiyyətlərdə mütləq formada yaxşı - pis, doğru - səhv anlayışları yoxdur. Gözləntilər, məsuliyyətlər, cəzalar azdır. Fərdi inkişaf üçün imkanlar yaradılır. Qısaca, şəxsin birinci maraq dairəsi özüdür .
Dar sosiallaşma sənayeləşməmiş cəmiyyətlərdə yaranır. İnsanların yaşayış tərzi müəyyən bir çevrə ilə əhatələnib, asılılıq çox, seçimlər isə azdır. Belə cəmiyyətlərdə mütləq olaraq, yaxşı - pis, səhv - düz anlayışları müəyyən olunmuşdur. Gözləntilər, məsuliyyətlər mütləqdir, qaçınılmazdır, cəmiyyətdən yayınmanın nəticəsi isə cəzadır. Fərdi fərqliliklərə əhəmiyyət verilmir. Dar sosiallaşmada fərdlər cəmiyyətə və ailəyə güvənmə istiqamətində formalaşırlar [3. səh. 47].
Yuxarıda qeyd olunanlara əsasəsən, ənənəvi yetkinlik anlayışı ilə modern yetkinlik anlayışı arasındakı fərqi dar və geniş cəmiyyətlərin nümunəsində izah etmək mümkündür. Sənayeləşməmiş cəmiyyətlərdə gənclərin çoxu yetkinlərin nəzarətindədir. Belə cəmiyyətlərdə yetkinlər tərəfindən mütləq olan norma və qanunlar uşaqlara öyrədilir və bu bütün ömür boyunca davam edir. J. J. Arnett və S.Taberə görə belə cəmiyyətlərdə əksər uşaqlar eyni tərzdə yetişdirilir. Uşaqların fərdi idraki inkişafına görə deyil, yaş göstəricisinə görə məsuliyyətləri formalaşdırılır. Amma geniş cəmiyyətlərdə öz məsuliyyətini başa düşmək, sərbəst qərar verə bilmək kimi psixoloji xüsusiyyətlər yetkinliyin əlamətləri kimi qəbul edilir [6. s. 352].
Davranış olaraq isə çağdaş yetkinlik, fərdi nəzarət və sosial vəziyyətlərə uyğunlaşma ilə özünü göstərir. Dar sosiallaşmada gənclər iş münasibətlərində, ailə, nəsillərarası münasibətlərdə və cəmiyyətdə qanunlara, normalara əməl etməyə məcburdur. Bütün bunlar çox erkən yaşdan formalaşdırılır. Çünki, “cəmiyyətin gözləntilərini qarşılamayan davranışlara cəmiyyət tərəfindən xoş münasibət bəslənilmir” fikri aşılanır. Əksinə olaraq, geniş sosiallaşmada gənclər bəzən cəmiyyətə qarşı olan davranışlara yol verirlər. Belə cəmiyyətlərdə sosial qınaq zəifdir. Yəni, əgər sən hər şeydən razısansa, heç bir şeydən narazı deyilsənsə, inkişaf etmirsən prinsipi əsas tutulur.
Beləliklə şəxsin orta yaş dövrünü davranış, rasional və hissi meyarlarla müəyyən etmək mümkündür. Qısacası, yetkinliyin xüsusi bir izahı yoxdur. Biz ona modern və ənənəvi mədəniyyətlər fonunda müəyyən bir bir məna yükü qazandırırıq.
1990-cı illərin əvvəllərinə qədər aparılan araşdırmalara əsasən yetkinliyi müəyyən edən 5 meyar var idi. Bunlar “məktəbi bitirmək”, “işə başlamaq”, “yeni evə köçmək”, “evlənmək”, “valideyn olmaq”dır. Bunları əsas meyar kimi götürdükdə onda düşünmək olar ki, gənclər artıq öz məsuliyyətlərini tam dərk edərək valideynlərindən olan asılılıqdan azad olurlar və həmçinin indentiklik inkişafını da başa vururlar. Həqiqətən də XX əsrin ortalarına qədər bu meyarlardan keçən şəxsləri yetkin adlandırmaq olardı. Bu təxminən 20 yaşdan sonra formalaşmağa başlayırdı. Ancaq indiki dövrdə şəxsin özünün yetkin olaraq hissetməsinə o qədər əhəmiyyət verilmir. Yetkin olmaq zamanla formalaşan bir məfhumdur. Yəni şəxs birdən - birə yetkinliyə addım atmır. Yetkinlik zamanla yavaş – yavaş formalaşır. Buna görə də öz məsuliyyətini dərk etmək, sərbəst qərarlar verə bilmək, iqtisadi baxımdan azad olmaq yetkinliyin üç əsas göstəricisidir. Bu üç ölçü də zamanla formalaşır. Qısacası, yetkin olmaq demoqrafik göstəricilərlə deyil, şəxsin özündə bu üç meyarı formalaşdırması və özünü yetkin kimi hiss etməsi ilə bağlıdır.
J. J. Arnett kimi bir sıra amerikalı tədqiqatçılar yetkinliyi müəyyən edən bioloji, sosial, psixoloji xüsusiyyətləri müəyyən ediblər. Bioloji xüsusiyyətlərə müəyyən bir yaşa çatmaq, uşaq dünyaya gətirə bilmək, fizioloji inkişafı tamamlamaq daxildir. Sürücülük vəsiqəsi almaq, içki içmək yaşına çatmaq və s. kimi yaşla bağlı olan məsələlər isə sosial xüsusiyyətlərdir. Həmçinin evlilik, şəxsi bir evə sahib olmaq, işləmək, valideyn olmaq rolları da sosial göstəricilər hesab olunur [3. s. 59].
XX əsrin ortalarında İEÖ demoqrafik tərkibində əsaslı dəyişikliklər mövcud oldu. Orta yaş müddətinin uzanması, erkən ölümlərin azalması, bununla bərabər ailələrdə uşaq sayının az olması yaşlı təbəqənin digər təbəqələrlə müqayisədə sayının artmasına səbəb olmuşdur. Xüsusilə, Birinci və İkinci Dünya müharibələrindən sonra yeni bir sosial şərait axtarışında olan cəmiyyətlərdə sağlamlıq və qida texnologiyalarının inkişafı insanların həyat və yaşayış standartlarını yüksəltmiş, buna paralel olaraq da, orta yaş müddəti uzanmışdır.
Texnologiyanın inkişafı insanların yaşam tərzinə də öz təsirini göstərmişdir. Belə ki, sənayeləşmədən əvvəl insanlar arasındakı münasibətlər “biz” şəklində formalaşırdısa, sənayeləşmədən sonra artıq bu münasibətlər “mən” formasına keçməyə başlamışdır. Cəmiyyətdə fərdiçilik, fərdiyyətçilik anlayışı özünü qabarıq şəkildə göstərməyə başlayırdı. Bu isə psixoloji və sosioloji aspektdən yaşlılıq anlayışını diqqət mərkəzində saxlamağın vacibliyini gündəmə gətirirdi. Texniki inkişaflara bağlı olaraq, təbii olaraq orta yaşlıların və onların problemləri də artmışdır. Əgər bu gün biz onların problemləri ilə maraqlanmasaq, onun həlli yollarını axtarıb tapmasaq, gələcəkdə bizlər də bu problemlərlə qarşı-qarşıya qalacağıq.
Təəssüf ki, bir çox cəmiyyətlərdə gənclər daha çox önəm kəsb edir və bu istiqamətdə müxtəlif işlər həyata keçirilir, proqnozlar verilir, tədbirlər planı hazırlanır. Bunun nəticəsi olaraq orta yaşlılar kənarda qalır. Cəmiyyətimizdə uşaqlar və gənclər sevilir, qocalara xüsusi hörmət, qayğı göstərilir, orta yaşlılara isə bilinməzlik kimi yanaşılır. Uşaq və qoca üçün xüsusi adlandırma var, amma orta yaşlı üçün xüsusi ad yoxdur. Orta yaş dövrü ölümə gedən yolun başlanğıcı kimi qəbul olunduğundan, əksəriyyət 40 yaşından sonra yaşamaq istəmir. 40 yaş narahatlıq, sıxıcı, kədər və depressiya ilə dolu olan bir yaş kimi qəbul olunur. Ona görə də orta yaş dövrünü yenidən ətraflı araşdırmaq, norma olaraq nəyin doğru olduğunu müəyyən etmək və orta yaş dövrünə olan baxışı dəyişmək vacibdir. Orta yaş dövrünün əsas xüsusiyyətləri nədən ibarətdir? Bu sualın cavabını ətraflı araşdırmaq gərəkdir. Bu baxımdan orta yaş dövrü bioloji, fiziki, psixoloji, sosial tərəfləri ilə dəyərləndirilməsi vacib olan bir mərhələdir. Bu onun mahiyyətini dərindən anlamaq üçün çox vacibdir.
Orta yaşlı insanları adətən xüsusi və olduq­ca ardıcıl, nizamlı bir xarakterə, qarışıq bir temperamentə sahib olan şəxslər kimi qəbul edə bilərik. Formalaşmış şəxsiyyət quruluşu insanların nizamlı münasibətə daxil olması üçün çox vacibdir. Şəxsiyyətin quruluşu, oxşar çətinliklərdə və situasiyalarda verilən reaksiyalardakı fərdi xüsusiyyətləri və əksinə fərqli situasiyalarda olduqca ardıcıl olan davranışları anlamağımıza da kömək edir. Başqa sözlə, şəxsiyyət, fərd ilə ətrafı arasında bir eynilik yaradır. Yəni, şəxsin keçmiş təcrübələrindəki fərdi eyniliyi, münasibəti indiki cəmiyyəti, ətrafı dəyərləndirməsinə kömək edir. Nəticə olaraq, insanın şəxsiyyəti keçmişdə, xüsusilə uşaqlıq illərində qarşılaşdığı hadisə və təcrübələrə verdiyi fərqli reaksiyalar zamanı formalaşmağa başlayır. Digər tərəfdən insanların zamanla dəyişdiyi də intiutiv olaraq bilinir. İnsanlar həmişə eyni vəziyyət və hadisələrdə eyni reaksiyanı vermirlər. Orta yaş dövründə də yeni təcrübələr və rollar qazanaraq dəyişə bilərlər. Bu baxımdan, insanların fərqli vəziyyətlərdə və müxtəlif yaş dövrlərində hansı ölçü və meyarlarda dəyişməz, stabil qaldıqları sualı yaranır [3.s.181]. Mənlik mövqeyindən yanaşsaq insanların bənzər situasiyalarda təkrar, bir-birinə oxşar reaksiyalar verdiklərini söyləyə bilərik. Ancaq psixoloqlara görə mənlik və şəxsiyyət anlayışlarını eyniləşirmək olmaz. Şəxsiyyət, fərqli vəziyyətlərdə dəqiq, düşünülmüş reaksiya verən daxili fəaliyyətdir. Mənlik isə şəxsiyyətin mərkəzində formalaşır. Ona görə də mənliklə şəxsiyyət, şəxsiyyətlə xarici aləm arasında olan münasibət olduqca qarışıqdır. Məsələn, bir insanın şəxsiyyətinin uşaqlıq təcrübələrini əks etdirdiyini düşünmək olar, amma şəxsiyyət formalaşdıqdan sonra xarici vəziyyətlərdən çox, daxili hərəkətliliyimizin təsirinin daha çox olduğunu görürük. Unutmayaq ki, yenə də şəxsiyyət xarici faktorların təsirilə yoğrulub. Murphynin dediyi kimi, “Səninlə sənin ərtafın arasında kəskin sərhəd yoxdur. Ətraf sənin üzərində səni dəyişdirən, formalaşdıran bir təsirə malikdir.
Orta yaş dövrü ilə bağlı aparılan araşdırmalar içərisində D.Levinsonun nəzəriyyəsi mühüm əhəmiyyət kəsb edir. Orta yaşlı kişiləri tədqiq edərkən D.Levinson fərdi həyat nəzəriyyəsini formalaşdırmışdır. Daha sonra isə orta yaşlı qadınları da tədqiq etmiş və nəzəriyyəsini genişləndirmişdir. Levinsona görə hər yaş mərhələsində insanın özünəməxsus qazandığı və itirdiyi xüsusiyyətlər, rollar vardır. Onun fikrincə yetkinlik dövrü psixolo­giya, sosiologiya, tarix, biologiya kimi fənnlərin predmet sahəsi olmalıdır və bu fənnlərin ortaq olaraq yetkinlik məsələsini analiz etmələrinin vacibliyi vurğulayırdı.
Levinson fərdi həyat nəzəriyyəsində “həyat axını”, “həyat dövrü”, “yetkinlərin inkişafı” və “həyat quruluşu” anlayışından istiadə edir.
“Həyat axını” (flow of life) insanın dünyaya gəldiyi gündən ölənə qədər mövcud olan inkişafının görünən xüsusiyyətləridir. “Həyat axını” sadə və sürətli bir dövr deyil və bir - birini təkrarlamır. Ona görə də insan həyatını bütün dövrlərdə tədqiq etmək lazımdır. Bu zaman insanın gözləntiləri, həyatdakı hədəfləri, fizioloji dəyişiklikləri, problemli dövrlərdə verdiyi reaksiyalar, müxtəlif sosial rolları və s. kimi bütün məqamlar nəzərə alınmalıdır.
“Həyat axını” təhlil edilərkən bioloji, psixolo­ji və sosial amillər kompleks şəkildə qiymətlən­diril­məlidir. Beləliklə, yetkin fərdin mənəvi inkişafını, bioloji qocalmasını, peşə üstünlüklərini, stresli situasiyalardakı reaksiyasını, sosiallaşmasını və s. kimi məqamları nəzərə almaqla ona bütöv bir sistem şəkildə yanaşmaq lazımdır.
Levinson nəzəriyyəsində qeyd olunan ikinci konsepsiya "həyat dövrüdür” (lifecycle). “Həyat dövrü” müəyyən bir ardıcıllıqla həyat axınının inkişafına və dəyişməsinə təsir göstərir. Hər bir insanın həyat qaydasını təmin edən və fərdi fərqlər yaradan ömür müddətinin quruluşu, yaş dövrlərinin cəmi həyat dövrünü formalaşdırır. Levinsona görə, hər yaşın öz bioloji, psixoloji və sosial ölçüləri vardır. Bu ölçülərin hər biri həyatın quruluşuna fərqli töhfələr verir. “Həyat dövrü” dörd mərhələdən ibarətdir. Bu mərhələlər müvafiq olaraq yetkinliyə qədərki dövr, ilk yetkinlik dövrü, orta yetkinlik və son yetkinlik dövründən ibarətdir [4.s. 5].
Levinson nəzəriyyəsində müzakirə olunan üçüncü konsepsiya “yetkinliyin inkişafıdır”. Yetkinlərin inkişafı doqquz fazadan və ömür müddətindəki keçid mərhələlərindən ibarətdir. Yetkinlərin ömür müddətindəki ilk yetkinlik dövründə yaşam bünövrəsinə ilk addım (22-28 yaş), ilk yetkinlik dövründə yaşam bünövrəsinin tamamlanması (33-40 yaş), orta yetkinlik dövrü üçün yaşam bünövrəsinə ilk giriş (45-50 yaş) və orta yetkinlik dövrü üçün yaşam bünövrəsinin tamamlanması (55-60 yaş) olmaqla dörd mərhələdən ibarətdir. Yetkinlərin həyat dövründəki keçid dövrlərinə isə ilk yetkinliyə keçid (17-22 yaş), 30 yaşa keçid (28-33 yaş), orta yaşa keçid (40-45 yaş), 50 yaşa keçid (50-55 yaş) və son yetkin yaşa keçid (60-65 yaş) olmaqla beş mərhələdən ibarətdir [4. s. 7].
İlk yetkinliyin ilk üç mərhələsi (ilk yetkinliyə keçid, ilk yetkinlik üçün həyat strukturuna daxil olma və 30 yaşa keçid) bu dövrün başlanğıcı, uyğunlaşma mərhələsini təşkil edir. Bu dövrlər bizə əbədi olmayan bir həyat quruluşunu və qazandıqlarını formalaşdırmaq imkanı təqdim edir. Bu yaşın son iki mərhələsi (ilk yetkinliyin həyat quruluşunu başa çatdırmaq və orta yaşa keçid) bu dövrün son mərhələsini təşkil edir.
Orta yetkinliyin ilk üç mərhələsi (orta yaşa keçid, orta yetkinlik həyat quruluşuna daxil olmaq və 50 yaşa keçid) bu dövrün başlanğıcını, şagirdlik və təcrübəsizlik mərhələsini təşkil edir. Bu dövrlərdə fərd, ilk yetkinliyin məzunu və orta yetkinliyin şagirdlik mərhələsini yaşayır. Bu dövrdə insan öz həyat yolunu müəyyən edənə qədər uzunmüddətli sınaqlardan keçir. Bu yaşın son iki mərhələsi (orta yetkinliyin həyat quruluşunu sona çatdırmaq və inkişaf etmiş yaşa keçid) bu dövrün son mərhələsini təşkil edir. Bu iki mərhələ növbəti mərhələyə keçmək üçün hazırlığı təşkil edir.
Levinson nəzəriyyəsində müzakirə edilən “həyat quruluşu” adlanan sonuncu konsepsiya fərdin özünün icra etdiyi sosial rolların, ətrafla mövcud olan sosial münasibətlərin cəmidir. Fərdin daxili proseslərinə fərdi gözləntilər, ümidlər, hədəflər, bacarıqlar, həyatdakı məqsədləri, dəyərlər və mövcud situasiyalara reaksiyaları daxildir. Sosial (xarici) proseslər dedikdə isə sosial məsuliyyətləri, rolları, ailə münasibətləri, iş həyatındakı seçimləri, istirahət fəaliyyətləri, dostluq münasibətləri, həyat tərzi və sosial-iqtisadi həyat üstünlüklərini aid edirik. Sosial proseslər və münasibətlər, dəyərlər, hədəflər və s. şəxsin öz inkişafına qoyduğu kapital kimi qiymətləndirilir [4.s.10]. Bu münasibətlər vasitəsilə fərd cəmiyyətdə iştirak edir və həyat axınını formalaşdırır. Dostlar, həyat yoldaşı, valideynlər və uşaqlar, rəhbərlər və həmkarlar, müəllimlər və tələbələr, ölən bir insan, simvolik bir qrup, cəmiyyət, dini icma, birlik, təşkilat, təbiət, kainat, yer və s. ilə münasibət müəyyən bir məna yükünə sahib olur. Hər bir əlaqə insanın həyatı boyunca ya dəyişiklik, ya da sabitlik göstərir. Həyat quruluşunun dəyişməsi ilə bu münasibətlər fərdin həyatında fərqli funksiyalara çevrilir. Beləliklə, həyat quruluşu anlayışı həyat axınındakı dəyişikliklərin, özünü təkmilləşdirməyin və başqaları ilə qazanclı əlaqələrin öyrənilməsini zəruri edir.
Levinson həyat quruluşu anlayışını şəxsiyyət termini ilə müqayisə edərək onu daha yaxşı dərk etməyimizə imkan yaradır. Belə ki, əgər şəxsiyyət anlayışı bir şəxsin kim olduğu ilə əlaqəlidirsə, həyat quruluşu hal hazırda şəxsiyyətin həyatının hansı məna yükünü daşıması ilə bağlıdır. Şəxsiyyət nəzəriyyələri qabiliyyət, özünü göstərmə, dəyər quruluşu və düşüncə tərzi kimi xüsusiyyətlərə əsaslanaraq nəticələr ortaya qoyursa, həyat quruluşu nəzəriyyəsi həyata yeni nələrsə əlavə etmək, həyatın vacib fazalarının necə bağlandığına və həyatı daha dərindən anlamaq üçün yaranan əlaqələrə görə nəticə çıxarmağımıza imkan verir [3.s.60]. Yəni, fərdin həyat quruluşunun ən mənalı tərəflərini kəşf etməyimizə yol açır.
Levinson görə, fərdi həyat quruluşu ilk, orta və inkişaf etmiş yetkinlik illərində həyat dəyişməz bir şəkildə inkişaf edir. Maraqlıdır ki, bu müntəzəm nizam və daimi nümunəvi davranışlar təkcə mənəvi və peşə inkişafında, ailə və sosial aspektlərdə deyil, eyni zamanda fərdi həyatın quruluşunda da baş verir. İnsan varlığının təbiətindəki dövri dəyişiklik ilə həyatın quruluşu daim dəyişir.
Levinsonun həyat quruluşu ilə bağlı ilk tədqiqatında müxtəlif peşə sahibləri olan kişiləri öyrənmişdir. Sonrakı illərdə Levinson ilk və orta yetkinlik dövründəki qadınları və müxtəlif peşələrin evdar qadınları ilə aparılan danışıqlar nəticəsində nəzəriyyəsini inkişaf etdirmişdir. Bühler, Erikson və Gould kimi, Levinson da ilk yetkinlik dövrünün sonunda fərdlərin həyatlarını nəzərdən keçirdiklərini və fərqli hədəflər inkişaf etdirərək orta yaşa keçidi hazırladıqlarını müəyən etmişdir. Demək olar ki, Levinson nəzəriyyəsi, Erikson nəzəriyyəsi kimi, həyatın detallı psixososial inkişafını izah etməyə çalışan ideal bir nəzəriyyədir. Levinsonun dediyi kimi, evliliyi, iş və ailə həyatını, fərdin ömrü boyu həyatının mərkəzi elementləri kimi qəbul etmək olar [3.s. 59].
Orta yaşlı insanları adətən xüsusi və olduq­ca ardıcıl, nizamlı bir xarakterə, qarışıq bir temperamentə sahib olan şəxslər kimi qəbul edə bilərik. Formalaşmış şəxsiyyət quruluşu insanların nizamlı münasibətə daxil olması üçün çox vacibdir. Şəxsiyyətin quruluşu, oxşar çətinliklərdə və situasiyalarda verilən reaksiyalardakı fərdi xüsusiyyətləri və əksinə fərqli situasiyalarda olduqca ardıcıl olan davranışları anlamağımıza da kömək edir. Başqa sözlə, şəxsiyyət, fərd ilə ətrafı arasında bir eynilik yaradır. Yəni, şəxsin keçmiş təcübələrindəki fərdi eyniliyi, münasibəti indiki cəmiyyəti, ətrafı dəyərləndirməsinə kömək edir. Nəticə olaraq, insanın şəxsiyyəti keçmişdə, xüsusilə uşaqlıq illərində qarşılaşdığı hadisə və təcrübələrə verdiyi fərqli reaksiyalar zamanı formalaşmağa başlayır.
Orta yaş dövründə insanlar olduqları mühitə uzunmüddətli, əhəmiyyətli bir tövhə vermək istəyirlər. Bəziləri bunu nümunəvi ailə modeli yaradaraq, bəziləri isə işlərində məhsuldarlıq nümayiş etdirərək həyata keçirir. Ancaq hər zaman bu istəklər reallaşmaya bilər. Bu zaman orta yaş dövrü durğunluq mərhələsi kimi formalaşır. Durğunluq isə şəxsin özünə yönəlir. Şəxs yaşayındakı hər şeyi öz mənafeyinə, eqosentrizminə uyğunlaşdırmağa çalışır, amma həyat yenə də maraqsız və darıxdırıcı gəlməyə başlayır. Narazılıq, şikayət, tənqid durğunluğun ən nəzərə çarpan göstəriciləridir. Bu gün, böyüklərin necə düşündükləri, dəyər verdikləri şeylər, həyatlarında hansı seçimləri ön plana çəkdikləri tədqiqat mövzusunun əsas hissəsini təşkil edir. Bu kontekstdə ilk və orta yetkinlik dövrü ilə ətraflı məşğul olan Levinsonun fərdi həyat quruluşu nəzəriyyəsi mühüm əhəmiyyət kəsb edir. Bir çox cəmiyyətdə bu nəzəriyyə əsasında karyera inkişafı, həyat hədəfləri, həyat və inkişaf böhranları və keçid dövrləri kimi bir çox məsələlər üzrə tədqiqatlar aparılmışdır.

Açar sözlər: Yetkin, orta yaş, orta yaş dövrü.

ƏDƏBİYYAT SİYAHISI
1. Qədirov Ə.Ə. Yaş psixologiyası. Bakı, 2002
2. Emrahlı L. Səxsiyyət və cəmiyyət. Bakı, “MBM”, 2009.
3. Hasan Bacanlı, Şerife İşık, Yetişkinlik ve yaşlılık (gelişimi ve psikolojisi), Pegem akademi, Ankara, 2019
4. Levinson DJ (1986) A conception of adult development.
5. Levinson DJ (1996) The Seasons of a Woman's Life. New York, Knopf.
6. Arnett, J. (1992). Reckless behavior in adolescence: A developmental perspective. Developmental Review, 12, 339-373
7. Margie. E. Lachman, “Development in midlife” 2004

Теоретические подходы к проблеме
“среднего возраста”
(на основе теории Д. Левинсона).
Наргиз Алиева

Резюме
Средний возраст-это период,когда выполняются различные обязанности и роли такие как стать супругом,рождение ребёнка,стать родителеми и т.д.Одна из теорий -теория структуры индивидуальной жизни Левинсона,которая делает упор на раннем взрослом возрасте. В этом исследовании жизненные структуры индивидов в период ранней взрослой жизни изучались с точки зрения развития задач,связанных с построением и изменением структуры

Ключевые слова: Взрослый, средний возраст, возрастной период.

Theoretical approaches to the problem
of “middle age”
(based on the theory of D. Levinson)
Nargiz Aliyeva

Summary
Middle age is a period in which different responsibilities are experienced intensively and many roles such as spouse, parent, employee and having a child are performed most actively. Universality of theories explaining early adulthood has long been discussed. One of these theories is the Levinson's theory of individual life structure that emphasis on early adult years. In this study life structures of individuals in the early adulthood period was examined in terms of structure-building and structure-changing development tasks, regarding Levinson's theory of individual life structure.

Keywords: Adult, middle-aged, age period.