BİRİNCİ DÜNYA MÜHARİBƏSİ İLLƏRİNDƏ NEFT REGİONLARI UĞRUNDA HƏRBİ – SİYASİ MÜBARİZƏ

Post image

NƏRGİZ ƏLİYEVA
Bakı Dövlət Universiteti, doktorant

E-mail: [email protected]

 

Giriş
XIX əsrin sonu – XX əsrin əvvəllərindən etibarən neft amilinin beynəlxalq münasibətlər sistemində aktuallaşması, məhz hərbi texnikaların təchizatında kömürün neftlə əvəz olunması ilə bağlı olmuşdur. Neft imperializmi Birinci Dünya müharibəsi illərində yarandı, bununla birgə gələcək müharibələr üçün əsaslı zəmin yaratmış oldu. Müharibənin ilk illərindən Osmanlının Yaxın Şərqdəki mülklərini ələ keçirmək Antanta ölkələrinin əsas hədəfinə çevrilmişdi, çünki müttəfiqlər Osmanlının Yaxın Şərqdəki mövqelərini yıxmaqla Almaniyanın dağılacağı ilə bağlı həmfikir idilər. Rus inqilabının başlanması həmçinin neftə olan böyük tələbat nəticəsində Qafqaz regionu, xüsusilə Bakı nefti döyüşən dövlətlərin hərbi – siyasi maraqlarına daxil olmuşdur.
Neft regionları uğrunda mübarizənin başlanması. Alman geoloqları Şimali Mesopotamiyada çoxsaylı tədqiqatlardan sonra 1898-ci ildə neft axtarışlarına başlamışdılar. Beləliklə, Almaniyanın xarici siyasətində Mesopotamiya ərazisi, xüsusilə Mosul vilayəti ön plana çıxmağa başladı. Geoloqların fikrincə, “Almaniya Mosul nefti vasitəsilə Qafqazın zəngin neft yataqlarından daha çox gəlir əldə etmək imkanına sahib ola bilərdi” [11, 236]. Yeni yaranmış şəraitdən istifadə etməyə çalışan Kayzer elə həmin il Osmanlı imperiyasına diplomatik səfərə yollanır. Bu səfərin pərdə arxasındakı məqsədi isə Berlin – Bağdad dəmir yolu üçün Konya xəttini cənub – şərqdən Bağdada və onun hüdudlarından kənara uzatmaq üçün güzəşt əldə etmək idi. Tarixçi David Fromkinin fikrincə, “ ingilislər bu layihəni əvvəlcə təşviq edir və dəstəkləyirdilər, çünki başlanğıcda onun yarada biləcəyi təhlükələrdən xəbərdar deyildilər. Daha sonra layihə İngiltərə və Almaniya arasında ixtilaf mənbəyinə çevrildi. Bununla belə, 1914-cü ildə iki ölkə arasında əldə olunan razılaşma ilə həll olundu” [7]. Belə ki, ingilislər dəmir yol xəttinin Dəclə və Fərat çaylarının qovuşduğu yerdəki Bəsrə liman şəhərinin yanından keçmədiyi müddətcə tikintiyə razılıq verirdilər [2, 3p]. Almaniyanın Mesopotomiyadakı maraqları İngiltərə hökumətini narahat etməyə bilməzdi, belə ki, buranın zəngin neft ehtiyatlarından əlavə regionun İrana və Hindistana yaxınlığı gələcəkdə Böyük Britaniyanın maraqları ilə toqquşa bilərdi. İmperialist güclər arasında Yaxın və Orta Şərq regionunda XIX əsrin sonlarından etibarən kəskinləşən rəqabət Birinci Dünya müharibəsi zamanı şiddətli döyüşlərdə, bir çox gizli müqavilələrdə öz təzahürünü göstərmişdi.
Birinci Dünya müharibəsinin başlandığı andan etibarən İngiltərə və Rusiya Osmanlı imperiyasının davamlı neytrallığını qorumağa çalışsalar da, imperiya daxilində baş verən hadisələr, həmçinin sonuncu rus – türk müharibəsində itirilmiş torpaqları qaytarmaq arzusu ilə Almaniya ilə müttəfiqliyi üstün tuturdu. Müharibənin ilk illərində Almaniya üçün Osmanlı imperiyası əvəzedilməz müttəfiq idi. Belə ki, müharibənin gedişində Almaniya Qərb cəbhəsində vuruşarkən, Osmanlı Qara dəniz hövzəsinə hökmranlıq edərək, Rusiyanın müttəfiqləri ilə əlaqəsini kəsə bilərdi, bunun nəticəsində isə Şərq cəbhəsində rusları sıxışdıracaqdılar. Bütün bunlardan əlavə Osmanlı dini ambisiyalardan çıxış edərək müsəlmanların çoxluq təşkil etdiyi – Qafqazda, Misirdə və Hindistandakı müsəlman xalqlarını müstəmləkəçilərə qarşı ayaqlandıra bilərdi [8, 231-4]. Lakin məlum olduğu kimi, 1915-ci ilin yanvarında Sarıqamış döyüşündə türklərin Şərqdə rusları sıxışdırma cəhdləri fiasko ilə nəticələnir. Şərqdəki məğlubiyyət türk qoşunlarını Misirdə Britaniya əleyhinə təbliğatı gücləndirməyə sövq etdi. Osmanlı qoşunları dini fanatizmdən istifadə edərək Süveyş kanalını ələ keçirmək üçün kampaniya başlatsalar da öz məqsədlərinə çata bilmirlər [8, 303 p].
Döyüş meydanında Osmanlı imperiyasının ard – arda yaşadığı uğursuzluqlara güvənərək Antanta ölkələri 1915-ci ilin mart ayında İstanbul sazişi imzaladılar. Sazişə görə, Osmanlı torpaqları hərbi qənimət kimi müttəfiqlər arasında bölüşdürülürdü. Strateji cəhətdən vacib ərazilərdən sayılan Mesopotomiya İngiltərənin nəzarətində qalmalı idi [1, 154 p]. Bu sazişdən sonra İngiltərə Mesopotamiyada öz mövqeyini təmin etmək məqsədilə yerli ərəb liderləri ilə Osmanlı əleyhinə danışıqlara başlamışdı. Belə ki, ingilis siyasətçilərinin fikrincə, ərəblərin köməyi ilə Britaniyanın sürətli və qəti qələbəsi, onun müsəlman dünyasında şəriksiz qələbə qazanmasına kömək edəcəkdi. Bu danışıqlar ərəfəsində, ingilislər ərəblərə “müstəqil dövlət” yaratmağı vəd etsələr də, onlar 1917-ci ilə qədər neytral qalmağı üstün tutmuşdular [ 3, 567].
Müharibənin son illərində neft döyüşən bütün dövlətlərin döyüş maşınlarını təmin etdiyi üçün əsas vasitə olmaqla yanaşı, sülh danışıqları zamanı da həlledici məqama çevriləcəkdi. 1916-cı ilə qədər neftlə zəngin ərazini tutmaq heç bir döyüşən dövlətin əsas müharibə məqsədi olmamışdır. Lakin Qərb cəbhəsində bir çox sarsıdıcı döyüşlərdən sonra neft ölkənin təkamülünün əsas strateji komponenti kimi ortaya çıxdı. Bu, həmçinin müharibənin sonrakı gedişinə əsaslı təsir göstərdi. Almaniya üçün kəskin neft qıtlığı onun hərbi planlarına ciddi maneə törədirdi. 1916-cı ilin sonlarında müttəfiqlərin dəniz blokadası Almaniyanı xarici neft ehtiyatlarından məhrum etdi. Şərq cəbhəsinin dağılmasından əvvəl Rumıniyanın nefti Almaniya üçün yeganə etibarlı mənbə idi. Lakin ingilislərin törətdikləri təxribatlar nəticəsində Almaniya bu mənbədən də məhrum oldu [1, 286].
Almaniya getdikcə Yaxın Şərqə və Qafqaza neft mənbəyi kimi baxırdı. 1916-cı ilin yazında ingilis kəşfiyyatçıları “fars və türk neftinin əhəmiyyəti haqqında məqalələr”-i əks etdirən Alman-Osmanlı rabitəsini ələ keçirdilər. Bunlar Almaniyanın Yaxın Şərqdəki türk-alman hərbi əməliyyatlarının mühüm məqsədi olan Mesopotamiya və İran neft yataqlarına sahib olmağın təmin edilməsinə verdiyi əhəmiyyəti göstərirdi [8, 370-1].
1916-cı ilin mayında Fransa və İngiltərə Yaxın Şərqi yenidən öz aralarında bölünməsini təmin edən Sayks – Pikot sazişini imzaladılar. Britaniya hökümətinin həm imzalanan bu gizli saziş vasitəsilə, həm də 1917-ci ilin mart ayında Bağdadın işğal olunması ilə Mesopotamiyadakı mövqeləri gücləndi [4, 146 p]. Məhz buna görə də tədricən ərəb lideri Şərif Hüseynə verdiyi “müstəqil dövlət” vədlərindən də boyun qaçırırdı. Osmanlı liderlərinin türk qüvvələrini Mesopotamiya və Fələstində cəmləşdirilməsi ilə bağlı alman tələblərini qəbul etməkdən imtina etməsi müttəfiqlər arasında ixtilaf yaratdı, eyni zamanda 1917-ci ildən etibarən ingilislərin bu müharibə meydanında hökmranlıq etməsinə də imkan verdi. Bütün müharibə boyu Türkiyə şərqi Anadoluda və Qafqazda panturan ideologiyasının irəliləməsi üçün cəbhəsinə böyük əhəmiyyət vermiş, almanlar üçün həyati əhəmiyyət daşıyan Mesopotamiyadan və Fələstindən mühüm işçi qüvvəsini və hərbi qüvvələrini çəkmişdir. 1917-ci ilin noyabr – dekabr aylarından artıq Qəzza və Qüds şəhərləri də Britaniyanın təsiri altına düşmüşdü. Buna görə də, Aralıq dənizi limanlarından, Suriyadan, Ərəbistandan keçərək İran körfəzinə gedən əsas dəmir yolları ingilislərin nəzarətində idi. Bununla belə, 1917-ci ilin noyabrında Balfur Bəyənnaməsi yəhudilərə Fələstində vətən vəd etsə də, bu zəmanətin arxasında duran əsl motiv Fələstinin, Kerzonun qeyd etdiyi kimi, “Misirə və Süveyş kanalına hərbi qapı olması” idi [9,68-70].
Müharibənin sonrakı taleyindəki əsas məqamlardan biri isə Rusiya inqilabı olmuşdur. Belə ki, inqilabın baş verməsi Antanta ölkələrinin Şərq cəb­həsindəki strateji planlarına köklü zərbə vursa da, Almaniya və Osmanlı Rusiyanın daxilində yaranmış bu təlatümlü vəziyyətdən istifadə etmək üçün can atırdılar. Bolşeviklərin hakimiyyətə gəlməsi ilə rus qoşunları Qafqazdan və İrandan çəkilməyə başlamışdı. Qeyd edilməlidir ki, 1917-ci ilin yayına qədər rus xətti Rusiyanın cənubundan, Qafqazdan, Xəzər dənizindən, İranın şimal – qərbindən keçərək sol cinahı Mesopotamiyada, Bağdadın şərqinə qədər uzanırdı [10, 278 p]. Hər halda, 1917-ci ilin payızına qədər Rusiyanın Qafqaz ordusunun süqutu, türklərə 1915-ci ildə həmin bölgədəki fiaskodan qurtulmaq şansı verdi. Bununla Qafqaz nefti uğrunda mübarizə aparacaq tək ölkə Osmanlı deyildi, neftə yaranan böyük tələbat Almaniya və Böyük Britaniyanı da bu yola sövq edəcəkdi.
Almaniya ilə bolşeviklər arasında Brest – Litov­sk sülhünün imzalanması ilə Rusiya rəsmi şəkildə Antantadan çıxdı. Əslində, Almaniya və Türkiyənin eyni məqsədə – Qafqaz neftinin təhlükəsizliyinin təmin edilməsinə nail olmaq üçün çox fərqli strateji planları var idi. Müttəfiqliyə baxmayaraq, Qafqaz uğrunda Almaniya ilə Türkiyə arasında ixtilaf dərhal yarandı. Almaniya Qafqazda öz planları ilə Osmanlı qoşunlarını bu cəbhədən gizli şəkildə çıxarmağa, regiondakı gələcək Alman uğurlarını təmin etməyə çalışırdı. Almaniya Qafqazın zəngin neft yataqlarını ələ keçirəcəyi təqdirdə, heç şübhəsiz müharibənin nəticəsini öz xeyrinə çevirə bilərdi. Osmanlının hərbi dairələri isə Osmanlı imperiyasını yenidən dirçəltmək, Qafqazda və Mərkəzi Asiyadakı türk xalqlarını bir bayraq altında toplayaraq çoxdankı arzuları olan – Böyük Turan ideologiyasını həyata keçirməyə çalışırdılar. 1918-ci ilin yazında və yayında türk qoşunlarının Qafqazdakı fəaliyyətini Böyük Turan ideologiyası bəsləsə də, bu yürüşün əsas məqsədi Bakı nefti idi.
Bakı neftinin strateji əhəmiyyəti, həmçinin Almaniya və ya Türkiyə tərəfindən ələ keçirlməsi qorxusu Britaniyanı narahat etməyə bilməzdi. Belə ki, Qafqaz almanların və türklərin təsir dairəsinə düşsə, gələcəkdə ingilislərin İran və Hindistandakı maraqları üçün böyük təhlükəyə çevriləcəkdi. Buna görə də, 1917-ci ilin dekabr ayında general Robertson və Lord Kerzonun rəhbərliyi altında İmperiya Hərbi Bürosunun Şərq Komitəsi, alman və yaxud türk qoşunlarının Qafqazdan keçərək cənub-şərqdən Orta Asiya və Hindistana doğru irəliləməsi təhlükəsi ilə mübarizə aparmaq üçün xüsusi hərbi missiyalar təşkil etməyə başladı. Bu misiyaya general C.L.Denstervil başçılıq edirdi [ 12, 112 p].
Eyni zamanda regionda alman – türk maraqları da toqquşurdu. Yaranmış bu ixtilaf, 1918-ci ilin yayında müttəfiqlər arasında hərbi qarşıdurma ilə nəticələndi. Belə ki, bu toqquşmanın ardınca almanlar türklərin sürətlə Şərqə doğru irəliləməsinin qarşısının alınması məqsədilə, hərbi və maddi dəstəyi kəsəcəkləri ilə bağlı türkləri hədələyirdilər. Lakin, almanların bu təhdidləri türkləri öz ideologiyalarından döndərə bilmədi [6, 312 p]. İngilis siyasi dairələri isə, Bakının türklərin əlinə keçməsini almanların və ya rusların ələ keçməsindən daha üstün tuturdular. Bununla belə, Bakıda Türk müsəlman ordusu ilə ingilislər arasındakı hərbi qarşıdurma qaçılmaz idi. 1918-ci ilin sentyabr ayında baş verən toqquşma nəticəsində, ingilislər Bakıdan geri çəkilmək məcburiyyətində qalırlar [8, 398 p].
Bununla belə, müttəfiqlər gələcək sülh prossesində öz maraqlarını təmin etmək məqsədilə təşkil etdikləri konfranslarda əsas mübahisə mövzusu neftlə zəngin ərazilər olurdu. Bunlardan biri, İngiltərə və Fransa tərəfindən imzalanan Yaxın Şərqin bölüşdürülməsini təmin edəcək Sayks – Piko gizli sazişi idi. Daha dəqiq desək, anlaşma çərçivəsində Fransanın təsir dairəsində olan, lakin noyabrın əvvəlində Britaniya qüvvələri tərəfindən işğal edilmiş Mosul mübahisə və diplomatiyanın mərkəzi idi [5, 296 p]. Britaniya hər vəchlə Mosulu öz nəzarət dairəsinə salmağa çalışırdı, belə ki, regionun zəngin neft ehtiyatları gələcəkdə onu Amerikadan idxal olunan neftdən asılılığına son qoya bilərdi. Baxmayaraq ki, Mosul Sayks – Piko sazişinə əsasən Fransanın payına düşmüşdü, lakin qeyd edilməlidir ki, müharibə dövründə Yaxın Şərqdəki hərbi əməliyyatların uğurla nəticələnməsində ingilislərin payı daha çox idi. Müharibə dövründə ingilis siyasi dairələri üçün müharibənin ideal nəticəsi Qərb cəbhəsində Antantanın qələbəsinin təmin edildiyi halda, Yaxın Şərqdə Britaniyanın şəriksiz qələbəyə nail olmağı idi. Sülh danışıqları zamanı isə, daha bir mübahisəli mövzu Palmira vahəsi idi. Əsas məsələ isə İngiltərənin Dəməşq və Fərat çayının arasında yerləşən Palmira vahəsinin Suriyanın deyil, Mesopotamiyanın bir hissəsi olduğunu iddia etməsi idi [5, 310 p]. Çünki, ingilislər yaxşı başa düşürdülər ki, bu yer Mosuldan Aralıq dənizinin ixrac limanlarına gedən istənilən boru kəməri və ya dəmir yolu boyunca mühüm stansiya olacaqdı.
Müttəfiqlər arasındakı digər əsas məsələlərdən biri də Qafqaza nəzarətlə bağlı idi. 1918-ci il 30 oktyabrda imzalanan Mudros sülhü çərçivəsində türk qoşunları Azərbaycan, Ermənistan və Gürcüstan ərazisindəki qoşunlarını şərqi Anadoluya çəkməli idi. 1918-ci il noyabrın 17-də general Tomsonun rəhbərliyi altında ingilislər Bakını işğal etdi. Sülh kon­fransına qədər Britaniyanın Qafqazdakı niyyətləri üç əsas məqsəd üzərində cəmlənmişdi. Sülh nümayəndə heyətinin fikrincə, birincisi Bakı neftinin, Qafqazda dəmir yollarının, ilk növbədə isə neft ixracının əsas limanı olan Bakıdan Batuma gedən xəttin qorunması idi. İkincisi, Qafqaz və İrandan keçməklə Hindistana gedən marşrutun qorunmasını təmin etmək idi. Nəhayət üçüncüsü, fransızları Qafqaz da daxil olmaqla Suriyanın şimalındakı istənilən torpaqlardan uzaq tutmaq məqsədəuyğun hesab edilirdi. 1919-cu ilin yanvarına qədər Selanik ordusundan ayrılmış daha üç piyada diviziyası Batum və Bakı arasındakı mühüm dəmir yolu əlaqəsini qorumaq üçün Qafqaza yerləşdirildi. Britaniya neft imperializmini müdafiə edən Kerzonun fikrincə, Bakı neftinin ingilislər tərəfindən mənimsənilməsi neft böhranını həll edəcəkdi. Bu vaxta qədər Britaniyanın Qafqazdakı hərbi heyətinin sayı 40.000 nəfər təşkil edirdi ki, bu da Britaniyanın Rusiyadakı müdaxilə kontingentlərinin ən böyüyü idi. Britaniyanın Qafqaz siyasəti ilə bağlı hazırladığı hesabatlarda Cənubi Qafqazın ingilislər tərəfindən müdafiəsinin tam təşkil edilməsinə yardım edəcək daha 20 min nəfərlik hərbi heyətə təcili ehtiyac olduğu bildirilirdi [4, 215-218 p].
Qırmızı Ordunun Qafqaz kampaniyası beynəlxalq neft sərvətlərini təhdid etdiyinə görə Azərbaycan üçün güclü xarici protektoratın olması və ya ən azı bütün neft yataqlarını bir növ birbaşa beynəlxalq nəzarət altına almaq əsaslandırılırdı. Lakin Britaniya Qafqazda əlavə 20 min nəfərlik hərbi heyət yerləşdirmək iqtidarında deyildi. Bununla belə, yeni bir dilemma ortaya çıxırdı, ingilislərin Qafqazdan çıxacağı təqdirdə, bu boşluğu hansı ölkə doldura bilərdi? ABŞ-ın bu vəziyyətdən boyun qaçırması, fransızların isə “arzuolunmaz” olması ingilislərin italyanlara üz tutmasına səbəb oldu. İtalyanlar ilk əvvəl razı olsalar da, sonralar hökümətin dəyişməsi, həmçinin dəyişən siyasi şərait də onların Qafqazda qoşun yerləşdirməsinə maneələr törətdi [9, 558 p]. Bolşeviklərin 28 aprel 1920-ci ildə Bakını işğal etməsi ilə birgə, qalib dövlətlərin Bakı nefti üzərində qurduqları xəyallar puç olur.
Nəticə. Müharibədən sonra neft güzəştləri sülh konfranslarının danışıqlar masası ətrafında böyük mübahisələrə səbəb olmuşdu. Müharibə dövründə imperialist güclərin Yaxın Şərqdə və Qafqazdakı etnik münaqişələrdən bəhrələnmə səyləri, heç şüb­həsiz gələcəkdə bu regionlarda baş verəcək münaqişələrin təməl daşları rolunu oynayacaqdı. Bir çox tarixçinin fikrincə, İkinci Dünya müharibəsinin başlanması məhz Paris sülh konfransının qərarlarına əsasən dünyanın “ədalətsiz ” bölgüsü olmuşdur.

Açar sözlər: Birinci Dünya müharibəsi, neft, müharibə, sülh, Yaxın Şərq, Qafqaz

ƏDƏBiYYAT SİYAHISI:
1. Aron R, Century of Total War, New York, 1954, 392 pages
2. Delaisi F, Oil: Its Influence on Politics, London, 1922, 104 pages
3. Fisk R, The Great War for Civilization: The Conquest of the Middle East, New York, 2006, 1396 pages
4. French D, British Strategy & War Aims, London,1986, 274 pages
5. French D, Strategy of the Lloyd George Coalition 1916–1918, London, 1995, 344 pages
6. Jenkins P, Great and Holy War, Oxford, 2014, 456 pages
7. Millman B, “A Counsel of Despair: British Strategy and War Aims, 1917-1918,” Journal of Contemporary History 36, no. 2 (2001)
8. Overy R, Why the Allies Won, New York, 1996, 436 pages
9. Ullman R.H., Anglo-Soviet Relations, 1917–1921, New Jersey, 1961, 548 pages
10. Silverlight, Victor’s Dilemma: Allied intervention in the Russian civil war, New York, 1970, 392 pages
11. Tolkien J.R.R. The Lord of the Rings, New York, 1995, 571
12. Venn F, Oil Diplomacy in the Twentieth Century, New York, 1986, 246 pages

 

Aliyeva Nargiz
Ph.D student, Baku State University

Mılıtary-polıtıcal struggle for oil regions
during the Fırst World War

SUMMARY
The article is devoted to the actualization of the oil factor in the system of international relations during the First World War. Along with the manifestation of oil in the foreign policy of the imperialist powers, as well as in the goals of the war, the change in the direction and outcome of the war is discussed. These goals resulted in the Ottoman Empire losing its rule over Mesopotamia from 1535. In addition, Baku, which is considered a rich oil source in the Caucasus, quickly enters in the war strategies of the warring states.

Keywords: First World War, oil, war, peace, Middle East, Caucasus

Алиева Наргиз
Докторант, Бакинский Государственный Университет

Военно-политическая борьба за нефтяные регионы в годы Первой Мировой Войны

РЕЗЮМЕ
Статья посвящена актуализации нефтяного фактора в системе международных отношений в годы Первой мировой войны. Наряду с проявлением нефти во внешней политике империалистических держав, а также в целях войны обсуждается изменение направления и исхода войны. Эти цели привели к тому, что Османская империя потеряла свое господство над Месопотамией с 1535 года. Кроме того, Баку, который считается богатым источником нефти на Кавказе, быстро включается в военные стратегии воюющих государств.

Ключевые слова: Первая мировая война, нефть, война, мир, Ближний Восток, Кавказ.