Azərbaycanın qərb bölgəsinin Kiçik Qafqaz ərazisindəki qəbir abidələri

Post image

Vüsalə Axundova
Gəncə Dövlət Universitetinin doktorantı

E-mail: [email protected]

Bütün dövrlərdə maddi və mənəvi mədəniyyəti öyrənmək üçün yaşayış yerləri ilə eyni zamanda həmin dövrün qəbiristanlıqları da tədqiq edilmişdir.Ta qədim dövrlərdən insanların dəfnetmə adətlərində müxtəliflik özünü göstərmişdir. Belə ki,erkən tunc dövründən başlayaraq inqumasiya, kremasiya üsulları meydana gəlmiş, kurqanlarda, katakomba qəbirlərdə dəfnetmə üsulları formalaşmışdır. Azərbaycanın Qərb Bölgəsinin Kiçik Qafqaz ərazisində aparılan arxeoloji qazıntılar nəticəsində ilk və erkən orta əsrlərə aid müxtəlif tipli qəbir abidələri aşkar edilmişdir.
Qoşqarçay və Kürəkçay hövzəsinin son tunc dövrü qəbir abidələri əsasən kurqanlardan və daş qutu qəbirlərdən ibarətdir. Kurqanlar cərgə, dairəvi və dağınıq vəziyyətlərdə yerləşmişlər. Gəncə çayından şərqdə düzənlik və dağətəyində yerləşən kurqanlara Kiçik Qafqazın dağətrafı ərazilərində də rast gəlinir.
Gəncə və Qoşqar çayları arasındakı qəbiristanlıq isə Gəncə şəhərindən başlayaraq 10 kilometrlik məsafəni əhatə edir.
B.A. Skinder də Gəncədən Çovdar kəndinə qədər 30 km-lik məsafədə ibtidai qəbiristanlığın olduğunu göstərir. (1)
Daşkəsən rayonunun Quşçu kəndi yaxınlığında tədqiq edilmiş 33 №-li daşqutu qəbrində kütləvi dəfnetmə adətləri müşahidə edilmişdir. Quşçu kəndi yaxınlığındakı qəbirstanlıqda dörd daş qutu qəbrinin bir xəndəkdə pillə şəklində yerləşdiyi qeyd edilmişdir. Qoşqarçay və Kürəkçay hövzəsinin ölübasdırma adətlərində skeletlərin rənglənmə hallarına da rast gəlinmişdir. Məsələn, Gəncə ətrafındakı kurqanlardan birindəki skeletin kəlləsi sarı rənglə rənglənmişdir. Ərazidəki daş qutu qəbirlər və kurqanlar müəyyən istiqamətə malik deyillər. Göygölün Murut kəndi yaxınlığında 10 №-li kurqanda süni dekornasiyadan sonra ölü parçalanaraq dəfn edilmişdir. 34 və 13№-li kurqanda isə skelet 3 hissəyə bölünərək basdırılmışdır. Parçalanmış skeletlər Çovdar, Bayan, Quşçu, Mirzik və Aşağı Daşkəsən qəbiristanlıqlarından tapılmışdır.
Rozendorfun Daşkəsənin Quşçu kəndi yaxınlığında tədqiq etdiyi e.ə. I minilliyin I yarısına aid edilən daş qutu qəbirdə ölünün hansı adətlə dəfn olunduğu müəyyən edilməmişdir.
Daşkəsənin Balçılı kəndi yaxınlığında 4№-li kurqan qəbirləri üzərindəki ocaq yerləri ərazidə ölüyandırma adətinin də olduğunu göstərir.
Varlı adamların dəfn olunduğu qəbirlərin üzərində kurqanlar qurulurdu. Kurqanlar öz quruluşu (hündürlüyü, əhatə etdiyi sahə və s.) və qəbrə qoyulmuş əşyaların zənginliyi ilə bir-birindən fərqlənir. (2)
1948-ci ildə Daşkəsəndə açılmış daş qutu qəbrindən bir ədəd tunc yaba tapılmışdır. Bu onun döyüşçü qəbri olduğunu göstərir. B.A.Skinder isə Göygöl ilə Gəncə arasındakı 7 №-li kurqanda dəmir bıçaq parçasına rast gəlmişdir.
Qəbir avadanlıqları içərisində tuncdan düzəldilmiş bilərziklər, xüsusən qolbaqlar üstünlük təşkil edir. Göygöl rayonunun qərbində yerləşən qəbiristanlıqdan əl ilə dulus dəzgahında hazırlanmış ağ maddə ilə bəzənmiş, Göygöl yaxınlığındakı 1 və 2 №-li kurqanlarda, Bayan kəndi yaxınlığında, Qoşqarçayın sağ sahilindəki kurqanlarda isə qabarıq naxışlı qablara rast gəlinmişdir. (3)
Qoşqarçay və İncəçay hövzəsinin əsas təsərrüfat sahələrinin əkinçilik və maldarlıq olduğunu göstərən 2 №-li kurqandan Y.Hümmelin tapdığı daş vəl, Reslerin Çovdar kəndi yaxınlığından, Rozendorfun Gəncə ətrafındakı düzənlikdəki 3 №-li kurqandan tapdığı gil nehrələr xüsusi əhəmiyyət kəsb edir.
İnsanların xatirəsini əbədiləşdirmək, onların ucalığını nəsillərdən-nəsillərə ötürmək üçün qəbirüstü abidələrin düzəldilməsi qədim şərq aləmində, o cümlədən Azərbaycanda geniş yayılmış adətlərdən biridir. Belə abidələr adətən torpaqdan və daşdan düzəldilir, ilk vaxtlarda ruhlara inam­la əlaqələndirilirdi. Xatirə və memuar məqsədi ilə sonrakı dövrlərdə qəbirlər üzərində abidələr qoyulmuşdur ki, bunlar da əsasən daşlardan ibarətdir. (4) Bu cür daş heykəllərin böyük bir qrupu Qoşqarçay və Kürəkçay hövzəsində, Çovdar, Quşçu, Aşağı Daşkəsən qəbiristanlıqlarında vardır.
Azərbaycanın Qərb Bölgəsinin Kiçik Qafqaz ərazisində orta əsr qəbiristanlıqlarındakı qoç fiqurlu daş heykəllər üzərində aparılan ilkin tədqiqatlar isə onların əsasən XV əsrə Qaraqoyunlular dövlətinin hakimiyyəti dövrünə aid olduğunu göstərir və sakinlərin təsərrüfat məşğuliyyətini özündə əks etdirir. (4)
1896-cı ildə A.İvanovski Murut kəndinə gedən yolda (Göygölün cənubunda) 3 kurqan qazmış, 1899-cu ildə həmin yerdə E. Resler 8 və 9 №-li iki kurqan qazmışdır 1899-cu ildə Yelizavetpol əyalət məktəbinin inspektoru A.İoakimov Göygöldə və onun ətrafında daha 3 kurqan qazmışdır.
1898-1903-cü illərdə Kürəkçay və Qoşqarçay hövzəsində dağ mühəndisi B.Şults tərəfindən bir neçə qəbir abidəsi açılmış, 1903-cü ildə Göygöl Yelenendorf aptekinin kimyaçısı B. Rozendorf həmin rayonda həfriyyat işləri aparmışdır. O, 1914-cü ilə qədər bu ərazidə qazıntıları davam etdirmişdir.
1905-ci ildə hərbi qulluqçu B.Skinder Gəncə və Göygöl rayonları arasında 7 kurqan və Çovdar kəndi ətrafında 2 daş qutu qəbir qazmışdır. 1908-ci ildə dağ mühəndisi Ferdinand Lass Daşkəsən və Quşçu kəndi ətrafında 7 daş qutu qəbri açmışdır. Onun tapdığı bir neçə əşya Göygöl muzeyinə verilmişdir.
1910-cu ildə Y.Paritsenmayer Göygölə ekskursiya zamanı müxtəlif növlü daş baltalar, daş qab, daşdan ox ucları tapmışdır. (5) Göründüyü kimi qəbir abidələrindən tapılan bu əşyalar insanların məşğuliyyətindən təsərrüfat həyatından xəbər verir.
1908-1920-ci illərdə B.Ter-Qukasov ərazidən tapdığı əşyalardan bir neçə tunc əşya və gil qabı Azərbaycan Tarixi muzeyinə təhvil vermişdir. 1913-cü ildə C.Ter-Avetisyanın Quşçu kəndində tədqiq etdiyi daş qutu qəbirdən əldə edilən materiallar Gürcüstan Dövlət Muzeyinə verilmişdir. 1913-cü ildə İ.Luss Zurnabad kəndindən əldə etdiyi qara gil qabları da Tiblisi muzeyinə təhvil vermişdir. (6)
E.Resler və B. Rozendorf istisna olmaqla Kürəkçay və Qoşqarçay hövzəsində aparılan arxeo­loji tədqiqatlar əsasən təsadüfi xarakter daşımışdır. Lakin onlar da heç bir tarixi məsələni həll etməyi qarşılarına məqsəd qoymamışlar. Yaşayış yerləri, kurqanlar, osteoloji qalıqlar sistemsiz tədqiq olunmuşdur. Qəbir abidələrinin zəngin və incəsənət nöqteyi – nəzərindən daha qiymətli əşyalar verdiyini nəzərə alaraq, bu dövr tədqiqatçıları onların qazılmasına daha çox üstünlük vermişlər. Məsələn, E.Resler orta əsr Gəncə şəhərinin xarabalıqlarında qazıntı işlərinə başlasa da, istənilən nəticəni ala bilməmişdir və yenə də qəbir abidələrinin tədqiqinə qayıtmışdır. 1925-ci ildə Qoşqarçay hövzəsinə daxil olan Bayan kəndində daş qutu qəbir­­lərində qazıntı işləri aparılmasına başlanılmışdır. (7) D. Şərifov və İ.Cəfərzadə Azərbaycan Arxeoloji Komitəsinin tapşırığı ilə 1926-cı ildə Daşkəsən rayonunun Çovdar kəndi yaxınlığında 20-yə qədər daş qutu qəbir və bir neçə mağara qeydə almışlar. Azərbaycanı öyrənən tədqiq edən cəmiyyət tərə­fin­dən təşkil olunmuş ekspedisiya Dəstəfur rayo­nunun siklop tikintilərini öyrənmişdir.
E. Paxomov 1938-ci ildə Qoşqarçay hövzəsini tədqiq edərkən Gəncə çayı vadisində yerləşən qədim yolların izlərini nəzərdən keçirir, orada X-XVII əsrlərdə salınmış daş körpüləri və orta əsrlər dövrünə aid bir neçə qalanı qeydə alır.
İ.Cəfərzadə 1939-cu ildə Daşkəsən rayonu ərazisində siklop tikintilər üzərində işi davam etdirir, Xoşbulaqda bir kurqan abidəsini tədqiq edir. Tədqiqatçı İ.Cəfərzadənin Daşkəsən rayonunda, Xoşbulaqda hələ 1938-ci ildə tədqiq etdiyi son tunc dövrünə aid kurqanın tökmə torpağından əksəriyyəti istehsal çıxarından ibarət olan 500-ə qədər daş məmulatı tapılmışdır. M. Hüseynov boz və süd rəngli çaxmaqdaşından, dəvəgözü daşından hazırlanmış həmin alətlərin paleolit dövrünə aid olduqları fikrini söyləmişdir. (8)
Rozendorf Çovdar kəndi yaxınlığında daş səndugələr yerləşən kurqanda, E.Resler isə Bayan kəndi yaxınlığında “V” kurqanında qurban yerləri aşkar etmişdir. Ərazinin kurqan abidələrindəki qurban yerləri həm tökmə torpaqda, həm də kurqanın altında tapılmışdır. Qurban yerlərinin kənarı sal daşlarla götürülmüş, üstünə də eyni tip daş qoyulmuşdur. İ.Nərimanova görə qurban yerləri yerli əhalinin dini təsəvvürləri ilə əlaqədar olub, dəfn mərasimində müəyyən rol oynamışdır. (9) Qəbirlərin tikintisində ərazinin coğrafi mövqeyi və təbii zənginikləri də əsas amil kimi götürülmüşdür. Onların tikintisində istifadə olunan müxtəlif növ inşaat materiallarının, cürbəcür daşların, ağacların, gil, əhəng və kəcin ərazidəbolluğu tikinti işləri üçün şərait yaratmışdır. Qəbirlərin bir çoxunda isə qarət məqsədilə ətraf kəndlərin sakinləri tərəfindən qeyri-qanuni yolla nizamsız qazıntı işləri aparılmış, qəbir kameraları dağıdılmış, qəbirüstü daşların çoxu yerindən dəyişdirilmiş, yaxud sındırılmış, bəziləri isə naməlum istiqamətlərə aparılmışdır. (10) Qismən salamat qalmış qəbirlərdə aparılan arxeoloji təqdiqatlar bu abidələr haqqında ilkin fikir söyləməyə imkan verir. Xoşbulaqda bir neçə qəbir bu vəziyyətdədir. Bəzi qəbirlərdə heç bir əşya və avadanlıq qoyulmamışdır. (11) Qəbirlərin istiqaməti günçıxana doğrudur. Üzərlərindəki yazılar onların bəzilərinin XII-XIII əsrlərə, digər əksəriyyətinin isə XIV-XV əsrlərə aid olduğunu göstərir.Bu fakt onu təsdiq edir ki, qəbirstanlıqda əhali iki dəfə kütləvi şəkildə,qalan hallarda isə fərdi dəfn edilmişdir. Bu fikir qəbirstanlığın böyük bir sahəni əhatə etməsi və bir çox qəbirlərin eyni dövrə aid olmaları ilə təsdiq edilir. Hər iki kütləvi dəfn XIII-XV əsrə aid edilir. Birinci kütləvi dəfn ərazidə aparılan döyüşlərlə bağlı olmuşdur. Təqribən XIII əsrin əvvəllərinə, monqol işgalı dövrünə uyğun gəlir. Doğrudan da monqolların bu ərazidə olmaları və dəhşətli hadisələr törətmələri aparılan arxeoloji tədqiqat işləri ilə təsdiq olunmuşdur. (12) Belə ki, monqollar Azərbaycana 1231-1239-cu illərdəki hücumları zamanı Goranboy ərazisində orta əsrlər dövrünə aid ən iri şəhər-qala hesab edilən Şətəl yaşayış məskənini yandırmış və bununla da onun dağılmasının səbabkarı olmuşdur. Bu dövrə aid qəbirlərin üzərindəki abidələr Qaraman memarlığının əsasən Səlcuq memarlığı ənənəsi üzərində inkişaf etdiyini göstərir. (13) Bu tip qəbirlərin üzərində əsasən xəncər, fil, at formalı daş heykəllər qoyulmuşdur. İkinci kütləvi dəfn təqribən 1359-1376-cı illərdə ərazinibürümüş taun (xolera) xəstəliyi ilə bağlı olmuşdur. Bu tip qəbirlərin üzərində ictimai tipli binaları xatırladan xatirə abidələr qoyulmuşdur. Həqiqətən bu dövrdə, qara ölüm deyilən taun xəstəliyi Avropa ölkələrində 24 milyon insan həyatını məhv etmişdi. (14) Birinci dəfə 1347-1353, ikinci dəfə 1361-1369-cu illərdə kütləvi şəkil almışdır.
Qoşqarçay və Kürəkçay hövzəsindəki köhnə qəbisrtanlıqlardakı qoç fiqurlu daş heykəllər üzərində aparılan ilkin tədqiqatlar isə onların əsasən XV əsrə, Qaraqoyunlular dövlətinin hakimiyyəti dövrünə aid olduğunu göstərir və sakinlərin təsərrüfat məşğulliyətini özündə əks etdirir.
Bu ərazidə pirlərə inam müxtəlif formalarda yaranmışdır. Tarixən insanlar onların köməyinə çatan ehtiyacını ödəyən bir çox şeyləri müqəddəsləşdirmiş və onlara sitayiş etmişlər. Bəzi pirlərə inam dindar əhalini daha asan istismar etmək məqsədilə ruhanilər tərəfindən uydurulmuş, digərlərində ağacların formalarına, yaşına yaxud onların hansı ərazidə bitməsinə və s. uyğun olaraq inam yaranmışdır.Belə müqəddəs inam yerləri içərisində ağac pirlər xüsusi yer tutur. Qoşqarçay hövsəzi ərazisində çinar, göyüş, ardıc, qarağaç, saqqız ağacı, armud, alça ağaclarının adları ilə məşhurlaşan pirlər vardır. Belə müqəddəs yerlər həm müsəlman, həmdə xristian əhalinin inam yerləri olmuş, hər kəs bu yerlərdən dərdinə uyğun məlhəm arzulamışdır. Daşkəsən rayonunun Mollahəsənli kəndində Seyid qızının qəbri və Pirsultan Piri, Xoşbulaq kəndində Qara Seyid Piri, Qoşqar dağında ocaq inanılmış müqəddəs yerlərdir.

Açar sözlər: kurqan, qəbiristanlıq abidələri, Çovdar, Quşçu, Goranboy.

Ədəbiyyat siyahısı
1. İ.Nərimanov. Gəncəçay rayonunun arxeoloji abidələri. Bakı 1958. səh 48.
2. V.Əliyev, İ.Babayev. Azərbaycan tarixi. Bakı 2015. səh 47.
3. A.M.Məmmədov. Qoşqarçay və Kürəkçay hövzəsinin tarixi-arxeoloji tədqiqi. Bakı 2000. səh 7.
4. И.М. Джафарзаде. Хачбулагская археологическая экспедиция 1960 года МКАТ VIII.Баку 1976.
5. Г.P.Кесаманлы. Хачбулагский каменных ящика МКА. ТVI. Баку 1965 (azərbaycan dilində)
6. Г.P.Кесаманлы.Погребение с брензовымпоясон из Хачбулага. Азерб. ССР. СА№36.1966.
7. Г.P.Кесаманлы, Г.Ф.Джафаров. Могихы розднобрознового века исследованные в Хачбулаге в 1971 году Извест. АН. Азерб. ССР. №3.1974.
8. Г.P.Кесаманлы. Археологические рамятники э рохи бронзы и раннего железа Дашкесанского района. Баку 1999.
9. A.M.Məmmədov. “Gorançay körpüləri.” səh 65.
10. A.M.Məmmədov. II Kürəkçay qalası haqqında ilkin məlumat. (Azərbaycan arxeologiyası və etnoqrafiyası problemləri. Bakı 1995. II hissə. səh 3.)
11. A.M.Məmmədov. Gürzalılar kəndində qəbirüstü daş heykəllər. (Azərbaycan arxeologiyası və etnoqrafiyası problemləri. Bakı 1998. VI hissə. səh 4-54-5.)
12. Д.Шaрифoв. Рaскopкиблиз села Чoвдaр Тапджнского уезда. Узв.Азкомстариса. Баку ( IV buraxılış) 1929.

Могильные памятники на Малом Кавказе в Западном регионе Азербайджана

Ахундова Вусаля Аслан кызы
Кандидат Гянджинского
Государственного Университете

Резюме
Во все века для изучения материальной и духовной культуры изучались жилые районы, в том числе и кладбища. Намогильные памятники Гошгарчайского и Курекчайского региона бронзового века состояли в основном из курганов и ящикообразных могил. Учитывая, что из этих могил находили ценные вещи, с точки зрения искусства, исследователи этого периода больше всего предпочитали проводить их раскопки. Исключительную роль в открытии и изучении надгробий на территории Дашкесана сыграли Розендорф, Э.Реслер и И. Джафарзаде.

Ключевые слова: курган, памятники кладбища, Човдар, Гущу, Kоранбой.

Grave Monuments in the Little Caucasus Territory of the
Western Region of Azerbaijan

Vusala Akhundova Aslan
Ganja State University, Phd candidate

Abstract
Residential areas and the graveyards of that era are researched to study material and spiritual culture for all ages. Gravestone monuments of Koshgarchay and Kurekchay Basin mainly comprise kurgans and stone boxes in the last Bronze Age. Taking into account that the graveyard monuments are richer and they can get more valuable materials to learn researchers of this period preferred more to their digging. Rozendorf, E.Resler, I.Jafarzade have an important role in opening and studying of graveyards in Dashkasan territory.

Key words: kurgan, graveyard monuments, Chovdar, Gushchu, Goranboy.