Türk kökənli xalqlar dünyanın ən qədim xalqlarındandır. Onlar şimali-şərqi Çindən tutmuş Şərqi Avropaya qədər olan geniş ərazilərdə yaşamışlar. Orta Asiya, Sayan-Altay dağlarının şimal-qərb bölgəsi, Yenisey və İrtis çayları boyu, Ural, Volqa boyu, Balxaş gölü, Xəzər dənizinin bütün ətraf bölgələri türk mənşəli xalqların daim yaşadığı ərazilər olmuşdur [14,192]. XX əsr Azərbaycan - türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri olan Əli Bəy Hüseynzadə yazırdı ki, “Türklər səhnəyi-tarixiyəyə miladi-İsadan 2000 il əqdəm çıxıb, o vaxdan bəri cinsən və lisanən müxtəlif və mütəəddid təsirata məruz qalmışlardır: Asiya qitəsinin şərqində mancu, moğul və çinlilərlə, qərbində isə irqi-qafqazidən olan aqvam ariya və samiya ilə, yəni hindi, irani, islay, çərkəz, kürd, ərəb və s. nəsillərlə qarışmış olduqlarından bu gün hər tərəfdə şəklən, cinsən və lisanən qayət müxtəlif bir qövmdür” [4, 45-46].
Türklərin az-çox müstəqil bir etnos olaraq meydana çıxması eramızdan əvvəl IV minilliyin sonu III minilliyin əvvəllərinə aiddir. Həmin dövrə qədər türklər neçə min illər monqollar və tunqus-mancurlarla Altay birliyinin tərkibində olmuşlar. Zəngin mifoloji dünyagörüşü əsasında Tanrıçılığa (tək Tanrı təsəvvürünə) qədər gəlib çıxan türklərin ata yurdu Mərkəzi Asiyadakı Tanrı dağlarının ətəkləri idi. Onlar tədricən Cənuba, Qərbə və Cənub- Qərbə doğru münbit çöllərə yayılmağa başladılar. Çin tarixçiləri miladdan öncə 2000-1000-ci illər arasında ilk türk hökümdarlarından bəhs edirlər. Deməli, türklərin bizə məlum olan tarixi 4000-illik bir tarixi əhatə edir [5, 11].
Tarixin müxtəlif vaxtlarında 115-ə qədər türk dövlətləri yaranmış, onlardan 15-i imperatorluq-xaqanlıq, 38-i imperatorluq olmayan dövlət, 34-ü bəylik, 4-ü atabəylik, 18-i xanlıq, 6-sı isə respublika olmuşdur. Lakin sonralar 600-ildən çox yaşayan, Asiyada Anadolu, Suriyan, Fələstin, İraq, Misir, Avropada Bolqarıstan, Macarıstan, Serbiya, Makedoniya, Albaniya və başqa əraziləri özündə birləşdirən Osmanlı imperiyası istisna olmaqla türk xalqlarının tarixin müxtəlif zamanlarında mövcud olmuş dövlət və dövlət qurumları parçalanıb dağılmış və iri dövlətlərin- Rusiya, Çin, İran, Avstriya-Macarıstanın qəsbkar siyasətlərinin qurbanı olmuş, onların əsarəti altına düşmüşlər. Türk mənşəli xalqların parçalanmasının iqtisadi və siyasi səbəblərinə aşağıdakı kimi qiymətləndirmək olar: Tarixən kök salmış feodal pərakəndəliyi; Silah gücü ilə yaradılmış türk dövlətlərinin iqtisadi cəhətdən zəif olması; İri təcavüzkar dövlətlərə qarşı birgə müqavimətin zəif olması; Bu dövlətlərin zəngin yeraltı və yerüstü sərvətlərə malik olmaları və bunlara qarşı iqtisadi, siyasi və hərbi maraqların güclü olması; Müxtəlif dinə və təriqətlərə parçalanma mövcudluğu [11].
Yeri gəlmişkən dil və mənşə, adət- ənənə və mədəni fərqlərinə görə türklər dörd qola ayrılırlar: 1.Oğuz qolu- bura Türkiyə türkləri, İranda və Azərbaycanda yaşayan Azərbaycan türkləri, türkmən türkləri, qaqauzlar, İraq kərkükləri və Krım tatarları aid edilir. 2.Uyğur qolu-bura Özbəklər, tuvalılar, xakaslar, salarlar və s. daxildir; 3.Qıpçaq qolu - bura qazaxlar, qaraqalpaqlar, qırğızlar, altaylar, tuvalılar və noqaylar daxildir; 4. Bulqar qolu – bura Kazan tatarları, başqırdlar, qaraçaylılar, karainlər və sairə daxildir.
Türk milləti böyük millət olmaqla, tarixən çox geniş ərazilərdə yayılmış və bu ərazilərdə eyni vaxtda bir neçə türk dövləti mövcud olmuşdur. Bununla da müstəqil dövlətçilik tarixinə malik ayrı-ayrı türk xalqları meydana çıxmışdır. Aydındır ki, türk millətçiliyi bir milli ideologiya kimi bütün türk xalqlarını əhatə edir. Yəni, bu ideologiyanın hədəfi ən yüksək səviyyədə türk dövlətlərinin müəyyən formada birliyidir. Lakin, bu hədəfə qədər ayrı-ayrı türk xalqları və dövlətləri səviyyəsində milli hədəflərə çatmaq zəruridir. Bu hədəflərə uyğun olaraq türk millətçiliyinin üç səviyyəsi müəyyən edilir. Türkçülüyün birinci səviyyəsi ayrı-ayrı türk xalqlarında milli məsələlərin həllini əks etdirir. Yəni, birinci səviyyədə hədəf ayrı-ayrı türk xalqlarının türk milli dəyərlərinə söykənən bütöv və müstəqil dövlətə sahib olmasıdır. Milli ideologiyamızın bu səviyyəsi uyğun olaraq bir türk xalqının (və ya dövlətinin) adı ilə adlandırılır. Məsələn, Azərbaycan türkləri üçün “Azərbaycançılıq”, Türkiyə türkləri üçün “Türkiyəçilik”, türkmənlər üçün “Türkmənçilik” və s. Türkçülüyün ikinci səviyyəsi müəyyən xüsusiyyətlərinə (ərazi, mənəvi dəyərlər və s.) görə daha yaxın türk xalqlarını əhatə edir və onların müəyyən birliyini hədəf ğötürür. Milli ideologiyamızın bu səviyyəsi Oğuz xalqları üçün “Oğuzçuluq”, Qıpçaq xalqları üçün “Qıpçaqçılıq” və s. adlandırıla bilər. Türkçülüyün üçüncü səviyyəsi bütün türk xalqlarını əhatə edir. Türk millətçiliyinin bu səviyyəsi “Turançılıq” və ya “Bütün Türkçülük” (“Pantürkizm”) adlandırılır. Bəzən “Türkçülük” ifadəsi milli ideologiyamızın məhz üçüncü səviyyəsi mənasında işlədilir. Burada hədəf bütün türk xalqlarının siyasi-mədəni birliyinə nail olmaq və dünyada bir güc mərkəzinə cevrilməkdir. Öncə qeyd etdiyimiz kimi üçüncü səviyyədə türkçülük ideyalarını əsaslı şəkildə irəli sürən tarixə məlum ilk mütəfəkkir İ.Qaspıralıdır (1851-1914). Bu ideyaların ilkin işartılarına isə XIX əsr Azərbaycan maarifçilərində (M.F.Axundzadə, H.Zərdabi və b.) də rast gəlinir. Turançılıq ideyaları sonradan Ə.Hüseynzadə, Y.Akçura, Z.Göyalp və b. ideoloqlar tərəfindən inkişaf etdirilmişdir. Onu da qeyd edək ki, türkçülüyün səviyyələri türkçülük siyasətinin mərhələləri demək deyil, yəni bu siyasət hər üç səviyyədə eyni vaxtda, paralel olaraq aparılmalıdır [10, 144-145].
Türkçülük harada yaranmışdır? Bu barədə də alimlər arasında yekdil bir fikir yoxdur. Meydanda olan mülahizələrə qısaca da olsa, nəzər salaq: 1). Türkçülüyün ilk elmi-nəzəri qaynaqları Avropada yaranmışdır. 2). Türkçülük Rusiyada yaranmışdır. Türklərin ən çox istismara və təzyiqlərə məruz qaldığı ölkə məhz Rusiya imperiyası idi. Ona görə də, türkçülük ideya-siyasi bir cərəyan kimi məhz Rusiyada əzilən kütlənin ideologiyası kimi meydana gəlməli idi. İkinci bir tərəfdən tatarların və azərbaycanlıların milli burjuaziyaları formalaşmışdı, onlar öz sənətlərinin həqiqi sahibləri olmaq əzmində idilər. Türkçülər elə zənn edirdilər ki, Rusiya imperiyası çökərsə, Türkiyənin Turana çevrilməsi yolunda başlıca maneə aradan qalxacaq. Türklərin bir qismi hətta belə bir şüar da ortaya atmışdılar: Rusiya viran olacaq, Türkiyə Turan olacaq! Türklərin bu niyyəti bolşevikləri də ciddi narahat etmiş və ona görə də, onlar türkçülüyə mürtəcelik damğasını yapışdırmışdılar. Çar xəfiyyələri tərəfindən daim izlənilən türk ziyalıları öz milli-müstəqillik hərəkatlarını da daim gizli saxlamağa çalışmış, onu Rusiya müsəlmanlarının milli-mədəni muxtariyyət hərəkatı kimi qələmə verməyə məcbur olmuşlar. İsmayıl bəy Qaspıralı “Tərcüman” (1881), Yusif Axçura oğlu “Türk” (1904), Əlibəy Hüseynzadə “Fyuzat” (1906) cərigələrilə, ƏAğaoğlu özünün “Difai” təşkilatı ilə xalqın milli şüurunu oyatmağa, onlarda siyasi-ideoloji dünyagörüşünün yaranıb formalaşmasına çalışırdılar. Rusiyanın türkləri öz mübarizələrində daha ardıcıl, daha qətiyyətli idilər, onlar hətta çara qarşı müəyyən tələblər də irəli sürürdülər. M.F.Axundov, H.B.Zərdabi, Ü.Hacıbəyov, Y.V.Çəmənzəminli, C.Məmmədquluzadə kimi yeni fikirli ziyalılar və bütövlükdə, “Əkinçi”çilər və “Molla Nəsrəddin”çilər türkçülüyü və maarifçiliyi yeni mərhələyə çatdırdılar. Onların dil və mədəniyyət sahəsində həyata keçirdikləri tədbirləri siyasi türkçülük üçün də yaşıl işıq yandırdı və M.Ə.Rəsulzadə, Ə.B.Topçubaşov, F.Nemanzadə, F.X.Xoyski kimi millət fədailərini yetirdi. Onların gərgin əməyi sayəsində XX əsrin əvvəllərində İslam-Türk dünyasında parlament tipli ilk respublika yarandı. Milli mətbuatın əsası qoyuldu. Milli dildə ilk dəfə olaraq, universitet yaradıldı. Azərbaycan xalqı türk xalqları arasında elm və mədəniyyətin, siyasi-milli şüurun ilk daşıyıcılarından birinə çevrildi. 3). Nəhayət, türkçülük Türkiyədə yaranmışdır. Türkçülüyün görkəmli ideoloqlarının biri Ziya Göyalp yazır: “Turan” və ya “turlar”, “türklər” - bu bütün türkləri birləşdirən ümumi bir addır. “Turan” sözündən özündə bütün türk tayfalarını birləşdirən Böyük Türküstana münasibətdə istifadə etmək olar. Turan - bu, bütün türklərin ümumi adıdır. Bununla birlikdə o yazır ki, “panturanizm” - utopiyadır. “Turan” - bu, keçmişdə və ola bilsin ki, gələcəkdə də bütün türklərin böyük vətənidir. Turanlılar - bu, yalnız türk dilində danışan xalqlardır. Bəs türkçülük nədir? Ziya Göyalp ona aşağıdakı anlaşmanı verir: “Türkçülük - türk xalqlarının yüksəlişini bildirən bir məfhumdur. Bunun dərk edilməsində o, 3 elemeti ayırır: 1. Türkçülük; 2. Oğuzçuluq və ya Türkmənçilik; 3. Turançılıq. Turançılığa o, türkçülüyün uzaq, keçmiş idealı kimi baxır [8,3].
Türkçülük ideologiyasının mərkəzi XX-əsrin əvvələrində Rusiya idisə, 1905-1907-ci illər inqilabından sonra irticanın güclənməsi nəticəsində türkçülük ideologiyasının mərkəzi Türkiyəyə keçmişdir. Öz tarixi keçmişinə qayıdan türk xalqları azadlıqları uğrunda mübarizəyə qalxdılar.
Qeyd etdiyimiz kimi XX-əsrin əvvəllərindən başlayaraq türk xalqları içərisində özünü dərk və özünə qayıtma meyilləri güclənməyə başlayır. Bu oyanış özünü daha çox Rusiyada göstərirdi. O dövrün siyahıya almasına görə Rusiyada 100-dən çox türk dilli xalq yaşayırdı. Ona görə də türkçülük ideologiyasının mərkəzi Rusiya sayılırdı.
Türkçülük ideologiyaları və ictimai fikrin intibah XX əsrin əvvəllərində dünyada baş verən hadisələrlə bağlı idi. Eyni zamanda türkçülük ideologiyasının formalaşması hər şeydən əvvəl Rusiyanın milli ucqarlarında və türkdilli xalqlarda milli burjuaziyanın meydana gəlməsi və inkişafı ilə bağlı idi. XIX-əsrin II yarısından Azərbaycanda kapitalist münasibətlərinin inkişafı milli-demokratik fikrin formalaşmasına geniş imkanlar açdı. Milli mətbuatın yaranması “Əkinçi”, “Ziya”, “Kəşkül” və sair mətbuat orqanları milli-demokratik fikrin oyanmasında böyük rol oynadılar. XX-əsrin əvvələrində isə Türk xalqları içərisində böyük oyanışın meydana çıxması ilə türkçülük ideologiyası yarandı.
Görkəmli maarifçi və naşir H.B.Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzetində, sonra isə Baxçasarayda (Krım) İsmayıl bəy Qaspiralının “Tərcüman” qəzetində geniş inkişaf edən türkçülük ideyaları Rusiyadakı türk xalqlarının milli şüurunun formalaşmasında və inkişafında mühüm rol oynamışdır. Türkdilli mətbuat turançılıq idealarının cücərməsi üçün zəmin yaratmış oldu.
M.Şaxtaxtinskinin Tiflisdə nəşr etdirdiyi “Şərqi Rus”, Ə. Topçubaşovun Bakıda nəşr etdiyi “Həyat”, Ə.Ağaoğlunun buraxdığı “İrşad”, Əli Bəy Hüseynzadənin “Fiyuzat” və s. mətbuat orqanlarında türklərin özünüdərk və özünəqayıtması, onların tarixi dövlətçilik ənənələri ilə bağlı məqalələr diqqəti cəlb edirdi. Azərbaycanda türkçülük hərəkatının əsas ideoloqlarından biri Əli Bəy Hüseynzadə olmuşdur. “Fiyuzat” məcmuəsində Əli Bəy Hüseynzadə türk xalqlarının qüdrəti, böyüklüyü, mədəniyyəti haqqında yazmaqla bərabər, ruslaşdırma və farslaşdırma siyasətinə qarşı çıxaraq tənqid edirdi [7, 22].
Əli bəy Hüseynzadənin çoxsahəli fəaliyyətində türkçülük və turançılıq ideologiyası əsas yerlərdən birini tuturdu. O, türk xalqlarının milli birliyi, müstəqil dövlətçilik fikrini ilk dəfə irəli sürmüş, onun elmi-nəzəri əsaslarını işləyib hazırlamışdır. 1892-ci ildə “sizlərsiniz ey qövmi-macar, bizlərə əxvar”misrası ilə başlanan şerilə türkçülük baxışlarını elan edən Əli bəy Hüseynzadə sonralar türkçülüyə aid “Həyat”qəzetində və “Fiyuzat” jurnallarında bir sıra məqalələr dərc etmişdir. Onlardan “Türklər kimdir və kimlərdən ibarətdir?”, “Türk dilinin vəzifeyi mədəniyyəsi”, “Məcnun Leylayi-islam”, “Yazımız -dilimiz”, “İkinci ilimiz” və sair məqalələri göstərmək olar.
Onun yazdığı iki sətirlik aşağıdakı misralarında türk dilinin yayıldığı geniş ərazi göstərilirdi.
Eylər dili Çin səddinətək hökmünü icra,
Bir ucudur Altay bu yerin, bir ucu səhra
Əli bəy Hüseynzadə “Məcnun və Leylayi - islam”adlı məqaləsində beyni Türkiyədən, qəlbi Ərəbistandan, ciyərləri İrandan ibarət olan və xəstəliyə tutulan islam coğrafiyasını müalicə etmək və sağlam Turan imperiyası yaratmaq, orada müsəlman dövlətlərinin mövqeyini müəyyənləşdirmək məsələsi qoyulmuşdur.
Əli bəy Hüseynzadə milli cəmiyyət quruculuğunda insan amilinə xüsusi diqqət verirdi. O, “türk qanlı, müsəlman etiqadlı, firəng fikirli, Avropa qiyafəli fədai” tərbiyə edib yetişdirmək ideyasını irəli sürürdü. Onun fikirləri XXəsrin əvvəllərində milli dirçəliş uğrunda mübarizə aparanların ideya mənbəyinə çevrilmiş, “türkləşmək, islamlaşmaq, müasirləşmək” şəklində siyasi şüara çevrilərək, Azərbaycan Xalq Cümhuriyyətinin dövlət atributlarında (üçrəngli bayrağımızda) reallaşmışdır. Fiyuzatın” tutduğu yol türkçülük, islamçılıq və avropalılıq olmuşdur. Əli Bəy Hüseynzadə türk qanlı, islam əqidəli, avropa düşüncəli fədailər yetişdirməyi irəli sürürdü [6, 33].
Yuxarıda adı çəkilən mətbuat orqanlarında daha çox türkçülük və turançılıq ideyalarının genişlənməsinə diqqət yetirilirdi. Yəni bütün türk xalqlarının vahid Turan dövlətində birləşməsi ideyası irəli sürülürdü. Türkçülük və Turançılıq ideyalarının yarandığı ilk mərhələni M.Ə.Rəsulzadə “Romantik Panturkizm” dövrü adlandırılmışdır. Lakin əhəmiyyətinə baxmayaraq milli şüurun formalaşdığı şəraitdə bu idealogiya milli qüvvətlərin tələbatına cavab vermirdi.
Birinci Rus inqilabından sonra (1905-1907-ci illər) Rusiyada yaşayan türkçülük ideyasını yayan bir sıra ziyalılar siyasi şəraitlə əlaqədar Türkiyəyə müraciət etməyə məcbur oldular. Yusif Akçura oğlu (milliyətcə tatar idi), Əli Bəy Hüseynzadə, Əhməd Ağa oğlu, İsmayıl Bəy Qaspıralı və başqa aydınlar öz fəaliyyətlərini Türkiyədə davam etdirdilər. Onların təsiri altında Ziya Göy Alp, Mustafa Kamal Atatürk, Əli Kamal (Qahirədə “Türk” adlı qəzet nəşr etdirirdi) Zəki Toğan və başqa türkçü ideoloqlar yetişmişdilər.
Ziya Göy Alp özünün mənəvi cəhətdən yetişməsi və formalaşmasında Əli Bəy Hüseynzadəni özünün mənəvi atası hesab edirdi. Öz növbəsində Mustafa Kamal Atatürk də Ziya Göy Alpın varlığına yüksək qiymət verərək yazmışdır “Ətimin və sümüyümün atası Əli Rza Əfəndidirsə, fikrimin atası Ziya Göy Alpdır” [12]. Ziya Göy Alpın türkçülüyün gerçəkləşməsi uğrunda mübarizədə, onun türk xalqlarına açılmasında böyük rolu olmuşdur. O, türkçülük ideyasını böyüklüyünə görə üç dərəcəyə bölür: - türkçülük, oğuzçuluq və ya türkmənçilik, turançılıq. Onun fikrincə milli Türk dövlətinin- respublikasının yaranması birinci ideyanın gerçəkləşməsi demək idi. Yaxın və uzaq ideya və məqsəd kimi oğuzçuluq və turançılıq nəzərdə tutulurdu. Milli duyğuların yaxınlığı baxımından birləşə bilənlər Ziya Göy Alpın fikrincə məhz oğuzlar ola bilərdilər. Bura Türkiyə, Azərbaycan, İran, Türkmənistan türk soyları daxil idilər. Lakin Ziya Göy Alpa görə bu xalqların siyasi birləşməsindən danışmaq hələ tezdir, yalnız onların mədəniyyət baxımından birləşməsindən söhbət gedə bilərdi.
Türkçülük idealogiyası tərəfdarlarının əksəriyyəti belə hesab edirdi ki, türk millətçisi olmaq eyni zamanda islamçı olmaq deməkdir, belə ki, din dildən sonra millətin ən mühüm göstəricisidir. Əhməd Ağa oğlu göstərirdi ki, islam türk üçün sadəcə din deyil, o “milli və irqi” dindir. Odur ki, türkçülük hərəkatına qoşulan hər bir kəs islamı qəbul etməlidir. Ziya Göy Alp yazırdı ki, “türkçülüyün qayəsi müasir bir islamın türkçülüyüdür” [1, 53].
XX-əsrin əvvəllərində mətbuat orqanlarında daha çox türkçülük və turançılıq ideyalarının genişlənməsinə diqqət yetirilirdi. Yəni bütün türk xalqlarının vahid Turan dövlətində birləşməsi ideyası gündəmdə idi. Türkçülük və Turançılıq ideyalarının yarandığı ilk mərhələni Məhəmməd Əmin Rəsulzadə “Romantik Panturkiz” dövrü adlandırılmışdır [9, 34].
Türkiyənin rəhbərliyi altında Böyük Turan dövlətinin yaranması ideyası Qərb və Rus mətbuatında daha çox rast gəlinirdi. Bu mənada Mustafa Kamal Atatürkün panturkizm və panislamizmə münasibəti xüsusilə maraqlıdır. 1921-ci ilin dekabrında Türkiyə Böyük Millət Məclisində çıxışında qeyd etmişdir ki, “Türklər müsəlman olmaq etibarı ilə öz din qardaşlarının taleyi ilə həmişə maraqlanacaq, lakin türklər heç bir vaxt bütün bu xalqları Türkiyənin başçılığı altında vahid imperiyada birləşdirmək fikrinə düşməməlidirlər. Keçmişdə türklər bu cür xülyaları irəli sürməklə bütün dünyanın nifrət və qəzəbini qazanmışlar. Biz həyatımızı ancaq müstəqil yaşamağa həsr etməliyik” [12].
Turançılıq və Türkiyənin rəhbərliyi altında birləşmək ideyaları 1918-ci ildə Azərbaycanda da geniş yer tuturdu. Xüsusilə Gəncədə bu ideyanı müdafiə edən müxalif qüvvələr daha çox idi. Lakin Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyi Azərbaycanın müstəqillik ideyalarını müdafiə edirdilər və buna nail oldular. Məhəmməd Əmin Rəsulzadə də islamiyyətin və müsəlmançılığın milliyət deyil, “ümmətçilik” ifadə etdiyini, milliyətin isə din üzərində deyil, dil və mədəniyyət birliyi əsasında qurulduğunu önə çəkirdi. O zamana qədər “Türk birliyi” ideyası irəli sürülsə də bəzi ziyalılar özlərini “müsəlman”, “müsəlman millətləri” adlandırırlardı. Bir çox mənbələrdə, əsasən çar Rusiyasında Azərbaycan türklərini “tatar” deyə adlandırmışlar. M.Ə.Rəsulzadə ilk dəfə “Açıq söz” qəzetində “müsəlman” və “tatar” kəlməsi yerinə “türk” kəlməsi işlətmişdir. Beləliklə “ümmət” və “ümmətçilik” dönəmi rəsmən bağlanmış oldu və onun yerini “milliyət” və “türk” millətçiliyi adını alan yeni bir dönəm başlanmışdır [14, 34]
Türkçülük ideoloqları bir qayda olaraq türk aləminin hüdudlarını müəyyən etməyə çalışaraq bu işdə ərazi amilinə tez-tez müraciət edirdilər. Əhməd Ağa oğlunun “Türk yurdu” jurnalında nəşr etdiyi “Türk aləmi” məqaləsi xüsusilə diqqəti cəlb edir. O, yazırdı: “Asiyanın üzərində ucalan Altay dağlarından axıb gələn türklər şimal və cənuba, şərq və qərbə yayılmışlar. Türklər Çinin ən ucqar bucaqlarından Finlandiya, Polşa, Macarıstan və Şimali Afrikayadək müxtəlif ərazilərdə səpələnmişlər” [11].
Əhməd Ağa oğlunun fikrincə türk aləminin ərazisi təxminən Avropa və Amerikanın birgə ərazisinə bərabərdir və bu ərazidə təxminən 70 milyon türk əhalisi yaşayır. Göstərmək lazımdır ki, bu rəqəm müasir dövrdə 250 milyonu keşmişdir. Türk dünyasının sərhədlərini müəyyən etməyə səy göstərən Yusif Akçura oğlu türk ruhunu Qafqazda, Sibirdə, Şərqi Türkistanda-Turan çöllərində axtarırdı. O, “Türk aləmində” məqaləsində Türk dünyasının üç hissədən ibarət olduğunu qeyd edirdi: Müstəqil Osmanlı imperiyası, Çar Rusiyası və Çinin tabeliyində olan ərazilər, İranın şimalı-şərqi. Təəsüflər olsun ki, tarixin bütün dönəmlərində türk xalqlarına qarşı iftiralar söylənmiş, onların köçəri, barbar, qeyri-mədəni xalq olmalarını iddia etmişlər. Türk xalqının böyük oğlu Mustafa Kamal Atatürk deyirdi: “Türk xalqı böyük tarix yaratmışdır, lakin onların tarixi haqqında başqaları yazmışdir” [12]. XX-əsrin əvvəllərində məşhur Türkiyə tarixçisi Bəsim Atalay yazırdı: “Bəşər tarixində nə qədər ləkə varsa, onu türklərin adina yazmağa çalışıblar.Türk sərkərdələrini qan içən, barbar kimi qələmə verənlər öz tarixlərindəki vəhşiliklərindən sükutla keçiblər. Tarixdə türklər qədər hakim olmuş, xanlıqlar yaratmış, şan-şöhrət qazanmış bir xalq olmamışdır” [13].
Türk xalqlarının coğrafi ərazisi hazırda Qərbdə Aralıq dənizi sahillərindən şərqdə Edzin-Qol çayına- Çin səddinə, Şimalda Şimal Buzlu Okean sahillərinədək, Cənubda Kunlük dağlarına qədər geniş bir sahəni tutur. Sahəsi 10,5 milyon kvadrat kilometrdən çoxdur ki, bu da Avroasiya materikinin təxminən beşdən birini təşkil edir.
XX-əsrin əvvəllərinə nisbətən türklərin sayı üç dəfədən çox azalmışdır. Türk xalqlarını bədxahlarını sevəntəri də elə qorxudan budur. Dünyada demokratik dəyişikliklər açıq-aydın türk, eyni zamanda müsəlman inanclı xalqların xeyrinə dəyişir. XXI əsr türk əsri kimi tarixə düşəcəkdir. XX əsrin sonlarına aid statistikaya görə azərbaycanlıların orta illik artımı 2,7 faiz, özbəklərin 3 faiz, türkmənlərin 3 faiz, qırğızların 2,9 faiz təşkil etdiyi halda İngiltərədə bu artım 1 faiz, Yaponiyada 0,9 faiz, İsveçrədə 0,3 faiz, Pribaltika, Almaniya kimi ölkələrdə əhalinin artımı 0,1 faiz təşkil etmişdir. Müxtəlif ölkələrin belə əhali artamı ciddi demoqrafik dəyişikliklər gətirib çıxaracağından xəbər verir. Eyni zamanda dünya müsəlmanlarının say artımında da türklərin payı az deyil. Ümumiyyətlə türk xalqlarının 80 faizdən çoxu müsəlman, 20 faizi isə qeyri müsəlmanlardan-şamanizm, buddizm, xristian və iudaizm dininə inanclardan ibarətdir.
BMT-nin statistik məlumatlarına görə, dünya dilləri arasında türk dili beşinci yerdədir. Türkdilli xalqların təmsil etdikləri müstəqil dövlətlər və muxtar qurumlar böyük əraziyə və olduqca müxtəlif təbii sərvətlərin zəngin ehtiyyatlarına malikdirlər. həmin ölkələr nəyinki iqtisadi, həm hərbi və siyasi potensiala malikdirlər. Türk dünyasının güclü iqtisadi və hərbi potensiala malik olmaları onların getdikcə dünya siyasətinə təsir etmək imkanlarını çoxaldır. Hətta getdikcə bir sıra inkişaf etmiş ölkələr türkdilli ölkələrdən enerji asılılığına düşürlər.
XX əsrin sonlarından başlayaraq türkdilli ölkələr və muxtar qurumlar arasında iqtisadi, siyasi, mədəni yaxınlaşmalar baş verdi. Bu siyasətin həyata keçirilməsində Ümummilli Lider Heydər Əliyevin gördüyü işlər əvəzsizdir. Onun təşəbbüsü ilə Traseka layihəsi olan Böyük ipək yolunun bərpa olunması türk respublikaları arasında yaxınlaşmanın əsasını qoydu. 1993-cü ildə ilk dəfə olaraq türkdilli dövlət başçılarının İstanbulda toplantısının keçirilməsi də bu ölkələrin iqtisadi və mədəni cəhətdən yaxınlaşmasında böyük rol oynadı. 1999-cu ilin YUNESKO xətti ilə bütün dünyada “Dədə Qorqud ili” elan edilməsi ciddi əhəmiyyət daşıyır. “Dədə Qorqud İlinin” keçirilməsi bütün dünyada türklüyün, türk humanizminin, türk demokratiyasının, türk mədəniyyətinin təbliğinə rəvac vermiş oldu.
Bununla yanaşı 28 sentyabr 2018-ci ildə TÜRKSOY-un Bakıda keçirilən VIII konfransı türk mədəniyyəti problemlərinin həllində daha ciddi rol oynadı.
Qlobal dünyada xalqların yaxınlaşması, millətçiliyin aradan qaldırıldığı bir dövrdə Azərbaycanda türkçülük siyasəti ilə yanaşı azərbaycançılıq siyasəti də gündəmə gətirilmişdir. Ulu Öndər Heydər Əliyev göstərirdi ki, biz türk mənşəli millətik və türkdilli xalqlarının dilinə məxsus olan dilimiz Azərbaycan dilimiz vardır. Bu gün dünyada azərbaycanlıların sayı 50 milyondan çoxdur. Onların hamısının ürəyi Azərbaycanla döyünür, Azərbaycan üçün çalışır, onun çiçəklənməsinə öz töhvələrini verirlər. Eyni zamanda Azərbaycanda yaşayan digər etnik azlıqlar da özlərini bu vətənin bir parçası hesab edərək azad və sərbəst yaşayırlar. Ulu Öndər Heydər Əliyevin sözləri ilə desək “Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Bizi bir-birimizə bağlayan ideal yaxınlığı, mənəvi-əxlaqi prinsiplərdir” [3, 47].
Qeyd etmək lazımdır ki, Azərbaycan xalqı müxtəlif tarixi dövrlərdə (azərbaycançılıq ideologiyasının təşəkkül tapıb formalaşdığı XIX əsrin sonu XX əsrin əvvəllərindən başlayaraq) gah türkçülüyə, gah müsəlmançılığa, gah da müasirliyə əlahiddə üstünlük verilməsindən irəli gələn ictimai-siyasi problemlərlə üz-üzə dayanmağa məcbur olmuşdur. Və bunun da mənfi nəticələrini, xüsusilə milli inteqrasiyasının, mütəşəkkilliyin süni olaraq pozulmasını, yaxud zəifləməsini tarix, yəqin ki, həmişəlik öz yaddaşına yazmışdır. İlham Əliyevin siyasi- ideoloji fəaliyyətində türkçülük Azərbaycan xalqının öz mənşəyi etibarilə türk etnosundan yaranması həqiqətinin milli ictimai dərkindən başlayıb müasir türk dünyasının üzvi tərkib hissəsi olması, beynəlxalq aləmdə türk dünyasının ortaq maraqlarının cəsarətlə müdafiəsinə qədər gedir. Və təsadüfi deyil ki, bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev türk dünyasının öndə gedən liderlərindən biri kimi böyük nüfuz sahibidir.
İslam (müsəlman) dünyasına mənsubluq da bugünkü Azərbaycanın həm mənəvi- mədəni, həm də ictimai-siyasi xarakterində bütün parlaqlığı ilə təzahür edir. Möhtərəm prezident İlham Əliyevin müsəlman xalqlarına qarşı müəyyən beynəlxalq dairələrdə aparılan mürtəce, antihumanist kampaniyalara dəfələrlə ən yüksək tribunalardan öz etirazını bildirməsi, Azərbaycanın bir nümunəvi müsəlman ölkəsi olaraq inkişafı buna sübutdur. Və eyni zamanda bugünkü Azərbaycan xalqı dünyaya açıq, müasir dünyanın iqtisadi, sosial- siyasi və mədəni texnologiyalarını inamla mənimsəyən, onun (müasir dünyanın) qlobal idarəçiliyində get-gedə güclənən imkanları səviyyəsində iştirak edən xalqdır. Türkçülük, müsəlmançılıq və müasirlik triadası bu gün Azərbaycanda klassik formulunda (və tipologiyasında) tətbiq edilməklə qalmayıb mərhələnin (və dövrün) tələblərinə uyğun olaraq yaradıcılıqla yaşanır ki, bu da Azərbaycan dövlətinin yürütdüyü tarazlaşdırılmış, humanist və uzaqgörən (mövcud problemlərin tezliklə həllinə yönəlmiş perspektivli) siyasətin nəticəsidir [2, 205-206].
Açar sözlər: türkçülük, ziyalılar, mətbuat, həmrəylik, milli burjaziya, xalq.
Ədəbiyyat siyahısı
1. Alp Z.G. Türkçülüyün əsasları. Kamer yayinları. İstanbul, 1996. 53 səh.
2.Cəfərov N. Sərdarov V. Cəfərov A. Azərbaycançılıq ideologiyasının etnoqrafik əsasları. Bakı, “Elm və təhsil”, 2D 16. 216 səh.
3. Əliyev H.Ə. Azərbaycan bütün azərbaycanlıların vətənidir. Baki, 2000, 548 səh.
4. Əli Bəy Hüseynzadə seçilmiş əsərləri: “Şərq-Qərb” nəşriyyatı. Bakı, 2017. 447 səh.
5.Güngör E. Tarixdə Türklər. Ötükən nəşriyyatı. İstanbul, 1999. 425 səh.
6. Heydar B.Ə. Əli Bəy Hüseynzadə. İstanbul, 1992. 417 səh.
7. Xəndan R.Z. Unudulmuş dahi. Qorqud yayım evi. Baki, 1994. 329 səh.
8. Ömərov V. Səs qəzeti, 27 yanvar, 2012-ci il. Səh. 3
9. Rəsulzadə M.Ə. “Qafqaz türkləri”. (çapa hazırlayan Y. Akpınar) İstanbul, 1993.
10. Şirvani Ə. Milli ideologiyamız: Türklük, Çağdaşlıq, İslam. Redaktor və ön sözün müəllifi fil.e.n., dos. A.M.Qasımlı. Bakı, “Elm və təhsil” – 2013, 288 səh.
11. azerbaycanli.org/az/.html
12. www.neguzelsozler.com/unlu-sozleri/ataturk-sozleri.html
13. azkurs.org/eya-ya-ch-fq-andamj.html
14. Vəliyev A. Azərbaycanda Yeniləşmə və Milliyyətçilik Hərəkatı. İstanbul 2015. 304 səh.
15. XX-əsrin siyasi tarixi. I hissə, Şur nəşriyyatı. Bakı, 1995.
Qasimova S.A.
Azerbaijan State Aqrarian University
The ideology of Turkism At the beginning of the twentieth century
SUMMARY
The development of capitalist relations in the second half of the nineteenth century, new opportunities opened up the national democratic opinion. During this period, the Turkish people, with the emergence of the revival was the ideology of Turkism. The article deals with a wide range of Turkish people's struggle for their independence . İn the article is talking about the role of Azerbaijani and Turkish intellectuals developing national democratic idea, also talked about the development of the national press widely at the end of the twentieth century. At the end of the article has been marked to be solidarity among the Turkish people.
Keywords: Turkism, intellectuals, media, solidarity, ideology, nation.
Гасимова С.А.
АзербайджанскийГосударственный АграрныйУниверситет
Возникновение Тюркской идеологии
в начале ХХ-века
Резюме
Со II половины ХIХ-века развитие капиталистических отношений открыло широкие возможности для формирования национально-демократической мысли. Именно в этот период с возникновением зарождения среди Тюркских народов, образовалась тюркская идеология. В статье подробно говорится о борьбе тюркских народов за свою независимость. Есть обширная информация о заслугах Азербайджанских и Тюркских представителей интеллигенции в возникновении и развитии национальной демократической мысли, о развитии национальной прессы. В статье отмечается необходимость проявления солидарности тюркскими народами.
Ключевые слова: тюркизм, представители интеллигенции, пресса, солидарность, национальная буржуазия, народ.