İrəvan xanlığının tarixi coğrafiyası

Post image

Sevİnc Quluzadə
Bakı Dövlət Universitetinin doktorantı

E-mail: [email protected]

XVIII əsrin II yarısı Azərbaycan tarixinə “Xanlıqlar dövrü” kimi daxil olmuşdur. Keçmiş Səfəvi bəylərbəyiliyi Çuxursədin yerində bu dövrdə İrəvan xanlığı yaranmışdır. Lakin İrəvan xanlığı Çuxursəd bəylərbəyiliyinin bütün ərazisini əhatə etmirdi. Çuxursəd bəylərbəyiliyinin ərazisinin bir hissəsi Naxçıvan və Maku xanlıqlarının sərhədlərinə daxil oldu. Çuxursəd bəylərbəyiliyinin adının bir türk toponimi olması inkaredilməz faktdır. Belə ki, mənbələr də sübut edir ki, sədli tayfa birliyi Qaraqoyunlu ittifaqına daxil idi. Sədli tayfası öz adını XIV əsrdə tayfa başçısı olan Əmir Səədin adından götürmüşdür. Əmir Səədin hakimiyyəti altında birləşmiş Azərbaycan-türk tayfaları XIV əsrin sonlarından başlayaraq Sədli adlandı. Elə bu dövrdən də Şimal-Qərbi Azərbaycanın Arazyanı Sürməli vadisindəki ərazisi (indiki Ermənistan Respublikasının Yerashadzor kəndi və onun ətrafı) Çuxursəd adlanmağa başladı [1,17].Çuxursəd bəylərbəyiliyini Səfəvi şahının təyin etdiyi ustaclı və rumlu tayfalarının nümayəndələri idarə edirdi.
Çuxursəd toponimi rəsmi sənədlərdə ilk dəfə 1428-ci ildə Üçkilsə (Valarşabad) kəndinə sahibliklə bağlı ərəbdilli sənəddə xatırlanır [7,140]. Arpaçayın Arazla qovuşduğu yerdən Naxçıvan və Arazın sağ sahilində yerləşməklə Ağrıdağa qədər əraziləri əhatə edən Sürməli Sədli tayfasının qədim yurdu idi. XV əsrdə Arazboyu torpaqları əhatə edən və Ağrıdağla Alagöz dağları arasındakı vadi də Sədli oymağına daxil idi. Teymuri tarixçisi Hafiz Ebru Sultan Şahruxun Azərbaycana yürüşlərindən bəhs edərkən Naxçıvan və Sürməli bölgəsinin Səədli oymağının qədim yurdu olduğunu qeyd etmişdir. Bu vadi böyük bir çuxura bənzədiyinə görə ona el arasında “Çuxur” da deyirdilər. İrəvan vilayətinin düzənlik bölgəsində yaşayan azərbaycanlılar çox sonralar - XVIII - XIX əsrlərdə də bu vadini Səhəd Çuxuru adlandırmaqda davam edirdilər . [1,18].
XVI əsr boyu davam edən Səfəvi-Osmanlı müharibələri Çuxursəd bəylərbəyiliyinə də təsirsiz ötüşməmiş, iki dövlət arasında müharibə meydanına çevrilmişdir. 1590-cı ildə imzalanmış İstanbul sülh müqaviləsinə görə Çuxursəd Osmanlı dövlətinin tərkibinə daxil edilmişdir. Bundan sonra Osmanlılar bəylərbəyiliyin inzibati quruluşunda dəyişiklik etmişlər. Belə ki, yeni inzibati bölgü Osmanlıların “Müfəssəl dəftər”ində öz əksini tapmışdır. Çuxursəd bəylərbəyliyinin ərazisi iki livaya — İrəvan və Naxçıvan livalarına bölünmüşdü. İrəvan livasına 10 nahiyə daxil idi: İrəvan, Qərbi, Gərni, Vedi, Aralıq, Talın, Ərmus, Abnik, Abaran, Şərabxana. Naxçıvan livası isə 16 nahiyədən (Ağcaqala, Məvaziyi-Xatun, Mülki-Arslanlı, Qarabağ, Dərəşam, Dərəşahbuz, Bazarçayı, Şərur, Zar, Zəbil, Əlincə, Sisyan, Azadciran, Ordubad) və 1 qəzadan — Naxçıvan qəzasından (sancağından) ibarət idi [5,8-9]
1728-ci il tarixli İrəvan əyalətinin müfəssəl dəftərindən aydın olur ki, osmanlılar Naxçıvan bölgəsi üçün ayrıca bir müfəssəl dəftər tərtib etmiş, Zar, Zəbil və Şərur nahiyyələrini Naxçıvan sancağının tərkibindən çıxararaq İrəvan əyalətinə birləşdirmişdilər. Bundan əlavə Maku, İğdır, Sürməli adlı nahiyələrin İrəvan əyalətinə birləşdirilməsi ilə bərabər, bu əyalətin ərazisində Göyçə, Məzrə, Xınzırak, Qırxbulaq, Dərəçiçək və əhalisi 100% türk olan Sədərək adlı nahiyələr və Şürəngəl livası yaradılmış, XVI əsrin sonunda mövcud olmuş Talin, Ərmavi, Abnik, Şərabxana nahiyələri, Naxçıvan ərazisində isə Bazarçayı və Ağcaqala nahiyələri ləğv olunmuş, buraların kəndləri isə yeni yaradılmış nahiyələrə verilmişdir”. Hesablamalara görə əyalət əhalisinin 43784 nəfəri (61.2 %) türk – müsəlman idi. İrəvan şəhərində bu rəqəm 3369 nəfər (63.5%) təşkil edirdi [5, 18].
1747-ci ildə Nadir şahın qətlindən sonra Azərbaycanda iyirmi xanlıq meydana gəldi. Onlardan hər birinin Azərbaycan tarixində öz yeri və rolu vardır. Belə xanlıqlardan biri olan İrəvan xanlığının meydana gəlməsi bir tərəfdən Nadir şahın qətlindən sonra yaranan vəziyyətlə bağlı idisə, digər tərəfdən Qərbi Azərbaycanın nəzərdən keçirilən tarixi inkişafının nəticəsi idi. Qərbi Azərbaycan torpaqları tarixən bu və ya digər dövlətlərin tərkibinə daxil olmuşdu, lakin burada ayrıca dövlət yaranmamışdı. İlk belə dövlət İrəvan xanlığı oldu.
İrəvan xanlığı XVIII əsrin ortalarında Azərbaycan ərazisində uzun sürən İran hakimiyyətindən sonra müstəqil dövlət qurumu qazanan 20-yə yaxın xanlıqlardan biri idi. Tarixçi Həsi Abdullayevin sözləri ilə desək, “Azərbaycan xanlıqlarının yaranması prosesi onu əvvəlki dövrdən ayıran feodal münasıbətləri inkişafının labüd dövrü idi”. Həqiqətən də sabiq Çuxursəd ərazisində müstəqil İrəvan xanlığının yaranması ilə bu bölgədə yaşayan xalqların tarixində yeni səhifələr açıldı. [4,54].
İrəvan xanlığı Ağrıdağ düzənliyinin Göyçə gölü hövzəsi və Araz çayından cənub – qərbə doğru uzanan ərazini əhatə edirdi. Azərbaycanın şimal – qərbində yerləşən bu xanlıq paytaxt İrəvan şəhəri olmaqla inzibati cəhətdən naiblərin idarə etdiyi 15 mahala bölünürdü (Qırxbulaq, Zəngibasar, Gərnibasar, Vedibasar, Şərur, Sürməli, Dərəkənd, Saatlı, Talin, Seyidli- Axsaxlı, Sərdarabad, Karpi, Abaran, Dərəçiçək, Göyçə). [4,13]. Xanlıq əhalisinin böyük əksəriyyətini azərbaycanlılar təşkil edirdi. İrəvan şəhəri əhalisinin yalnız dörddə biri ermənilər idi. Xanlığın ərazisində erməni dini mərkəzi “Üçmüəzzin” (“Eçmiədzin”), “Üçkilsə” yerləşirdi, kilsənin başçısı katolikos İrəvan xanı tərəfindən təyin olunurdu. İrəvana yiyələnməyə çalışan qonşu Kartli-Kaxeti çarları erməni katolikosunun köməyindən istifadə etmək məqsədilə onunla gizli əlaqə saxlayırdılar. Qeyd edək ki, erməni katalikosluğunun mərkəzi əvvəllər İrəvan ərzisində deyil, Kilikiyada yerləşirdi. 1441-ci ildə Qaraqoyunlu hökmdarı Cahanşahın razılığı ilə ermənilərin dini mərkəzi Kilikiyadan Üçkilsə yaxınlığına köçürülmüşdür. Bununla Cənubi Qafqazda qriqorianlığı yayan erməni missionerləri üçün əlverişli şərait yarandı. Qaraqoyunlu hökmdarları erməni katolikoslarını himayə etdilər və onlara sərbəstlik verdilər. Bu vaxtdan Azərbaycanın Çuxursəd diyarında yerləşən Üçkilsə bütün ermənilərin dini mərkəzinə çevrildi. Qaraqoyunlulardan sonra Ağqoyunlulara sığınan Üçkilsə katolikoslarının mövqeyi daha da möhkəmləndi. Beləliklə, Azərbaycan ərazisində Çuxursəd diyarında Azərbaycan Qaraqoyunlu, Ağqoyunlu hökmdarlarının icazəsi ilə erməni kilsələri tikildi. [1,18-19].Yalnız bundan sonra ermənilər İrəvan və ətraflarına köç etmək hüququ qazanmışlar, lakin tarixin XX əsrə qədərki heç bir dönəmində bölgədə dominantlıq qazana bilmədilər.
XVIII əsrin ikinci yarısında Azərbaycanda mövcud olan başqa xanlıqlar kimi, İrəvan xanlığının da siyasi tarixi ardı-arası kəsilməyən feodal vuruşmaları, qanlı saray çevrilişləri və yadelli işğalçılara qarşı mübarizə ilə bağlıdır. Bu isə minlərlə əhalinin məhv olunmasına, şəhər və kəndlərin dağıdılmasına, istehsal qüvvələrinin zəifləməsinə və istehsalın aşağı düşməsinə gətirib çıxarırdı. Lakin bununla belə, mütəxəssislərin fikrincə, XVIII əsrin ikinci yarısında Azərbaycanda dövrün birinci yarısına nisbətən müəyyən təsərrüfat canlanması nəzərə çarpırdı. Azərbaycanın başqa xanlıqlarında olduğu kimi, İrəvan xanlığında da bu nisbi canlanma müşahidə olunurdu. İrəvan xanlığının iqtisadiyyatında əsas yeri torpaq üzərində mülkiyyət təşkil edirdi. Ölkənin iqtisadiyyatının başlıca sahəsini heyvandarlıq və əkinçilik təşkil edirdi. [4,55-56].
Bu gün İrəvan xanlığının yerləşdiyi ərazi Ermənistan adlandırılır. Azərbaycan dilində “Ermənistan” sözü 1921-ci ildə Sovet Rusiyasının İrəvan quberniyası ərazisində təşkil etdiyi dövlətin (və ölkənin) adıdır. Ondan əvvəl “Ermənistan” adı məlum deyil. 1588 və 1728 – ci illərə aid türkcə arxiv sənədlərində İrəvan şəhərinin adı ilə bu ölkə müvafiq olaraq “Rəvan əyaləti” və “İrəvan əyaləti adlanır” [3,19]. Deyilənlərdən görünür ki, indiki Ermənistan ərazisi ermənilərin yox, e. ə. VIII – VII əsrlərdən başlayaraq türk mənşəli tayfaların yaşadığı ölkə olmuş və sonralar, XIX əsrin əvvəllərinə qədər burada türklər aparıcı rol oynamışlar. Mənbələrdə elə bir tarixi məlumat yoxdur ki, Ermənistan ərazisində azərbaycanlılar erməniləri kəndlərindən qovub yerlərini tutsunlar. Lakin adları türkcə olan yaşayış məntəqələrində hələ orta əsrlərdə ermənilərin yaşaması halları istənilən qədərdir. Kimin gəlmə, kimin yerli olduğunu müəyyən etmək üçün bu faktın özü kifayətdir” [3,93].
İrəvan xanlığı 1747-1797 –ci illərdə müstəqil dövlət olmuş, 1797 – 1828-ci illərdə burada İranın hakimiyyəti bərpa olunmuşdu. Dövlətin başçısı xan idi; xandan sonra vəzir (yaxud baş mirzə), müxtəlif vəzifə daşıyan bəylər (divan bəyləri, sərkərdələr, əmirlər və s.) gəlirdi. Qoşuna xan özü başçılıq edirdi. Əhalisi, əsasən azərbaycanlılardan, qismən erməni və kürdlərdən ibarət idi; əkinçilik, bağçılıq, tərəvəzçilik və maldarlıqla məşğul olurdular. [4,13]. İrəvan şəhərində daimi yaşayan əhalinin tamamilə Azərbaycan türklərindən ibarət olmasını ilk mənbələr də təsdiq edir. Məsələn, XVII əsr fransız səyyahı Şarden İrəvanda olankən (1673) Səfiqulu xan Çuxursəd bəylərbəyi və İrəvan hakimi idi. Şarden onun incəsənəti və elmi sevdiyini, hamının ona hörmət etdiyini göstərir. Səyyahın məlumatma görə, “...İrəvan qalası təxminən səkkiz yüz evdən ibarətdir. Orada ancaq təmizqanlı qızılbaşlar (yəni Azərbaycan türkləri) yaşayırlar” . Bununla yanaşı, digər avropalı səyyah — 1700-cü ilin yazında İrəvanda olmuş alman səyyahı Kaspari Şillinger də təsdiq edir ki, İrəvan şəhərində sayca və siyasi cəhətdən Azərbaycan türkləri tam üstünlük təşkil edirdi. O yazır: “İrəvan şəhərinin daxilində (yəni şəhərin qala divarları içərisində) yalnız iranlılar (Azərbaycan türkləri), şəhərin nisbətən iri qəsəbəsində (görünür, Üçkilsədə) və müxtəlif yerlərdə kilsəyə xidmət üçün erməni tacir və sənətkarları yaşayır. Onlar iranlılara (Azərbaycan türklərinə) vergi verirlər”. “Qədim İrəvan” kitabında İrəvan əhalisindən bəhs edən Y.Şahəziz 1673-cü ildə İrəvanda olan fransız səyyahı Şardenin İrəvan qalasında yaşayan əhali haqda məlumatını bir daha təsdiq edir və daha maraqlı bir məqama toxunur. O yazır ki, ermənilərin orada (İrəvan şəhərində) yalnız dükanları var idi, onlar orada gündüzlər alver edir, axşamlar isə dükanlarını bağlayıb evlərinə gedirdilər. [1,45]
İrəvan xanlığında dövlət (divan), xalisə (xana və ailə üzvlərinə məxsus), mülk, vəqf və camaat torpaq mülkiyyəti formaları mövcud idi. Kəndlilər onlarca vergi verir və müxtəlif mükəlləfiyyətlər daşıyırdılar. [4,13]
Azərbaycan dövləti olan İrəvan xanlığını Azərbaycanın dövlət idarəçiliyi tarixində mühüm rol oynamış məşhur Qacarlar adlanan türk sülaləsindən olan xanlar idarə etmişlər. Xanlığın bütün idarəçilik sistemi, ictimai, siyasi, mədəni və təsərrüfat həyatı, burada yaşayan əhalinin məişət mədəniyyəti Azərbaycanın minillər boyunca davam etmiş ümumi tarixi inkişaf sisteminin ayrılmaz tərkib hissəsi idi. İrəvan xanlığı öz inkişaf xüsusiyyətlərinə görə həmin dövrdə mövcud olmuş digər Azərbaycan xanlıqlarından heç nə ilə fərqlənmirdi. İrəvan xanlığının ərazisində, tarix boyu, Azərbaycan xalqına məxsus çoxsaylı yaşayış məskənləri — kəndlər, şəhərlər salınmış, minlərlə tarixi abidələr qalalar, məscidlər, minarələr ucaldılmış, karvansaralar, hamamlar inşa olunmuşdu. Bölgədəki bütün yer adları — toponimlər Azərbaycan xalqına məxsus idi. Bu inkarolunmaz həqiqəti hətta erməni mənbələri də təsdiq edir. Xanlığın ərazisində saysız-hesabsız qədim oğuz-türk qəbiristanlıqları və bu qəbiristanlıqlarda Azərbaycan xalqına məxsus külli miqdarda qoç heykəlləri, qəbirüstü abidələr vardı. Bütün bunlar Azərbaycan xalqının maddi mədəniyyət möhürləri idi... [1,7]
İrəvan xanlığı çar Rusiyasının işğalçılıq planlarında xüsusi əhəmiyyətə malik idi. XIX əsrin əvvəllərindən etibarən Cənubi Qafqaz Rusiya və Qacarlar dövləti arasında hərbi əməliyyatlar meydanına çevrildi. 1804-1813 və 1826-1828-ci illəri əhatə edən ikimərhələli müharibə İrəvan xanlığının da həyatında faciəvi sonluğa yol açdı. Çar Rusiyası hələ ilk müharibə dövründə İrəvan üzərinə hücuma keçmiş, lakin Üçkilsə və Qəmərli yaxınlığında məğlubiyyətə uğrayaraq, geri çəkilməyə məcbur olmuşdur. 1826-1828-ci illərin hərbi kompaniyasında İrəvan xanlığına diqqət daha da artırılmış,çar I Niolay Qafqaz qoşunları komandanı general Yermolova İrəvan xanlığını işğal etməklə bağlı xüsusi tapşırıq vermişdir. İrəvan qalasını “İrəvan sərdarı” Hüseynqulu xan Qacar və qardaşı Həsən xan müdafiə edirdi. Uzunmüddətli mübarizəyə baxmayaraq, çar qoşunları 1827-ci il oktyabrın 1-də İrəvan xanlığını işğal etdilər. 1828-ci il 10 fevralda II Rus-Qacar müharibəsini sonlandıran Türkmənçay müqaviləsi imzalandı.
Müqavilənin üçüncü maddəsində İrəvan və Naxçıvan xanlıqlarının Rusiyaya ilhaqı təsdiqlənirdi. Çar hökuməti bu tarixi Azərbaycan torpaqlarının ilhaqından sonra I Nikolayın 1828-ci il 21 mart tarixli fərmanı ilə onların əsasında ―Erməni vilayət yaradıldı. Çavçavadze həmin vilayətə rəis təyin edildi. Beləliklə, tarixi Azərbaycan torpaqlarında “Erməni vilayəti” yaradılmış, gürcü isə ona rəis təyin edilmişdir. Erməni vilayəti adlandırılan qurum 1840-cı ildə ləğv edilmişdir. 1849- cu ildə keçmiş İrəvan və Naxçıvan torpaqları əsasında İrəvan quberniyası təşkil olunmuşdu. [6,64]
Türkmənçay müqaviləsinin XV maddəsi birbaşa köçürmə məsələləri ilə bağlı idi. Bu maddəyə görə, Cənubi Azərbaycandan əhalinin Şimali Azərbaycana sərbəst hərəkət etməsi üçün əlverişli şərait yaradılmalı idi. “Əhali” adı altında bilavasitə ermənilər nəzərdə tutulurdu. Sonradan İrəvan, Naxçıvan kimi şəhərlərdə köçürmə komitələrinin yaradılması da bu məqsədə xidmət etməli idi. Köçürülənlərə bir sıra imtiyazlar da verilir, onlar üç il müddətinə bütün vergi və mükəlləfiyyətlərdən azad edilir və onlara cənubda qalan daşınmaz əmlakını satmaq üçün bir neçə il möhlət verilirdi. Əlbəttə, bu əlverişli şərtlər altında ermənilər sərbəst şəkildə şimala hərəkət etməyə başladılar. Qriboyedov yazırdı ki, müqavilə onlara bunun üçün tam hüquq verirdi. Ermənilərin Şimali Azərbaycana, xüsusən Qarabağ, İrəvan və Naxçıvana köçürülməsi geniş vüsət aldı. [6,66] Bundan sonra bölgənin demoqrafik vəziyyətində dəyişiklik yarandı.
Rusiya müstəmləkəçiləri İrana və Türkiyəyə qalib gəldikdən sonra, Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrinə əsasən, Cənubi Qafqazda Qacarlar İranı və Osmanlı imperiyasına qarşı gələcək işğalçılıq planlarını həyata keçirmək üçün xristian — istinadgah məntəqəsi yaratmaq məqsədilə həmin dövlətlərin ərazisində yaşayan erməniləri kütləvi surətdə Şimali Azərbaycan torpaqlarına, əsasən İrəvan, Naxçıvan, Qarabağ xanlıqlarının ərazisinə və indiki Gürcüstan Respublikasının məhz azərbaycanlılar yaşayan bölgələrinə köçürdü. İrəvan və Naxçıvan xanlıqlarını işğal etmiş general Paskeviç İrandan köçürülən ermənilərin hansı Azərbaycan torpaqlarına istiqamətləndirilməsi barədə konkret gösləriş də vermişdi: köçürülən ermənilən İrəvan və Naxçıvan əyalətlərinə istiqamətləndirmək lazımdır ki həmin ərazilərdə xristian əhalinin sayı mümkün qədər artırılsın. Beləliklə, 1828-ci il fevralın 26-dan iyunun 11-dək, yəni üç ay yarım ərzində İrandan Şimali Azərbaycana - İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazisinə 8249 erməni ailəsi, başqa sözlə, ən azı 40 min nəfər erməni köçürüldü. Bundan bir az sonra Şimali Azərbaycan torpaqlarına Osmanlı dövləti ərazisindən daha 90 min nəfərdən artıq erməni köçürülüb gətirildi. Ermənilərin İrandan və Türkiyədən Şimali Azərbaycan torpaqlarına köçürülüb gətirilməsi inkarolunmaz tarixi faktdır. Bunu çoxsaylı arxiv materialları, xüsusilə ermənilərin köçürülməsi prosesini tənzimləyən rəsmi dövlət sənədləri, təlimatlar çox aydın sübut edir.
Maraqlı və təkzibolunmaz tarixi faktlardan biri də budur ki, tanınmış rus rəssamı V.İ.Maşkov 1828-ci ildə ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsinə ayrıca rəsm əsəri həsr etmişdi. Ermənilərin kütləvi surətdə köçürülüb gətirilməsinə baxmayaraq, çar hakimiyyət orqanları İrəvan xanlığı ərazisində demoqrafik vəziyyəti birdən-birə dəyişdirə bilmədi. İrəvan xanlığının işğalını həyata keçirmiş rus generalı Paskeviç, hətta ermənilərin köçürülüb gəlirilməsindən sonra belə, İrəvan bölgəsi əhalisinin dörddə üç hissəsinin Azərbaycan türkləri olduğunu etiraf edirdi. Yeri gəlmişkən. işğalçı general bu faktla hesablaşmağa məcbur olmuş, cüzi azlıq təşkil edən gəlmə ermənilərə daha yaxşı şərait yaratmaq üçün canfəşanlıq edən, regionda böyük əksəriyyət təşkil edən yerli Azərbaycan türklərinin haqqını kobudcasına tapdalayan İrəvan Müvəqqəti İdarəsinin üzvü, erməni arxiyepiskopu Nersesi vəzifəsindən kənar edib Bessarbiyaya sürgün etdirmiş, buna şərait yaradan İrəvan Müvəqqəti İdarəsinin rəisi general Krasovskini isə vəzifəsindən kənar edib Rusiyaya qaytarmışdı. Tanınmış rus tədqiqatçısı N.Şavrov ermənilərin Cənubi Qafqaza köçürülməsi prosesini və köçürülüb gətirilmiş ermənilərin sayını araşdırdıqdan sonra 1911-ci ildə yazırdr. “Hazırda Cənubi Qafqazda yaşayan 1 milyon 300 min erməninin 1 milyondan çoxu bu diyarın yerli əhalisi deyil. Onları bura biz (yəni ruslar) köçürüb gətirmişik”. [1,10-11]
Azərbaycan xalqının qədim dövlətçilik ənənələrini və müstəqillik şüurunu məhv etmək üçün 1840-cı ildə daha bir addım atıldı: “Erməni vilayəti” ləğv edildi və onun ərazisində bir neçə qəza yaradıldı: İrəvan, Yeni Bayazid, Gümrü, Sürməli və s. 1849-cu ildə isə həmin Azərbaycan torpaqlarmda yeni inzibati-ərazi vahidi - İrəvan quberniyası yaradıldı. İrəvan quberniyasının yaradılması, əslində, Qərbi Azərbaycan ərazisində ermənilər üçün dövlət yaradılması yolunda növbəti addım idi. Bundan sonra ermənilərin İran və Türkiyədən İrəvan quberniyası ərazisinə, həmçinin digər Azərbaycan torpaqlarına köçürülməsi prosesi daha da sürətləndirildi. Ermənilərin köçürülməsindən sonra Cənubi Qafqaz qanlı qırğınlar dövrünə qədəm qoydu. [1,12] Rusiya müstəmləkəçiləri tərəfindən silahlandırılan və hərtərəfli müdafiə olunan erməni quldur dəstələri Azərbaycan xalqına qarşı, ümumiyyətlə Cənubi Qafqazm türk-müsəlman əhalisinə qarşı soyqırımlarına başladılar. Böyük dövlətlər özlərinin Cənubi Qafqazla bağlı geosiyasi planlarını həyata keçirmək üçün ermənilərdən bir alət kimi istifadə etdilər və bunun müqabilində onlara tarixi Azərbaycan torpaqlarında — keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisində dövlət yaratmaqdan ötrü hər cür köməklik göstərdilər.

Açar sözlər: Çuxursəd, İrəvan, xanlıq, köçürmə, sərhədlər, müqavilə, Türkmənçay, etnik, coğrafi, tarix.

Ədəbiyyat siyahısı
1. AMEA. İrəvan xanlığı (Y.Mahmudovun redaktəsi ilə).Bakı, 2010
2. Azərbaycan tarixi. Yeddi cilddə. III cild. Bakı, 2007
3. B.Ə.Budaqova, Q.Ə.Qeybullayev: Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti. Bakı, 1988
4. F.Əliyev, U.Həsənov. İrəvan xanlığı. Bakı, 2007
5. İrəvan əyalətinin icmal dəftəri (Araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri akad. Z.Bünyadov, t.e.n.H.Məmmədov) . Bakı, 199
6. K. Şükürov. Türkmənçay 1828 (Tarixi xronika). Bakı, 2006
7. Мамедов С.А. Азербайджан по источникам XV - первой половины XVIII вв. Баку, 1993.

Summary
The Iravan khanate had a special place in the history of Azerbaijan. There was a principality called Chukursad during the Safavid period in the area which is called Western Azerbaijan now and later the khanates of Iravan, Nakhchivan and Maku were formed in the territory of this principality. The Iravan khanate was geographically formed around the Goycha lake. The majority of the khanate’s population was Azerbaijanis. This is proved by the documents of the period. This issue has been taken into account in this article. The history of the Iravan khanate has been studied on geographical, ethnic and demographic spheres.

Key words: Chukursad, İravan, khanate, transfer, boundaries, contract, Türkmenchay, etnic, geographic, history.

Резюме
В истории Азербайджана Иреванское ханство занимало своеобразное место.Сейчас на так называемой территории западного Азербайджана ещё со времён Сефевидов существует регион Чухурсад,позже за счёт регионов появились Иреван,Нахичеван и Маку.Иреванское ханство образовалось вокруг озера Гейча.
Большинство населения ханства занимают азербайджанцы. В этом периоде это было упомянуто в документальных материалах как доказательство. Особенно этот вопрос был затронут в этой статье. Иреванское ханство образовалось за счёт историко-географического, этнического, демографического аспектов.

Ключевые слова: Чухурсад, Ереван, ханство, переселение, границы, договор, Туркменчай, этническое, географическое, история.