I Şah Abbasın hakimiyyəti illərində Səfəvi dövlətinin Böyük Moğol İmperiyası ilə münasibətlərinə dair

Post image

Hikmət Abdullayev
Tarix üzrə fəlsəfə doktoru

E-mail: [email protected]

Səfəvi dövlətinin xarici siyasətinin əsas istiqamətlərindən birini əsası 1526-cı ildə qoyulmuş türk-müsəlman dövləti olan Böyük Moğol imperiyası ilə münasibətlər təşkil edir. Səfəvilər dövləti ilə Moğollar arasında münasibətlər hələ I Şah İsmayılın dövründə – Böyük Moğol dövlətinin yaranmasından əvvəl qoyulmuş, Şah I Təhmasibin, II Şah İsmayılın və Şah Məhəmməd Xudabəndənin dövründə iki dövlət arasında dostluq münasibətləri mövcud olmuşdu. Lakin bu dövrdə diplomatik münasibətlər bir qədər passiv olmuş, Qəndəhar uğrunda mübarizə iki dövlətin daha da bir-biri ilə sıx dostluq münasibətləri qurmasına əngəl törətmişdi (1, s.72). Digər tərəfdən, Səfəvi - Osmanlı müharibələri bu münasibətlərin daha geniş xarakter almasına mane olmuşdu. Belə ki, Şah I Təhmasibin hakimiyyəti illərində əsasən qərbdə osmanlılarla müharibə aparan Səfəvilər, xarici siyasətdə şərqdə yerləşən dövlətlərlə münasibətlərə lazımi diqqət ayıra bilməmişlər.
Səfəvi dövlətinin istər daxili və istərsə də xarici siyasətində gərgin bir dövrün yaşandığı XVI əsrin 80-ci illərinin sonlarında hakimiyyətə gəlmiş I Şah Abbas 1590-cı ildə Osmanlı imperiyası ilə Səfəvi dövləti üçün əlverişsiz İstanbul sülhünü imzaladıqdan sonra bütün diqqətini ordunun yenidən qurulmasına və dövlətin qüdrətinin yenidən bərpa edilməsinə yönəltdi. I Şah Abbas Böyük Moğol imperatoru Əkbərlə ittifaq yaratmağa hələ Xorasanın hakimi olduğu dövrdə - cəhd göstərmişdi. Bu məqsədlə o, 1583-cü ildə Mürşüd Təbrizini Moğol sarayına göndərmişdi. Lakin Əkbər şah (1556-1605) bu elçiliyə etinasız yanaşmışdı.
I Şah Abbas hakimiyyətə gəldikdən sonra Xorasanı Şeybanilərdən geri almaq üçün hərbi əməliyyatlara başlamaq ərəfəsində Şeybanilərə qarşı birgə mübarizə aparmaq məqsədilə Əkbər şahla ittifaq bağlamaq üçün 1591-ci ildə Yadigar Əli Sultanın rəhbərliyi altında Böyük Moğol sarayına elçilər göndərilmişdi (2, s.592). Yadigar xan özü ilə I Şah Abbasın Əkbər şaha ünvanlanmış məktubunu da aparmışdı və bu məktubda iki dövlət arasında dostluğun yaradılması və çətin anlarda qarşılıqlı şəkildə bir-birinə kömək göstəriləmsindən bəhs edilirdi: “Bütün bu səmimi arzulardan sonra Sizin diqqətinizə çatdırırıq ki, hamıya mənim rəhmətlik babamla sizin şərəfli və qüdrətli atanızın dostluğu birliyinin səbəbləri aydındır. Hümayun həzrətləri bizim yanımıza gələndə iki xoşbəxt hökmdar möhkəm ittifaq bağladılar və bu ittifaqın onlardan sonra da davam edəcəyinə, saxlanmasına inam bildiridilər. Bu şöhrətli hökmdarlar taxtda olduqları zaman bu əhdi, ittifaqı çox şərəflə yerinə yetirirdilər. Onlar daim dostluq münasibətlərini möhkəmləndirmək üçün tədbirlər görür, məktub və elçiliklərlə əlaqə saxlayırdılar. O dövrün məşhur hökmdarları belə onların bu dostluğuna həsəd aparırdı. Biz həmişə dostluq münasibətlərini qoruyub saxlayacağıq və əgər Əkbər həzrətləri çətin məsələlərin həllində hər hansı bir məsləhət verərsə, biz onu yerinə yetirməyə çalışacağıq” (1, 119).
Təbii ki, nümayəndə heyətini və belə təmtəraqlı bir məktubu göndərməklə I Şah Abbas Moğol imperatoruna özbəklərə qarşı müharibədə birgə çıxış etməyi təklif edirdi. Məktubda Səfəvi dövləti ilə Böyük Moğol imperiyası arasında hələ XVI əsrin əvvəllərindən yaranmış dostluq münasibətlərinin xatırlanmasından məqsəd də məhz bu idi. Lakin Şeybanilərlə hələ XVI əsrin 60-cı illərindən Səfəvi dövlətinə qarşı birgə çıxış etmək üçün danışıqlar aparılması və Qəndəharın vaxtilə (1558-ci ildə) I Təhmasib tərəfindən tutulması səbəblərindən Əkbər şah I Şah Abbasın təklifinə rədd cavabı vermişdi (1, s. 74).
Aydındır ki, I Şah Abbasın hakimiyyəti illərində Səfəvi dövləti ilə Böyük Moğol imperiyası arasında münasibətlərin diplomatik istiqamətdə davam etdirilməsinə baxmayaraq, iki dövlət arasında ərazi problemi ilə bağlı gərginlik qalmaqda idi. Bu iki türk dövləti arasında münasibətlərin gərginləşməsinə səbəb olan ərazilər isə strateji əhəmiyyətə malik Dekan və Qəndəhar əraziləri idi. Bir tərəfdən müstəqil siyasət yürüdən Dekan əmirləri ilə Səfəvi dövlətinin isti münasibətləri, digər tərəfdən isə Qəndəharın Səfəvi dövlətinə birləşdirilməsi Böyük Moğol hökmdarlarını narazı salırdı.
Səfəvi dövləti ilə Böyük Moğol imperiyası arasında siyasi-diplomatik münasibətlərin cid­di məqamlarından birini Dekan məsələsi təşkil edirdi. İslamın şiəlik məzhəbini qəbul etmiş Dekan əmirlikləri (Əhmədneqar, Bicapur, Berar, Bidar və Qalakənd) öz müstəqilliklərini qoruyub saxlayırdılar (3, s.92). Daima Böyük Moğol imperiyasına, xüsusilə də Əkbər şahın işğalçılıq siyasətinə qarşı mübarizə aparan bu əmirliklərə hər hansı bir dövlətlə ittifaq yaratmaq lazım idi və belə bir dövlət regionun aparıcı dövləti olan Səfəvi dövləti oldu. Hələ I Şah İsmayılın dövründən başlayaraq Dekan əmirlikləri ilə Səfəvi dövləti arasında elçilər mübadiləsi başlamış, hətta I Şah Abbasın dövründə bu münasibətlər qohumluq əlaqələri ilə möhkəmləndirilmişdi (3, s.93).
Əgər ilk Böyük Moğol hökmdarları Baburun (1526-1530) və Hümayunun (1530-1556) hakimiyyəti illərində moğollar Səfəvi dövləti ilə münasibətləri gərginləşdirməmək üçün Dekan əmirliklərinin tabe edilməsinə bir o qədər də əhəmiyyət vermirdilərsə, Əkbər şahın dövründə, xüsusilə də XVI əsrin 80-ci illərində Dekana qarşı münasibət dəyişdi və buraya moğolların hərbi yürüşləri təşkil edildi və Cənubi Hindistan Böyük Moğol imperiyasının tərkibinə qatıldı. Osmanlı dövləti ilə müharibələr aparan (1578-1590) və siyasi böhran dövrünü yaşayan Səfəvi dövləti özünün müttəfiqləri hesab etdiyi Dekan əmirlərinə kömək edə bilmədi və yaranmış əlverişli şəraitdən istifadə edən Əkbər şah Dekan məsəlsini Böyük Moğol imperiyasının xeyrinə həll etmiş oldu. Dekanın Böyük Moğol imperiyasına birləşdirilməsi ilə Əkbər şah bütün Hindistan ərazisinin moğolların hakimiyyəti altında birləşməsinə nail oldu.
Səfəvi dövləti ilə Böyük Moğol imperiyası arasında mübahisəli məsələlərdən biri də Qəndəhar məsələsi idi. Qəndəhar vilayəti hələ 1558-ci ildə Şah I Təhmasib tərəfindən Səfəvi dövlətinin tərkibinə qatılmışdı və bu da iki dövlət arasında münasibətlərin soyuqlaşmasına səbəb olmuşdu. Bu ərazi I Şah Abbasın hakimiyyəti dövründə də iki dövlət arasında gərginlik ocağı kimi qalırdı. Əvvəllər Sultan Hüseyn Mirzə tərəfindən idarə edilən bu vilayət, onun ölümündən sonra I Şah Abbasın oğlanları arasında iki hissəyə – Qəndəharla Harmisir və Zamindavərə bölünmüş, Qəndəhar Müzəffər Hüseyn Mirzə, Harmisir və Zamindavər isə Rüstəm Mirzə tərəfindən idarə edilməyə başlanmışdı.
XVI əsrin 90-cı illərinin əvvəllərində bir tərəfdən Osmanlı imperiyası ilə, digər tərəfdən isə özbəklərlə müharibə aparan Səfəvi dövlətinin vəziyyətinin ağırlaşmasından istifadə edən Əkbər şah 1590-1595-ci illərdə Qəndəharın ələ keçirilməsi məqsədilə hərbi əməliyyatlar həyata keçirdi. Qəndəharın tutulması istiqamətində Əkbər şahın apardığı hərbi əməliyyatlarda uğur qazanmasına şərait yaradan amillərdən biri də Səfəvi şahzadələri arasında gedən mübarizə idi. Zamindavərin 1593-cü ildə Şeybanilər tərəfindən tutulmasından sonra qardaşı ilə münaqişə vəziyyətində olan Rüstəm Mirzə Böyük Moğol imperiyasına gedərək, Əkbər şahdan sığınacaq alır və Multan vilayətinin hakimi təyin edilir. Zəmindavəri tutduqdan sonra Şeybanilər Qəndəhara da təzyiqi artırırlar və yaranmış əlverişli şəraitdən istifadə edən Əkbər şah Hüseyn Mirzəyə ittifaq qurulmasını təklif edir. Bu iitifaqa görə Əkbər şah Hüseyn Mirzəyə Şeybanilərə qarşı mübarizədə kömək etməli, əvəzində isə Qəndəhar Böyük Moğol imperiyasına birləşdirilməli və Hüseyn Mirzə Hindistanda istədiyi ərazinin hakimi təyin edilməli idi. 1595-ci ildə Hüseyin Mirzə Əkbər şahın təklifini qəbul etdi və Qəndəharı moğolların ixtiyarına verdi (4, s.77).
Qəndəhar uğrunda mübarizənin getdiyi bir şəraitdə 1594-cü ildə Əkbər şah Mirzə Ziyaəddinin rəhbərliyi altında Səfəvi sarayına I Şah Abbasa ünvanlanmış məktubla elçilər göndərdi. Məktubda Əkbər şah Qəndəharın ələ keçirilməsinin iki dövlət arasında münasibətlərin pisləşməsinə səbəb olmayacağına və gələcəkdə də onlar arasında dostluq münasibətlərinin inkişaf edəcəyinə ümid etdiyini bildirirdi (5, 361). Bu, Əkbər şahın Səfəvi sarayına göndərdiyi ilk tam heyətli elçilik idi. Hətta 1597-ci ildə Qəzvinə gəlib çatan nümayəndə heyətinin şərəfinə I Şah Abbas təntənəli qarşılanma mərasimi təşkil etdirmişdi.
Qəndəharın moğollar tərəfindən ələ keçirilmə­sindən sonra I Şah Abbas Böyük Moğol imperiyası ilə münasibətləri nizama salmaq üçün dəfələrlə Böyük Moğol imperiyasının paytaxtı Aqra şəhərinə elçilər göndərsə də, Əkbər şah və Cahangir şah (1605-1627) Şeybanilərlə münasibətləri korlamamaq üçün Səfəvilərlə diplomatik münasibətləri genişləndirmək istiqamətində mühüm addımlar atmırdılar. 1598-ci ildə I Şah Abbas Hatəm bəy Ordubadinin tərtib etdiyi məktubla Mənuçöhr bəy Eşikağasıbaşının rəhbərliyi altında yenidən Böyük Moğol imperiyasına elçilər göndərdi. Məktubda Səfəvi şahı Xorasanı geri almaq üçün Şeybanilərə qarşı başlayacağı müharibədə birgə mübarizə aparmaq üçün ittifaq yaradılmasını təklif edirdi (1, s.127). Lakin I Şah Abbasın bu məktubuna da Əkbər şah tərəfindən nəzakətlə rədd cavabı verilmiş, hətta Şeybanilərlə sülh yaradılması təklif edilmişdi. Mənuçöhr bəyi 4 il öz sarayında saxladıqdan sonra Əkbər şah yalnız 1602-ci ildə öz elçisi Məhəmməd Məsum xanla birlikdə onu Səfəvi sarayına göndər­mişdi (5, s.448).
1605-ci ildə Böyük Moğol şahı Əkbər şahın ölümündən sonra hakimiyyətə gəlmiş Cahangir şahın dövründə də I Şah Abbas moğollarla münasibətləri nizamlamağa, Qəndəharı yenidən geri qaytarmağa cəhd etmişdi. 1606-cı ildə Səfəvi dövlətinin Fərəh, Sistan, Herat və digər sərhədyanı vilayətlərinin hakimləri Qəndəharın geri qaytarılmasına cəhd göstərsələr də, bu cəhdlər heç bir nəticə verməmişdi. 1609-1611-ci illərdə Yadigar Əli Sultanın rəhbərliyi altında Böyük Moğol imperiyası sarayına nümayəndə heyəti göndərilmişdi (5,s.782). Nümayəndə heyəti ilə göndərilmiş məktublarda I Şah Abbas Cahangir şaha atasının ölümü ilə bağlı başsağlığı vermiş və hakimiyyətə gəlməsi münasibəti ilə onu təbrik etmişdi. Elçini səmimi qarşılayan və ona hədiyyələr verən Cahangir şah bu müraciətin bir qədər gecikməsi səbəbindən incimiş və nümayəndə heyətini yalnız 1613-cü ildə Böyük Moğol elçisi Xan Aləmlə birlikdə geriyə – Səfəvilər dövlətinə yola salmışdı.
I Şah Abbas Qəndəharın geri qaytarılmasına diplomatik yolla nail olmağa çalışırdı və bu məqsədlə də bir-birinin ardınca Böyük Moğol imperiyasına bahalı hədiyyələrlə elçiliklər göndəriridi. 1616-cı ildə I Şah Abbas Məhəmməd Rza bəyin rəhbərliyi altında Böyük Moğol imperiyasına yeni nümayəndə heyəti göndərdi və bu nümayəndə heyəti Acmirdə olan Cahangir şah tərəfindən yüksək səviyyədə qarşılandı. 6 ay Moğol sarayında qalan Məhəmməd Rza bəy hədiyyələrlə geri qayıtdı. 1620-ci ildə isə Zeynal bəyin rəhbərliyi altında Moğol sarayına yeni nümayəndə heyəti göndərildi. Lakin bu elçiliklərin heç biri I Şah Abbasın əsas istəyini – Qəndəharı geri qaytarmaq arzusunu yerinə yetirə bilmədi.
Bütövlükdə, 1620-1621-ci illərdə I Şah Abbas Böyük Moğol sarayına qiymətli hədiyyələr və məktublarla daha 5 nümayəndə heyəti göndərmiş, hər dəfə də iki ölkə arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi istiqamətində qarşılıqlı anlaşmaların vacibliyini qeyd etməklə yanaşı, Qəndəharın geri qaytarılmasını vurğulamışdı. Lakin I Şah Abbasın bu tələbi Böyük Moğol hökmdarı tərəfindən etinasızlıqla qarşılanmışdı. Məhz buna görə də, I Şah Abbas Qəndəhar vilayətini hərbi yolla geri qaytarmaq qərarına gəlmişdi.
1621-ci ildə I Şah Abbas özünün xüsusi nümayəndəsi vasitəsilə Böyük Moğollardan Qəndəhar və Zəmindavar vilayətlərinin Səfəvilərə verilməsini tələb etdi. Bu istiqamətdə aparılan danışıqlar heç bir nəticə vermədikdə, I Şah Abbas 1622-ci ilin fevralında İsfahandan yola düşərək iki istiqamətdə Qəndəhara və Zəmindavara hücum hərbi yürüş təşkil etdi (5, s.705). Bu zaman cənubda – Dekanda hind feodalları ilə mübarizə aparan və Səfəvi dövləti tərəfdən təhlükəsizliyin təminatına arxayın olan Cahangir şah Qəndəharda çox az qüvvə saxlamışdı və belə bir əlverişli məqamdan I Şah Abbas istifadə etmək qərarına gəldi. Bir müddət mühasirədə saxlanılan Qəndəhar 1622-ci il iyunun 21-də Səfəvilər tərəfindən azad edildi və onun idarəçiliyi Gəncalı xana tapşırıldı (6, s.223). 1622-ci il iyunun 25-də isə Zəmindavar geri qaytarıldı (5, 564-573; 7, s.124).
Qəndəharın azad edilməsindən sonra da Səfəvi dövləti ilə Böyük Moğol imperiyası arasında münasibətlər dinc məcrada davam edirdi. Bunu I Şah Abbasın 1623-1625-ci illərdə Cahangir şaha göndərdiyi məktublar da sübut edir. Bu məktublarda Səfəvi şahı yenə də iki dövlət arasında dostluq münasibətlərinin davam etdirilməsindən və əlaqələrin kəsilməsinin yolverilməz olduğundan bəhs edilir (1, s.127). Təbii ki, Cahangir şah I Şah Abbasın hərbi uğurlarını və Səfəvi dövlətinin qüdrətini nəzərə almaya bilməzdi. Mövcud vəziyyətdə Qəndəhar uğrunda Səfəvi dövləti ilə hərbi qarşıdurma Böyük Moğol imperatoruna qələbə vəd etmirdi. Osmanlı imperiyası və Şeybanilərlə müharibələrdə I Şah Abbasın əldə etdiyi uğurlar bir daha göstərirdi ki, artıq Səfəvi dövləti öz əvvəlki qüdrətində bərpa edilmişdir və güclü mərkəzləşdirilmiş dövlət kimi öz sözünü deməyə qadirdir. Bundan başqa, Böyük Moğol imperiyasının özündə də mərkəzdənqaçma meyllərinin güclənməsi, xüsusilə də şahzadə Cahanın mütəmadi qiyamları imperiyanın daxilində də bir sıra problemlərin meydana çıxmasına səbəb olmuşdu.
Beləliklə, I Şah Abbasın hakimiyyəti illərində Səfəvi dövləti ilə Böyük Moğol imperiyası arasında siyasi-diplomatik münasibətlər inkişaf etmiş, qarşılıqlı elçilər mübadiləsi həyata keçirilmiş və bir-birinə etimad nümayiş etdirilmişdir. Yalnız Dekan və Qəndəhar məsələləri iki türk dövləti arasında müəyyən dövrlərdə münasibətlərin soyumasına səbəb olmuşdur ki, bu da bir tərəfdən Böyük Moğol imperiyasında mərkəzdənqaçma meyllərinin artması (Dekanda əmirlərin qiyamları) və I Şah Abbasın Səfəvi dövlətinin ərazi bütövlüyünü bərpa etməsi istiqamətində yeritdiyi siyasətlə bağlı idi. Son nəticədə, I Şah Abbas qarşısına qoyduğu məqsədə nail olur və Osmanlı imperiyasına, Şeybanilərə və portuqaliyalılara qarşı apardığı müharibələrin nəticəsində əldə etdiyi uğurlara bunu də əlavə edir – Qəndəharı azad edir.

Açar sözlər: xarici siyasət, diplomatiya, dövlət

Ədəbiyyat siyahısı
1. Фарзалиев А.,Мамедова Р.Сефевиды и Великие Моголы в мусульманской дипломатии. Санкт-Петербург: 2004
2. خانبابا بيانى. نظام ايران در دوره صفوى. تهران: ستاد بزرگ ارتشتاران، ۱۳۵۳
3. Riazul Islam. Indo Persian relations: A study of the political and diplomatic relations between the Mughul empire and Iran. Tehran: Iranian Culture Foundation, 1970.
4. Азимджанова С.А. Государство Бабура в Кабуле и Индии. М.,1977
5. ، تهران 1314 اسکندر بيگ ترکمان ، تاريخ علام ارای عباسی ، جلد 1-2
6. جبارى. قندهار و نقش آن در روابط پر فراز و نشيب ميان ايران و هندوستان، همايش صفويه
درگستره تاريخ ايران زمين (مجموعه مقالات). تبريز، دانشگاه تبريز، 1383
7. Рахмани А.А. ‘’Тарих-и алам арай-и Аббаси’’ как источник по истории Азербайджана, Баку, 1960

О взаимоотношениях Сефевидов с Великими Моголами в годы правления Шах Аббаса I


РЕЗЮМЕ
В настоящей статье исследуется взаимоотношения Сефевидского государства с Великими Моголами в годы управления в конце XVI – начале XVII в. На основе средневековых источников и произведений исследователей автор показывает основных направлений во взаимоотношениях между этими тюрксими государствами. В статье исследуется Кандагарский вопрос и решения этого вопроса со стороны Шах Аббаса I. В статье определяется роль Сефевидского государства в сохранении мира и стабильности между этими государствами.

Ключевое слово: внешняя политика, дипломатия, государство


Attitudes about Safavid’s country with
Great Mogol empire power in the provinces
of I Shah Abbas


SUMMARY
In the submitted article it is spoken about attitudes of Safavi empire and Great Mogol empire in the end of XVI century - at the beginning of XVII century. From the works of medieval sources and research works author wanted to show attitudes of these two turkish empires. In article is spoken about Qandahar issue and solution of these problem by Shah Abbas, the role of Safavi country needs to esteblish stability and peace between these two countries.

Key words: foreign policy, diplomacy, state