GİRİŞ
Şimali Atlantika İttifaqı mövcudluğunun başlanğıcından etibarən Sovet İttifaqına və sosialist düşərgəsinə qarşı yönəlmişdir. Əvvəlcə, 1949-cu ildə Şimali Atlantika Müqaviləsinə üzvlüyü ABŞ, Böyük Britaniya, Kanada, Fransa, İtaliya, Portuqaliya, Danimarka və b. imzaladılar. Türkiyə isə NATO-ya bir müddət sonra, 1952-ci ildə blokun “Birinci genişləndirilməsi” zamanı qoşuldu. Nəticədə NATO Aralıq və Qara dənizə birbaşa çıxışı olan, Bosfor və Dardanel boğazlarına nəzarət edən, SSR-nin cənub sərhədlərində yerləşən, böyük bir orduya malik, qüdrətli bir ölkə ilə müttəfiq oldu. Qeyd etmək lazımdır ki, NATO daha yaranma ərəfəsindəykən Türkiyənin diqqətini çəkmiş və bu təşkilata daxil olmaq üçün mühüm cəhdlər etmişdir. Bunun əsas səbəblərindən biri isə NATO təsis olunarkən imzalanan müqavilənin 5-ci maddəsi olmuşdur. Beləki, bu maddədə göstərilirdi ki, üzv dövlətlərə hər hansı bir hücum olarsa köməklik ediləcəkdir. [3]
SSR-in 1949-cu ildə ilk atom silahına sahib olması ilə Türkiyədə təhlükəsizlik məsələsi yenidən gündəmə gəlmiş, Türkiyə bir tərəfdən NATO üzvlüyü üçün cəhdlər edərkən, digər tərəfdən isə təhlükəsizliyi üçün müvafiq yollar axtarmağa başlamışdır. Türkiyə ilk öncə İtaliya vasitəsi ilə NATO-nun Aralıq dənizində qurulacaq olan köməkçi təşkilatına daxil olmağa, daha sonra isə 1939-cu il tarixli Türk - Fransız - İngilis İttifaqına ABŞ-ın da ortaq olması istiqamətində fəaliyyət göstərmişdir. Lakin, bütün bu cəhdlərə baxmayaraq, Türkiyə bir müddət sonra, 1952-ci il fevral ayının 19-da Yunanıstanla birlikdə NATO-ya üzv olmuşdur. Əslində, burada əsas vacib olan məqamlardan biri ABŞ-ın bu məsələdə Türkiyəni dəstəkləməsi idi. ABŞ üçün Türkiyənin üzvlüyünün əhəmiyyəti özünün təhlükəsizliyi və strategiyası baxımından bölgədə geosiyasi baxımdan mühüm rol oynayan bir ölkəni öz blokuna daxil etmək olmuşdur. [7; 12]
XXI əsrin əvvəllərindən etibarən Türkiyə - NATO - ABŞ münasibətlərində mühüm hadisələr baş vermişdir. Eyni zamanda, bu dövrdə Türkiyənin NATO-da həm hərbi, həm siyasi rolu və əhəmiyyəti daha da artmışdır.
Qeyd etmək lazımdır ki, bu dövrdəki hadisələrə 2001-ci ilin sentyabr ayının 11-də ABŞ-da baş verən terror aktı da böyük təsir göstərmişdir. Belə ki, bu terror hücumundan sonra ABŞ NATO-dan 5-ci maddənin həyata keçirilməsini istəmişdir. Bununla da bir və ya bir neçə üzvə qarşı hücumun hamıya qarşı edilmiş hücum olduğu təsdiq olunmuşdur. Dərhal sonra isə ABŞ repressiv Taliban rejimini devirən Əfqanıstanda terrorçuluğa qarşı - “Azadlığa Dəstək Əməliyyatı” na başlamışdır. [9; 10,14]
Əfqanıstana qarşı ABŞ əməliyyatı dövründə NATO-nun bu ölkədə “sülh və sabitliyin qorunması missiyası”a hazırlaşması onun hərbi ehtiyacını artırmışdır. Türkiyə isə əsgər sayının çoxluğu səbəbi ilə daha çox hərbi kömək gözlənilən üzv ölkələrdən biri olmuşdur. “Ucuz əsgər” məsələsi Türkiyənin NATO daxilində üstünlüyü sayılmışdır. Türkiyə mətbuatında əks olunan məlumatlara görə, bir ABŞ əsgərinin illik dəyəri 81.235 ABŞ dolları, Kanada əsgərinin 62.903 ABŞ dolları, Portuqaliya 7.692 ABŞ dolları, Türkiyə əsgərinin 3.148 ABŞ dolları olmuşdur. Türkiyədən bu gözləntilər olduğu bir zamanda isə ölkə tarixinin ən ağır iqtisadi böhranını yaşamışdır. Türkiyə əsgərini xaricə göndərmə məsələsində siyasi bir qərara gəlsə də, maddi çətinlik səbəbindən bunun icra edilməsi çətinləşmişdi. Bu səbəbdən, “USA Today” də dərc olunan bir məqalədə xərclərin ABŞ tərəfindən ödənilməklə, İngiltərə rəhbərliyi ilə 25.000 nəfərlik Türkiyə əsgərinin Əfqanıstana göndərilə biləcəyi qeyd olunmuşdur. Bir neçə ay sonra Türkiyə Əfqanıstanda “sülh və sabitliyin qorunması hərəkatı” na əsgərlərini göndərməyə başlamışdır. Lakin, yerləşdirilən əsgər sayı “USA Today” də qeyd olunandan daha az idi. Bundan əlavə, 1400 Türkiyə əsgəri İngiltərə rəhbərliyində deyil, artıq rəhbərliyi ingilislərdən geri alınmış ölkəyə göndərilmişdir. İstanbulun Maslak məhəlləsində yerləşən 3-cü Ordu Korpusu 2002-ci ilin iyun ayından 2003-cü ilin fevral ayına qədər Kabil Komandanlığını icra etmişdir. Dəqiq məlumatlar ictimaiyyətə açıqlanmasa da, bu hərbi əməliyyat üçün ABŞ-ın 228 milyon dollarlıq hərbi təchizat yardımı ayırdığı bildirilmişdir.
Əfqanıstandan sonra isə ABŞ-ın diqqətinin İraqa yönəlməsi, Transatlantik cəmiyyətdə böyük bir parçalanmaya səbəb olmuşdur. İttifaq daxilində parçalanma 2003-2009-cu illər arasında NATO-nun mexanizmini və təsirini zəiflətmişdir. [2; 113-114]
Eyni zamanda, ABŞ 2003-cü ilin yanvar ayının 15-də NATO-ya müraciətində əgər Türkiyəyə qarşı İraqın hücumu olarsa NATO-nun Türkiyəni qorumasını tələb etmişdir. ABŞ-ın bu müraciətləri NATO daxilində ətraflı şəkildə müzakirə olunmuş, lakin dərhal bir nəticəyə gəlinməmişdir. ABŞ-ın NATO-ya kömək üçün müraciət etməsindən bir ay keçdikdən sonra belə dəqiq qərar verilməmiş, bu məsələ NATO daxilində böhrana səbəb olmuşdur. Eyni zamanda, NATO-nun baş katibi G.Robertson ABŞ-ın tələblərinin Türkiyənin təhlükəsizliyi ilə bağlı irəli sürülən tələblə məhdudlaşdırmış və bir həftəlik “sükut dövrü” qərarını almışdır. Lakin, bir müddət sonra bu tələblə bağlı veto qərarı alınmışdır. Bu qərarının alınmasından sonra isə Fransa, Almaniya və Belçika ortaq açıqlamalarında bu qərarın Türkiyəyə deyil, lakin ABŞ-a qarşı olduğunu bildirmişdilər. Həmçinin, Türkiyəyə hər hansı bir hücum və ya təhdid olunarsa, NATO tərəfindən hər bir yardım ediləcəyi elan edilmişdir. NATO-nun 53 illik tarixində yaşadığı ən dərin böhran olaraq adlandırılan bu hadisədən sonra, Türkiyə NATO-nun təsis müqaviləsinin 4-cü maddəsini irəli sürərək özünün təhdid edildiyini bildirmiş və hərbi hazırlıq planlarına başlanmasını istəmişdir. ABŞ-ın təklifi ilə bu məsələ Fransanın daxil olmadığı NATO-nun hərbi quruluşuna aid olan Müdafiə Planlaşdırma Komitəsində baxılması gündəmə gətirilmişdir. Bu tələb uzun müzakirələrdən sonra nəhayət qəbul edilmişdir. Bu qərarda NATO-nun Türkiyəyə Patriot raketlərinə, kütləvi qırğın silahlarına və s. qarşı qoruma metodları verməsi öz əksini tapmışdır. Lakin, Türkiyə bu dövr ərzində ön planda olmamağa çalışmış və NATO daxilində baş verən bu müzakirələrin nəticələnməsini gözləmişdir. Eyni zamanda, bu böhran zamanı ABŞ-ı ön planda tutaraq Avropalı müttəfiqlərlə birbaşa qarşılaşmamağa çalışmışdır. NATO üzvlərindən Fransa, Almaniya və Belçikanın müxalifət olmasına baxmayaraq, sayca çox olan digər NATO üzvləri ABŞ-a dəstək olduğlarını açıq şəkildə bildirmişdilər. İraq müharibəsi dövründə Türkiyəyə kömək məsələsi ətrafında baş verən müzakirələr NATO daxilində ABŞ-Avropa qarşıdurmasını üzə çıxarmaqla bərabər, avropalı üzvlər arasında da bölünmə olduğunu göstərmişdir. [8; 42-43] 2010-cu ilin 19-20 noyabr tarixlərində NATO-nun Lissabon Zirvə Görüşündə qəbul edilən “Raketdən Müdafiə Sistemi”nin bir hissəsinin Türkiyəyə yerləşdirilməsi qərara alınmış və Türkiyə bu məsələyə dəstək vermişdir. Bu hadisə isə Türkiyə - ABŞ münasibətlərində yeni bir dövrün başlanmasının əsas səbəblərindən biri olmuşdur. Belə ki, bir tərəfdən Türkiyə və ABŞ bir-birlərini təhdid olaraq görərkən (xüsusilə, Suriya mövzusunda), digər tərəfdən iki ölkə münasibətlərində “Ortaqlıq Modeli”nin canlanması öz əksini tapmışdır. [1; 25] Lissabon Zirvə Görüşündə qəbul edilən qərara Türkiyə tərəfindən razılıq verilməsinə baxmayaraq, ölkə daxilində müəyyən narahatlığa da səbəb olmuşdur.
2012-ci il may ayının 22-də isə ABŞ-ın Çikaqo şəhərində NATO-nun ən böyük Zirvə Görüşlərindən biri başa çatmışdır. İkigünlük forumda alyansın üzvü olan 28 dövlətin və 13 tərəfdaş ölkənin birinci şəxsləri iştirak etmişdir. Zirvə Görüşünün əsas mövzularından biri isə Lissabon Zirvə Görüşündə qərara alınan raketdən müdafiə məsələsi olmuşdur. Bu Zirvə Görüşündə fəaliyyətə başlaması təsdiqlənən Raket Qalxanının Türkiyəyə qurulan hissəsi isə Malatyada (Kürəcikdə) radar sistemi (bazası) olmuşdur. [6; 14]
“Ərəb Baharı” isə dövrün ABŞ prezidenti B.Obamanın fəlsəfəsinə və “Ortaqlıq Modeli”nin məzmununa uyğun olaraq davam etmədi. Birincisi, Liviyada BMT Təhlükəsizlik Şurasının 1970 və 1973 saylı qərarlarının əksinə hərəkət edən İngiltərə, Fransa və İtaliyanın başlatdığı, daha sonra Xarici İşlər Naziri Klintonun ifadəsinə görə “geridən liderlik (leading from behind)” strategiyası ilə ABŞ-ın, NATO-nun, Türkiyənin iştirak etdiyi və beynəlxalq hüquqi cəhətdən qanuniliyi mübahisəli olan xarici hərbi əməliyyat həyata keçirilmişdir.
İkincisi isə Liviya əməliyyatı olmuşdur. Bu əməliyyatın sonrakı dövrlərdə “Ərəb Baharı”nın mövcud olduğu ölkələri də “zəhərləməsini” iddia edə bilərik. Həmçinin, Ədalət və İnkişaf Partiyası (AKP) höküməti (xüsusilə, dövrün Baş Naziri R.T.Ərdoğan) Liviyada istənilən xarici / NATO hərbi əməliyyatına qarşı olduğunu elan etməsinə baxmayaraq, əməliyyat başladıqdan dərhal sonra bu siyasətini dəyişərək logistik və siyasi dəstək vermişdir. Bu dövrdə R.T.Ərdoğan ilə B.Obamanın tez-tez telefon danışıqları edərək NATO-nun İzmir mərkəzini hərəkətə keçirməsinə, Türkiyə dəniz qüvvələrinin Liviyadakı türk və digər xarici işçilərin təxliyəsində iştirak etməsinə baxmayaraq, ancaq heç bir Türkiyə qüvvəsinin Liviyanın bombalanmasında iştirak etmədiyini qeyd etmək lazımdır. [1; 27-28]
XX əsrin ikinci onilliyinin sonlarına yaxın isə Türkiyə - NATO münasibətlərində müəyyən narahatlıq və fikir ayrılıqları öz əksini tapmışdır. Bunun əsas səbəbi isə 2017-ci ilin sentyabr ayında Türkiyə ilə Rusiya arasında S-400 raketlərinə dair müqavilə imzalanması olmuşdur. Nəticədə, Türkiyənin bu qərarı NATO müttəfiqləri ilə münasibətləri gərginləşdirmişdir. ABŞ isə Türkiyəni bu məsələni bir daha nəzərdən keçirməyə çağırmışdır. Eyni zamanda, ABŞ bildirmişdir ki, Ankara bu sövdələşmədən imtina etməsə Türkiyə Amerikanın istehsal etdiyi qabaqcıl F-35 hərbi təyyarə proqramından xaric ediləcək.
Qeyd edək ki, Türkiyənin S-400 raketlərini alması ilə bağlı ABŞ-ın narahatlığının praktiki və təhlükəsizlik tərəfləri var idi. Problem ondadır ki, Rusiyanın S-400 raket müdafiə sistemini NATO-nın regiondakı hava hücumundan müdafiə sisteminə uyğunlaşdırmaq asan deyil. Həmçinin, Rusiya həmin sistemlərin Türkiyədə qurulmasına kömək edərkən əldə edə biləcəyi məlumatlarda ABŞ-ı narahat edən məsələlərdən biri olmuşdur. ABŞ ehtiyat edirdi ki, Türkiyənin F-35 təyyarələrini də əhatə edən hava müdafiəsində Rusiyanın iştirakı NATO-nun hava hücumundan müdafiə sistemi barədə Moskvaya hər cür kəşfiyyat xarakterli məlumatların toplamasına imkan verə bilər. Bütün bunlara cavab olaraq, Türkiyə təkidlə bildirmişdir ki, Rusiya raketlərinin və F-35 təyyarələrinin bazaları coğrafi baxımdan bir-birindən təcrid olunacaqdır. Türkiyə Respublikasının bu mövqeyi Atlantik alyansdakı vəziyyətinə dair müəyyən suallar yaratmışdır. Lakin, Türkiyənin NATO-dakı mövqeyinə kölgə salan təkcə bu məsələ deyildi. Digər tərəfdən, Ankaranın getdikcə güclənən avtoritar üsul-idarəsi Türkiyə ilə Qərb dəyərlərini qoruyan NATO-nun bir çox üzvləri arasında digər növ qarşıdurma yaratmışdır. Suriyada aparıcı oyunçulardan biri olan Rusiya ilə Türkiyənin taktiki yaxınlaşması bütün bu vəziyyətə daha bir gərginlik xətti əlavə etmişdir. [4]
17 oktyabr 2019-cu il tarixində, “Barış Pınarı” əməliyyatının 8-ci günündə Ankarada Türkiyə prezidenti R.T.Ərdoğanın rəhbərlik etdiyi heyətlə ABŞ-ın vitse-prezidenti M.Pens və digər amerikalı rəsmilər arasında Suriyanın şimal-şərqindəki vəziyyətlə bağlı razılaşma əldə olunmuşdur. 4 saatdan çox davam edən görüşün sonunda açıqlanan 13 maddəlik razılaşmanın ilk 3 maddəsində NATO üzvü iki ölkə arasında münasibətlərin əhəmiyyəti və daha yaxın koordinasiyasının vacibliyi vurğulanmışdır.
Ekspertlər hesab edirlər ki, razılaşmada NATO müqaviləsinin 5-ci maddəsini təşkil edən “kollektiv müdafiə” anlayışına istinad edilməsi son dövrdə Türkiyə - NATO əlaqələriylə bağlı ortaya çıxmış suallara dolayısıyla da olsa cavab vermək məqsədi güdür.
2020-ci ildə Türkiyənin NATO-ya daxil olmasının 68-ci ili tamam olmuşdur. Türkiyənin NATO-ya üzvlüyünün ildönümü münasibətilə Anadolu xəbər agentliyinə açıqlama verən alyansın baş katibi Yens Stoltenberq “Türkiyə transatlantik ailənin 68 ildir çox əhəmiyyətli üzvüdür” deyə bildirib. Həmçinin, o, Türkiyənin NATO-nun Əfqanıstan, Kosova və İraq missiya və əməliyyatlarına ən çox töhfə verən üzvlərdən biri olduğuna diqqət çəkərək deyib: “Orta Şərqdəki sabitsizlik, zorakılıq və qarışıqlıqdan ən çox təsirlənən və terror hücumlarına məruz qalan müttəfiq ölkə Türkiyə olub. NATO üzvlüyünün ildönümündə Türkiyəyə alyansa olan qiymətli və davam edən dəstəyi üçün təşəkkür edirəm. Türkiyə NATO-nun güclü və əhəmiyyətli üzvü olmaqdadır”. [5]
NƏTİCƏ
Türkiyə 70 ilə yaxındır ki, NATO-ya üzv ölkədir. Bu müddət ərzində Türkiyənin NATO-nun kollektiv təhlükəsizlik sisteminə təsiri keyfiyyət və kəmiyyət baxımından müxtəlif olmuşdur. Xüsusilə, 21-ci əsrdən başlayaraq Türkiyənin NATO-da rolu daha da artmışdır. Həmçinin, Türkiyə iqtisadi cəhətdən güclənərkən NATO-ya maddi dəstəyi də artmışdır. Belə ki, 2012-ci ildə Türkiyə NATO büdcəsinə ən yüksək töhfə verən 10 üzvdən biri olmuşdur. NATO-ya maddi dəstəyinə görə, ABŞ istisna olmaqla üzvlər arasında Türkiyənin payı 15% idi.
2020-ci ilin sonunda isə Türkiyənin NATO üzvləri ilə münasibətlərində gərginlik yaranmışdır. Belə ki, Türkiyənin Rusiyadan S-400 almasına cavab olaraq, ABŞ Türkiyəyə qarşı sanksiyalar tətbiq etmişdir. NATO-nun baş katibi Y.Stoltenberq isə mövcud vəziyyətdən məyus olduğunu bildirmiş, eyni zamanda həm Türkiyəni, həm də ABŞ-ı bu məsələnin həll yollarını tapmaqlarını istəmişdir.
Açar sözlər: Türkiyə, NATO, ABŞ, Zirvə Görüşü münasibətlər.
ƏDƏBİYYAT SİYAHISI
1. Gözen R. Türkiye ve ABD: çıkarlar-değerler çatışmasında asimetrik ittifak. TYB Akademi, 2017, 9-34 s.
2. Güvenç S. NATO-nun evrimi ve Türkiyenin transatlantik güvenliğe katkıları. Uluslararası İlişkiler, 2015. Cilt 12, №45, 101-119 s.
3. https://ordu.az/az/news/135861/sevgi-ve-nifret--turkiye-nato-munasibetlerinde-abs-faktoru-–-herbi-ekspert-arasdirma
4. https://www.bbc.com/azeri/vert-fut-48681833
5. https://www.trt.net.tr/azerbaycan/turkiy/2020/02/17/turkiy-transatlantik-ail-nin-68-ildir-cox-h-miyy-tli-uzvu-olmusdur-y-stoltenberq-1361101
6. Kibaroğlu M. Türkiye-NATO ilişkileri. SETA, 2017-mart, №195, 24 s.
7. Molla A. NATO savunma poltikaları çerçevesinde Türk-Amerikan ilişkilerinin analizi. İstanbul, 2008, 268 s.
8. Molla A. Soğuk savaş sonrası Körfez krizleri ve Türkiye-ABD-NATO ilişkileri. Ankara, 2009. 29-45 s.
9. Təhlükəsizlik Naminə Birlikdə. NATO-nun təqdimatı, 2009 iyun, 36 s.
SUMMARY
Turkey – NATO relations in the XXI century and the role of the United States in this relations
The article examines Turkey-NATO relations in the 21st century and the role of the United States in these relations. Also, the difficulties that Turkey experienced when joining NATO, albeit briefly, are given in the introduction.
Turkey has been a member of NATO since 1952. During this time, he played a very important role in the union. Especially, Turkey has been a leading member of NATO operations in Afghanistan, Iraq and others. However, there have been recent tensions in Turkey’s relations with NATO members. All this is reflected in detail in the article.
Key words: Turkey, NATO, USA, summit, relations.
РЕЗЮМЕ
Отношения Турция - НАТО в XXI веке и роль США в этих отношениях
В статье исследуются отношения Турции и НАТО в XXI веке и влияние США в этих отношениях. Кроме того, во введении описаны трудности, с которыми Турция столкнулась при вступлении в НАТО, в кратке. Турция является членом НАТО с 1952 года. За это время он сыграл очень важную роль в союзе. В частности, Турция была одним из ведущих участников операций НАТО в Афганистане, Ираке и других странах. Однако в последнее время в отношениях Турции с членами НАТО наблюдалась напряженность. Все это подробно отражено в статье.
Ключевые слова: Турция, НАТО, США, саммит, отношения.