QARABAĞ ZƏFƏRİ HEYDƏR ƏLİYEV İRSİNİN TƏNTƏNƏSİDİR 

Post image

SEVDA ŞƏRİFOVA
Bakı Dövlət Universitetinin “Qafqaz Xalqları tarixi” kafedrasının
doktorantı

E-mail: [email protected]

Məqalə Heydər Əliyevin xatirəsi hörmətlə anılaraq yazılmışdır.

Bir çox əlamətdar və ağrılı-acılı hadisələrlə tarixə qovuşan 2020-ci ilin son aylarında Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan xalqı yerə-göyə sığmayan sevinc hissi və qururla Qarabag zəfərini qeyd etdi. Bu böyük qələbəyə aparan keşməkeşli yol 30 il sürdü. 30 il torpaqlarımızın Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü nəticəsində düşmən tapdağı altında qalması Azərbaycan xalqının ürəyində bir yara oldu. 30 il Qarabağ həsrətilə alışıb-yanan ürəklərin fəryadı, 30 il Qarabağa qayıdacağı ümidi ilə yaşayan gözü yaşlı insanların duaları, 30 il bu qələbənin gərçəkləşməsi uğrunda dövlət başçılarımızın apardıqları ədalətli siyasi mübarizə, diplomatik danışıqlar və gərgin ordu quruculuğu, nəhayət ki, bu gözəl Zəfər gününü gətirdi! Ümimmili lider Heydər Əliyev bu günün gələcəyini bilirdi və vaxtılə uzaqgörənliklə söylədikləri bu gün artlq Azərbaycanın reallığıdır: “Biz Qarabağ məsələsini həll edəcəyik. Vaxt lazımdır. Heç kim torpaqlarını Azərbaycandan ala bilməz. İşğal olunmuş torpaqlarımız mütləq geri qaytarılacaqdır. Nəyin bahasına olursa olsun”. (1) Ata vəsiyyətini yerinə yetirən Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanı azad etdi, Qarabağı işğaldan azad etdi. Bu həqiqətən də Azərbaycan tarixinə qızıl hərflərlərlə yazılan Böyük Zəfərdir!
1923 ildə Azərbaycanın tərkibində yaranan Dağlıq Qarabağ Muxtar vilayətinin qısa, lakin qanlı-qaralı tarixçəsi “xüsusi statusa” malik olmasından ibarətdir. Ümummilli lider Heydər Əliyevin 14 iyul 1969-cu ildə Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçilməsindən sonra sistemli və məqsədyönlü tədbirləri nəticəsində vəziyyət dəyişdi. 1970-1985-ci illərdə DQMV-də ümumi dəyəri 470 milyon manat olan əsas fondlar, 15 sənaye müəssisəsi və başqa istehsal sahələri ıstifadəyə verildi. (2,s.58). Məsələn, Ağdama qədər uzanmış dəmir yolunun qalan 11 km nədənsə çəkilmirdi. 1979-cu ildə “Ağdam–Xankəndi” dəmiryolu çəkildi və istifadəyə verildi. Nəticədə, Qarabağın dağlıq və aran hissələrinin, respublikanın digər rayonları ilə daha sıx təsərrüfat əlaqələri yaradıldı. 1973-cü ildə Xankəndidə Azərbaycan Pedaqoji İnstitutunun filialı əsasında Pedaqoji İnstitut açıldı, amma bir şərtlə ki, burada erməni və rus fakültələri ilə bərabər azərbaycan fakültəsi də fəaliyyət göstərsin. Bu tədbirlər, sözsüz ki, Heydər Əliyevin erməni separatçılarını açıq çıxışlardan çəkindirmək siyasəti və Azərbaycan xalqı qarşısında böyük tarixi xidmətləri idi, çünki Dağlıq Qarabağın Azərbaycana bağlılığını təmin etdi.
Daha bir fakt ondan ibarətdir ki, 1977 ildə SSRİ-nin yeni Konstitusiyası qəbul olunduqda Konstitusiya Komissiyası yarandı, onun sədri SSRİ Sov.İKP Mərkəzi Komitəsinin I katibi L.Brejnev, Heydər Əliyev isə üzvü idi. Vaxtaşırı bu komissiyanın keçirdikləri müzakirələri Mərkəzi Komitənin katibi, akademik Ponomaryov aparırdı. İclasların birində Heydər Əliyev komissiyaya Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın tərkibinə verilməsi barədə coxsaylı ərizələrin daxil olduğunu və onun etirazlarına baxmayaraq Ponomaryovun və başqalarının bu ərizələrin müzakirəyə qoyulmasının tərəfdarları olduğunu görür. Dərhal reaksiya verərək Heydər Əliyev L.Brejnevin qəbuluna gedir və öz etirazını bilavasitə ölkənin rəhbərinə bildirdikdən sonra bu məsələ komissiyanın müzakirəsindən çıxarılır. Belə hallar Heydər Əliyevin ilk dəfə Azərbaycanda rəhbər vəzifəyə seçildikdən sonra 14 il ərzində və dövlətçilik fəaliyyətinin Moskva dönəmində saysız-hesabsız dərəcədə təkrar olunmuşdur və qarşısı alınmışdır. Ümummilli lider Heydər Əliyev sonralar bu barədə demişdi: “Məni düzgün başa düşün, olan şeyi deyirəm. Mən o vaxt bunların qarşısını aldım. Amma, qarşısını almaq da çətin idi. İradəmlə və Azərbaycan xalqının milli mənafelərini canımla, qanımla müdafiə edərək qarşısını aldım”. (3)
Sovet rejiminin dağılması ərəfəsində ermənilərin separatizm meylləri geniş vüsət almışdır. Onlar
Qarabağ məsələsinin yenidən qaldırılmasına əvvəlcədən hazırlaşmış və bu hazırlıq işlərinin hədəfində Heydər Əliyev amili vardı, çünki erməni millətçiləri yaxşı bilirdilər ki, Heydər Əliyevin varlığı, onun sovet rəhbərliyində böyük nüfuza malik olması onların mənfur planlarını, həmişə olduğu kimi, darmadağın edəcək, ona görə də Ermənistandan və hətta Azərbaycanın özündən kütləvi şəkildə anonim məktular Moskvaya göndərilir, qəsdən Heydər Əliyevə qarşı şər-böhtan kompaniyası aparılırdı. Elə bu səbəbdən Heydər Əliyevin 1987 ildə istefa verməsindən cəmi 20 gün sonra akademik A.Aqanbeqyan “Yumanite” qəzetinə verdiyi müsahibəsində bildirdi ki, Dağlıq Qarabağ Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməlidir və bu məsələ M.Qorbacyovla razılaşdırılmışdır.
Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı ərəfəsində cəbhədə hərbi güc balansı artıq Ermənistanın xeyrinə idi, həmçinin informasiya mübarizəsində ermənilər üstün vəziyyəti ələ keçirmişdilər. Azərbaycanın paytaxtında hakimiyyət uğrunda şiddətli mübarizə gedirdi. Qarabağ hadisələrinin dalğasında A.Mütəllibov istefa verir, ardınca Şuşa və Laçının təslim olması bahasına cəbhədən geri çağırılan tank və könüllü dəstələrin köməyi ilə Elçibəyin rəhbərlik etdiyi Xalq Cəbhəsi hakimiyyətə gəlir. Respublikanın şimalında və cənubunda separatçılar baş qaldıraraq Azərbaycanı parçalayıb “suveren Ləzgistan” və “muxtar Talış-Muğan Respublikası” yaratmağa çalışırdılar. O vaxtki Azərbaycanın rəhbərliyi təcrid olunmuş vəziyyətdə fəaliyyət göztərirdi, çünki ölkəni diletant səviyyəsində idarə edərək MDB-nin əksər respublikaları, həmçinin yaxın qonşuları – Rusiya və İranla münasibətləri korlamışdılar. Azərbaycan xalqının sadiq oğlu Heydər Əliyev 1993-cü ilin iyun ayında xalqın çağırışı ilə Azərbaycanda hakimiyyətə qayıtdıqdan dərhal sonra vəziyyəti düzgün qiymətləndirərək müharibənin davam etdirilməsinin uğurlu nəticələr verməyəcəyi qənaətinə gəlir və ilk addım olaraq atəşkəs əldə edərək mənasız axıdılan qanın qarşısını alır. Bundan sonra Dağlıq Qarabağ reallığıını dünyaya çatdırmaq, dünyanın aparıcı siyasi liderlərini danışıqlar prosesinə cəlb etmək, beynəlxalq ictimai rəydə dönüş yaratmaq və ilk mərhələdə informasiya müharibəsini qazanmaq uğrunda uzun və gərgin siyasi mübarizə yolu başlanır.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin danışıqlar yolu ilə nizama salınması Ulu Öndər Heydər Əliyevin 1993-cü ildən başlayaraq xarici siyasət fəaliyyətində başlıca yer tutmuşdur. Dahi Öndər Heydər Əliyevin münaqişənin aradan qaldırılmasına nail olmaq üçün ən yüksək səviyyədə ATƏT-in Zirvə toplantılarında, Minsk Qrupunun həmsədrləri ilə aparılan müzakirələrdə, beynəlxalq forumlarda, həmçinin dünyada siyasi gücə malik olan dövlət başçıları və nümayəndə heyətləri ilə ikitərəfli, eləcə də, çoxtərəfli görüşlərdə bu münaqişənin mahiyyətiyinə, reallığına dünya birliyinin diqqətini cəlb enməyə bacarmışdı. Böyük Öndər Heydər Əliyev bütün gərüşlərində və çıxışlarında, siyasi fəaliyyətində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə çalışırdı. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın düşdüyü ağır vəziyyət, yerlərindən-yuvalarında qovulan bir millyona yaxın insanların ağır şəraitdə çadırlarda yaşadıqları və öz evlərinə qayıtmaq arzusunda olduqları haqqında dünya ictimaiyyətinə ətraflı məlumat verən milli liderimiz özünün qətiyyətli və prinsipial mövqeyini hər bir görüşdə, hər bir çıxışında dünya ictimaiyyətinə tarixi faktlarla əsaslandıraraq çatdırırdı.
Rusiyanın ciddi dəstəyi ilə hərbi əməliyyatlar aparan ermənilərin maksimum məqsədi Dağlıq Qarabağ ətrafında təhlükəsiz bufer zonası yaratmaq idi. Bundan əlavə, ermənilərin daha ciddi niyyətlərindən biri də Yevlaxı ələ keçirmək, Murovdan enərək Gəncəyə girmək və bu hissəni Bakıdan ayırmaq idi. Çox təhlükəli bir vəziyyət yaranmışdı. Bu məqamda Rusiya vasitəçilik təklifini irəli sürdü və Azərbaycan Rusiyanın təklif etdiyi atəşkəsə razılıq verdi. Atəşkəs sənədinin Bişkekdə imzalanmasını təklif edildi. Rusiyanın Minsk Qrupundakı həmsədri Vladimir Kazimirov Bakıya gəlir, görüş zamanı Heydər Əliyevin təkidli tələbi ilə atəşkəs haqqında sənəddən qondarma “DQR” sözü çıxarılır və sənədə “erməni və azərbaycanlı icmaları” ifadəsi daxil edilir. V.Kazimirov dərhal bu tələblə razılaşır və hətta Azərbaycan tərəfinin düzəliş etdiyi sənədin hüquqi qüvvəsinin olduğuna dair imza da atır. Budan sonra sənəd 3 nüsxədə - erməni, rus və azərbaycan dillərində hazırlanır. Beləliklə, Birinci Qarabağ müharibəsində atəşkəsi nəzərdə tutan sənəd olan Bişkek protokolu 1994-cü ilin mayın 12-də imzalanır. Sənədə Ermənistan və Azərbaycanın parlament sədrləri, həmçinin Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının rəhbərləri imza atıb. Azərbaycan tərəfi sənədə iki əlavə ilə imza atmışdı. Bişkek protokolunun 5-ci abzasında “tutulmuş ərazilər” sözü “işğal olunmuş ərazilər”lə əvəzlənmiş və atəşkəsdən sonra cəbhə xəttində yerləşdiriləcək müşahidəçilərin”beynəlxalq müşahidəçilər missiyası” olması Azərbaycan tərəfinin təklifi ilə qeyd edilmişdi.(4) Tarixi faktlar və sənədlər sübut edir ki, atəşkəsə nail olunduqdan sonra 1995-1996-cı ilin sonlarına qədər Ermənistanın öz işğalçı siyasətindən əl çəkmək istəməməsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsinin həlli məqsədi ilə Qərb və ATƏT-in, həmçinin Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqlar prosesində kon­kret nəticənin alınmasında ən böyük və yeganə maneə olmuşdur.
Danışıqlar prosesində Heydər Əliyevi ən çox düşündürən məsələ bu olmuşdur ki, Qərb dünyasının aparıcı dövlətləri və beynəlxalq təşkilatlar Ermənistanı təcəvüzkar dövlət saymır. Döğrüdür, Azərbaycanla daima həmrəy olan qardaş Türkiyə Respublikası hər bir zaman və hər yerdə Ermənistanın təcəvüzkar siyəsəti haqqında bəyan edirdi. Bundan savayı İslam Konfransı Təşkilatı Azərbaycan Respublikasına siyasi dəstəyini göstərərək Ermənistanın Azərbaycan torpaqlarına təcavüz etməsi haqqında qətnamə qəbul etmişdir. Lakin Qərb dünyası ölkələrində vəziyyət başqa idi. Baxmayaraq ki, Ermənistanın təcavüzünə məruz qalan ölkə Azərbaycandır, Qərbin aparıcı ölkələrinin, əfsuslar olsunki, ən çox Fransanın, parlamentlərində Ermənistana doğma münasibət göstərilir, hətta ermənilərin ortaya atdıqları qondarma “soyqırımı” məsələsinə baxılıb qəbul edilməsinə də səylər göstərilirdi. Bu siyasətin hələ də davam etdirilməsinin bariz nümunəsi kimi 4 dekabr 2020-ci il tarixində Fransa Milli Assambleyasının reallıqla heç bir əlaqəsi olmayan “Erməni xalqının və Avropa və Şərqin xristian icmalarının qorunması” adlı qətnaməsinin qəbul edilməsini göstərmək olar. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin artıq həll olunmasına baxmayaraq, Fransada ermənipərəst qüvvələr hələ də bu münaqişənin dinlərarası və sivilizasiyalarası toqquşma kimi qələmə vermək cəhdlərini davam etdirirlər və Azərbaycanın müxtəlif etnik mənsubiyyətə və dini etiqadlara malik olan əhalisinin sülh içində yaşadığı çox millətli və çox konfessiyalı dövlət olması reallığını görməzdən gəlirlər.
XX əsrin 90-cı illərində isə reallıq bundan ibarət idi ki, əslində Ermənistan-Azərbaycan müharibəsi gedirdi və Ermənistan Respublikası suveren Azərbaycan Respublikasının ərazisinə təcavüz etmişdi. Qarabağ münaqişəsi ilə bağlı BMT-nin Təhlükəsizlik Şürasının dörd qətnaməsi qəbul edilmişdir (822, 853, 874 və 884). Hamısı Qarabağda gərgin hərbi əməliyyatların aparıldığı bir dövrdə - 30 aprel-12 noyabr 1993-cü il tarixlərində qəbul edilmişdi. Bu qətnamələrin dördündə də yazılıb ki, işğalçı ordu işğal olunmuş Azərbaycan torpaqlarından çıxmalıdır, lakin heç birində “Ermənistan” və ya “Ermənistan silahlı qüvvələri” sözləri yoxdur.(5,s.145) Müdrik və uzaqgörən dövlət başçısı olan Heydər Əliyev münaqişənin başlıq mətninə xüsusi diqqət yetirir­di. Məhz Heydər Əliyevin tövsiyyəsi ilə münaqişə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi adlandırılmağa başlanmışdır, çünki əks halda qarşıdurmanın iki ölkə arasında deyil, Dağlıq Qarabağla Azərbaycan arasında baş verməsi təəsuratı yaranırdı.
1992-ci ildə ATƏT (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) çərcivəsinda Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin həllində vasitəçilik edəcək 12 dövlətdən ibarət Minsk qrupu yaradıldı və Birləşmiş Millətlər Təşkilatı bu məsələni ATƏT-in himayəsinə verdi.
5-6 dekabr 1994-cü ildə keçirilən Budapeşt sammiti Heydər Əliyevin iştirakı ilə ilk sammit idi. Bu sammitdə Minsk prosesi çərçivəsində həmsədrlik institutu təsis olundu. Ona əvvəl Finlandiya ilə Rusiya, sonra isə 1995-97-ci illər ərzində İsveç ilə Rusiya başçılıq ediblər. Beləliklə, Rusiyanın “fərdi sülhyaratma” istəyinin qarşısı alındı. Budapeşt sammitində “Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi” adlı qətnamə qəbul edildi. Bu qərarda ATƏT-in sülhməramlı qüvvələrinin yaranması və saziş əldə olunarsa, Dağlıq Qarabağ bölgəsinə ATƏT-in sülhməramlı qüvvələrinin daxil olması nəzərdə tutulmuşdur. Beləliklə, ATƏT-in növbəti, Lissabonda keçiriləcək dövlət başçılarının dördüncü Zirvə görüşü ərəfəsində yeganə nailiyyət Azərbaycan və Ermənistan arasında 1994-cü ildə razılaşdırılan atəşkəsin qorunması oldu. Buna baxmayaraq, Heydər Əliyev 1996-cı il noyabrın 30-da Binə hava limanında jurnalistlərə verdi­yi bəyanatında Lissabon zirvə görüşünə böyük əhəmiyyət verdiyini və Budapeştdən Lissabona qədər keçən dövrü də müsbət qiymətləndirdiyini bildirmişdir. (6)
Qafqaz regionu, xüsusilə Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yüksək səviyyədə ilk dəfə geniş müzakirə olunacağı ATƏT-in Lissabon sammiti 1996-cı il dekabrın 2-3-də 52 Avropa dövləti, ABŞ, Kanada və 10 Asiya-Afrika dövləti başçılarının müşahidəçi statusunda iştirakı ilə keçirilmişdir. Buna qədər vəziyyət tamamilə Ermənistanın xeyrinə idi. Lakin Lissabon sammitində Heydər Əliyev öz veto hüququndan istifadə edərək, adi silahların məhdudlaşdırılması ilə bağlı ATƏT-in bütün yekun sənədlərinə, həmçinin Avropada təhlükəsizlik konsepsiyasına aid olan sənədlərə veto qoydu (7, s.162). Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin həllinin əsas prinsipləri Lissabon sammitində məhşur veto qarşıdurmasında milli liderimiz Heydər Əliyevin qalib çıxmasının nəticəsində qəbul edilmişdir. Ermənistan sammitdə təklənmiş, təcrid olunmuş, pat vəziyyətində qalır. Heydər Əliyevin mövqeyini 53 dünya dövləti dəstəkləyir. Bununla öz parlaq diplomatiya məharətini bütün dünyaya nümayiş edən böyük liderimiz Heydər Əliyev ABŞ nümayəndə heyətinə başçılıq edən vitse-prezident Albert Qorun təklifi ilə bu prinsiplərin ATƏT-in fəaliyyətdə olan sədrinin ayrıca bəyanatında səsləndirilməsinə nail olur. Həmin prinsiplər aşağıdakılardı:
- Azərbaycan və Ermənistanın ərazi bütövlüyünün tanınması
- Azərbaycanın tərkibində Dağlıq Qarabağa ən yüksək özünüidarə statusunun verilməsi
- Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin təmin edilməsi
Ümummilli lider Heydər Əliyev Lissabon görüşünün tarixi əhəmiyyətini dəyərləndirərək bu üç prinsipin səsləndirilməsi uğrunda aparılan gərgin mübarizəyə görə qiymətləndirmişdir: “Lissabon Zirvə görüşünün Azərbaycan üçün böyük əhəmiyyəti bir də ondan ibarətdir ki, biz həmin toplantıda Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyətini açıb həm Zirvə görüşünün iştirakçılarına, həm də bütün dünya ictimaiyyətinə bildirdik”. (8,c.9)
Rəsmi materiallarda qeyd edilir ki, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1996-cı il 2 dekabr Lissabon Zirvə görüşündə səsləndirilən nitqində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, erməni təcavüzü barədə ümumi məlumat verib. Heydər Əliyev çıxışında Ermənistan tərəfinin bu münaqişədə məqsədini təcavüzün nəticələrini qanuniləşdirmək və Azərbaycan ərazisində ikinci erməni dövləti yaratmaq niyyəti kimi qiymətləndirib, bütün bunlara yol verilməyəcəyini iştirakçı dövlətlərin başçılarına elan edib. (9,c.3) Lissabon sammiti­nin materiallarını nəzərdən keçirdikdə aydın olur ki, Azərbaycan xalqının lideri Heydər Əliyevin Azərbaycanın gələcəyi uğrunda bütün dünya dövlətləri qarşısında nümayiş etdirdiyi diplomatik istedad, cəsarət və müdriklik, əminəm ki, bu parlaq şəxsiyyətə hər bir insanda rəğbət və qürur hissi yaradır. Bəli, bir həqiqət danılmazdır - biz Qarabağ zəfərinə vaxtilə Ümummilli lider Heydər Əliyevin gərgin əməyi və siyasi mübarizəsi nəticəsində nail olmuşuq.
Biz, azərbaycanlılar xoşbəxt millətik, çünki Uca Tanrı Heydər Əliyev kimi dahi şəxsiyyəti Azərbaycan xalqına bəxş etmişdir. Heydər Əliyevin öz xalqına qoyub getdiyi zəngin və tükənməz irsindən hələ neçə-neçə yeni nəsillər bəhrələnəcək, yaşayıb-yaradacaq. Heydər Əliyevin irsi – həm Qarabağ zəfərinin bünövrəsi, həm də gələcək nəsillərin xoşbəxt və firavan həyatının zəminidir.
ATƏT-in Lissabon Zirvə görüşündən sonra Rusiya ilə yanaşı, ABŞ və Fransa nümayəndələri də Minsk Qrupunun həmsədrləri təyin olun­du. Beləliklə, Heydər Əliyev ərazilərində millətlərarası qarşıdurma yaranan heç bir dövlət başçısının bacarmadığını bacardı - danışıqlar prosesinə dünyanın aparıcı siyasi gücə malik olan dövlətlərin liderlərinin cəlb olunmasına nail oldu. Azərbaycan xalqının sədaqətli oğlu Heydər Əliyevin siyasi mübarizəsi nəticəsində Lissabon sammitinin sənədlərində ilk dəfə yazıldı ki, Azərbaycanın və Ermənistanın ərazi bütövlüyü tanınsın, Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək dərəcəli özünüidarəetmə statusu verilsin və Dağlıq Qarabağın əhalisinin - həm erməni, həm də azərbaycanlı əhalisinin təhlükəsizliyi təmin edilsin. Bu, öncə Ermənistanla Azərbaycan arasında gedən informasiya müharibəsində kəskin dönüş, daha sonra, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi reallığının dünya ictimaiyyəti tərəfindən yekdilliklə qəbul edilməsi kimi qiymətləndirilməlidir.
1997-ci ilin iyun ayından başlayaraq ATƏT-in Minsk Qrupunun həmsədrləri məhz Lissabon prinsiplərinə əsaslanaraq iki hissədən ibarət təkliflərlə çıxış etmişlər - Dağlıq Qarabağın ətrafında yerləşən 7 işğal olunmuş rayonun azad edilməsi və Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsinə dair. Onların təqdim etdikləri ilk təklif münaqişənin “paket” həllini nəzərdə tuturdu, yəni Dağlıq Qarabağın statusunun müəyyən edilməsi bütün məsələlərə baxılması ilə eyni vaxtda baş verməli idi. İkinci təklif isə münaqişənin “mərhələli həll” təklifi idi. O zamanlar Azərbaycan Prezidenti olan Heydər Əliyev həmin planlarla tam razı olmasa da, sülh prosesinin ölü nöqtədən çıxarılması məqsədilə həmsədrlərin hər iki təklifini qəbul etmişdi. Ermənistan Prezidenti Levon Ter-Petrosyan isə ikinci təkliflə razılaşdı. Sonralar Heydər Əliyev bu barədə demişdir: “Biz bunu qəbul etdik. Ədalət naminə deməliyəm ki, Ermənistanın o zamankı Prezidenti Levon Ter-Petrosyan buna müsbət reaksiya göstərdi. Oktyabr ayında Strasburqda olduğumuz zaman da rəsmi olaraq bu təklifi prinsipcə qəbul etdiyimizə dair ortaq bir bəyanat verdik”. (10)
Lakin Ermənistanda Levon Ter-Petrosyana qarşı müxalifət meydana çıxdı və o,1998-ci ilin fevral ayında istefa verdi. Bundan bir qədər sonra Robert Koçaryan prezident seçildi. 1998-ci il noyabrın 9-da həmsədrlər həm beynəlxalq hüquq normalarına, həmçinin, Azərbaycanın dövlət maraqlarına zidd “ümumi dövlət” təklifini irəli sürdülər. Buna cavab olaraq ulu öndərimiz qətiyyətlə bu təklifi müzakirə etməkdən belə imtina edərək ATƏT-in Minsk Qrupunun fəaliyyətini kəskin tənqid etmişdir, çünki bu təklifin qəbul ediləcəyi təqdirdə Azərbaycanın ərazisində iki dövlətin yaranması və Azərbaycanın Dağlıq Qarabağa bütün hüquqlarının itirilməsi planlaşdırılmışdır. Heydər Əliyev çıxışlarının birində bu barədə demişdir: “Onların nümayəndəsi buraya bir neçə dəfə gəldi, amma dedim ki, bunu qəbul edə bilmərik. Sonra Amerika Konqresində danışmağa başladılar ki, niyə Azərbaycan Minsk Qrupunun təkliflərini qəbul etmir, Ermənistan qəbul edir? Ermənistan Minsk Qrupunun təklifini qəbul etmədikdə nədənsə bir nəfər də qalxıb demədi: Ermənistan niyə bunu etmir? Azərbaycan yalnız bir dəfə təklifi qəbul etmədikdə, bizim başımıza nələr gəlmədi”. (10)
Belə bir vəziyyətə Milli liderimiz çox böyük əzm, cəsarət və diplomatik məharətlə ona təzyiq göstərməyə çalışan Minsk Qrupunun planlarının həyata keçməsinə izn vermənişdir: “Minsk Qrupu həmsədrlərinin təmsilçiləri uzun sürən fasilədən sonra, görünür, danışıqlar prosesini yenidən canlandırmaq istəyi ilə 1997-ci il noyabrın 9-da Azərbaycan tərəfini çox məyus edən və danışıqların davam etdirilməsinə imkan yaratmayan sayca üçüncü təklifi irəli sürmüşlər. Bu təklif dünya praktikasında mövcud olmayan “ümumi dövlət” ideyasına əsaslanırdı və ATƏT-in iki sammitinin təsdiq etdiyi qərarlardan və prinsiplərdən irəli gələn əvvəlki mövqedən geri çəkilməkdən başqa bir şey deyildi. Bu təkliflər əslində Dağlıq Qarabağı respublika formasında dövlət ərazi qurumu kimi ayırır və ona uydurma “ümumi dövlət” çərçivəsində Azərbaycan ilə bərabər status verirdi. Həm də bu “ümumi dövlət”in Azərbaycanın beynəlxalq aləmdə tanınmış sərhədləri çərçivəsində yaradılmalı olduğuna istinad edilməsi Azərbaycanın suverenliyi və ərazi bütövlüyü üçün təminat yaratmır, əslində bunları pozur”.(11) Bununla ümummilli liderimiz Heydər Əliyev bir daha yüksək siyasi iradəyə malik olan dahi dövlət xadimi olduğunu sübut etmiş və Azərbaycan Respublikasının dövlət mənafeyinə zidd heç bir planın baş tutmayacaqını böyük cəsarətlə bütün dünyaya bəyan etmişdir.
1999-cu il ərzində Amerika Birləşmiş Ştatlarının rəhbərliyi, prezident Klinton, dövlət katibi xanım Olbraytın xahişi ilə Heydər Əliyev bir neçə dəfə Robert Koçaryanla görüşüb danışıqlar aparmış, hətta bu danışıqlar prosesində mövqelərin xeyli yaxınlaşması da baş tutmuşdur, lakin həmin ildə Ermənistan parlamentində baş verən terror hadisəsindən sonra Ermənistan əldə edilmiş razılaşmalardan yenə də imtina etmişdir.
Beləliklə, Cənubi Qafqazda ən “uzunömürlü” münaqişə olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında danışıqlar prosesinin Ermənistan tərəfindən dəfələrlə pozulması Qafqaz regionun, Avropanın və bütün dünyanın təhlükəsizliyinin təmin edilməsində başlıca maneə olmuşdur. “Ümumi dövlət” prinsipinin ortaya atılması, sözsüz ki, öz məqsədləri uğrundə hətta terrorçuluq əməllərindən belə çəkinməyən Ermənistan millətçi dairələrinin maraqlarına tam cavab verirdi və münaqişənin nizamasalma prosesinə maneçilik törətməklə yanaşı tərəflərin arasında olan ziddiyyətləri daha da dərinləşdirdi. Nəticədə, danışıqlar prosesində bir durğunluq yarandı və münaqişənin nizama salınması istiqamətində müsbət irəliləyiş əldə etmək mümkün olmadı. Danışıqlar prosesinin uğursuzluğu nəticəsində yaranmış belə bir şəraitdə Heydər Əliyev dünya dövlətləri ilə sıx əməkdaşlıq və inteqrasiya proseslərinə qoşulmaq imkanlarından geniş istifadə edərək bütövlükdə Qafqaz regionun geosiyasi vəziyyətində ciddi dəyişiklik etmək uğrunda mübarizəyə başladı.
Dahi rəhbər Heydər Əliyevin dünya siyasətində ən mühüm uğurlarından biri də o olmuşdur ki, bütün maneələrə baxmayaraq, Cənubi Qafqazda qlobal iqtisadi layihələrin təməlini qoyub uğurla həyata keçirdərək böyük dövlətləri ermənipərəst mövqelərindən uzaqlaşdırıb regionda iqtisadi maraqlar müstəvisinə cəlb etməyi məharətlə bacarmışdır. Bunun bariz sübutu 20 sentyabr 1994-cü ildə Heydər Əliyevin müdrik dövlətçilik fəaliyyəti nəticəsinda bağlanan Əsrin kontraktının 2017-ci ildə daha 50 il müddətinə uzadılması, nəinki təkcə Azərbaycanın, həm də bütövlükdə Orta Asiyanın təbii sərvətlərinin daşınmasında mühüm nəqliyyat dəhlizi olan tarixi Böyük İpək Yolunun bərpası strategiyası, bir-birinin ardınca həyata keçirilən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft-qaz layihələrinin təməlinin qoyulması ilə yaradılmış iqtisadi amilin Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin həllində getdikcə daha önəmli rol oynamağa başlamasıdır. Eyni zamanda Azərbaycan Respublikasının TASİS və TRASEKA proqramları çərçivəsində Avropa İqtisadi Komissiyası ilə sıx əməkdaşlıq yaradılmışdı. Bunun nəticəsində 1995-1998-ci illərdə Avropa-Asiya istiqamətində tranzit yüklərin daşınmasında respublikamızın nəqliyyat kommunikasiyasından istifadə edilmiş və onun yükdaşıma dövriyyəsi 10 dəfə artmışdı. (12,s.244) Gürcüstan da bu proseslərə qatıldı. Həyata keçirilən layihə çərçivəsində Gürcüstanla Azərbaycan sərhədində yerləşən”Qırmızı körpü” yenidən qurulmuş, TRASEKA yolu üzərində olan qəzalı körpülər bərpa edilmişdi. 1993-cü ildən əsası qoyulan TRASEKA proqramı çərçivəsində Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin keçdiyi ölkələrdə Avropa İttifaqının ayırdığı vəsait hesabına onlarca layihələr reallaşdırılmıdır.(12,s.249) Lakin Ermənistan bu layihələrdən təcrid olunmuş vəziyyətdə qaldı və bununla da özünün Cənubi Qafqazda siyasi, sosial-iqtisadi inkişafa və ümumiyyətlə Qafqazda müasir dövrdə yaşayan xalqların mədəniyyətlərarası dialoqunun qurulmasında maneə olan bir dövlət olduğunu sübut etdi. 1996-cı ilin fevralında Azərbaycana rəsmi səfərə gələn Gürcüstanın Prezidenti Ediard Şevardnadze Bakı Dövlət Universitetinin professor-müəllim heyəti qarşısında çıxış edərkən Azərbaycan Prezidenti Heydər Əliyevin Qafqazda sülhvə əmin-amanlığın bərqərar olunmasında xüsusi rolunu qeyd etdi: “Prezident Heydər Əliyev Qafqazda sülh təşəbbüsünü dəstəkləyən ilk dövlət başçısıdır”. (13,s.87)
Beləliklə, Azərbaycan xalqının ümummilli lideri özünün zəngin dövlətçilik təcrübəsinə əsaslanaraq 2003-cü ilədək davam edən gərgin siyasi fəaliyyəti nəticəsində Azərbaycan-Ermənistan Dağlıq Qarabağ probleminin tənzimlənməsi üçün beynəlxalq və milli hüquqi baza yaratdı, və ən əsası, Azərbaycana əbədi tarixi zəfər qazandıran ordumuzun quruculuğu ilə bağlı islahatlar unudul­maz Heydər Əliyevin adı ilə bağlıdır. Ordu quruculuğunun ən müxtəlif sahələri ilə bağlı zəruri qanunların qəbul edilməsi nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırılmış, ordunun maddi-texniki təminatı, maliyyə-təsərrüfat fəaliyyəti nizama salınmış, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı və döyüş ruhu yüksəldilmişdir. (14)
Ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri ona minnətdar olan xalqın tarixində və hafizəsində əbədiyyən yaşayacaq. Parlaq istedada, nəcib insani keyfiyyətlərə malik böyük siyasi və dövlət xadimi kimi Heydər Əliyevin əziz xatirəsi xalqımızın dilində canlı bir əfsanədir. Zəngin dövlətçilik təcrübasinə malik olan Heydər Əliyevin Azərbaycanda 35 illik hakimiyyəti dövründə Azərbaycan və ümumilikdə, Qafqaz xalqlarının xoşbəxt və firavan yaşamaları uğrunda həyata keçirtdiyi tarixi xidmətlər əvəzedilməzdir. Dünya siyasətində tanınmış, parlaq siyasi lider olan Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda qüdrətli Silahlı Qüvvələrin yaradılması, cəbhədə atəşkəsin əldə edilməsi, iqtisadiyyatın canlandırılması və Qafqazın qeosiyasi xəritəsini dəyişən qlobal iqtisadi proyektlərin reallaşması kimi möhtəşəm işləri müasir Azərbaycan tarixinin ən şanlı və qürurverici səhifələridir.
2003-cü ildə ulu öndərin bütün ömrü boyu fədakarlıqla xidmət etdiyi idarəçilik məktəbinin ideyalarını, yolunu davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müasir inkişaf dövrü başlayır və bizim ölkəmiz artıq iqtisadiyyatın, təhsilin, mədəniyətin sürətlə inkişaf etdiyi bir ölkəyə çevrilir. Böyük öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə ümidlər bəsləyirəm”.(15,s.456)
Azərbaycan tarixində əbədi rəhbər kimi qalan Heydər Əliyevin ən böyük arzusu tarixi torpaqlarımızın işğaldan azad edilməsi və doğma Azərbaycanın ərazi bütövlüyünün bərpası idi. Bütün azərbaycan millətinin atası olan Heydər Əliyevin vəsiyyətini onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə igid Azərbaycan ordusu yerinə yetirdi – 44 günlük Qarabağ müharibəsində düşməni torpaqlarımızdan qovdu və üçrəngli bayrağımız yenə də doğma yurdumuzda, Qarabağın döyünən ürəyi - Şuşada qürurla dalğalandırıldı.
Ümummilli lider Heydər Əliyevin təyin edib həyata keçirtdiyi müdrik, uzaqgörən və çevik daxili və xarici siyasətini özünün siyasi kursu elan etmiş İlham Əliyevin mərdi-mərdanə və böyük cəsarətlə məqsədyönlü addımlar ataraq qondarma Dağlıq Qarabağ probleminin ədalətli həllininə nail oldu -. Ali Baş Komandanın əmri ilə Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş və Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağı silah gücünə azad etdi. Beləliklə, Azərbaycan xalqının təbii və müqəddəs hüququ təmin edilərək, Qafqaz xalqları tarixində böyük dönüş nöqtəsi olan tarixi hadisə - Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və dövlət sərhədlərinin bərpa olunması baş verdi.
Dəmir yumruqla başı əzilən düşmən 10 noyabr 2020-ci il tarixində “Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş Naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı”nı - faktiki olaraq kapitulyasiya aktını imzalamağa məcbur edildi və ərazi bütövlüyümüz təmin edildi. (16) Beləliklə, Ali Baş Komandana inanan və güvənən cəsur Azərbaycan əsgərləri canları bahasına 30 illik işğala son verdi.
44 günlük İkinci Qarabağ Müharibəsində Böyük Qələbə münasibətilə Bakıda 10 dekabr 2020-ci il tarixində keçirilən möhtəşəm Zəfər Paradı ümummilli lider Heydər Əliyev siyasi irsinin layiqli varisi, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin təntənəsi oldu.

Açar sözlər: Ermənistan-Azərbaycan münaqişəsi, atəşkəs, sülhə cağıran Lider, veto qarşıdurması, Minsk qrupu, Böyük Qələbə.

Ədəbiyyat siyahısı


1. Xalqımızın ümummilli lideri Heydər Əliyevin şərəfli ömür yolu gələcək nəsillər üçün örnəkdir. https://azertag.az/xeber/Xalqimizin_umummilli_lideri_Heyder_Aliyevin_serefli_omur_yolu_gelecek_nesiller_uchun_ornekdir-1664821
2. Q.Çaxmaqlı. Qarabağ işğaldan əvvəl və... sonra, 788 s. Bakı, 2009
3. Milli Məclisin 23 fevral tarixli iclasında Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin nitqi. “Bakı fəhləsi” qəzeti, 24 fevral 2001-ci il.
4. Бишкекский протокол. http://www.hrono.info/dokum/199_dok/19940505bish.php
5. Aрмяно-Aзербайджанский Нагорно-Карабахский конфликт. Президентская библиотека. http://files.preslib.az/projects/azerbaijan/rus/gl7.pdf
6. 1994-1996-cı illərdə Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin həll olunması istiqamətində atılan addımlar və ATƏT üzvü olan ölkələrin dövlət və hökümət başçılarının Lissabon Zirvə görüşü (2-9 dekabr 1996-cı il). https://lib.aliyevheritage.org/az/5718479.html
7. İ.Hüseynova. Heydər Əliyev və Qafqazda sülh prosesi, 670 s, Bakı, 2008
8. İ.Hüseynova. Təcavüzkar Ermənistan dövləti layiqli cəzasını almaqdadır isğal olunmuş torpaqlarımız rəşadətli ordumuz tərəfindən azad edilir. Xalq qəzeti, 24 oktyabr 2020-ci il,12 s.
9. ATƏT-in Lissabon sammiti (2-4 dekabr 1996-cı il). http://anl.az/el/emb/QARABAQ/beynelxalq-senedler/atet(lissabon-sammiti).pdf
10. Из беседы Президента Азербайджанской Республики Гейдара Алиева с группой писателей и поэтов Азербайджана. Президентский дворец, 10 ноября 1999 года. https://lib.aliyev-heritage.org/ru/4106418.html
11. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Amerika Birləşmiş Ştatların Prezidenti zati-aliləri cəbab Uilyam C.Klintona – Bakı şəhəri, 8 fevral 1999-cu il. https://lib.aliyevheritage.org/az/4100780.html
12. İ.Hüseynova. Müstəqil Azərbaycan dövlətinin qurucusu. 472 s.,Bakı, 2004
13. İ.Hüseynova. Tarix.Zaman.Düşüncələr, I cild, 511 s., Bakı, 2016
14. Ulu öndər Heydər Əliyev müasir Azərbaycan ordusunun qurucusudur. https://azertag.az/xeber/Ulu_onder_Heyder_Aliyev_muasir_Azerbaycan_ordusunun_qurucusudur-212785
15. Газ.“Xalq qəzeti” от 4 октября 2003 г.,И.Гусейнова. Гейдар Алиев – от политического руководителя к общенациональному лидера. 512 с., «Тахсил», 2005.
16. “Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş Naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı” 10 noyabr 2020-ci il, https://president.az/articles/45924

СЕВДА ШАРИФОВА
Докторант кафедры «Истории народов Кавказа» Бакинского государственного университета

Карабахская победа – торжество наследия Гейдара Алиева

Резюме
В статье анализируется напряженная политическая борьба незабываемого Великого Лидера Азербайджанской Республики с богатым опытом государственной деятельности Гейдара Алиева на 30-летнем сложнейшем пути, ведущем к Великой Победе 10 ноября 2020 года, изучается суть его беспрецедентных заслуг по восстановлению суверенных прав азербайджанского народа над древней азербайджанской землей Нагорного Карабаха. В то же время автор на основе исторических фактов излагает в хронологическом порядке важнейшие моменты осуществляемой с большим дипломатическим мастерством целенаправленной и продуманной политической борьбы Общенационального лидера Гейдара Алиева за урегулирование Армяно-Азербайджанского Нагорно-Карабахского конфликта. Согласно выводам автора, Карабахская победа, как наиболее важное историческое событие на территории современного Кавказа, оценивается как торжество своевременной напряженной работы и успешной политической борьбы, завещанного народу Азербайджана богатейшего и неисчерпаемого кладезя наследия Гейдара Алиева. Продолжая идеи и путь школы государственного управления Гейдара Алиева, Президент Азербайджанской Республики, Победоносный Верховный Главнокомандующий Ильхам Алиев одержал Великую победу в 44-дневной Второй Карабахской войне и положил конец 30-летней оккупации Азербайджанских земель.

Ключевые слова: Армяно-Азербайджанский конфликт, перемирие, призывающий к миру Лидер, Минская группа, противостояние вето, Великая Победа.

Doctoral student at the Department of History of the Peoples of the Caucasus

Baku State University
Karabakh Victory - Triumph of Heydar Aliyev’s Legacy

Summary
The article analyzes the tense political struggle of the unforgettable Great Leader of the Republic of Azerbaijan with the rich experience of state activities of Heydar Aliyev on the 30-year most difficult path leading to the Great Victory on November 10, 2020, the essence of his unprecedented merits in restoring the sovereign rights of the Azerbaijani people over the ancient Azerbaijani land of Nagorno-Karabakh is being studied. At the same time, the author, on the basis of historical facts, sets out in chronological order the most important moments of the purposeful and thoughtful political struggle of the National Leader Heydar Aliyev, carried out with great diplomatic skill, for the settlement of the Armenian-Azerbaijani Nagorno-Karabakh conflict. According to the author’s conclusions, the Karabakh victory, as the most important historical event on the territory of the modern Caucasus, is assessed as a triumph of timely hard work and successful political struggle, bequeathed to the people of Azerbaijan by the richest and inexhaustible treasure of Heydar Aliyev’s legacy. Continuing the ideas and path of the Heydar Aliyev School of Public Administration, the President of the Republic of Azerbaijan, the Victorious Supreme Commander-in-Chief Ilham Aliyev won the Great Victory in the 44-day Second Karabakh War and put an end to the 30-year occupation of the Azerbaijani lands.

Key words: Armenian-Azerbaijani conflict, ceasefire, Leader calling for peace, veto confrontation, Minsk Group, Great Victory.