İLHAM ƏLİYEV DİPLOMATİYASININ UĞURU - QARABAĞ QƏLƏBƏSİNƏ QISA NƏZƏR

Post image

Arzu XƏLİLZADƏ
Bakı Dövlət Universiteti. Tarix üzrə fəlsəfə doktoru, dosent

Email: [email protected]

Bildiyimiz kimi, dünya ölkələrinin tarixində bir çox müharibələr, işğallar, geri dönüşlər və qələbələr baş vermişdir. 2020-ci il 10 noyabr tarixi Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazıldı. Belə ki, 44 gün davam edən müharibə çərçivəsində Azərbaycan Ordusu Ermənistanın bütün 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək düşməni ağır bir məğlubiyyətə uğratdı.

27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması ilə başlayan hərbi əməliyyatlar Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatına başlaması barədə qərar verilməsinə gətirib çıxarmışdır. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir [18].
Ermənistanın 30 il ərzində yaratdığı ordu Azərbaycan əsgərinin qarşısında sadəcə 44 gün tab gətirə bildi və beləliklə, dünya ictimaiyyətində Ermənistan ordusu haqda elə Ermənistanın özü tərəfindən yaranan yenilməzlik mifi yoxa çıxdı. Azərbaycan Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə bir yumruq kimi birləşərək haqq mübarizəsinin qalibinə çevrildi. Azərbaycan ordusu dünya hərb tarixinə yeni döyüş strategiyası və ən müasir hərbi texnikanın tətbiq edilməsi ilə, bununla yanaşı minimum itki verərək, çox qısa müddətdə düşmənin bütün silah-sursatını, hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Döyüşlərin başlandığı 27 sentyabrdan oktyabrın 6-na kimi az müddətdə Ermənistan tərəfinin məlumatlarına əsasən döyüşlərdə 1120 hərbçi həlak olmuşdur [16]. Dünya üzrə müharibələrin aparılması doktrinasında Azərbaycanın bu döyüş taktikası öz xüsusi yerini tutacaqdır.
Hərbi əməliyyatın elə ilk günlərindən Türkiyə və Şimali Kipr Türk Respublikası, Əfqanıstan, Ukrayna, Pakistan, Azərbaycana dəstək olduqlarını bildirərək Azərbaycanın bu haqlı savaşında Azərbaycanın yanında olduqlarını hər vəchlə bildirmişlər. Bu kontekstdə qardaş Türkiyə Cümhuriyyətinin xüsusi rolunun olduğunu vurğulamaq yerinə düşərdi, Türkiyənin Müdafiə naziri Hulusi Akarın bu muharibədə həmişə Azərbaycanın tərəfində olduğu bildirərək Ermənistanın mövqeyinin Qafqazda sülh və sabitliyin ən böyük əngəli olduğunu vurğulaması, Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çəliyin Ermənistanın Azərbaycana qarşı hücumlarını sərt şəkildə qınaması, Türkiyə Cümhuriyyətinin Prezidentinin sözçüsü İbrahim Kalının Türkiyənin bu hücumlara qarşı Azərbaycanın yanında olduğunu bildirməsi qardaş Türkiyənin Azərbaycana olan sevgisinin və mənəvi dəstəyinin bariz nümunəsidir.
“Erməni xalqını onları fəlakətə aparan hökumətlərinə və onları bir oyuncaq kimi oynadan­lara qarşı çıxmağa, gələcəklərinə sahib çıxmağa dəvət edirəm. Bütün dünyanı işğala və zülmə qarşı verdikləri mübarizədə Azərbaycanın yanında olmağa çağırıram. 30 ilə yaxındır ki, məsələyə etinasız yanaşan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri həll üçün fəaliyyətdən, təəssüf ki, çox uzaqdır. Ermənistan bölgədə sülh və sabitliyin önündəki ən böyük təhdid olduğunu növbəti dəfə göstərib. Türk milləti hər zaman olduğu kimi bu gün də bütün imkanları ilə azərbaycanlı qardaşlarımızın yanındadır”, deyən Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan öz çıxışlarında dəfələrlə bu iki dövlət arasında olan səmimi münasibətin əsl qardaşlıq təməlləri üzərində qurulduğunu bir daha dünyaya sübut etmişdir [13].
Müharibə davam edən ərəfədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun və digər dövlət nümayəndələrinin Azərbaycana dəfələrlə səfər etməsi bizə olan mənəvi dəstəyin əsl təcəssümü idi.
Müharibə ilə əlaqədar 29 sentyabr tarixində BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağdakı vəziyyətlə əlaqədar təcili iclası da baş tutdu. Vaxti ilə BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmasını nəzərdə tutan qətnamələrinin heç birinə əməl etməyən Ermənistan dövləti beynəlxalq hüquqa, beynəlxalq münasibətlərə nə dərəcədə hörmətsiz yanaşdığını bütün bu 30 il boyu sübut etmişdi.
Sülh danışıqlarını, atəşkəsi dəfələrlə poz­an
Ermənistan tərəfi bu qanunsuz əməlləri ilə yetinməmiş, təxribatçı xarakter daşıyan hərəkətləri ilə Azərbaycan mühitində ciddi ölçüdə narahatlığa səbəb olmuşdur. 2018-ci ildə Ermənistan inqilabı nəticəsində hakimiyyətə gəlmiş Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” kimi populist çıxışlar etməsi və Azərbaycanın işğal olunmuş ərazilərinə ardıcıl qanunsuz səfərləri danışıqlar prosesinə zərbə vurmuşdur [5]. “Qarabağ Azərbaycandır və nida işarəsi” deyərək Azərbaycan xalqını bu müqəddəs amal, bu uca əqidə ətrafında birləşdirən prezidentimiz, Cənab Ali Baş Komandanımız İlham Əliyev Ermənistan baş nazirinin bu sərsəm iddiasına həm hərb meydanında Ermənistan ordusunu darmadağın etməklə, həm də siyasi diplomatik yollarla cavab vermiş və əsl qalibin kim olduğunu bütün dünyaya sübut etmişdir. Prezident İlham Əliyev qəti siyasi iradəsini nümayiş etdirdi, bütün təzyiqlərə mərdi- mərdanə şəkildə sinə gərərək onları dəf etmiş, öz prinsipial mövqeyindən dönmədən dünyanın aparıcı media qurumlarına verdiyi 30-a yaxın müsahibə ilə dünya informasiya məkanında ölkəmizə qarşı olan hücumları darmadağın etmişdir.
Ermənistanın təxribatçı əməllərinin davamı qismində, 2019-cu ilin mart ayında Ermənistanın müdafiə naziri David Tonoyanın ABŞ-da rəsmi səfərdə olarkən, “yeni torpaqlar üçün yeni müharibə” çağırışı etməsi Ermənistanın əslində başqa niyyətinin olduğunu bir daha sübut edirdi [15]. Tonoyanın bəyənatı təmas xəttində bir sıra hərbi təxribatlarla müşaiyət olundu. Ermənistan Silahlı Qüvvələrinin bölmələri 2020-ci ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində əlverişli mövqeləri ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərsə də, bu mənfur niyyətinə müvəffəq ola bilmədi. Birbaşa hərbi təxribatlarla yanaşı, Ermənistan tərəfindən beynəlxalq hüquqi prinsiplərə zidd olaraq Azərbaycan Respublikasının işğal altındakı ərazilərinə çox sayda YPG, PKK terrorçularının o cümlədən, minlərlə Livan ermənilərinin köçürülməsi münaqişəni daha da alovlandırdı. Yeri gəlmişkən qeyd edək ki, münaqişədən əvvəl İraq və Suriyadan bir çox YPG və PKK üzvünün Azərbaycana qarşı erməni milisləri yetişdirmək üçün Dağlıq Qarabağa köçürüldüyü haqqında iddialar irəli sürülmüşdür. 30 sentyabrda isə 300-ə yaxın PKK döyüşçüsünün İran vasitəsilə Dağlıq Qarabağa köçürüldüyü bildirilmişdir [17]. 28 sentyabrda Azərbaycan Silahlı Qüvvələrindən verilən məlumata görə, erməni itkiləri arasında Suriyadan və Yaxın Şərqin müxtəlif ölkələrindən olan erməni mənşəli muzdluların olması faktı nəzərdən qaçmamışdır.
Cənab Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev müharibənin başlanmasının elə ilk günündə Təhlükəsizlik Şurasının iclasını keçirmiş və bu fikirləri səsləndirmişdir: “Bildiyiniz kimi, bu gün səhər tezdən Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti hərbi təxribat törətmişdir. Bu təxribat nəticəsində itkilərimiz var, həm mülki əhali, həm də hərbçilər arasında. Mən Ermənistana xəbərdarlıq etmişdim. Tovuz hadisələrindən sonra bir neçə dəfə xəbərdarlıq etmişdim ki, əgər onlar öz çirkin əməllərindən əl çəkməsələr peşman olacaqlar. Biz onlara 2016-cı ildə, 2018-ci ildə, bu ilin iyul ayında dərs verdik. Amma görünür ki, bu, onlar üçün dərs olmadı. Bu dəfə də dərs veririk və verəcəyik. Azərbaycan Ordusu bu hərbi təxribata cavab olaraq, hazırda əks-hücum əməliyyatı keçirir. Deyə bilərəm ki, əməliyyat uğurla keçirilir. Eyni zamanda, ordumuza könüllü yazılanların sayı on minlərlə insanı əhatə edir. Bu, xalqımızın öz dövlətinə sadiqliyini göstərir. Onu deyə bilərəm ki, uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmənin canlı qüvvəsinə və hərbi texnikasına böyük ziyan vurulmuşdur. Əks-hücum nəticəsində Azərbaycanın işğal altında olan bir neçə yaşayış məntəqəsi işğalçılardan azad edilib. Bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edirəm! Dağlıq Qarabağ bizim əzəli tarixi torpağımızdır. Güclü Azərbaycan Ordusu güclü siyasi iradəyə əsaslanır. Mən Azərbaycan xalqına bu məlumatı verməklə bir daha demək istəyirəm ki, biz haqq yolundayıq, biz özümüzü müdafiə edirik. Biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və işğal edilmiş torpaqlarımızı işğalçılardan azad edəcəyik [6]”
Bəli, müharibənin elə ilk günündən xalq-iqtidar birliyinin nə dərəcədə böyük və səmimi olması öz əksini tapdı. Milyonlar öz liderinin arxasında dağ kimi dayanaraq onu qalibiyyətin ən yüksək zirvəsinə qaldırdılar. Hər kəsin dilində şüara çevrilən “Qarabağ Azərbaycandır” ifadəsi bir növ şanlı qələbəmizin simvoluna çevrildi. Xalqa verdiyi bütün vədləri əksiksiz yerinə yetirən Ulu Öndər davamçısı bir daha dünyaya səriştəli lider, savadlı diplomat, iradəli sərkərdə olduğunu sübüt etdi və tarixə öz adını Azərbaycan torpaqlarını bərpa edən lider olaraq yazdırdı. Dövlət başçısının, Ermənistanın uzun illər ərzində təcavüzü və işğalı nəinki bütün infrastrukturun dağılmasına gətirib çıxarıb, Xocalı soyqırımından başqa, onlar mədəni soyqırım da törədiblər fikri dünyaya erməni vandalizminin tanıdılmasında böyük əhəmiyyətə malikdir.
Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyi­nin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşü zamanı sentyabrın 30-da Prezident və xanımı bir daha sübut etdi ki, Azərbaycan dövləti öz əsgərinin arxasındadır. Onu qoruyur, onun sağlamığı və şərəfi hərşeydən üstündür. Qeyd edək ki, müharibə müddətində Ermənistan dövləti tərəfindən öz əsgərləri inanılmaz işgəncələrə məruz qalmışdır. Belə ki, əsgərlərin hərbi maşınlara zəncirlənməsi, hətta, ölümlə üz-üzə qaldıqda belə qaçmalarının əngəllənməsi üçün vandal tədbirlər görülmüşdür. Müzəffər Azərbaycan ordusu ilə müharibədə döyüşməyin yalnız ölüm gətirəcəyini bilən erməni ordusunda fərarilik hallarının baş alıb getməsi əbəs yerdən deyildi. Hərbçilərlə görüş zamanı, Prezident bildirmişdir: “Mən demişdim ki, əgər bizə qarşı törədilmiş hərbi təxribatlar təkrarlanarsa, Ermənistan peşman olacaq və sözümün üstündə dururam. Bu gün döyüş meydanında əldə olunmuş üstünlük bir daha onu göstərir ki, Azərbaycan əsgəri, Azərbaycan zabiti öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirir. Ermənistan işğalçılıq siyasətinə son qoymalıdır. Bunun əvəzinə Ermənistanın baş naziri bizə qarşı şərtlər qoyur. Mən bir müddət bundan əvvəl demişdim ki, biz bu şərtləri rədd edirik. Bizim bir şərtimiz var, torpaqlarımızdan qeyd-şərtsiz, tam və dərhal çıxıb rədd olmalıdırlar. Mən demişdim ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq [2].”
44 gün davam edən müharibə ərzində demək olar ki, hər gün xalqa müraciət edən, xalqın öz dilində danışan Ali Baş Komandan belə demək mümkünsə, Azərbaycan xalqının ürəyindəki bütün sözləri dilə gətirirdi, el dili ilə desək ürəyimizdən tikan çıxarırdı. Sözləri dillər əzbəri olan Prezidentimiz xalqla nə qədər sadə, səmimi danışsa da, ondan bu müddət ərzində 30 a qədər müsahibə götürən xarici və çox zaman da qərəzli media nümayəndələrinin qarşısında bir o qədər diplomatik, savadlı, təmkinli, analitik düşüncə qabiliyyəti ilə bir çoxlarını susduran bir lider kimi də yaddaşlarda qaldı. İntellektual səviyyəsi, dil bilgiləri, gələn hər jurnalistlə öz dilində danışması, tutarlı arqumentləri, mükəmməl tarixi bilikləri, beynəlxalq münasibətlər və beynəlxalq hüquq sahəsindəki savadı dillərə dastan oldu. Hətta, Azərbaycanı bəyənməyən və hər zaman çıxışlarında xalqımıza qarşı qərəzli iddialar irəli sürən bəzi şəxslər də bu fenomenal istedadın, esl aristokrat diplomatın qarşısında susdular və onun mütləq üstünlüyünü qəbul etmək məcburiyyətində qaldılar. Ot öz kökü üstündə bitər deyib atalarımız. Bizim Prezidentimizin kökü Ulu Öndər köküdür. Ümummilli lider köküdür. Bu gün Azərbaycan xalqının İlhamına çevrilən Prezidentimiz Heydər Əliyev məktəbi keçmişdir. Zamanında öz siyasi, diplomatik, vətənpərvər fəaliyyəti ilə bütün SSRİ-ni lərzəyə gətirən Ulu Öndər Heydər Əliyevə həsəd aparanlar indi onun şah əsəri, ləyaqətli davamçısı, Azərbaycan xalqının xilaskar oğlu, böyük sərkərdə İlham Əliyevə həsəd aparırlar. Dəyişən yeganə şey isə İlham Əliyevə həsəd aparanların daha geniş arealı əhatə etməsidir.
Ali Baş Komandanın 4 oktyabr tarixində xalqa etdiyi müraciəti zamanı səsləndirdiyi bu fikirlər də xalqın ürəyindən xəbər verirdi: “Qondarma “Dağlıq Qarabağ Respublikası”nın parlamentinin Şuşaya köçürülməsi nə deməkdir? Yenə də Azərbaycan xalqını təhqir etmək cəhdidir. Cəbrayıla Ermənistandan yeni yolun çəkilməsi nə deməkdir? O deməkdir ki, orada qanunsuz məskunlaşma aparılacaq. Artıq Livandan, başqa yerlərdən erməniləri gətirirlər, köçürürlər bizim qədim şəhərimizə, Şuşada yerləşdirirlər, televiziyada göstərirlər, beynəlxalq konvensiyaları pozurlar, Cenevrə Konvensiyasını tapdalayırlar. Bunlara söz deyən var? Tapşırıq vermişəm bütün bizim xarici diplomatik orqanlara məsələ qaldırın, BMT-də, ATƏT-də, Avropa İttifaqında, başqa təşkilatlara, deyin ki, bu, qanunsuzdur! Qanunsuz məskunlaşma cinayətdir! [7].
Bəli, Ali Baş Komandanın əmri və Müzəffər azərbaycan Ordusunun əzmi ilə qələbə Azərbaycanın oldu. Davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl [8], 17 oktyabrda Füzuli [9], 20 oktyabrda Zəngilan [1] 25 oktyabrda Qubadli [4] və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir [12]. Moskvada imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir [10].
Bəli, Azərbaycan uzun illər beynəlxalq ictimaiyyəti ədalətli olmağa, BMT Təhlükəsizlik Şurasının, digər beynəlxalq təşkilatların qərar və qətnamələrinin icrasına çağırış etsə də, ölkəmizin haqq səsi qulaq ardına vuruldu. Bunun əksinə olaraq ATƏT-in Minsk qrupunun həmsədrləri “münaqişənin hərbi həlli yoxdur” kimi bəyanatlar verirdi, amma Azərbaycan Ordusu 44 gündə yeni reallıqlar yaratdı”. Noyabrın 10-da Azərbaycan, Rusiya Prezidentlərinin və Ermənistan baş nazirinin imzaladığı birgə bəyanat məzmun, mahiyyət, nəticə etibarilə işğalçı Ermənistanın məğlubiyyəti, Azərbaycanın siyasi qələbəsidir. Bu bir mənalı olaraq belədir. Bu sənəd sentyabrın 27-dən Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində yaranmış reallığa uyğun hazırlanıb və Ermənistanın kapitulyasiya aktıdır”. Bu tarixi sənəd ədalətin, haqqın, Azərbaycanın ərazi bütövlüyünün təminatının təsdiqi olmaqla yanaşı, qələbəmizin beynəlxalq hüquq çərçivəsində dəstəklənməsidir. Təbii ki, bu uğurlarımızda Azərbaycanın 30 ilə yaxın müddətdə bütün təzyiqlərə baxmayaraq Dağlıq Qarabağ münaqişəsinin həllində dəyişməz mövqeyinin, müstəqil siyasətinin rolu böyükdür. Qətiyyətli siyasi iradə nümayiş etdirən dövlətimizin başçısı İlham Əliyev öz prinsipial mövqeyindən dönmədi. 44 gündə xarici mətbuata 30-a yaxın müsahibələrinin hər birində münaqişənin əsl mahiyyətini, dünyanın ikili standartlar əsasında yanaşmasının yaratdığı problemləri, Ermənistanın işğalçılıq və faşist siyasətini faktlar əsasında bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı” [14].
10 noyabr bəyanatına əsasən 20 noyabrda Ağdam, 25 noyabrda Kəlbəcər, 1 dekabrda isə Laçın öz doğma soydaşlarına qovuşdu. Qarabağ azddır! Qarabağ Azərbaycandır!
Hal-hazırda Ermənistanda demoqrafik böhran daha da dərinləşib, minlərlə erməni gəncinin işğal edilmiş ərazilərdə ölməsi, şikəst olması, xaricə miqrasiya axınının daha da artması qarşıdakı illərdə Ermənistanda əhalinin təbii artımını kəskin aşağı salacaq, ölkə insan resurslarını bərpa etmək üçün qeyri-müəyyən müddətə qədər gözləməli olacaq: “Hərbi fias­kodan sonra Ermənistanda yüksək çinli məmurların varidatını tələsik ölkədən çıxarması, xarici ölkələrə qaçması, yaxud buna hazırlaşması barədə məlumatlar artıb. Həmçinin, Ermənistan iqtisadiyyatı tam çöküb, ölkənin xarici borcu artıb, əhalinin sosial təminatı sahəsində fəlakətli durum yaranıb. Erməni diasporası tərəfindən göndərilən vəsaitlərin və yardımın mənimsənilməsi, əhaliyə və orduya çatmaması da geniş şəkildə müzakirə olunur. Bir sözlə, 44 günlük müharibə Ermənistan dövlətinin əsaslarını sarsıtdı. Paşinyan Müdafiə Nazirliyinin yüksək rütbəli vəzifəli şəxslərinin və qondarma rejimin Prezidenti Araik Harutyunyanın məsləhəti ilə razılaşmanı imzaladığını desə də, müxalifət nümayəndələri onların adlarını hallandırmır, birbaşa Paşinyanı məsul tuturlar. Bu isə onu göstərir ki, müxalifətin dərdi Qarabağ deyil hakimiyyətə gəlməkdir. Hazırda da erməni müxalifəti Qarabağdakı məğlubiyyətdən istifadə edərək hakimiyyətə gəlməyin yollarını axtarır və Paşinyanı linç etməyin planlarını qurur, ictimai-siyasi rəyi buna hazırlayır. Lakin Avropa dövlətləri, beynəlxalq təşkilatlar müxalifətin linç kampaniyasına səssiz qalır, demokratiya və insan haqlarının qorunmasından bəhs etmir. Son vaxtlara qədər Paşinyan hökumətinə dəstək verən dövlətlər, beynəlxalq təşkilatlar hələ də səssizliyini qoruyur” [11].
Qarabağ münaqişə ilə bağlı formalaşmış bir sıra illüziya və stereotiplərə son qoyuldu. Eyni zamanda, bir sıra həqiqətlər praktiki baxımdan da təsdiqini tapdı. Birincisi, bu münaqişənin “dondurulmuş” halda olması ilə bağlı iddiaların nə qədər əsassız olduğu, eyni zamanda, təhlükəli mahiyyəti üzə çıxdı. İkincisi, “münaqişənin sülh yolu ilə həllinin alternativi yoxdur” kimi “hökm”lərin universal xarakter daşımadığı, əksər hallarda isə beynəlxalq hüququn norma və prinsipləri ilə ziddiyyət təşkil etməsi faktı təsdiqini tapmış oldu. Eyni zamanda, bütün dünya bir daha şahidlik etdi ki, müasir dünyada güc amili həlledici rola və statusa malikdir. Münaqişənin həll istiqamətində real heç bir addım atılmırdı həmin mövqe hələ də yoxdur. Nəticəsi isə bəllidir. Bu münaqişənin həlli missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupunun üç həmsədr dövlətindən hansı biri 30 il ərzində torpaqlarının işğal altında qalması faktına dözərdi? Yəqin ki, heç biri. Buna baxmayaraq, onlar 30 ildir ki, yorulmadan həm “münaqişə ilə bağlı status-kvo vəziyyəti qəbuledilməzdir” deyirlər, həm də eyni müvəffəqiyyətlə “müharibənin hərbi həlli yoxdur” psevdopasifist tezisi beynəlxalq ictimai fikrə sırımaqla məşğuldurlar. Nəticədə işğalçı Ermənistanda arxayınçılıq sindromu formalaşır və cəzasızlıq rejiminin hökm sürdüyü bir reallıqda yeni cinayətlər, yaxud təxribatlar törətməyə şirniklənmiş olur.
Bu prosesdə ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri olan Fransa və onun siyasi rəhbərliyi izafi “fəal”lıq nümayiş etdirir. Bəlkə də Fransa sözügedən qurumun üzvü olmasaydı və ermənipərəst mövqeyini milli səviyyədə ifadə etsəydi, bu, haradasa başa düşülən olardı. Məsələ ondadır ki, Fransa münaqişənin həllində vasitəçilik missiyasını daşıyan ATƏT-in Minsk qrupunun həmsədri statusunda olan üç dövlətdən biridir. Beynəlxalq hüquqa görə, münaqişələrin tənzimlənməsində vasitəçi olan tərəf və ya tərəflər, ilk növbədə, qərəzsiz, tərəfsiz, obyektiv və neytral mövqedə olmalıdır. Reallıqda isə Fransa dövləti öz prezidentinin timsalında beynəlxalq hüquqda vasitəçilər üçün müəyyən edilmiş norma və prinsiplərə nəinki məhəl qoymur, əslində, onları ayaqlar altına atıb tapdalayır. Azərbaycan Silahlı Qüvvələrinin Dağlıq Qarabağ ərazilərini geri qaytarmasına imkan verməyəcəklərini bəyan edir. Belə həmsədri olan ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasının iflasa uğraması təəccüb doğurmamalıdır. Elə bu səbəbdən də Azərbaycan ictimaiyyəti haqlı olaraq Fransa dövlətinin münaqişənin tənzimlənməsi prosesində ATƏT-in Minsk qrupunda həmsədr kimi qalmasına heç bir mənəvi və hüquqi haqqının qalmadığını bildirir [3].
Azərbaycanın bu şanlı qələbəsini gözügötürməyən dairələr hər vəchlə qələbəmizə kölgə salmağa çalışırlar. Bu qələbə Azərbaycan ordusunun və Azərbaycan diplomatiyasının qələbəsidir. Hər iki cəbhədə Azərbaycan qələbə çaldı. Ali baş Komandanın təbirincə desək, qalib gəlmiş ölkə Azərbaycan, məğlub ölkə isə Ermənistandır. Qarabağ Bizimdir! Qarabağ Azərbaycandır!

Açar sözlər: Azərbaycan, Türkiyə, Ermənistan, II Qarabağ müharibəsi, silahlı qüvvələr, BMT, ATƏT, dünya dövlətləri

Ədəbİyyat siyahısı


1. Ali Baş Komandan: “Zəngilan şəhəri və bir neçə kənd işğaldan azad edildi”: [Elektron resurs] / URL: https. www. lent.az (azərb.). 20 oktyabr 2020. - İstifadə tarixi: 8 noyabr 2020.
2. Azərbaycan Prezidenti: “Bu şərtimə Ermənistan hökuməti əməl edərsə, döyüşlər dayanacaq”: [Elektron resurs] / URL: https. www. ordu.az (ingilis). 30 sentyabr 2020. 30 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2020.
3. Ermənistan-Azərbaycan müharibəsi: həqiqət anı. Elman Nəsirov. 03.10.2020 [20:55] : [Elektron resurs] / URL: https. www.A+A–Bakı, 3 oktyabr, AZƏRTAC.
4. Qubadlı şəhəri işğaldan azad edilmişdir: [Elektron resurs] / URL: https.www. sputnik.az (azərb.). Sputnik Azərbaycanca. 25 oktyabr 2020. İstifadə tarixi: 8 noyabr 2020.
5. Paşinyan yenə təkrar etdi: “Qarabağ Ermənistandır və nöqtə” : [Elektron resurs] / URL: https. www. yeniavaz.com. YENİAVAZ.COM. İstifadə tarixi: 22 oktyabr 2020.
6. Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Azərbaycan Dövlət İnformasiya Agentliyi (azərb.): [Elektron resurs] / URL: https. www. 27 sentyabr 2020. 28 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 sentyabr 2020.
7. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yaralı hərbçilərlə görüşüblər: [Elektron resurs] / URL: https. www. milli.az(azərb.). 30 sentyabr 2020. 30 sentyabr 2020 tarixindəarxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2020.
8. Prezident: Cəbrayıl rayonunun böyük hissəsinin və Cəbrayıl şəhərinin azad edilməsi xüsusi əhəmiyyət daşıyır: [Elektron resurs] / URL: https. www. azeridefence.com (azərb.). 4 oktyabr 2020. İstifadə tarixi: 8 noyabr 2020.
9. Prezident: “Füzuli şəhəri və rayonun daha bir neçə kəndi işğaldan azad olunub”: [Elektron resurs] / URL: https. www. report.az (azərb.). Report İnformasiya Agentliyi. 17 oktyabr 2020. İstifadə tarixi: 8 noyabr 2020.
10. Prezident İlham Əliyev Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin iştirakı ilə imzalanmış sənədin mətnini açıqlayıb tam mətn: [Elektron resurs] / URL: https. www. lent.az(azərb.). 10 noyabr 2020. İstifadə tarixi: 10 noyabr 2020.
11. Sədaqət Vəliyeva: 44 günlük müharibə Ermənistan dövlətinin əsaslarını sarsıtdı. 17 Noyabr 2020.
12. Şuşa şəhəri işğaldan azad edildi: [Elektron resurs] / URL: https. www. report.az(azərb.). Report İnformasiya Agentliyi. 8 noyabr 2020. İstifadə tarixi: 8 noyabr 2020.
13. Türkiyə XİN başçısı Azərbaycan səfirliyini ziyarət edib: [Elektron resurs] / URL: https. www. ordu.az (ingilis). 29 sentyabr 2020. 29 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2020.
14. yap.org.az. “44 günlük müharibə tarixi ədaləti bərpa etdi” Malik Həsənov 12 Noyabr 1467
15. After peace negotiations, threats of war break out between Armenia and Azerbaijan: [Elektron resurs] / URL: https. www. eurasianet.org. EURASIANET.ORG. İstifadə tarixi: 22 oktyabr 2020.
16. https://az.wikipedia.org/wiki/%C4%B0kinci_Qaraba%C4%9F_m%C3%BCharib%C9%99si#cite_note-armeniancasualtiesofficial-108
17. Turkey: Armenia transports hundreds of PKK militants to fight Azerbaijan. Middle East Monitor (ingilis). 30 sentyabr 2020. 1 oktyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 oktyabr 2020
18. The humanitarian fallout of the Nagorno-Karabakh conflict: [Elektron resurs] / URL: https. www. thenewhumanitarian.org (ingilis). The New Humanitarian. 5 noyabr 2020. İstifadə tarixi: 8 noyabr 202.
Арзу ХАЛИЛЗАДЕ
Д.ф.п.и., доцент, Бакинский Государственный Университет

УСПЕХ ДИПЛОМАТИИ ИЛЬГАМА АЛИЕВА - КРАТКИЙ ОБЗОР КАРАБАХСКОЙ ПОБЕДЫ


Резюме
Как мы знаем, в мировой истории было много войн, оккупаций, неудач и побед. 10 ноября 2020 года золотыми буквами вписано в славную историю Азербайджана. Таким образом, в ходе 44-дневной войны азербайджанская армия нанесла поражение противнику, уничтожив вооруженные силы, созданные Арменией за все 30 лет.

Ключевые слова: Азербайджан, Турция, Армения, Вторая карабахская война, вооруженные силы, ООН, ОБСЕ, мировые державы.

Arzu KHALILZADE
PhD, docent, Baku State University

THE SUCCESS OF DIPLOMACY OF ILGAM ALIYEV - BRIEF REVIEW OF THE
KARABAKH’S VICTORY
Summary
As we know, there have been many wars, occupations, failures and victories in world history. November 10, 2020 is inscribed in golden letters in the glorious history of Azerbaijan. Thus, during the 44-day war, the Azerbaijani army defeated the enemy, destroying the armed forces created by Armenia for all 30 years.

Key words: Azerbaijan, Turkey, Armenia, Second Karabakh war, armed forces, UN, OSCE, world powers.