“Sülh şəraİtİndə bİrgə yaşama” anlayışı və Azərbaycanın multikulturalizm nümunəsi

Post image

Fidan Həsənova, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və diplomatiya” ixtisası üzrə magistrantı

E-mail: [email protected]

Müasir beynəlxalq münasibətlərin xarakterik xüsusiyyətlərinə nəzər salsaq, son zamanlar dünyanın əksər ölkələrində milliyətçilik əhval-ruhiyyəsinin artdığını, sağ yönümlü ideologiyaya əsaslanan siyasi qüvvələrin aktivliyini müşahidə edərik. Cəmiyyətlərdə milliyyətçi meyillərin güclənməsi öz növbəsində dövlətlərin daxili və xarici siyasətinin formalaşmasında əhəmiyyətli təsirə malikdir. Bunun yaxın keçmişdə demokratiya, liberal və kosmopolit dəyərlərə sahib olması ilə özünü fərqləndirən “Qərb sivilizasiyasında” açıq-aşkar təzahürü isə bu kimi anlayışların yenidən gündəmə gəlməsinə səbəb olur. Dünyanın müxtəlif yerlərində regional və beynəlxalq əlaqələrə ciddi təsir etmək gücündə olan, qlobal sülh və təhlükəsizliyi təhdid edən etnik, irqi, dini ziddiyyətlərin get-gedə artması, bu zəminli münaqişələrin həll olunmamış qalması dünyanın gələcəyi üçün həyəcan təbilini çalmaqdadır. Bu isə o deməkdir ki, ümumi birlik və bərabərlik ideyalarını özündə ehtiva edən, fərqliliklərin aradan qaldırılmasını nəzərdə tutan qloballaşma məvhumu yerini dərin və sürətli parçalanmaya verir.
Bir zamanlar “American dream”-in yaradıcısı olan ABŞ-ın prezidenti Meksika sərhəddində bir divar tikmək niyyətini açıqladı, Asiya qitəsində Myanmanın silahlı qüvvələri ölkənin müsəlman azlığının repressiyalarını istəyirlər, Afrika əksəriy­yəti etnik və dini səbəblərdən qaynaqlanan çoxsaylı qarşıdurmalara məruz qalır, dünyaya inteqrasiya örnəyi olan Avropa Brexit yaşadı, Fransa və s. kimi dövlətlərdə seçkilərdə sağçıların populyarlığı ilə nümayiş olunan millətçilik və anti-immiqrant münasibətlərinin artmasına şahid olduq və daha bunlar kimi xeyli nümunələr göstərmək olar [10].
Mövcud vəziyyətdə belə bir sual yaranır – müxtəlif xüsusiyyətlərin daşıyıcısı olan etnik qrupların, azlıqların, qonşu xalqların sülh şəraitində birgə yaşaması mümkündürmü?
Bu gün çağdaş cəmiyyətlərin üzləşdiyi ən aktual və çətin suallardan biri də sosial birliyi etno-mədəni, irqi və dini müxtəlifliklə necə uzlaşdırmaqdır. İnsanlar öz mədəni kimliklərindən qüvvət alırlar. Sahib olduğumuz etnik mənşə, dinlər, dillər, adət-ənənələr və dəyərlər bizə sabitlik verir və bizi yönləndirir. Bundan əlavə, mədəni müxtəliflik bir cəmiyyət üçün yenilik mənbəyi ola bilər. Çünki fərqli təcrübələrin, perspektivlərin və yanaşmaların daxil edilməsi yeni ideyalar doğurur və iqtisadi tərəqqini təşviq edir. Mədəniyyət insanların həyatında vacib bir dəstək mənbəyidir. Bu, sosial nizamın həlledici əsasını təşkil edir [8].
Bununla yanaşı, mədəni müxtəliflik həyatımızı çətinləşdirir. Digər mədəniyyətlərlə məşğul olmaq bir çox insanı yeni çətinliklərlə üzləşdirir və bəzən hətta münaqişələrə səbəb olur. Beləliklə, qloballaşan dünyada müxtəlifliklə məşğul olmaq vacibdir. Yalnız bu yolla gələcəyə doğru dinc və firavan cəmiyyətdə yaşamağımıza əmin ola bilərik. Ən azı, müxtəlifliklə uğurla məşğul olmaq, zorakılığa müraciət etmədən münaqişələrin idarə olunması deməkdir. İdeal olaraq bu, fərqli mədəni kimliyi olan insanların bərabər səviyyədə cəmiyyətə mənsub olduqlarını, bərabər inkişaf etmək şansına sahib olduqlarını, siyasi sistem içərisində səslərini eşitdirə bildikləri və qarşılıqlı hörmət münasibətlərini inkişaf etdirdikləri mənasını verir. Bu, müxtəlifliyə dözmək və ya passiv qəbul etməkdən daha çox bir məsuliyyət tələb edir; həqiqətən bu cür müxtəliflik etiraf olunmalı və fəal şəkildə formalaşmalıdır. Müxtəlif mədəniyyətlərin və xalqların bir dövlətdə dinc yanaşı yaşaması konstitusiya təminatları ilə təmin edilən davamlı bir mədəni plüralizm tələb edir [8].
1955-ci ildən 1968-ci ildə öldürülməsinə qədər Amerikada Vətəndaş Hüquqları Hərəkatının lideri olan Martin Lüther King hər zaman insanları, millətləri birgə yaşamaya dəvət edən fikirlərlə çıxış etmişdir [9]. O vurğulayırdı ki, heç bir fərd tək yaşaya bilməz; heç bir millət tək yaşaya bilməz və buna nə qədər çalışsaq, bu dünyada daha çox müharibə aparacağıq. İndi qardaş olaraq birlikdə yaşamağı öyrənməliyik, yoxsa hamımız axmaq kimi birlikdə məhv olmağa məhkumuq. Millətlər və fərdlər olaraq bir-birimizdən asılıyıq [14]. Odur ki, birgə yaşama ənənələrinin cəmiyyətlərdə formalaşması sülh və gələcək üçün mütləq vacib yol hesab oluna bilər.
Birgə sülh içində yaşamaq, fərqləri qəbul etmək və başqalarını dinləmək, tanımaq, hörmət etmək və qiymətləndirmək, eyni zamanda dinc və birlik içində yaşamaq deməkdir. Birləşmiş Millətlər Təşkilatı (bundan sonra BMT) Baş Assambleyası 72/130 saylı qətnaməsində 16 May tarixini “Beynəlxalq Sülhdə Birgə Yaşamaq Günü” (IDLTP - International Day of Livingtogether in peace) elan etdi. Qeyd olunan gün davamlı sülh, həmrəylik və harmoniya dünyasını qurmaq üçün fərqlilik və müxtəliflikdə birləşmiş, birlikdə yaşamaq və hərəkət etmək istəyini dəstəkləmək məqsədi daşıyır [7].
72/130 saylı qətnamə 8 dekabr, 2017-ci ildə BMT Baş Assambleyasının 68-ci plenar iclasının yekununda qəbul olunmuşdur [11]. Qətnamə:
- 16 May tarixini Beynəlxalq Sülhdə Birgə Yaşamaq Günü elan edir;
- Beynəlxalq Sülhdə Birgə Yaşamaq Gününün sülhün, dözümlülüyün, anlaşma və həmrəyliyin təşviq edilməsi üçün beynəlxalq birliyin səylərini mütəmadi olaraq səfərbər etmək və ayrı-ayrılıqda və müxtəlifliklərdə birləşərək birlikdə yaşamaq və hərəkət etmək istəyinə bağlılığını ifadə etmək üçün bir vasitə təşkil etdiyini; davamlı sülh, həmrəylik və harmoniya dünyasını qurmaq məqsədilə təsis olunduğunu vurğulayır;
- Bütün üzv dövlətləri, Birləşmiş Millətlər Təşkilatının sisteminə daxil olan təşkilatları və digər beynəlxalq və regional təşkilatları, habelə vətəndaş cəmiyyətlərini, qeyri-hökumət təşkilatlarını və ayrı-ayrı şəxsləri, Beynəlxalq Sülh içində Birgə Yaşamaq Gününü yerli, milli və regional cəmiyyətlərin mədəniyyəti və ya digər vəziyyət və şərtlərinə uyğun olaraq təhsil və ictimai maarifləndirmə işləri vasitəsilə həyata keçirməyə dəvət edir;
- Bütün üzv dövlətləri sülh və davamlı inkişafı təmin etmək üçün, o cümlədən icmalar, dini liderlər və digər əlaqədar aktorlarla işləməklə, barışıq tədbirləri və xidmət aktları ilə insanlar arasında bağışlanma və şəfqət təbliğ etməklə sülhü təşviq etməyə dəvət edir və s. [11].
Qeyd etmək lazımdır ki, birgə yaşamaq layihəsi hansısa bir milli dövlət və ya beynəlxalq, regional bir təşkilat tərəfindən deyil, XX əsrin əvvəllərində hörmətli şeyx Əhməd Ben Mustafa Əl Ələvinin qurmuş olduğu “Əlaiyyə zəviyyə” adlı bir qardaşlıq tərəfindən hazırlanmışdır. Bu xüsusi zəviyyə, ölkənin qərbində yerləşən Əlcəzairin ikin­ci böyük şəhəri olan Orana yaxın ərazidə - Mostaga­nem şəhərində yerləşir. Mövcud ruhani lider Şeyx Xalid Bentounes, Şeyx Əl Aləvinin böyük nəvəsidir və ənənəvi Sufi yolunun (İslam dinində təriqət) sədaqətli vəkilidir [5]. Bu ənənə “sülh İslamı, qardaşlıq mədəniyyətini və ümumbəşəri dəyərlərin paylaşımını” təbliğ edir. Şeyx Bentounes İslam və Qərb mədəniyyəti arasındakı yaxınlaşmanın güclü müdafiəçisidir. Vəqfin dəstəyi və Əlcəzair hökumətinin ardıcıl diplomatik lobbiçiliyi ilə Şeyx Bentounes, 2017-ci ildə BMT tərəfindən 16 May tarixinin “Beynəlxalq Sülhdə Birgə Yaşamaq Günü” elan etməyə müvəffəq oldu. BMT Baş Assambleyasındakı çıxışında, Şeyx Bentounes bəyan etdi ki, sülh yalnız müharibənin və ya qarşıdurmanın olmaması deyil. O qeyd etdi ki, sülh, hər şeydən əvvəl, hər birimiz öz içimizdə hiss etdiyimiz, rəngimizdən, dinimizdən, milliyyətimizdən kənarda bütün yoldaşlarımızla birləşərək bölüşmək istəyi ilə yaşanan bir vəziyyətdir. İnsan əvvəlcə “şüurdur” və bu, etika, ədalət, həmrəylik və sülh dəyərlərinə bağlılığına görə artır və ya azalır [5].
“Beynəlxalq Sülhdə Birgə Yaşamaq Günü” ilk dəfə 16 May 2018-ci ildə beynəlxalq ictimaiyyət tərəfindən qeyd olundu. Tədbirlər Əlcəzairdə, İndoneziyada, Namibiyada və bir sıra digər ölkələrdə təşkil edildi [5]. Tədbirlərdə insanların bacarıq və fikirlərinin mübadiləsini təşviq edərək sosial şəbəkələr vasitəsilə körpülər qurmaq, bütün ölkələrin gənclərinə birgə yaşamağa dair ümid mesajı təqdim etmək, davamlı inkişafın iqtisadiyyatdakı bütün iştirakçıları ilə dialoqu təşviq etmək, davamlı sülhün inkişafına kömək etmək üçün ortaq maraqlara uyğun olaraq ekologiya mövzusunda bir platforma təşkil etmək, həyatı məna verən canlı bir mənəviyyat anlayışını bəsləyərək, bəşər ailəsinin mədəniyyətləri və ənənələri arasında uzlaşmanı təşviq etmək, bütün dünyadakı musiqiçiləri və sənət adamlarını bu günü qeyd etməyə və yaradıcılığımızın zənginliyi və fərqlərimizin gözəlliyi ilə insanları birləşdirməyə çağırmaq və s. kimi məqsədlər müəyyən olundu.
Gün həmin vaxtdan başlayaraq hər il mütəmadi olaraq qeyd olunur. 16 May 2019-ci il tarixində Parisdə UNESCO (BMT-nin elm, təhsil və mədə­niyyət üzrə ixtisaslaşmış qurumu) tərəfindən “Beynəlxalq Sülhdə Birgə Yaşamaq Günü”-nü qeyd edərkən təşkilatın baş direktoru Audrey Azoulay çıxışında günün əhəmiyyəti haqqında qeyd etmişdir ki, müntəzəm olaraq gərginliyin, nifrət aktlarının, başqalarının rədd edilməsinin və ayrıseçkiliyin şahidi olduğumuz bir dünyada barışa və ahəngdar bir yerdə yaşamağa istəyin olması hər zamankından daha vacibdir [13]. Bu beynəlxalq gün, bütövlükdə bəşəriyyətin sülh içində yaşaya bilməsi üçün birlikdə yaşamağın yaxşılaşdırılması yollarını və konkret hərəkətləri birlikdə düşünmək və hər miqyasda əhatəli, dinc və davamlı bir mühit təmin etmək imkanı verir. UNESCO və bütövlükdə BMT gündəlik olaraq insanlara sülh əldə etmək üçün vasitə ilə təmin etmək üçün səy göstərir.
Barışıq içində yaşamağın əsas elementi fərqli mədəniyyətlərin xalqları arasında qarşılıqlı anlaşmadır. Bu gün, bütövlükdə bəşəriyyətin sülh içində yaşaya bilməsi üçün birlikdə yaşamağın yaxşılaşdırılması yollarını və konkret hərəkətləri birlikdə düşünmək və hər miqyasda əhatəli, dinc və davamlı bir mühit təmin etmək imkanı verir. Martin Lüter Kinqin bir dəfə dediyi kimi: “Əgər yer üzündə sülh şəraitində olsaq, sədaqətimiz irqimizdən, tayfamızdan, sinifimizdən və milliyətimizdən üstün olmalıdır; bu da bir dünyagörüşü inkişaf etdirməyimiz deməkdir” [13].
“Birgə yaşamaq” təşəbbüsü, nifrəti, ksenofobiyanı, mədəniyyətlər və sivilizasiyalar­arası toqquşmaları birdəfəlik aradan qaldıra biləcəyini və ya yaxın gələcəkdə dövlətlər arasındakı qarşıdurmalara, vətəndaş müharibələrinə, terrorizmə və ya transmilli cinayətkarlığa son verə biləcəyini iddia etmir [5]. Lakin gələcəklərini bir-birlərinə qarşı deyil, bir-birləri ilə qura biləcəkləri düşüncəsinin qəbul edilməsi üçün bir vasitə olaraq xalqlar və millətlər arasında bir yerdə sülh içində yaşamaq mədəniyyətini tanıtmaq və yaymaq məqsədi daşıyır. Məqsəd dünyaya nümayiş etdirməkdir ki, bəşəriyyətə daha yaxşı necə xidmət etmək olar və dünyanı necə gözəlləşdirmək olar. Proses çox uzun bir müddət tələb edir, amma bunun başlaması belə böyük bir addımdır. Lakin müasir dünyada qarşıya qoyulan bu məqsəd böyük maneələrlə qarşılaşır. İqlim dəyişikliyi, artan iqtisadi bərabərsizlik, dünya iqtisadiyyatının qeyri-stabil vəziyyəti, davam edən münaqişələr, qaçqın və köçkün problemi və s. sosial dəyişikliklərə və texnoloji inqilablara təhdiddir. Bu da öz növbəsində birgə yaşamağı çətinləşdirir.
Xalqların sülh şəraitində birgə yaşamasına təsir edən amillərdən biri də XX əsrin 80-ci illərindən başlayaraq sürətlə yayılan qloballaşma ideyalarıdır. Bir çox müəlliflər qloballaşmanı bir növ müasirləşdirmə prosesinin inkişafı, dünyanın sonrakı inteqrasiya prosesinin müasir mərhələsi, ümumbəşər mədəniyyətinin formalaşması kimi qiymətləndirirlər. Belə yanaşmaya əsasən qloballaşma dünyanın vahid qarşılıqlı əlaqəli iqtisadi, siyasi, mədəni məkan kimi mərhələli təşəkkül prosesidir [ 1, s.20].
Qloballaşan dünyada ən az iqtisadi, siya­si əlaqələr qədər mədəni mübadilə dünya cəmiyyətinin inkişafının ayrılmaz cəhətlərindən biridir. Dünyada iqtisadi cəhətdən nə qədər güc­lü olsa da, heç bir dövlət öz əhalisinin mədəni tələbatını dünya mədəni tarixi irsinə qoşulmadan təmin edə bilməz. Mədəni mübadilə rəqabət və əməkdaşlıq şəklində özünü göstərir. Mədəni sahədə rəqabət siyasi-iqtisadi rəqabətdən daha kəskin xarakter daşıyır. Dövlət və millətlər mədəni mübadilədə fərdlər kimi eqoistlik sərgiləyir. Onlar ilk öncə öz mədəniyyətlərinin təsirini genişləndirmək üçün can atırlar, digər mədəniyyətləri isə öz məqsədləri üçün istifadə etməyə çalışırlar [1, s. 51-52].
Beləliklə, mədəni mübadilə zamanı əməkdaşlıq deyil, rəqabətin seçilməsi müxtəlif mədəni birliklər arasında əksinə olaraq, ziddiyyətlərin yaranmasına səbəb olur. Bu baxımdan qloballaşma nəticəsində qlobal sivilizasiyanın yaranmasına dair dörd ənənə qeyd olunur: mədəni polyarlaşma, mədəni assimilyasiya, mədəni hibridləşmə, mədəni təcrid olunma [1, s. 53].
- Mədəni polyarlaşma – iqtisadi və ekoloji bərabərsizlik, dini və bazar fundamentalizmi, bəzi dövlətlərin və hərbi-siyasi blokların nəzarət sahələrini genişləndirməsi, kütləvi qırğın silahlarının artması nəticəsində yaranan qütbləşmədir;
- Mədəni assimilyasiya – “Soyuq müharibə”-dən sonra Qərb liberalizminin qələbəsi nəticəsində universal norma və qaydaların genişlənməsidir. Belə ki, Qərb sivilizasiyası bütün dünyada hakim ola biləcək universal dəyərlər kimi qəbul olunurdu;
- Mədəni hibridləşmə - XX əsrin sonlarına yaxın daha da təkmilləşərək etnik birliklərin yaranmasına gətirib çıxarmış, dünya bir-birinə daxil olan translokal mədəniyyətlər sisteminə çevrilmişdir;
- Mədəni təcrid olunma – mədəni və dini fundamentallıq, ekoloji, milli, rasist hərəkatlar, informasiya və humanitar əlaqələrin məhdudlaşdırılması, senzuranın mövcudluğu və s. kimi səbəblərdən qaynaqlanaraq dövlətlərin, regionların, siyasi, mədəni birliklərin təcrid olunmasıdır [1, s. 53].
Göründüyü kimi dünyada gedən qloballaşma prosesi etnik, dini, mədəni fərqliliklərin qarşılıqlı əlaqələrinə, birgə yaşamaya əsaslanan həyat tərzlərinin formalaşmasına birmənalı şəkildə təsir etmir. Universal kimi qəbul olunan dəyərlərin heç də bütün cəmiyyətlər üçün eyni mahiyyət daşımaması cəmiyyətlərdə və ya qruplar daxilində mühafizəkarlığın artmasına gətirib çıxardı. Samuel Hantinqton 1993-cü ildə irəli sürdüyü “Sivilizasiyaların toqquşması” konsepsiyasında nə üçün yeni münaqişələrin səbəbinin niyə məhz sivilizasiya fərqləri olacağını izah edərkən səbəblərdən biri kimi sivilizasiyalarda özünüdərketmənin artmasını, Qərbin ideal tərənnümü və ikili siyasəti nəticəsində meydana çıxan “kökə qayıtma” prosesini vurğulayır [12, s. 24].
Fransa de College-də Sosiologiya üzrə professor Alain Touraine “Birlikdə yaşaya bilərikmi: bərabərlik və fərqlilik” kitabında qloballaşan dünya cəmiyyətində necə yaşaya biləcəyimizi araşdırır [4]. Qlobal bir ərimə qabının cazibədar metaforasından imtina edərək, A.Touraine, indi eyni sosial və mədəni dəyərləri bölüşərək bərabər yaşadığımız düşüncəsinə tamamilə etiraz edir. O iddia edir ki, cəmiyyətlər qloballaşmanın pozucu qüvvələrinə qarşı öz kimliklərini getdikcə daha çox müəyyən etdikləri üçün fərqlərimiz artır. A.Touraine qloballaşma və spesifikləşmənin əkiz proseslər olduğunu və bizi daha da uzaqlaşdırdığını iddia edir. Bir tərəfdən, ənənəvi dəyərlər və mədəni ifadə formaları homogenləşdirilmiş kütləvi mədəniyyət tərəfindən məhv edilir, digər tərəfdən, cəmiyyətlər özlərini kənar təsirlərdən qorumaq üçün mübarizə apardıqca daha da dəyişkən olurlar.
A.Touraine ilk öncə şəxsiyyətin məhv edilməsinin qarşısını almağın yeganə yolu kimi fərdlərin şəxsi həyatını inkişaf etdirməsinin təmin olunmasını irəli sürür. Daha sonra o, bu qeyri-sosial prinsipin ictimai həyatın yenidən qurulması üçün necə istifadə oluna biləcəyini araşdırır. Müəllifin fikrincə ilk addım başqalarının da sub­yekt olduğunu etiraf etmək, şəxsi azadlıq hissi üçün səy göstərməkdir. Daha sonra A.Touraine ümumi iradədə iştirakı təmin edə bilmək üçün təyin olunan köhnə demokratiya ideyasının dəyişdirilməsini zəruri sayır. Azadlığı qoruyan və subyektlər arasında əlaqə yaratmağa imkan verən yeni fikirli qurumların təsis olunmasını irəli sürür. Onun fikrincə, bu, bərabər yaşamağa imkan verən yeganə yanaşmadır [4].
Alain Touraine “Birlikdə yaşaya bilərikmi: bərabərlik və fərqlilik” kitabında qeyd edir ki, kiçik cəmiyyətlərimiz tədricən geniş bir qlobal cəmiyyətə birləşmir; bunun əvəzinə bir zamanlar cəmiyyətlər və ya ölkələr adlandırdığımız eyni zamanda siyasi, ərazi və mədəni qurumlar etnik, siyasi və dini qarşıdurmalardan sonra gözlərimiz önündə parçalanır [6]. Nəticə budur ki, gündəlik yaşamımızda eyni cür davranıb, eyni əşyalardan istifadə etdiyimiz dərəcədə birlikdə yaşayırıq, ancaq bir-birimizlə mənalı şəkildə ünsiyyət qurmur və ya özümüzü idarə etmirik.
A.Touraine qarşılıqlı dözümlülüyün və şəxsi azadlığa hörmətin, bəzi ictimai qaydalar ilə razılaşmağımızın və daha dərin bağlar qurmaq cəhdimizin birgə yaşamağı təmin etməyimiz üçün vacib olduğunu qeyd edir. Subyektin şəxsi həyatını inkişaf etdirməsini təmin etmək üçün seçdiyimiz modeli cəmiyyətlər və xalqlar üzərində tətbiq etmək məqsədilə sosial və siyasi qurumlar yaratmaq üçün istifadə edə biləcəyimizi irəli sürür [6]. Beləliklə, qurulan yeni sosial təsisatların sosial münasibətlər, siyasət və təhsil baxımından nə kimi təsirə malik olacağını araşdırır. Deməli, bu şəkildə formalaşan və idarə olunan cəmiyyətlər fərqli qrupların sülh şəraitində, yanaşı yaşamasını təmin edə bilər ki, buna dair bir neçə uğurlu model də mövcuddur. Belə nümunələrdən biri Azərbaycanın multikulturalizm siyasətidir.
Azərbaycan fərqli mədəniyyətlərin birləşdiyi ərazi olaraq, əsrlər boyu milli-mədəni baxımdan rəngarəng mühitin formalaşdığı, ayrı-ayrı xalqların və konfessiyaların nümayəndələrinin sülh, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı ölkə kimi tanınmışdır. Multikulturalizm və tolerantlıq tarixən olduğu kimi bu gün də milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilmişdir. Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bugünkü tolerant yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda, sənədlərdə yaşayır [2].
Multikulturalizmin Azərbaycanın dövlət siyasəti olmasının əsas göstəricilərindən biri burada dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasıdır. Ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə olması dörd mühüm məqamda təzahür edir: dini azadlıqların təmin edilməsi, bütün dinlərin, dini məzhəblərin qanun qarşısında bərabər olması, onların fəaliyyətlərinə dövlət tərəfindən dəstək göstərilməsi və dinlərarası münasibətlərin qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması [3]. Azərbaycan multikultura­lizm siyasəti həyata keçirərək ölkə daxilində olan etnik və mədəni müxtəliflikləri tənzimləyir, eyni zamanda bu fərqliliklərin və onların əsasında daya­nan dəyərləri qoruyur. Bu, demokratik cəmiyyətə xas olan norma və prinsiplərə uyğun siyasətdir. Çünki xalqların mədəni dəyərlərinin qorunması hamı tərəfindən qəbul olunan insan haqlarının mühüm hissəsidir.
Azərbaycan Respublikasının multikultura­lizm siyasətində çox önəmli bir qanunauyğunluq mövcuddur. Belə ki, multikulturalizmin ölkənin daxili siyasətində özünü göstərməsi onun xarici siyasətində də yaranmasına səbəb olur [3]. Bu, təbii olaraq, daxili və xarici siyasət arasında olan qarşılıqlı-asılı münasibətdən və multikulturalizmin dövlətin xarici siyasətində də özünü büruzə verməsindən xəbər verir. Yəni ölkə daxilində həyata keçirilən multikulturalizm siyasəti cəmiyyətdə mövcud olan etnik və mədəni baxımdan fərqli dəyərlərin qorunmasına səbəb olur, beynəlxalq münasibətlərdə isə etnik, dini, irqi və mədəni mənsubiyyətlərindən asılı olmayaraq bütün ölkələrlə hərtərəfli əlaqələrinin inkişafı üçün əlverişli şərait yaradır [3]. Belə siyasət də öz növbəsində dünyada mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişafına, xalqların sülh şəraitində birgə yaşama ənənələrinin formalaşmasına töhfə verir. Multikulturalizmin müxtəlif modelləri vardır: ABŞ, İsveç, Avstraliya, Kanada və s. Azərbaycanın təqdim etdiyi model də bir çox dövlətlər tərəfindən rəğbətlə qarşılanır və nümunə kimi tətbiq edilməkdədir [2].
Bu gün dünyada multikulturalizmin və birgə yaşamaya əsaslanan humanist ideyaların alternativi yoxdur. Odur ki, ziddiyyətlərin qabarıq nəzərə çarpdığı müasir beynəlxalq münasibətlər sistemində münaqişələrə və qarşıdurmalara son qoymaq, müxtəlif xalqlar və dövlətlər arasında uzlaşmanı təmin etmək üçün multikulturalizm və birgə yaşama modellərinin inkişafı olduqca vacibdir.

Açar sözlər: sülh şəraitində birgə yaşama, multikulturalizm, milliyətçilik, beynəlxalq sülh, beynəlxalq təhlükəsizlik.

Ədəbiyyat siyahısı:
1. A.N.Abbasbəyli “Müasir beynəlxalq münasibətlər və qloballaşma” Bakı 2007;
2. Azərbaycan multikulturalizmi – ümumi məlumat;
http://multiculturalism.preslib.az/az_a1.html
3. Etibar Nəcəfov, “Multikulturalizm Azərbaycan Respublikasının daxili və xarici siyasətinin mühüm istiqamətidir”, “Azərbaycan” qəzeti, 16 fevral 2018-ci il; http://www.dqdk.gov.az/az/view/news/4675/multikulturalizm-azerbaycan-respublikasinin-daxili-ve-xarici-siyasetinin-muhum-istiqametidir
4. Alain Touraine, “Can We Live Together?: Equality and Difference”, March 2000, 336 Pages;
https://www.wiley.com/en-az/Can+We+Live+Together%3F:+Equality+and+Difference-p9780745622125
5. Belkacem Iratni, Professor, University of Algiers, “Living together in peace: Developing exemplary Euro-African relationships” Posted on 16 Jan. 2019;
https://doc-research.org/2019/01/living-together-in-peace-developing-exemplary-euro-african-relationships/
6. Description of book Alain Touraine, “Can We Live Together?: Equality and Difference”; https://www.sup.org/books/title/?id=1278
7. International Day of Living Together in Peace, 16 May;
https://www.un.org/en/events/livinginpeace/
8. “Living together in cultural diversity”, Reinhard Mohn Prize 2018;
https://www.bertelsmann-stiftung.de/en/our-projects/living-diversity/project-description/
9. Martin Luther King Jr. Biographical;
https://www.nobelprize.org/prizes/peace/1964/king/biographical/
10. Raluca Șancariuc “Cultural Diversity: Same Question, but a Different Answer. The Story of Azerbaijani Multiculturalism” No. 21, Jan.-Feb. 2020;
http://www.themarketforideas.com/cultural-diversity-same-question-but-a-different-answerthe-story-of-azerbaijani-multiculturalism-a222/
11. Resolution adopted by the General Assembly on 8 December 2017;
https://undocs.org/A/RES/72/130
12. Samuel P.Hantinqton “The clash of civilazations”, Foreign Affairs, summer, 1993;
http://www.hks.harvard.edu/fs/pnorris/Acrobat/Huntington_Clash.pdf
13. UNESCO marks the International Day of Living Together in Peace, Thu 16-05-2019, 23:03 PM; http://wam.ae/en/details/1395302763129
14. “We are Made to Live Together”, by UPLIFT on Friday, November 27th, 2015;
https://upliftconnect.com/made-to-live-together/

Fidan Hasanova
Master, The Academy of Public Administration
under the President of the Republic
of Azerbaijan

The concept of “living together in peace” and the example of multiculturalism in Azerbaijan
Summary
This article explores the concept of “living together in peace”, its features and significance. The article describes the origin and purpose of the concept. Moreover, in this article is analyzed the impact of globalization, ethnic and religious discrimination, and nationalism on this theory. The author emphasizes the concept of “living together in peace as a best model to maintain international peace and security in the world. At the end of the article is underlined the multiculturalism in Azerbaijan as a successful example.

Keywords: living together in peace, multiculturalism, nationalism, international peace, international security.

Фидан Гасанова
Магистр, Академия Государственного Управления при Президенте Азербайджанской Республики

Концепция «жить вместе в условиях мира» и пример мультикультурализма в Азербайджане


Резюме
Данная статья рассматривает понятие «жить вместе в условиях мира», его особенности и значение. В этой статье описывается происхождение и цель концепции. Кроме этого, в статье анализируется влияние глобализации, этнической и религиозной дискриминации, а также национализма на эту теорию. Автор подчеркивает концепцию «жить вместе в условиях мира» как лучшую модель для поддержания международного мира и безопасности во всем мире. В конце статьи мультикультурализм в Азербайджане подчеркивается в качестве успешного примера.

Ключевые слова: жить вместе в условиях мира, мультикультурализм, национализм, международный мир, международная безопасность.