AZƏRBAYCAN RESPUBLİKASININ ENERJİ İXRACININ ŞAXƏLƏNDİRİLMƏSİ SİYASƏTİ VƏ ONUN REGİONUN ÜMUMİ GEOİQTİSADİ VƏZİYYƏTİNƏ TƏSİRİ

Post image

Gülşən Xalıqova, Qərbi Kaspi Universitetinin dissertantı,
ADPU-nin müəllimi

E-mail: [email protected]

XX əsrin ortalarından etibarən Azərbaycanın aqrar ölkədən sənaye ölkəsinə keçidi prosesi daha da sürətləndi. 70-80-ci illərdə bütün respublika boyunca müasir infrastruktur sisteminin qurulması Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı tədbirlərin mühüm hədəfləri idi. Neft təsərrüfatının yenidən qurulması, xüsusilə əsas diqqətin dənizdə neftçıxarmaya yönəldilməsi bu məqsədlə dənizin dərinliklərindəki sahələrdə işləməyə imkan verən qazma qurğularının mürəkkəb tikinti işlərini təmin etməkdən ötrü xüsusi gəmilərin, texniki avadanlıqların alınması nəticəsində Azərbaycanın neft sənayesi yeni inkişaf mərhələsinə daxil oldu.
XX əsrin sonlarına doğru Azərbaycanda neft sənayesi öz dinamik inkişafını qorumaqda idi. “Xəzər”, “Şelf” tipli qurğulardan istifadə ilə dənizin 70, daha sonra 200 metrdən çox dərinliyində kəşfiyyat axtarış işlərinin aparılması mümkün oldu. “Bahar”, “Səngəçal Duvvanı - dəniz”, Bulla - dəniz kimi yataqlar istisimara verildi.
Müasir infrastrukturun yaradılması və ondan məqsədyönlü istifadə qısa müddətdən sonra Xəzərin Azərbaycan sektorunda dənizin 80-350 metr dərinliklərində zəngin karbohidrogen ehtiyyatlarına malik “Günəşli”, “Çıraq”, “Azəri” və “Kəpəz” yataqlarının kəşfi, neft ehtiyyatlarının iki, qaz ehtiyyatlarının isə üç dəfə artması ilə nəticələndi. Neft-qaz hasilatında azalma meyllərinin qarşısı alındı. Bütün bu tədbirlər, eləcə də böyük həcmdə neft və neft məhsullarının gəmilər vasitəsilə daşınmasına imkan verən Dübəndi dəniz terminalının, eləcə də respublikanın digər yerlərində iri tutumlu neft terminallarının tikilib istismara verilməsi, Azərbaycanı keçmiş ittifaqın vahid neft kəmərinə birləşdirən Bakı-Qroznu neft kəmərinin istifadəyə verilməsi ölkəmizdə neft emalı və neft – kimya sənayesinin inkişafına da böyük təkan verdi. Bu sahənin modernləşdirilməsi həyata keçirildi. Azərbaycanın neft sənayesində aparılan bu strateji əhəmiyyətli dəyişikliklər ölkə iqtisadiyyatının inkişafı üçün möhkəm baza yaradaraq elektrik enerjisi sektorunda da yeni inkişaf meyillərinə yol açdı. Qafqazda ən iri istilik elektrik stansiyası olan Azərbaycan (İES) inşa olundu. 2400n MVT gücündə bu elektrik stansiyası indi də milli energetika sisteminin ümumi generasiya gücünün 33 faizindən çoxunu təşkil edir. Ölkəmizdə istehsal edilən elektrik enerjisinin 36%-nin çoxu da məhz bu stansiyanın payına düşür (5).
1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan müstəqilliyin ilk illərində bir sıra ağır problemlərlə üz-üzə qaldı. Bu problemlər ölkəmiz neft-qaz sənayesini də əhatə edirdi. Ölkənin iqtisadi müstəqilliyi üçün başlıca ümidlər Azərbaycanın zəngin enerji resursları ilə bağlı olsa da bu resurslardan istifadə perespektivlərinə baxışlar qeyri-müəyyən idi. Eyni zamanda, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, torpaqlarımızın 20%-nin işğal olunması, bir milyondan çox vətəndaşımızın yurd-yuvasından didərgin düşməsi kütləvi işsizlik, yüksək infilyasiya nəticəsində yaranan sosial – iqtisadi böhran, silahlı qarşıdurmalar, xarici təhdidlər əziyyəti daha da ağırlaşdırırdı.
Azərbaycanın müstəqilliyinin təminatçısı ola biləcək əsas vasitə o illərdə məhz neft idi. Amma zəngin neft ehtiyyatlarına malik Azərbaycanın bu sərvətdə marağı olan geosiyasi güclərin mümkün mübarizə meydanına çevrilməməsindən ötrü düzgün strateji qərarlar tələb olunurdu. Ümummili lider Heydər Əliyevin irəli sürdüyü yeni neft strategiyası bu baxımdan bütün amilləri nəzərə alırdı. Bu yeni strategiya ölkəmizin zəngin neft – qaz ehtiyyatlarının qabaqcıl texnologiyaların köməyi ilə hasilat artımına, xarici bazarlara ixracına və əldə olunan gəlirlərin cəmiyyətin iqtisadi tərəqqisinə yönəldilməsinə imkan yaratdı. Ulu öndərin müəllifi olduğu yeni neft strategiyası Azərbaycanın enerji təhlükəsizliyi siyasətinin əsaslarını formalaşdırdı (1).
Dünya iqtisadiyyatında enerji ehtiyyatlarının istehsalçısı və təchizatçılarından biri kimi Azərbaycanın yeri və rolu dəqiqləşdirərək onun bu sahədəki statusunun daha da inkişaf etdirilməsi üçün konkret istiqamətlər müəyyənləşdirildi. Ölkəmizin karbohidrogen ehtiyyatlarının mənimsənilməsinə xarici investiyaların cəlbi, enerji ehtiyyatlarının dünya bazarlarına çıxarılması üçün etibarlı enerji nəqli dəhlizlərinin yaradılması qarşıya məqsəd qoyuldu. 1994-cü il sentyabrın 20-də dünyanın qabaqcıl neft şirkətləri ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən karbohidrogen yataqlarının işlənməsi nəzərdə tutan və tarixdə “Əsrin müqaviləsi” adını almış Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) imzalanması Azərbaycanın neft-qaz sənayesinin inkişafında yeni səhifə açdı. Çox çətin və mürəkkəb şəraitdə imzalanmış bu saziş ölkənin iqtisadi və siyasi təhlükəsizliyinin də mühüm qarantı oldu. Tarixdə ilk dəfə Xəzərdə beynəlxalq əməkdaşlığın əsası qoyuldu. Yeni Texnologiyaların tətbiqi nəticəsində Azərbaycanın neft-qaz hasilatı artdı. Azərbaycanın neft sənayesində başlıca inkişaf əsasən nəhəng Azəri-Çıraq _Günəşli (AÇG) neft-qaz yataqlarının işlənməsi ilə təmin olundu. İşlənmənin əvvəlindən indiyə kimi Azəri-Çıraq –Günəşli –dən (AÇG) təxminən 455 milyon ton neft, 144,5 milyard kub metr qazın hasilatı olan bu yataqlar blokunun əhəmiyyətindən xəbər verir. Regionda qısa bir müdafiədə qlobal enerji və nəqliyyat dəhlizləri yaradıldı. Azərbaycanın sözün əsl mənasında müstəqilliyi , öz milli sərvətlərinin sahibinə çevrilməsi , heç bir dövlətin siyasi-iqtisadi aslılığında qalmaması, kifayət qədər gərgin geopolitik regionda yerləşən ölkəmizin bütün tarixi təhdidlərə rəğmən xalqımızın milli maraqlarına uyğun balanslaşdırılmış xarici siyasət kursunu qoruyub saxlaya bilməsi enerji marşurutlarının şaxələndirilməsindən keçir. Ona görə də marşurutlarının alternativliyinə nail olmaq Heydər Əliyevin irəli sürdüyü neft strategiyasının əsas prioritetləri kimi nəzərə çarpırdı. 1999-cu ildə istismara verilmiş Qərb (Bakı-Supsa) ixrac boru kəməri Azərbaycanı dünya bazarına müstəqil marşurutla çıxaran və enerji təhlükəsizliyinə beynəlxalq dəstəyi təmin edən ilk xətt oldu (8).
Bakı-Supsa kəməri təkcə ideya olaraq yox, möhtəşəm bir tarixi reallıq kimi də,onun ərsəyə gəlməsində böyük qətiyyət göstərmiş Ulu Öndər Heydər Əliyev əsəri idi. Heydər Əliyevin digər bir tarixi əsəri, Azərbaycanı regional inkişafın, enerji təhlükəsizliyinin aparıcı qüvvəsinə çevirən ölkəmizin iqtisadi və siyasi müstəqilliyini daha da möhkəmləndirən Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməridir. Bu kəmərin istifadəyə verilməsindən keçən bu illər ərzində qazanılmış nailiyyətlər də bir daha sübut edir ki, Heydər Əliyevin gələcəyə baxış kimi BTC-nin iqtisadi və siyasi dividentləri çox böyükdür.
BTC-nin Azərbaycan və ümumən region üçün kəsb etdiyi mahiyyət təkcə neft nəqli ilə məhdudlaşmır. Bu kəmər Xəzər dənizinin Qara dəniz və Aralıq dənizi ilə birləşdirilməsinin ilk və uğurlu təcrübəsi simvollarıdır. BTC Azərbaycanı regionun lider dövlətinə çevirən, dünyanın bir çox dövlətləri tərəfdaşlıq münasibətlərinin qurulmasına və beynəlxalq enerji təhlükəsizliyi sisteminə xidmət edən qlobal bir layihədir. Bu kəmərin geosiyasi əhəmiyyəti kimi iqtisadi səmərəliyi də böyükdür. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə yalnız “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən neft və “Şahdəniz” yatağından çıxarılan kondensat nəql olunmur. Qazaxıstan, Türkmənistan nefti ilə də bu kəmər vasitəsilə nəql edilir. Neft satışından əldə edilən vəsait ölkəmizdə infrastruktur və sosial layihələrə insan kapitalının inkişafına yönəldilib, nəticədə ölkədə iqtisadiyyatın dinamik və dayanıqlı inkişafı təmin edilib (7).
Azərbaycanın Qərblə iqtisadi və strateji əməkdaşlığının möhkəmlənməsində neft-qaz amilinin böyük rolu var. Məhz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında göstərdiyi fəaliyyətə görə ölkəmizin Qərbdə etibarlı müttəfiq imicini yaradıb. Neft respublikamızın ən zəngin təbii sərvətidir və onun ölkə iqtisadiyyatının inkişafında əvəzsiz rolu vardır. Son illər ərzində nəinki ölkəmizdə, regionda, Avropa qitəsində enerji təhlükəsizliyi ilə bağlı olan məsələlər arasında ən böyük layihələr imzalanmışdır. Burada “Şahdəniz-2”, TANAP və TAP layihələrini xüsusi ilə vurğulamaq olar (6).
Ulu Öndərin layiqli davamçısı Cənab Prezident
İlham Əliyev çox gözəl şəkildə bildirmişdi: “Şahdəniz-2”, TANAP və TAP dünyanın ən iri enerji layihələrindəndir.
Azərbaycanın uzunmüddətli enerji siyasətinə Heydər Əliyevin digər böyük töhfəsi 1996-cı ildə “Şahdəniz” qaz yatağı ilə bağlı imzalanmış saziş idi. Bu saziş dünyada qaz yatağına marağın az olduğu və enerji təhlükəsizliyi məsələsinin Avropa üçün xüsusi əhəmiyyət daşımadığı bir vaxtda imzalansa da, illər sonra aktuallıq qazanan enerji şaxələndirilməsi, enerji təhlükəsizliyi kimi priotitetlərin burada necə uzaqgörənlikə proqramlaşdığını zamanla təsdiqlədi. Azərbaycanın və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayan həmin saziş sayəsində ölkəmiz qaz ixrac boru kəmərinin çəkilməsinə, yeni marşurutların tikilməsinə imkan yaratdı. Qeyd edək ki, “Şahdəniz” qaz yatağı istismara veriləndən indiyə kimi təxminən 91, 7 milyard kubmetr qaz, 23 milyon ton neft hasil olunub. Bakı - Tblisi – Ərzurum (Cənub-Qafqaz-Boru kəməri) ilə 51 milyard kub metr qaz ixrac olunmuşdur (2).
“Azəri-Çıraq-Günəşli” (AÇG) neft –qaz yataqları blokunun 2050-ci ilədək işlənməsi üzrə müqavilənin, bu yaxınlarda isə 25 illik müddətdə “D230” blokunun birgə kəşfiyyatı və işlənməsi üçün hasilatın pay bölgüsü haqqında yeni sazişin imzalanması ölkənin enerji strategiyasında yeni bir səhifə açdı. Bu nailiyyətlər Azərbaycanın böyük həcmdə karbohidrogen ehtiyyatlarına malik olması ilə bərabər, həm də bütün dünyada qazandığı etibarlı tərəfdaş imicindən, xarici partnyorların ölkəmizlə tarixin sınağından çıxmış əməkdaşlığa yüksək inamından irəli gəlir.
Dünya neft sənayesinin qarşıdakı onilliklərdə böyük həcmlərdə investisiyaya ehtiyac duyduğu halda bir-birinin ardınca belə anlaşmaların əldə olunması ölkənin neft sənayesinin gələcək inkişafı üçün etibarlı zəmanətdir.
Prezident İlham Əliyevin AÇG-də əsasını qoyduğu ikinci mərhələnin gələcək perespektivlərini, hazırda “Şahdəniz”də görülən işlər, yeni boru kəməri layihələri daha artıq hasilat həcmləri, böyük iqtisadi və siyasi dvidentlər təmin edən bugünkü parlaq nəticələr tamamlayır. Əgər XX əsrin müqaviləsi sayılan Cənub Qaz Dəhlizi çərçivəsində bu il də “Şahdəniz Mərhələ 2”, “Cənub Qafqaz Boru Kəməri” və “TANAP” kimi ideyalar gerçəkliyə çevrilmişdir. Qlobal İqtisadi Böhran və maliyyə çətinliklərinə baxmayaraq, böyük maliyyə vəsaiti tələb edən və genişmiqyaslı infrastruktur layihəsi olan Cənub Qaz Dəhlizinin uğurla icrası Azərbaycanın irimiqyaslı layihələri həyata keçirmək əzmini bir daha nümayiş etdirir (3).
Təbii qaz ehtiyyatları ilə bu strateji layihənin mənbəyi, həm də öz iradəsi ilə bu ehtiyyatların Avropa bazarlarına nəqlinin müəllifi kimi Azərbaycan bu gün enerji təhlükəsizliyinin etibarlı təminatçısı kimi qəbul edilir. Çünki “Cənub Qaz Dəhlizi” təkcə ölkəmizin ixracatçı, tranzit rolunda uzunmüddətli inkişafını təmin etmir, həm də böyük bir qitədə çox tərəfli əməkdaşlıq modelini formalaşdırır.
Cənub Qaz Dəhlizinin reallaşmasında qabaqcıl layihələrdən biri hesab olunan TANAP Azərbaycanın ən mühüm enerji layihəsi hesab edir. Demək olar ki, TANAP Azərbaycanın Avropanın Enerji bazarlarına inteqrasiyası, eləcə də təhlükəsiz tranzit dövlət kimi öz mövqeyini möhkəmləndirməsi üçün ən böyük imkandır. Uzunmüddətli perspektivdə layihə ölkənin təbii qaz ixracını ildə 8.1 milyard kubmetrdən təqribən 24 milyard kubmetrə kimi artıracaqdır. TANAP layihəsinin köməyi ilə Türkiyə illik 5% isteh­lak həcminə malik olan zəif qaz ehtiyatı problemini həll etməyə bir addım da yaxınlaşacaq, bu göstərici Avropa ölkələrində 20-30%-ə bərabərdir (6).
İlkin razılığa əsasən, TANAP vasitəsilə Avropaya nəql olunacaq illik 10 milyard kubmetr həcmində qaz tədarükü Avropanın qaz idxalının 3-4%-ni, nəqlin gələcəkdə 20 milyard kubmetrə çatması ilə isə, bu göstəricinin təqribən ikiqatını təşkil edəcək. Avropa Komissiyasının sözlərinə görə, zərurət yaranarsa uzunmüddətli perspektivdə Avropa İttifaqı Cənub Qaz Dəhlizi vasitəsilə həyata keçiriləcək qaz idxalının həcmini 80-100 milyard kubmetrə kimi artıra bilər. Qlobal əməkdaşlıq mühitində reallaşan Cənub qaz dəhlizi geniş coğrafiyada enerji təhlükəsizliyinə birləşdirici kəmərlərlə Balkanların enerji təchizatına töhfə verəcəkdir. Cənub qaz dəhlizi və onun bir hissəsi olan TAP layihəsi bir tərəfdən Avropanın enerjiyə artan təlabatının ödənilməsində yeni mənbə və marşrut təklif edir. TAP layihəsi Yunanıstan və Türkiyə sərhədindən Trans-Anadolu kəmərindən qazı alaraq Cənubi İtaliya bazarına çıxaracaq. Bu zaman həm də TAP-dan Albaniya, Bosniya-Hersoqovina, Monteneqro, Yunanıstan, Xorvatiya, həmçinin daxili şəbəkələr ilə Bolqarıstan “mavi yanacaq” almaq imkanına malik olacaq. Bu baxımdan demək olar ki, Avropa bazarına artıq Azərbaycan qazı daxil olur. TAP layihəsi demək olar ki, enerji diversifikasiya məqsədinə xidmət göstərir, digər tərəfdən isə kömürdən çox istifadə edən ölkələrdə təmiz enerji mənbəyinin tətbiqinə imkan yaradır (4).
Prezident İlham Əliyevin ardıcıl və məqsədyönlü siyasəti nəticəsində elektroenergetika sahəsində də böyük nailiyyətlər əldə edilir. Ölkənin elektrik enerjisi sistemi yenidən qurulur. Elektrik enerjisinin ixracatçısı kimi Azərbaycanın mövqeyini möhkəmləndirən tədbirlər görülür. Regionun və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyəti olan TANAP və TAP layihələri, həmçinin “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya qərarının imzalanması ölkə iqtisadiyyatının inkişafında səmərəli olmaqla əhalinin sosial rifahının və ölkəmizin sosial-iqtisadi inkişafının daha da yaxşılaşmasında müstəsna əhəmiyyət kəsb edir (5).
Qeyd edək ki, Gürcüstan Azərbaycanın neft və qaz kəmərlərinin Avropa ilə birləşdirilməsində mü­hüm rola malikdir. Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycanla Gürcüstan hazırda müstəqil dövlətlər kimi, bütün sahələrdə fəal əməkdaşlıq edir, ərazi bütövlüyü məsələsində və beynəlxalq tədbirlərdə – BMT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar daxilində birgə işləyir və hər zaman bir-birinə dəstək verirlər. Qonşu respublikaları Azərbaycan ilə hər şeydən əvvəl Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Bununla paralel olaraq, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib.
Azərbaycanın enerji layihələrinin icrasında ikinci mühüm dövlət Türkiyədir. Azərbaycan Avropanın ener­ji təhlükəsizliyini təmin etməsində Türkiyə tranzit ölkə rolunu oynayan ən etibarlı tərəfdaşdır.
Qarşılıqlı etibar və həmrəylik əsasında formalaşan Azərbaycan-Türkiyə əlaqələri beynəlxalq platformalarda da davam edir. Hər iki dövlət Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Şurası və İslam Əməkdaşlıq Təşkilatında birgə əməkdaşlıq nümayiş etdirir.
Hazırda öz enerji təhlükəsizliyini tam təmin etmiş Azərbaycanın enerji sisteminin Rusiya Federasiyası, İran İslam Respublikası, Gürcüstan və Türkiyə enerji sistemləri ilə sıx əlaqəsi təmin olunub. Bu həm də qarşı ölkələr arasında qarşılıqlı münasibətlərin daha da inkişafına, regionda silahlı sabitliyin, təhlükəsizliyin qorunub saxlanmasına şərait yaradan ciddi amillərdən biridir.
Neft hasilati Avropa bazarlarına çatdırılması məqsədi ilə reallaşdırılmış iri layihələr Avropanın neft və qazla təminatında Azərbaycanın önəmli yer tutmasına şərait yaratmışdır. Xəzər hövzəsi regionunun dünya üçün mühüm karbohidrogen mənbəyi olması Avropanın diqqətindən yayınmır. Qərb analitikləri qeyd edirlər ki, Xəzər hövzəsində böyük neft şirkətlərilə ən yüksək əməkdaşlıq əlaqələri yaradan ölkə Azərbaycandır və Qərbin enerji daşıyıcılarının istismar edilməsində Azərbaycanla əməkdaşlıq etməsi yüksək qiymətləndirilir.

Açar sözlər: Azərbaycanın neft strategiyası, Xəzər regionu, TANAP, Azəri – Çıraq - Günəşli, Bakı – Tbilisi – Ceyhan


ƏDƏBİYYAT SİYAHISI:
1. Azərbaycan qəzeti. Ümmumilli lider Heydər Əliyevin 95-ci ildönümü. 08 may 2018-ci il.
2. Azərbaycan qəzeti. Bakı, 8 avqust 2009-cu il.
3. Azərbaycan qəzeti, Bakı, Azər TAC, 1999-cu il 20 aprel.
4. Asiya İnfrastruktur İnvestisiyalar Bankı: Trans Anadolu Təbii Qaz Boru Kəməri. https://www.aiib.org/en/projects//2016/download/trans-anatolian
5. İlham Əliyev. Azərbaycanın neft diplomatiyası. Biblioqrafik göstərici Bakı, 2009.
6. Ədalət qəzeti, Bakı, 1995, 12 oktyabr
7. Respublika qəzeti 30 oktyabr 1998-ci il
8. Neft və Azərbaycanın gələcəyi. Gənc alim və tələbələrin elmi-tədqiqat işləri. Bakı, 1998.

Халигова Г.
РЕЗЮМЕ
Хотя газовое соглашение с Шах-Дениз было подписано в то время, когда в мире было мало интереса к газу, а вопрос энергетической безопасности не имел особого значения для Европы, спустя годы стало очевидным, что срочность, вызванная диверсификацией энергии, такой как энергетическая безопасность, далека от завершения. Благодаря этому соглашению, которое сыграло исключительную роль в обеспечении энергетической безопасности Азербайджана и Европы, наша страна способствовала строительству новых газопроводов и строительству новых маршрутов.

Ключевые слова: Нефтяная стратегия, Азери – Чираг – Гюнешли, ТАНАР, Баку – Тбилиси – Джейхан

Khaliqova G.
SUMMARY
Although the Shah Deniz gas agreement was signed at a time when there was little interest in gas in the world and the issue of energy security was not of particular importance to Europe, years later it became apparent that such proactive institutions like energy diversification and energy security have been programmed for foresight. Thanks to this agreement, which has played an exceptional role in ensuring energy security of Azerbaijan and Europe, our country has facilitated the construction of new gas pipelines and the construction of new routes.

Keywords: Azerbaijan’s oil strategy, ТАNАР, Azeri – Chirag – Gunashli, Baku-Tbilisi - Ceyhan